İSMAYIL ŞIXLI
MYƏLLİFDƏN
Hər hansı görkəmli adamın həyatından roman yazmaq mümkün olmadığı kimi, xalqın həyatının istənilən mərhələsindən də böyük bədii əsərlər yazmaq qeyri-mümkündür. O adamların həyatından əsər yazmaq mümkündür ki, bu həyat cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və nəticə e'tibarı ilə fərdi tərcümeyi-hal ictimai tərcümeyi-hala çevrilsin. Xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur. Bu dönüş nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat mərhələlərinə keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə döngələr çox olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir.
Mən "Dəli Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar topladım, hətta əsərin adını da oxuculara çatdırdım. "Qanlı təpə" adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən daşındırdı. Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin ("Dünya qopur", "Dumanlı Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo") təkrarından başqa bir şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.
Lakin son illərdə baş verən hadisələr, məhdudiyyət və qadağaların götürülməsi, baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı məni əsər üzərində yenidən işləməyə sövq etdi və mən yeni roman üzərində işləməyi qərara aldım. Əsərin ruhu və məzmunu tamam yeni oldu, əsərin adı da dəyişdi. Mən romanımı "Ölən dünyam" adlandırdım. Lakin xəstəlik, yazıçı üçün əsas olan gözün görməməsi, yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə edim və həyat yoldaşım Ymidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən Ymidə Şıxlıya öz təşəkkürümü bildirirəm.
Əsəri yazarkən tarixi sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının toplanması və mənə çatdırılmasında böyük zəhmətləri olan gəncəli dostum Tofiq Bağırova, yazıçı Anara və hərb tariximizi, eləcə də generallarımızın həyatını mükəmməl bilən Şəmistan Nəzirliyə dönə-dönə minnətdar olduğumu söyləyirəm.
Həmçinin əl yazmasının hazırlanmasında mənə yaxından kömək edən oğlanlarım Elçin və Fərruxa, eləcə də gəlinlərim Sevinc və Reyhana minnətdaram.
Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm.
10 mart 1995-ci il.
İsmayıl Şıxlı.




ÖLƏN DYNYAM
ROMAN
1-ci fəsil
- 1 -
Həsən ağa eyvanı Kürə baxan evlərinin həyətində odun yarırdı. Havanın sazaq, ətrafın qrov olmasına baxmayaraq enli kürəyinin ortası tərləmişdi. Ələddinin səsini eşidəndə baltanı kötüyə sancıb dikəldi. Gödəkçəsini çiyninə saldı, ağır-ağır doqqaza doğru addımladı.
- Niyə orda durubsan?
- Bəri gəl, sözüm var.
Həsən ağa ona yaxınlaşdı. Salamlaşdılar. Ələddinin gözləri gülürdü.
- Bir şey görmürsən?
Həsən ağa diqqətlə Ələddini başdan-ayağa süzdü. Gördü ki, nişanlanandan bəri üstü-başı səliqəyə düşüb. Gülümsündü.
- Deyəsən qızın eşqi səni sığallaşdırıb?
- Elə bu?
- Bə, nə istəyirsən?
- Yst-başımı demirəm, bir çiynimdəkinə bax.
Həsən ağa yalnız indi qoşalüləni gördü və gözləri maraqdan işıldadı. Bir ovçu hərisliyi ilə əlini uzadıb tüfəngi aldı. Parıldayan qundağına, nə qədər təmizlənsə də, yağı tamam silinməyən lüləsinə baxdı, çaxmağını çəkib bərk-boşluğunu yoxladı. Tətiyi basdı, sonra lüləni işıldayan günə doğru qaldırıb baxdı. Nişan alırmış kimi gözünü qıyıb üzünü qundağa yapışdırdı.
- Hə, necədir?
Həsən ağa tüfəngin ağırlığını bilmək istəyirmiş təkin qoşalüləni əlində samballadı.
- Çox mübarək, havaxt alıbsan?
- Dünən.
- Atmağı necədir, yoxlamısanmı, düzmü nişan alır?
- Elə sənin yanına gəlmişəm ki, gedək yoxlayaq.
Həsən ağanın birdən-birə alışan ovçuluq ehtirası birdən-birə də söndü. Qoşalüləni geri qaytardı.
- Yox, bu gün gedə bilməyəcəm.
- Niyə?
- Qonağım gələcək.
Ələddin dostundan belə cavab gözləmədiyindən bir an duruxdu. O elə zənn edirdi ki, Həsən ağa həmişəki kimi əlüstü razılaşacaq, dərhal patrondaşını, tüfəngini götürüb ona yoldaşlıq edəcəkdi.
- Qonağın nə vaxt gələcək?
- Günortaüstü, ya da axşam tərəfi.
- Eh, ay rəhmətliyin oğlu, onacan on dəfə gedib gələrik. Tez ol, tüfəngini götür.
- Yox, Ələddin, bu dəfə mənsiz get.
- Elə şey yoxdu. Sənsiz ovun nə ləzzəti. - Ələddin dönüb suyu soğulmuş Kürə, cələdəki çılpaq ağaclara, çiləkənlərə, o taydakı meşənin boz qovaqlarına baxdı. - Əsl ov vaxtıdı, hava da havalanıb. Sənin canın üçün ürəyimə damıb, gedən kimi maral vuracayıq, özüm ocaq çatıb kabab çəkəcəm.
Həsən ağanın ovçuluğuna, sərrast güllə atmağına söz ola bilməzdi. Onlar həmişə bir yerdə ova gedər, ocaq çatıb ov əti bişirərdilər. Ələddin də pis ovçu deyildi. Amma özünün əlinə yatan tüfəngi yox idi. Yeznəsindən, tanışlarından aldığı tüfənglər isə, hərdən onun gülləsini boşa çıxarırdı. İndi özünə təzə tüfəng almışdı. Həsən ağa bu cavan oğlanın ürəyindən keçənləri duydu. O, başa düşürdü ki, Ələddin özünü göstərmək istəyir. İstəyir ki, Kürü keçib meşədə axşama qədər dolaşsın, geri dönəndə əli dolu qayıtsın, təzə tüfəngin ilk ovundan - vurduğu qırqovullardan - nişanlısına pay göndərsin, qürrələnsin. Onun özü də cavan olmuşdu. Meşədən qayıdanda kəndin ortasındakı cığırlara sığışmırdı. İstədiyi qızın doqqazlarından keçəndə bilirdi ki, hardasa gizlənib arxasınca baxan var, az qalırdı ayaqları dolaşsın. Axşamüstü bacısı, ya da anası üstünü vurmasalar da, onun ürəyindən keçənləri başa düşür, ovlanan qırqovullardan qonşuya pay göndərirdilər. Bu pay Həsən ağanın deyiklisinin gizlicə ürək döyüntüsünə, yanaqlarının qızarmasına səbəb olurdu. Ertəsi gün isə ona naxışlı yun corab, ya da yanları işləməli dəsmal gəlirdi... Həsən ağa başa düşürdü ki, Ələddin bu saat tüfəngdən çox özünü sınamaq, nişanlısının gözündə ucalmaq istəyir.
- Elə gərək bu gün gedək? Qoy qalsın sabaha. Axşamdan hazırlaşıb o başdan gedərik. Görmürsən gün hara qalxıb? Biz Kürü keçənəcən, gün günortadan əyiləcək.
- Hələ axşama çox var, sözümü yerə salma, özün bilirsən ki, əliboş geriyə qayıda bilmərəm.
Həsən ağa onun eyhamını başa düşdü. Gülümsündü.
- Vallah heç həvəsim yoxdu.
- Başın haqqı, səndən əl çəkən deyiləm, gedək!
Həsən ağa yarı xoş, yarı zor razılıq verdi.

Onlar torpaq yoldan aralanıb, yarğanın qaşındakı cığıra çıxdılar.
Alan hamıdan qabaqda gedir, tez-tez cığırdan çıxıb sirkənlərin arasını dolaşır, ayağını asta-asta basıb yeri imsiləyir, torağayları hürküdür, sonra geri qayıdır, Ələddinin əl-ayağına sürtünürdü. Ələddin itin sevincinə şərik olurmuş kimi onun başını sığallayırdı.
Dikdirə çıxdılar. Həsən ağa ayaq saxlayıb girməyə enən yola baxdı. Birdən bədəni üşürgələndi. Bərkdən asqırdı. Ələddin səsə dönüb baxdı və gördü ki, Həsən ağa dikdirdə dayanıb aşağı enmək istəmir. Ələddin geri qayıtdı.
- Niyə durdun?
- Eşitmədin tək səbir gəldi? - Həsən ağa gözünü Ələddinin üzünə zillədi. Onun baxışlarında bir yalvarış vardı. - Heç ayağım getmir, gəl qayıdaq.
- Ay Həsən qağa, sən də lap məzəli olmusan, tək səbir gələndə nə olar? Belə şeydən ötəri də, adam gerimi qayıdar?
- Bilirəm, sən belə şeylərə inanmırsan, amma mən inanıram. Tək səbir mənə düşmür, mən qayıdıram.
O, doğrudan da geri döndü. Ələddin nə qədər yalvardısa, eşitmək istəmədi. Hətta onun yolunu kəsib qabağında atılıb-düşən Alanı da acıqlanıb qovdu.
- Ay Həsən qağa, bir ayaq saxla, gör nə deyirəm?
Həsən ağa dayandı. Həyəcandan sinəsi qalxıb-enən Ələddinə baxdı.
- Nə deyirsən?
- Bir şərtim var.
- Nə şərt?
- Bax, bu ispiçkanı nişan qoyacam. Əgər birinci gülləyə vura bilsəm, gedirik. Əgər vura bilməsəm, sən deyən olsun, qayıdırıq.
Həsən ağa tərəddüd içində dayandı. Ondan intizarla cavab gözləyən Ələddinə xeyli baxdı. Nə fikirləşdisə, "yaxşı" dedi və köksünü ötürdü. Ələddin quş kimi sıçrayıb aralandı. Yoldan kənarda, sirkənliklərin içindən ucalan qanqalın ucuna kibrit qutusunu taxdı və eyni sür'ətlə geri qayıtdı.
- Burdan nişan alım, yoxsa bir az geri çəkilim?
- Burdan nənəm də vurar, bax, get o dikdirə.
Ələddin deyilən yerə getdi və tüfəngi üzünə qaldırmağı ilə nişanı vurmağı bir oldu.
- İndi nə deyirsən?
- Yaxşı, sən deyən olsun, - deyə Həsən ağa könülsüz cavab verdi və ayağını sürüyə-sürüyə enişə doğru addımladı.
Kürün suyu göz yaşı kimi dumduru idi. Yarğanların dibi, çiləkənlərin ətrafı sırsıra bağlamışdı. Su elə dayazlaşıb, elə şəffaflaşmışdı ki, çayın dibindəki daşlar aydınca görünürdü. Soyuq olmasaydı, adam çərməşib asanlıqla o üzə keçə bilərdi.
Ələddin ulğun kollarının arasındakı qayığı itələyib suya saldı. Hamıdan qabaq Alan atılıb qayığa mindi. Həsən ağa kürəyi götürüb burun tərəfə keçdi. Ələddin çəpi əlinə aldı. İki-üç təkandan sonra Kürü yarı elədilər.
Xəzəl dizə çıxırdı. Qovaqlar, palıdlar, cır meyvə ağacları, saqqız kolları yarpaqlarını töksələr də, bir-birlərinə söykənib sıxlaşmışdılar. Elə bil soyuqdan qorunmaq üçün bir-birlərinə qısılmışdılar. Bircə qızılcıq kolları yarpağını tökməmiş, yaz-yay aylarında olduğu kimi qalınlaşıb fızıllığa dönmüşdülər.
Alan qabaqda gedir, ayaqlarını asta basır, arabir dayanıb qulaqlarını şəkləyir, ətrafı dinşəyirdi. Meşənin dərinliyindən, Qarasu tərəfdən qaz səsi gəlir, qanad səsi eşidilirdi. Birdən Alan dayandı. Yeri imsiləyib geri boylandı və qamışlığa doğru qaçıb marığa yatdı. Həsən ağa qoltuqaltısından güllə çıxardıb tüfəngi doldurdu. Ələddin qabağa, itin yanına getdi. Diqqətlə xəzələ, qamışlığın kənarındakı nəm torpağa baxdı. Əli ilə izi göstərdi.
- Qabandır, indicə keçiblər.
İt izi alıb bir xeyli qamışlığın yaxası boyu getdi. Sonra yana burulub, meşənin dərinliyinə qaçdı.
- Deyəsən, iyi alıb, ehtiyatlı ol, - deyə Həsən ağa pıçıltı ilə göstəriş verdi.
Onlar dizə qədər xəzələ bata-bata, nəfəslərini dərmədən, Alanın dalınca getdilər.
Meşə qalınlaşırdı. Qızılcıq kolları, sarmaşıqlar, ağacların gövdəsinə ilan kimi dolanıb qol-budaq atan tənəklər tez-tez yollarını kəsirdi. Arabir quşlar kollardan pırıltı ilə uçur, qamışlığın o tayında gözdən itirdilər.
Birdən Alanın səsi gəldi; əvvəl kəsik-kəsik, sonra boğuq-boğuq. Ələddin sıçrayıb qabağa atıldı. Alanın xasiyyətini bilirdi: ov görəndə həmişə belə edərdi.
Onlar qamışlığın yanından talaya çıxanda gördülər ki, Alan iri bir qabanı qabağına salıb qovur. Ələddin tüfəngi üzünə qaldırdı, tətiyi çəkdi. İt zingildədi və qızılcıq koluna doğru qaçdı. Onlar özlərini yetirəndə gördülər ki, Alan hürə-hürə qızılcıq kolunun ətrafında fırlanır. İt onları görəndə daha da ürəkləndi və kolluğa cumuldu.
- Murdar kola girib, tez ol, arakəsməyə alaq.
Həsən ağa yerində dayandı. Ələddin qənşər tərəfə keçdi. Qızılcıq kolunu araya aldılar. Çaxmağı çəkib tüfəngləri kolluğa tuşladılar. Barmaqlar tətikdə hazır dayandılar.
Qızılcıq kolu elə qalın idi ki, bu üzündən baxanda o üzünü görmək mümkün deyildi. İtin qovub kola saldığı qaban da, elə Alanın özü də şiniyib hardasa dayanmışdılar. Ovçular da nəfəslərini içəri salmışdılar. Bir balaca şıqqıltı eşidən kimi tətiyi çəkib həmin səmtə güllə atasıydılar.
Həsən ağa kolun dərinliyində it zingiltisi, sonra şıqqıltı eşitdi. Yə'qin etdi ki, Alan qabanın qabağını kəsmişdir. Donuz isə nəfəsini dərib fürsət gözləyir, azacıq keçsə, iti parçalayacaq. Tüfəngini o səmtə hərləyib tətiyi çəkdi. Alan sıçrayıb kolluqdan kənara atıldı. Güllə səsinə diksinən quşlar, ağacın budağındakı qarğalar havaya qalxdılar və uzun zaman civilti səsi qarğa qarıltısına qarışdı. Barıt tüstüsü çəkilməmiş Həsən ağa gördü ki, qaban kolluqdan çıxıb xortlaya-xortlaya qamışlığa qaçdı. Qolları yanına düşdü. O, yə'qin bilirdi ki, gülləsi boşa çıxmayıb. Bəs necə olmuşdu ki, qaban qaçırdı. Alan da görünmürdü. Tüfəngi yerə atdı. Yrəyi səksəkəli halda qızılcıq kolunun başına dolandı və gördü ki, Alanın bədəni titrəyir. İt çaşqın halda gah quyruğunu bulayıb irəli əyilir, gah da geri çəkilib kəsik-kəsik zingildəyirdi.
Ələddin saralmış kolların arasında arxası üstə uzanmışdı. Sinəsindən qan axırdı. Papağı kənara düşmüşdü. Həsən ağanın dizləri qatlandı. Elə bil gözlərinə qaranlıq çökdü. Başı hərləndi. Səldirləyə-səldirləyə Ələddinə yaxınlaşdı. Diz çöküb bir xeyli donmuş kimi, lal-dinməz, qarşısında uzanan Ələddinin önündə dayandı. Elə bil onun nitqi tutulmuş, damarlarında qan donmuş, gözlərinə tor gəlmişdi. Nə dillənə bilirdi, nə də tərpənə. Xeyli gözlədi. Sonra titrək əlləri ilə xəzəli, otları kənara atdı. Ələddinin hələ də tüfəngin tətiyində olan barmağını araladı. Onu qucağına alıb kolluqdan kənara çəkdi. Bir xeyli nə edəcəyini bilmədən beləcə dayandı. Sonra Ələddini yenidən xəzəlin üstünə uzatdı. Nəfəsi daraldı. Hövllə dartıb yaxasını açdı. Pencəyinin, köynəyinin düymələri vızıltı ilə ətrafa səpələndi. Boğazına yığılmış göz yaşlarını uddu. Ələddinin başını qaldırıb dizinin üstünə qoydu. Onun da pencəyinin, köynəyinin yaxasını açdı. Əli isti qana bulandı. Boğula-boğula:"Mənim evimi niyə yıxdın, - dedi, - indi mən nə edim, camaata nə cavab verim, sizinkilərin üzünə necə baxım, a zalım balası? Ay bədbəxt oğlu, bədbəxt, özünü də, məni də niyə bədbəxt elədin? Sənə demədimmi tək səbir gəldi, gəl qayıdaq. İndi mən başıma haranın daşını töküm?!".
Ələddin elə bil bu sözləri eşitdi. Gözlərində işartı sezildi. Dodaqları tərpəndi. Səsi güclə eşidildi.
- Səndə nə günah var, ay Həsən qağa, görünür əcəl məni çəkirmiş.
Ələddinin bədənindən gizilti keçdi. Bu giziltidən qolları, qılçaları gərildi və birdən süstləşib boşaldı. Həsən ağa onu qucaqlayıb hönkürdü. Başa düşdü ki, Ələddin canını tapşırdı. Diqqətlə gözlərinə baxdı. Telini sığalladı, əlini üzündə gəzdirdi.
Beləcə, meyit qucağında nə qədər dayandığını bilmədi. Havanın qaralıb günün yaxdığından, axşamın düşdüyündən xəbəri olmadı. Bir də o vaxt ayıldı ki, meşəyə qaranlıq çökür. Özünə toxtaxlıq verdi. Meyidi ehmalca yerə, qırovlanmış xəzəlin üstünə qoydu. Meyidin ayaqlarını, qollarını düzəltdi, gözlərini sığadı, papağını gətirib başının altına qoydu. Bundan sonra qamətini düzəldib dikəldi. Sazaq başlamışdı. Meşə sükuta qərq olmuşdu.
- 2 -
Həsən ağa ətrafa səpələnmiş quru budaqlardan bir qucaq yığdı, gətirib meyidin yanında yerə tökdü. Əlləri əsə-əsə ciblərini axtardı. Kibrit çıxardıb ocaq qaladı. Meşəyə qızıl dilli alovun işığı yayıldı. Sonra iri bir kötüyü sürüyüb ocağa qoydu. Bir xeyli çatırtıyla yanan odunlara baxdı.
Alan yerə yatdı. Qabaq ayaqlarının üstündə, xəzəli xışıldada-xışıldada, zingildəyə-zingildəyə meyidin bərabərinə qədər süründü. Onu imsilədi və birdən dik atılıb geri sıçradı. Həsən ağa dolmuşdu. Başını əlləri arasına alıb, için-için, korun-korun ağladı. Elə bil Alan bunu başa düşdü. Ulamasına ara verib təzədən yerə yatdı. Bu dəfə sürünə-sürünə Həsən ağaya yaxınlaşdı. İtin zingiltisini eşidən kişi əlini onun başına çəkdi. İt özünə həyan tapmış kimi sivişib ona lap yaxınlaşdı. Quyruğunu buladı, Həsən ağanın bədəninə qısıldı. Hər ikisi titrəyirdi. Həsən ağa itin bu hərəkətindən ürəkləndi, özünə həmdərd tapmış kimi oldu. Bədəninin titrəməsi azaldı. Əlini əsim-əsim əsən Alanın başına çəkdi. "İndi nə eləyək, Alan, bu dərdi kimə söyləyək? Özün gördün ki, məndə günah olmadı, bədbəxt oğlunu əcəl çəkib bura gətirdi! Özünün də evini yıxdı, mənim də. İndi mənə kim inanacaq?". Kişinin yanaqlarından yaş yuvarlandı. Elə bil Alan da ağlayırdı, ocağın işığında gözləri parıldayırdı.
Xeyli beləcə oturdular. Sonra Həsən ağa astaca ayağa durdu. Tüfəngləri götürüb qamətini düzəltdi. Bir xeyli çatırtı ilə yanan ocağa, alovun işığında uzanmış Ələddinin sifətinə baxdı. Köksünü ötürüb asta addımlarla uzaqlaşmağa başladı. İt də durdu. Quyruğunu qısıb yazıq-yazıq boylandı. Həsən ağa geri döndü. Gözləri Alanın gözlərinə sataşdı və gördü ki, itin üzündə, gözlərinin altı bərabərində, iki sulu zolaq işıldayır. Onu yenidən qəhər boğdu:"Sən burda qalarsan, yaxşımı, Alan, Ələddini meşədə tək qoymaq olmaz.Onun yanında, ocağın qırağında oturarsan. Qoymazsan qurd-quş yaxın gələ, yaxşımı? Mən də gedim kəndə görüm neyləyirəm, başıma haranın daşını salıram". Alan elə bil deyilənləri başa düşdü. Bir ocağın işığında aydın görünən meyidə, bir də Həsən ağaya baxdı. Çömbəldi. Həsən ağa qaranlıqda gözdən itəndən sonra ağzını göyə tutub, acı-acı uladı.
Meşə sakitləşmişdi. Nə quş səsi eşidilirdi, nə də qanad şaqqıltısı. Hərdən bir adamın ətini ürpəşdirən bayquş ulaması olmasaydı və Kürün qıjıltısı aydınlaşmasaydı, insan mürgüləyən meşədə vahimələnib ölərdi.
Həsən ağa şaxtadan donmuş xəzəl və quru ağac budaqlarını ayaqlaya-ayaqlaya sahilə doğru addımlayırdı. Hələ özünə gəlməmişdi. Hara gedəcəyini, nə edəcəyini bilmirdi. Bilmirdi ki, əvvəl öz evinə getsin, yoxsa qardaşıgilə. Dərdini əvvəl anasına açsın, yoxsa arvadlar üz-gözlərini cırıb saçlarını yolduqdan sonra onu aralığa alıb didim-didim edəcəkdilər? Heç nə anlamır, heç nə başa düşə bilmirdi...
Birdən qabaqdan şıqqıltı və at fınxırtısı eşidildi. Həsən ağa diksindi, amma yoldan çıxmadı. Özgə vaxt olsaydı, sıçrayıb ağacın dalına keçər, tüfəngi hərləyib əlinə alar, çaxmağı çəkib gülləni lüləyə verər və barmağı tətikdə gözləyərdi. Amma indi elə bil heç nə görmədi. Başını aşağı salıb xəzəli xışıldada-xışıldada yoluna davam etdi. At bir də fınxırdı. Çaxmaq şaqqıldadı və boğuq səs eşidildi:
- Ayə, kimsən?
- Mənəm.
Şəmiddin ağa qardaşının səsini tanıyıb atdan düşdü.
- Nə olub?
Həsən ağa dinmədi. Şəmiddin ağa gördü ki, qardaşı büzüşüb. Elə bil onun enli kürəyi, geniş sinəsi qatlanmış, beli də əyilmişdi. Şəmiddin ağa ətrafa boylandı.
- Bə Ələddin hanı?
Həsən ağa dinmədi. Bilmədi sözə nədən və necə başlasın, əhvalatı qardaşına nə təhər başa salsın.
- Heç Alan da gözümə dəymir. Bə, ova gəlməmişdiniz?
- Kaş qılçalarım qırılaydı, heç gəlməyəydik.
- Ə, bir düzəməlli danış görüm nə olub?
- Əlimdən xata çıxdı, bədbəxt oğlunu öldürdüm.
- Ə, nə danışdığındı?
Şəmiddin ağanın boğazı qurudu, udquna-udquna qaldı. Nə qədər çalışdısa, sözünün dalını gətirə bilmədi.
- Vallah heç özüm də bilmədim necə oldu?
- Bə meyid hanı?
- Orda, ocağın qırağındadır.
Şəmiddin ağa meşənin dərinliyində qızaran qızılcıq koluna baxdı. Başa düşdü ki, qardaşı meyidə qurd-quş yaxın gəlməsin deyə ocaq qalayıb. İndi canavarın kürsək vaxtı idi. Sürü ilə gəzir və əllərinə keçəni dağıdırdılar.
- İndi nə eləmək istəyirsən?
- Bilmirəm.
- Yaxşı, arvad kimi hönkürmə! Kişinin başına iş gələr, əlindən xata da çıxar, adam öldürüb zindana da düşər.
Qardaşının acıqlı səsi elə bil Həsən ağanı özünə gətirdi. Əlinin arxası ilə gözünü silib dirçəldi. Şəmiddin ağa atını yedəkləyib qabağa düşdü. İri addımlarla işıq gələn tərəfə yeridi.
Alan çənəsini biləklərinin üstünə qoyub meyidin yanında uzanmışdı. Xəzəl xışıltısı və at fınxırtısı eşidən kimi dik atıldı. At onu görən təkin oxrandı. Alan iki-üç sıçrayışla özünü onların üstünə saldı. İt atı, at da iti imsilədi. Alan sahibinin ayaqlarına dolaşdı, quyruğunu bulayıb şırvandı. Birdən nəyisə xatırlamış kimi dayandı. Ağzını göyə tutub acı-acı uladı. At da onun səsinə səs verdi. Ayaqlarını yerə döyüb kişnədi.
Şəmiddin ağa meyidə yaxınlaşdı. Diz çöküb ocaq işığında ala-bula görünən sifətinə baxdı. Əlini meyidin üzünə çəkdi. Onun təzə pencəyinə, təzə şalvarına, təzə çəkmələrinə təfərrinc etdi. "Zalım balası elə bil toya yox, ölümə hazırlaşırmış", - deyə ürəyindən keçirdi. Düz bir ay qabaq Ələddini özü şəhərə aparmışdı. Gəlinə də, Ələddinə də paltarları özü almışdı. Elçiliyə də özü getmişdi. Ələddin onun gözü qabağında böyümüşdü, onu doğma balası kimi istəyirdi. Düz bir həftədən sonra toyunu edəcəkdilər. Çıraq uşağı da, Alqazaxlılar da məsləhətləşmişdilər ki, mahalın ən mahir zurnaçısı Hümməti gətirsinlər, hətta beh də vermişdilər. Aşıq Qarnet də bığını eşə-eşə sazını kökləyib gözləyirdi. Qohum-əqrəba, kəndin bütün qız-gəlini əllərinə xına yaxıb oynamağa hazırlaşırdılar. Şəmiddin ağa kövrəldi. Ayağa durdu. Atın cilovundan yapışdı. Büzüşən qardaşına baxdı.
- Sən burda qal.
Sıçrayıb atın belinə qalxdı. Yüyəni dartıb Kürə doğru çapdı. Alan da onun dalınca getdi. Amma beş-on addım atmamış zingildəyib dayandı. Gah qaranlıqda gözdən itməkdə olan atlıya baxdı, gah da öləziməkdə olan ocağın qırağında dayanan qaraltıya. Xeyli tərəddüddən sonra quyruğunu qısıb zingildəyə-zingildəyə geri qayıtdı. Meyidin yanına uzanıb başını biləklərinə söykədi.
- 3 -
Şəmiddin ağa atı birbaş qardaşıgilə sürdü. Zəncirdən açılmış itlər onu az qala yəhərdən salacaqdılar. Amma kişinin tanış səsini eşidib dayandılar. O, atı həyətə çəkdi. Talvarın altında yüyəni dirəyə bağladı. Pillələri qalxıb, birbaş anasının otağına keçdi. Güllü xanım içərisi başdan-başa gəbə ilə döşənmiş evin yuxarı başında döşəkçənin üstündə oturub yastığa dirsəklənmişdi. Qabağında çay vardı. Dəmir soba gurhagurla yanırdı. Şəmiddin ağa içəri girən kimi kəkotu çayının ətrini duydu. Qapının ağzında bir az ayaq saxladı, sonra ürkək addımlarla anasına yaxınlaşdı. Otuzluq çırağın işığında sifəti aydın görünən anasının gözlərindəki qəzəb qarışıq suala fikir vermədən, qarşısında diz çöküb əlindən öpdü; arvad da oğlunun alnından. Şəmiddin ağa xeyli beləcə, anasının önündə dizi üstə qadı və yalnız o, işarə edəndən sonra böyründə bardaş qurub oturdu. Arvadın adəti idi: özü çağırmamış heç kəs cəsarət edib icazəsiz onun otağına girə bilməzdi; o handa da yanında oturmaq ola.
Otağa sükut çökdü. Gurhagurla yanan dəmir sobadakı odunların çatırtısı daha aydın eşidilməyə başladı. Qapağın deşiklərindən süzülüb düşən işıq zolaqları gəbələrin üstündə çarpazlaşıb titrəşdi. Güllü xanım başını qaldırıb oğlunun üzünə baxmadan asta-asta çayını içdi və yə'qin etdi ki, oğlu onun yanına boş-boşuna gəlməyib.
Qapı azacıq aralandı. Güllü xanım tərs-tərs, zəhmlə necə baxdısa gəlin gəlməyinə peşiman oldu və kölgə kimi yox oldu. Şəmiddin ağa başa düşdü ki, anası hirslidi, nəyəsə acıqlanıb, bəlkə də onun çağırılmamış gəlməyinə qəzəblənib? Bəlkə ürəyinə nəsə damıb? Arvadın qaş-qabağı bulud kimi tutulmuşdu. Özü yağıb boşalmasa, ona toxunmaq olmazdı. Nəhayət, Güllü xanım gözünü hərləyib oğlunun üzünə baxdı.
- Nə olub, bu gecə vaxtı gəlməyin xeyirdimi?
Arvadın zəhmli səsi fikir götürmüş Şəmiddin ağanı diksindirdi.
- Yox, ay ana, xeyir deyil, başımıza iş gəlib, yanına məsləhətə gəlmişəm.
- Nə iş?
Arvadın təəccüb və təşviş dolu bu sualı verməyi ilə dirçəlməsi və yanındakı əsanı əlinə almağı bir oldu. Şəmiddin ağa vahimələndi. Ona elə gəldi ki, anası uşaq vaxtlarında olduğu kimi onu döyəcək.
- Həsən ağanın əlindən xata çıxıb.
- Nə xata?
- Adam öldürüb.
- Kimi?
- Ələddini.
- Harda?
- O tayda, meşədə.
Güllü xanım elə bil sakitləşdi. Yerini döşəkçənin üstündə rahatlayıb yenidən yastığa dirsəkləndi. Boş stəkanı geri itələdi. Nəlbəki cingildədi. Gəlin elə bil qonşu otaqda bunu eşitdi və qayınanasının ürəyindən keçəni duydu. Qapını aralayıb səssiz addımlarla arvada yaxınlaşdı. Boş stəkanı götürdü. Bir göz qırpımında təzə çayla geri qayıtdı. Güllü xanım yenidən asta-asta çayını içdi.
- Qönçə bilirmi?
- Yox, səndən başqa heç kəsə deməmişəm.
- Yaxşı eləyibsən.
İl qədər uzun görünən bir-neçə an da gəlib keçdi.
- Dur, arabanı qoş, uşaqlardan da götür, get meyidi gətir.
- Hara?
- Sözümü kəsmə! - Arvad dönüb tərs-tərs oğlunun üzünə baxdı. - Birbaş bizim həyətə. Xatanı biz etmişik, altından da biz çıxmalıyıq.
Şəmiddin ağa ayağa durdu. Əlini qapının dəstəyinə uzatmazdan əvvəl dönüb anasına baxdı.
- Bə, Həsən ağa neyləsin?
- Meyidlə bərabər evə gəlsin!
Oğlu gedəndən sonra Güllü xanım ayağa durdu. Başı tavandan asılmış otuzluq çırağa toxundu. Ləngərlənən çırağın kölgəsi divarda, pəncərə taxtalarında, döşəmə və tavanda vahiməli hoyullalar kimi dolaşdı. Arvad on dörd taxtalı uzun donunun qırçınlarını, belinin büzməsini sığalladı, qara atlas qoftasının yaxasını yoxladı, iki qatar butalı qızıl düzülmüş qara məxmər baş çəkisini düzəltdi, bənövşəyi yelənli qara kalağayısını gözünün üstə dartdı. Qoftasının altından bağladığı qurşağa əl gəzdirdi, naqanın yerində olub-olmadığını yoxladı və əsanı əlinə alıb orta divarı bir-iki dəfə taqqıldatdı. Gəlin qapıda göründü.
- Qönçəni bura çağır.
Arvadın zəhmli səsi ərinin ovdan gec qayıtmasından və qaynı Şəmiddin ağanın anası ilə pıçıldaşmasından sonra arabanı qoşub tələsik getməsindən ürəyi uçunan gəlini daha da vahimələndirdi. Ağzını açıb nəsə soruşmaq istədi. Amma qayınanasının zəhmli nəzərlərini üzündə duyub, dinməzcə geri çəkildi. Güllü xanım bir az aralı qalmış pəncərə taxtalarını kip bağladı, əsası ilə dəmir sobanın qapağını örtdü, otuzluq çırağın fitilini aşağı çəkdi. Otağın işığı azaldı və içəri alaqaranlıq oldu. Bundan sonra keçib yerində, döşəkçənin üstündə oturdu.
- 4 -
Güllü xanım Çıraqlılar nəslini çox yaxşı tanıyırdı. Hələ bu evə gəlin gəlməzdən əvvəl, döşü-başı yenicə çıxıb qız həddinə düşən vaxt gördüyü bir əhvalatı yadına salanda indi də başının tükü qarsıyıb yumağa dönür.
Naltökən yaylağına getmişdilər. Noylu bulağın üst tərəfində, yaşıl döşdə, məhəllə-məhəllə dəyə tikmişdilər. Gün çıtdayan kimi sığırçılar mal-qaranı haylayıb örüşə aparırdılar. Qız-gəlin isə Noylu bulağın üstünə tökülür, əl-üzlərini yuyub sığallanır, sonra da sənəklərini diş göynədən bumbuz su ilə doldurub dəyələrə qayıdırdılar. Mal-qara örüşdən qayıdana qədər samovar qaynayır, çay dəmlənir, stəkan-nəlbəki dəyənin içində açılmış süfrəyə düzülürdü. Səhər tezdən qoyun-quzuya baş çəkməyə gedən atlı kişilər binələrə qayıdanda hər şey hazır olurdu.
Güllügilin dəyəsi Ömər koxagilin dəyəsinə yaxın idi. Ömər koxa enli kürəkli, uzun, qalın saqqallı bir kişi idi. Başına saçaqlı papaq qoyardı. Uzun arxalığının altından belinə enli qurşaq bağlardı. İri gümüş xəncəri vardı. Güllü göz qoymuşdu: kişi hər səhər örüşdən sağına qayıdan mal-qara ilə birlikdə gəlir, dəyənin qabağında atdan düşür, xalxalda fırlanan qoç Ömər koxanı görən kimi sahibinin yanına qaçır, başını aşağı salıb kişiyə hücuma keçirdi. Ömər koxa onun buruq-buruq iri buynuzundan yapışıb boynunu qanırırdı. Beləcə xeyli oynadıqdan sonra qoç xalxala qayıdır, Ömər koxa isə alaçığa girirdi. Güllü bir-neçə dəfə gəlinlərə qoşulub ona qulluq da etmişdi. Görmüşdü ki, kişi pörtdəmə bişirilmiş bir quzunun yarım şaqqasını sarımsaqlı qatıqla yedikdən sonra üstündən bir cəm ərinmiş yağla bal içmiş, sonra da yasdığa dirsəklənərək çay istəmişdi. Güllü bir-iki dəfə gəlinlərdən qabağa düşüb ona çay vermişdi. Deyəsən kişinin də qızdan xoşu gəlirdi. Onu "A Güllü-pullu qızım, günün ağ olsun, bir stəkan çay ver", - deyə buyurmuşdu da.
Ömər koxanın Şamil adlı bir oğlu da vardı. Bığ yeri yenicə tərləyirdi. Güllü hiss etmişdi ki, nədənsə özü də bilmədən Şamili görəndə ayaqları dolaşır, ürəyi guppuldayırdı. Tez qaçıb dəyələrin arasında gizlənirdi. Hətta bir-iki dəfə özünə gülməyi də tutmuşdu. Yrəyindən keçirmişdi ki, adamın Ömər koxa kimi bir qayınatası ola.
Bir gün el dağdan arana köçməzdən xeyli əvvəl arvadlar xısınlaşmağa başladılar ki, Ömər koxa kiçik gəlinini öldürəcək. Gəlin alt tumanını itirib. Bu, biabırçılıq idi. Qızın ya gəlinin alt tumanını itirməsi, namusunu itirməsi demək idi. Namusunu itirənin eybini isə yalnız qara torpaq örtməli idi.
Yazıq gəlinin gəzmədiyi yer qalmamışdı. Dəyənin içini ələk-vələk eləmişdi: yorğan-döşəyin arasını, keçələrin-kilimlərin altını, çətənlərin dalını, nəmilərin, tejənlərin içini belə axtarmışdı. Tuman bir parça yağlı əppəyə dönüb cinbata çəkilmişdi. "Kaş qollarım sınaydı, o gün paltar yumayaydım, tuman-köynəyə əl vurmayaydım. Axı, mən gecə, heç kəs görməsin deyə, paltarı dəyənin böyrünə, ipin üstünə sərmişdim. Hamıdan qabaq durub, gecə sazağından təpimiş paltarı yığanda gördüm ki, tuman yoxdu. Bu nə təhər şeydi? Oğru gəlsəydi, paltarın hamısını aparardı. Bir də paltar oğrunun nəyinə lazımdı? Onlar gələndə at çapıb ilxı qovur, sürü aparırdılar. Yox, bu, namusa sataşmaqdı. Görünür, kiminsə bizimkilərlə düşmənçiliyi var, haqq-hesab çəkirlər. Başım batsın, boynum sınsın, öləsiyəm". Kişi də gözə görünmürdü, gəlin də. Gəlin dəyənin bir küncünə qısılıb için-için ağlayırdı, kişi isə alaçıqda, döşəkçənin üstünə uzanıb hoylundan gəhildəyirdi.
Bir axşamüstü Güllü qorxa-qorxa dəyəyə yaxınlaşdı. Çətənin arasından içəri boylandı. Astadan gəlini çağırdı.
- Bir bəri dur, sözüm var. Bibim deyir ki, dünən səhərin ala toranında gördüm ki, camış nəsə yeyir. Bəlkə üzülmüşün yediyi elə həmin şeydi.
Güllü kölgə kimi çəkilib getdi. Gəlin donub qaldı. Gözünün yaşı qurudu. Amma bilmədi bu sözü kimə və necə desin.
Ömər koxa Güllünün sinə-sinə gəldiyini və getdiyini görmüşdü. Amma gəlinə nə dediyini eşitməmişdi. Ancaq ürəyinə dammışdı ki, nəsə qızda bir xəbər var.
Dalınca uşaq yolladı. Güllü gəldi. Qorxusundan alaçığa girmədi. Ömər koxa səsinə mülayimlik verdi.
- Gəl görüm, Güllü-pullu qızım, səndən söz soruşacam.
Qız içəri girdi. Titim-titim titrəyirdi. Ömər koxanı heç belə heybətli görməmişdi.
- Bayaq dəyənin böyründə gəlinə dediyin nəydi?
Güllü dili-dodağı təpimiş halda bildiklərini söylədi və gördü ki, kişinin qan sağılmış gözləri elə bil işıqlandı, deyəsən sifəti də açıldı, dodaqlarında gülüşə bənzər bir şey sezildi.
- Çox sağ ol, qızım.
Güllü bu sözləri icazə kimi başa düşüb alaçıqdan çıxdı.
Ömər koxa dərhal ayağa durdu. Alaçıqdan çıxıb xalxala yaxınlaşdı. Onun beş sağmal camışı vardı, bir də ərəmiyi. Onların yan-yörəsinə dolandı, yatıb gövşəyənlərini ayağa qaldırdı. Təfərrinclə yanlarına, qarınlarına baxdı, əlini iri xəncərin dəstəyinə uzatdı, amma nə fikirləşdisə, əl saxladı. Asta addımlarla alaçığa qayıtdı. Elə pallı-paltarlı döşəkçənin üstünə uzandı. Düz iki gün idi, qoymurdu ki, çırağı yandırsınlar. İki gün idi ki, dilinə çörək də dəymirdi. Qorxudan yanına gələn də yox idi. Amma indi içini arıtlayıb, bir-iki dəfə öskürdü. Qonşu dəyədə hərəkət başladı, kişiyə çay-çörək gətirdilər.
Səhər tezdən, gün yenicə çıtdayıb mal-qara örüşə haylananda Ömər koxa camışları qoymadı xalxaldan çıxartsınlar. Onun işarəsi ilə camışlardan birini gətirib, dərənin dikdirində boğazladılar. Dərisini soymadan qarnını yardılar, mədəsini, bağırsaqlarını bayıra tökdülər. Hər şeyi doğram-doğram elədilər. Heç nə başa düşməsələr də, nökərlər kişinin göstərişi ilə ikinci camışı gətirdilər. Onu da birinci kimi boğazlayıb doğradılar. Ömər koxanın üzü tunc kimi bozardı. Qalın qaşları pırpızlandı və gözləri qan çanağına döndü. Əlini xəncərin dəstəyinə uzadıb tiyəni yarıyıcan qından siyirdi.
- O birini gətirin!
Nökərlər xalxaldan ərəmiyi gətirdilər. Camış öləcəyini başa düşmüş kimi başını dik tutub mələdi. Amma onu qomarğalayıb dərənin qaşına gətirdilər. Ərəmik kəsilmiş başları və laxtalanmış qanı görən kimi iri buynuzu ilə ətrafındakıları dağıdıb aradan çıxmaq istədi. Amma gözünü açmamış kəməndə salıb boynunu qanırdılar. Dizini yerə gətirib ayaqlarını çatdılar, xəncəri boğazına çəkdilər, qarnını yardılar, içini bayıra töküb doğradılar və birdən xəncər bir əski parçasına dəydi. Ömər koxa dərindən nəfəs alıb, bayaqdan qınından yarıyacan siyirdiyi xəncəri şaqqıltı ilə qınına qoydu.
- Bəsdi!
Nökərlər əl saxladılar.
- O əskini mənə verin!
Heç nə başa düşməsələr də, dinməz-söyləməz deyilənə itaət etdilər. Ömər koxa alaçığa yaxınlaşanda geri döndü.
- O leşləri doğrayıb, itlərin qabağına tökün!
Alaçığa gələn kimi gəlini çağırtdırdı. Əlindəki əskini əsim-əsim əsən gəlinin başına çırpdı və qulağının dibinə dalbadal iki sillə çəkdi.
- Köpək qızı, tumanını belində saxlaya bilməyən gəlin mənə lazım deyil, rədd ol mənim evimdən!
Elə o gecə gəlini atası evinə yola saldılar. El yaylaqdan arana dönəndən bir az sonra isə onun meyidini Gəmi qayanın alt tərəfindən çiləkənin yanından tapdılar.
Aylar dolandı, illər keçdi, Güllü Alqazaxlıların gəlini oldu, oğul-uşaq böyütdü. Balacalıqdan ürəyində nisgil kimi qalmış bir arzu sonradan Çıraq oğlu Şamilin qızı Qönçəni görəndə cücərdi. "Özüm ona gedə bilmədim, Ömər koxanın zəhmindən zəhrim yarıldı, indi onun nəvəsini oğluma alıb qohum olacam", - deyə ürəyindən keçirdi və əri ilə məsləhətləşdi. Bir aydan sonra cah-cəlalla toy edib Qönçəni oğlu Şəmistan ağaya gəlin gətirdi.

- 5 -
Qönçə xanımın birdən-birə ürəyi sıxıldı. İçəridə otura bilməyib yönü Kürə baxan evin eyvanına çıxdı. Əlini gözünün üstə qoyub yarğanın qaşıboyu uzanaraq sahilə, girmənin bərabərinə enən araba yoluna baxdı. Heç kəs görünmürdü. Hava qaralmışdı. Qaranlıq qarışdığından Kürün qıjıltısı daha aydın eşidilirdi. O taydakı meşə vahiməli görünürdü. Arvad eyvandan aşağı endi, həyətin o başındakı samanlığın belinə qalxdı, əlini gözünün üstünə qoyub cığırlara baxdı. "Görəsən harda qaldılar? Heç belə ləngiməzdilər. Günün qulağı yaxmamış gəmini sallayıb girmədən bəri çıxardılar. Amma indi qaranlıq qarışmış, əl-ayaq yığşırılmışdı. Onlardansa səs-səmir yox idi". Qönçə xanımın bədəni titrədi, ürəyi az qaldı sinəsindən çıxsın. "Mənə nə oldu? - deyə özünü danladı - ağlıma gələn dağlara-daşlara". Geri qayıtdı. Başını qatmaq üçün içəri girdi. Sonra mis samovarı doldurub bayıra gətirdi, odluğuna köz saldı, üstündən kıxmıq tökdü və alışana qədər gözlədi.
Səhər tezdən qardaşı Ələddin qara damların arasındakı cığırla çiynində qoşalülə iki yanını basa-basa gəlib onların həyətindəki rus ağacının dibində dayanmışdı. Hənirtiyə həyətə çıxan Qönçə xanım bir xeyli heyranlıqla qardaşının yanakı qoyduğu papağına, əyninə kip yapışan gödəkçəsinə, qara məxmər şalvarına, günün işıltısında burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli baxmışdı. Ələddinin boyu uca, çiyinləri enli idi. Beli elə bil üzükdən keçəcəkdi.
- Dərdin alım, orda niyə durubsan, bəri gəlsənə?
- Yox, ay bacı, tələsirəm, gedəcəm.
Qönçə xanım sürüşüb çiyninə düşmüş kəlağayısını düzəltdi, beli büzməli qırçınlı donunun qırışığını sığalladı və eyvandan endi, asta addımlarla gəlib qardaşı ilə üzbəüz dayandı.
- Xeyirdimi, hara belə?
- O taya, meşəyə.
Ələddin qoşalüləsini çiynindən götürüb əlinə aldı. Zağlı tüfəngin qundağı, lüləsi parıldadı. Bacısı başa düşdü ki, qardaşı təzə aldığı ov tüfəngini ona göstərmək istəyir.
- Kimnən gedirsən?
- Həsən ağayla.
Qönçə xanımın qaşları çatıldı. Təfərrinclə qardaşını təpədən dırnağa süzdü, sonra qaynı Həsən ağanı gözünün qabağına gətirdi. Son vaxtlar onlar meşəyə - ova qoşa gedər, qoşa da gələrdilər. Heç vaxt da əliboş qayıtmazdılar. Maral, qaban rastlarına gəlməsə də, qırqovul tapardılar. Ələddin həmişə bacısından yeznəsinin tüfəngini alardı. Arvad bir də qardaşının boyuna baxdı və birdən ürəyi elə çırpındı ki, az qaldı nəfəsi təngisin, hiss etdi ki, qan üzünə vurdu. Altdan yuxarı qardaşının üzünə baxdı və ürəyindən keçirdi ki, onu getməyə qoymasın, desin ki, a bala, hava da deyəsən bulaşacaq, geri qayıt, yıxıl otur evdə, qurdda-quşda nə işin var, qan-qarğışdır. O, istəmirdi ki, yenicə nişan taxdıqları qardaşı əlini qana bulasın.
- Bəlkə bu gün getməyəsən.
- Yox, ay bacı, boynuma düşüb, gərək gedəm. Bir də, - o, tüfəngini əlində oynatdı. - Heç atmamışam, yoxlamaq istəyirəm.
Qönçə xanım qardaşının sifətindəki qətiyyətdən yumşaldı.
- Nə deyirəm, özün bilən yaxşıdı. Bə bizə...
Ələddin bacısının sözünü kəsdi.
- Alanı da özümlə aparmaq istəyirəm.
Bayaqdan kənarda, çənəsini biləklərinin üstünə qoyub uzanan it adını eşidən kimi dirçəldi, qulaqlarını şəklədi, haraya isə gedəcəyini hiss edib zingildədi.
- Apar, ağrın alım, amma tez qayıdın, axşama qalmayın.
Ələddin Alanı çağırdı. İt sıçrayıb, onun yanına gəldi. Atılıb əlini imsilədi, burnunu tüfəngin qundağına sürtdü, quyruğunu bulayıb şırvandı və yola çıxdı. Orada bir-iki dəfə hürdü. Ələddin başa düşdü ki, Alan onu çağırır. Gülümsündü. Tüfəngin qayışını çiyninə aşırıb getmək istədi. Elə bu vaxt Qönçə xanım qardaşının boynuna sarıldı.
- Sənə nə oldu, ay bacı?
- Heç özüm də bilmirəm, ağrın alım. - Kəlağayının ucu ilə gözünün nəmini sildi. - Yolundan qalma, get.
Ələddin iki yanını basa-basa, cığırla yarğanın başındakı evə doğru addımladı...
Qönçə xanım çaynik gətirdi, içinə quru çay tökdü, üstünə qaynar su aldı və dəmkeşin üstünə qoydu ki, dəmlənsin. Əlləri əsirdi. Nə qədər çalışsa da, sakitləşə bilmirdi. Bir istədi doqqaza çıxsın, qaynı arvadını səsləyib Həsən ağanı soruşsun. Amma nədənsə yerindən tərpənmədi. Donunun ətəyi ilə samovarın qulpundan tutub eyvana qalxmaq istədi. Elə bu vaxt suların qıjıltısı arasından acı bir ulartı eşitdi. Ona elə gəldi ki, ulayan hardasa tək qalmış yalquzaq canavardı. "Murdar yenə ziyanlıq edəcək", - deyə düşündü və pillələri qalxmağa başladı.
- Çırağı niyə yandırmayıbsan?
Arvad diksindi. Dönüb həyətə yenicə girmiş, hələ də atdan enməyən ərinin üzünə baxdı. Elə bu vaxt ulartı yenidən eşidildi. Qönçə xanım samovar əlində pilləkəndə donub qaldı. Dinlədi və başa düşdü ki, bu ulama canavar ulaması deyil. Ulayan it idi. Özü də elə acı-acı, elə vahiməli ulayırdı ki, elə bil darda qalmış adamdı, haray salıb bütün dünyanı köməyə çağırırdı. Birdən arvadın üzünə qan vurdu. Saçlarının dibinə elə bil qor doldu. Əlindəki samovarı gurultu ilə yerə saldı. Ayağının pöşülənməsini hiss etmədi. Səldirəyə-səldirəyə, dili-dodağı təpimiş halda özünü hələ də atdan düşməmiş ərinin üsütünə saldı.
- Deyəsən atamın evi yıxılıb, a kişi, bir qulaq as, gör ulayan bizim itdimi?
Şəmistan ağa hələ yolda ikən itin ulamasını eşitmiş və Alanın səsini tanımışdı, sümüyü eymənmişdi. Amma özünə toxtaqlıq verib arvadına acıqlandı.
- Qaraçı harayı salma görək, it ulayanda nə olar?
- İtin ulaması pis şeydi, a kişi, it ulayanda ziyanlıq olur.
- Ağzını xeyirliyə aç!
Şəmistan ağa yəhərdən enmədi. Atın başını qanırıb doqqaza çıxdı və bir baş Kürə doğru çapdı. Qönçə xanım əli ürəyinin üstündə atın ayaq tappıltısı eşidilməz olana qədər həyətin ortasında qaldı.
Aradan nə qədər keçdiyini bilmədi. Gah eyvana çıxdı, gak samanlığın üstünə. Hər şıqqıltını, hər səsi dinlədi. Əli qoynunda yollara boylandı, gözü zülmət qaranlığa zillənmiş qaldı.
Doqqazda qaraltı göründü.
- Qönçə xala, nənəm səni çağırır.
Arvad diksindi. Samanlığın üstündən enib, eyvana qalxdı. İsti yun şalı çiyninə saldı. Ayaqları dolaşa-dolaşa doqqaza getdi. Bütün yolboyu xəyalında dağı arana köçürdü, aranı da dağa. "Yrəyimə damıb, gədənin başında qaranlıq var. Yoxsa arvad məni çağırmazdı. İndi mən nə edim? Ay allah, ey yeri- göyü yaradan tanrı, sən özün kömək ol, qardaşım muraz üstündədi, ona qıyma, qoyma nişanlısı ağlar qalsın!". Həyətə çatanda özünə toxtaqlıq verdi. Qayınanasının xasiyyətini bilirdi; çığır-bağır salsa, qapıdan qovardı. Bir də axı nə olub, niyə axı ürək-göbəyimi yeyirəm?
Evdəkilər onu sükutla qarşıladılar. Dinməz-söyləməz Güllü xanımın otağına apardılar.
Qönçə xanım alaqaranlıqda güclə görünən qayınanasına yaxınlaşdı. Qabağında diz çöküb əlindən öpdü. Arvad gəlinin ürək döyüntülərini sinəsinin titrəyişindən hiss etdi. Qönçə xanım yaşla dolub-boşalan qızarmış gözlərini qayınanasının üzünə zillədi. Güllü xanım gördü ki, gəlinin nəbzi boyun damarlarında vurur. Qulaqlarındakı yumru, iri qızıl sırğalar titrəyir.
- Yoxsa Çıraqlıların çırağı sönüb, ay ana, mənə düzünü de.
Arvad onun başını sinəsinə sıxdı. Qönçə xanım hıçqırdı, uşaq kimi içini çəkdi. Qayınanasının iri əli xeyli onun başını sığalladı, saçını tumarladı. Qönçə xanım hiss etdi ki, qayınanası da titrəyir. Qəhər boğduğundan dinə bilmir.
- Adam başına iş gələr, qızım, özünə toxtaqlıq ver. Ölən də bizimdi, öldürən də. Olacağa çarə yoxdu, hamısı fələyin işidi.
Qönçə xanımın bulaq kimi qaynamağa hazır olan göz yaşı elə bil birdən qurudu. Saçını yolub üzünü cırmaq, dizlərinə döymək və beləliklə dərdini yüngülləşdirmək istəyi yoxa çıxdı. Hönkürtüsünü boğmaq üçün başını arvadın sinəsinə daha möhkəm sıxdı, onu qucaqladı. Güllü xanım gəlinin saçından öpdü.
- Sən kişi qızısan, gərək özünü kişi qızı kimi aparasan!
- 6 -
Bütün gecəni yatmadılar. Səssiz-səmirsiz işlədilər. Ocaq qaladılar, su qaynatdılar, meyidi yuyub kəfənlədilər. İşıqlaşanda üstünə qırmızı kəlağay örtülmüş cənazəni eyvana qoydular. Güllü xanım hər şeyi yerbəyer edəndən sonra qara paltar geyinib qabağa düşdü. Gün xeyli qalxandan sonra cənazəni yerdən qaldırdılar. Alqazaxlıların başıpapaqlıları, elə Şəmistan ağa ilə Həsən ağa da, tüfəng götürmək istədilər. Güllü xanım qoymadı; "Əli yalın gedəcəyik, - dedi - düşmən üstünə ha yerimirik, qıranda da qıracaqlar". Güllü xanım əlində əsa qabağa düşdü. İki qardaş - Həsən ağa ilə Şəmistan ağa öndə, qalanları arxada cənazəni çiyinlərinə aldılar. Alqazaxlıların say-seçmə başıpapaqlıları, qız-gəlinləri dinməz-söyləməz cənazənin ardınca irəlilədilər. Matəm karvanı doqqazdan çıxıb, kəndarası yolla Çıraqlılar tərəfə üz tutdu. Doqqazdan, eyvanlardan boylananların üz-gözündə təəccüb vardı. Heç kəs heç nə başa düşmürdü. Cənazəni aparanlar kəndin ortasındakı təpənin yanından keçib dikdirə çıxanda axşamdan səksəkəli yatan Şamil vahimələndi. Tez ayağa durub tüfəngi götürdü. Yaşı yüzü haqlasa da, hələ at minəndə üzəngisini basdırmayan, gözünün nurunu itirməyən Ömər koxa oğlunun təlaşını görəndə həyəcanlandı. Əsasını götürdü və ondan qabaq eyvana çıxdı. Əslinə baxsan, o bütün gecəni yatmamış, səhər tezdən bəd xəbər eşidəcəyinə özünü hazırlamışdı.
Cənazəni gətirən dəstə doqqazda, darvazanın arxasında dayandı. Şamil eyvandan aşağı endi.
- A bala, ayaq saxla!
Atasının səsi onu toxtatdı.
Darvazanı açdılar. Ömər koxa aşağı düşüb, bir xeyli həyətin ortasında dayandı. Güllü xanım qabağa yeridi. Ömər koxanın bərabərinə çatanda əyilib kişinin əlindən öpdü. Hamı susdu. Çiynində cənazə darvazanın ağzında dayananlar da, həyətə toplaşan arvad-uşaq da, cınqırını çəkmədilər. Güllü xanım dikəldi. Yaşarmış gözlərini kişinin zəhmli sifətinə zillədi. Onlar uzaq uşaqlıq illərindən sonra ilk dəfə idi ki, belə yaxından qarşılaşırdılar. Ömər koxanın dodağı səyridi. Dümağ pilə kimi saqqalı titrədi. İndi hər şey onun bircə işarəsindən asılı idi. Ömər koxa geri qanrılıb boğuq səslə dilləndi.
- A bala, yer hazırlayın!
Bayaqdan lal-dinməz dayanan Şamil tərpəndi. Darvazaya yaxınlaşıb cənazənin bir tərəfini çiyninə aldı. Şəmistan ağa ilə yanaşı addımladılar.
Çıraqlıların qaydası idi. Evə yas düşəndə vay-şüvən salmazdılar. "Dost var, düşmən var, adam özünü sındırmaz" deyərdilər. İndi də elə oldu.
Ömər koxa evin yuxarı başında, döşəkçə üstündə əyləşdi. Güllü xanımı da yanında oturtdu. Şəmistan ağa ilə Şamil yasa gələnləri qarşıladılar. Elə həmin gün günortadan gün əyiləndə bütün kənd camaatı yığıldı, Ələddini qədim dədə-baba qəbiristanlığında dəfn etdilər. Düz bir həftə, mərhumun yeddisi çıxana qədər Çıraqlılarla Alqazaxlılar bir yerdə oldular...
Ömər koxa üzə salmasa da, içəridən qovrulurdu. Bu yaşa gəlmişdi hələ heç bir diləyi ürəyində qalmamışdı. Onun son arzusu Ələddini evləndirmək idi. Bir balaca başı ağrıyanda, ya da soyuq dəyib özünü küpədəndə, hor-hoyuş suyunda çimib isti yorğan-döşəkdə tərləyə-tərləyə yatanda özünə ürək-dirək verirdi:"Yox, elə bir şey yoxdu, Ömər koxa, bərk dur, Ələddinə toy eləməmiş can vermə, allahdan möhlət istə, qoy ömrünü bir az uzatsın. Bə indi? Fələyin nə yaman oyunları varmış, belə də zülm olarmı? Şıvırtı kimi bir oğlanı nə tez torpağın altına apardı, bu rəhminə qurban olduğum tanrı? Ölüm mənim idi, balam getdi. Görünür düz deyirlərmiş; kötük üstündə neçə çırpılar doğranarmış".
Kişi yorğan-döşəkdə uzansa da, gözünə yuxu getmirdi. Tavana baxa-baxa səhəri açırdı. "Görəsən, Həsən ağa namərdlik etməyib ki? Bilirəm Alqazax uşağı qan çanağıdır, nahaq yerə onlara "Dəli Alqazaxlılar" demirlər. Amma bu yaşa gəlmişəm, onlardan namərdlik görməmişəm. Düşmənlə düşməndirlər, dostla dost. Əllərindən xata çıxıb, amma namərd olmayıblar".
Çıraqlılarla Alqazaxlılar həm qohum idilər, həm düşmən. Ömər koxanın yaxşı yadında idi: uşaq vaxtı Kürün sahilində at otarırdılar. Alqazaxlıların da uşaqları öz ilxılarını Kürdə çimizdirirdilər. İpə-sapa yatmayan erkək atı isə çəmənliyə örükləmişdilər. Birdən ilxıya çaxnaşma düşdü. Uşaqlar gözlərini yumub-açınca gördülər ki, at örüyünü qopardıb ilxıya tərəf gəlir, ilxıdakı erkək at da şahə qalxıb kişnəyir. Bir göz qırpımında kəhərlər qarşılaşdılar. Erkəklik və ilxıya sahib olmaq ehtirası onları əjdahaya döndərmişdi. Döş-döşə gəldilər, çəçik-çəçiyə qalxdılar, bir-birilərinin yalından yapışıb gəmirişdilər. Təpik, nal şaqqıltısı, kişnərti bir-birinə qarışdı. Gah o bunun dizini yerə gətirdi, gah bu onun. Torpaq eşim-eşim oldu, ot xıncım-xıncım. Uşaqlar nə qədər çalışdılarsa, onları ayıra bilmədilər. Belə getsəydi, atlar bir-birini gəmirib şikəst edəcək, ya da qızıl qana bulayıb öldürəcəkdilər. Birdən hardansa peyda olan nökərlərdən biri atın irəşməsindən yapışıb onları aralamaq istədi. Ömər koxagilin kəhəri kömək gəldiyini və irəşmənin cilovlandığını görüb daha böyük qəzəblə irəli cumuldu, rəqibinin yalından yapışıb boynunu qanırmağa çalışdı. Alqazaxlıların kəhəri çırpındı və birdən necə güc gəldisə irəşməni dartıb nökərin əlindən çıxartdı və dal ayaqları ilə atın döşünə necə vurdusa, at təngildədi. Alqazaxlıların kəhəri ona göz açmağa imkan vermədi, boynunu qanırıb yerə yıxdı. Nökər gördü ki, at xırıldayır, iri xəncərini sıyırdı...
Kəndə haray düşdü. Hər iki tərəfdən tökülüşüb gəldilər. Atışma başlandı. Hərə özünə bir mətəris tapdı, tayfa-tayfaya bölünüb üz-üzə dayandılar. Düz üç gün kənddən atışma səsi kəsilmədi. Yç gündən sonra camaat bir səhər yuxudan durub gördü ki, hər iki nəslin əli tüfəng tutan başıpapaqlıları gecə ikən kəndin üst tərəfindəki təpəlikdə səngər qazıb, üz-üzə marığa yatıblar. İki gün də keçdi, atışma kəsmədi. Evlərdə arvad-uşaq üzünü cırıb saçını yolur, əlləri ürəklərinin üstündə göz yaşı axıdırdılar. Hər güllə açılanda diksinir, gecəli-gündüzlü səksəkə içində çırpınır, səhəri ayaq üstündə açırdılar. Hamıdan çox ağlayan və özünü öldürənlərdən biri də Həmayıl idi.
Həmayıl üç ayın gəlini idi. Hələ əlinin xınası getməmişdi. Hələ əri evinə, Çıraqlıların qayda-qanununa isinişməmişdi. İndi də araya dava düşmüşdü. Səngərin bir tərəfində qardaşları, əmisi uşaqları marığa yatmışdılar, o biri tərəfində isə əri və qayınları. Bilmirdi neyləsin. Bir gün də keçdi. Səngərlərdən səs-səmir gəlmədi. Həmayılın ürəyinə damdı ki, atışanların gülləsi qurtarıb. Həm də neçə gündü acdılar, onlara yemək-içmək aparan yoxdu. Əslində heç kəs irəli çıxa bilmirdi. Çıraqlılardan biri təpənin döşündə görünən kimi Alqazaxlılar gülləyə basırdı, Alqazaxlılardan görünəndə Çıraqlılar.
Həmayıl tezdən durdu. Ərinin patron dolu qoltuqaltısını kəlağayısının altından çalın-çarpaz belinə bağladı. Ala xurcunun bir gözünü xamralı çörəyi, o biri gözünü isə pendir, yağ, balla doldurdu. Su dolu cürdəyi əlinə aldı. Cığırla təpənin döşündəki səngərlərə doğru addımladı. Hamı gəlinin bu işinə mat qaldı. Əllərini gözlərinin üstünə qoyub Həmayılın arxasınca baxdılar.
Yalın döşünə iri bir cığır qalxırdı. Bu cığır yolun ortasında haçalanırdı. Həmayıl heç nəyə fikir vermədən, heç nə eşitmədən cığırla yuxarı qalxırdı. Onun kəlağayısının altından çıxan və az qala topuğuna dəyən qoşa hörüyü gərdənində yırğalanırdı. Səngərdəkilərin gözü onu almışdı. Nəfəslərini çəkmədən barmaqları tətikdə gözləyirdilər. Gözləyirdilər ki, görək cığır haçalananda Həmayıl hansı tərəfə dönəcək? Tüfəngin qundağı ərinin sinəsində olsa da, arxayın idi ki, arvadı ona tərəf gələcək. Qardaşı da əli ürəyinin üstündə bacısının hansı tərəfə dönəcəyini gözləyirdi.
Həmayıl cığırların haçalaşdığı yerdə heç yana dönmədi, düz getdi. Çala-çuxura düşməyinə, tez-tez büdrəməsinə fikir vermədi. Baldırlarını sirkən, qanqal dalasa da, dayanmadı, elə bil quşa döndü. Nə çiynindəki xurcunun ağırlığını hiss etdi, nə də yoxuşa dırmananda sızıldayan dizinin ağrılarını. Səngərlərin bərabərinə çatanda sıçrayıb sağa döndü. Bir göz qırpımında özünü qardaşıgilin səngərinə saldı. Elə bu an ərinin gülləsi açıldı. Həmayılın az qala topuğuna dəyən qoşa hörüyünü elə bil qayçı ilə kəsib yerə atdılar.
Kənd camaatı yığışdı. Ağsaqqallar məsləhətləşdilər ki, Alqazaxlıların da, Çıraqlıların da başbilənlərinin yanına getsinlər. Onları başa salsınlar ki, cavanların beyinləri qandı. Belə getsə, bir-birlərini qıracaqlar, araya qan düşəcək. Bir atdan ötrü iki nəslin düşmən olmasına dəyərmi? Getdilər. Nə qədər hirsli olsalar da, hər iki tərəfin ağsaqqalları söz eşitdilər və birlikdə səngərə qalxdılar. Cavanlara öyüd-nəsihət verdilər, tüfənglərini əllərindən alıb evə qaytardılar. Hər iki tərəf əllərini qurana basıb and içdi ki, dinc oturacaqlar.
Həmayıl bir həftə atası evində qaldıqdan sonra "Ərim evinə qayıdıram",-dedi. Onu buraxmaq istəmədilər. Qorxdular ki, qızın başına iş gətirərlər. Həmayıl inadından dönmədi. Ertəsi günü mal-qara örüşə haylanıb, əl-ayaq yığşırılandan sonra cığırı əlinə alıb əri evinə tərəf addımladı. Onun üzünə baxan olmadı. Amma üstünə əl qaldıran da olmadı. Əri isə arvadını görəndə, hirsindən bığını çeynəyib üzünü o yana çevirdi. Həmayıl axşama qədər gözlədi. Qaranlıq qarışıb çıraqlar yananda qayınanasının yanına getdi. Qabağında diz çökdü, səsi titrəyə-titrəyə sözə başladı.
- Ana, hamı məni qınasa da, sən qınamazsan, oğlun-qızın var. Adı Alosmana gedib çıxan qardaşların var. İndi özün de, mən nə etməliydim? Yəqin eşitməmiş olmazsan, deyiblər ki, ər eldən gələr, oğul beldən. Bə, mən atam oğlu qardaşı hardan alaram?
Qayınanası dinmədi. Gəlininin üzünə dikilmiş nəmli gözlərinə baxdı. Həmayılın bu ağıllı sözləri onu xeyli fikrə apardı. Xəyalında haralarasa gedib gəldi, nəyisə ölçüb-biçdi və birdən dodağı qaçdı.
- Yaxşı, ay şeytan, get otağına. Əriyin də, özüyün də yerini yanaşı sal.
- Bə...
- Qələt eləyir!
Həmayıl quş kimi uçdu.
Bu əhvalat çoxdan olmuşdu, lap çoxdan, indi onların heç sümüyü də qalmamışdı...
Ömər koxa eyvanda hərlənən oğlunu içəri çağırdı. Şamil çoxdan bunu gözləyirdi. Atasının səsini eşidən kimi başının qapıya dəyəcəyindən ehtiyat edərək, aşağı əyildi. Ayaqqabılarını soyundu. Gəbənin üstü ilə atasına tərəf irəlilədi.
Kişi işarə etdi. Şamil atasının yanında bardaş qurub oturdu. Əvvəl gəbəni, sonra ayağındakı naxışlı yun corabını didişdirdi. Kişi arxalığının yan cibindən tənbəki kisəsini çıxartdı. Ystü naxışlı gümüş qəlyanını doldurdu. Sobadan od götürüb yandırdı. Bir-iki qullab vurdu. Tüstü laylanıb tavandan asılmış otuzluq çırağın ətrafında qalaqlandı.
- Fikrin nədi?
Atasının yanında uşağa dönən Şamil xəyaldan ayrıldı.
- Uşağın qanı yerdəmi qalsın?
Ömər koxa oğluna cavab vermədi. Xeyli fikirli-fikirli qəlyanını sümürdü və birdən öz-özünə danışırmış kimi soruşdu.
- Ağlın nə kəsir, bu işdə bir namərdlik olmaz ki?
- Nə bilim, olanda da olar, onlardan nə desən çıxar.
- Axı, nədən ötəri, Ələddin onlara nə pislik eləmişdi?
Şamil çiynini çəkdi. İstədi papağını çıxardıb fikirdən ağrıyan başını ovxalasın. Atasının yanında oturduğunu başa düşəndə əlini çəkdi. Ömər koxa zərif gümüş zəncirdən sallanan gümüş millə qəlyanının közünü deşib hərisliklə sümürdü. Otaqda yenidən tüstü laylandı. Kişi gözünün altından bu laylar arxasından sifəti güclə görünən oğluna baxdı. Onun dodaqları kip bağlanmışdı. Həmişə sığallı olan dən düşmüş bığı codlaşmışdı. Dişini-dişinə sıxdığından çənəsi kilidlənmiş kimi idi. Alın qırışları sıxlaşmışdı. Çuxura düşən gözlərinə qan sağılmışdı. Əli xəncərin dəstəyində idi. Özünün də xəbəri olmadan tiyəni tez-tez qınından çıxardırdı. Ömər koxa başa düşdü ki, oğlu bir himə bənddir, əgər ona bir balaca işarə etsə, bütün Çıraqlıları ayağa qaldırar və qan su yerinə axar.
- Qanı qanla yumazlar, oğul, bir də sənin qızın onların ocağının başındadı, qan-qana, süd-südə qarışıb.
- Məsləhətin nədi, ata, uşağın qanı batsın?
- Səbr elə, bala, nahaq qan yerdə qalmaz. Əgər Ələddin bir xətanın qurbanıdısa, allah Həsən ağanın günahından keçər. Əgər namərdlik eləyibsə, allah özü bəlasını verəcək, sən ayrı fikrə düşmə. O, əlini qana bulayıb, sən bulama. Gec-tez haqq öz yerini tapacaq.
Bu sözlərdən sonra kişi elə bil yüngülləşdi. Amma Şamil qurğuşun yükü daşıyırmış kimi əyildi. Dodağı səyridi, əlləri əsdi. Bu, Ömər koxanın gözündən yayınmadı.
- Birdən divan-dərə gəlib çıxsa?
Kişi sərtləşdi.
- Divan-dərənin nə işi var?!
Qəlyanını tez-tez sümürüb közərtdi. Səsi yumşaldı.
- Dur get. Uşaqları da başa sal, farağat otursunlar.
Şamil beli qırılmış kimi əllərini dizinə söykəyib güclə ayağa qalxdı. Ağır-ağır qapıya yaxınlaşdı. O, gedəndən xeyli sonra Ömər koxanın hönkürtüsü eşidildi.