Y fəsil
- 1 -

Güllü xanım bu gün itləri zəncirdən tez açdırmışdı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxası boyu qaçmış, sonra da yalaxların üstə cumaraq mırıldaşa-mırıldaşa yala hücum etmişdilər. Güllü xanım eyvanda dayanaraq onlara tamaşa edir, tüfəng çiynində həyətdə hərlənən oğlu Həsən ağanı gözaltı süzürdü. O, hiss edirdi ki, Ömər koxa rəhmətə gedəndən sonra Həsən ağa heç kəsə açıb-ağartmasa da, çox narahatlıq keçirir. Tüfəngi əlindən yerə qoymur, atını da çox vaxt gecələr belə yəhər altında saxlayır. Arvad fikir vermişdi ki, oğlu gah samanlıqda gecələyir, gah tövlədə qalır, gah da otaqların birində mürgüləyir. O bir yerdə yatmır, tez-tez yerini dəyişdirir. İndi, bu gün də narahat idi, bir yerdə dayanmır: gah samanlığın, gah tövlənin belinə qalxır, gah da ot tayalarının yanında hərlənirdi. Güllü xanım kəndin yuxarı başındakı səs-küydən, itlərin çaxnaşmasından ehtiyatlanırdı. O bu gecə nəsə baş verəcəyindən qorxurdu.
Ömər koxanın sağlığında hər şeyin sakit gəlib-keçəcəyini bilən Həsən ağa arxayın idi ki, bu ağsaqqalın sözündən heç kəs çıxa bilməz. O hamını başa salmışdı ki, Ələddinin ölümü bir bədbəxtliyin nəticəsidi və buna görə araya qan salmaq, təzə düşmənçilik törətmək lazım deyil. Hətta onun ayağına qəza mərkəzindən gələn və "Nə üçün şikayət eləmirsən?" - deyən hökumət adamlarını geri qaytarmış, "Ölən də, öldürən də öz uşağımızdır, burada heç bir qəsdi-qərəzlik yoxdur", - demişdi. Ondan sonra Həsən ağaya dəyib-dolaşan olmamışdı. Həsən ağa onu da başa düşürdü ki, Ömər koxanın oğlu Şamil və Çıraqlılar onunla barışsalar da, ürəklərində kin var idi. Atalarının sözündən çıxa bilməsələr də, içəridən qovrulub yanırdılar. Ona görə də, Həsən ağa gözə az-az dəyir, Şamilin, Qönçə xanımın gözünə az-az görünürdü. Amma axır vaxtlar onu bir-iki dəfə idarəyə çağırmışdılar. Hətta bir dəfə kənd şurasının milisioneri Keçəl Xondulu zarafata salıb demişdi ki, "Nə vaxta qədər belə səksəkəli dolanacaqsan? Əlindən xata çıxıb, get üç-dörd ay yat sonra gəl, rahat dolan".
Keçəl Xondulu Həsən ağagilin rəiyyəti hesab olunurdu. Balacalıqdan anadan yetim qalmışdı. Atası ilə qara damın altında tək yaşayırdılar. Baxanı olmadığından başına yara düşmüşdü. Məhəllə uşaqları oynamağa, Kürə çimməyə gedəndə onu da özləri ilə aparırdılar, amma başı keçəl olduğundan ona suyun axarının aşağısında çimməyə icazə verirdilər. Elə özü də suyun axarının yuxarısına getməzdi.
Bir gün səhər tezdən Kürün sahilindən Xondulunun ağlamaq səsi gəldi. O, sahil boyu qaçıb atasını axtarırdı. Camaat səsə tökülüb gələndə Xondulu suyun qıjqoy yerini göstərib qışqırırdı:
- Bax, atam burda yoxa çıxdı. Binədən gəlirdik. Birdən-birə su daşdı. Atam məni tez bura gətirdi, qolumdan yapışıb bura tulladı, mən geri dönüb baxanda gördüm ki, yoxdur.
Kişinin meyidini iki gün sonra Kürün aşağısındakı, qurulamış çiləkənin dibindən tapdılar. O gündən sonra Keçəl Xondulu Həsən ağagilin həyətində yaşadı, onlarla birlikdə yaylağa köçdü, arana endi...
Şura hökuməti qurulduqdan sonra isə onu kənd şurasında işə götürdülər, təzə paltar, silah verdilər, at bağışladılar. Xondulu kəndin sayılan adamlarından oldu.
Həsən ağa ona heç bir pislik eləməmişdi. Amma Xondulu Alqazaxlılara, elə Çıraq uşağına da düşmən kimi baxırdı...

- 2 -

Kənd itlərinin səs-küyü azalandan və çıraqlar öləziyib işıqlar seyrələndən sonra Həsən ağa qardaşı Şəmiddinin yanına getdi. Onlar hasara söykəndilər. Bir xeyli heç biri dinib-danışmadı.
Şəmiddin başa düşdü ki, qardaşı nəsə çox ağır bir məsələdən söz açmaq istəyir. Dinmədi. Gözlədi. Xeyli sonra onun titrək səsini eşitdi.
- Mən bu gecə getmək istəyirəm.
- Hara?
- O taya. Meşəyə. Ordan da qaçaqların yanına. Çox fikirləşmişəm. Bu gün də olmasa, sabah gecənin birində üstümüzü alacaqlar. Gəlmişəm, səninlə məsləhətləşəm.
Şəmiddin ağa xeyli susdu. Görünür fikrində dağı arana, aranı dağa köçürdü və qaranlıqda gözünü qardaşının üzünə zillədi.
- Bəs, ev-eşiyi, arvad-uşağı kimə tapşırırsan?
- Elə bilirəm, bir-iki il bir təhər dolanarlar. Onacan da aralar düzələr, qayıdıb gələrəm. Bəs sənin fikrin nədir?
Şəmiddin ağa dinmədi. Çiynindəki tüfəngin qayışını oynadaraq Həsən ağanı lal bir sükutla süzdü. Sonra sakitcə cavab verdi.
- Mən ev-eşiyi, arvad-uşağı başsız qoyub heç yana gedən deyiləm. İnsan anadan olanda alnına nə yazılıbsa, o da baş verəcək.
Həsən ağa qardaşından belə cavab gözləmədiyindən təəccübləndi.
- Mən gedəndən sonra elə bilirsən sənə rahatlıq verəcəklər? Gündə idarəyə çağırıb sorğu-suala tutacaqlar, mənim yerimi soruşacaqlar, al dilindən yanıma göndərəcəklər. O yan-bu yan olanda da atın döşünə salıb şəkərin qalasına, göndərəcəklər. Gəl mənim sözümə qulaq as, əl-ayağını yığışdır, arvad-uşağnan halallaş, elə bu gecə aradan çıxaq.
Bayaqdan sallağı oturub qardaşı ilə söhbət edən Şəmiddin ağa ayağa durdu. Həsən ağa da ayağa durdu.
- Yox, qardaş, sən gedəndən sonra bu arvad-uşağın içində bir başıpapaqlı qalmalıdır.
Onlar qucaqlaşdılar. Ay işığında bir-birinin üzünə baxdılar. Həsən ağa kövrəldi.
- Özün bilən məsləhətdi. Ancaq getsən, pis olmazdı, mən də tək qalmazdım, sən də.
Bir də qucaqlaşdılar. Səslərini içəri salıb hıçqırdılar. Sonra aralanıb hər kəs öz evinə getdi. Şəmiddin ağa eyvanda intizarla onun yolunu gözləyən arvadına heç nə demədi və dönüb qaranlıqda iki yanını basa-basa ləngər vuran qardaşına baxdı.
Həsən ağa anası Güllü xanımın yanında ayaq saxladı. Arvadın sərt və xırıltılı səsi eşidildi.
- Nə dedi?
- Getmədi.
- Bilirdim elə də olacaq. Arvadağızın biridir - Güllü xanım eyvanın yuxarı başında dayanıb kəndi dinşədi. Sakitlik idi. Əl-ayaq çoxdan yığşırılmışdı. Çıraqlar sönmüşdü. Ordan-burdan təkəm-seyrək işıq gəlirdi.
- Atın hardadı?
- Talvarın altında.
- Yəhər-yüyənini alma, uşaqlara demişəm xurcunu palaz-paltar və yemək şeyləri ilə doldurub atın tərkinə bağlayacaqlar. Sən də tüfəngini, tapancanı götür, daraqları güllə ilə doldur, qoltuqaltılarını əynindən çıxartma, özün də get uşaqların yanına bir az dincəl. Bir şey olsa, özüm xəbər verəcəm.
Həsən ağa anasının bu mehribanlığından kövrəldi. Oğlunun bu hərəkəti arvadı hirsləndirdi. Onun kəskin səsi eşidildi.
- Kişi ol. Arvad ha deyilsən, gözün yaşarır. Nə qədər canımda canım var, ev-eşiyə, arvad-uşağa qoymaram bir şey olsun.
Anasının bu sözlərindən sonra toxtayan Həsən ağa asta addımlarla öz otağına getdi.

- 3 -
Keçəl Xondulu öz silahlı dəstəsi ilə şura idarəsinin həyətinə toplaşmışdı. O, qəza mərkəzindən xüsusi tapşırıq almışdı. Bu gecə Həsən ağa tutulmalı idi. Kəndə tam sakitlik çökdükdən sonra Keçəl Xondulu atın belinə qalxdı. Yoldaşları da atlandılar. Xondulu yarım pıçıltılı səslə onları başa saldı.
- Yarınız Alqazax uşağının evinin alt tərəfini, yarınız da üst tərəfini kəsərsiniz. Elə edərsiniz ki, aradan bir quş da çıxa bilməsin. Həmləni uzaqdan götürün ki, başa düşən olmasın. Evə yaxınlaşanda da, saymazyana yaxınlaşarsınız. Onların üstünü beyqafıldan, yatdıqları yerdə almasaq, ələ keçirə bilməyəcəyik.
Sakitcə üç yerə bölündülər və Alqazaxlılar tərəfə yola düşdülər.
Otuzluq çırağın işığını aşağı çəkib öz otağında döşəkcə üstündə oturan Güllü xanım kəndin yuxarı başında hürüşüb susan itlərin səsini dinşədi və astaca addımlarla eyvana çıxdı. Atların ayaq tappıltısından başa düşdü ki, onlar tərəfə gələn var. Həsən ağanın qapısını taqqıldatdı. Oğlu anasının çağırışını dərhal başa düşdü və yapıncılı-çuxalı eyvana çıxdı. Güllü xanımın titrək səsi eşidildi.
- Əlli tərpən, bala, deyəsən gələn var.
Güllü xanım oğlunun yanında ömründə ilk dəfə kövrəlib boynunu qucaqladı.
Həsən ağa eyvandan tullanıb talvarın altına getdi. Yəhərə qalxıb atın üzünü Kürə tərəf çevirdi. İtlər evin ətrafını kəsən atlılara hücuma keçdilər. Tüfəng şaqqıltısı, qamçı səsi eşidildi. Hay-küyə arvad-uşaq ayıldı. Şəmiddini oyadıb tələm-tələsik geyindirdilər. Qönçə xanımın çığırtısına fikir vermədilər. Sonra Həsən ağagilin eyvanına çıxdılar. Güllü xanım bu haylı-küylü basqına fikir vermədən eyvanda dayanıb Kürü dinşəyirdi.
Keçəl Xondulu onun üstünə acıqlandı.
- Oğlun hardadı?
Güllü xanım əsasına söykənib ayağa durdu və atın döşünə salınmış Şəmiddini göstərdi.
Həsən ağa suvadaxdan Kürə enmək istədikdə, atın böyründə dayanan Alanı gördü. Cilovu çəkdi. İt bunu hiss edib qabaq ayaqlarını yəhərin üzəngisinə qoydu və ağlayırmış kimi için-için zingildədi.
Həsən ağa aşağı əyilib Alanın üz-gözündən öpdü, başını sığalladı və kövrək, titrək səslə dilləndi.
- Salamat qal, Alan, buraları sənə tapşırıb gedirəm. Ev-eşikdən muğayat ol. Ya qismət, bir də görüşəcəyikmi?! Allah bilir!..
İt zingildədi və onun əlini yaladı. Həsən ağa atın başını qanırıb Kürə endi. Alan isə onun qaraltısı gözdən itincəyə qədər dalınca baxdı.
- Bəs bu kimdi, oğlum deyil?
Keçəl Xondulu səsini ucaltdı.
- Onu demirəm, Həsən ağa hanı?
Elə bu vaxt Kürün o üzündən dalbadal atılan güllə səsi və Alanın acı ulartısı eşidildi. Güllü xanımın bayaqdan azca əyilmiş beli düzəldi, elə bil boyu da ucaldı.
- Güllə səsini eşitmirsənmi? O tayda - meşədədi, bacarırsınız, gedin tutun.
Keçəl Xondulu sərt bir söyüş söyüb eyvandan düşdü və atın belinə qalxdı.
- Bu dəfə də aradan çıxdı, amma harada olsa, onu tapacam. - Yzünü yoldaşlarına çevirdi. - Tez olun, tərpənin.
Atlı dəstə kənd itlərini və yuxuya getmiş camaatı oyadaraq Alqazaxlılar tərəfdən yola düşdü.
- 4 -
Qəza mərkəzinə odun aparan arabalar geri qayıdırdı. Hava isti iddi. Çöllər yaşıllaşmışdı. Şirələnmiş torpağın sinəsinə lalələr səpələnmişdi. Arabalar Acı Dərənin dikdirində dayandılar. Qabaq arabadakı ağsaqqal kişi o birilərini səslədi.
- A, bala, arabaları endirin dərəyə çayın qırağına, o başdannan yola çıxdığımızdı. Həm heyvanlar bir az dincəlsin, həm də biz ağzımıza bir tikə çörək alaq.
Dikdiri aşağı endilər. Dərəyə düşən kimi suyun sərinliyi onları vurdu. İncə çayı dupduru idi. Yarğanların, qolpunların dibindən poqquldayıb qaynayan bulaqların suyu çayı daha da şəffaflaşdırırdı. Çayın vadisi dərə boyu yamyaşıl bir zeh kimi uzanıb gedir və yuxarılarda gözdən itirdi. Qara bulaqların axarınca acı tərələr, lilparlar, yarpızlar bitmişdi. Böcəklər vızıltı ilə uçuşur, çiçəkdən-çiçəyə qonurdu.
Kəlləri, öküzləri boyunduruqdan açdılar. Heyvanlar əvvəlcə gərnəşib çırpındılar, sudan doyunca içdilər və sahil boyu oyxurub cücərən otları otlamağa başladılar.
Arabaçılar bir yerə yığışıb balaca bir süfrə açdılar. Torbadan, heybədən süzmə, qatıq çıxarıb iştəha ilə çörək yeməyə başladılar. Dərədəki güllərin, çiçəklərin, yarpızların ətri adamı məst edirdi. Çörək yedikdən sonra arabaçılar əl-ayaqlarını yudular, soyuq suyun təmasından xumarlanıb yaşıllığa uzandılar. Çayın yuxarısında Acı Dərənin uçurum yarğanının üst tərəfində qarğa-quzğun dolaşırdı. Ağsaqqal arabaçının gözü bunu aldı və xeyli o tərəfdən nəzərlərini ayırmadı. Sonra dirsəklənib oturdu. Yzünü yanındakı cavanlara tutdu.
- A bala, yuxarıda yaman qarğa-quzğun dolaşır, gedin görün nədir, amma ehtiyatlı olun.
Cavanlardan iki nəfəri əllərində çubuq asta addımlarla çay yuxarı getməyə başladılar. Onlar yarğanın altından poqquldayıb qaynayan və yaşıllıq içində olan bulağın bərabərinə çatanda bir adamın orada uzandığını gördülər, yaxınlaşmağa ehtiyat etdilər. Elə bu vaxt qoca arabaçı da gəlib çıxdı. O, diqqətlə şır-şırnan axan bulağın suyuna, acı tərələrə, ətri Acı Dərəni dolduran yarpızlara xeyli baxdı və sonra üzünü yarğana çevirdi və başa düşdü ki, bu adamı yarğanın qaşında vurub dərəyə tullamışlar. Bu adam bütün gecə səhərə qədər yaralı qalmış, suyun, bulaqların şırıltısını eşidincə sinəsi yanmış, su deyə inildəmişdi. Sonra bir təhər sürünərək bulağın üstə enmişdi. Təpimiş dodaqlarını suya yapışdırıb közərmiş yanğısını söndürmüş, özü də sönmüşdü.
Yaralı adama su verməzlər. Burada isə kim-kimə idi? Onu güllə ilə arxadan vurmuşdular. Qoca arabaçı və yoldaşları bir xeyli sakitcə dayandılar. Çayın yaşıl vadisinə sükut çökdü. Bircə vızıldaşıb çiçəkdən-çiçəyə qonan böcəklərin səsindən başqa heç nə eşidilmədi. Qoca arabaçı aşağı əyildi. Hələ də əli və üzünün bir hissəsi bulaq suyunun içində olan meyidi arxası üstə çevirdi. Onun qan laxtalanmış üzünə diqqətlə baxdı.
- Bu ki, bizim Şəmiddin ağadır, - deyib əllərini gözünün üstünə qoydu və astadan hönkürdü. Onun hönkürtüsü bulaqların şırıltısı, böcəklərin uğultusu və çiçəklərin ətri içində itib batdı.