X FƏSİL
- 1 -
Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxırdı. O, bilirdi ki,
bu il də kənd camaatı Noylu bulağın üstündə dəyələrini qurmuşlar. Onun
məqsədi həmin dəyələrin həndəvərində dolaşan, bir təhlükə olan kimi
qaçıb meşələrdə daldalanan qaçaqların başçısı Halay bəylə görüşmək idi.
Halay bəy heç kəsə dəyib-toxunmadığından özündən arxayın idi və
binələrin ətrafında başını girləyirdi. Kəsəmənli bu yaşlı və gözəl
müəllimin nə üçün çöllərə düşdüyünü tam aydınlığı ilə anlaya bilmirdi.
Qəzada qaçaqların sayı çoxalırdı. Belə getsə, kəndlərdə hörmətli adam
qalmayacaq, hamısı meşələrə, dağlara çəkiləcəkdi.
Kəsəmənli qərara
almışdı ki, Halay bəyi üzə çıxartsın. Elə bu məqsədlə də yaylağa
qalxırdı. Yollar qorxulu idi. Kəsəmənli öz dəstəsi ilə meşənin xəlvəti
cığırları ilə irəliləyirdi. Yaylağa qalxdıqca hava təmizlənir və adam
nəfəs almaqdan doymurdu. O, əvvəllər el yaylağa köçəndə dağa qalxar və
ellə birlikdə arana dönərdi. Amma neçə il idi ki, bu tərəflərə ayaq
basa bilmirdi.
Meşə qurtardı. Yaylağın çəmənliyi, güllü-çiçəkli
yamacları göründü. Dəyələr Noylu bulağın üstünə səpələnmişdi. Lap
kənarda balaca bir alaçıq var idi.
Kəsəmənli bu çadırın Halay bəyin
olduğunu zənn etdi və atın başını qanırıb o tərəfə sürdü. Hardansa
qayaların dibindən çıxan tüfəngli adamlar onların yolunu kəsdilər.
Çaxmaqlar şaqqıldadı.
- Kimsiniz, hara gedirsiniz?
Kəsəmənli cilovu çəkib atı saxladı.
- Halay bəyi görmək istəyirik.
- Halay bəy kimdir, a kişi?
- Sizin başçınız. Ona deyin ki, Kəsəmənli səni görmək istəyir.
Qaçaqlar özlərini bilməməzliyə vursalar da, Halay bəyin yanına getdilər və Kəsəmənlinin onu görmək istədiyini söylədilər.
Halay bəy tüfəng qucağında mütəkkəyə söykənərək mürgüləyirdi. Ona soyuq
dəymişdi. İxtiyar çağında dağda, dərədə dolaşa bilmirdi. Kəsəmənlinin
adını eşidəndə ayağa durdu və üzünü keşikçilərə tutdu.
- Buraxın gəlsin!
Kəsəmənlini dəyənin yanına gətirdilər. Atının cilovunu tutdular. Kabı
kişi içəri girdi. Dəyənin ortasında ayaq üstdə duran Halay bəy ilə
qucaqlaşdılar. Bir xeyli beləcə dayandılar.
Halay bəyin göstərişi
ilə qaçaqlar balaca süfrə açdılar, ortalığa çay-çörək qoydular.
Kəsəmənli Halay bəyin solmuş bənizinə, qırxılmamış üzünə baxdı və
astadan soruşdu:
- Necə dolanırsan?
Halay bəy könülsüz cavab verdi:
- Özün görürsən də. Qoca vaxtı çöllərə düşmüşəm.
- Axı, səni yerindən, yurdundan kim oynatdı?
Halay bəy cavab əvəzinə əlini pencəyinin döş cibinə uzatdı və oradan əl boyda göy bir kitabça çıxartdı.
- Rəhbərin altı şərtini oxumusanmı? Stalini deyirəm. Orda yazılıb ki,
"Öz kadrlarımız yetişənə qədər, köhnə mütəxəssislərdən istifadə
edəcəyik". Cavanların hərəsi bu kitabçadan birini götürüb iclaslarda,
yığıncaqlarda, dərslərdə üstümüzə qışqırırlar: "Siz köhnə
ziyalılarsınız. Hələlik sizdən istifadə edirik. Özümüzünkülər yetişən
kimi sizin hamınızı qovacayıq". Hətta dərsini bilməyən tələbələrdən
biri sinif uşaqlarının qarşısında mənim üstümə qışqırdı: "Halay bəy,
sənin mülkədar təbiətin istəmir ki, mənim kimi kəndli balası elm sahibi
olsun. Amma unutma ki, mənim səni parçalayacaq qədər iti dişlərim və
dırnaqlarım var!" İndi sən özün söylə, Kabı, mən belə adamlarla necə
dolanım?
Kəsəmənli diqqətlə ona qulaq asdı və astaca gülümsündü.
- Meşə çaqqalsız olmaz, Halay bəy, sən hər gədə-güdənin sözündən niyə inciyirsən?!
- Mən gədə-güdələrin sözündən incimirəm, onlardan qorxuram. Onlar
rəhbərin altı şərtini əsas götürərək nə oyun desən, çıxarda bilərlər.
Şərtlərdən biri də budur ki, "Qolçomaqları bir sinif kimi ləğv etmək".
Bax bunlar adamları bir-birinə qırdırmaq deməkdi.
Kəsəmənli Halay bəyi diqqətlə dinlədikdən sonra astadan sözə başladı:
- A bəy, bir qulaq as, hər gədə-güdənin sözü səni qorxutmasın. Biz qan
töküb gədalar üçün hökumət qurmamışıq. Yadındadımı, hələ seminariyada
oxuyanda sən maarifçilik yolu ilə getməyi qarşına məqsəd qoymuşdun.
İndi sən bizə daha çox lazımsan. Xalqımızı maarifləndirmək lazımdır.
İndi bizim ziyalılara daha çox ehtiyacımız var. Arzularımız baş tutduğu
yerdə sən nahaq geri çəkilirsən, Halay bəy!
Halay bəy ani olaraq xəyalən gənclik illərinə, ilk müəllimlik çağlarına getdi və o günlər üçün burnunun ucu göynədi.
Halay bəy xatirələrinə ara verib diqqətlə Kəsəmənlinin üzünə baxdı.
- Elə bilirsən, onlar sənə inanırlar?
Kəsəmənli bu gözlənilməz və sərt sualdan diksindi. Qan sağılmış gözləri
müsahibinin üzünə zilləndi. Elə bil birdən-birə sifəti codlaşdı. Halay
bəy hiss etdi ki, Kabının qaşları səyridi.
Halay bəy başa düşdü ki,
dostunun qüruruna toxunmuşdu. O, Kəsəmənlinin söz götürən olmadığını
uşaqlıqdan bilirdi. Amma ürəyindəki sözləri axıracan deməyi qərara aldı.
- Mən sənin inamına şübhə etmirəm. Dediyin sözdən dönməyəcəyini də
bilirəm. Bilirəm ki, sözünə bütöv adamsan, tüpürdüyünü yalayan
deyilsən. Ölərsən, amma namərdlik eləməzsən. Ancaq mən onlardan
qorxuram.
- Onlar kimdi?
- İş başına doluşan namərdlər. Nə
çoxdur anasının əmcəyini kəsənlər. Onlar sənə hörmət edirlər, çünki sən
onlara lazımsan. Səni ən qorxulu yerlərə göndərirlər. Qaçaq-quldur
üstünə yollayırlar. Sən onları öldürsən də, bunların xeyrinədi, başına
bir iş gəlsə də. Mənim sözlərimdən incimə, Kabı, özün bilirsən ki, mən
açıq danışanam.
Kəsəmənli ayağa durdu.
- Deyəsən bizim
söhbətimiz baş tutmayacaq, Halay bəy, inamını nə yaman itirmisən? Mən
səni üzə çıxartmaq istəyirəm. İstəyirəm ki, sənin kimi gözəl bir
müəllim dağlara, daşlara düşməsin. Qəza firqə özək katibi ilə də
məsləhətləşmişik. Xalq maarif komissarlığına yazmışıq. Səni
seminariyaya müdir tə'yin etmək istəyirik, öz təcrübəndən istifadə
edəsən, gözəl müəllimlər hazırlayasan. Kəndlərimizdə məktəblər açırıq,
hələlik orda üçaylıq, altıaylıq müəllimlər kursunu qurtaranlar dərs
deyir. Bizə isə savadlı müəllimlər lazımdı.
Kəsəmənli üst-başını düzəldib alaçıqdan çıxmaq istədi. Halay bəy onun qolundan yapışdı.
- Kabı, mən heç nədən qorxmuram. Ölümə də aparsan, gedəcəm. Səni əliboş geri qaytarmaram. Amma ürəyimdəkiləri sənə deməli idim.
- Bir də, Halay bəy, sən nə cinayət işləmisən? Adam öldürməmisən, yol
kəsməmisən. Sən gəl, mənim dediklərimə inan. Bu dünyada kişilik də var,
mərdlik də. Sözünə bütöv adamlar çoxdu. Sən gəl, ətəyindən daşı tök,
gedək evə. Mən qoymaram başından bir tük əskik ola.
Halay bəy
dinmədi. Stəkanı qabağına çəkib fikirli-fikirli çayını içdi. Kəsəmənli
hiss etdi ki, o, qət'i qərara gələ bilmir. Qoca vaxtı dağlarda,
daşlarda dolaşmaq onu bezdirmişdi. Bunun qışı var, çovğunu var,
qorxusu, səksəkəsi var. Dolanmaq o qədər də asan deyil. Öz dəstəsinə
söz vermişdi ki, beş-on günə buralardan baş alıb gedəcək və Arazın o
tayına keçəcəklər. O, çayını içib stəkanı geri itələdi və üzünü
Kəsəmənliyə tutdu.
- Yox, Kabı, beş-on gün hərlənib keçəcəm o taya, yoldaşlarıma da söz vermişəm. Onları yarı yolda qoya bilmərəm.
- Yox, Halay bəy. Mən əliboş geri qayıda bilmərəm. Gəlmişəm, səni özümlə aparacam.
- Bəs yoldaşlarım?
- Onları da.
Ayağa durdular. Halay bəy Həsən ağanı yanına çağırdı. Dəyənin böyründə xeyli pıçıldaşdılar.
- Məni on gün gözləyin. Dalınızca gələcəm. Ya üzə çıxacayıq, ya o taya gedəcəyik.
Halay bəy atın belinə qalxıb Kəsəmənlinin dəstəsi ilə yola düşdü.
- 2 -
Gecədən xeyli keçmiş qapının ağzında üstü örtülü bir maşın dayandı.
Milis işçiləri yolu kəsdilər. Onlardan iki nəfəri təpiklə qapını açdı
və barmaqları tətikdə içəri girdilər. Halay bəy pencəyini soyunmuşdu.
Balalarını dizinin üstünə almışdı. Düz iki gün idi ki, onlarla
oynayırdı. Uşaqlar atalarının boynunu qucaqlayır, onun sinəsinə
qısılırdılar. Halay bəy yatanda da oğlunun hərəsini bir qolu üstünə
alır və uzun müddət onların körpə mışıltısına qulaq asırdı. İndi
milislər içəri girəndə uşaqlar yenə onun dizinin üstündə idi. Halay bəy
uşaqları qucağından düşürtdü və təşvişlə gələnlərin üzünə baxdı.
- Halay bəy, paltarını geyin, bizimlə gedəcəksən!
- Hara?
- Yoldaş Fətullayevin yanına.
Halay bəy diksindi. Yavaşca ayağa durub, paltarını geyindi. Otaqdan
çıxmazdan əvvəl dönüb evinə, uşaqlarına və arvadına baxdı. Köksünü
ötürdü. Onu maşına qoyub qapını üzünə bağladılar.
Maşın
silkələnə-silkələnə kələ-kötür yollarla yarım saat getdikdən sonra
dayandı. Onu düşürtdülər. Halay bəy qaranlıq və kəsif havadan sonra yay
gecəsinin təmiz havasından doyunca nəfəs aldı və bir müddət hara
gətirildiyini ayırd edə bilmədi. Bişmiş kərpicdən tikilmiş hündür
hasarın ortasındakı iri dəmir darvazanı döydülər. İçəridən səs gəldi.
- Kimdi?
- Açın qapını, dustaq gətirmişik.
Zirəzələr, siyirmələr cingildədi. Qapı azca aralandı və Halay bəyi içəri saldılar.
Halay bəy başa düşdü ki, onu şəhərin kənarındakı qalaya gətiriblər. El
arasında buraya "Şəkərin qalası" deyirlər. Qala qırmızı kərpicdən
tikilmişdi. İkimərtəbəli böyük bina idi. Geniş həyəti və hündür hasarı
var idi. Pəncərələri dəmir çərçivəyə alınmışdı və ölü gözü kimi
qaralırdı.
Keşikçi milislər onu içəri apardılar. Qapını arxasınca
bağladılar. Üfunətli və boğanaq havadan az qala boğuldu. Tavandan
təkəm-seyrək elektrik fonarları asılmışdı. Onların içində ildırım
zolaqları kimi kəsişən işıq telləri şəhərin elektrik stansiyasının
motor səsinə uyğun olaraq gah şiddətlənir, gah da öləziyirdi. Qala
ikimərtəbəli idi. Dəmir barmaqlıqlarnan hissələrə ayrılmışdı. Bura
qaladan çox karvansaraya oxşayırdı. Görünür, nə vaxtsa bu binanı
tikdirən "Şəkər kişi" heç nəyi nəzərə almamışdı.
Halay bəy
içəridəki şıqqıltılardan başa düşdü ki, qalada dustaqlar var. Onlar
divar boyu uzanmışdılar. Bə'ziləri oturub söhbət edir, bə'ziləri isə
tünd, turşməzə havaya dözməyib öskürüşürdülər. İçəri təzə dustaq
gətirildiyini görüb söhbətlərinə ara verdilər.
Halay bəy gözləri qaranlığa alışmadığından haraya gedəcəyini bilməyib ortada dayandı. Elə bu vaxt küncdən səs gəldi.
- Bu tərəfə gəl, burda yer var.
Halay bəy küncə doğru getdi.
Döşəməyə ot tökmüşdülər. Dustaqlara yorğan-döşək əvəzinə quru ot
vermişdilər. Halay bəy küncə çatanda ordakılarnan astaca salamlaşdı və
otun üstündə oturdu. Gecədən xeyli keçəndən sonra səs-səmir kəsildi.
Hərə bir tərəfdə büzüşüb yuxuya getdi.
Halay bəy isə əllərini
başının altında çarpazlayıb arxası üstə uzandı. Gözlərini tavana
zillədi. Gah gözərən, gah da öləziyən şimşəkvari tellərin qızartısına
tamaşa elədi. İşıqlar can verən xəstə adamın ürəyi kimi, gah döyünür,
gah da nəbzini itirirdi. Qulağına səs gəldi. Dinşədi. Bu zəng səsi idi.
Qala hasarının üstündə keşik çəkənlərin bir-birini yoxlaması idi.
Növbədə duran hər keşikçinin yanında iki dəmir parçası var idi. Biri
havadan asılmışdı. O biri isə toxmağa bənzəyirdi. Hər yarım saatdan bir
baş darvazanın yanındakı keşikçi bu dəmirləri danqıldadırdı. Onu eşidən
ikinci, üçüncü və dördüncü keşikçi də öz "zəng"ini çalırdı. Beləliklə
səhərə qədər bir-birilərini vaxtaşırı yoxlayırdılar.
Halay bəy bu
yeknəsək danqıltılara qulaq asdı və hətta bu danqıltıları saymağa
başladı. Onun yadına Qarayazı meşəsində, gecə sakitliyində səhərə qədər
bir-birini çağıran anadillərin qərib, məhsun səsi gəldi.
Günorta
üstü dustaqları həyətə, gəzintiyə çıxartdılar. Halay bəyin qulağına
gözləmədiyi halda zurna səsi gəldi. Bu Hümmətin dəstəsi idi. Kəsəmənli
keçən dəfə qalanı yoxlamağa gələrkən onları burda görmüş və təəccüblə
soruşmuşdu.
- Sizi niyə buraya gətiriblər?
- Qiyas bəyin oğlunun toyunu biz eləmişik, ona görə.
Kəsəmənli bir şey anlamasa da, gülümsündü və yarı zarafatla soruşdu:
- Zurna-dəfinizi də gətirmisinizmi?
İndi də Hümmət çaşıb qaldı.
- Yoldaş naçalnik, heç bura zurna-balaban yeridi?
Kəsəmənli elə o günü kəndə adam göndərdi, Hümmətin dəstəsinin
zurna-dəfini gətirtdi və qala rəisinə tapşırdı ki, bundan sonra günorta
gəzintisi vaxtında icazə ver, çalıb oynasınlar. Soruşan olsa, deyərsən
ki, Kəsəmənlinin göstərişidir.
- Üzümə təəccüblə baxma. Nə olar dustaq olanda. Onlar da insandır. Qoy bir az şadlansınlar.
- Bəs...
- Bilirəm, nə demək istəyirsən. Qələt eləyir.
O gündən günorta gəzintisi toy-düyünlə keçirdi.
Dustaqlar cərgəyə düzüldülər. Keşikçilər onları saydılar, sonra da
gəzməklərinə icazə verdilər. Yaşlı və özlərini bir az nasaz hiss edən
dustaqlar hasarın dibində domuşuqlu oturdular. Cavanlar xeyli ortada
fırlandılar. Onlardan biri qolunu çırmayıb üzünü zurnaçıya tutdu:
- Ay Hümmət qağa, bir dirə-döymə havası çal.
Cavanlar dəstələrə bölündülər, meydanın ortasında dairə çəkdilər.
Hümmət zurnanın səsini zilə qaldırdı və cavan dustaqlar hay-haraynan
oyuna başladılar. Bayaqkı oğlanın səsi yenidən eşidildi:
- Ay Hümmət qağa, indi də güləşəngi çal, görüm, qabağıma kim çıxacaq?
Gəzinti qurtardı. Keşikçilər dustaqları içəri doldurdular. Bir anlığa
hər şeyi unudan Halay bəy də içəri keçmək istərkən ona bir bağlama
verdilər. Halay bəy təəccüblə keşikçiyə baxdı.
- Bu nədir?
- Yeməkdi, sizə göndəriblər.
- Kim göndərib?
- Çoban Kərəməli. Dedi ki, adımı deyin, Halay bəy özü tanıyacaq.
Ertəsi günü gəzintidən sonra Halay bəyi içəri buraxmadılar. Qolundan
tutub qapının ağzında saxladılar. İki milis nəfəri onu qalanın arxa
tərəfindəki böyük meydana apardı. Halay bəy qala divarlarının dibinə
baxa-baxa xeyli sakitcə addımladı. Torpaq kələ-kötür idi. Bə'zi
yerlərdə aşağı çökmüş, bə'zi yerlərdə isə qabarmışdı. Ona bel verdilər
və hasarın dibini qazmağı əmr etdilər. Halay bəy heç nə anlamasa da,
beli götürdü və torpağı eşməyə başladı. Elə bu vaxt bir əl çiyninə
toxundu.
- Müəllim, beli mənə ver, sizə zəhmət olar.
Əlini uzadıb Halay bəydən beli aldı. Müəllimin sual dolu baxışlarını gördü və astaca gülümsündü:
- Siz mənə dərs demisiniz. Xeyli vaxtın söhbətidir, yadınızdan çıxmış
olaram. Çox zəhmli idiniz. Amma biz, tələbələr, sizi bir-birimizə
görsədib "Riyaziyyatın allahıdır" deyirdik. Siz bizə Kiselyovun "Rəhbər
cəbr kitabını" dönə-dönə izah edirdiniz. Kim Şapoşnikovun kitabındakı
məsələ və misalların hamısını həll etməyibsə, onu imtahana
buraxmırdınız. Gecələr də məşğələyə gəlir, ən çətin məsələləri izah
edir, bizim hər şeyi başa düşdüyümüzə əmin olduqdan sonra evə
gedirdiniz. Yaxşı günlər idi, müəllim!
Bu sözləri deyən milislərin başçısı idi. Onun otuz-otuz beş yaşı ancaq olardı.
Halay bəyi gözdən qoymasalar da, bir az sərbəst gəzməsinə imkan
verdilər. O, balaca bir təpənin üstündə dayandı, qəza mərkəzi olan
kiçik şəhərin yanından keçən çayın qıjıltısına qulaq asdı. Kəndlərə
uzanan əyri-üyrü yollara, Didvan dağının ətəyindən burulub Dilcan
dərəsinə gedən xır yoluna, uzaqdan ağ buludlara bürünmüş Göyəzən
dağının zirvəsinə və Avey tərəflərə baxdı. Hər şey sakit, hər şey ona
məhsum kimi göründü...
Gecə yarıdan sonra qalanın qapısı aralandı.
Keşikçilərin amiranə səsi eşidildi.
- Halay bəy kimdi?
- Mənəm.
Dustaqlar yerlərində tərpəşdilər. Keşikçilər isə ayağa durub onlara yaxınlaşan Halay bəyi geri qaytardılar.
- Paltar-palazını da götür.
Bu, pis əlamət idi. Buradakı dustaqlar bilirdilər ki, gecə yarısı
aparılan məhbusların başında qaranlıq var. Paltar-palazın götürülməsi
onun bir daha geri qayıtmayacağına işarə idi. Gecə yarısı
paltar-palazla aparılan məhbusları ya vaqonlara doldurub etapla uzaq -
qarlı, meşəli Sibirə, ya da o dünyaya göndərirdilər.
Halay bəyi qala divarının dibində qazılan və torpağı qaralan çuxurun yanına gətirdilər.
Hava sərin idi. Ağacların yarpaqları astadan xışıldayırdı. Gecənin
səhərə yaxın sükutu ətrafı bürümüşdü. Ara-bir dəmiryol vağzalından
parovozların kəsik fit səsləri eşidilirdi. Sonra vaqon təkərlərinin
yeknəsək, ahəngdar taqqıltısı gəlirdi. Halay bəy bir anda səyyar
xəyalın ağuşunda ötən günlərə qayıtdı. Həmin vaqonlarda Tiflisə, oradan
da Qoriyə, seminariyaya oxumağa getdiyi günləri xatırladı. Sonra dönüb
göyün üzünə baxdı. Ulduzlar sayrışırdı. Amma bir parça ağ bulud, ayın
ətrafında dolaşırdı. Adama elə gəlirdi ki, ay buludların üstünə
yeriyir. Halay bəy uşaq vaxtı yay günlərində ayla buludların bu cür
"döyüşlərinə" çox tamaşa etmişdi. Anası həyətə gəbə döşəyər, üstünə
yorğan-döşək sərər və uşaqlarını açıq havada yatırdardı. Bax, o
günlərdə Halay bəy arxası üstə uzanıb saatlarla ulduzlara baxar və
buludların üstünə yeriyən aya tamaşa edərdi. El arasında "Karvan yolu"
deyilən kahkaşan ulduzları haçalanmış yol kimi uzanıb gedirdi.
Deyirdilər, uzaq, müqəddəs yerlərə ziyarətə gedən zəvvarlar gecələr
karvanlarını çəkib bu yolun işığı ilə Qüdsiyyətə doğru addımlayırlar.
Halay bəy qazılmış çuxurun kənarında dayanaraq karvan yoluna səpələnmiş
sayrışan ulduzlara baxdı və yolun onun ruhunu haraya aparacağını
düşündü.
Elə bu vaxt ağacların başında yaşayan və indiyəcən heç
kəsin görmədiyi Anadil quşlarının bir-birini səsləyən məhsun səsi
eşidildi. Halay bəyin bu dünyadan qəflətən gedərkən eşitdiyi sonuncu
səs Anadillərin məhsun, kədərli səsi oldu. Şərq tərəfdə isə iri şəffaf
dan ulduzu parıldayırdı.
Səhərə az qalırdı.
- 3 -
Yazı masasının böyründə divardan asılmış telefon cingildədi. Kəsəmənli
dəstəyi götürdü. Tanış və mehriban səs eşidib gülümsündü.
- Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram.
Telefonda Qəza firqə özək katibinin şadyana səsi eşidildi.
- Kabı, Bakıdan xəbər gəldi. Onlar bizim xahişimizi yerinə yetiriblər.
Xalq Maarif Komissarlığı əmr göndərib. Halay bəyi seminariyaya müdir
tə'yin ediblər. Əmri sənə göndərirəm. Halay bəyi də, Maarif Şö'bə
müdirini də çağır yanına, gedin məktəbə. Müəllimləri yığın, iclas
aparın, Halay bəyi təqdim edin, qoyun kişi bu gündən işə başlasın.
Sonra nəticəsini mənə deyərsən.
Kəsəmənli dəstək əlində xeyli
dayandı. Onun zəhmli sifətinə elə bil işıq çilənmişdi. Qan sağılmış
gözləri durulmuşdu. Kişi sevindiyindən bilmirdi nə etsin. Masanın
üstündəki zınqırovu cingildətdi. Keşikçi milis qapının ağzında göründü.
- Bu saat get Halay bəyi mənim yanıma gətir.
Ayağa durdu. Üst-başını səhmana saldı ki, kişini şadyana qarşılasın.
Bir azdan qapı aralandı və milis nəfəri göründü. O, tək idi. Kəsəmənli
təşvişlə milisin üzünə baxdı.
- Bəs Halay bəy hanı?
Növbətçi milis boynunu aşağa salıb büzüşdü və səsi titrəyə-titrəyə astadan dilləndi:
- Yoxdur. İki gün bundan əvvəl gecə gəlib evindən aparıblar.
Kəsəmənlini elə bil ilan çaldı. Yerindən dik atıldı.
- Hara?!
- Qalaya.
Növbətçi gördü ki, Kəsəmənlinin başı azacıq əsdi, sifətinin cod tükləri
daha da codlaşdı. Əvvəlcə çiyinləri, sonra da bütün bədəni titrədi.
Dabanı üstündə fırlanıb öncə sağ, sonra da sol çiyni tərəfdən arxaya
boylandı. Elə bil kiminsə kürəyini nişan aldığını gördü. Növbətçi milis
son zamanlar Kəsəmənlinin yol gedərkən, ya da at belində olarkən,
birdən təşvişlə geri boylandığını, elə bil arxadan kiminsə onu
vuracağını bilmək üçün belə etdiyini çox görmüşdü.
Kəsəmənli ayağa
durdu. Otağın içində iki dəfə fırlandı, pəncərələrin, qapının ağzında
dayandı. Elə bil çıxmağa yer axtarır, ancaq yol tapmırdı. Onun gözləri
qıpqırmızı qızarıb qan çanağına dönmüşdü. Gözlərini tor basmışdı. Heç
nə görmürdü. Əlləri də titrəyirdi. Növbətçi milisioner "Kişini,
deyəsən, vurğun vuracaq" - deyə düşündü, cəld masanın üstündəki su
qabına yaxınlaşıb ona bir stəkan su verdi.
- Kabı qağa, özünüzə toxtaxlıq verin.
Kabı kişi bu sözlərdən ayılan kimi oldu. Növbətçi kişi onun boyun
damarlarının sakitləşməsindən başa düşdü ki, Kəsəmənli yavaş-yavaş
özünə gəldi.
Kabı azacıq toxtadıqdan sonra güllə kimi bayıra çıxdı və bir göz qırpımında atın belinə sıçradı.
Həmişə həyətdə yəhərli-yüyənli atlarnan dayanan milislər də atın belinə
qalxdılar. Onlar Kəsəmənli ilə dabanbasaraq Fətullayevin idarəsinə
gəldilər.
Kəsəmənli sür'ətlə qapını açıb içəri girdi. Fətullayev
fısıltısını içəri yığmış ilan kimi sakitcə oturmuşdu. O, Kəsəmənliyə
fikir vermədi və azacıq yerində qımıldandı. Fətullayev nimdaş, rəngi
bozarmış qara dəri pencəyini geyinmişdi. Ayağındakı çəkmələr də,
başındakı dəri papaq da nimdaş idi. Zahirən sakit görünən gözlərində
elə bil ilan-çayan qaynaşırdı.
Kəsəmənliyə elə gəldi ki, onun
qarşısında, masanın üstündə nəhəng bir ilan qıvrılıb yatmışdı. Ancaq bu
ilanın başı tərpənir, gözləri nəyə isə zillənirdi. Bir balaca ləngisən,
ya da ehtiyatsızlıq etsən, bir göz qırpımında üstünə atılacaq, bədəninə
dolanıb səni tas-tas edəcəkdi. Kəsəmənli bunları düşünsə də, səsinə
sakitlik verdi və qətiyyətlə soruşdu:
- Halay bəy hardadı?
- Yoxdur.
- Necə yəni yoxdur? Sən nə ixtiyarla...
Elə bil masanın üstündə yatan nəhəng ilan tərpəndi. Onun bədəni buğum-buğum titrədi və başını dik qaldırdı.
- Mən qanunsuz heç bir iş görmürəm, "Troykanın" qərarı ilə hərəkət
edirəm. Al, bu da qərar. Özü də xahiş edirəm, hay-haray salmayasınız,
hökm yerinə yetirilmişdir. Artıq gecikmək olmazdı.
Kabı kişinin əli
sezilmədən qobura yaxınlaşdı. Naqanın çıxması ilə otağı şaqqıltının
bürüməsi bir oldu. Top hərləndikcə gilizlər ətrafa səpələndi.
Fətullayev masanın üstə sərildi. Kəsəmənli onun şoralanan qara qan
içində ölmüş sifətinə baxdı və bir göz qırpımında qapıdan çıxıb atın
belinə sıçradı. Dilican dərəsi tərəfə çapdı. Bir də o zaman ayıldı ki,
Naltökən yaylağına çatmışdı. Cilovu çəkdi, atın köpüklənmiş sinəsinə,
sonra da arxasınca gələnlərə baxdı. Kəsəmənli bir səfərə çıxanda,
qaçaq-quldur üstünə gedəndə onu tək buraxmayan milislər indi də onun
yanında idilər. Kabı kişi nəfəsini dərib Noylu bulağın üstündəki
dəyələrə və Halay bəyin çadırına baxdı. Köks ötürüb üzünü yoldaşlarına
çevirdi.
- Gəlin, qayıdın evinizə.
- Biz səni tək qoya bilmərik.
- Mən qayıdası olmayacam. Mənə görə arvad-uşağınızı başsız qoymayın.
Milislər onun sözünə baxmadılar. Birlikdə qaçaqların alaçığına
yaxınlaşdılar. Həsən ağa qabağa yeridi. Halay bəyi görməyəndə
Kəsəmənlinin gözünə baxdı. Bu zabitəli və zəhmli kişinin gözlərində yaş
gilələnmişdi.
- Namərdlərdən qoruya bilmədim. - O, birdən-birə
kişiyə yaraşmayan daxili bir çılğınlıqla hönkürdü. Sakitləşdikdən sonra
hələ də bir şey anlamayan Həsən ağaya dedi. - Yoldaşlarına de,
hazırlaşsınlar. Üstümüzü almamış burdan getməliyik. - O atın üstündən
qanrılıb Noylu bulağa baxdı. Ciyəri yanırdı. Bunu başa düşən bir gəlin
iri qalaylı bir parçı su ilə doldurub ona yaxınlaşdı. Kəsəmənli qabı
götürüb başına çəkdi.
Qaçaqlar atlandılar. Tərpənməzdən əvvəl
zirvəsi qarlı dağlara, güllü-çiçəkli alp çəmənliklərinə, meşədən
qarağat və çiyələk yığan uşaqlara baxdılar. Atları tərpətdilər. Qarşıda
Arazın lilli və boz-bulanıq suları axırdı.