VII FƏSİL
- 1 -
Gecədən xeyli keçmişdi. Göyün üzündəki ulduzlar elə bil yazın belə tez və isti gəlməsinə sevinib sayrışırdı. Həmişə səksəkəli yatan şəhər bu gecə də narahat idi. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözə dəyən keşikçilər görünürdü. XI rus-bolşevik ordusu bir aya yaxın idi ki, Gəncə şəhərini zəbt etmişdi.
Çay sahilində yerləşən zirzəmilərin birindən solğun işıq gəlirdi. İçəri zabitlərlə dolu idi. Bakıda müsavat hökumətinin devrilməsindən sonra təslim olmaq istəməyən zabitlər Gəncədəki narazı hərbiçilərlə birləşmişdi. İndi onlar gizlin məşvərətə yığışmışdılar. Məşvərətə Azərbaycan hökuməti dövründə Gəncə hərbi qarnizonun rəisi vəzifəsini icra edən Cavad bəy Şıxlinski və Gəncə atıcı alayının komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər.
O vaxt Əmrah General Cavad bəy Şıxlinskinin yavəri idi. Hər şey indiki kimi yadındadır. General onu tez-tez zabitlərin arxasınca göndərirdi. Əmrah Cavad bəyin tapşırığı ilə keçmiş şəhər komendantı general-mayor Məmməd Mirzə Qacarı, qaçaq Sarı Ələkbəri, qaçaq Qənbəri, Topalhasanlı Cabbarı tapıb məşvərətə gətirdi. Başqa general və yüksək vəzifəli zabitlər də gəldilər. Hamının toplaşdığını görən general Cavad bəy zabitlərə oturmağı təklif etdi və özü də üstündə şəhərin xəritəsi olan yazı masasının arxasında oturdu. Aralığa xeyli sükut çökdü. Cavad bəy xəyalında nəyi isə ölçüb-biçdikdən sonra sözə başladı:
- Ağalar, XI Qızıl Ordunun bolşevikləri bizə yalan satmışlar. Xəlil Paşa da bizi inandırmışdı ki, rus qoşunları bizim ərazidən keçib Türkiyəyə İstanbulu müdafiəyə gedir. Bosfor, Dardanel təhlükə qarşısındadı. Biz bu ordunun tezliklə Türkiyəyə getməsinə kömək etməliyik. İndi isə bir aydı ki, Gəncədədirlər. Belə getsə, biz öz istiqlaliyyətimizi itirəcəyik. Ona görə də polkovnik Cahangir bəy Kazımovla belə qərara gəlmişik ki, Gəncəni üsyana qaldıraq. Sizi də bu məqsədlə məsləhətə çağırmışıq. Fikriniz nədir?
İçəridə oturan generallar və başqa hərbiçilər çiyinlərindən ağır yük götürülmüş kimi dərindən nəfəs aldılar.
- Biz bunu çoxdan gözləyirdik.
- Elə isə vaxt itirməyək, - deyə Cavad bəy sözünə davam etdi. - Cənab general Məmməd Mirzə Qacar, şəhərin istehkamlarının hazırlanması, müdafiə xəttlərinin möhkəmləndirilməsi, köhnə şəhər komendantı kimi məhəllələrin, küçə və dalanların hazırlanması və istehkama çevrilməsi sizə tapşırılır.
- Siz isə, - deyə general üzünü Sarı Ələkbər və Qaçaq Qənbərə tutdu. - Öz dəstənizlə əhalini ayağa qaldırmalı və döyüşə aparmalısınız. Səngərlərin silahlar və mərmilərlə tə'min olunmasını isə Topalhasanlı Cabbara tapşırırıq. Bütün bunlardan əvvəl daha tə'cili görüləsi iş var. Bu haqda polkovnik Cahangir bəy Kazımovun sizə sözü var.
Bayaqdan deyilənlərə səbirsizliklə qulaq asan və vaxtın itiriləcəyindən qorxan polkovnik dərhal ayağa durub izaha başladı.
- Ağalar, bizim ordumuzun 1800 nəfəri bolşevik ordusu tərkibindədir. Rus bolşevikləri Azərbaycan ordusunu yenidən təşkil etməyə vaxt tapmayıblar. Ona görə də, milli ordunun məşhur generalı Məmməd Mirzə Qacarı diviziyanın təchizat şö'bəsi rəisi vəzifəsində saxlayıblar. Hətta Mirzə Qacar şəhərin komendantıdır. Bu bizim xeyrimizədi. Demək, bolşevik ordusu tərkibində tərəfdarımız var. İndi mayın 23-də Bakıdan XI Ordunun Gəncəyə göndərdiyi komanda hey'əti şəhərə gələrək dərhal hərbi hissələri yenidən təşkil etməyə başlamışdır. Onlar komanda hissəsini tamamilə təzələyirlər. Bütün köhnə zabitləri işdən götürür və yenisi ilə əvəz edirlər. Bir sözlə, rus ordusunun tərkibində bu saat böyük hərc-mərclik və başsızlıq var. İndi əsl fürsətdir. Ona görə də, elə bu gecə, bu saat işə başlamaq lazımdır. Hamıya əmr edirəm, tə'cili olaraq öz hissələrinizi ayağa qaldırıb nəzərə çarpmadan bolşeviklərin kazarmasını ələ keçirmək və şəxsi hey'əti həbs etmək lazımdır.

- 2 -
Gəncə çayı selləmə gəldiyindən onun qıjıltısı şəhəri başına götürmüşdü. Bu qıjıltı o qədər güclü idi ki, küçələrdə, yollarda edilən hərəkətlər sezilmirdi. Başqa vaxtlar şəhərin 2-ci hissəsində körpünün yanındakı kilsə saatının səsi şəhərin ucqar küçələrində belə eşidilirdi. İndi isə beş addımlıqdan heç nə eşitmək mümkün deyildi.
XI Ordunun əsgərləri ac və yorğun olduqlarından axşamdan kazarmaya doluşmuş və yatışırdılar. Keşikçilər kazarmanın ətrafında dolaşır, yorğun-yorğun əsnəyir və növbələrinin haçan qurtaracağını gözləyirdilər. Onlardan divara söykənib mürgüləyənlər də var idi.
Üsyançılar dəstəsi körpünü keçib kazarmaya yaxınlaşdı. Qaçaqlar isə öz atlı dəstələri ilə arxa tərəfdən gələrək əsgərlərin yataq yerlərini əhatə etdilər. General Cavad bəy və polkovnik Cahangir bəyin başçılıq etdiyi dəstə bir göz qırpımında irəli cumdu, keşikçilər özlərinə gələnə qədər onları sıradan çıxartdı və əsgərlərin üstünü aldı. Əsgərlərdən silah götürmək və atəş açmaq istəyənlərə imkan vermədilər.
Üsyançılar tərk-silah etdikləri rus əsgərlərini cərgəyə düzüb qabaqlarına saldılar və birbaş Gəncə qalasına gətirdilər...
Cavad bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini möhkəmlətdikdən sonra qərargaha qayıtdılar. Onların üzləri gülürdü. İlk əməliyyatları uğurlu keçmişdi. Zirzəmidə bir qədər oturdular və nəfəslərini dərdilər. Sonra Cavad bəyin yavəri Əmrahın gətirdiyi çayı içdilər. General Cavad bəy kəşfiyyatın ona gətirdiyi mə'lumatı yazı masasının üstünə qoydu və polkovniklə birlikdə oxumağa başladılar. "Şəhərin strateji əhəmiyyəti olan xeyli hissəsi rus qoşunlarının əlində idi. 20-ci atıcı diviziyanın 178-ci və 180-ci atıcı polkları çayın sağ sahilində, şəhərin ermənilər yaşayan hissəsində yerləşmişdir. Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-qərb səmtində yerləşdirilmişdi. Düşmənin cəmi 2000 döyüşçüsü, 30 pulemyot, bir artilleriya divizionu, Zurnabad kəndində 450 nəfərdən ibarət 20-ci atlı briqadası, 8 pulemyotla bir atlı top batareyası və şəhərin 6 km-də yerləşən Helendorf qəsəbəsindəki diviziyanın öz iki, ikitoplu batareyası ilə artilleriya qərargahından ibarət idi. 3-cü briqadanın komandiri isə keçmiş çar zabiti Şirmaxer idi".
Cavad bəy mə'lumatı oxuduqdan sonra üzünü Cahangir bəyə tutdu:
- Biz ikitərəfli plan hazırlamalıyıq. Birincisi, şəhərin bütün giriş yollarını istehkama çevirməliyik. Şəmkir yolundakı topların sayını artırmalı, keşikdə dayananların miqdarını çoxaltmalıyıq. Bu il Qoşqar çayı həddindən artıq daşdığından yolları sel basmışdır. Bu bizim xeyrimizədir. Gəncəyə gələn ikinci yol Xaçbulaq yoludur. Balçılı tərəfdən şəhərin yeganə əlaqə yolunu çox ciddi qorumalıyıq. Məni ən çox narahat edən Helendorf tərəfdir. Əvvəla, bu tərəfdə erməni kəndləri var, ikinci də həmin yol şəhərin ermənilər yaşayan hissəsiylə birləşir. Bu ermənilərin rus ordusuyla birləşəcəyinə şübhəm yoxdur. Bakıda olduğu kimi burada da onlar xəyanət edə bilər; gah daşnaka, gah bolşevikə çevrilərlər. Biz bunları nəzərdən qaçırmamalıyıq.
Cavad bəyə diqqətlə qulaq asan polkovnik dərhal ona cavab verdi:
- Şəhərin ətraf yollarını, ətraf kəndlərini qorumağı və nəzarət altında saxlamağı adlı-sanlı qaçaqlara tapşırmalıyıq. Bizim Sarı Ələkbər, Qaçaq Qəmbər, Topalhasanlı Cabbar, Topalhasanlı Xallı Heydər, Qabaxtəpəli dəli Xəlil, Tatoğlu Həsən, Sarı Qafar, Qaçaq Məmmədqasım, Nainsafoğlu Məmmədəli kimi igidlərimiz var. Onları bolşeviklərin tə'siri altına düşməyə qoymamalıyıq. Və şəhərin ətrafını qorumağı onlara tapşırmalıyıq. Adlı-sanlı general və zabitlərdən isə şəhərin özündə və hücumlarda istifadə etməliyik.
- Bəs qət'i hücumu ayın neçəsində etməliyik? - deyə Cavad bəy soruşdu.
- Mayın 25-dən 26-a keçən gecə. Ancaq ona qədər alınası yerlər var. Mən döyüşçülərimi şəhərin erməni hissəsində yerləşən 178 və 180-ci polkların üstünə qaldıracam. Sonra da dəmiryol vağzalını tutarıq. İndi isə hazırlaş, gedək istehkamları yoxlayaq.

- 3 -

Hava olduqca isti idi. May ayının axırı olmasına baxmayaraq elə bil küçələrə od ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə ucalan çinarların enli yarpaqları meh vurduqca astadan xışıldayırdı. Məscidin həyəti ibadət edənlərlə dolmuşdu. Başlarında ağ fəs, əyinlərində arxalıq olan kişilər balaca arxa yaxınlaşır, əllərindəki aftafanı su ilə doldurub dəstəmaz alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri günorta namazına hazırlaşırdılar. Məscidin kanarı ayaqqabı və başmaqlarla dolu idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmir yol vağzalına gedən yolun ətrafındakı kiçik dükanlar qaynaşırdı. Papaqçılar öz papağını, pinəçilər öz ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə bir papaq, ya çuxa almaq istəyən kəndlilər isə dükanların qabağından dönə-dönə ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar isə çarşab içində günbəzli hamama doğru addımlayırdılar. Avara bağının sol tərəfindəki arxdan isə su aramsız şırıldayıb axırdı. Bu suyun şırıltısı Gəncənin küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı.
Ağacların kölgəsində poqquldayan iri samovarların ətrafı adamla dolu idi. Sərin havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. Arabir çiyinlərində səhəng su satan uşaqların ciyiltili səsi eşidilirdi: "Ay ürəyi yanan, yaxın gəlin, sərin su var, buzlu su var". Bu səslərə meydanın başqa tərəfindən eşidilən səslər də qarışırdı: "Buzlu su, sərin su, isgəncəvi".
Küçələrdə, meydançada əsgərlər, atlı zabitlər də dolaşırdı. Onlar dərhal atlandılar və süvari zabitlərin müşayiətilə səngərləri, döyüş vəziyyətini yoxlamağa getdilər. Cavad bəyin dəstəsi Şəmkir yoluna tərəf, Cahangir bəy isə körpünü keçərək erməni hissəsinə doğru yollandı.
Zahirən şəhər sakit görünsə də, bir daxili narahatlıq da sezilirdi. Bakıda aprel ayının 28-də Demokratik Azərbaycan Respublikası devrilmişdi. Bolşeviklər XI Qızıl Ordunun köməyi ilə hakimiyyəti ələ almışdılar. Parlamentin yığıncağında Həmid Sultanov və Çingiz İldırım hökumətə ultimatum vermişdilər. Sonra bu ordu Gəncəyə gəlmiş, şəhəri zəbt edərək əsasən Gəncə çayının sağ sahilində, şəhərin 2-ci hissəsində yerləşmişdi. Əsgərlər yarımçılpaq və ac idilər. Onlar qapılara düşüb dilənir, yeri gələndə oğurluq da edirdilər. Hər addımbaşı təhqir və cəza gözlənilirdi. Ona görə də, şəhər əhli uzun müddətdən bəri vərdiş etdikləri adəti saxlasalar da, narahat idilər. Günorta namazının vaxtı yaxınlaşırdı. Müəzzin asta-asta minarəyə qalxdı. Ötgəm və qumral səslə əzan oxudu və dindar müsəlmanları ibadətə çağırdı. Məscidlərdə ibadətlərin qurtarmasına qədər gözlədi və axırda onun zil səsi yenidən eşidildi:
- Ey müsəlmanlar, ey camaat, ey əhlidinlər, bilin və agah olun şəhərimiz üsyan etmişdir. 2 mindən çox gavur əsgəri tutulub qalaya salınmışdır. İndi biz ayağa qalxmış şəhərimizin qiyamçılarına kömək etməliyik. Onların başçıları general Cavad bəy Şıxlinski və polkovnik Cahangşir bəy Kazımovdu. Allah-Taala onlara kömək olsun.
Müəzzin sözünü qurtaranda meydan adamla dolmuşdu. Tərpənməyə yer yox idi. Birdən izdihamın aşağı hissəsi dalğalandı. Camaat general Cavad bəy Şıxlinski ilə polkovnik Cahangir bəy Kazımovu çiyinləri üzərinə alaraq meydan boyu gəzdirdi.
Sevincdən gözləri yaşaran Pişnamazzadənin təklifi ilə xalq milli hökumətin bərpası uğrunda son damla qanına qədər vuruşacağına and içdi.

- 4 -
Rus bolşevikləri üsyanın başlanmasından üç saat sonra xəbər tutdular və dərhal qarovulda dayanan azərbaycanlı əsgərləri dəyişdirməyə başladılar. Lakin gecikmişdilər. Şəhər üsyançıların əlində idi. Bolşeviklər dərhal qərargaha yığışdılar. Komendant zirehli qatarların, hərbi hissələrin komandirlərini ətrafına topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox sakitcə və ağayana cavab verdi:
- Narahat olmayın, yoldaşlar! Səhər tezdən şəhəri toplardan atəşə tutarıq, səslərini kəsərlər. Mən müsəlmanları yaxşı tanıyıram. Onlarda döyüş qabiliyyəti yoxdur. Onların sənəti qaçaqçılıq, quldurluqdur.
- Səhv edirsiniz. Bu quldurlar bir anın içində əsgərlərimizi həbs edib şəhəri ələ keçiriblər, - deyə komendant yarıhirsli ona cavab verdi.
- Bakıya mə'lumat vermisinizmi?
- Hələ yox.
- Əgər öz gücümüz çatmasa, Bakıya bildirəcəyik və onlardan kömək istəyəcəyik.
- Müsəlmanların bir məsəli var: "Ehtiyat igidin yaraşığıdır". Əvvəlcədən tədbir görmək lazımdır.
Bolşevik komandirləri dərhal qüvvələri səfərbərliyə almaq üçün hissələrə adamlar göndərdilər. Lakin hər yerdə vahimə və başıpozuqluğa rast gəldilər. Onlar dəmiryol vağzalında tə'cili qərargah düzəltdilər və səhərə yaxın azacıq mürgülədilər. Mayın 26-da səhər tezdən dəmiryol vağzalının başı üzərində şrapnel mərmiləri şappıldadı və çarpanalar dolu kimi ətrafa səpələndi. Alayuxulu və özlərinə arxayın olan rus-bolşevik zabitləri özlərinə gəlincə üsyançıların süvari dəstələri ətrafı üzüm bağları və dirrik olan yol ilə gələrək bir göz qırpımında vağzalı tutdular. Və onlar axşama qədər dəmiryolunu əldə saxladılar. Lakin 20-ci diviziyanın komandiri Velikanovun Qazaxdan gətirdiyi zirehli qatarların köməyi ilə bolşeviklər stansiyanı yenidən ələ keçirdilər.
Çayın sağ sahilində gecə yarıdan keçmiş canlanma başladı. Ordunun süvari və piyada hissələri, nizami erməni qoşunları və erməni başıpozuqları birləşərək körpüyə doğru hərəkət etdilər. Onlar səhər açılanda gözlənilmədən çayı keçib, şəhərin üsyan etmiş müsəlman hissəsini qəfildən yaxalamaq və yuxulu camaatı qılıncdan keçirmək istəyirdilər. Üsyançılar isə çayın sol sahilində səngərlər qazmış və ayıq dayanmışdılar. Üsyan başçıları, generallar, zabitlər və əsgərlər sahil boyu ehtiyatla gəzinirdilər. Şəhərin erməni hissəsində balaca bir hərəkət olan kimi qərargaha xəbər verirdilər.
Əmrah özünü qərargaha yetirdi və general Cavad bəyə xəbər verdi ki, Gəncənin 2-ci hissəsində nəsə bir hərəkət var. Yavərin dediyi bu sözləri eşidən Cahangir bəy də dərhal sıçrayıb ayağa qalxdı və onlar bir göz qırpımında həyətə çıxıb atlarına mindilər və başa düşdülər ki, bu il çayın suyu həddindən artıq daşqın olduğundan yeganə keçid ancaq körpüdən ola bilər. Dağlardan baş alıb gələn çayın qıjqoy suyu sahilləri yalayırdı.
Cavad bəy Əmraha əmr etdi zabitlərə çatdırsın ki, hazır olsunlar.
Dan yeri qızarıb günəşin ilk şəfəqləri pəncərələrdə oynarkən körpünün üstündə hücum edənlərlə üsyançılar qarşılaşdılar. Qılınclar havada oynadı. Səngərlərdən pulemyotların şaqqıltısı eşidildi. Hər iki tərəfin süvariləri döş-döşə gəldi. Aradan yarım saat keçməmiş körpünün üstü, çayın axarı insan cəsədləri ilə doldu. Aldığı yaradan, yaxud müvazinətini saxlaya bilmədiyindən körpünün məhəccərindən suya düşən atların kişnərtisi bir-birinə qarışdı. Qılınc cingiltisi və güllə səslərindən qulaq tutuldu. Körpünü ortaya qədər gələn düşmənlərin önündə Əmrah da at belində qılıncla çarpışırdı.
Onun körpünün üstünə nə vaxt gəlməsindən, qılıncını sıyırıb nə vaxt vuruşmağa başlamasından xəbəri yox idi. Gözlərini qan örtdüyündən heç nə görmürdü. Bircə onu bilirdi ki, qılıncı havada fırlanır, nəyəsə dəyir, nəyisə doğrayır.
Birdən Əmrahın önündə at belində az qala bütün körpünü tutacaq qıllı papaqlı, enli bir kürək göründü və bu kürəyin qılıncı havada parıldadı. Əmrahın atı şaxə qalxıb kişnədi. Əmrah da qılıncını hərlədi. Nə qədər çarpışdıqlarını bilmədi. Bir o yadında qaldı ki, alnında kəskin ağrı hiss etdi, üz-gözünü qan bürüdü. Onu da dərk etdi ki, son anda qılıncı nəyi isə xırçıltı ilə kəsdi, onun gözünün qabağında dayanan qıllı papaqlı sifət dığırlanıb suya düşdü, qarşısını kəsən at da, adam da yoxa çıxdı.
Gözünü açanda özünü bir ağacın dibində başı sarıqlı gördü. Bir də onu öyrəndi ki, düşmən geri oturdulmuş, körpü üsyançıların əlindədir.
Bundan sonra üsyançılarla bolşeviklərin ciddi və qanlı döyüşləri başladı. Üsyançılar üzüm bağlarına doluşan və şəhərin ucqar dar küçələriylə irəliləmək istəyən bolşevikləri əzərək geri oturtdular. Beləliklə, mayın 25-dən 30-dək qanlı çarpışmalar davam etdi və şəhər üsyançıların ixtiyarında oldu.
Bolşeviklər vəziyyətin ciddiliyini və ağırlığını görərək Bakıdan, Gürcüstan sərhədlərindən, hətta Ermənistandan öz hərbi qüvvələrini Gəncəyə çəkib gətirdilər.
Bakıdan yeni zirehli qatar və canlı qüvvə, P.V.Kurışkonun komandası altında 18-ci süvari diviziya, Gürcüstan sərhəddindən qaubiçnı divizion və daha dörd zirehli qatar, Ermənistan sərhəddindənsə daha bir polk - 179-cu polk gətirildi. Ən dəhşətlisi isə, Gəncəyə hücum edən mütəşəkkil rus-bolşevik ordusuna yenə də bolşevik bayrağı altında çıxış edən 3000 nəfərlik nizami daşnak hərbi birləşməsinin və onlara qatılmış ətraf və Gəncə ermənilərinin qoşulması idi.
Bütün qüvvələr Gəncədəki 20-ci diviziyanın komandiri Velikanova tabe edildi. Düşmən şəhərin ətrafla əlaqəsini kəsmək üçün Xaçbulaq yolundakı Balçılı kəndinin həndəvərindəki yeganə keçidi Kurışkonun 18-ci süvari diviziyasının köməyi ilə qanlı döyüşlərdən sonra tutdu. Və mayın 29-da şəhərə növbəti hücum başladı. Günortadan sonra şimaldan və şimal-qərb səmtindən hücum edən 178 və 179-cu atıcı polklar şəhərin ucqar küçələrinə daxil oldular və qanlı küçə döyüşləri başladı. Lakin az sonra həmin polklar gəncəlilərin qabağında duruş gətirməyib geriyə - öz əvvəlki mövqelərinə çəkildilər. Onlar belə müqavimətlə üzləşəcəklərini gözləmirdilər. Şəhərin erməni hissəsindən hücum edən birləşmələrin də burnu ovuldu. Üsyançılar onları suları seldən qabarmış, qıjıltı ilə axan Gəncə çayını keçməyə qoymadılar. Kurışkonun cənub və cənub-qərbdən şəhərə soxulmağa can atan süvari birləşmələri də böyük itkilər verərək geriyə sürükdü. İki günlük hücumun başa çıxmasını görən, əsgərlərinin sayı Gəncə əhalisi qədər olan və yüksək döyüş texnikası ilə təchiz olunmuş rus-bolşevik işğalçıları Voytsexovskinin komandası altında yenə də Gürcüstan sərhədlərindən tərkibində 175 və 176-cı atıcı polklar olmaqla daha bir briqadanı, bir yüngül artilleriya divizionunu və Bakıdan zirehli avtomobil divizionu ilə nizami erməni dağ batareyasını da tə'cili Gəncəyə gətirdilər. Düşmən son hücuma hazırdı. Onun beş piyada polku, 6 süvari polku, 7 xüsusi birləşməsi, 2 zirehli avtodivizionu, 8 zirehli qatarı, 57 ağır topu və nizami erməni birləşmələrindən başqa üç mindən çox erməni başıpozuğu vardı.
Bolşeviklərin növbəti hücumu mayın 31-də səhər tezdən başlandı. Onlar iki eşelonla, güclü top atəşinin köməkliyi ilə, dar küçə və dalanlara girməkdən çəkinərək, geniş küçələrdə döyüş texnikasından istifadə etməklə irəliləməyə çalışdılar. Dörd tərəfdən hücuma keçsələr də, bolşeviklər ağır itkilər verir və bu həmlələri də gözlədikləri nəticəni vermirdi. Və belə bir vaxtda Bakıdan xüsusi tapşırıqla Gəncəyə gələn Azərbaycan Kommunist Partiyasının fövqəl'adə komissarları Həmid Sultanov və Sultan Məcid Əfəndiyev 3-cü briqadanın komandiri Şirmaxerin dəstəsi və bir neçə yerli bolşevikin köməyi ilə azsaylı gözətçiləri tərk-silah edərək Gəncə qalasında saxlanılan 2000 rus soldatını, komandirləri və qərargah işçilərini azad etdilər. Onlar da yaxınlıqdakı silah anbarında silahlanıb şəhərin müdafiəçilərinə arxadan zərbə endirərək küçə döyüşlərinə girişdilər. Bunu gözləməyən üsyançılar təşvişə düşdülər. Xainlik öz işini gördü. Üsyançıların ölüm-dirim mübarizəsi aparmalarına baxmayaraq düşmən hər tərəfdən şəhərə doluşurdu. Atışma həyətlərdə, damlarda, evlərdə gedirdi. Mayın 31-də şər qarışanda adda-budda yerlərdə atışma getsə də, Gəncə artıq düşmən tapdağında idi...
...Çapıq Əmrah bütün bunları yadına saldıqda üşürgələndi. Büzüşərək buxarıya yaxınlaşdı və əlindəki odunları ocağa atdı. Buxarı qorlanıb alovlandı. Şəhər alındıqdan sonra üç gün aparılan talanı, Qoşqar çayını keçmək istərkən suya qərq olanları gözünün qabağına gətirdi. Selləmə yağış altında aşıb-daşan Gəncə çayında gördüyü bir mənzərə indi də onu dəhşətə gətirdi. Çay sahildəki ağaclardan birini kökündən qoparıb suya salmışdı. Ağacın düşdüyü yerdə su lillənib burulğana çevrilmişdi. Bu burulğanda iki meyit fırlanırdı. Biri qarayanız, biri sarışın. Onlar bir-birinin çiynindən möhkəm yapışmışdılar. Əmrah xeyli onlara baxdı və ayırd edə bilmədi ki, bunlar son anda bir-birlərini boğub suya batırmaq istəmişlər, yoxsa bir-birlərinə köməyə çalışmışlar. İndi də bir-birlərini buraxmırdılar. Burulğan isə onları gah suyun dibinə çəkir, gah da üzə çıxardıb fırladırdı.
O, yenə odun götürüb ocağa atdı və birdən pəncərədən kəndin yollarında və məktəbin həyətində ora-bura qaçışan, qucaqlarında ot daşıyan zülləpapaq əsgərləri gördü.