Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib
Gələn il Azərbaycan və Türkiyə arasında güzəştli şərtlərlə ticarət üçün müqavilə imzalanacaq.
AYNA xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.
Onun sözlərinə görə, bundan sonra iki ölkə arasında iqtisadi münasibətlər daha da inkişaf edəcək və qarşılıqlı olaraq bəzi məhsullar üzrə gömrük tarifləri azaldılacaq.
"Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər genişlənir. Ötən il ticarət dövriyyəmizin dəyəri 3 milyard ABŞ dolları civarında idi. Bu il isə bu rəqəm 4 milyard dolları ötüb. İki ölkə arasında ticarət əlaqələrini artırmaqla daha böyük rəqəmlər hədəfləyirik. Dünən Türkiyənin iqtisadiyyyat və ticarət naziri Azərbaycanda rəsmi səfərdə idi və bir sıra görüşlər keçirdi. Əsas müzakirə mövzusu iki ölkə arasında ticarət dövriyyəsini artırılması olub. Bununla yanaşı, qarşılıqlı olaraq hər iki ölkə ərazisində investisiya qoyuluşunu artırmaq məsələsi də müzakirə edilib. Hazırda Türkiyə Azərbaycanda, Azərbaycan Türkiyədə ən iri sərmayədardır. Lakin bu göstərici kifayət qədər deyil, çünki iqtisadi münasibətləri genişləndirmək üçün hər iki ölkənin böyük potensialı var. Ticarət münasibətlərini daha da inkişaf etdirmək üçün əlimizdən gələni edirik”, - səfir qeyd edib.