IX FƏSİL
- 1 -
Qəza mərkəzindən yola düşən fayton Acı Dərəyə çatanda atlı milislər tüfənglərini çiyinlərindən götürdülər. Gülləni lüləyə verib faytondan qabağa keçdilər. Yarğana yaxınlaşıb, qaçaq-quldurun pusquda dayana biləcəyi yerləri tapmaq və yol kəsən varsa, qəfildən üstlərini almaq üçün hazır dayandılar. Bir xeyli səssiz-səmirsiz ətrafı dinşədilər. Nə gəlib-gedən vardı, nə də bir hənirti eşidilirdi. Təkcə dərənin dibi ilə axan su şırıldayırdı. Bir az da gözlədilər. Sonra milislərdən ikisi dərəyə enib, torpaq yolla aşağı düşdü. Qalanları isə barmaqları tətikdə qolpunlara, yarğanlara göz qoydular. Dərəyə enən atların əvvəl ayaq tappıltısı, sonra da nal şaqqıltısı eşidildi. Gözləyənlər başa düşdülər ki, yoldaşları dərənin dibinə çatdılar, çınqıllı-daşlı çayı keçdilər. Bir azdan isə yoxuşu qalxıb qarşıdakı dikdirdə göründülər. Hamı: bəri üzdə keşik çəkən atlı milislər də, faytondakılar da nəfəslərini dərdilər. Yol salamatlıq idi. Əgər qaçaq-quldur olsaydı, çoxdan meydana çıxmışdılar.
Faytonu əhatəyə aldılar. İki milis qabaqda, iki milis arxada, ikisi də yanda dərəyə endilər. Kələ-kötür yolda silkələnə-silkələnə, hər şıqqıltıdan diksinə-diksinə çayı keçdilər. Dikdirə qalxdılar və tezcə də sağa burulub xır yoluna çıxdılar.
Faytonun küncünə çəkilən yoldaş Fətullayev kəndə yaxınlaşanda onaçılanı taxta qoburuna qoydu. Faytonun irəli çəkilmiş günlüyünü geri qatladı. Küncdən çıxıb qabağa gəldi və yan tərəfə dirsəkləndi.
Çöllər cücərmək istəyirdi. Torpaq şirələşmişdi, quzeylərdə ala-tala qar ağarırdı. Kənd evlərinin bacalarından burula-burula qalxan tüstülər azalmışdı. Fayton kəndə yaxınlaşdı və ikimərtəbəli evin qarşısında dayandı, milislər atdan düşdülər. Yoldaş Fətullayev ayağa qalxdı.
Elə faytonun içindəcə uzun şinelinin üstündən bağladığı onaçılanı yana çəkdi. Aşırmasını düzəltdi. Ulduzlu papağını qaşının üstünə endirdi. Elə bil kəndə gəlməyini hamıya bildirmək, boy-buxununu göstərmək istəyirdi.
Əyninə rəngi solmuş, qara rəngli nimdaş dəri pencək, dabanı və burnu didilmiş çəkmə geyinən və özü-özünə müraciət edəndə belə, "yoldaş Fətullayev" deyən bu adam qəza mərkəzində, idarələrdə özünü yoxsul, işgüzar və inqilabçı komissar halına salırdı. Kəndlərə çıxanda isə görkəmini tamamilə dəyişir və istəyirdi ki, camaatı vahimələndirsin.
Onu kənd şura sədri pilləkənin başında qarşıladı. İki əli ilə görüşdü, yol verdi. Əvvəlcə yoldaş Fətullayev, sonra şura sədri idarəyə keçdilər. İçəri ala-toran idi. Üç pəncərəli bu evin iki pəncərəsinin dal taxtaları qapalı idi. Şura sədri öz yazı masasını küncə qoymuşdu. Elə eləmişdi ki, bayırdan içəri girəndə onun harada oturduğunu görmək mümkün olmasın.
Yoldaş Fətullayev keçib sədrin yerində oturdu. Gözü qaranlığa alışana qədər susdu. Sonra qırıq divana, bir də divar boyu düzülmüş sınıq-salxaq oturacaqlara baxdı. Gözünü hərləyib his basmış tavana, qaralmış divarlara nəzər saldı. Masanın üstündəki çırağın şüşəsi də, dəmir sobanın trubası yerləşdirilmiş divar da qaralmışdı. Yoldaş Fətullayev qanrılıb geri, arxa tərəfdəki divara baxdı. Leninin parçada toxunulmuş şəklini də his basmışdı. Qaş-qabağı turşaldı. Şura sədri elə bil onun ürəyindən keçəni başa düşdü.
- Yoldaş Fətullayev, ehtiyat iyidin yaraşığıdır. Belə qaranlıq eləmişəm ki, içəri girən məni görməsin, amma mən onu görüm.
- Çox da qorxaq olma, a kişi, dur pəncərələrin taxtasını aç. Qoy içərinin havası dəyişsin.
- Xətrimə dəyirsən, yoldaş Fətullayev, mən qorxaq deyiləm. Gecələr hamı yuxuya gedəndə yarğanların dibində, cərələrdə qaçaq-quldur axtarıram.
- Yaxşı-yaxşı, incimə. Gəl yaxın otur.
Qaybalı kişi stul çəkib oturdu və diqqətlə Fətullayevin üzünə baxdı.
Fətullayev yan çantasını açdı və möhürlü kağızlardan birini götürüb, xeyli diqqətlə baxdı və sonra itirdiyini sətirlərin arasından tapmış kimi dilləndi:
- Çoban Kərəməli sizin kənddəndirmi?
- Xeyr, yoldaş Fətullayev, bizim kənddə elə adam yoxdu.
- Bəs, aşıq Qarnet necə?
- Evdə olar. Dustaqlıqdan yenicə qayıdıb, - deyə Xondulu tələsik cavab verdi.
- Get, onu bura çağır.
Xondulu dərhal ayağa durdu. Bir azdan aşığı qabağına salıb gətirdi. Fətullayev onun səliqəli nimdaş paltarına baxdı. Kişi qaladan buraxılandan sonra xeyli yaxşılaşmışdı. Fətullayev ilan kimi onun üstünə fısqırdı:
- Yenə qaçaqlara saz çalırsan?
- Çalanda nə olar.
Fətullayev kişinin ətrafında fırlandı və istehza ilə gülümsündü.
- Keçən dəfə yaxanı qurtardın, amma bu dəfə əlimdən heç yana qaça bilməyəcəksən. - Fətullayev birdən-birə ciddiləşdi və aşığın üstünə qabardı. - Səni kim qaçırtdı?
Qarnet ağa diksindi. Əlini köynəyinin cibinə salıb, qatlanmış bir kağız çıxartdı.
- Mən qaçmamışam, məni buraxıblar.
- Kim?
- Kəsəmənli. Bu da mənim azadlıq kağızımdı.
Yoldaş Fətullayev aşığın əlindəki kağızı götürdü, diqqətlə o üzünə, bu üzünə baxdı və sonra çantasına qoydu.
- Yoxlayarıq. Öyrənərik. Sonra sənə cavab verərik.
Yoldaş Fətullayev aşığın keçirdiyi həyacanlardan, onun təzədən qalaya düşməkdən qorxduğundan elə bil zövq alırdı. Gah gülümsünür, gah da ovçu hərisliyi ilə kişinin üst-başını, boyun-buxununu gözdən keçirirdi.
- Deyəsən, evdə sənə yaxşı baxırlar. Göbək-zad bağlamısan.
Aşıq ilan çalmış kimi dik atıldı, başı toppuza oxşar yumru ağacını havada oynatdı.
- Kimliyinə baxmaram, başını əzərəm. Mənim göbəyimdə sənin nə işin var? Oğraş!!!
Fətullayev kağız kimi ağardı və əlini onaçılanın qoburuna uzatdı. Onun heybətli və vahiməli səsi divarda cingildədi.
- Aparın, Acı Dərəyə qədər. Onda ağlı başına gələr.
Yoldaş Fətullayevin əlləri əsdi. Ayağa durub pəncərənin önündə dayandı. Xondulu aşığı aparandan sonra da xeyli özünə gələ bilmədi. O bu tərəfin camaatının sərt və köntöylüyünü bilirdi. Bilirdi ki, bunlar yeri gələndə sözlərindən dönmür, ölümdən belə çəkinmirlər.
Keçən il bu kəndə gələndə Ömər Koxanı yanına - idarəyə çağırtdırmışdı. Xondulunu onun dalınca göndərmişdi. Ömər Koxa demişdi ki, böyük kiçiyin ayağına getməz, kiçik böyüyün ayağına gedər. Nə olar mərkəzdən gələndə. Yoldaş Fətullayev məcbur olub qocanın ayağına getmişdi.
Ömər Koxa eyvanda taxtın üstündə oturub çay içirdi. Fətullayev içəri girəndə yerindən tərpənmədi. Taxtın aşağı tərəfində ona yer göstərdi. Yoldaş Fətullayev birbaşa mətləbə keçdi.
- Niyə şikayət eləmirsən, a qoca?
Ömər Koxa hirslə stəkan nəlbəkini geri itələdi və qonağın üstünə sərtləndi:
- Əvvəla ədəbli ol. Qoca sənin atandı. Mənim adım var. Sonrası da odur ki, məndən nə şikayət istəyirsən?
Fətullayev dirçələn kimi oldu.
- Nəvəni öldürəndən. Gül kimi oğlanı qanına qəltan eləyiblər, siz də susub baxırsınız. Bəs onun qanı yerdə qalacaq? Hayıf almayacaqsınız?
- Bala, sən buraya ayran içməyə gəlibsən, yoxsa ara qarışdırmağa? Get özünə peşə tap. Ölən də mənim uşağımdı, öldürən də. Burnunuzu hər yerə soxmayın.
- A kişi, onlar sinfi düşməndilər, müzür ünsürdülər. Onların kökünü kəsmək lazımdı.
Ömər Koxa yavaşca ayağa durdu. Taxtdan düşdü. Fətullayev də yerindən durdu. Ömər Koxanın nə deyəcəyini gözlədi. Aqsaqqal daxildən püskürüb gələn hirsini boğdu.
- Bizim tərəflərdə düşmən də olsa, qapıya gələn qonağa ağır söz deməzlər. Ona görə xətrinə dəymirəm. Yoxsa səni itlərin qabağına atıb didik-didik elətdirərdim. Necə gəlmisən, elə də çıx get bu evdən. Yoxsa axırı pis olar.
Fətullayev bunları yadına saldı və azacıq sakitləşəndən sonra, keçib yenidən sədrin yerində əyləşdi.
Qaybalı kişi Fətullayevin sakitləşdiyini gördükdən sonra öz həyəcanını güclə boğdu və kobud səslə soruşdu:
- Belə beyqəfildən gəlməyin xeyirdimi?
Fətullayev cavab əvəzinə bir azca ciddiləşib Qaybalı kişiyə göstəriş verdi:
- Kəndin firqəçilərini, cavan komsomolçuları bura çağır. Firqə özək katibi hardadır? Onu da tapdır.
Qaybalı kişi başa düşdü ki, Fətullayev buraya boş-boşuna gəlməmişdir. Nəsə mühüm bir məsələ var. Onun ürəyinə dammışdı ki, kəndin başı üstündə qara buludlar dolaşır.
"Allah özü axırını xeyirə döndərsin", - deyə ürəyindən keçirdi və bayırdakı milislərdən birini firqə özək katibinin dalınca göndərdi.
Fətullayev yenidən üzünü Qaybalı kişiyə tutdu:
- Silahlı dəstən hazırdırmı? Neçə nəfərdirlər?
- İyirmidən çoxdurlar.
- Onlara da de hazır dayansınlar. Bəlkə lazım oldular.
Qaybalı kişi bu dəfə lap ehtiyatlandı.
- Qaçaq-quldur üstünə gedəcəyik, yoldaş Fətullayev?
Bu dəfə Fətullayev dinmədi. Böyründən asılmış çantasını çıxarıb stolun üstünə qoydu, oradakı möhürlü kağızlardan birini götürüb vərəqlədi.
İdarənin qapısı açıldı. Əvvəlcə kənd firqə özək katibi, sonra isə komsomolçular əllərində silah içəri girdilər. Bir azca da keçdi. Şura sədrinin otağı adamla doldu. İçərini tüstü-duman bürüdü.
Yoldaş Fətullayev hamının yığışdığını yəqin etdikdən sonra yerini rahatladı və gizli bir sirr açırmış kimi söhbətə başladı.
- Bu saat adamlarınızı göndərin kəndə gəlib-gedən yolları kəssinlər. Heç kəsi şenliyə buraxmasınlar. Bizim burdakı danışığımızdan heç kəs xəbər tutmamalıdır. - O, şinelinin yaxasını aralayıb nəfəsini dərdi. - Artıq rəhbərin dediklərinin vaxtı çatmışdır. Qolçomaqları bir sinif kimi ləğv etmək lazımdır.
İçəridəki yaşlı kişilərdən biri qəzetdən bükdüyü maxorka papirosunu bir-iki dəfə sümürüb kötüyü yerə atdı və astaca soruşdu:
- Bunu nə təhər eləyəcəyik, yoldaş Fətullayev?
- Çox sadəcə. Onları arabalara doldurub lazım olan yerə göndərəcəyik. Torpağımız müzür ünsürlərdən təmizlənəcək.
Qaybalı kişi söhbətin bu yerə gələcəyini gözləmədiyindən qəfil xəbərdən diksindi. Gözünün qabağına Çıraq uşaqlarını və Alqazaxlıları gətirdi. Hiss elədi ki, onların başında qaranlıq var. Amma özünü bilməməzliyə qoydu.
- Bizim kənddə də sinfi düşmən varmı, yoldaş Fətullayev?
- Var, özü də lap əməllisindən. İndi biz bu gün o düşmənləri kənddən rədd etməliyik. - Üzünü Qaybalı kişiyə tutdu. - Sən öz adamlarını kəndin Ağalıq hissəsinə göndər, qoy oranı əhatə eləsinlər. Girmələrin, gəmi yollarının ağzını kəssinlər. Gəlib eləyən olsa, heç nə soruşmadan bir baş gülləyə tutsunlar.
Qaybalı kişi acı-acı gülmüsündü:
- Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb ki, meydana çıxsın?
Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi.
Keçəl Xondulu şax addımlarla yeriyib Fətullayevin yanında əyləşdi. Fətullayev arxadan kömək gəlmiş adam kimi Xondulunun üzünə baxdı və qətiyyətlə dilləndi:
- Bu işlərə özün başçılıq elə, uşaqları da götür Ağalıq tərəfə get.
Xondulu hər şeyi bilirmiş kimi heç nə soruşmadan ayağa durdu və həyətdə dayanmış silahlı komsomolçulara işarə etdi və özü də atın belinə sıçradı. İçəridəkilər xeyli susdular. Fətullayevin sonrakı göstərişini gözlədilər. Fətullayev çantasından çıxardığı möhürlü kağıza xeyli baxdı və birdən ayağa durub şinelinin yaxasını düymələdi.
- Vaxtdır, gedək.
Bir azdan idarədən uzaqlaşan atlı silahlı dəstə kəndin Ağalıq şenliyinə tərəf üz tutdu.

- 2 -
Güllü xanımın qulağı almışdı ki, qonşu kəndlərdən adamları evli-eşikli, arvadlı-uşaqlı arabalara doldurub harasa göndərirlər. Onlara yorğan-döşək, paltar-palaz götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir şey olan kimi ayağa durub otaqda gəzinirdi. Gəlinlərdən xəlvət yaxtanları açır, boxçaları yır-yığış edirdi. Vəzndən yüngül, qiymətdən ağır şeylərini ayrıca bir ehtiyatla paltarlarının ağıla gəlməz yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı ki, evlərinin başı üstdə qaranlıq var.
İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının bir ayağı Qepoda, bir ayağı da kənddə idi. Şenlikdə biri asqıran kimi şəhər xəbər tuturdu. O, göndərdiyi adamdan Güllü xanıma ismarlamışdı ki, hazırlıq görsün, deyəsən, uzaq səfərə çıxacaqlar. Qaybalı kişi bu evdə çoxlu duz-çörək kəsmişdi, haqqı salamı itirmək istəmirdi. Güllü xanım gəlinləri yanına çağırdı.
- Gedin, xəlvətcə əl-ayağınızı yığışdırın. Uşaqlara isti paltar götürün. Özünüz də qiymətli nəyiniz varsa, əlçatmaz, gözgörməz yerlərdə gizlədin. Özünüzü də elə aparın ki, guya heç nədən xəbəriniz yoxdur.
Gəlinlər dinməz-söyləməz qayınanalarının tapşırığını yerinə yetirdilər. Ertəsi günü sac asıb çörək bişirdilər. Xurcunlara yığdılar. Bir qarın yağ, bir motal götürdülər. Qışdanqalma qovurma kürünü xurcuna qoydular. Güllü xanım oğlu Şəmiddin güllələndikdən və Həsən ağanın qaçaqlara qoşulmasından sonra bilirdi ki, bu kənddə salamat yaşaya bilməyəcəklər. Düz on beş gün bundan əvvəl Ceyran çöldəki qoyun sürülərini, mal-qaranı, ilxını aparmış, "Bunlar daha kolxozundur" demişdilər. Güllü xanım nə edə bilərdi. Evdə başıpapaqlı qalmamışdı.
Fətullayevin dəstəsi gələnə qədər Keçəl Xondulu arabaları qoşdurdu. Güllü xanımın göstərişi ilə gəlinlər yükləri arabalara doldurdular. Bir-iki dəst yorğan-döşək, uşaqlara isti paltar götürdülər. Dünən bişirdikləri çörəyi xurcuna qoydular. Güllü xanım yaddan heç nəyi çıxartmamağa çalışırdı. Əli belində həyətin ortasında fırlanır, evlərinin ətrafını kəsdirən silahlı adamlara fikir vermirdi. Yoldaş Fətullayevin dəstəsi gələndə də halını pozmadı.
Gəlinlər köməkləşib bir kisə unu arabaya qoymaq istədilər. Bunu görən Keçəl Xondulu hirslə onların üstünə qışqırdı:
- Bu nədi?! Bəlkə çuvalları da arabaya dolduraq? Yaylağa zada ha, getmirsiniz?
Gəlinlər ona fikir vermədilər. Keçəl Xondulu yəhərin qaşından əyilib tüfəngin lüləsi ilə kisəni kənara itələdi. Ağ un ətrafa dağıldı. Güllü xanımın zəhmli səsi gəldi:
- Ə, a keçəl qurumsax, arvad-uşağın üstünə nə kişilənirsən?
- Ağzını təmiz saxla, ay qarı.
- Qarı anandır, bacındır. Mənim adım var.
- Bilirəm. Amma daha sənin xanımlığın getdi.
Güllü xanım götürə bildikləri şeyləri yığdıqdan sonra arabaya minməzdən əvvəl üzü Kürə baxan samanlığın üstünə çıxdı. Əlini belinə qoyub Kürün sahilinə enən yaşıllıqlara, əyri-üyrü cığırlara, suya enən qız-gəlinə tamaşa etdi. Körpəlikdən gəzib dolaşdığı bu yerlərin elə bil ətrini sinəsinə doldurub saxlamağa çalışdı. Su yolunda, yarğanların altında qızlarla deyib güldüyü günləri xatırladı. Ağalıq şenliyinin qızları Kürü üzüb o taya keçər, meşədən cır alma-armud yığar, qara bulağın suyundan içib Kürdə çimişərdilər. Güllü xanım su pəriləri kimi çayda çimən, oxuyub zümzümə edən və öz bədənlərinin gözəlliklərinə heyran qalan bu qızların çox vaxt başçısı olardı. Bə'zən saatlarla güllü-çiçəkli talaların ortasındakı palıd ağaclarının kölgəsində əyləşib qırqovulların, meşə xoruzlarının səsinə qulaq asmaqdan doymazdılar. Güllü xanım bir andaca xəyalən o günlərə gedib qayıtdı. Köksünü ötürüb qollarını sinəsində çarpazladı. Gözündə gilələnən yaşı sinəsinə axıtdı. Sonra həyətə düşüb astaca addımlarla eyvana çıxdı. Keçəl Xondulu ona acıqlanmaq, arvadı geri qaytarmaq istədi. Bunu görən Qaybalı kişi hirsləndi.
- Ə, nə insafsız adamsan. Qoysana arvad ev-eşiyi ilə halallaşa. Bəlkə bir də buraları görməyəcək.
Güllü xanım içəri keçdi. Bir-bir otaqlara baxdı. Divara vurulmuş xalılara, döşəməyə sərilmiş gəbələrə baxdı, yük yerinə yaxınlaşdı. Oğlanları gedəndən sonra ayrıca saxladığı və hər axşam, hamı yatandan sonra, gizlicə qoxuladığı ipək yorğan-döşəyi qucaqladı. O hər gün bu yorğan-döşəkdən balalarının qoxusunu alırdı, ətir saçan qoxusunu. İndi də elə elədi. Yorğan-döşəyi qucaqlayıb, dönə-dönə öpdü, qucaqladı. Ürəyinə dammışdı ki, bir daha əli bunlara toxunmayacaq. Balalarının ətrini bir daha duya bilməyəcək. Birdən onu dəli bir ağlamaq tutdu. Yorğan-döşəyi qucaqlayıb çiyni qalxa-qalxa hıçqırdı. Sinəsinə dolmuş dərdi-qəmi göz yaşı ilə axıtdıqdan sonra yük yerindən aralandı. Bədənnüma güzgünün qabağından keçəndə özünü tanımadı. Bircə anın içində yumax kimi büzüşmüşdü. Özünə toxtaxlıq verdi, üst-başını düzəltdi. Göz yaşını qurutdu. İstəmədi ki, düşmən onu belə sınğın görsün. Qapıdan çıxanda köksünü ötürdü və qurulu qoyub getdiyi evinə son dəfə baxdı.
Güllü xanım içəridə ev-eşiyi ilə halallaşana qədər bayırda at belində dayananlar öz ürəklərində hər şeyi bölüşdürmüşdülər. Onlar səbirsizliklə arabaların yola düşməyini gözləyirdilər. Güllü xanım özünü sındırmadı, şax addımlarla yeriyib arabaya çıxdı və əli belində ayaq üstündə dayandı.
Keçəl Xondulu da evin ətrafını dolaşdı və birdən gördü ki, Həsən ağanın balaca oğlu Söhrab təzə bir araba təkərini tövlənin böyründə gizlətmək istəyir. Atını birbaş onun üstünə sürdü. Uşağı qamçı ilə budarladı. Güllü xanım bunu gördü və əlini kəmərinin altında gizlətdiyi naqana uzatdı. İstədi güllələrin hamısını onun sinəsinə doldursun. Ani olaraq arabadakılara baxdı. İndi Alqazax uşağından başıpapaqlı qalmamışdı. Bu nəslin arvad-uşağının ümidi təkcə ona idi. Nəsli başsız qoymaq olmazdı.
Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan onlara yanaşdı və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı.
Uşağın da öz tədbiri var imiş. Alan Keçəl Xondulunu atdan salan kimi axşamdan evin zirzəmisinə yığdığı neft tökülmüş ota od vurdu və qaçıb arabaya mindi.
Çıraqlıların arabaları çoxdan xır yolunda idi. Yoldaş Fətullayevin işarəsi ilə Alqazaxlıların köçü də xır yoluna yaxınlaşdı. Güllü xanımgilin evini birdən alov bürüdü. Ətrafdakılar özünə gələnə qədər yanan evlərin çatırtısı və tüstü qarışıq alovları göyə qalxdı. Evin ətrafını kəsən silahlı dəstə özünü itirdi. Yoldaş Fətullayev təlaşla köməyə adam çağırırmış kimi ətrafa boylandı.
- Xondulu hanı?!
Onu axtardılar və dərədə xırıldayıb son nəfəsini aldığı yerdə tapdılar. Gördülər ki, boğazında diş yerləri var. Ətrafa boylandılar və Alanın Kürə atıldığını gördülər. Onun arxasınca düşüb gülləyə basdılar. İt çayı üzüb cələyə keçdi. Sonra da çiləkənlərin arası ilə gözə görünmədən meşəyə adladı.
Ev çatırtı ilə yanıb söndü. Sürgün arabaları xır yolunun döngəsində görünməz oldular. Elə bu zaman meşədən ulartı səsi gəldi, acı bir ulartı. Bu, Alanın səsi idi.
- 3 -
Səhərə yaxın onların arabasını kiçik bir qəza dəmir yol stansiyasının ucqarında qatarlaşan qələmələrin kölgəsində, ehtiyat yolunda dayanmış vaqonların yanında saxladılar. Keşikçilər arabanın ətrafında fırlanaraq, içindəkilərə düşməyi əmr etdilər. Mürgüləşən uşaqlar, arvadlar oyandılar və bir xeyli harada olduqlarını başa düşmədilər.
Bütün yolboyu gözünü qırpmayan Güllü xanım yuxusunu dağıtmaq üçün azacıq dikəlib gərnəşdi və arabadan yerə düşdü. Toz-torpaqlı yük vaqonları deyəsən çoxdan dolmuşdu. Güllü xanım hiss etdi ki, yaxın kəndlərdən sürgünə göndərilənləri erkəndən gətirmiş və vaqonlarda yerləşdirmişdilər. İndi qapıları kip bağlanmış vaqonların ağzında gəzişən tüfəngli keşikçilərdən başqa heç kəs yox idi.
Onların arabaları qatarın yanında dayandıqda milis paltarı geyinmiş beş-altı kişi dərhal yaxınlaşdılar. Onlardan biri Çıraqlıların adamlarını, sonra Güllü xanımı təpədən-dırnağa süzdü və nədənsə ona "Siz bu vaqonda gedəcəksiniz" deyə qapısı açıq olan vaqonu göstərdi.
Güllü xanım Çıraq uşağına işarə etdi.
- Qoyun, bunlar da biznən bir yerdə getsinlər.
Kişi Güllü xanımın uca boy-buxununa diqqətlə baxıb razılaşdı. Sonra yanındakılara göstəriş verib tələsik uzaqlaşdı.
Səhərə yaxın daha da şəffaflaşan ayın işığında vaqonun içi aydınca görünürdü. Hər tərəf toz-torpaq və çirk idi. Güllü xanımın göstərişi ilə öz nəvələri və gəlinləri, eləcə də Çıraqlıların uşaqları vaqona çıxdılar. Arabadan götürdükləri süpürgə ilə döşəməni təmizlədilər. Sonra yerə kilim saldılar.
Arabadakı şeyləri daşıyıb bir küncə yığdılar. Bundan sonra Güllü xanımın əlindən tutub asma pilləkanlə vaqona qaldırdılar. Güllü xanım içəri yığılmış şeylərə, vaqonun o biri başında yerləşən Çıraq uşağının adamlarına diqqətlə baxdıqdan və müəyyən göstərişlər verdikdən sonra: "Paltar-palazınızı, qab-qacağınızı səliqə səhmanla yığın, deyəsən yolumuz uzun olacaq",- deyib döşəkçəsini, mütəkkəsini kilimin üstə saldırdı. O özü də hiss etmişdi ki, uzun yol gedəcəklər. Ona görə də, indidən yerini rahatlayırdı.
Onlar vaqona doluşduqdan və arabalar getdikdən sonra xeyli sakitləşə bilmədilər. Uşaqlar ilk dəfə dəmir yolu gördüklərinə, vaqona mindiklərinə görə sevinir və yol dəyişənlərin ara bir çaldıqları tütək səsindən ləzzət alırdılar.
Hər şey yerbəyer edildikdən sonra bir milis nəfəri ehmalca başını qapıdan içəri saldı və üzünü Güllü xanıma tutdu:
- Xanım, qab-qacağınız varsa, özünüzlə çoxlu su götürün. Yolunuz uzaq olacaq.
Güllü xanım onun səsindəki mehribanlıqdan başa düşdü ki, kişinin sürülənlərə ürəyi yanır.
- Suyu hardan götürək, dərdin alım? - deyə soruşdu.
- Gəlin göstərim.
Dərhal sənəkləri götürdülər. Vaqondan tökülüşüb kişinin müşayiəti ilə üstünə "kipyatok" yazılmış su borusuna yaxınlaşdılar.
- Bax, bu qaynanmış sudu. Qablarınızı doldurun. Əyər başqa boş qabınız varsa, tez gətirin gəlin, sizi gözləyirəm.
Samovar, cürdək və vedrələri də suynan doldurdular.
Bayaqkı adamlar dəstə ilə gəldilər, hamının içəridə olub-olmadığını yoxladılar və sonra qapını çəkib bağladılar. Güllü xanım başa düşdü ki, zirəzələr cingildədi və qıfıl şaqqıldadı.
Hərə bir tərəfdə özünə yer elədi və azacıq sonra səhər mürgüsü vaqonu bürüdü. Bir Güllü xanım oyaq qaldı, bir də onun gəlini.
Güllü xanımın böyük oğlunun neçə ildən bəri evləndiyinə baxmayaraq övladı olmurdu. Nə qədər nəzir-niyaz demiş, qurban kəsdirmiş, pirə gedib dua yazdırmışdılarsa da, xeyri olmamışdı. Amma çox qəribə idi ki, kənddə işlər qarışan zaman gəlin birdən-birə hamilə olmuş və oğlan doğmuşdu. Ailənin sevinci yerə-göyə sığmırdı. Bəlkə də elə buna görə Şəmiddin qardaşı Həsən ağa ilə getməmişdi. O, yurdunda qalacaq oğlunu böyütmək arzusu ilə yaşayırdı. Ancaq onu gecə apardıqdan və geri qayıtmadığından gəlinin ürəyi uşağın üstündə nanə yarpağı kimi əsirdi. O, hər şeyi unutmuşdu. Evi-eşiyi yaddan çıxartmışdı. Fikri-zikri körpəsi idi. Gündüzlər pərvanə kimi başına fırlanır, gecələr də gözünə yuxu getmir, onun keşiyini çəkirdi. Güllü xanım gəlinini və nəvəsini gözaltı süzür, onlara xəlvəti göz qoyur, oğrun-oğrun izləyirdi.
O, üzə vurmasa da, gəlindən daha çox narahatlıq keçirirdi. Oğlunun yurdunda qalacaq bu uşaqla nəfəs alırdı. Onun səsi çıxan kimi ürəyi döyünürdü. Tez-tez əllərini göyə qaldırıb "Ey yeri-göyü yaradan Tanrı, Sən balamın yurdunda cücərən bu körpəni özün xətadan-bəladan xilas elə. İraq canından oğlumu sonsuz, yurdunu boş qoyma. Görünür, balamın başı əlində deyil, səlamət olsaydı, indiyəcən bir xəbəri çıxardı. Allah mərdiməzarların evini yıxsın. Mənim balam kimə nə pislik eləmişdi?"
İndi vaqonda, küncdə, döşəkçə üstündə oturan Güllü xanım gəlinindən gözünü çəkmir və onun uşağı necə yorğana bükdüyünə, necə sinəsinə sıxdığına, nəfəsini uşağın üzündə necə gəzdirdiyinə, ətirli şamama qoxulayan kimi, necə qoxuladığına göz qoyurdu. Gəlin isə bunlardan xəbərsiz idi. O, uşaqdan başqa heç nə görmür, uşağın mışıltısından başqa heç nə eşitmirdi.
Vaqonlar silkələndi. Parovoz içini arıtlayıb gəhilti ilə tərpəndi. Yükün ağırlığından fısıldadı və təkərlər relsin üstündə fırlanıb özünü bərkitdi və qatar asta-asta tərpəndi.
Güllü xanım başa düşdü ki, deyəsən, bu gedişlə el-obadan həmişəlik ayrıldılar.

- 4 -
Qatar 3 gün, 3 gecə yol getdi. Vaqonun havası kəsifləşdi. Yolboyu içəridən qapını ha döydülər, ha xahiş etdilər onu bir azca açsınlar, ancaq bayırdan bircə cavab eşitdilər: "Ne polojeno". Güllü xanım bu sərt sözlərdən başa düşdü ki, indi qatarı müşayiət edənlər züllə papaq əsgərlərdi. Onlar "Ne polojeno" deyə qışqırdıqları zaman vaqonların ağzında itlər səs-səsə verib hürüşüb taxtaları cırmaqlayırdılar. Qatar hərdən-bir hardasa dayananda belə qapını açmayan əsgərlər hirslənib tüfəngin qundağı ilə qapını döyəcləyib hətta camaatı qorxutmaq üçün göyə atəş də açırdılar.
Bir həftədən sonra Güllü xanımgil başa düşdülər ki, heç yerdə vaqonlar dayanmayacaq və abır-həya itəcəkdi.
Vaqonun ortasından pərdə çəkdilər. Uşaqlar, elə böyüklər də küncə iri qazan qoyub, utana-utana, hətta ağlaya-ağlaya təbii ehtiyaclarını ödədilər.
Vaqonun havasından baş çatlamağa başladı. Bayırdan isə bircə səs eşidilirdi. "Ne polojeno", dalınca da it hürməsi...
Bir gün gəlin körpəsini qucağına alıb, ağzında yaşmaq qayınanasının yanına gəldi. Uşağı Güllü xanıma görsətdi. Nənə nəvəsinin xumar gözlərinə, qımışan dodaqlarına, çatmaqaşlı bəyaz sifətinə diqqətlə və fərəhlə baxdı. Gəlin qayınanasının dodaqlarında ömründə ilk dəfə təbəssümə bənzər bir şey gördü. Bir az da ürəkləndi.
- Ana, gəlsənə bu uşağın adını Əvəz qoyaq.
Güllü xanımın dodağındakı təbəssüm yoxa çıxdı. Qaş-qabağı töküldü və sifətini sərt bir ifadə bürüdü. Onun səsində də bir sərtlik hiss olundu.
- Bu ad hardan ağlına gəldi? Onun atasına nə olub ki, adını Əvəz qoyuruq. Mənzil başına çatarıq, özüm ona ad da qoyacam, qurban da kəsəcəm.
Gəlin kor-peşiman geri qayıtdı.
Həmişə anasının qoynunda mışıl-mışıl yatan uşaq bir gecə səhərə qədər ağladı. Gəlin nə qədər layla çaldı, uşağı sinəsinə sıxdısa da, sakitləşdirə bilmədi. Güllü xanım başa düşdü ki, körpəyə nəsə olmuşdu.
Uşağın zağıltısı getdikcə çoxalır və səsi vaqonu başına götürürdü. Bu səs aradan xeyli keçəndən sonra güclə nəfəs alan körpənin hıçqırığına çevrildi və səhərə yaxın tamam kəsildi. Gəlin də uşağı qucağına sıxıb onun üzünə tamaşa edib sakitləşdi. Güllü xanım da azacıq rahatlandı.
Hava açıldı, gün xeyli qalxdı. Vaqonun içi işıqlandı. Ancaq nə mürgüləyən gəlinin səsi gəldi, nə də uşağın. Güllü xanım ehmalca ayağa durub onlara yaxınlaşdı və gördü ki, uşağın gözləri hərəkətsiz halda tavana zillənmişdi və ağzı azca aralanmışdı. Dünya görmüş arvad başa düşdü ki, körpə anasının qucağında canını çoxdan tapşırmışdı.
Heç kəsə sezdirmədən, sakitcə, için-için ağladı, göz yaşlarını sinəsinə axıtdı. Bir az özünü toxtatdıqdan sonra əyilib uşağı gəlinin qucağından aldı. Gəlin diksinib yuxudan ayıldı və körpəsini qayınanasının qucağından götürmək istədi. Güllü xanım uşağı anasına verməzdən əvvəl gəlininin sifətinə elə bir ifadə ilə baxdı ki, arvad sarsıldı. Gözünü zilləyib uşağa və sifəti tunc kimi bozarmış qayınanasına baxdı və başa düşdü ki, balası yoxdu. Əlini uzadıb saçını yolmaq, üzünü cırmaq və haray salıb dünyanı başına yığıb, hamını dərdinə şərik etmək istədi. Amma Güllü xanımın sərt sifətini və sərt baxışlarını gördü.
- Kişi qızı ol, dost var, düşmən var!
Vaqonun küncünə döşəkçə saldılar. Uşağı ora uzatdılar. Bütün yolboyu ehtiyatla işlətdikləri suyun qalığı ilə yudular və kəfənlədilər. Bundan sonra vaqondakılar - Alqazax və Çıraq uşağının adamları körpənin üstündə için-için ağlaşdılar. Qapını içəridən döydülər. Bayırdan eyni səs eşidildi. "Ne polojeno". Sonra da vaqonu cırmaqlayan it hürdü. İçəridən bir təhər başa saldılar ki, adam ölmüşdü.
Aradan xeyli keçdi. Qatarın sür'əti azacıq azaldı. Qapı aralandı. Dərddən keyimiş gəlin daş kimi quruyub yerində qalmışdı.
Güllü xanım meyiti qucağına alıb azacıq aralanmış qapıya yaxınlaşdı və elə zənn etdi ki, vaqon dayanacaq, onlar yerə töküləcək və uşağı öz əlləri ilə basdıracaqlar. Ancaq uşağın meyitini onun əlindən aldılar, qapı dərhal örtüldü və tanış səs eşidildi: "Ne polojeno"...
Güllü xanım iki gün yatmadı. Gəlinini gözdən qoymadı. Gəlin elə bil keyikmişdi. Deyəsən, başına hava gəlmişdi. Güllü xanım gördü ki, gəlini əlinə keçən parçaları bürələyib bükdü, uşağın paltarını ona geyindirdi və qundaq kimi qucağına alıb sinəsinə sıxdı.
Gəlin uşaqla oynayır, gülür və ona aramsız layla çalırdı. Onun oxuduğu şirin oxşamalar Güllü xanımın sinəsini deşik-deşik edirdi.
"Balama qurban alçalar, balam havaxt əl çalar.
Balama qurban inəklər, balam nə vaxt iməklər".
Güllü xanım gəlininin səhərəcən eyni laylaları, oxşamaları dediyindən vaqondakıların da yata bilmədiyini görür və gəlininə sakitcə öyüd-nəsihət verirdi: "Qızım, səs salma, qoy uşaq yatsın. Görmürsənmi, tifil yenicə yuxuya gedib".
Qayınanasının bu sözlərindən sonra gəlin əskidən düzəltdiyi uşağı sinəsinə basıb mürgüləyirdi.
Bir gün Güllü xanım gördü ki, gəlinin də səsi gəlmir. Həmişə səhər tezdən oyanan və "körpə"sinə layla çalan gəlin tərpənmir. Arvadın ürəyi titrədi və gördü ki, gəlin "körpə"sini bağrına basaraq keçinmişdi...
Yolun harasındasa qatarı dayandırdılar, yanlarında boynu zəncirli it olan keşikçilər vaqona yaxınlaşdılar. Qapını açıb cənazəni götürdülər. Vaqondakılar meyitin dalınca düşmək istədikdə qapı şaqqıltı ilə örtüldü və eyni tanış söz eşidildi: "Ne polojeno".
Güllü xanımın yadında qalın, ucsuz-bucaqsız meşəlik, bir də gəlininin züllə papaq əsgərlərin sürüyüb vaqondan saldıqları meyiti qaldı.

- 5 -

Onları meşə kənarındakı ucqar bir stansiyada vaqondan düşürdüb, dörd təkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada ətrafı tikanlı məftillərlə çəpərlənmiş daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.