EPİLOQ
Dünyaya çox buynuzlu-buynuzsuz cahangirlər gəldi. Biri özündən
əvvəlkini bəyənmədi, o biri sonrakını. Biri dünyanı qana çalxaladı, o
biri əmin-amanlığa çağırdı. Biri bəşər övladının min illər boyu
yaratdığı qayda-qanunları zor ilə tapdaladı və ortalığa yeni həyat
tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına çevirən Hitler
meydana çıxdı. Onun qarşısında Stalin dayandı. Ruzvelt, Çörçil,
Mao-Tsze-Dun və De Qol siyasəti dünyada baş alıb yeridi. Biri o birinin
əleyhinə, biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm
vurdu. Bütöv xalqlar tayqalara, Sibirə sürgün edildi. Başqa birisi
hakimiyyətə gələrkən bu cəza alanları günahsız müqəssirlər adlandırdı,
salamat qalanları yerlərinə-yurdlarına qaytardı. Onlara kömək etdilər.
Sibir meşələrində qohumlarını və nənəsi Güllü xanımı itirdikdən sonra
qürbətdə tək qalan Söhrab sarsılmadı. Meşəlikdə, kəndin kənarında,
balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş
Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki,
oxumağından qalmayacaq. Gündüzlər meşəyə, böyüklərlə birlikdə ağac
doğramağa gedər, gecələr isə axşam məktəbində oxuyardı.
Aradan on illər keçdi...
Bir gün onlara azadlıq verdilər, günahsız olduqlarını söylədilər və evə
buraxdılar. Bağlanmış yollar açıldı. Sərhədlərdə gediş-gəliş başladı.
Söhrab artıq kişi həddinə dolmuşdu. Onların kəndi çoxdan yox olmuşdu.
Amma Söhraba kömək etdilər. Şenliyin yuxarı başında ona ev tikdilər.
Söhrab institut qurtardı və onu kənddə yenicə tikilmiş böyük
üçmərtəbəli məktəbə direktor tə'yin etdilər.
Alqazaxlılar və Çıraq
uşaqlarının yurd yerində üzüm əkilmişdi. Evlər uçurulmuş, təkcə bircə
daş ev qalmışdı, onu da quşçuluq ferması etmişdilər. Ətrafda inkubator
toyuqları ağarışırdı.
Söhrab yolunu hər gün köhnə yurd yerindən
salar, ürəyini çulğalayan yetim duyğuların qoynunda qovrulardı. Bu gün
də məktəb uşaqlarını üzüm yığmağa gətirmişdi.
Maşınlar asfalt yol
ilə aramsız şütüyürdü. Alqazaxlıların yurd yerinin bərabərində xarici
markalı bir maşın dayandı. Bir xeyli qapılar örtülü qaldı. Maşından
enən olmadı. Görünür, içəridəkilər nəyi isə hafizələrində
itirəcəklərindən ehtiyat edirmiş kimi qorxurdular. Xeyli keçdi. Qapı
açıldı və içəridən ucaboylu, saçı-saqqalı ağarmış bir kişi düşdü.
Görünür vaxtı ilə iri gövdəli bu adam ayağını üzəngiyə qoyub yəhərə
qalxarkən atın beli çökərmiş. İndi isə elə bil gözü qaraldı və maşına
dirsəklənib xeyli sükut içində dayandı. Gözləri ilə nəyi isə axtardı.
Kənd evlərinin yoxa çıxdığına təəccüb elədi.
"Bu el-oba necə
olmuşdu? Camaat hara getmişdi?" - deyə düşündü və ağlına gələn
dəhşətlərdən sarsıldı. Birdən üzümlüklərin kənarında göyə ucalan çinar
ağacını və ilan kimi onun başına dolanan tənəyi gördü. Qocanın
sifətində, gözlərində işartı əmələ gəldi. Sevincək, asta addımlarla
çinara yaxınlaşdı. Ağacı vaxtı ilə öz əlləri ilə basdırmışdı. Tənəyi də
özü gətirmişdi. Çinarın gövdəsinə sarmaşan tənəyin xırdaca qoraları
turşməzə idi. İsti havada ağacın kölgəsində oturub bu qoranın
salxımlarından yeməkdən doymazdı. İndi ağacın və tənəyin salamat
qalmasına həddən artıq sevinən qoca ağacın kölgəsinə gəldi və oradakı
daşın üstündə oturdu. Gözünü Kürə, meşəyə, Ceyran çölün son bahar
yaşıllığına bürünmüş dərəli-təpəli çöllərinə zillədi. Oradakı qoyun
yataqlarını, mal-qara saxladığı günləri, camışları isti havada haylayıb
gölə tökdükləri anları xatırladı. Birdən yadına qürbətdə olan bir
hadisə düşdü.
Bir gün Arazı o üzə keçənlərin bir dəstəsi bazara
getdi. Onlar daxılın arxasında oturan çobanın satdığı qoyun-quzuya
baxdılar və kök bir quzunu seçib götürdülər. Heç yüz metr
aralanmamışdılar ki, qoyun daxılın üstündən atlanıb özünü balasının
üstünə saldı və onu kişilərin əlindən almağa çalışdı. Quzunu sakitcə
geri qaytardılar. Qaçaqlardan biri kədərli-kədərli dilləndi:
- Qoyun qoyundur ki, balasını əldən vermədi, amma biz hər şeyi atıb canımızı götürüb qaçdıq.
Qoca çinarın dibindəki daşın üstündə oturaraq əlləri ilə üzünü örtüb
astadan hönkürdü. Bayaqdan kənarda dayanıb bu qərib adama göz qoyan
yaşlı bir kişi asta-asta ona yaxınlaşdı. Yzüm dərən uşaqlardan da irəli
gələn oldu. Ancaq heç kəs ondan heç nə soruşmadı. Uşaqlar kənardaca
oturdular. Birdən Kürün sahilindən dikdirə çıxan cığırda əvvəlcə bir
cüt qulaq və sonra canavar sifəti göründü. Uşaqlar qorxudan titrətdi və
qaçmaq istədilər. Canavarı görən saqqallı qərib kişi dirçəldi və
canavara diqqətlə baxıb birdən "Alan" deyə pıçıldadı. Elə bil canavar
bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi. Keçəl Xondulunu
öldürdükdən və uzun müddət meşədə tək yaşadıqdan sonra canavar sürüsünə
qoşulmuş və oralara hərlənən bir insan övladı gördükdə üstünə
atılmışdı. Ona görə də heç kəs qorxusundan o tərəflərə hərlənməz,
"Alan" törəmələrindən özünüzü gözləyin deyərdilər. İndi birdən-birə bu
canavarlardan birinin bu sahilə gəlməsi və "Alan" sözünü eşidən kimi
sakitləşməsi uşaqları və yerli qocanı təşvişə salsa da, qəribi
sevindirmişdi.
Alan əvvəlcə çömbəltmə oturub qərib kişiyə baxdı.
Sonra biləklərinin üstündə sürünərək ona yaxınlaşdı. Sifətini kişinin
dizlərinə qoydu. Qərib isə onun başını tumarladı.
Bayaqdan qorxa-qorxa bu mənzərəni seyr edən qoca birdən qəribdən soruşdu:
- Ayə, sən Həsən ağa deyilsənmi?
Qərib qoca başını qaldırdı və göz yaşı içində "Bəli, - dedi. - Bə bizim el-oba hanı?".
- Oğlun Söhrab buradadı. Bu saat çağırtdıraram. Bə niyə belə bixəbər gəlmisən?
- Qorxurdum ki, heç kəsi tapmayam.
Uşaqlar güllə kimi qaçıb üzümlükdə dolaşan Söhrabı tapdılar. Bir-birinin sözünü kəsə-kəsə: - Müəllim, atanız gəlib, - dedilər.
Söhrab heç nə anlamadı. Bir müddət key kimi dayanıb uşaqlara baxdı. Sonra "Hardadı" deyə soruşdu.
- Orda, çinarın dibində oturub.
Söhrab quş kimi yerindən götürüldü, çinara doğru getdi və birdən
dayanıb geri qayıtdı. İri uşaqlardan ikisini yanına çağırıb evə
göndərdi.
- Tez olun qaçın evə. Qapıdakı qara qoçu maşına qoyub gətirin. Əhd eləmişəm. Ayağının altında qurban kəsəcəm.
Özü yenidən çinara doğru qaçdı.
... Həsən ağa canavarın başını sığallayırdı. O isə insan kimi kövrəlmişdi. Gözləri tez-tez yaşarırdı.
Söhrab çinara yaxınlaşanda uşaqlar qara qoçu da gətirdilər. Söhrab
dərhal qoçu yıxıb boğazladı və özünü atasının üstünə salmaq istədi.
Amma Həsən ağanın sakitliyi onu çaşdırdı. Kişi kürəyini çinar ağacına
söykəyib elə bil yuxuya getmişdi. Əsən meh saqqalını astadan
tərpədirdi. Bayaqdan Alanın başını sığallayan əli tərpənmirdi.
Söhrabın keyləşdiyini görən qoca Məmməd kişi yönünü yana çevirib göz yaşlarını sildi.
- Dəymə, bala, qoy dincəlsin. Onu torpaq çəkib gətirib bura.
Söhrab birdən diz çökdü. Əllərini göyə qaldırdı.
- Ey yeri-göyü yaradan, Tanrı, niyə bizim qurbanlığımız ilə
ehsanlığımızı bir-birinə qatırsan?! Biz hüzurunda nə pis iş görmüşük?!
Deyəsən Alan törəməsi də olanları başa düşdü. Başını astaca qaldırıb
ağzını göyə tutdu. Ulamaq istədi. Amma ulamadı. Başını Həsən ağanın
əlləri üstünə qoydu.
Külək yarpaqları astadan xışıldatdı. Həsən
ağanın uzun saqqalı ehmalca tərpəndi. Göz yaşı içində atasının böyrünə
qısılan Söhrab, Alan, bir də Həsən ağa elə bil sahildə heykəlləşdilər.
Kür isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, gah
çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara çırpılırdı.
Elə bil dünyada heç nə olmamışdı.
1995
Son