NAMƏRD GÜLLƏSİ
Dostum Hüseyn Arifə
Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın,
əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma
fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az
da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər
içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi örüklər,
örüşünü də tez dəyişərdi, qoymazdı ki, tərləsin. Yəhərini götürərdi ki,
at nəfəsini dərsin, istəyəndə otlasın, istəyəndə kişnəyib şahə qalxsın,
istəyəndə mıxı qopardıb ilxıya cumsun. Qaynargözlü kəhərin işıldayan
dərisinə,səyriyən sağrısına, qız teli kimi yumşaq yalına baxmaqdan
doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə
sürüb çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt
özünün də, atının da qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də...
Amma indi, illaha da koxalığa keçəndən sonra, səksəkəli yaşayırdı...
O, astaca addımlarla dikdirə çıxdı. Arxın üstündən adlayıb ağacların
kölgəsində dayandı. Gözünü üfüqlərə qədər uzanıb gedən taxıl zəmilərinə
zillədi. Astaca meh əsirdi.Qara qılçaq sünbüllər xışıldayırdı. Otları
çoxdan saralıb-solmuş dərəli-təpəli bu boz çöllərin ortasında qoşalaşan
qovaq ağaclarının yarpaqları da xışıldayırdı. Hansı rəhmətliyinsə savab
üçün əkdiyi bu ağacların dibindən axana arxın suyu da qırçınlanıb
şırıldayırdı. Niftalı koxa kölgəyə atılmış palaza, döşəkcə və mütəkkəyə
baxdı. O həmişə biçinçilərə baş çəkməyə gələndə burada uzanıb
dincələrdi. İndi də həmişəki kimi elə yarlı-yaraqlı palazın üstünə
keçib mütəkkəyə dirsəklənmək istədi. İstədi ki, isti təntitsə də, nə
çəkmələrini soyunsun, nə də tüfəngini, qoltuqaltısını çıxardıb yanına
qoysun. Amma gördü ki, mümkün deyil, tər yuyub aparır. Bir də kimdən
qorxacaqdı? Kərəm yəqin ki, bu saat Dilican tərəfdədir, yayın istisində
buralarda olmazdı. Olsa da qorxusu yoxdu. O, ömründə əliyalın adama
güllə atmazdı. Bircə o gədədən ehtiyat edirdi. Kənddən qaçandan sonra
buralarda, kolda-kosda dolaşırdı...
Tüfəngini ağaca söykədi,
çəkmələrini soyundu, yaxzası qaytanlı köynəyinin düymələrini boşaltdı
və palazın üstünə uzanıb mütəkkəyə dirsəkləndi. Cib dəsmallarının
uclarını düyünləyib başlarına keçirmiş biçinçilərin oraqları
cingildəyirdi. Bu cingiltilər kövşənlərin xışıltısına qarışmışdı.
Biçinçilər tələsirdi. Onlar da istəyirdilər ki, işlərini tezcə qurtarıb
aldıqları haqqı elə buradaca aranda, xırmanda döyüb, taxıllarının
yaylağa, balalarına aparsınlar. Elə Niftalı koxa da tələsirdi. El
çoxdan yaylağa qalxmışdı. Amma o, köçünü saxlamışdı. Sözün düzü, kənddə
tək qalmaqdan ehtiyatlanırdı. O qədər anasının əmcəyini kəsənlər var
ki... Elə biri gəlmə Mürşüd.
Onun əslinin-nəslinin haradan olduğunu
kənddə heç kəs bilmirdi. Bircə o məlum idi ki, çoxdan - oap çoxdan,
Niftalıgilin doqqazında üstü-başı yamaqlı, acından hülqumu qalxıb-enən,
mə'lul-müşkül baxışı bir oğlan boynunu büküb dayanmışdı. əlində əsa,
çiynində nimdaş heyvə, başında tükü tökülmüş papaq var idi. Soyuqdan
üzünün tükləri biz-biz durmuş, dodaqları qaysaqlanmışdı. Gözü, batmış
quyunun dibindəki su kimi güclə işıldayırdı.
Səs-küyə bayıra
çıxdılar, itlərə acıqlandılar, "a bala, kimsən"? - deyə doqqazdakını
səslədilər. Niftalının atası kürkünü çiyninə saldı, oğlu ilə bərabər
doqqaza çıxdı, hardansa azıb gəlmiş bu allah bəndəsinə təffərinclə
baxdı və başa düşdü ki, bura adamına oxşamır. Son vaxtlar belələrinə
tez-tez rast gəlmək olurdu. Ya düşmənin öldürəndən sonra baş alıb
buralara pənah gətirir, ya da bir parça çörək ucundan çöllərə
düşürdülər. Kişi oğlanı təpədən dırnağa diqqətlə süzdü və "yox, bu dama
öldürüb qaçana oxşamır - deyə ürəyindən keçirdi. - Yəqin başqa əmması
var". əslinə baxsan kişinin oğlanın çuxura düşmüş gözlərindən xoşu
gəlməmişdi.
Elə bil qərib bunu hiss etdi, qışın girhagirində, qapıdan geri qaytarılacağını başa düşdü və səsinə yazıqlıq verdi:
- Qaçqınam, ay dayı, heç kimim yoxdu.
Kişi oğlunun üzünə baxdı, Niftalı isə gözünü qaçqının yırtıq çarığından çıxmış barmağına zillədi
- Buranı sənə kim nişan verib?
- Heç kim. Yolu əlimə alıb gəlmişəm. Qapınıza pənah gətirmişəm.
Ata oğula baxdı, oğul da ataya.
- Adın nədir?
- Mürşüd.
Düzmü deyirdi, allah bili, kağızı yox, şahidi yox, gəlmə adam idi. Elə o gündən ona kənd arasında "gəlmə Mürşüd" dedilər.
Əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap
qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi,
köməkləşib balaca bir daxma da tikdilər, mal-qaradan pay ayırıb bir at
da bağışladı. Qohum qızlardan birini də alıb onu ev-eşik elədi.
Gəlmə Mürşüd diribaş idi. Əlinə maya salandan sonra Tiflisə, Gəncəyə ayaq açdı. Dolanması da yaxşılaşdı, özü də gümrahlaşdı.
Niftalı bir gün eşitdi ki, Mürşüd arvadına incidir. Həftələrnən evə
gəlmir, şəhərdə kefdə-damaqdadır, uşaqlarına baxmır. Ürəyi götürmədi.
Yanına çağırdı. İki-üç gün gözlədi, amma Mürşüddən cavab çıxmadı. Bir
gün yolda qabaqlaşdılar.
- Niyə görünmürsən? - Nə olub, görünməyim
vacibdir? - Bəlkə bir sözüm var? - Sənin mənə nə sözün ola bilər? - Ə,
nə yekə-yekə danışırsan? - Danışmayanda, susmayacağam ki?
Atlar yüyəni gəmirib fınxırışdılar. Döş-döşə gəlib dal ayaqları üstündə fırlandılar. Yolun tozu göyə qalxdı.
- Ə, deyəsən, gözün ayağıyın altını seçmir?! Nə tez havalandın, bala?!
- Artıq-əskik danışma, sözünü de!
Niftalı kişi hirsini zorla boğdu.
- Bir də eşitsəm ki, arvad-uşağa əl qaldırıbsan, dalına bülöv çalaram, bildin?!
- Qələt eləyərsən, keçmişini də yanına alarsan!
- Ə, gəlmə köpəkoğlu, mənəcavab qaytarırsan?!
Qamçının göydə şaqqıldamağı ilə Mürşüdün atın dırnağının dibinə düşməyi
bir oldu. Niftalı koxa elə yəhərin üstündən onu budarladı. At da sahibi
kimi qəzəblənib onu tapdaladı.Koxanın hirsi soyumadı. Sıçrayıb yəhərdən
düşdü. Toz-torpaq içində qıvrılan gəlmənin yaxasından tutub yoldan
kənara sürüdü. Xəncər havada parıldadı.
- Qələt eləmişəm
keçmişimlə, ay Niftalı, məni öldürmə, balalarım yazıqdı. Sən dədəyin
goru, məni çevir uşaqların başına, savab iş görərsən.
Koxanın qolu boşaldı. Mürşüdün quyunun dibində işıldayan suya bənzər gözlərinə nifrətlə baxdı və yaxasını buraxdı.
- Di get, qurban ol evdəkilərə.
Mürşüd dinməz-söyləməz ayağa durdu. Üstünün tozunu çırpdı, elə dinməzcə
də yəhərin qaşından yapışıb atın belinə qalxdı. Bir xeyli sakitcə kəndə
doğru sürdü və birdən yüyəni dartıb geri qanrıldı.
- Yaxşı, a koxa,
bu hayfı səndən almasam, kişi deyiləm. - Niftalı özünə gələnəcən atın
başını qanırıb qışqırdı. - Mənə sırdığın qancığı da gəlib apara
btlərsən!
Koxa taı minib tüfəngi hərləyənəcən, tozlu yolda gözdən itdi. Səhərisi də eşitdi ki, başını götürüb evdən qaçıb...
Niftalı koxalığa keçəndən sonra itəsə də, istəməsə də xətrə dəyməli
olurdu. Divan-dərədən nə qədər uzaq gəzsə də, onların gözünə
sataşmamağa çalışsa da olmurdu, axtarıb tapır, üzünü danlayırdılar ki,
filan oğrunu niyə tutmamısan, filan qaçağa niyə çörək veriblər, niyə
qoyubsan Qaçaq Kərəm Kürdən keçib yaylağa qalxıb? Deməyə nə var? Amma
belə şyelərdən ötrü el-oba ilə üz-göz ol, görüm necə olursan? Vəzifə
boyunduruq kimi bir şeydir. Eə ki boynuna qoydular, belinə minib
istədikləri səmtə sürəcəklər. Ya gərək dözəsən, ya da gərək onları da
özünlə bərabər sürüyüb boyunduruqlu-moyunduruqlu tökəsən Kürə!
Havadan od ələnirdi. Kövşənlərdən qalxan ilğım təndir alovu kimi havanı
yalaya-yalaya boz təpələri aşıb kəndin üstünə yayılır, oradan da suyu
işıldayan Kürün üstündən keçib Qarayazı meşəsinin ağaclarını
qarsıyırdı. Niftalı koxanın kölgəsində uzandığı ağacların gövdəsinə
yapışmış cırcıramalar səs-səsə verib elə cırıldayırdılar ki, adam
qulağını tutmalı olurdu. Niftalını koxanı isti, üstəlikdə
cırcıramaların səsi təntitmişdi. Ayaqlarını suya salıb sərinləmək və
sinəsini, başını yuyub bir az dincəlmək istədi. Ayağa durdu, yaxası
qaytanlı köynəyini soyundu, arxa yaxınlaşıb domuşuqlu oturdu. Əlini
suya uzatdı. Kür tərəfdən uzanıb qəbiristanlığın yanından dikdirə
qalxan tozlu-torpaqlı yolla gələn atlıları görmədi. Cırcıramalrın səsi
qulağına düşdüyündən atların fınxırtısını, üzəngilərin cingiltisini,
ayaq tappılöıların eşitmədi. Bircə onu hiss etdi ki, güllə açıldı,
kürəyi qovuşdu. Əlini sudan çəkib qamətini düzəltdi, qanrılıb dala
baxdı. Gördü ki, atlıların biri yüyəni çəkib atı şahə qaldırdı, geri
dönüb kiminsə üstünə qışqırdı, qamçı şaqqıldadı.
- Namərd köpəkoğlu!
Daha heç nə eşitmədi. Ktvşənlərin xışıltısı, yarpaqların pıçıltısı,
arxın şırıltısı, cırcıramaların səsi birdən-birə zəiflədi, uzaqlaşdı,
uzaqlaşdı və eşidilməz oldu. Havanı qarsalayan ilğım elə bir qor kimi
gözünə doldu, bəbəklərinin önündə dalğalandı və dumana çevrildi, hər
şey bu dumana büründü...
Kərəm atdan sıçrayıb özünü ağacın altına
yetirdi və Niftalı koxanın başını dizinin üstə aldı. Güllə kürəyindən
dəyib sinəsindən çıxmışdı. Gözləri qapalı idi.Təkcə dodaqlarının xəfif
titrəyişindən bilinirdi ki, hələ nəfəsi var. Kərəm aralarına qan düşüb
düşəmnçilik başlayandan bəri onu belə yaxından görməmişdi. Kişi xeyli
dəyişmişdi. Balaca buxaq bağlamış, sifəti qaralmış, qalın bığı azca
codlaşmış, gicgahları ağarmışdı. Gözlərinin ətrafında xırdaca qırışlar
əmələ gəlmişdi. Kərəm hiss elədi ki, Niftalı koxanı qan aparır.
Təntidi. Əlini atıb köynəyin yaxasını açdı və bilmədi kişiyə necə kömək
eləsin. Elə bil bunu Niftalı koxa da hiss etdi. Qımıldandı. Göz
qapaqları aralandı. Zəndlə Kərəmin üzünə baxdı. Torlanmış bəbəklər lal
sular kimi durğunlaşdı və birdən-birə genişləndi. Kərəm hiss etdi ki,
koxanın bədənin titrəyib dartındı, elə bil kişinin canından üşütmə
keçdi. Onun da bədəni gizildədi. Qəhərləndi.
- İndi mən neyləyim, ay Niftalı, Gəncəyə gedə bilmərəm, Tiflisə də ki, əlim çatmaz. Sənin dərdinə nə çarə qılım?
Kişi səs eşidib əvvəlcə diksindi, sonra dirçəldi. Başını azacıq
qaldırıb bulanıq gözlərini qarşısındakının üzünə zillədi. Deyəsən kimin
dizinin üstündə olduğunu başa düşdü. Əvvəlcə həyəcanlandı. Kərəm onun
gözlərindəki işartının səyridiyini hiss etdi. Öləziməkdə olan çıraq
təkin atılıb düşən bu həyat işartıları titrədiyi kimi də birdən-birə
sakitləşdi. Dodaqları tərpəndi.
- Kərəm? - Düz tanımısan, Niftalı, mənəm. - Lap yaxşı, sən olmağın yaxşıdır.
Bu söz Kərəmi sarsıtdı. Elə bil dizinin üstündə can verən qanlı düşməni
yox, əziz bir adamıydı. Elə bil bu adam həmişə dağda, dərədə onun izinə
düşən, onun qanına susayan, füpsət tapan kimi ələ verməyə hazır olan
adam dyeildi. Düşmənçilikdən çox-çox əvvəl bir yerdə oynadıqları, Kürü
üzüb Qarayazıya keçdikləri, atları yalmanlayıb kənd arası ilə
çapdıqları, gözaltı elədikləri qızların görüşünə bir yerdə getdikləri
uşaqlıq dostu, uşaqlıq sirdaşı idi. İndi isə bir-birlərinin üzünə
həsrət qalmışdılar. Yaraqlı-yasaqlı idilər. O, Kərəmə yaxın düşə
bilmirdi, Kərəm də ona. Kərəm tüfəng götürüb dağlara-daşlara düşmüşdü.
At belində ömür keçirirdi. Başının dəstəsi ilə Tiflisdən vurub Gəncədən
çıxır, Dilican dərəsində haqq-ədalət divanı qurur, dağları aşıb Arazı
keçir, sorağı gah İrəvandan gəlirdi, gah da İrandan. Niftalı koxa isə
evində, qohum-qardaşının əhatəsində səksəkə içində yaşayırdı. Koxa
olandan sonra dəyişmişdi. Kərəm ona bir-neçə dəfə ismarıc eləmişdi ki,
kənd adamlarına dəyib-dolaşmasın, amma xeyri olmamışdı. Kərəm onu
axtarırdı, çoxdan axtarırdı, qulaqburması vermək üçün.
- Dəstəndə təzə adam varmı?
Kərəm güclə eşitdiyi bu sözlərin cavabını xeyli ləngitdi.
- Var.
- Kimdi?
- Mürşüd.
- O gədamı?
Bu söz Kərəmin ortasından beşaçılan gülləsi kimi keçdi. Elə bil gözünə qaranlıq çökdü. Yaralandı, yaman yaralandı.
- Mənə pənah gətirdi, neyləyim?
- Bizə də pənah gətirmişdi, axırınıkı, gördün.
Kişi inildədi. Kərəmə elə gəldi ki, onu inildədən yaranın ağrısı deyil, əməyinin, zənninin itməsinin ağrısıdır.
Niftalı koxanın sifətini soyuq tər basdı, üz-gözünü qırışdırdı, sonra
bu ağrı və iztirabların əvəzində çöhrəsində təbəssümə bənzər bir ifadə
sezildi.
- İndi arxayın ölə bilərəm... Şükür allaha, zənnim puça
çıxdı... Yoxsa o dünyaya niskilli gedəcəkdim. Çox şükür, Kərəm,
gözümdən düşmədin... Başımı bir azca yuxarı qaldır.
Kərəm onun
qoltuğunu altından tutub dizlərinə dirsəkləndirdi. Kişi ağrını udub
sakitləşdi. Sifətindən quş nəfəsinə bənzər xəfif bir dirilik işığı
ötdü. Uzaqlara baxdı. Kərəm hiss etdi ki, onun torlanmaqda olan gözü
Kürün o üzünə, Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan
Qarayazıya, bir az bəridəki kənd evlərinə, biçənəklərə, kövşənlərə,
dərz tayalarına, mal-qara haylayan uşaqlara zilləndi. Biçənəklər
yerlərində quruyub qalmışdılar. Yenə mey əsirdi, yenə taxıl zəmiləri
xışıldayır, yenə arxın suyu qırçınlanıb axır, yenə cırcıramalar zil
səslə cırıldayırdılar. Niftalı koxanın gözünün önündən təndir istisinə
bənzər dalğa-dalğa ilğım keçirdi. Ancaq o ayırd edə bilmirdi ki, gözümü
torlanır, yoxsa ilğımmı keçir.
Birdən dirçəlib üzünü ətrafdakı
atlılara çevirdi. Baxışları ilə Kərəmin yoldaşlarını bir-bir süzdü.
Gözü Mürşüdə sataşanda yenidən yay kimi dartınıb gərildi. Kərəm gördü
ki, kişinin halı birdən-birə dəyişdi, yanaqlarına elə bil qızartı
çökdü. Bu qızartı son döyüntülərini keçirən ürəyin damarlara vurduğu
axırıncı qan damlalarının qızartısı idi. Kişinin öləziməkdə olan
gözləri Kərəmin üzünə zilləndi.
- Kərəm, bircə diləyim var...
- De görüm.
- Naqanını çıxart, məni alnımdan özün vur.
- Nə danışırsan?
- Qoy desinlər ki, Niftalı koxanı Qaçaq Kərəm öldürüb... Kişini kişi öldürər, qardaş, gəda-güda yox.
- Əlim qalxmaz.
- Dediyimi eləməsən, atayın belindən gəlməyibsən.
Kişinin sinəsi qalxdı və asta-asta endi.
Kərəm qəhərləndi. Boğazına yığılmış yaşı güclə uddu. Gözləri ilə
axtarıb Mürşüdü tapdı. Əlləri əsdi. İstədi tüfəngi hərləyib elə
buradaca, tülkm kimi büzüşmüş namərdi qanına bulasın. Amma fikrini
dəyişdi. "Onsuz da Niftalının qohumları onu sağ buraxmayacaqlar"- deyə
düşündü. Bir də əlini murdarlamaq istəmədi.
- Onun tüfəngini də,
atını da əlindən alın, qoyun rədd olsun! Özünüz də atdan düşün,
tüfənginizi yəhərin qaşından asın. Bizi gülləyə də bassalar, əl-ayaq
tərpətməyin. Kəndə gedəcəyik.
Kərm qərara almışdı. Niftalı koxanın
meyidini kəndə özü aparacaqdı. Kişini əlləri üstünə alacaq, atı isə
dalcan gələcəkdi. Qaçaqlar da atların yüyənlərini boynuna atıb
cənazənin ardınca dinməz-söyləməz addımlayacaqdılar. O bilirdi ki, bu
ağır işdir. Kənd adamları onların qabaqlarına çıxacaq, arvad-uşaq
hay-haray salıb üz-gözünü cıracaq, vay-şivən salıb saçlarını yolacaq,
qarğış edəcəklər. Bəlkə onlara güllə də atacaqdılar. Artıq-əskik
danışanlar, divan-dərəyə xəbər verənlər də tapılacaqdı. Amma inanmırdı.
İnanmırdı ki, kəndlərində belə naəmrdlər tapılsın. O, əmin idi ki,
meyidi sakitcə kəndin arası ilə Niftalı koxanın evinə qədər
aparacaqlar. Onları lal sükutla da olsa, el adətincə, qarşılayacaqlar.
Kərəmgil kişinin dəfnində də iştirak edəcəklər. Kişinin üçündən sonra
koxanın qohum-əqrəbasına başsağlığı verib atlanacaq və dağlara sarı üz
tutacaqlar.
Kərəm qollarını və dizlərinin üstündə sərinlik hiss
etdi. Başa düşdü ki, kişinin bədəni soyuyur. Amma üzünə zillənmiş
solğun gözlərinin dərinliyində bir intizar var...
Əlini astaca naqanın qoburuna apardı. Barmaqları əsə-əsə düyməni açdı...
1987.