III fəsil
- 1 -
Son vaxtlar Ömər Koxanın yuxusu ərşə çəkilmişdi. Mal-qara tövləyə, xalxala salındıqdan, əl-ayaq yığışdırılıb kənd camaatı qapı-bacasına çəkildikdən sonra eyvanda xeyli oturardı. Qapı-bacılarda ləngiyən mal-qarının mələşməsinə qulaq asar, Kürün bəri üzündəki tülkülərin, çaqqalların vaqqıltısını dinləyərdi. Çaqqal-tülkü yaman çoxalmışdı. Günün qulağı yaxıb qaranlıq düşməmiş cələyə yığışır və kəndə doluşmağa hazırlaşırdılar. Ömər koxa onlara sakitcə qulaq asır və görürdü ki, kənd itləri nəyisə qabaqlarına qatıb cələyə qədər qovurdular. "Bu qırılmışlar yaman çoxalıb. Az qalırlar evlərə doluşsunlar. Eh, zamana yaman dəyişib. Əvvəllər bizim kəndin həndəvərində ağzı qanlı canavarlar dolaşardı. İndi də çaqqal-maqqal dolaşır. Belə getsə, camaat özü də çaqqala dönəcək".
Ömər koxa qaratikan kolundan düzəldilmiş gümüş örtüklü qəlyanını közərdir, fikrində dağı arana, aranı da dağa köçürürdü.
Ələddinin ölümü onu yaman sarsıtmışdı. Özünə nə qədər təskinlik versə də, ürəyində dərd çəkirdi. Onun dünyada ən çox qorxduğu şey aldanmaq idi. Nəvəsinin qəfil öldürülməsində xəyanətin olub-olmadığını bilməyə çalışırdı. Həm də qorxurdu ki, məsələnin qəsdən olunduğu bilinsə, araya qan düşər və iki nəsil bir-birini qırıb qurtarardı.
Böyük gəlin ağzında yaşmaq qayınatasına yaxınlaşdı və qalaylanmış mis sinini ortalığa qoydu. Kişi buğlanan çaya, bal qatılmış qaymağa, motal pendirinə və sacın üstündən yenicə götürülmüş isti ağ fətirə gözucu nəzər saldı. Bir oturuma quzunun şaqqasını sarımsaqlı qatıqla yeyib üstündən bir cəm bal içən Ömər koxanın iştahı yox idi. O, candərdi çörəkdən bir parça kəsib dürmək elədi, çayı bir-iki hortuma içib geri itələdi. Gəlin dərhal yaxınlaşıb sinini götürdü.
Kəndin səs-səmiri azaldı. Görünür, adamlar yatmağa hazırlaşırdı. Elə Ömər koxanın da həyətinə sükut çökdü. Mal-qaranı sağıb qurtardılar, inəkləri, camışları xalxala doldurdular, uşaqların da səs-səmiri kəsildi. Bircə gəlinlər kölgə kimi ortada hərlənir, qapıları astaca örtüb açırdılar.
Ömər koxa yavaşca ayağa durdu. Asta addımlarla öz otağına getdi. Onun yerini salmışdılar. Tavandan asılmış otuzluq çırağın piltəsini aşağı çəkmişdilər. Otaq yarımqaranlıq idi. Ömər koxa çuxasını, arxalığını soyundu. Belindəki gümüş dəstəkli xəncərini yastığın altına qoydu. Yatmazdan əvvəl üzünü qibləyə çevirib dua elədi. Sonra səksəkəli halda, qorxa-qorxa yorğanı qaldırıb arasına girdi.
Düz on gün idi ki, bir səs onu yatmağa qoymurdu. Ömər koxa kənd tam sükuta qərq olandan sonra, Kürün qıjıltısına qulaq asmağı elə uşaqlıqdan sevirdi. Onun gah ucalıb, gah da alçalan səsində bir mehribanlıq duyardı. Elə çox vaxtı suyun qıjıltısı altında yuxuya gedərdi. Amma son günlər Kürün qıjıltısı ona layla çalıb yuxuya aparan vaxt, kişi gözünü yumar-yummaz qulağına gələn bir səs onu diksindirib yerindən qaldırardı. Ömər koxa bu səsin haradan gəldiyini və kimin olduğunu bilmək istəyirdi. Uşaqlarından gecələr qulağına gələn bu səsin nə səs olduğunu öyrənmək istəsə də, fikrindən daşınmışdı. Qorxmuşdu ki, "Kişi deyəsən havalanıb" deyə ondan şübhələsinlər. Amma hər gecə səs gəlirdi. Özü də apaydın. Ömər koxa təxmin etmişdi ki, bu səs qəbiristanlıq tərəfdən gəlir. Kişini həm vahimə basmış, həm də məsələni öyrənmək marağı daha da artmışdı. O, qərara almışdı ki, əgər bu gecə də səs gəlsə, mütləq o tərəfə gedəcək və bu qəbiristanlıqdakı səsin sahibinin nə canlı-cinli olacağını biləcəkdi. Elə ona görə də atın yəhərini almamış, tövlədəcə hazır saxlamışdı.
Ömər koxa yerin içində bir xeyli qurcalandı, gözünü tavana zilləyib Kürün qıjıltısına qulaq asdı. Sakitlik idi. Meşənin ağacları da susmuşdu, meşədəki çaqqal-çuqqal da. Kənd sükuta qərq olmuşdu. Birdən kəndin yuxarı tərəfindən vaxtsız banlayan xoruz səsi gəldi. Onun ardınca fəryada oxşar həmin səs eşidildi. Ömər koxa dik atıldı. Tələsik paltarını geyindi, xəncərini bağladı, tövləyə keçib atı çıxartdı. Heç kəsə sezdirmədən darvazadan keçib qəbiristanlığa doğru yollandı.
Qəbir daşları başbaşa vermişdi. Lap yuxarı tərəfdə Ələddinin qəbrindən bir az arxada üç uca qəbir daşı görünürdü. Hündürlüyü az qala üç metrə çatan bu qəbir daşlarına gözəl naxışlar vurulmuşdu. Camaat arasında nədənsə bu qəbirlərə oğuz qəbirləri deyirdilər. Amma Ömər koxanın yadındadır ki, onun babası hərdən-bir uşaqları başına yığıb bu qəbirlərin tarixindən danışardı.
Birdən kişinin gözlərinə ağ paltarda hərlənən kölgə göründü. Bu kölgə qəbrin başına fırlandı. Əli ilə torpağı sığalladı. Sonra da sinə daşını qucaqlayıb xeyli tərpənməz oldu. Ömər koxa yerindən tərpənə bilmədi. İstədi atın cilovunu çəksin. Sonra başa düşdü ki, at yerindədi, onu heç minməmişdi. Kişinin gözünə bir qaraltı da göründü. Bu qaraltı insana bənzəmirdi. Ömər koxa doğrudan da vahimələndi, "Allah sən saxla, bu nə işdir mənim başıma gəlir" dedi və dilinə kəlmeyi-şəhadət gətirdi, "Bəlkə bu Əzrayıldır, məni qəbiristanlığa çəkib gətirib".
Birdən qəbrin üstündəki qaraltı Ömər koxaya doğru yüyürdü. Kişi gələn qaraltının şeytanmı, itmi olduğunu ayırd edə bilmədi. Amma it onun qarşısında gəlib dayananda, quyruğunu tərpədib şırvananda ani olaraq astadan "Alan" deyə pıçıldadı. İt öz adını eşidib çömbəltmə oturdu. Ömər koxa özünə gəlib qəbrə yaxınlaşdı. Bu dəfə qız vahiməyə düşüb kənara sıçradı və qəbiristanlıq uzunu qaçmağa başladı. Ömər koxa nə qədər çağırdısa, dayanmadı.
- 2 -
Qaratel nişanlısı Ələddini bircə dəfə görmüşdü. Bircə dəfə əlləri əlinə toxunmuş, barmaqları bədəninə dəymişdi. İlin-ayın axır çərşənbəsi idi. Qızlar Qaratelgilə toplaşmışdılar. Əvvəlcə həyətdəki ota, samana od vurub tonqal qalamış, üstündən atılmışdılar. Oğlanlar görmədən düzəltdikləri lopaya od vurmuşdular. Həyət bir anlığa işığa qərq olmuşdu. Qızlar lopanın işığında hərlənən oğlanlara, onların göyə atdığı fişənglərə doyunca tamaşa etmişdilər. Elə bil kəndin üstünə yarpız böcəkləri səpələnmişdi. İşığın biri yanıb biri sönürdü. Sonra qızlar içəri keçdilər, plov yedilər, şirni paylarını götürüb qağıldaşa-qağıldaşa ortaya sulu bir qab qoyub iynəlik saldılar. Düz dan yeri qızarana qədər deyib güldülər. Bu kəndin qaydası idi: ilin- ayın axır çərşənbəsində köhnə ili yola salanda, baharın gəldiyini xəbər verən Novruzun ilk günündə dan yeri qızarar-qızarmaz axar suya - Kürə tökülüşərdilər. Su bumbuz olub adamı qılınc kimi kəssə də, çimişər, ağırlıqlarını-uğurluqlarını yuyar, təzə ilə tərtəmiz gələrdilər. Bu dəfə də elə oldu. Qızlar Kürün sahilinə gələndə artıq dan yerinə səda düşmüşdü. Kənd xoruzları banlayırdı. Göyün üzü yavaş-yavaş çəhrayı rəngə boyanırdı. Sakit havalı, tərtəmiz bir səhər gəlirdi. Kürün üstünə tül kimi nazik duman çökmüşdü. Bu duman gah sürünüb sahilə yaxınlaşır, gah da o taydakı meşəyə tərəf qanad açırdı. Elə bil Kürün üstünü qəsddən örtmək, mələk kimi uçub çimməyə gələn qızların bədənlərini yad gözlərdən qorumağa çalışırdı.
Qaratelgilin dəstəsi sahildəki saçaqlı söyüd ağacının yanında dayandı. Əvvəlcə ehtiyatla ətrafa boylandılar, yaxında heç kəsin olmadığını yəqin etdikdən sonra paltarlarını soyunub Kürə atıldılar. Su bumbuz idi. Amma səslərini çıxartmadılar. Xısın-xısın danışıb güldülər, bir-birlərini çimdiklədilər, döş-başlarını əlləşdirdilər.
Suda çox qalmaq olmazdı. Dişləri dişlərinə dəyirdi. Tezcə sahilə çıxıb paltarlarını geyinməyi qərara aldılar. Hərə öz geyimini götürdü. Tələm-tələsik donlarını başlarından keçirdilər. Bədənləri azacıq istiləndi. Amma Qaratel paltarını qoyduğu yerdə tapmadı. Qızlardan soruşdu, gördüm deyən olmadı. Qaratel ağacların dibini, yarğanların qaşını nə qədər axtardısa, bir şey tapmadı. Qızlar paltarlırını geyinib gülə-gülə sahildən uzaqlaşdılar:
- Ay qız, Qaratel, daha sən bizimlə gedə bilməzsən. Sənin paltarına bəni-insan əli dəyib. Sən uçub gələn göyərçin bacılardan biri kimi burda qalmalısan.
Qızlar gülə-gülə sahildən uzaqlaşdılar. Qaratel həm soyuqdan, həm də vahimədən titrəməyə başladı. "Mənim paltarım necə oldu? Onu kim götürdü? İndi mən el içinə necə çıxacam?". Heç yerdən səs gəlmədiyini görüncə oturub hönkür-hönkür ağladı. Elə bu vaxt yarğanın qaş tərəfindən səs gəldi.
- Ağlama, paltarın məndədi.
Bu sözləri deyən adam səsinə nə qədər mehribanlıq versə də, Qarateli elə bil ildırım vurdu. Büzüşüb yumağa döndü, bilmədi hara girsin, harda gizlənsin. Oğlanın qabağında diz çöküb yalvardı:"Sən qağayın canı, kimi çox istəyirsən onun canı, mənə əl vurma. Əyər bir şey eləsən, özümü Kürə atıb boğaram".
- Özünü niyə boğursan, ay dəli. Nağıllardan eşitməmisənmi, üç göyərçin bacının birinin paltarına əl dəyəndə heç yana gedə bilmir, qalır ordaca. İndi sənin paltarına mənim əlim dəyib, heç yana gedə bilməzsən. Qalacaqsan mənim yanımda.
Qaratel bu dəfə doğrudan qorxuya düşdü. Dönüb Kürə doğru baxdı. Onun fikrindən keçənləri elə bil oğlan başa düşdü:
- Əlini mənə ver, - Bu sözü deməyi ilə qızı dartıb yarğandan çıxarmağı bir oldu. - Mən sənin sorağını çoxdan almışdım. İndi də rastlaşdıq. Qorxma, bizim nəsildə namərd adam tapılmaz. Mən Ömər koxanın nəvəsiyəm. Adım da Ələddindi. Al paltarını gey. Gömgöy olubsan.
Qaratel paltarı götürüb bir göz qırpımında donunu başına keçirdi. Amma qorxusu hələ getməmişdi.
Həm soyuqdan, həm də həyadan tir-tir əsirdi. Ələddin onun qaşlarına sığal çəkib uzaqlaşdı.
- Elçilərimi gözlə.
Qaratel donub qalmışdı. Bilmirdi yuxu görür, yoxsa doğrudan da oğlana rast gəlib. O, xeyli Ələddinin arxasınca baxdı.
Artıq dan yeri ağarmışdı. Yfüqlər çəhrayı rəngə boyanmışdı. Səhər tezdən Kürün üstünə çöküb, gah yarğanlara, gah da meşəyə doğru sürünən duman da yox olmuşdu. Daşqını hələ ötüb keçməyən Kürün suları ilə çiləkənlərdən atlarını Kürə tökən kənd cavanları aydınca görünürdü. Yaqut rəngli bir səhər başlayırdı.
- 3 -
Ələddin sözünə düz çıxdı. On gündən bəri gecəsi-gündüzü bir-birinə qarışan, qorxusundan gözünə yuxu getməyən Qaratelin həyəcanlı günləri qurtardı. Qızlar ona axır vaxtlar bir cür baxırdılar. Onu görən kimi qaş-gözlərini oynadır, fürsət düşəndə bir-birlərinə him-cim edirdilər. Əvvəlki kimi onunla açıq danışmırdılar. Elə bil nəyi isə gizlədir, hansı sirrinsə açılacağından qorxurdular. Qaratel başa düşürdü ki, qızlar ona daha əvvəlki kimi inanmır, o Novruz günü sahildə nəyinsə baş verdiyini düşünürdülər. "Allah, mənə ölüm ver, ağlıma gələn dağlara-daşlara getsin. Əyər qızlardan biri ağzından söz qaçırtsa, kənd arvadları, kənd camaatının hansını inandıracaqsan ki, heç nə olmayıb, mən gül kim tər-təmizəm". Qaratel bə'zən özü də özündən şübhələnirdi. Gecələr yerinə qor dolmuş kimi yata bilmir, səhərə kimi qıvrılırdı. Amma bir gün gördü ki, başda Ömər koxa bir dəstə kişi ilə onlara gəldi. Qız özünü itirdiyindən hər şeyi unudaraq eyvana çıxdı; özü də bilmədən qapıları açıb-örtdü, samovara od saldı. Sarı lüləli aftafa-ləyəni su ilə doldurub hazır qoydu. Donunun yaxasındakı muncuqlar, qızıl pullar cingildədi. Əslinə baxsan, Qaratelin ürəyi də, qəlbi də, bütün bədəni də cingildəyirdi. O, hiss etmişdi ki, qonaqlar xeyirliyə gəliblər.
Elçilər getdilər. Bir həftədən sonra qıza nişan gəldi. Bunu eşidən kənd qızları Qaratelin başına toplaşdılar, ondan şirinlik istədilər.
Qaratel yerə-göyə sığmırdı, hər yerdə:doqqazda, çəpərlərin töngəsində, Kürün sahilində, yarğanların qaşında Ələddini görürdü. Evlərinin yanından bir başıpapaqlı keçəndə elə bilirdi ki, Ələddindi, ürəyi çırpınırdı. Boş vaxtlarda evdə oturub yanı işləməli dəsmal tikir, naxışlı corablar toxuyurdu. Xəyalında bunları Ələddinə bağışlayır, corabların bəzəyinə özü də heyran qalırdı. Getdikcə qız Ələddinə daha çox bağlanır, onun mərdliyinə heyran qalırdı. Bircə kəlmə söz demiş və sözünün üstündə də kişi kimi dayanmışdı.
Qaratel bu cür şirin xülyaların içində xumarlandığı vaxt, bu gün-sabah toy olacağını gözlədiyi anda qəfil acı xəbər eşitdi: Ələddin yox idi, onu vurmuşdular, onu öldürmüşdülər. Elə bil göy şaqqıldadı, dünyanın altı üstünə qarışdı, hər yana zülmət qaranlıq çökdü. Qaratel evdə iki gün bilmədi yerin altındadı, ya üstündə. İçəridən göynədi, xısın-xısın ağladı. Dəfnə gedə bilmədi. Bu yerlərdə adət deyildi. Nişanlı qızın camaatla birlikdə qəbiristanlığa getməyi görünməmiş iş idi. O, uzaqdan Çıraqlılar tərəfdən meyidin götürülməsinə, dəstənin qəbiristanlığa yaxınlaşmasına tamaşa etdi. Ağlayan arvadların üz-başlarını cırıb, sinələrini döyməsinə, dil deyib səs-səsə vermələrinə qulaq asdı. Xısın-xısın, hıçqıra-hıçqıra divara qısılıb ağladı.
Bir gecə, Ələddinin qırxı çıxandan sonra, hamını yuxuya verib qəbiristanlığa yollandı; qorxu içində, vahimələnə-vahimələnə. O, nəinki gecə vaxtı, hətta günün-günorta çağı qəbiristanlıq tərəfə hərlənməkdən qorxardı, amma indi onu bir qüvvə çəkib aparırdı. Qaratel çala-çuxur qəbirlərin yanından ehtiyatla keçdi, dilinə kəlmeyi-şəhadət gətirdi. Hər şıqqıltıdan diksinə-diksinə ucqardakı qəbrə yaxınlaşdı. Bir neçə kərə "Bissimillah" dedi. Sonra baş daşına söykənib hıçqırdı. Əyilib qəbrin torpağını sığalladı. Düz iki gün beləcə, gizlincə qəbiristanlığa gəldi. Yçüncü gün baş daşına söykənib hıçqıranda gözlənilmədən yanında bir hənirti duydu. Diksindi. Qorxusundan yerindən tərpənə bilmədi. Mat-məəttəl yanında çömbəltmə oturmuş itə bənzər məxluqa baxdı. Yə'qin etdi ki, bu gələn şeytandı. Titrəyə-titrəyə bir-iki dəfə "Bissimillah" dedi. Sonra dili tutuldu. Kəlmələri bir-birinə qarışdırdı. İt bunları duymuş kimi qıza yaxınlaşdı. Astadan zingildəyib, sanki nəsə demək istədi. İtin zingiltisi qızı özünə gətirən kimi oldu. Dili əsə-əsə "Alan, Alan" dedi. İt adını eşidən kimi qulaqlarını şəklədi və qızın əlini yalamağa başladı. Qaratel ehtiyatla əlini itin başına çəkdi. "Mənim Alanım, mənim Ələddinimin Alanı", - deyə hıçqırdı.
O gündən Alan ilə dost oldular. Qaratel qəbiristanlığa gələndə Alanı orda görürdü. İt qızı gözləyirdi. Bu sirri dünənə kimi heç kəs bilmirdi. Dünən isə Ömər koxa qəbiristanlıqda peyda olmuşdu.
Düz bir həftə Ömər koxa qəbiristanlıq tərəfi dinşədi. Hər dəfə acı-acı ulayan Alanın səsini eşidir və qovşurulurdu. Aradan bir həftə də keçdi. Bir səhər oğlunu yanına çağırdı. Şamil içəri girdi. Qapının ağzında ayaqqabılarını çıxardıb cütlədi. Atası ona yanında yer göstərdi. Şamil bardaş qurub gəbənin üstündə oturdu.
Ömər koxa gümüş dəstəkli qəlyanını tənbəki ilə doldurdu. Kibrit çəkib yandırdı, otağa ağ tüstü qatları laylandı.
- Gecələr qəbiristanlıq tərəfə fikir vermisənmi?
- Yox, necə bəyəm?
Kişi oğlunun təşfiq dolu baxışlarını üzündə hiss etdi.
- Qız uşağın qəbrinin üstündən əl çəkmir.
Aralığa sükut çökdü. Tüstü layları tavana qalxıb bürülüb-büküldü və birdən aşağı enib açıq pəncərədən sürünüb bayıra çıxdı.
- Fikrin nədir?
- Məsləhət səninkidir, ata.
Ömər koxa yenidən susdu. Harayasa uzaqlara getmiş fikirlərini cilovlayıb cəmləşdirdi. Kişinin səsi titrədi.
- Bilmirəm, qocalıqdandı, nədəndi, ay bala, sümüyüm yaman köyrəlib heç uzun saçlının ahına dözə bilmirəm.
- Neyləmək olar, ay ata, allahın işidir, bizdə nə taqsır var.
- Elə olmasına elədi, amma ahu-naləyə ürəyim dözmür.
Şamil dinmədi. Atası da susdu. Yenə tüstü layları tavana qalxdı.
- Gəlsənə son beşimiyizi evləndirək!
Şamil söhbətin bura gəlib çıxmasını gözləmirdi. Diksinən kimi oldu.
- Çox fikirləşmişəm, oğul, o qız tanrının bizə göndərdiyi qismətdir. Bizim ocağın gəlini olmalıdır. Ələddindən sonra onun başqa qapıda gəlin olmasını ürəyim götürməz.
Şamil başını aşağı saldı. Əli ilə gəbənin ilgələrini didişdirdi. Ələddinin nişanlısını kiçik oğluna almağı heç ağlına belə gətirməmişdi. Qonum-qonşunun buna nə deyəcəyini, elə evdə arvad-uşağın bu işə necə baxacağını belə fikirləşməmişdi. Hələ qız evinin adamlarının da fikirlərini bilmək lazım idi. Qız heç, onu dilə tutmaq olardı, böyüklərin sözündən çıxmazdı. Elə gədənin özünü də bu işə razı salmaq lazım idi. Şamil əslində belə işlərə bir cür baxırdı. Nə çox idi kənddə gözəl-göyçək durna boğaz qızlar. Amma atasının da xasiyyətini bilirdi. Bir şeyi ölçüb-biçməmiş ortalığa söz atmazdı. Sözü də dedimi, geri durmazdı.
Ömər koxa elə bil oğlunun fikrindən keçənləri duydu.
- Sən əvvəlcə evdəkilərin ağzını ara. Sonra əl altından arvadlar gedib, qızı su yolunda, Kürdə tapıb fikrini öyrənsinlər. Özün də kişilərlə söhbət elə. İşi dağ eləyəndən sonra mənə deyərsən. Əgər xəm-xom eləsələr, onlarnan özüm danışaram. Sənin işin olmasın.
Şamil yerindən ağır durdu. Qapıya da ağır-ağır yaxınlaşdı. Bunlar kişinin gözündən yayınmadı və başa düşdü ki, oğlu ona bir şey deməsə də, bu iş ürəyindən deyil...
Neçə gündən sonra arvadlar Qarateli qəbrin üstündə tapdılar.
Həmişəki kimi axşamın ala-qaranlığında Alan da yanında, baş daşına söykənib hıçqırırdı. Onları görəndə hürkdü. Tez aralanmaq istədi. Amma Şamilin arvadı qolundan tutub saxladı.
- Özünü üzmə, qızım, olacağa çarə yoxdur. Görünür qismət bu imiş.
Qız hönkürdü.
- Mən fələyə nə etmişdim ki, murazımı gözümdə qoydu.
- Təkcə sənin ha murazını gözündə qoymadı. Elə hamımızın murazı gözündə qaldı. Sənə nə olub cavan qızsan. Qoy biz dərd çəkək ki, oğul itirdik.
- Mənim də tanrı nişanlımı əlimdən aldı.
- Sən mənim gəlinimsən. Elə Ömər baban da belə deyir. Səni yad qapısına qoymarıq. Əvvəl-axır öz qapımıza gələcəksən. Şükür allaha, nə olub, oğlumuzmu yoxdur!!!
Qızın göz yaşı qurudu. Başını qaldırıb ala-qaranlıqda arvadın üzünə baxdı. Kəlağayısını irəli çəkdi. Onun fikrindən keçənləri başa düşdü və bir göz qırpımında qəbiristanlıqdan uzaqlaşdı. İşə Ömər koxa özü qarışmalı oldu. Onun sözünü yerə salmadılar.
Ömər koxa hamının gözündən yayınaraq tövləyə getdi. At onu görən kimi oxrandı. Sahibini imsilədi, ayağını yavaşca yerə döydü. Kişi əlini atın sağrısına çəkdi, yalını sığalladı. Sonra gözündən öpdü. At bu mehribanlıqdan sakitləşib lap quzuya döndü. O, həmişə atın yanında, axurda saxladığı yəhəri götürdü. Qolu ilə tozunu silib atın belinə qoydu. Gümüş sinəbəndini taxdı, qarınaltı qayışlarını bağladı, yüyəni başına keçirdi. Bir də atın ətrafına dolandı. Kəhər elə bil harayasa gedəcəyini başa düşdü. Kişinin əli yalına, sağrısına dəyəndə bədəni səyridi.
Ömər kişi atı sakitcə tövlədən çıxartdı. Tayaların arxasına keçdi. Oradan da çığırla Kürə doğru endi. Heç kəs onu görmədi. Camaatın başı toya qarışmışdı. Qara zurna zilə çəkirdi. Cavanlar dirə-döymə oynayırdılar.
Bu kənd cavanlarının qəribə xasiyyəti vardı. Axşamdan ala çatıları istağa qoyurdular. Səhər, gün xeyli qalxandan və zurnaçılar damın üstünə çıxıb səhər havasını çalandan sonra dəstə-dəstə gəlib xırman yerinə toplaşırdılar. Böyük dairə çəkirdilər. Sonra da haley gəlib beş-beş iki yerə bölünürdülər. Yalaq düzəldib ala çatıları ora qoyurdular. Oynayanlardan beş nəfəri həmin çatıların - dairənin üstündə dayanırdı, beş nəfəri isə dairəvi cızıqdan kənarda dayanırdı. Oyunun şərti belə idi: kənarda dayanan beş nəfər çalışırdı ki, dairənin içində dirələrin üstündə dayananlardan birinin ayağının altından çatını götürsün. Əgər götürə bilsələr, çatıları alır, dirələrin üstündə dayananları dairənin içinə salır və əllərindəki çatı ilə onları döyürdülər. O vaxta qədər ki, döyülənlərdən biri döyənlərdən birini dairənin içində təpiklə vura bilsin. Belə olanda oyun təzədən başlayırdı. Döyənlər dairənin içində dirələrin üstündə dayanır, döyülənlər isə onlara hücuma keçirdilər. Bu, adicə oyun deyildi, tamaşa idi. Doğrudan da kənd camaatı: qocalar, cavanlar, gəlinlər, qızlar dövrə vurub tamaşa edirdilər. Qara zurna zilə çəkirdi. Oyunçuları həm qara zurnanın səsi, həm də qız-gəlin baxışları pələngə döndərirdi. Bir də görürdün papaqlarını astar üzünə çevirib toza bulayır və iki nəfər dirə üstündə dayananlardan birinin üstünə düşürdü. Papaqla ağzının üstünə vurur, təpik atır, arxa tərəfə keçir və onu təntidib çatını əlindən almaq istəyirdilər. Ystü kəsilən adam həm özünü qorumalı, həm də arxadan gələn varsa, onu hiss etməli idi. O biri yoldaşlar da ağzı kəsiləni gözdən qoymurdular. Təpik, qışqırıq, ağzıüstə dəyən və gözdən od çıxardan toza bulanmış astar papaqların şappıltısı bir-birinə qarışırdı. Bir də görürdün hücum edənlərdən biri pişik cəldliyi ilə meydanın ortasına girir və quş kim sıçrayıb ağzı kəsilən oyunçunun kürəyinə təpik vururdu. Onu ya yolda qabaqlayıb təpiklə vurur, ya da əldən çıxıb "düşməninən" cumulurdu. Kürəyinə təpik dəyən təngildəsə də, yıxılmır, vuransa onun çiyninin üstə qalxıb kənara sıçrayırdı. Bu oyuna hər adam girişə bilməzdi...
Ömər koxanın həyətində düz iki gün idi toy vurulurdu. Axşamlar ismar olurdu, gündüzlər cıdır - dirə-döymə. Ömər koxa düz iki gün idi ki, bunlara tamaşa edirdi. Hər yerdə də gözləri ilə nəvəsi Ələddini axtarırdı. Onu cıdıra çıxanlar, dirə-döymə oynayanlar arasında görməyəndə korun-korun qovşurulurdu. Nə qədər çalışsa da, nakam balasını unuda bilmirdi.
Dərəyə enəndə atı saxladı. Ayağını üzəngiyə qoyub yəhərə qalxmaq istədi və ömründə ilk dəfə bədəni ağırlıq elədi. Ata minə bilmədi. Kişini elə bil ildırım vurdu. Başını atın böyrünə söykədi. At oxrandı, sonra qanrılıb dodaqlarını kişinin boynunda, sifətində gəzdirdi. Elə bil atın bu hərəkətindən kişi ürəkləndi. Başını qaldırıb ayağını üzəngiyə qoydu və cavanlıq illərində olduğu kimi sıçrayıb yəhərə qalxdı. Sahibini belində hiss edən kəhər kişnədi və cığırla birbaş sahilə endi.
Kür coşmuşdu. Bu tərəfdə yarğanla silələnmişdi, o biri tərəfdə isə meşəni ağzına almışdı. Ömər koxa sahilə çatanda özünü suya atmaq istəyən atın cilovunu dartdı və boynunu qanırıb yarğanın qaşı boyu ağaran cığıra saldı.
"Eh, gidi dünya, - deyə düşünməyə başladı. - Deyəsən köçümü sürürəm. Sümüklərim ağırlaşıb. Gör işin nə yeridi ki, atın belinə qalxa bilmirəm. Atın yalından yapışıb Kürü bir nəfəsə o üzə keçən Ömər koxa indi ayağını üzəngiyə güclə qoyur. Hanı at oynatdığım qarda, boranda?"
Gəmi qayanın dikdirinə çıxanda atın cilovunu dartdı. Gözünü o taya - Qarayazıya zillədi. Meşə qalınlaşmışdı. İri qovaqlar baş-başa verib elə bil sahil boyu çəpər çəkmişdilər. Kür qol-budağa ayrılmışdı. Bu qolların bə'ziləri adaya çevrilmiş kiçik cələlərin başına dolanır, bə'ziləri burula-burula cələlərin üstündən aşır, bə'ziləri şütüyüb meşəyə axır, bə'ziləri də yarğanlara çırpılırdı. Ömər koxa xeyli uzaqlara, Qarayazının o tayında bozaran Ceyran çölün boz dağlarına, üfüqdə göyün üzünə səpələnmiş topa-topa ağ buludlara baxdı. Sonra nəzərlərini hərləyib Kürün üstünə yeriyən və sahildə sularla əlbəyaxa olan meşəyə baxdı. Kür yatağını xeyli dəyişmişdi. İndi Kürün vadisinə çevrilmiş yerlərdə çəmənlik vardı. Həmin yerlərdə mal-qara otlayar, at kişnəyər, buğa heykirərdi. Səhər tezdən, ya da axşamüstü marallar meşədən çıxıb sürü ilə Kürə, su içməyə gələrdilər. Nədənsə onların ayağı kəsilmişdi. Ömər koxa çoxdandı onları görmürdü. Gecələr də oturub ətrafı dinşəmişdi. Nə maral buğası heykirirdi, nə də düyələr mələşirdi. Amma çaqqal-tülkü vaqqıltısından qulaq tutulurdu. Meşədəki cələdən azıb-tazıb gələn bu murdarlar az qalırdı kəndin içinə dolsunlar. Kişinin xəyalından çox şeylər gəlib keçdi. Qarayazıdakı binələr, yaylağa qalxan üstü düyəli kənd arabaları, mal-qoyun sürüsü, ilxılar, at çapan, tüfəng atan neçə igidi yadına saldı. Qarayazıda binədə olan kənd camaatı yaylağa qalxmazdan əvvəl Gəmi qaya ilə üzbəüz meşədə dayanardılar. Burada gəmi işləyərdi. Ömər koxa yadına saldı ki, həmin gəmi iri, nəhəng qovaq ağacından düzəldilmişdi. Düzəldilmişdi deyəndə, ağacı havaxtsa, kimsə kəsmiş, onun içini təknə kimi ovmuş, burun tərəfini naziltmiş, arxa tərəfini isə enli eləmişdi. Bu gəmi böyük və tutumlu idi. Onun içinə iki-üç araba sürür, qoyun-quzu doldururdular. Gəmini on-on beş adam dartıb çay yuxarı aparır, orada girmədə gəmiçi uzun çəplə gəmini arxadan itələyirdi. Gəmi nə qədər ağır olsa da, şütüyüb suyun ortasına gəlirdi. Ömər koxa o günləri yada saldı. Özü gəmiyə oturub atın yalından yapışdığını və atını gəminin böyrü ilə qarşı sahilə çıxardığını xatırladı. Köksünü ötürdü. İllər Kürün suları kimi çoxdan axıb getmişdi, lap çoxdan.
O tayda Kürün qolu torpağı yarıb özünə yol açmışdı. İri, qollu-budaqlı, uca bir qovaq ağacı təklənmişdi. Sular onun ətrafında burulur, ayaq tərəfdən qovağı yalayırdı. Ömər koxanın gözü bunu aldı. Sular ilan kimi qıvrılır, ağacın ətrafında burulur və ağacın kökü işləmiş torpağı yuyurdu. Qovaq bu həmlələrdən vahimələnmiş kimi titrəsə də, əyilmirdi. Elə bil boz-bulanıq sular bundan qəzəblənib ağacın kökünü qurd kimi eşirdi. Ağac titrədi, silkələndi və birdən yerindən oynamış dağ kimi nərilti ilə suya sərildi. Ömər koxa diksindi, at da ayağı ilə yeri eşib kişnədi. Sular qovağı bürüb-büküb qabağına aldı, fırlada-fırlada ortaya, Kürün dərin yerinə gətirdilər. Ömər koxa atın başını qanırdı və gəldiyi yolla geri qayıtdı. Heç yerə dönmədi, heç yerə qanrılmadı. Birbaş evlərinə gəldi. Atı tövləyə bağladı, yəhərini aldı.
Axşam sərini düşmüşdü. Cavanlar xırmanı dövrələmişdilər. Zurnaçılar indi də oyun havası çalırdılar. Oynayanlar qoşalaşmışdılar. Ömər koxa ayaq saxladı. Bir xeyli qol qaldırıb süzən kəlağayılı qızlara, çərkəzi paltarlı oğlanlara baxdı. Tez-tez şabaş verirdilər. Dəfçinin alnına pul yapışdırıb qulağına nəsə deyirdilər. Dəfçi isə cuşa gəlib çomağı dəfə daha bərk vurub ucadan qışqırırdı:"Yaşasın oynayan qardaşıynan", "Oynayanın nişanlısı sağ olsun".
Ömər koxa gülümsündü və nəzərə çarpmadan eyvana qalxıb otağına keçdi. Gəlini çağırdı.
- A bala, tez elə, taxtın üstündə mənim yerimi sal.
Gəlin sürüşmüş yaşmağını yuxarı qaldırdı və təəccüblə qayınatasına baxdı. Gözləri kişinin gözlərinə sataşanda yenə səssizcə bayıra çıxdı. Yenicə yuyulmuş dümağ tuman-köynəklə geri qayıtdı. Ömər koxa gözaltı paltara baxdı.
- Aftafa-ləyən, isti su, bir də qayçı gətir.
Gəlin bu dəfə də heç nə demədi. Bayıra çıxmağı ilə geri qayıtmağı bir oldu. Elə bil hər şey əvvəlcədən hazır imiş.
Ləyəni ilıq su ilə doldurdu. Kişinin ayaqlarını soyundurdu. Suya salıb sabunladı. Barmaqlarını, topuğunu ovxaladı. Dizinə qədər tər-təmiz yudu. Sonra qayçını götürüb qayınatasının dırnaqlarını tutdu. Quruladı. Kişinin fikrindən keçənləri başa düşüb, sarı, iri lüləli aftafanı götürdü. Ömər koxa aşağı əyildi. Dəstəmaz alırmış kimi qollarını dirsəyə qədər yudu. Gəlin su tökdü. Boynunu, üzünü, qırxıq başını da tər-təmiz yudu. Dəsmalla quruladı.
- Günün ağ olsun, qızım. İndi get paltarımı dəyişim.
Gəlin aftafa-ləyəni götürüb otaqdan çıxdı. Geri qayıdanda gördü ki, qayınatası yorğan-döşəkdə uzanıb.
- İndi get, Şamili yanıma çağır. Amma elə elə ki, heç kəs duyuq düşməsin.
Gəlin yenə aşağı sürüşmüş yaşmağını yuxarı çəkdi. Amma bu dəfə otaqdan çıxmazdan əvvəl qayınatasının üzünə baxdı. Gördü ki, kişi pəncərədən bayıra, çalıb-oynayanlara baxır.
Şamil içəri girəndə mat qaldı. Kişi dümağ köynəkdə, təmiz yorğan-döşəkdə uzanmışdı. Sinəsinə yayılmış uzun, ağ, pilə kimi saqqalı köynəyindən seçilmirdi. Şamil atasının ömründə günün bu vaxtı yorğan-döşəyə girməsini görməmişdi. Dinmədi. Gözlədi ki, atası gözlərini pəncərədən çəksin.
Ömər koxa yavaş-yavaş yönünü oğluna tərəf çevirdi.
- Gəldinmi, bala, yaxın otur.
Şamil yorğanın ucunu qaldırıb kişinin böyründə oturmaq istədi.
- Yox, bala, elə otur ki, gözüm səni görsün.
Şamil yerini dəyişdi və atası ilə üzbəüz oturdu.
Ömər koxa xeyli dinmədi. Gözünü tavanda, divarlarda gəzdirdi. Sonra oğlunun üzünə baxdı. Şamil ömründə ilk dəfə onun gözündə yaş gördü. Təntidi. Kişi oğlunun kövrəldiyini başa düşdü.
- Toxtaq ol, bala, mən dövranımı çoxdan sürmüşəm. Tay-tuşlar da çoxdan haqq dünyadadılar. Tək qalmışam. Əslinə baxsan, mən bu dünyada ləngimişəm.
- Tək niyə olursan, ata!
- Mən nə dediyimi bilirəm, oğul, köçümü sürmək vaxtı yetişib.
- Bu nə sözdü, maşallah sənə nə olub?
- Sözümü kəsmə. Bilirəm. Yuxumu da görmüşəm. Mən bir azdan, şər qarışanda haqq dünyasına qarışacam. Sənə iki vəsiyyətim var. Biri odur ki, mən öləndən sonra çalış, araya qan düşməsin. Onsuz da dünya qana çalxalanır. Belə getsə, deyəsən, adamları bir-birinin üstünə qaldırıb üz-göz edəcəklər. Araya qırğın salacaqlar. Divan-dərəyə lotu-potular yığılıb, bala, ehtiyatlı olun. Bir-birinizdən göz-qulaq olun. - Kişi nəfəsini dərdi. - İkinci vəsiyyətim də, odur ki, toyu yarımçıq qoymayın. Ta gəlin evə gələnədək heç kəs bunu bilməməlidi. Dost var, düşmən var. Elə elə ki, mənim ölümümə nə sevinən olsun, nə ağlayan.
- Ata!
Ömər koxa əlini yavaşca yuxarı qaldırıb oğlunun sözünü kəsdi.
- Di get, uşaqları bir-bir çağır halallaşım. Vaxtıma az qalıb. Amma elə elə ki, heç kəs heç nə başa düşməsin.
Bir azdan kişinin yatdığı otağın qapısı açılıb-örtüldü. Ömər koxanın övladları, gəlinləri, nəvə-nəticələri babalarının yanına gəldilər, onun əlini öpsünlər. Qoca isə körpələrin başını tumarladı. Hamı gedəndən sonra Şamilə qapını bağlatdı:
- Qaranlıq qarışmamışdan gedin, gəlini gətirin. Oğul, indi də zəhmət olmasa, yönümü qibləyə çevir.
Doğrudan da qaranlıq qarışanda Ömər koxa oğlu Şamilin gözü qabağında elə bil yuxuya getdi. Şamil yorğan-döşəkdə yatan bu pilə saqqallı, bəyaz sifətli kişinin atasımı, yoxsa müqəddəs bir məxluqmu olduğunu xeyli müddət ayırd edə bilmədi.
Bayırda, xırmanda isə lopaları yandırmışdılar. Bu lopaların işıqları pəncərə şüşələrindən süzülərək rahat yuxuya gedən nurani qocanın sifətində, saqqalında oynayırdı.
Zurna zilə çəkmişdi. Kənd gözəlləri, kənd cavanları qoşa-qoşa oynayırdılar. Dəfçinin səsi gəldi:" Sağ olsun, oynayanlar nişanlılarıynan!".

- 4 -
Qarateli sakitcə, səs-səmir salmadan, qaş-qabaqları turşumuş halda, burunlarını astaca çəkə-çəkə, kəlağayılarının ucu ilə gözlərini silə-silə gəlin otağına gətirdilər. Gərdəyin yanında oturtdular. Qız xeyli başını qaldırmadan, heç nə düşünmədən eləcə oturdu. İçəri ala-qaranlıq idi. Otuzluq lampanın piltəsini aşağı çəkmişdilər. Bayırda da səs-səmir kəsilmişdi. Bircə otaqların qapısı astadan örtülüb-açılır, ev adamları ora-bura qaçışırdılar.
Bunların heç biri Qarateli maraqlandırmırdı. Onun fikri uzaqlarda, Kür sahilində, Ələddinlə ilk görüşündə idi. Qız hər şeyi: hara gətirildiyini, qapını açıb kimin içəri girəcəyini belə unutmuşdu. Elə bil yuxuda idi. Heç nə onu maraqlandırmırdı. Birdən əli gərdəyə toxundu. İpək və atlasdan düzəldilmiş gərdəyin örtükləri xışıldadı.. Qız diksindi, əvvəlcə ayağa durub qapıya doğru qaçmaq istədi. Sonra gərdəyin dalında heç kəsin olmadığını yəqin edib, qorxa-qorxa astaca addımlarla geri qayıtdı. Təfərrinclə ipək qumaş pərdələrin əhatə etdiyi təmiz yorğan-döşəyə, qızların üz ağını bilmək və qapıda pusquda dayanan yengəyə, səhəri isə qonum-qonşulara göstərmək üçün döşək üstdə salınan ağ mələfəyə baxdı. Ona elə gəldi ki, gərdək çoxdan hazırlanmışdı, lap çoxdan. Bu gərdək Ələddinin gərdəyi idi. Ələddin Qarateli bu gərdəyin arxasında görməli idi. Qız havalanan kimi oldu. Gərdəyə yaxınlaşıb ipək, qumaş pərdələri, təmiz yorğan-döşəyi, qu tükündən düzəldilmiş iri yastığı qucaqlayıb öpməyə başladı. Elə bil Ələddinin qoxusunu bunlardan almaq istədi. O özünü unutmuşdu. Gah hıçqırıb ağlayır, gah da məst olmuş kimi gülümsünürdü. "Məni niyə tək qoyub getdin, dərdin alım. Sənə kim qıydı, sənə kim əl qaldırdı, a gözlərinə qurban olum. Sənki heç kəsə bir pislik eləməmişdin, bir adamın itinə, toyuğuna daş atmamışdın. Yenicə muraz üstündə idin. Dilim də gəlmir ki, səni vurana qarğış eləyim. Tanrı özü bilən yaxşıdı. Ey yeri göyü yaradan, qurtar mənim bu nakam qəlbimi bəladan".
Qız yenidən hıçqırdı və ona elə gəldi ki, onun dərdinə şərik olanlar səsinə səs verib ağlaşma qurublar. Astadan dil deyib hönkürüşürdülər. Qız şəkləndi. Gərdəyin dalından çıxıb qonşu otağı dinşədi. Doğrudan da ağlaşırdılar. "Bu nə idi? Toyla yas bir-birinəmi qarışmışdı?". Qız qulaq kəsildi. Arada uşaqların "Baba, Ömər baba" deyib hönkürtülərini eşitdi. Başa düşdü ki, açıb ağartmasalar da, evdə yas var. Ölən - evin kötüyü, elin-günün ağsaqqalı o nurani kişi idi.
Qaratel xəyallardan, şirin arzulardan ayılan kimi oldu. Elə bil onu bürümüş tüstü-dumanı qovurmuş kimi başını silkələdi. Duvağı üzündən götürüb atdı. Bilmədi neyləsin. Bir xeyli beləcə ildırım vurmuş kimi oturdu. "El-oba buna nə deyəcək? Kənd arasında arvadlar, qız-gəlinlər onu görəndə vahimə içində geri çəkilməyəcəklərmi? Sabah-sabah bu uğursuz qara daban hardan qabağımıza çıxdı, deməyəcəklərmi? Həmişə onu Kür qırağına suya çağıran, toy-düyünə aparan qızlar onu görəndə gözdən yayınmağa çalışmayacaqlarmı? Balaca da, böyük də qaçın, qara daban gəlir, deməyəcəklərmi? Bəlkə elə doğrudan da qara dabanam? Toy olmamış nişanlım öldürüldü. Yasın birindən çıxmamış o biri başladı. Mən evə ayaq basan kimi bu kişi rəhmətə getdi. Bu, qara dabanlıq deyil, bəs nədir? Haraya ayaq basıram bədbəxtlik gətirirəm. Görünür, tanrı özü mənə qarğış eləyib. Yüz min təbib neyləyər bir tanrı qarğımışa?".
Qaratel yavaşca ayağa durdu. Evdəkilərin başının qarışdığını görüb dal qapıdan eyvana çıxdı. Nəzərə çarpmadan hasarın dibinə endi, sinə-sinə darvazaya yaxınlaşdı, açıq qapıdan bayıra çıxdı. Alanın çəpərin yanında şöngüyüb oturduğunu görmədi. Nəfəsi tıxana-tıxana birbaş Kürün sahilinə, hündür yarğana doğru getdi. Ancaq burda ayaq saxlayıb nəfəsini dərdi.
Kür yenə əvvəlki kimi qıjıldayıb axırdı. O taydakı meşə aylı gecədə mürgüləyirdi. Suyun ortasındakı adacıqlar, cələlər elə bil yuxuya getmişdi. Gündüzlər qaynayıb-qarışan haylı-haraylı Kür vadisi elə bil dincəlib nəfəs alırdı. Arabir yarğanların harasındasa özünə məskən salmış bayquşların səsi eşidilirdi.
Qaratel ciyərləri dolusu nəfəs aldı və elə bu vaxt Alanı gördü. İt Qarateldən bir-iki addım aralıda biləklərinin üstünə uzanıb zingildəyirdi. Qaratel aşağı əyilib itin başını sinəsinə sıxdı. Onun gözlərinə baxdı. Heyvanın qonur gözlərindəki məhsunluğu ay işığında aydınca gördü. "Deyəsən təkcə sən məndən qaçmayacaqsan, Alan? Məni son mənzilə də sən yola salacaqsan". İt bu mehriban səsdən riqqətə gəldi. Bir az da irəli sürünüb zingiltisini artırdı.
Qaratel itin gözlərindən öpüb qamətini düzəltdi. Ətrafı dinşədi. Hər şey zümzümə edirdi. Təbiətin bu gözəlliyini Qaratel yalnız bircə anlığına duydu. "Mənə bunları çoxmu gördün, ey yeri-göyü yaradan Tanrı?" deyib gözlərini yumdu. Alan özünə gələnə qədər qız yoxa çıxdı. İt yarğanın dibində şappıltı eşitdi və özünü Kürə atdı. Bir azdan yarğanın aşağı tərəfindən Qarateli sürüyüb sahilə çıxartdı. Çınqıl daşların üstünə uzatdı. Dan yeri qızarana qədər qızın başına fırlandı. Başdan-ayağa, ayaqdan-başa dönə-dönə imsilədi, üz-gözünü, saçını, əllərini yaladı. Nəfəsini sinəsinə verdi. Elə bildi ki, bu nəvazişləri ilə qızı ayağa qaldıracaq. Ancaq dan yeri qızaranda ehtiyatla burnunu Qaratelin üzünə yaxınlaşdırdı və diksinib geri atıldı. Qızın bədəni bumbuz idi. Alan ağzını göyə tutub oyanmaqda olan təbiəti elə bil köməyə çağırdı. Meşələrə, cələlərə, yarğanlara, dərələrə, dağlara, axar sulara, çox nakamları qurban aparan Kürə haray saldı. Acı-acı uladı.