YI fəsil
- 1 -
Kəndin aşağı tərəfində, dərədən qalxan yolda bir dəstə atlı göründü. Heç nəyə fikir vermədən birbaş məktəbin həyətinə gəldilər. Onlar əyinlərinə qoyun dərisindən tikilmiş yarımkürk geymişdilər. Bellərinə çiyni qayışlı enli kəmər bağlamışdılar. Bir yanlarından onaçılan asmışdılar, o biri yanlarında isə uzun qılıncları sallanırdı. Ayaqlarında dərisi bir qədər qalın, dabanları məhmizli çəkmə var idi. Başlarına kənd adamlarının indiyə qədər görmədikləri qəribə papaq qoymuşdular. Papaqların ortasından elə bil beyinlərini yarıb çıxan buynuz qalxmışdı. Hamısının papağı eyni cür idi: alın yerinə qırmızı parçadan iri ulduz tikilmiş züllə papaq!
Məktəbin həyətinə gələn kimi atdan endilər. Uzaq yol gəldiklərindən sinələri azacıq tərləyən və nəfəsləri buxar kimi burunlarından çıxan atların cilovlarından tutub azca gəzdirdilər.
Hava bozarmışdı. Axşamdan başlayan şaxta bir az da şiddətlənmişdi. Görünür qar yağacaqdı. Məktəb bomboş idi. İki gün idi qış tə'tili başlamışdı.
Atlılardan üç nəfəri pilləkəni qalxıb sinif otaqlarına, sonra da birinci mərtəbəyə baxdılar. Nəsə danışdılar, nəyisə ölçüb-biçdilər. Bir azdan kənd yolunun aşağısından yeni qaraltılar göründü. Onlar piyada idilər. Bölüklərə, dəstələrə ayrılaraq cərgə ilə dörd qatar düzülmüşdülər. Gələnlərin əvvəli məktəbin həyətinə çatmışdı. Amma qonşu kəndə qədər uzanan yoldakı əsgərlərin sonu görünmürdü; elə bir əldən daşlanıb gəlirdilər. Onların da əynində uzun boz şinel, başlarında züllə papaq var idi. Çoxunun üzünə ülgüc dəyməmişdi. Sarı murdar tükləri soyuqdan biz-biz olmuşdu.
Məktəbin həyətində dayandılar; cərgə-cərgə, bölük-bölük. Bir azdan yolda dörd at qoşulmuş toplar da göründü və onlar da məktəbin həyətinə buruldular. Hamıdan sonra isə turbasından tüstü qalxan səyyar mətbəx gəldi və aşbaz mətbəxi eyvanın altına, xəlvət bir yerə çəkdi. Əsgərlərin cərgəsi pozuldu. Qazançalar danqıldadı, qaşıqlar cingildədi, hərə bir tərəfə səpələnib aşbazdan aldıqları xörəyi yeməyə başladılar.
Qılıncları yernən sürünən komandirlər onları yenidən cərgəyə düzdülər, nə isə izah elədilər. Əsgərlər qarışqa kimi sinif otaqlarına doluşdular.
Partaları sürüyüb həyətə tökdülər. Sonradan məktəbin həndəvərindəki həyətlərə doluşdular. Heç kimdən heç nə soruşmadan ot tayalarına yaxınlaşdılar, qucaqlayıb məktəbə doğru gətirdilər. Sinif otaqlarının döşəməsinə tökdülər. Özləri üçün yatmağa rahat yer düzəltdilər. İri, buz kimi qar dənələri səpələməyə başladı. Bir azdan isə bu qar dənələri lopa-lopa oldu, yer ağardı.
Yoldaş Fətullayev kənd şura sədri Mustafa kişi ilə birlikdə başının dəstəsi ilə at belində gəldilər. Yoldaş Fətullayev komandirləri də götürüb sinif otaqlarını, əsgərlərin yatacağı yerləri, ot döşənmiş döşəmələri şəxsən özü yoxladı və razı qaldı. Sonra üzünü Mustafa kişiyə çevirdi.
- Yoldaş sədr, bu otaqlar azlıq edəcək. Kənddə boş otaqlar varmı?
- Yoxdur, yoldaş Fətullayev.
Fətullayev tərs-tərs onun üzünə baxdı.
- Yoxdur - tap, evləri boşaltdır.
Mustafa kişi onun zəhmli baxışlarından və sərtliyindən titrəsə də, dilləndi.
- Bu qışın soyuğunda evləri necə boşaldım, arvad-uşağı necə çölə atım?
- Deyəsən, başın bədəninə ağırlıq edir?!
Mustafa kişi həyətdə qaynaşan əsgərlərə, yoldaş Fətullayevin sərt üzünə baxıb, gödəkcəsinin içində büzüşdü. Fətullayev isə sözünə davam etdi.
- Rusiyadan ölkələr basa-basa gələn bu adamları çöldə qoyacayıq?
Mustafa kişi harasa getdi və bir azdan kəndin evlərindən ağlaşan arvad-uşaq səsi gəldi.

- 2 -

Çapıq Əmrah ilin çox vaxtını binələrdə, yaylaqlarda, qonşu obalarda qohumlarının, özünə yaxın saydığı tanış-bilişlərin evində qalardı. O, qaçaq deyildi. Amma qaçaqvari bir həyat keçirirdi. Həmişə səksəkədə idi. Gözə çox görünməz, mərəkəyə çox çıxmazdı. Öz evinə havalar soyuqlaşanda, qış girəndə xəlvəti gələr, bir neçə gün qalardı. İndi də elə etmişdi. İki gün bundan əvvəl evinə gəlmişdi.
Evinə gələn kimi buxarını, dəmir sobanı möhkəm qalatmış, pəncərənin taxtalarını qapatmış, otaq boyu baş-başa uzanmış üstü gəbəli taxta döşəkçə, mütəkkə, yasdıq saldıraraq çəkmələrini soyunub rahatca uzanmışdı. O, istəyirdi ki, soyuq qış havasında sümükləri isinsin, bədəni qızışsın, heç olmazsa, bir-iki gün rahat yatıb dincini alsın. Amma səksəkəli həyat tərzinin tə'siri ilə bir-iki saat mürgülədikdən sonra, qarmaqarışıq fikirlər, ötən günlərin olub keçənləri ona rahatlıq vermirdi. Tez-tez o üz-bu üzə çevrilir, gözünü tavana zilləyir, saatlarla tavana tamaşa edirdi. Onun fikri, xəyalı çözələndikcə çözələnir, ötən günlərə - Gəncəyə gedib çıxırdı...
... Xudadat bəy adəti üzrə işə başlamazdan əvvəl arxa otağa keçib paltarını dəyişdi, asılqandan asılmış ağ xalatını əyninə geyindi, fenandoskopunu əlinə alıb diqqətlə baxdı, istilik ölçəni, cərrahiyyə bıçaqlarını nəzərdən keçirdi və sonradan hər şeyi səliqə-səhmanla yerinə düzdü. Camaat ona Gəncə general qubernatorluğunu təklif edəndə uzun müddət razı olmamış: "Mən həkiməm", - demişdi. Lakin atası Ələkbər bəy işə qarışandan sonra razılıq verməli olmuşdu. Xudadat bəy hər gün xəstəxanaya baş çəkər, sonra idarəyə gələrdi. Bu gün də elə etmişdi.
Yst-başını səhmana salıb iş otağına keçdi. Yazı masasının arxasında oturdu. Qapı açıldı, növbətçi zabit içəri keçib səhər poçtunu Xudadat bəyə verdi. Qubernator məktubları vərəqlədi və əlinə keçən ilk teleqramı oxudu: "Rusiyaya qayıdan soldatlar özləri ilə bərabər silahlarını da aparırlar. Əgər sülh üzrə onlardan silahı almaq olmazsa, o zaman Zaqafqaziya milli ordusu cəbhədə silahsız qalacaqdır. Bu cəhətdən soldat, fəhlə mərkəzi şurası qət etdi ki, milli və qeyri şuralara mə'lum etsinlər ki, evlərinə qayıdan soldatlardan silahları almaqdan ötrü lazımi tədbir görülsün. Bu xüsusda hər dəfə məzkur Şuraya mə'lumat versinlər.
Sədr: "Jordaniya".
Xudadat bəyin alnı qırışdı, teleqramı o üz-bu üzə çevirib xeyli baxdı. Kəşfiyyat ona mə'lumat vermişdi ki, Türkiyə cəbhəsindən: Kars və Ərdəhandan vətənə yola düşən rus hərbi eşelonları Gürcüstana daxil olmuşdur. Gürcü hökuməti onları Tiflisə yaxın buraxmamaq və ətraf stansiyalarda tərk-silah etmək istəyirdi. Bir neçə gün idi ki, bu hərbi eşelonlar Qardaban-Qarayazı stansiyalarında dayanıb yol gözləyirdilər. "Bu gürcülər də ilanı Seyid Əhməd əli ilə tutmaq istəyirlər. Həmin eşelonları tərk-silah etmək, həm də dava-qalmaqalı başqa yerə salmağa çalışırlar. Çalışırlar ki, bu hadisə Azərbaycanda baş versin və sonradan dünyaya səs salsınlar ki, bu millət mədəniyyətdən uzaqdır və orda quldurlar hökmranlıq edir". Amma yeni yaranan dövlətə ordu və silah lazım idi. Xudadat bəy general-qubernator seçiləndən sonra bu haqda tez-tez düşünürdü.
Oktyabr inqilabından sonra Rus imperiyası dağıldı. Müstəmləkələr istiqlaliyyət əldə etdilər, öz dövlətlərini yaratdılar. O cümlədən Azərbaycanda da Demokratik Azərbaycan Cümhuriyyəti yaradıldı. İndi əsas məqsəd bu dövləti əldə saxlamaq idi. Bunun üçün əsas şərtlərdən biri Azərbaycanın ordusunu yaratmaqdır. Qəribə bir vəziyyət əmələ gəlmişdi. Çar Rusiyası müsəlmanlardan əskər aparmırdı. Azərbaycanlılardan ibarət hərbi tə'lim keçmiş nizam-intizamlı ordu yox idi. Ancaq rus ordusunda xidmət etmiş çox görkəmli, qabiliyyətli generallarımız, komandirlərimiz mövcud idi. Xudadat bəy dərk edirdi ki, mütləq hərbi səfərbərlik e'lan etmək və yaxşı ordu yaratmaq lazımdır. Ordunu ordu halına salmaq üçün onu silahlandırmaq lazım idi. İndi belə fürsət ələ düşmüşdü: cəbhədən geri qayıdan qoşunları tərk-silah etmək, həm də davasız-şavasız.
Zəngi basdı. Növbətçi zabit içəri girdi. Xudadat bəy ona göstəriş verdi:
- Əmrahı tez mənim yanıma göndər.
Bir neçə dəqiqədən sonra Əmrah iş otağında fikirli-fikirli gəzişən Xudadat bəyin önündə dayandı.
- Aslan bəy Səfi Kürdskini, Rüstəmbəyli Şəfi bəy ilə Adıgözəl İmamverdi bəyi bura çağır. Sonra uşaqlardan göndər qaçaqların yanına. Qaçaq Qənbər, Xallı Heydər, Topal Hasanlı Cabbar, Tatoğlu Hasanı tapıb mənim adımdan xəbər versinlər ki, öz adamlarını yığıb tə'cili Şəmkir vağzalına yola düşsünlər. Ətraf kəndlərdəki adamları da yığsınlar. Dəmiryolunun alt və üst tərəfini kəssinlər və bizi gözləsinlər.
Çapıq Əmrah dərhal həyətə düşdü və bir dəstə atlı ilə qaçaqların dalınca getdi. Bundan sonra Xudadat bəy məsələni açdı:
- Ağalar, rus eşelonları Türkiyə cəbhəsindən gəlirlər, onları tərk-silah etmək lazımdır. Şəfi bəy ilə İmamverdi bəy, siz tə'cili gedin Yevlaxa, adamlarımıza xəbər verin, qoyun, hazır dayansınlar. Əgər eşelonlar Gəncəni keçə bilsələr, Bakıya doğru getməyə qoymasınlar. Mümkün qədər bu işləri sakitliklə, qansız eləmək lazımdır. Di sizə yaxşı yol. Biz isə, Aslan bəy, səninlə birlikdə Şəmkirə yola düşməliyik.
Səhər dan qızaran zaman atlı dəstənin müşayiəti ilə Xudadat bəy Aslan bəylə faytona oturub Gəncədən Şəmkirə yola düşdülər. Xudadat bəy əlindəki kiçik yol çemodanını faytonun arxa tərəfinə qoydu. O, idarədən çıxmazdan əvvəl həmin çemodanı dava-dərman, sarğı ləvazimatları və cərrahiyyə bıçaqları ilə doldurmuş, bəlkə lazım oldu deyə xəyalından keçirmişdi. Hava soyuq idi. Yanvar ayının əvvəlində yerə düşən qar əriməmişdi. Yolun bə'zi yerləri buz bağladığından at nallarından qığılcım qalxırdı. Şəmkirin üst tərəfindəki dağlar dümağ qar içində idi. Xudadat bəy üzünü faytonun küncündə sakitcə oturan Aslan bəyə çevirdi.
- Şekspirin belə bir sözü var: "Hünər yüksəklərə qalxmaqlarda deyil, hünər yüksəkliklərdə mətanətlə dayanmaqdadır". Camaatı ayağa qaldırmaq, onlara şirin və'dlər vermək, onsuz da ciyəri alışıb-yanan adamları döyüşə aparmaq, ehtirasları qızışdırıb mövcud qanunları dağıtmaq o qədər də çətin deyil. Amma...
- Məsələnin çətini camaata təzə nə verməkdir? Vay o gündən ki, qazandıqlarını əldə saxlaya bilməyəsən, təzə bir şey verə bilməyəsən, - deyə Aslan bəy Xudadat bəyə cavab verdi. - Ymidi boşa çıxan və aldadılan xalqın faciəsindən böyük faciə yoxdur. İndi biz yeni dövlət qurmuşuq. Qurmaq asandır, onu əldə saxlamaq lazımdır.
Xudadat bəy faytonun içində yerini rahatladı.
- Çox təəssüf ki, bunu başa düşməyənlər var. Dövləti əldə saxlamaq üçün birinci növbədə ordu lazımdır. Xüsusi ilə bizə. Çünki dörd tərəfimiz xəbis qonşularla doludur. Ona görə nəyin bahasına olursa-olsun, eşelonları tərk-silah etməliyik.
Xudadat bəy susdu, hər şeyi unutmuş kimi dərin fikrə getdi. Onun məqsədi bu saat Türkiyə cəbhəsindən qayıdan rus eşelonlarını tərk-silah etmək idi. Bunun üçün əvvəlcədən tədbir görmüşdü. Dəmiryolunun ətrafında yerləşən kəndlərdən təxminən on min silahlı dəstə düzəltmiş, həmçinin, bu mahalın adlı-sanlı qaçaqlarını da bu işə cəlb etmişdi. Onlar dünən axşamadək burada pusquda dayanmışdılar. Rus qoşunları müqavimət göstərsələr, qan tökməyə məcbur olacaqdılar. Xudadat bəy bunu istəmirdi. O, uzun döyüşlərdən sonra salamat qalıb sevinclə vətənə qayıdan əsgərlərin şadlığını yox edib qan tökməyin əleyhinə idi. Fayton Şəmkir stansiyasına yaxınlaşanda uzaqdan keçmiş şəhər qalasının qalıqları və körpü aydınca göründü. Şəmkir çayının üstündəki körpünün xarabalıqları da aydınca görünürdü. Bu, Şəmkir şəhərinin xarabalıqları idi. 935-367 hicridə "Şəmkur" adında bir padişah bu şəhəri tikdirmiş və öz adını həmin şəhərə vermişdi. Teymurləngin vaxtında bu şəhər salamat idi. İndi isə şəhərin adı və xarabalıqları qalmışdı. Bəşər övladı qəribədir. Yaratdıqlarını məhv edir. Əgər belə olmasaydı, tərəqqinin dalından insan nəsli çata bilməzdi. Xudadat bəy ətrafdakı qarlı-təpəli düzənlikləri, qarşıdakı dəmiryol vağzalını seyr etdikdən sonra vağzaldakı zirehli qatarı gördü. Bu qatar 60 nəfər döyüşçü ilə Tiflisdən gəlmişdi. Xudadat bəyin atlı dəstəsi vağzalın yanında dayandı. Xudadat bəy mühafizəçilərin müşayiəti ilə stansiya rəisinin otağına daxil oldu.

- 3 -

Eşelon Poylu körpüsü yaxınlığında dayananda komandir maşinistdən təəccüblə "Niyə dayandıq?" deyə soruşdu.
Başını pəncərədən çıxardıb yola baxan ağsaçlı və ağbığlı maşinist dilləndi.
- Simafor bağlıdır.
Qatar körpünün yaxınlığında Kürün yaxası boyu dayanmışdı. Vaqonların içi soyuq idi. Neçə gündən bəri dəmir sobaları qalamaq üçün heç nə tapmırdılar. Daş kömür və odun çoxdan qurtarmışdı. Əsgərlərdən biri sahildə kökündən qurumuş iri bir palıd ağacını gördükdə dərhal xırxı və baltasını götürüb vaqondan yerə düşdü. Bunu görən o biri vaqondakı əsgərlər də yerə tökülüşdülər. Qorxu və vahiməni unudaraq odun doğramağa başladılar. Doğranmış odunları qucaq-qucaq vaqona yığdılar. Azacıq sonra sobalar tüstüləndi, vaqonlar istiləndi. Neçə gündən bəri üşüdüyündən büzüşüb şinelə bürünən əsgərlərin bədənləri isindi.
Parovozun meşədə əks-səda verən kəsik-kəsik fiti eşidildi və ağır-ağır dartınaraq hərəkətə başladı. Kürün suyu sırsıra bağlamışdı. Çayın yaxası boyu, meşədə ördəklər, qazlar uçuşurdu.
Qatar Poylu körpüsünü keçib Ağstafaya yaxınlaşdı. Yol yenə də bağlı idi. Onları ehtiyat yolunda dayandırdılar, dərhal qapılar açıldı. Əsgərlər əllərində su qabları perrona axışdılar. Divara iri hərflərlə "Kipyatok" yazılmış kranın ətrafında növbəyə düzüldülər. Təxminən bir saatdan sonra vaqonlarda özlərinə çay düzəldən əsgərlərin kefi yaxşılaşmışdı. Stansiya rəisinin otağında isə mübahisə gedirdi.
- Bizi nə üçün ləngidirsiniz?
- Yol bağlıdır.
- Necə yə'ni yol bağlıdır?
- Deyilənə görə, körpülər minalanmışdı.
- Bunu öyrənmək olmazmı?
- Olar, adam göndərmişik. Xəbər alan kimi sizi yola salacağıq.

- 4 -

Birinci eşelon stansiyanın iki verstliyində dayandı. Yol yenə bağlı idi. Eşelon rəisi vaqondan düşüb əsgərlərin müşaidəsi ilə vağzala yaxınlaşdı və birbaş rəisin otağına keçdi. Xudadat bəy, Səfi Kürdski və zirehli qatarın komandiri içəridə oturmuşdular. Onları görən eşelon rəisi azca özünü itirsə də, amiranə tərzdə vağzal rəisinə müraciət etdi:
- Yolları nə üçün açmırsınız?
Xudadat bəy sakitcə ona cavab verdi:
- Əyləşin, məsləhətimiz var.
Komandir narazılıqla qaş-qabağını turşaltdı və gurhagurnan yanan sobanın yanında oturdu. Araya xeyli sükut çökdü. Söhbəti necə, nədən başlamaqda çətinlik çəkirdilər. Nəhayət, Xudadat bəy astadan dilləndi:
- Əvvəla sizi müharibəni qurtarıb sağ-salamat evinizə qayıtmağınız münasibəti ilə təbrik edirəm. Əsgərlərin sevincinə ürəkdən şərik olduğumuzu bildirirəm. Amma bir məsələ bizi narahat edir. Siz öz silahlarınızla birlikdə geri dönürsünüz. Topla-tüfənglə vətənə qayıdırsınız. Belə bir dönüşün sizə nə xeyri ola bilər? Sizi - hazır əsgərləri, yeni döyüşlərə, toqquşmalara göndərə bilməzlərmi?
Komandirin qaşları çatıldı, alnı qırışdı və gözlərini qaldıraraq təəccüblə Xudadat bəyin üzünə baxdı:
- Nə demək istəyirsiniz?
Xudadat bəy söhbəti çox uzatmağı lazım bilməyib suala sualla cavab verdi:
- Ordudan qayıdan əsgərlərin silah nəyinə lazımdır?
- Silahsız da ordu olarmı?
- Düz deyirsiniz, silahsız ordu olmaz, amma siz artıq ordu deyilsiniz. Sizi Vətənə qayıdan kimi fəhlələrin, kəndlilərin, inqilab etmiş camaatın üstünə göndərəcəklər. Əliniz qardaş qanına boyanacaq, qırğın törəyəcək. Bütün bunların olmaması üçün təklif edirik: silahlarınızı təhvil verin!
Eşelon komandiri yerindən dik atıldı. O, sözün bu yerə gəlib çıxacağını gözləmədiyindən səsini bir qədər ucaltdı:
- Bəs, bu silahlar sizin nəyinizə lazımdır?
- Biz yeni hökumət yaradırıq. Bizə ordu və ordunu silahlandırmaq üçün silah lazımdır.
Komandir otaqda fikirli-fikirli xeyli gəzindi, pəncərədən yollara, "fıs-tısla" işləyən parovozlara baxdı. Sağa-sola hərəkət edən dəmiryolçuları seyr etdi, onların kəsik-kəsik çaldıqları tütək səslərinə qulaq asdı və birdən dabanı üstə fırlanıb üzünü Xudadat bəyə tutdu:
- Əgər təslim olmasaq, silahları təhvil verməsək, onda nə edəcəksiniz?
Xudadat bəy kəskin və ciddi suala, kəskin və ciddi cavab verməyi qərara aldı:
- Onda araya qan düşəcək, mən isə bunu istəmirəm.
Komandir söhbətin bu yerində sözünə ara verib "mən məsləhətləşməliyəm" deyə cavab verdi və dərhal bayıra çıxıb müşayiətçilərin müşaidəsi ilə eşelona doğru getdi. Yarım saatdan sonra qatarın önündə ağ bayraq dalğalandı və eşelon vağzala yaxınlaşdı. Vaqonlardan tökülən əsgərlər, tüfənglərini yol kənarında dayananlara təhvil verdilər. Sonra at qoşulmuş toplar, iri çaplı pulemyotlar vaqonlardan düşürüldü. Eşelon təmiz boşaldıqdan sonra parovozun kəsik fiti eşidildi. Əsgərlər hay-harayla qaçışaraq vaqonlara doluşdular. Bundan sonra vaqonlar ağır yük altından çıxmış kimi taqqıldaşa-taqqıldaşa irəliyə hərəkət etdilər. 2-ci və 3-cü eşelon da bu cür təslim oldu. Sonrakı eşelon vağzala yaxınlaşdıqda vaqondan səslər eşidildi: "Təslim olmayın!" "Qırın bu basurmanları!" "Atəş açın!". Azacıq sükutdan sonra vaqondakı toplardan, pulemyotlardan, tüfənglərdən şiddətli atəş başlandı. Yol qar tozanağına bulandı. Mərmilərdən biri zirehli qatarın dal tərəfinə toxundu və komandir yaralandı. Eşelonun vaqonlarına da çaxnaşma düşdü. Hiss olundu ki, orda əlbəyaxa vuruşma düşmüşdü. Yolun kənarında səbrlə dözən silahlı camaat, qaçaq dəstələri cavab atəşi verdilər. Bir anın içində hər şey bir-birinə qarışdı: partıltıdan, çatıltıdan, şüşə cingiltisindən qulaq tutuldu. Bu qeyri-bərabər döyüşdən qalib çıxa bilməyəcəklərini başa düşdükdən sonra əsgərlər ağ bayraq qaldırdılar.
Təxminən 10 min əsgər təslim oldu, silahlarını yerə qoydular. Xudadat bəy isə stansiya rəisinin iş otağında yaralıların yarasını sarıyırdı.

- 5 -

Şamxor yolu ilə Gəncəyə doğru irəliləyən izdihamın sevinci hədsiz idi. İndi onların böyük bir ordunu silahlandıracaq qədər silahları var idi. Müşayiətçilərin əhatəsində öndə gedən faytondakı Xudadat bəy tez-tez yanındakı Aslan bəy Səfikürdskini qucaqlayır "Artıq geniş səfərbərlik e'lan edə bilərik. İndi hər şeyimiz var" deyirdi. Silahları təhvil alanlardan bir neçəsi şəhərin girəcəyində atdan düşüb topların lüləsinə paçayırma minib "ura" deyə qışqırırdılar. Küçə boyu düzülən camaat onları eyni sevinclə qarşıladı.
Şəhərin kənarındakı dəmir yolunda isə kiprik boyda görünən vaqonlar tüstülənə-tüstülənə arxayınca, takka-tukla irəliləyirdi.