VIII FƏSİL
- 1 -
Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin üstünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu, Çapıq Əmrahın xoşuna gəlmədi. Beləcə qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.
O, sakitcə tövləyə endi. İçəri püş səpilmişdi. Baca basdırılmışdı. Malların nəfəslərinin hənirtisi içərini isitmişdi. Çapıq Əmrahın bədəni qızışdı, sümüyü açıldı. Ondan olsaydı, burdan heç yana getməzdi. Atına yaxınlaşdı. Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin və dal tapcırlarının möhkəmliyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı və sonra gözlərindən öpdü. Bir xeyli beləcə, üzü atın üzündə dayandı. Kəhər sahibinin bu mehribanlığından riqqətə gəldi. Qabaq ayağını tərpədib astaca oxrandı. Çapıq Əmrah toxtaqlıq verib atı həyətə çəkdi. Tüfəngini götürdü, xəncərini bağladı və yapıncısını çiyninə saldı. Ağ yun başlığını papağının üstündən geyindi. Pəncərədən sakitcə boylanan arvad-uşağına üzünü belə çevirmədən quş kimi sıçrayıb yəhərə qalxdı. Onun məqsədi xəlvəti yollarla gözə görünmədən kənddən çıxmaq və qonşu obaya getmək idi. Dərə ilə İncə çayının sahilinə endi. Ağacların arxasından sivişib keçdi və azacıq sonra kəndin yuxarı başındakı dikdirdə göründü və elə zənn etdi ki, aradan çıxmışdır. Azacıq nəfəsini dərdi və ətrafı dinşədi. Qarın üstündə tərpənən qaraltıları görəndə isə başa düşdü ki, yollar, bənd-bərələr kəsilmiş, kənd mühasirəyə alınmışdır. At da bunu hiss etdi. Dayanıb irəli getmək istəmədi. Əmrah bilirdi ki, onun atı qabaqda bir qaraltı görəndə, qorxu hiss edəndə qulaqlarını şəkləyib ətrafı dinşəyir və bədəni titrəyirdi. O bununla sahibinə bildirmək istəyirdi ki, yol xatalıdır. Əmrah atın boynunu sığalladı və yalına yatdı. At qulaqlarını yapıxdırdı və hiss etdi ki, yolu kəsən qaraltıların yanından güllə kimi keçib sahibini dardan qurtarmaq lazımdır. Yerindən götürüldü. Keşikçilərin yanından yel kimi keçdi. Onu arxadan harayladılar. "Dayan!" - dedilər və çaxmaxlar şaqqıldadı. At sür'ətini bir az da artırdı. Əmrah aradan çıxdığına sevindi və "Ağrın alım, a kəhərim, bir azca da tərpənsən, dardan təmiz qurtararıq", - deyə ürəyindən keçirdi. Elə bu vaxt at büdrədi, dal ayaqları üstə şaxə qalxdı və birdən arxası üstə yerə sərildi. Əmrah ayağını üzəngidən çıxara bilmədi. Onun qılçası atın altında qaldı. Gözünü yumub-açınca buynuzlu əsgərlərin süngüləri sinəsinə dirəndi. Keşikçilərin yarımkürk geyinmiş, uzun qılınclı komandirləri də at belində gəldi. Çapıq Əmrahı dartıb əyağa qaldırdılar. Tüfəngini aldılar, xəncərini belindən açdılar. Komandir atın belindən əyilərək onun yapıncısını götürdü və öz çiyninə saldı. Başlığı da boynuna doladı. "Necədi, əsil Qafqaz igidinə oxşayırammı?" - deyə əsgərlərə müraciət etdi. Gülüşdülər, sonra da Çapıq Əmrahı qabaqlarına qatıb kəndə gətirdilər.

- 2 -

Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişinin isti otağında əyləşmişdi. Döşəməyə gəbələr salınmışdı. Divardan da gəbələr asılmışdı. Küncdəki nikelli çarpayının üstünə təzə ipək yorğan-döşək düzülmüşdü. Evin ortasındakı dəmir soba gurha-gurnan yanırdı. Ocaq azca öləziyən kimi Mustafa kişi əyilib doğranmış odunlardan sobaya atırdı. İçəri elə isti idi ki, kəndin üstünü qış aldığını, bayırda qar-boran olduğunu adam heç ağlına gətirə bilmirdi. Bura Mustafa kişinin qonaq otağı idi. Qəza mərkəzindən gələn hörmətli adamlar burada çörək yeyər, burada da yatardılar. Fətullayev mizin arxasında oturub həmişə özü ilə gəzdirdiyi yan çantasını açmış və kağızları stolun üstünə səpələmişdi. O nəyi isə axtarır, müxtəlif adlar, famillər yazılmış siyahıları diqqətlə nəzərdən keçirir, dönə-dönə yoxlayırdı. O özünün və rus əsgərlərinin buraya nə üçün gəldiyini hələ heç kəsə deməmişdi. Mustafa kişi də qorxusundan soruşmamışdı. Şura sədri bilmirdi ki, qaranlıq qarışıb, əl-ayaq yığşırılandan sonra əsgərlər həyətlərə, qapılara dağılmışdı. Onlar heç kəsi içəridən bayıra buraxmır və keşik çəkirdilər.
Gecədən xeyli keçmiş yoldaş Fətullayev kağızlarını yığışdırdı və üzünü Mustafa kişiyə tutdu:
- Səhər tezdən - işıqlaşan kimi adamların burda olsun. Silahlı komsomolçularını deyirəm. Onlarla söhbətim var. İndi isə, gəl yataq, səhər tezdən durmalıyıq, işimiz çoxdur. Amma elə elə ki, gecə peç sönməsin.
Yoldaş Fətullayev şinelini, çəkməsini soyundu və paltarlı yorğan-döşəyə girdi.
Mustafa kişi səhərə qədər yata bilmədi. Tez-tez qalxıb ocağa odun atdı və nə qədər fikirləşdisə, rus əsgərlərinin qəfildən kəndə gəlmələrinin səbəbini aydınlaşdıra bilmədi.
İşıqlaşan kimi axşamdan Mustafa kişidən tapşırıq alan silahlı komsomolçular onun evinin qapısını kəsdirdilər. Yoldaş Fətullayev onları başına yığdı.
- Bu saat dağılışarsınız kəndə. Gedərsiniz evlərə. On beş yaşından yuxarı nə qədər başıpapaqlı varsa, gətirərsiniz məscidin həyətinə. Dünəndən baxmışıq ondan münasib yer yoxdur. Həm məscidin özü böyükdü, həm də ətrafı hasarlıdı.
Bir azdan kəndə hay-haray düşdü. Arvad-uşağın səs-küyünə, ağlamalarına heç kəs fikir vermədi. Rus əsgərləri kişiləri süngünün qabağına salıb məscidin həyətinə gətirdilər. Yoldaş Fətullayev məscidin və həyətin içinin dolduğunu gördü və bundan sonra hasarın üstünə çıxdı. Bayaqdan təşviş içində qalan və öz aralarında xısın-xısın söhbət edən kişilər daş hasarın üstünə çıxan Fətullayevi görüncə susdular. Fətullayev aralığa sükut çökdükdən sonra amiranə səslə dilləndi.
- Camaat, hökumətin qərarı var: hamı silahını könüllü şəkildə təhvil verməlidir. Kimin tüfəngi, naqanı, xəncəri varsa, gətirməlidir. Kim silahını könüllü təhvil versə, ona heç nə etməyəcəyik, buraxacayıq, gedəcək evinə. Amma inad göstərsəniz, qurban verəcəksiniz. Sizə ən uzağı bir gün vaxt verirəm. Silahlarınızı gətirin!
Camaat heç nə başa düşmədi. Təşvişlə bir-birinin üzünə baxdı. Fətullayev hasarın üstündən düşüb gedəndən sonra da nə edəcəklərini bilmədilər.
Əslində onların çoxunun silahı var idi. Rus beşaçılanlarını, naqanları, İran və türk tüfənglərini parçalara büküb samanlıqlarda, tövlələrin axurlarında, pərdilərin arasında, ot tayalarının altında gizlətmişdilər. Heç kəs silahı olduğunu boynuna götürmək istəmirdi. Hamı fikirləşirdi ki, "Silahın nə zərəri var? Yüz gün yaraq bir gün gərək". Züllə papaqlı rus əsgərləri məscidi ikiqat mühasirəyə aldılar. Yarımkürklü və uzun qılınclı komandirlər məscidin ətrafında dolaşdılar. Yoldaş Fətullayev iki saatdan sonra bir də gəldi. Daş hasarın üstünə bir də çıxıb sözlərini bir də təkrar etdi. Amma camaatdan tərpənən olmadı.
Lopa-lopa qar yağırdı. Məscidin həyətinə toplaşanların hamısı qar içində idi. Çoxunun əynində isti paltar olmadığından soyuqdan büzüşmüşdü. Çoxusu ac idi. Səhər qoymamışdılar ki, çörək yesinlər. Kənd arvadları məscidin ətrafındakı evlərə yığışmış, damların üstünə çıxmışdılar. Onların əllərində bağlamalar, heybələr var idi. Kişilərə çörək gətirmişdilər. Amma keşikçilər onları yaxına buraxmırdılar.
Sözə baxmayıb irəli cuman arvadları süngünün ucunda geri qaytarırdılar.
Mustafa kişi arvad-uşağın ağlaşmasına dözmədi. Qorxa-qorxa Fətullayevə yanaşdı:
- Camaat acdır. Arvadlar çörək gətiriblər, bəlkə...
Fətullayev dabanı üstə fırlandı və şura sədrinin sözünü ağzında qoydu:
- Olmaz! Bir də bilmirsən o bağlamalarda nə var?
Qaranlıq qarışdı. Amma kişilərdən tərpənən olmadı.

- 3 -

Fətullayev qəza mərkəzində olan zaman, ya da Gəncəyə, Bakıya getdiyi vaxt müəyyən tapşırıqlar alır, kimləri isə axtarır, onların izinə düşürdü. Ətraf qəzalarda kəndlərdən qaçanların kimlər olduğunu öyrənməyə çalışırdı. Ona görə də, hər söhbətə saymazyana qulaq asır, hər kəndə öz adamlarını göndərir, hətta qaçaqların dəstəsinə də adam yollayırdı. Bu adamların çoxu qaçaqların e'tibarını qazanmaq üçün cinayət də törədirdilər.
Yoldaş Fətullayev gizli arxiv sənədlərini də nəzərdən keçirirdi. Mərkəzdən qaçmış və gözdən yayınan əksinqilabçıları tapmaq üçün gizli yollar axtarırdı. Onu ən çox narahat edən Gəncə üsyanı idi.
Yoldaş Fətullayev yenə Mustafa kişinin isti qonaq otağında əyləşmişdi. Yenə kağızları səpələyib nəyi isə axtarırdı. Mustafa kişi isə sobaya aramsız odun atırdı.
Yoldaş Fətullayev armudu stəkandakı çayını içdi və üzünü Mustafa kişiyə tutdu:
- Ağlın nə kəsir, sizin camaatın silahı yoxdu?
- Meşə çaqqalsız olmaz, yoldaş Fətullayev, bir də belə qarışıq zamanda silah saxlamağın nə zərəri var? Hürriyyətlik ilində hərə özünə bir açılan tapmışdı ki, özünü qorusun. Çox qarışıq zəmanəyə gəlib çıxmışıq. Adam başında papağını güclə saxlayır.
Fətullayev ayağa durdu. Otaqda bir xeyli gəzindi və üzünü yenə Mustafa kişiyə tutdu:
- İndi isə həmin açılanları götürüb meşələrə, dağlara çəkilirlər, hərə bir quldur dəstəsi düzəldir. O müzür ünsürlər şura hökumətini yıxmaq istəyirlər. Onu bilmirlər ki, sinfi düşmənlər qulaqlarının dibini görsələr, onu da görəcəklər.
Mustafa kişi hiss etdi ki, yoldaş Fətullayev hirslənib. Sözünün dalını demədi. Elə bu vaxt qapı astaca aralandı. Mustafa kişi ayağa durdu və əli silahlı komsomolçuya yaxınlaşdı.
- Mustafa qağa, Çapıq Əmrahı gətirdilər.
Mustafa kişidən qabaq yoldaş Fətullayev təəccüb və həyəcanla dilləndi:
- Kimi?!
- Çapıq Əmrahı.
Bu ada yoldaş Fətullayev çoxdan rast gəlmişdi. Mərkəzdən bütün qəzalara gizli təliqələr göndərilmişdi. Fətullayev də onu axtarırdı, onun izinə düşməyə çalışırdı. İndi gözlənilmədən Qaymaqlı kəndində onunla rastlaşırdı. Sevinc və həyəcan hissi onu bürüsə də, üzə vurmadı. Sakitcə Mustafa kişidən soruşdu:
- Çapıq Əmrah orduda olubmu?
- Müsavat hökuməti vaxtı zabit olub. Bilirsinizmi, yoldaş Fətullayev, hamı ona "paruçik" deyir. Elə bizim kənddə də onu Əmrah kimi tanıyan azdı. Ona "barcuy" deyirlər.
- İndi o hardadı?
Bu dəfə qapının ağzında dayanan silahlı komsomolçu dilləndi:
- Şura idarəsinin zirzəmisində.
Fətullayev şinelini götürdü, onaçılanını belinə bağladı və qapıya yaxınlaşdı.
- Mən onu görməliyəm.
Mustafa kişi onun yolunu kəsdi:
- Bu saat zirzəmi buz kimidir, iti bağlasan, it durmaz. Qoy onu gətirdək buraya. İsti otaqda otur, nə qədər istəyirsən, danışdır.
Az keçməmiş Çapıq Əmrahı gətirdilər. Keşikçilərin ikisi içəridə, qapının ağzında, qalanları isə pəncərələrin önündə dayandılar.
Çapıq Əmrah içəri girəndə Fətullayev diksinən kimi oldu. O elə zənn edirdi ki, gətirilən dustaq qorxusundan özünü itirəcək və Fətullayevin qarşısında ayaq üstə gücnən dayanacaqdı. Amma Çapıq Əmrahın şaxanə duruşu, uca boy-buxunu onu çaşdırdı. Başa düşdü ki, qarşısındakı dustaqla ehtiyatlı olmaq lazımdır. Ona oturmağa yer təklif etdi. Əmrah stul çəkdi və ayağını-ayağının üstünə aşırıb əyləşdi. Bir xeyli dinmədilər. Otağın istisindən azca təntiyən Əmrahın papağını başının üstündən geri itələməsi Fətullayevin gözündən yayınmadı. Diqqətlə Əmrahın alnında görünən çapığa baxdı.
- Sənə niyə Çapıq Əmrah deyirlər?
Əmrah gülümsündü və alnına işarə etdi:
- Buna görə.
- Bu nə çapıqdı belə?
- Qılınc çapığıdır. Rus qılıncının çapığı.
- Harda vurublar səni qılıncla?
- Gəncədə.
- Sənin Gəncədə nə işin var idi?
- Mən zabitəm. Müsavat ordusunun zabiti. Öz hökumətimi qorumaq üçün vuruşmalı idim. Bilirsənmi, kişi yorğan-döşəkdə ölməz. Kişi ya gərək güllədən, ya da xəncər yarasından ölsün. Bir də azadlıq uğrunda vuruşmamaq, bir qaşıq qandan qorxub geri çəkilmək namərdlikdi.
Fətullayev gözaltı onu süzdü və hirslə ayağa qalxdı:
- Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız?
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı:
- Mərdlik! Cəsarət. Bəs, siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq. - O, sözünə ara verdi. Papiros çəkməyə icazə istədi və tüstü-duman içində söhbətinə davam etdi. - İndi buraya nəyə gəlmisiniz? Rus əsgərlərini nəyə gətirmisiniz?
Fətullayev əsəbiləşdiyini gizlədə bilmədi.
- Qaçaq-quldurların kökünü kəsməyə.
- Yox. Siz kişilərin kişiliyini əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdi? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır.
Fətullayev bu sözlərə cavab verməkdə çətinlik çəkdi və səsini ucaltdı:
- Paruçik! Çox baş aparırsan! Biz xalqı nadanlıqdan, oğruluqdan, mədəniyyətsizlikdən qurtarıb kamil insanlara çevirmək istəyirik. Bizim yaratdığımız cəmiyyət kamil insan cəmiyyəti olacaq. Bəşəriyyətin arzuladığı, böyük mütəfəkkirlərin təsvir etdikləri kamil insan cəmiyyəti, aydındırmı?
Çapıq Əmrah hiss etdi ki, söhbəti davam etdirmək mə'nasızdır. Odur ki, son sözünü deməyi qərara aldı:
- Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz!
Fətullayevin qışqırmaqdan başqa çarəsi qalmadı:
- Aparın!
Çapıq Əmrah otaqdan çıxmazdan əvvəl ətrafa boylandı, döşəməyə salınmış gəbələrə, küncdəki nikelli çarpayıya, çata-çatnan yanan sobaya və bir də hirsindən çənəsini çənəsinə sıxan Fətullayevə baxıb acı-acı gülümsündü.
Onu keşikçilər qabaqlarına salıb apardılar.
Fətullayev xeyli özünə gələ bilmədi. Otaqda fırlandı. Mustafa kişi gördü ki, o, hirsindən azacıq titrəyir. Qət'i bir qərara gələ bilmir. Tez ayağa durdu. Qonşu otaqdan yemək, çay gətirdilər.
- Gəlin, əyləşin, ağzımıza bir tikə çörək alaq. Səhərdən acıq.
Fətullayev stul çəkib oturdu. Yeməyə əl vurmazdan əvvəl çantasını açdı, oradakı möhürlü kağızlardan birini götürdü. Bu kağız "üçlüyün" hökm kağızı idi. Camaat arasında bu üçlüyə "Troyka" deyirdilər. İnsanların çoxunun taleyini bu üç adamın imzası həll edirdi. Onlar müqəssirləri məhkəməsiz, qanunsuz mühakimə edir, hökm çıxardır və hökmü də dərhal yerinə yetirirdilər. Fətullayev qarşısındakı ağ kağıza xeyli baxdı və birdən qətiyyətlə yazdı: "4 yanvar 1932-ci il. Qaymaqlı kənd sakini, keçmiş müsavatçı Çapıq Əmrah güllələnsin!" Kağızın aşağısında imzalar var idi. Üçlük üzvlərindən ikisi əvvəlcədən ağ kağıza qol çəkmişdilər. Fətullayev imzalara baxdı və özü də əsəbi halda imza atdı. Sonra "Troyka"nın hazır qərarını çantasına qoyub stəkanı qabağına çəkdi.

- 4 -

Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərə yemək üçün evlərdən gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-bacaları qardan təmizləyər, mal-qaranı həyətə çıxardar, sonra da kürəyi götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq alardılar. Amma indi həyətlərdə nə mal-qara görünür, nə də qar təmizləyirdilər.
Məsciddəki camaat soyuqdan titrəşirdi. Bir yandan qar-şaxta, bir yandan da aclıq onları əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, kürək-kürəyə verib bir təhər qızışırdılar. Qar adamın gözünü qamaşdırırdı.
Yoldaş Fətullayev yenidən hasarın üstündə göründü. Yenidən eyni sözləri təkrar etdi:
- Camaat, silahlarınızı gətirin, yoxsa qurban verəcəksiniz.
Yerindən tərpənən olmadı. Yoldaş Fətullayev hasardan endi. Məscidin ətrafında züllə papaq əsgərlər iki cərgə düzülmüşdü. İndi bir cərgə də gəldi. Yanlarından uzun qılınc sallanan yarımkürk geyinmiş komandirlər də çoxaldı. Onlar qılınclarını qınından siyirib çıxartdılar. Qışın istilik gətirməyən zəif günəşi qılıncların ağ tiyəsində parıldadı. Arvadların arasına çaxnaşma düşdü. Üz-gözlərini cırıb saçlarını yoldular. Dizlərinə, sinələrinə döydülər. Hıçqırıq səsi ətrafı bürüdü. Məscidin həyətindəki kişilər də həyacanlandılar.
Çapıq Əmrahı gətirdilər. Qabaqda iki, yanlarda iki, arxada da iki keşikçi var idi. Züllə papaq əsgərlər çaxmaqları hərləyib gülləni lüləyə vermişdilər. Az qalırdı ki, süngü ilə kişini dəlik-deşik etsinlər. Çapıq Əmrah gödəkcəsinin yaxasını düymələdi, papağını qaşının üstünə endirdi. Hərəkət etməzdən əvvəl qışın şaxtalı havasını sinəsinə doldurdu. Doymurmuş kimi dalbadal nəfəs aldı. Sonra bir qırğı baxışı ilə kəndi nəzərdən keçirdi. Yollara, həyətlərə, dağların ətəyinə qədər gedən təpəliklərə və göyün üzündə işıldayan günəşə baxdı. Elə bil vidalaşırdı. Ürəyinə dammışdı ki, bu dünyanı bir daha görməyəcək.
Əlini cibinə saldı, gümüş papiros qutusunu çıxartdı. İri bir cığala kağızı götürüb arasını sarı saçaqlı tütünlə doldurdu və eşdi. Papirosun tüstüsünü də hərisliklə sümürdü. Birdən geri döndü. Mustafa kişi ilə nəzərləri çarpazlaşdı. Şura sədri bir-iki addım geri çəkilib əsgərlərin arasında gizlənmək istədi. Bunu görən Fətullayev sinəsini qabağa verdi. Ancaq birdən sarsıldı. Ona elə gəldi ki, Çapıq Əmrahın gözlərində şimşək çaxdı və Fətullayevi ildırım kimi vurdu. Çapıq Əmrah acı-acı gülümsündü və ağlaşan arvad-uşağın içində öz arvadının səsini də eşitdi, üzünü onlara tutub səsini ucaltdı:
- Ağlamayın, kişi qızı kimi mərd olun! Dost var, düşmən var, özünüzü sındırmayın. Ağlaşmanı sonra qurarsınız. Paltar-palazımı ortaya sərib dil deyərsiniz, ürəyinizi boşaldarsınız. - Sonra da üzünü camaata tutdu. Papağını çıxardıb baş endirdi. - Salamat qalın. Mən sizin yolunuzda qurban gedirəm. Əyər yanınızda bir günahım varsa, məni halal eləyin.
Papirosunu son dəfə sümürüb kötüyünü yerə atdı. Ətrafdakı komandirlər, onun nə danışdığını başa düşməsələr də, sakitcə dayanıb gözləyirdilər.
Çapıq Əmrah camaata bir daha baş əydi və qabağa yeridi. Komandirlərdən biri arxa tərəfdən irəli çıxdı. Əlindəki naqanın lüləsini onun kürəyinə zillədi. Tapança açılanda Çapıq Əmrah azca təngildədi və yıxılmamaq üçün özünü tarazlayıb geri döndü. Əlində naqan dayanan rusun üstünə yeridi.
- Adamı arxadan vurmazlar, ay namərd.
Əlində naqan olan komandir Çapıq Əmrahın baxışlarına dözə bilmədi və bir-iki addım geri çəkilib dalbadal atəş açdı. Əmrah hiss elədi ki, gözlərinə qaranlıq çökür, dizləri bükülür. Bir azca da keçsə, dizi üstə çökəcək. Beyni, ürəyi və bütün varlığı ölümlə dirim arasında vuruşan Əmrah dumanlı şəkildə dərk etdi ki, düşmən önündə əyilmək, onun qarşısında diz çökmək olmaz.
Əmrahın sinəsindən qan şoralanırdı. Hələ də ayaq üstə təngildəyən və az qala irəli yeriyəcəyindən vahiməyə düşən komandir qorxusundan bir güllə də atdı. Çapıq Əmrah kökündən kəsilmiş nəhəng ağac kimi arxası üstə yerə sərildi. Onun qolundan yapışıb sürüdülər və hasarın böyrünə uzatdılar. Ağ xalatlı iki həkim gəldi. Ölünün gözlərinə, sinəsinə, ürəyinə, qulaq asdılar. Onların göstərişi ilə Çapıq Əmrahın alnına iki güllə də sıxdılar...

- 5 -
Gün əyilmişdi. Yenidən sazaq başlayırdı. Kimsə hasarın dibinə yaxınlaşdı və tüfəngini gətirmək üçün icazə istədi. Onu iki rus əsgəri süngünün qabağına salıb evinə apardı. Oğlan tövlənin axurunda gizlətdiyi tüfəngi götürdü və əsgərlərə verdi. Onu buraxdılar. Bundan sonra camaat irdələndi, silahlarını gətirib təhvil verdilər. Axşam üstünə yaxın məscidin həyəti boşaldı.
Uzun qılınclı atlı komandirlər qonşu kənddən gətirdikləri dustaqları məktəbin həyətindəki kalafaya doldurdular. Dustaqlar elə zənd etdilər ki, onları elə buradaca güllələyəcəklər. Amma onlara dəymədilər. Aradan bir az keçəndən sonra Qaymaqlı kəndinin sakinlərindən də bir dəstə gətirib onlara qatdılar.
Siyirmə qılınc dayanan atlılar, kalafanın dörd yanını kəsdirdilər və dustaqları başa saldılar ki, onlar yolboyu deyilənlərə danışıqsız qulaq asmalı, keşikçilərin sözündən çıxmamalıdırlar. Kim bu şərtləri pozsa, yerindəcə güllələnəcəkdir. Dustaqlar yola düşmək istərkən arxadan bir qadın səsi gəldi:
- Dərdin alım, ev sarıdan narahat olma. Ocağını sönməyə, çırağını ölməyə qoymaram. Bir hörüyümü ağ, bir hörüyümü qara hörəcəm, balalarını saxlayacam.
Kişilər elə bil ürəkləndilər. Siyirmə qılınc altında yola çıxdılar. Azacıq sonra kəndin aşağıdakı döngəsində gözdən itdilər.
Camaat səhər yuxudan ayılıb, pəncərədən boylananda kəndi boş gördü. Rus əsgərləri gecə ikən çıxıb getmişdilər. O gündən sonra qız-gəlin səhər-səhər suya gedəndə təzə ipək paltar geyinmədilər. Zinyət taxıb sığallanmadılar. Heç kəsə, heç kimə qımqımı qoşmadılar, zümzümə etmədilər.