IY fəsil
- 1 -
Qəza mərkəzindəki müəllimlər seminariyasını yenicə bitirən Mürsəli Qaymaqlı kəndinə işləməyə göndərdilər. O iki gün yol gözlədikdən sonra Tiflisə doğru gedən bir faytonla Şıxlı kəndinə yola düşdü, ordan da bir at tapıb Qaymaqlıya gəldi. Kəndin ortasındakı ikimərtəbəli məktəb binasında ona balaca bir otaq verdilər. Mürsəl yorğan-döşəyini pilləkənin üst tərəfindəki otağın küncünə yığdı, gecələr üstü naxışlı taxta çemodanını başının altına qoyub yatdı. Məktəbin ikicə müəllimi var idi. Biri Qori müəllimlər seminariyasını bitirmişdi. O da ailəsi ilə birlikdə alt mərtəbədə olurdu. Məktəb 20-ci illərin əvvəlində tutulub harayasa aparılmış Ömər koxanın evində yerləşdirilmişdi. İri otaqları süzüb irəli çıxan geniş, başabaş eyvanı var idi. Kənd ətəyi kiçik təpələrlə örtülü olan iki dağın ortasında yerləşmişdi. Evləri, həyətləri ortadan bölən yeganə yolun bir ucu dərəyə enib aşağıdakı kəndə, o biri ucu isə yuxarıdakı şenliyə gedirdi. Çəpərlərin, həyətlərin, təpəlikdəki məhəllələrin yanından ötən cığırlar kəndin ortasındakı iri yolla birləşirdi. Deyəsən, kəndin torpağı dəmyə idi. Qapılarda bağ-bağça yox idi. Məktəbin eyvanından baxanda evlərin həyət-bacası, qapı-pəncərəsi, evə girib çıxan arvad-uşaq aydınca görünürdü.
Mürsəl bir həftə qəribsədi; yaman qəribsədi. Nə uşaqlara alışa bildi, nə də məktəbə. Ancaq sonradan hər şeyə isinişdi. Eyvanın küncündə dayanıb səhər-axşam kəndə tamaşa etdi. Gördü ki, səhər tezdən də, axşam üstü də obanın yuxarı başından zurna səsi gəlir. Zurnaçılar şövq ilə havadan havaya keçir, gah dəmdə çalır, gah da zilə çəkirdilər. Dəfin sümüyə düşən ahəngdar tappıltısı getdikcə güclənir, evlərin üstünə yayılır, hələ bəlkə qonşu kəndlərə də gedib çıxırdı. Mürsəl elə bildi ki, kənddə toy var, kimisə evləndirirlər. Onun ürəyi atlandı, az qaldı eyvandan düşüb məclisə getsin. Axı o, ömründə kənd toyu görməmişdi. Ancaq sonradan öyrəndi ki, bu dəstə zurnaçı Hümmətin dəstəsidir. Onlar havacad öyrənirdilər. Ertəsi günü kəndin aşağı tərəfindən də toy səsi gəldi. Bu da Dursunun dəstəsi idi. Onlar da yeni oyun havaları öyrənirdilər. Mürsəl başa düşdü ki, kənddə iki dəstə zurnaçı var. Onlar bir-birinin bəhsinə yeni havalar çalır, səhər-axşam kənd cavanlarının, qız-gəlinin ürəyini atlandırırdılar.
Bir gün səhər "uçitel" onu aşağı çağırdı.
- Gəl bir tikə çörək yeyək, - dedi. Mürsəl getmək istəmədi "toxam" dedi. Uçitel bilirdi ki, Mürsəl ac qalmır. Danışmışdılar, hər səhər ona isti çörək, süd, qaymaq gətirirdilər.
Uçitel onun qolundan yapışıb evə apardı. Süfrə hazır idi. Ağ samovar astadan zümzümə edir, tər-təmiz silinmiş stəkan-nəlbəki parıldayırdı.
Uçitel Mürsəlin ciblərinin düyməsi parıldayan köynəyinə, çiyin qayışına və enli kəmərinə baxdı. Onun üzünə yenicə ülgüc dəymişdi. Telini yana daramışdı. Gözləri həm utancaqlıq, həm də mehribanlıqla dolu idi.
Stəkanlara qənd saldılar. Salma çayla pendir-çörək yeməyə başladılar. Mürsəl neçə gündən bəri ürəyində dolandırdığı və öyrənmək istədiyi məsələlərdən söz açdı.
- Müəllim, heç bilmirəm sizə necə müraciət edim?
- Hamı uçitel deyir, sən də de.
- Bu kəndin nə qəribə adətləri var.
Uçitel çayına ara verib gülümsündü.
- Sən bu kəndin qız-gəlininin suya getməyini görmüsənmi? Yox. Onda səhər tezdən xoruzun ilk banı yuxudan dur, eyvana çıx və tamaşa elə. Onda görəcəksən ki, kəndin qarıları, gəlinləri və sənəyi yerdən güclə qaldıra bilən qızları qatarlaşıb yola səpələnir və kəndin kənarındakı dərəyə - İncə çayının sahilinə enirlər. Dərənin dərinliyi yarım verstdən çoxdur. Arvadlar gün doğana qədər 2-3 dəfə bu dərəyə enib evlərinə su gətirirlər. Kənd dəmyədədir. Özündə su yoxdur. Amma məsələ onda deyil. Kəndin arvadları suya getməzdən əvvəl yaxtanlarını, çemodanlarını açıb təzə ipək qumaş paltarlarını geyirlər. Bilərziklərini, sırğalarını taxırlar. Əziz bir şey kimi saxladıqları saç yağı ilə tellərini sığallayıb bururlar. Sonradan ətirlənib kəlağaylarını örtürlər. Sənəyi götürüb bayıra çıxmazdan əvvəl divardan asdıqları balaca güzgünün qabağında bir də fırlanır, bellərindəki gümüş kəmərə bir də baxırlar. Bax, qəribəlik burasındadı. Axı niyə suya gedəndə onlar bu cür bəzənib-düzənirlər? - Kişi sözünə ara verdi. Çayları təzələdi və gözündən gülərək söhbətinə davam elədi. - Hə, Mürsəl müəllim, kəndin bir adəti də var. O da zümzümədir.
- Nə?
- Zümzümə, qımqımı. Bu kəndə zümzüməli, qımqımılı kənd deyirlər. Kəndə təzə bir adam gələn kimi ona şe'r qoşurlar. Ertəsi günü bütün gəlinlər-qızlar bu şe'ri dodaqaltı qımqımı kimi oxuyur və kəndə bir zümzümə yayılır. Elə bil yaz fəsli meşədə böcəklər vızıldaşır, arabir də bülbül şaqqanaq çəkir. Qəribə-qəribə sözlər tapırlar. Məsələn, "Boy-boy, arvadın ölsün, səni dul qalasan, ay gədə, ay gədə".
Hələ sənə şe'r qoşmayıblar?! Qoşmamış olmazlar. Amma özünü gözlə. Allah göstərməsin, dilə-dişə düşsən, axırı yaxşı olmaz. - Söhbəti zarafatla başlayan Uçitel ciddiyyətlə qurtardı. - Bu kəndin qız-gəlinləri deyib-gülən, adama sataşandılar. Kişiləri isə yaman əzazildi.
Ertəsi gün Mürsəl xoruzun ilk banı pencəyini çiyninə salıb eyvana çıxdı və gördü ki, cığırlardan, əyri-üyrü dar yollardan qatarlaşıb gələn qız-gəlin mərkəzi yolda birləşib Uçitelin dediyi dərə ilə çaya enirlər. Onların pıçıltısı və qəhqəhəsi kəndə yayılır. Mürsəl elə bil sehrli bir aləmə düşmüşdü.

- 2 -

Bir gün Mürsəl məktəbin xəritə, qlobus və köhnə kitablar yığılmış basırıq otağından bir qrammofon tapdı. Görünür, ev sahibi Ömər Koxanın imiş. Onu götürüb tozunu sildi, trubasını təmizlədi. İki də köhnə, lap köhnə, çalınmaqdan üzləri cızıq-cızıq olmuş val tapdı. Tələsik qrammofonun dəstəyini hərlədi, iynəni keçirib oxutmağa başladı. Cabbar Qaryağdı oğlunun, Keçəçi oğlu İslamın səsi otağı bürüdü. Mürsəl sevincindən bilmirdi neyləsin. O balaca bir qabaq stolu tapıb eyvanın küncünə qoydu. Qrammofonu stolun üstündə rahatladı. Səs borusunun ağzını yola tərəf çevirdi. Suya gedən və zümzümə edən qız-gəlinlərin gurlaşdığı vaxt dəstəyi fırlayıb qrammofonu oxutdu. Yoldakılar bir anlığına dayanıb, məktəbin eyvanına tərəf boylandılar, qrammofona qulaq asdılar və dirəyə söykənib onlara tamaşa edən Mürsələ baxdılar. Sonra şaqqanaq çəkib, gülə-gülə yollarına davam etdilər. Ertəsi günü bütün kənd zümzüməyə qərq oldu. Mürsəlin adı qızların qımqımısına düşdü. O gündən kəndin bir nəğməsi də artdı. Səhər-axşam zurnaçılar qoşalaşdılar, gündüzlər qız-gəlin zümzümə etdi, qrammofon da məktəbin eyvanında oxudu. Mürsəl qız-gəlinləri qrammofonla suya yola salıb qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd böcəklərinin birinə çevrilmişdi.
Uçitel bunlara göz qoyurdu. Mürsəlin uşaqlarla mehribanlığından, gözəl dərs deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl onun yanına gəldi:
- Gəlsənə xeyirxah bir iş görək?! Deyəsən, bu kəndin camaatı heç ömürlərində teatr görməyiblər, onlara bir tamaşa hazırlayaq.
Uçitel azacıq fikrə getdi. Sonra gözlərini ondan cavab gözləyən Mürsəlin üzünə zillədi.
- Fikrin çox gözəldi, amma iki adamla nə tamaşa göstərmək olar?
- Onu da fikirləşmişəm. Qonşu kəndlərin müəllimlərini də yığarıq. Cümə günləri bir yerdə məşq edərik.
Uçitelin ürəyi atlandı. Qori müəllimlər seminariyasını qurtardıqdan sonra ucqar bir dağ kəndinə göndərildiyini xatırladı. Onda cavan idi, lap cavan. Hələ evlənməmişdi. O da Mürsəl kimi bir yerdə otura bilmir, kənddə indiyə qədər heç kəsin ağlına gəlməyən yeni işlər görmək istəyirdi. Gah uşaqlara şərqi öyrədir, divarlarını his basmış ikiotaqlı məktəb binasının küncündə tələbələrinə nağıllar danışırdı. Uçitel o zaman kənd camaatına tamaşa göstərməyi çox arzulamışdı. Amma tək əldən səs çıxmamışdı. Bir də kəndin ağsaqqalları ona göz ağartısı vermişdilər ki, "Camaatla işin yoxdur. Müəllim babasan, get öz işinlə məşğul ol. Allahına da şükür elə ki, uşaqlarını məktəbə göndərən var". Əslində məktəbin bir elə məktəbliyi də yox idi. Mart ayı gələn kimi kənd binəyə köçür, ordan da yaylağa qalxırdı. Uşaqlar da ata-anaları ilə gedirdi. Aprel ayından məktəb bağlanır, bir də soyuqlar düşəndə beş-on uşaq dərsə gəlirdi. İndi Uçitel Mürsəlin timsalında öz gəncliyini gördü, cavanlığını xatırladı və ötən illərə qayıtdı. Qəlbində yatmış olan duyğular birdən-birə oyandı, Mürsəli sinəsinə basıb bərk-bərk qucaqladı.
- Günü sabahdan işə başlayaq. Qonşu kəndin müəllimlərini çağırıb razı salmaq mənim boynuma. Onlardan narahat olma. Sözümü yerə salmazlar. Çoxuna dərs demişəm, mənim tələbələrimdir. Hansı əsəri hazırlayaq?
- "Hacı Qənbəri".
Razılaşdılar. Düz iki ay məşq etdilər. Nəhayət, tamaşanı göstərməyin vaxtı çatdı. Məktəbin böyründəki Ömər Koxadan qalma samanlığı tər-təmiz süpürdülər. Mürsəlin göstərişi ilə uşaqlar evlərindən kilim gətirdilər. Dirəklərə ip bağlayıb pərdə kimi asdılar. Qoyun yunundan özlərinə saqqal düzəltdilər. Teatrda iştirak edəcək cavanlara hisdən bığ çəkdilər. Paltarlarını dəyişdirdilər. Elə etdilər ki, heç kəs onları tanımadı. Mürsəl Hacı Qənbəri oynayırdı. Qoyun yunundan düzəldilmiş uzun ağ saqqalı var idi. Çuxa arxalıq geyinmişdi. Hər şey hazır olduqdan və samanlıq kənd camaatı ilə dolduqdan sonra Mürsəl "səhnə arxasına" keçdi və gözlərinə inanmadı. Gördü ki, kəndin hörmətli adamları: şura sədri, firqə özək katibi və bir-iki ağsaqqal pərdənin arxasında "səhnə"də stul qoyub əyləşiblər. Mürsəl təəccüb və maraqla soruşdu:
- Burda niyə oturmusunuz?
- Biz həmişə yuxarı başda otururuq, müəllim.
Mürsəl cavab verməmişdən əvvəl azacıq fikirləşdi və çıxış yolu tapmış kimi sevindi.
- Burda sizə rahatlıq verməyəcəyik. O yana-bu yana qaçdıqca toz-torpaq havaya qalxacaq. Bu saat uşaqlara deyərəm stullarınızı kilimin o üzünə keçirər, yenə yuxarı başda qabaqda əyləşərsiniz.
Azacıq tərəddüddən sonra razılaşdılar. Tamaşa başladı. Hadisələrin o yeri gəldi ki, Hacı Qənbərin evində qonaqlıqdı, dəryada baraması batmış və başına hava gəlmiş Hacını sakitləşdirmək üçün Əşrəf məclis düzəltmişdi. Bu məclisdə aşıq da çalıb oxumalı idi. Tələbələrdən birinə güc-bəla ilə sazda bir-iki hava çalmağı öyrətmişdilər.
Həmin tələbə səhnədə sazını köynəkdən çıxardıb simləri cingildətdi və nəsə yalan-yanlış bir hava çaldı. Elə bu vaxt camaatın içindən bir səs gəldi: "Anasının balası, elə çalıb oxumazlar". Bu sözləri deyən uca boylu, buxara papaqlı, bənövşəyi şivyotdan köynək və qəlifə şalvar geymiş uzunboğaz çəkməli cavan bir oğlan idi. Onun belində sallamalı gümüş kəmər və çiynində saz var idi. Mürsəl gördü ki, o birbaş səhnəyə gəlir. Doğrudan da o, səhnəyə gəldi, dərhal da sazı sinəsinə basdı. Yanıqlı-yanıqlı "Yanıq Kərəm" havasını çaldı. Sonra da zil səslə oxumağa başladı. İçəridəkilər cınqırlarını çəkmədən lal sükutla kişiyə qulaq asdılar. Bunu hiss edən aşıq havanı-havaya calayaraq, ara vermədən sazı da, səsini də zilə çəkdi. Hava isti idi. Səhnədəkiləri tər yuyub aparırdı. Mürsəl suyun içində idi. O bir az səbr elədi və gördü ki, aşıq oxuyub qurtarana oxşamır. Camaat da heyranlıqla ona qulaq asırdı; elə bilirdilər ki, tamaşa elə budur. Vaxt isə keçirdi. Birdən Mürsəlin ağlına bir fikir gəldi: nökəri Cəbini yanına çağırdı. Onun qulağına nə isə pıçıldayıb ayağa durdu. Əlindəki çəliklə Cəbini budarladı.
- Mənim gəmim dəryada qərq olub, baramalarım batıb, siz isə burda kef məclisi düzəldibsiniz, köpək uşağı!
Cəbi isə qışqırmağa başladı.
- Ay camaat, Hacının yenə dəliliyi tutdu, qaçın! - Özünü aşığın üstünə salıb səhnədən camaatın içinə itələdi. Hacının çəliyinin bir-ikisi də ona dəydi. Camaat gülüb özünə gələnədək tamaşanı davam etdirdilər.
Ertəsi gün kənd zümzümə içində axşamkı tamaşadan danışır, məktəbin yanından keçənlər ayaq saxlayıb gözaltı Mürsəl müəllimə baxır və bə'ziləri də yaxınlaşıb soruşurdular:
- A müəllim, bizə yenə teatr göstərəcəksizmi?
- Göstərəcəyik. İndi də sizə "Arşın mal alanı" hazırlayırıq.
- Məni yenə çəliklə döyəcəksənmi?
Bunu deyən aşıq idi. Mürsəl geri dönüb onu qucaqladı.
- Biz istidən ölürdük, sənsə havanı havaya calayıb oxuyurdun. Bə səni səhnədən necə uzaqlaşdırmalı idim.

- 3 -
Kənddə savadsızlığın ləğvinə başlamışdılar. Qəza maarif şö'bəsindən təliqə gəlmişdi: gecə kursları açmaq və savadsız kənd camaatını oraya toplayıb, yazı-pozu öyrətmək. Təliqəni aldıqdan sonra Uçitellə Mürsəl xeyli məsləhətləşdilər.
- Kişiləri kurslara gətirmək və onlara yazı-pozu öyrətmək asandır. Ancaq qadınların məktəbə gəlməsi müşkül işdir, - deyə Uçitel dilləndi. - Hökumətin bu qərarı lap vaxtında verilib: "Ölkədə bir nəfər də olsun, savadsız qalmamalıdır". Yaxşıdır, amma görək bunu necə həyata keçirəcəyik. Gərək kənd ağsaqqalları ilə, hökumət nümayəndələri ilə məsləhətləşib bir yol tapaq.
Mürsəl zehnində nə isə axtarırmış kimi fikrə getdi və onun yanına oxumağa məktub gətirənləri xatırladı. Dustağı, qəriblikdə qohumları, əsgərliyə gedənləri olanlar aldıqları məktubları əziz bir şey kimi qoyunlarında gizlədir və utana-utana Mürsəlin yanına gəlirdilər.
- A, müəllim, üzüm də səndən qara bizim uşaq dustaqlıqdan kağız yollayıb. Bir oxuyun görək nə yazıb?
Mürsəl ata hənirtisi ilə isinmiş məktubu alıb o üz-bu üzünə baxır, sonra zərfi açır və hiss edirdi ki, dustaq qalada bu məktubu kiməsə yazdırmışdı. Gələn məktubların hamısı eyni sözlərlə başlayırdı: "Əvvəla qəlbimin ən dərin guşəsində bəslədiyim salamları səba nəsiminə qataraq sizlərə göndərirəm". Lap axırda isə məktub yazan öz təşəkkürünü bu sözlərlə bitirirdi: "Sağ olsun bu kağızı oxuyan və qulaq asanlar". Mürsəl başa düşürdü ki, kənddə savadlı adam yoxdu, kimisə axtarıb tapmalı və ona oxutdurmalı idilər. Arvad-uşağın maraqdan bağrı çatlayır, orada yazılanları bilmək istəyirdilər. Amma abır-həyalarına qısılaraq kişiləri məktubla bərabər məktəbə, müəllimlərin yanına göndərirdilər. Evdə oxuyan uşaqları olsa da, onlara inanmırdılar.
Məktub yazan da, məktub alan da bunları yaxşı bilirdi. Ona görə də mütləq yazının sonunda "Sağ olsun bu məktubu oxuyan" sözlərini qeyd edirdilər. Mürsəl xeyli fikirdən sonra, - "Uçitel, - dedi - olmazmı, uşaqlara tapşıraq analarının, bacılarının, bibi və xalalarının əlindən tutub məktəbə gətirsinlər".
- Ağıllı fikirdi.
Bu cür təliqədən kənd şura sədrinə və firqə özək katibinə də göndərmişdilər.
Məktəbdə gecə kursları açıldı. Kişilərə Mürsəl, arvadlara isə Uçitel dərs deməyə başladı. Onlara dəftər, qələm payladılar, düz bir həftə qələmi necə tutmağı öyrətdilər, sonra isə hərflərə keçdilər.
Uçitelin sinfində Zöhrə adlı bir gəlin də var idi. O hər axşam, məktəbə gəlməzdən əvvəl, ipək paltar geyinər, təzə ayaqqabısını çıxardar, qoşa hörüklərini kürəyinə atar, yanaqlarında qıvrılan saçını burub, yaşıl yelənli ağ kəlağayısını örtərdi. Sonra qara məxmərin üstünə tikilmiş üç qatar qızıl butalarını başına bağlardı. Kəlağayını gözünün üstünə endirər və elə edərdi ki, qızıllar görünməsin. Gəlin elə bil təzə eşqə düşmüşdü.
Sığallanmaqdan doymurdu. Onun özü sinfə girməzdən əvvəl ətrinin qoxusu otağa dolardı.
Mürsəl qonşu otaqda hisli çırağın solğun işığında kişilərə dərs keçirdi. O, tez-tez dayanır, aşağıya əyilir, kobudlaşmış barmaqların güclə tutduğu qələmi düzəldir və göstəriş verirdi. Zöhrə o, aşağı əyildikdə göz altından oğrunca ona baxırdı. Sonra pul kimi qızarıb başını dəftərin üstünə əyirdi. Gəlinin bu hərəkətləri Uçitelin gözündən qaçmamışdı.
Məşğələ qurtardıqdan sonra hamı ayağa durur, qaranlıq gecələrdə əllərinə götürdükləri şaxtaçı çırağına bənzər lampaları işıldada-işıldada kənd yollarına səpələnirdilər. Elə bil iri, titrəşən yarpız böcəkləri doqqazlara, həyətlərə doluşurdu. Qəribə idi..., başqa vaxtlar zəncirdən açılmış kənd itləri doqqazda bir qaraltı görən kimi atılıb hücuma keçir, az qalırdı qabaqdakını süpürləyib basmarlasınlar. Amma yanan çıraqları görən kimi qaçıb çəpərin böyrünə qısılır və qorxudan zingildəyirdilər. Mürsəl isə adəti üzrə gediş-gəliş kəsilib kənd tamam sakitləşənə qədər eyvanda qrammofon oxutdurardı.
Beş-on gündən sonra kəndi yeni bir zümzümə bürüdü. Həyət-bacalarda, çay qırağında, doqqazlarda qımqımı üstündə yeni mahnı oxumağa başladılar. Bu zümzümə və qımqımılarda tez-tez Zöhrənin, Mürsəlin adı çəkilirdi. Zöhrə bu işlərin nə ilə qurtaracağını bəlkə də əvvəlcədən hiss edirdi, amma qəlbində cücərən və yaz bənövşəsi kimi boynu bükük olan hissin qarşısını ala bilmirdi. Sümüyü çaxnaşsa da, özünü bilməməzliyə qoyurdu. Mürsəlin isə heç nədən xəbəri yox idi.
Uçitel də yaman təşvişdə idi. Aylar, günlər dolaşdı. Gecə kursları qurtardı, arvadlar kişilər hıqqana-hıqqana yazıb oxumağa başladılar.

- 4 -

Məktəbin həyətində bir dəstə atlı dayandı. Qabaqdakı kəhərin belində əyləşən kişi cilovu çəkdi, sonra qamçısını çərkəzi yəhərin üstündən aşırıb yanpörtü oturdu. Onun uzunboğaz çəkməsi azca palçığa bulaşmışdı. Əynində qalife şalvar və yarımkürk var idi. Geyimindən hərbi adama oxşayırdı. O, əlini cibinə salıb qızıl papiros qutusunu çıxartdı, qapağını açıb iri cığala kağızı götürdü. Saçaqlı sarı tütündən arasına doldurub papiros bükdü. Zoğal müşdüyünə taxıb yandırdı. Tüstü-duman içində gözlərini qıyıb məktəbin ikinci mərtəbəsinə baxdı. Mürsəl eyvanda dayanmışdı. O, elə bil həyətdəkiləri görmürdü. Kəndin üstündəki təpəliklərə, göy üzündə laylanmış ağ buludlara və üfüqlərin sonsuz əngəlliklərinə baxırdı. Yəhərdə qılçasını qılçasının üstünə aşırıb papiros çəkən kişi xeyli onun boy-buxununa tamaşa etdi. Oğlan şıvırtı kimi nazik, uca boylu idi. Yenicə qoyduğu və qalınlaşan bığı sifətinə yaraşırdı.
O, papirosunu son dəfə sümürüb kötüyü müştükdən çıxardı və üzünü Mürsələ tutdu.
- A bala, a müəllim, zəhmət olmasa bir aşağı düş, - dedi.
Mürsəl təəccüblənsə də, pilləkənləri endi. Atlı sıçrayıb yəhərdən düşdü. Dəstədən aralandılar.
- Oğul, səndən xoşum gəldi, yaxşı adama oxşayırsan. Ona görə də sənə qıymıram. Sən bizim kəndin xasiyyətini yaxşı bilmirsən. Çox sözlü-gaplı kənddi. Əllərindən nə xəta desən, çıxa bilər. Özünü bir az ağıllı apar.
- Mən nə eləyirəm ki?
- Sözümü kəsmə!
Elə bil kişini birdən-birə dəyişdilər. Quyruğunun üstünə qalxıb fısıldayan ilana döndü.
- Qanacağın olsun, böyük danışanda kiçik qulaq asar. Hələ bu kənddə mənə cavab qaytaran olmayıb. Yadında saxla. Mənə Çapıq Əmrah deyərlər.
- Buyurun, sözünüzü deyin, qulaq asıram.
- Əvvəla, bu gündən o qrammofonu oxutma. Hardan almısan qoy yerinə!
- Burda nə var ki, musiqidi qulaq asırıq.
- Dedim ki, sözümü kəsmə! - Kişinin əli belindəki xəncərin dəstəyinə uzandı. - Sən bizi nə hesab edirsən? Hər səhər eyvanda qrammofon oxutdurub suya gedən qız-gəlinə sataşırsan, biz də durub baxacayıq? Yoxsa uşağın biri bizi xoşqeyrət hesab edir? Ağır otur, batman gəl. Yoxsa iri tikəni qulağın boyda eləyərlər. Kənddəki zümzümələri eşitməmisən?
- Mən nə eləyim, mənim nə günahım var? Sizin kəndin adamları sazlı-sözlü camaatdı.
- Çalış adın o saza-sözə düşməsin, bildinmi? Bir də teatr-zad çıxartmaqdan əl çək. Bax, bu mənim axırıncı sözlərimdi. Eşitməsən, öz bəxtindən küs.
Uçitel atlıları görüb həyətə çıxdı. Salam verdi. Və ehtiyatla soruşdu:
- Xeyirdimi, a Əmrah? Nə əcəb sizdən?
Əmrah dabanı üstdə fırlanıb Uçitelə köntöy cavab verdi:
- Bu müəllim uşaqdır, ağlı bir şey kəsmir. Bəs sənə nə olub? Mən sözümü dedim. İndi ona de ki, ağlını başına yığsın.
O, quş kimi sıçrayıb atın belinə qalxdı. Dəstə bir göz qırpımında məktəbdən uzaqlaşdı.
Uçitel gecə kurslarından və kəndə yayılan zümzümələrdən sonra səksəkəli idi. O, belə bir hadisənin olacağından qorxurdu. Mürsəlin xəbəri olmadan onu gözdən qoymur, duruşuna, oturuşuna fikir verirdi. Hətta bir-iki dəfə qəsdlənmişdi ki, onunla söhbət etsin, bə'zi məsələləri ona başa salsın. Ancaq onun bir gənclik ehtirası ilə məktəbə vurulduğunu görəndə qəlbinə dəyməmişdi. İndi Əmrahın məktəbə gəlməsi onun sümüyünü çaxnaşdırmış və ürəyinə qorxu salmışdı. Mürsəl də çaşıb qalmışdı. Uçitel bu cavan oğlanın sir-sifətindəki qəzəb qarışıq kədəri, şaşqınlığı görüb onu acı düşüncələrdən ayırmaq istədi. Əvvəlcə özünə toxtaxlıq verib gülümsündü, sonra Mürsəlin qolundan yapışdı.
- Gəl içəri gedək, bala, yaman üşüdüm. Deyəsən, hava soyudu. Mina xalanın təzəcə dəmlədiyi samovar çayından bir-iki stəkan içib qızışaq. Ağzımıza bir-iki tikə çörək alaq. Fikir eləmə. Belə sözləri çox eşitmişik və çox da eşidəcəyik.
Mürsəl özünə gəlməmiş Uçitel bir ata kimi onun qolundan yapışıb içəri apardı. Mürsəl sakitcə çayını içdi, iştəhası olmasa da, bir-iki tikə çörək kəsdi. Uçitel gördü ki, onun fikri uzaqlardadır, çox uzaqlarda. O nə isə düşünür, nəyi isə ölçüb-biçir və vəziyyəti aydınlaşdırmağa çalışırdı. O, isti məxməri çaydan bir stəkan da içib üzünü Uçitelə tutdu.
- Bəs nə olsun, onların qabağından qaçaq? Onlar meydanda at oynatsınlar, biz də durub baxaq? Bəlkə boynumuzu büküb qabaqlarında diz çökək?
Uçitel gülümsünüb əlini onun çiyninə qoydu.
- Tələsmə, oğlum, hər şeyin vaxtı var. Zorakılıqnan heç nə olmaz. Atalar deyib ki, saxla samanı, gələr zamanı.
- Zamanı çox gözləmək olmaz. Ona təkan vermək lazımdı. İnqilab yaratmaq lazımdır. Eşitməmiş olmazsınız, dahilər deyib ki, inqilab zamanın əvəzçisidir. Zorakılıq olmasa, uşaq dünyaya gəlməz.
- Yarımçıq doğulan uşaq da çox yaşamaz: ya anadan olan kimi ölər, ya da ağıldan naqis olar. Təbiətin də, cəmiyyətin də öz əbədi və əzəli dəyişməz qanunları var. Yaz qışı, yay yazı, payız da yayı əvəz etdiyi kimi cəmiyyət də embrioloji mərhələlər keçməlidir. Əvvəlcə insanların zehnində kamillik yaranmalı, təkamül yolunu keçib inqilaba gəlməlidir. Yoxsa uşağı 6-7 aylığında ala-yarımçıq halda dünyaya gətirmək olmaz.
- Olar, Uçitel, olar. Bəs tarixi dahilər yaratmırmı?
Uçitel özünə bir stəkan da çay süzdü. Gülümsəyərək Mürsələ baxdı.
- Dahi kimə deyirsən?
- Cəmiyyətin istiqamətini dəyişən adamlara.
- Onlar cəmiyyətin istiqamətini dəyişdirə bilməzlər. Cəmiyyət özü öz istiqamətini dəyişdirir.
- Bəs elə isə dahilər nə edir?
- Bax, məsələ də elə bundadı. Xəstə cəmiyyətin yaraları göynəyir, əzab-əziyyət verir və nəhayət, yetişir; bədəndə olan çiban kimi. O çibanların deşilmə mərhələsi gəlib çatır. Kim cəmiyyətin bu vəziyyətə düşməsini əvvəlcədən görürsə və neştəri götürüb hamıdan əvvəl yaranı kəsirsə, dahiyə çevrilir. Yenə deyirəm, əslində, cəmiyyət özü dəyişir, təzələnmək istəyir. Dahilər isə qabağa düşüb bu işi sür'ətləndirirlər. İndi, Mürsəl bala, tələsmək olmaz. Hər şeyin vaxtı-və'dəsi var. Bundan başqa, yaşadığın cəmiyyətin qanunlarını gərək öyrənib özünü qorumağı da bacarasan.
Süfrəyə xörək gətirdilər. Uçitel Mürsəlin boşqabını yağlı plovla doldurdu və söhbətinə davam etdi.
- Yadındadırmı, iki ay bundan əvvəl bizi kəndin yuxarı hissəsinə iclasa çağırmışdılar. Axşamüstü gedəsi olduq. Mənim qoşalülə tüfəngimi sən götürdün. Arxayınca çağırılan yerə getdik. Biz mühazirə oxumalı idik. Amma heç kəs gəlməmişdi. Qaranlıq isə qarışmışdı. Sən sakit idin. Mənim isə ürəyimə damdı ki, burda bir qurğu var. Bizi buraya pis niyyətlə çağırıblar. Azacıq sonra kəndin işıqları yandı, itlər zəncirdən açıldılar. Birdən-birə kəndi iki yerə ayıran dərəyə zil qaranlıq çökdü. Elə qaranlıq ki, göz-gözü görmədi. Biz qayıdası olduq. Tüfəngi mən götürdüm. Qabağa düşdüm. Bilirsənmi niyə? Fikirləşdim ki, əgər yolumuzu kəsən olsa, çaş-baş qalsınlar. Gedəndə tüfəng səndə idi, indi onlar ehtiyat edəcək, bilməyəcəkdilər ki, tüfəng qabaqda gedəndədir, ya arxada qalanda. Geri qayıdanda da gəldiyimiz yolla yox, ayrı bir cığırla qayıtdıq. Məndən sənə əmanət heç vaxt getdiyin yolla geri qayıtma, çalış izini itir, düşmən sənin haradan gəlib hara getdiyini bilməsin. Sən fikir verdinmi, mən çığırla yox, cığırın kənarındakı kələ-kötür yerlə gedirdim. Özü də elə bil nəyinsə üstünə cumurdum. Nəyisə ayaqlamaq istəyirdim. Bunu da qəsdən edirdim ki, yolumuzu kəsən olsa, çaşıb qalsın. İndi gərək hər şeyi öyrənəsən, ehtiyatlı olasan. Bir yatdığın yerdə bir də yatmayasan, yerini tez-tez dəyişdirəsən. Pis niyyətlə evinə gələn olsa, axşamı harda yatacağını bilməsin. Xörəyini ye, soyutma. İndi gəl, belə məsləhətləşək: onsuz da bu gün-sabah qış gəlir, havalar soyuyur, sən mənim sözümə qulaq as, qrammofonu yığışdır, saxla, yaz gələnə qədər. Ona qədər söz-söhbət kəsilər, kəndin qız-gəlini ayrı şeylərə zümzümə qoşarlar. Sonrasına baxarıq.
Uçitelin sözləri Mürsəlin ağlına batdı və qrammofonu götürüb saxladı.
Ancaq Novruz bayramından sonra Mürsəl yenidən qrammofonu oxutmağa başladı. Yenə mahnılar zümzüməyə qarışdı.

- 5 -

Bu il havalar tez istiləşmişdi. Təpələrdəki qar örtükləri götürülmüş, yer-göy birdən-birə yaşıllaşmışdı. Çəpərlərin diblərində balaca mavi çiçəklər pıtrax kimi qalxmışdı. Vaxtından tez oyanan qara xallı qırmızı böcəklər onların arasında gəzişirdi. Təbiətin belə tez ayılmasından Mürsəl sevinirdi. O bu il məktəbdə əməlli-başlı may bayramı keçirməyi qərara almışdı. Qırmızı, yaşıl, sarı və göy rəngli kağızlar tapmışdı. Uşaqları başına yığıb həmin kağızları bərabər ölçüdə kəsərək yapışqanla birləşdirir və sonra zəncirvari həlqələri bir-birinə calayırdı. Bu bəzəkli, naxışlı və müxtəlif rəngli kağız zəncirlər sinif otaqlarından birinin küncünə yığılırdı. Mürsəl müəllim bayrama bir neçə gün qalmış dükandan cürbəcür şəkillər aldı və məktəbin divarlarına yapışdırdı. Həyətdə iki uzun dirək basdırıb keçid düzəltdilər. Keçidin yuxarısına qırmızı parça örtdülər və cürbəcür şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. Şəklin ətrafı dairəvi idi. Bu dairənin içində inqilab edən, yeni traktor sürən, zindanların üstündə dəmir döyən adamların əksi var idi. Fabrik-zavodların bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəhbəri əhatəyə almışdılar. Lap yuxarı başda isə "Cümlə-cahan füqareyi-kasibəsi birləşiniz" sözləri yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə-civildəşə həyət-bacanı, sinif otaqlarını, eyvanları süpürüb təmizlədilər, pəncərə şüşələrini yuyub parıldatdılar. Oğlanlar kəndin kənarındakı dərəyə, İncə çayının sahilinə gedərək, saçaqlı söyüdlərin budaqlarından qırıb məktəbə gətirdilər. Eyvanların, otaqların dirəklərini yaşıllığa bürüdülər. Sonra rəngli kağızlardan düzəltdikləri zəncirləri saçaq-saçaq burub divarlardan, həyətdən keçidə qədər düzdülər. Məktəb hisi silinmiş çıraq kimi par-par parıldayırdı. Mürsəl sevincdən hər şeyi unutmuşdu. Başı bəzək-düzəyə o qədər qarışmışdı ki, kənd camaatından maraqlanıb onlara tamaşa etməyə gələnlərə fikir vermirdi. Fikir vermirdi ki, onların bə'ziləri pilləkənin qurtaracağında dayanıb Mürsəl müəllimin otağına baxır, onun yatdığı yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular.
Mayın 1-i gəldi. Göyün üzü tər-təmiz, hava ilıq idi. Bu gün kənd lap tezdən oyanmışdı. Zümzümələr baharın ilıq havasına qovuşmuşdu. Mürsəl də tezdən oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar geymiş qızlar-oğlanlar axışıb gəldilər. Mürsəl müəllim zurna səsi eşidəndə qulaqlarına inanmadı. Tez həyətə düşdü. Gördü ki, Hümmət də, Dursun da burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular.
- A müəllim, bizsiz bu bayramın nə ləzzəti, - deyə Hümmət dilləndi. - İstəyirəm bir "Səhər havası" çalım, camaat bilsin ki, toy-bayramdır, yığışıb gəlsinlər.
Bir azdan məktəbin həyətində iynə atsan, yerə düşməzdi. Atlı cavanlar, qız-gəlinlər, ağsaqqallar axışıb gəldilər. İki yerdə toy dəstgahı düzəlmişdi. Hümmət cıdırhəngi çalır, kəndin dəliqanlıları atlarını zurnaçının qabağında oynadıb cıdıra hazırlaşırdılar. Atlar yüyəni gəmirir, dəfin ahənginə uyğun olaraq titrəyir, şaxə qalxıb yəhərin altında çırpınırdılar. Sonra da cilovun boşaldığını görüb güllə kimi keçidin altından keçib, kənd yoluna düşürdülər. O biri dəstədə isə Dursun oyun havaları çalıb qız-gəlini oynadırdı.
Bütün kənd zümzümə içində idi. Qaranlıq qarışana qədər çalıb oynadılar. Camaat gedəndən sonra Mürsəl xeyli otağa keçə bilmədi. Səs-küy kəsdiyindən qüssələndi, uşaq kimi qəribsədi. Göyün üzünə səpələnmiş ulduzlara, ağ buludları yarıb keçən aya doyunca baxdı. Hardasa bülbül oxuyurdu. Arabir kəndin kənarındakı dərədən anadil səsi gəlirdi. Hərdənbir həzin-həzin axan İncə çayının şırıltısı da eşidilirdi. Mürsəl gecə yarısına qədər eyvanda dayanaraq bu zümzüməli gecəyə tamaşa etdi. Heç yatmağa həvəsi yox idi. Otağa girib yorğan-döşəyə uzanandan sonra da gözünə yuxu getmədi. Yerin içində o üz-bu üzə çevrildi. Ancaq səhərə yaxın gözünə yuxu getdi.
Ertəsi günü zurnaçılar yenə gəldilər. "Səhər havası" çaldılar. Camaat məktəbin həyətinə toplaşdı. Ancaq nə Mürsəl müəllim göründü, nə də onun qrammofonu oxudu. Uçitel təşviş içində pilləkənlə yuxarı qalxdı. Pəncərədən Mürsəl müəllimin otağına baxdı. Pəncərənin şüşəsi çilik-çilik olmuşdu. Stolun üstündəki çıraq öləziyib sönmüşdü. Mürsəl isə qızıl al qana boyanmışdı.
- 6 -
Uçitel birdən-birə titrətməli adam kimi büzüşdü. Pencəyinin yaxasını dartıb düymələdi. Elə bil bir anın içində kişinin beli əyildi. Astaca addımlarla məscidə doğru getdi. Səhər tezdən olmasına baxmayaraq baş molla məscidin yuxarı tərəfində əyləşmişdi. Onun qaşları da, saqqalı da əmmaməsi kimi dümağ idi. Qabağında kitabə üstündə də Qur'ani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə də, qımıldanmadı, əvvəlki ciddiyyətilə, sakitcə qur'anı oxumaqda davam etdi. Uçitel astanada ayaqqabısını soyunaraq onun mütaliəsinin qurtarmasını gözlədi. Hərçənd, bilirdi ki, molla Qur'ani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və özünü məşğul kimi göstərir. Ancaq gözləməli idi. Qur'an və Namaz üstə olan adamı yarımçıq dindirməzdilər.
Aradan xeyli keçdikdən sonra molla Qur'anı örtdü, əbasını düzəltdi, ağarmış qaşlarının altından boylanan və hələ diriliyini itirməyən gözlərini astaca qaldırıb Uçitelin üzünə zillədi.
- Səhər-səhər xeyirdimi?
- Yox, molla, bu gecə bizim müəllimi öldürüblər.
Mollanın qaşları çatıldı, sir-sifəti turşaldı.
- İndi məndən diləyin nədir?
- Ölünü yerdən qaldırmaq lazımdı.
Molla fala baxırmış kimi qarşısındakı Qur'anı açıb vərəqlədi, çiynindən sürüşüb düşməkdə olan əbasını düzəltdi və astaca dilləndi.
- Xəbər verin, qohum-əqrəbasına gəlib meyidi aparsınlar.
Uçitel təxminən bu cavabı gözləyirdi. Amma cavabı da hazır idi.
- Yox, molla, o bizim kəndə qurban gedib, biz də onu dəfn etməliyik. Gəlmişəm siznən məsləhətləşəm və ölünü el adətincə yerdən götürək.
Mollanın sifətindən güclə seziləcək, incə bir işıltı keçdi.
- Uçitel, bilmirsənmi, komsomolu məsciddən götürməzlər. Onun üstündə qur'an oxuyub namaz qılmazlar. İndi ki, onu bizim kənddə dəfn etmək istəyirsiniz, aparın edin. Amma ümumi qəbiristanlığa yaxın getməyin.
Uçitel ayaqqabılarını geyindi və məsciddən bayıra çıxdı. O nə edəcəyini hələ qət'i qərarlaşdıra bilməmişdi. Məktəbin həyətinə girəndə allı-güllü parçalardan bəzəkli don geyinmiş qız uşaqlarını, əllərində bənövşə dəstələri tutan oğlanları gördü və başa düşdü ki, bu körpələrin heç nədən xəbəri yoxdur.
Məktəbin həyətində dayanan kəndlilər Uçitelə yaxınlaşdılar. Onlardan biri qabağa yeridi.
- Özünüzü darıxdırmayın, müəllim, dünyadı adamın başına iş gələr. Müsəlman deyilikmi? Ölümüz düşüb, özümüz də müsəlman qaydası ilə yerdən götürərik.
Uçitel dirçələn kimi oldu. Ətrafındakılara baxıb özünə toxtaxlıq verdi.
Məktəbin geri yanında evlərdən kilim gətirib daldalanacaq düzəltdilər. Qulplu qazanları asıb su qaynatdılar. Meyidi yuyub təmizlədilər. Kimsə qara gün üçün yaxdanda saxladığı kəfənliyini gətirdi, meyidi kəfənləyib cənazəyə qoydular və üstünə kəlağayı örtdülər. Uçitel əvvəl istədi cənazəni ikinci mərtəbəyə eyvana qoysun, sonra fikrini dəyişdirib həyətin ortasına gəbə saldırıb meyidi ora qoydu.
Bayrama gələn uşaqlar yavaş-yavaş çoxalırdı. Onlardan bir neçəsi ikinci mərtəbəyə eyvana çıxmışdı. Onlar kənardaca dayanıb qorxa-qorxa, ürkəkliklə eyvanın küncündəki, qrammofona baxırdılar. Uçitel dəfələrlə həmin uşaqların Mürsələ kömək etdiyini görmüşdü. Gah qrammofonun tozunu silir, gah dəstəyi hərləyir, gah da valları gətirirdilər. Amma indi bilmirdilər neyləsinlər. Bunu görən Uçitel üzünü eyvandakı uşaqlara tutdu:
- A bala, qurun maşını, çaldırın, oxutdurun!
Uşaqlar elə bil bir şey sındıracaqlarından ehtiyat edirlərmiş kimi, astaca qrammofonu işə saldılar.
Uçitel həyətdəki uşaqlardan iki nəfərini yanına çağırdı:
- A bala, cəld qaçın zurnaçı Hümmətin yanına. Ona deyin ki, Uçitel gözləyir. Yoldaşlarını götürüb tə'cili məktəbə gəlsin.
Azacıq keçmiş Hümmət dəstəsi ilə gəldi və cənazəni görüb təəccüblə Uçitelə baxdı.
- Hümmət kişi, çıx ikinci mərtəbənin eyvanına, bir yaxşı "Səhər havası" çal, qoy camaat yığışıb gəlsin.
Zurnaçı Hümmət dərhal eyvana qalxdı, üzünü səhər şəfəqlərinə qərq olmuş üfüqə tutdu və özünün dərdini, kədərini də səhər havasına qatıb, kəndi haraya çağırdı...
Məktəbin həyətində tərpənməyə yer yox idi. Bütün kənd camaatı - başı papaqlı kişilər, oğlanlar, qımqımılı-zümzüməli qız-gəlinlər axın-axın gəlib meydana toplaşmışdılar. Bayaqdan özünü yalqız hiss edən və hardasa qüssələnib kədərlənən Uçitel cənazənin yuxarı tərəfinə keçdi. Camaatın tam sakitləşməyini gözlədi, sonra astadan sözə başladı.
- Baş Mollamız "Komsomolu məsciddən götürməzlər" dedi. "Onun üstündə qur'an oxumaq günahdı. Gedin, necə istəyirsiniz, elə də dəfn edin". Mən də sizi köməyə çağırdım. Mürsəl müəllim böyük arzularla yaşayırdı. O, həyata yenicə atılmışdı. O özünü unudan insanlardan idi. O, istəyirdi ki, kəndimizdə yeni məktəb, yeni klub tikilsin. O, istəyirdi kəndimizin qımqımılı, zümzüməli övladlarının sorağı uzaqlardan gəlsin. Bu həmin Mürsəl müəllim idi ki, bu tərəfdə ilk dəfə teatr göstərdi. Teatrın nə olduğunu sizə başa saldı. O çox işlər görmək istəyirdi, amma imkan vermədilər.
Uçitel əllərində bənövşə dəstələri boyunlarını büküb duran uşaqlara üzünü çevirdi:
- Yaxın gəlin, əlinizdəki çiçəkləri, bənövşələri müəlliminizin cənazəsinin üstünə səpin və onu, onun dediklərini heç vaxt unutmayın.
Cənazəni qaldırdılar. Kəndlilərdən biri Uçitelə yaxınlaşdı.
- Narahat olmayın, siz qəbiristanlıqdan qayıdanacan hər şey hazır olacaq. Müsəlman deyilikmi.
- Müsəlmanıq. Ölümüzü müsəlman qaydası ilə basdıracağıq. Yç də verəcəyik, yeddi də, qırx da.
Uçitel cənazənin qabağına keçdi. Yzünü çaşıb qalmış Hümmətə çevirdi.
- Ay usta, cəngi çal.
Hümmət qabağa düşüb zildən cəngi çaldı. Camaat ömürlərində ilk dəfə belə şey gördüklərinə və heç nə başa düşməmələrinə baxmayaraq sakitcə cənazənin ardınca hərəkətə başladı. Elə bil bütöv kənd yerindən tərpəndi.