İSMAYIL ŞIXLI
MYƏLLİFDƏN
Hər hansı görkəmli adamın həyatından roman yazmaq mümkün olmadığı kimi,
xalqın həyatının istənilən mərhələsindən də böyük bədii əsərlər yazmaq
qeyri-mümkündür. O adamların həyatından əsər yazmaq mümkündür ki, bu
həyat cəmiyyətin ictimai, siyasi və sosial tarixi ilə səsləşsin və
nəticə e'tibarı ilə fərdi tərcümeyi-hal ictimai tərcümeyi-hala
çevrilsin. Xalqın da həyatında taleyüklü dönüş nöqtələri olur. Bu dönüş
nöqtələri xalqın yeni, xoşbəxt yaxud bədbəxt həyat mərhələlərinə
keçməsinə səbəb olur. XX əsrdə bizim xalqın həyatında belə döngələr çox
olmuşdur. İnqilab illəri, 30-cu il hadisələri, Böyük Vətən müharibəsi
dövrü, 37-ci il və sair bu cür dönüş nöqtələrindəndir.
Mən "Dəli
Kür" romanını yazdıqdan sonra Azərbaycanda 20-ci illərdə baş verən
inqilab tariximizdən yazmaq qərarına gəldim, müəyyən materiallar
topladım, hətta əsərin adını da oxuculara çatdırdım. "Qanlı təpə"
adlanacaq bu əsər 20-ci illərin mürəkkəb və ziddiyyətli həyatını əhatə
etməli idi. Lakin mövcud olan qadağalar, arxiv sənədlərinin gizlin
saxlanılması, o illərdə baş verən əsl həqiqət və ziddiyyətlərin meydana
çıxarılıb açıq söylənilməsinə qoyulmuş yasaqların nəticəsində tarixi
dövrü olduğu kimi verməyin qeyri-mümkünlüyü məni fikrimdən daşındırdı.
Gördüm ki, yazacağım əsər yazılmış əsərlərin ("Dünya qopur", "Dumanlı
Təbriz", "Bir gəncin manifesti", "Səhər", "Şamo") təkrarından başqa bir
şey olmayacaq. Ona görə də, romanı yazmamağı qərara aldım.
Lakin
son illərdə baş verən hadisələr, məhdudiyyət və qadağaların
götürülməsi, baş vermiş hadisələrin qismən gerçəkliklə verilməsi imkanı
məni əsər üzərində yenidən işləməyə sövq etdi və mən yeni roman
üzərində işləməyi qərara aldım. Əsərin ruhu və məzmunu tamam yeni oldu,
əsərin adı da dəyişdi. Mən romanımı "Ölən dünyam" adlandırdım. Lakin
xəstəlik, yazıçı üçün əsas olan gözün görməməsi, yazıb-oxuya bilməməyim
mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə
məşvərətlərindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə edim və
həyat yoldaşım Ymidə Şıxlı onları yazıya köçürtsün. Bu qayda ilə əsəri
hissə-hissə, fəsil-fəsil yazıb başa çatdırdıq və buna görə, əvvəlcədən
Ymidə Şıxlıya öz təşəkkürümü bildirirəm.
Əsəri yazarkən tarixi
sənədlərin, arxiv materiallarının, hadisələrin iştirakçısı olan
adamların Azərbaycanda və xaricdə çap olunmuş xatirə və kitablarının
toplanması və mənə çatdırılmasında böyük zəhmətləri olan gəncəli dostum
Tofiq Bağırova, yazıçı Anara və hərb tariximizi, eləcə də
generallarımızın həyatını mükəmməl bilən Şəmistan Nəzirliyə dönə-dönə
minnətdar olduğumu söyləyirəm.
Həmçinin əl yazmasının
hazırlanmasında mənə yaxından kömək edən oğlanlarım Elçin və Fərruxa,
eləcə də gəlinlərim Sevinc və Reyhana minnətdaram.
Oxucularımdan isə əsərdə yaşımın çoxluğu və xəstəliyimdən irəli gələn qüsurlar varsa, bağışlamalarını əvvəlcədən xahiş edirəm.
10 mart 1995-ci il.
İsmayıl Şıxlı.