NAMUS QAÇAĞI
O, dayandı. Nəfəsini dərib şaxtadan qıpqırmızı olmuş ələrini hovxurdu.
Ağzından, burnundan çıxan isti nəfəs dağ çəni kimi ətrafa yayıldı.
Dönüb aşağı, dərədəki kəndə baxdı. Yastı-yapalaq evlər qarın altında
qalmışdı. Bacalardan qalxan şəffaf maviyə çalan tüstülər havada
laylanmışdı. Hər yer ağ örtüyə bürünmüşdü. Yol-iz çoxdan itmişdi.
Dağlara bu il yaman qar düşmüşdü.
Onun toyu idi. Bu axşam mağar
başlamalı idi. Samanlığı süpürüb təmizləmişdilər. Döşəməyə ot sərib
üstünə kilim salmışdılar. Pərdilərdən otuzluq lampalar asılmışdı.
Bacaları basdırıb peçləri qalamışdılar ki, içəri isti olsun.
Zurnaçılar çoxdan hazır idilər. Dəfçi dəfini qurudur, zurnaçı ilə züyçü
zurnaları qoşalaşdırırdılar. O, bilirdi ki, kəndin qız-gəlinləri
boğçadakı paltarlarını çıxardıb ora-burasını sığallayır, donların,
qoftaların qırışını açır, bəzənib-düzənir, qaşlarına, gözlərinə sığal
verib tellərini bururdular. Qış aylarında səhərəcən toyda qoşa-qoşa
oynamaq bu kəndin adəti idi. Göyə fişəng atar, gecə lopa işığında gəlin
gətirərdilər.
O, sevinirdi. Səhər-səhər sulamağa apardığı at da
yəhərin altında oynayır, yüyəni çeynəyib boynunu sağa-sola əyir və qar
basmış yollarda cığır açırdı. Elə bil başa düşürdü ki, sahibi
böyütdüyü, gözünün ağı-qarası təkcə balası İlyasın əlini başına
yığacaqdı. Onun da evinə gəlin gələcək, onun da qara damı
silinib-süpürüləcək, taxtın üstündə gərdək qurulacaq, qapısında şax
bəzədilib lopa yandırılacaqdı.
Kəndin kənarındakı balaca çayın suyu
gecənin şaxtasından sırsıra bağlayıb donmuşdu. Buz layları yatağını
aşıb ətrafa yayılmışdı. At yelini saxlamadı. Sahibinin yüyənini
çəkməsinə fikir vermədən özünü suya saldı. Buz layları çat-çat olub
çilikləndi. Hardasa lap yaxında at kişnədi. İlyas qanrılıb baxdı. Gələn
koxalıların Rəşidi idi.
O, İlyasın bərabərində atın başını çəkdi.
Hər ikisi bir-birini süzdü. İlyas onun uca boyuna, vəznəli çuxasına,
buxara papağına, gümüş toqqalı sallamalı kəmərinə, belindəki xəncərinə
baxdı, o da İlyasın məxmərdən tikilmiş qalife şalvarına, zər baftalı
nişan dolağına, çəkmələrinə, nimdaş pencəyinə və papağına.
- Deyəsən toy eləyirsən?
- Bəli.
- Mənim qabağıma keçirsən?
İlyas diksindi. Elə bil güllə kimi açılan bu sərt sözdən at da
diksindi. Başını qaldırıb fınxırdı. Onun burnundan fısqıran nəfəs
zolaqlanıb havanı yardı.
- Zöhrə mənim nişanlımdır.
- Elə gözəl qız sənin kim gədaya yem ola bilməz.
- Ağzını təmiz saxla!
Cilovların çəkilməsi ilə atların döş-döşə dayanması bir oldu. Onların
nəfəsi bir-birini vurdu. İlyasın əli gödəkcəsinin cibindəki naqanın
dəstəyini sıxdı.
Rəşid özündən xeyli cavan olan, üzünə yenicə ülgüc
dəymiş İlyası yuxarıdan aşağı, rişxəndlə süzdü. Yüyəni çeynəyən atın
başını çəkib qamçını havada oynatdı.
- Yadında saxla, mənim tikəmə əl uzadanın anasını ağlar qoyaram.
Elə bil İlyasın gözündə hər şey qaraldı. Kəndin üstünə yorğan kimi
sərilmiş qar da, şırıltı ilə axan büllur suyun üzünə yayılan buz da,
solğun-solğun işıldayıb göz qamaşdıran gün də birdən-birə yoxa çıxdı.
İndiyə qədər eşitdiklərinə inanmamışdı. Rəşidin "toy gecəsi qızı onun
əlindən alacam, sonra istəsə özünə qaytararam" deməsinə fikir
verməmişdi, "ara sözüdür" deyə xəbər gətirənləri sakitləşdirmişdi. Bir
də Rəşidin arvad-uşağı vardı. O, belə fikrə düşsə, qan su yerinə
axardı. Namusu itə veriblər it də yeməyib. Belə şey olardımı?
İlyas
fikirdən ayılıb özünə gələndə Rəşid uzaqlaşmışdı. İlyas isə hələ də
çayın kənarında dayanmışdı. Gözlənilməz zərbədən özünü elə itirmişdi
ki, yerindən tərpənə bilmirdi. Atasından eşitmişdi ki, koxalılar
tayfası arxalı tayfadı, özləri də mərdimazardırlar. Əllərindən nə
köpəkoğluluq desən gələrdi. Şura hökuməti yeni qurulanda bir az
səslərini içlərinə salmışdılar, amma indi, dağda-daşda qaçaq-quldur
dəstəsi çoxalır. Onlar da yenidən kəndin ortasında at oynadıb, ona-buna
sataşırdılar. Bilirdilər ki, onların kəndləri əldən-ayaqdan uzaq
yerdədir, dağ gədiklərinin arxasında yerləşən bu kəndə gəlmək üçün
bələnlər aşıb, dərələr keçmək lazımdır. Qış aylarında isə yol-iz
bağlanır, yaz gəlib dağların qarı tamam əriməmiş divan-dərə adamları
buralarda görünmür.
İlyas atını məhmizlədi. Özünü nə qədər şax
tutsa da, sınmışdı, bayaqkı şuxluğu yox idi, həyətə çatan kimi atası da
bunu hiss etdi, gözlərini oğlunun üzündən çəkmədi. Sakitcə atı tövləyə
aparan oğluna baxdı. İlyas heç nə olmamış kimi xeyli qapıda hərləndi,
mağar yerini yoxladı, tədarük görənlərə baş çəkdi və birdən atasına
yaxınlaşıb "Siz işinizdə olun - dedi - mən axşama qayıdacağam". Kişi
dinmədi. Doqqazdan çıxıb dağlara doğru addımlayan oğlunun arxasınca
baxa-baxa qaldı.
O, Zöhrəni ilk dəfə bir yay axşamı bulaq üstündə
görmüşdü. Elə o gündən qızı ürəyi tutmuşdu. Amma ona yaxınlaşa
bilməmişdi. Xeyli vaxt uzaqdan-uzağa qızın qarasıyla gəzib izini izinə
qatmışdı. Hiss eləmişdi ki, sinəsi doludur, onun qabağını kəsib bircə
kəlmə deyə bilsə, ürəyindəkilərin hamısı gözü açılmış bulaq kimi
poqquldayıb qaynayacaq. Evdə-eşikdə qərar tuta bilmirdi. Dolama cığırla
dağın döşünə qalxır, ağacların daldasında gizlənir, çaya enir, bulaq
üstünü kəsdirir, hər yerdə o qırmızıdonlu qızı axtarırdı.
Bir dəfə
yenə meşənin dərinliyinə çəkilmişdi. Ürəyi dolu idi, dərdini açmağa bir
adam tapmırdı. İstəyirdi ki, özünə bir sirdaş tapsın, hər şeyi ona
danışsın ki, bəlkə yüngülləşə. Heç ömründə oxumamışdı, amma indi söz
sinəsini deşirdi, oxumaq istəyirdi. Birdən papağının dalını qaldırdı,
onun səsi şaqqıldayıb meşədə, qarşıdakı qayalarda cingildədi:"Çərşənbə
günündə çeşmə başında, gözüm bir alagöz xanıma düşdü". Elə bil
yüngülləşdi. Ürəyini boşaldıb nəfəsini dərdi. Hər şey susmuşdu. Bircə
onun qayalarda əks-səda verib təkrarlanan səsindən başqa.
Qaqqıltı
qopdu. O, yerindən sıçrayıb dinmədi. Səs aşağıdan gəlirdi, bulaq
üstündən. İlyas başa düşdü ki, gülüşən qızlardı. Ona, onun mahnısına
gülürdülər. Bədənini soyuq tər basdı, istədi dağyuxarı dırmaşsın, baş
alıb bu yerlərdən getsin, ilim-ilim itsin ki, ona gülən qızların səsini
bir də eşitməsin. Amma ayaq saxladı. Dinlədi. Gülüşqarışıq bir səs
gəldi qulağına:
- Yandıran yansın, ədə, özünə nə divan tutursan?
Ağaclar yenidən səs-səsə verib şaqqıldadı. Yarpaqlar titrədi. Amma bu gülüşlər səngiyəndə o, aydınca bir səs də eşitdi:
- Gedəni niyə utandırırsınız, qoyun oxusun, yaxşı səsi var.
Bu sözləri deyən Zöhrə idi. Onu yandırıb-yaxan, dağlara-daşlara salan Zöhrə!
Bir dəfə ürəkləndi. Bulağın üstünə endi. Qızlar onu görən kimi özlərini
yığışdırdılar. Sürüşüb çiyinlərinə düşən kəlağayılarını irəli çəkib
saçlarını qulaqlarının arxasına yığdılar. Qoftalarının yaxasını,
donlarının büzmələrini dartışdırdılar. Bə'ziləri də həyalı gəlinlər
kimi kəlağayılarının bir ucunu ağızlarına yaxınlaşdırıb yaşmaq tutdu.
İlyas özünü itirdi. Səhər-səhər bulaq suyunda güzgülənib sığallanan bu
qızların hansına yaxınlaşıb nə deyəcəyini bilmədi. Onların lal
sükutundan, qayır-qayır qaynayan gözlərindəki bic şıltaqlıqdan qorxdu.
Bilirdi ki, bu yerə baxan qızların dilinə düşmək yaman işdir, allah
adamı onların şitliyindən saxlasın. Dili-dodağı təpidi, udqundu və
güclə dilləndi:
- Bir içim su verin, nə olar?!
Səhənglərini
cərgə ilə düzən qızların arasından bir pıçıltı keçdi və oğlan bulağın
novuna əyilmiş Zöhrəni indicə gördü. Qız əlindəki neylufəri dolça kimi
su ilə doldurub İlyasa verdi. O, əlləri titrəyə-titrəyə suyu aldı,
başına çəkdi və bir də istədi. Zöhrə çiçəyi kənara qoyub dolçanı
doldurdu. O, dişi göynəsə də qabı birnəfəsə boşaltdı və yenə su istədi.
"Bu yazığın ciyəri yanırmış ki" deyə kimsə söz atdı. Qızların bu
atmacasına cavab vermədi. Üçüncü dolçanı yarıya qədər içdi və qalanını
Zöhrənin yalın ayağına tökdü. Qız diksindi, qonur gözlərini İlyasın
üzünə zillədi. Bu baxışlarda ani bir qıxılcım oynadı, şimşək kimi çaxdı
və qızın dodaqları qaçdı. Qızın qımışmağı təzədən onun canına od saldı.
Bulaq başından nə vaxt aralandığından, dağa necə dırmaşdığından xəbəri
olmadı. Bir də onu gördü ki, iri bir vələsin altında, göy otluqda,
çiçəklərin arasında uzanmışdır. Qızların gülüşü yenidən qulaqlarına
dolub guyuldadı. Amma ürəyi sakitləşmişdi. Suyu qızın ayağına tökmüşdü.
Demək, ürək sözünü demişdi. Bu, dağlarda bir adət idi. Çoxdan, lap
dədə-babadan qalma adət. Qız da hirslənməmişdi, əvvəlcə qımışmış, sonra
da başını aşağı salıb qızarmışdı. Demək, onun da ürəyi oğlanı
tutmuşdu...
Bir gün kənddə yenə toy vardı. Oktyabr bayramının
ildönümünü qeyd edirdilər. O vaxt qayda idi:kənd camaatı məktəbin
qabağına toplaşardı. Uşaqlar rəngli kağızlardan naxışlar kəsər, zəncir
düzəldər və sinif otaqlarını, eyvanları bəzəyərdilər. Kənd cavanları
atlarının quyruğunu düyüb cıdıra hazırlaşardılar. Qulplu qazanlarda
xörək bişər, qara zurna dilə gələrdi. Düz nağıllardakı kimi üç gün, üç
gecə çalıb-oynayardılar.
Hava xoş idi. Elə məktəbin həyətində son
bahar yaşıllığının üstünə gəbə-kilim də döşəmişdilər. Kəndin ayıl
arvadları, qızları, gəlinləri bardaş qurub oturmuşdular. Zurnaçılar
ortada stulda əyləşmişdilər. Əvvəlcə cıdırhəngi çalındı, sonra
güləşəngi. Cavanlar at çapıb, qurşaq tutub yorulandan sonra oyun
başladı. Kəndin gözəlləri qoşalaşdılar.
İlyasın gözü bacısıyla
Zöhrədəydi. Onlar yanaşı oturmuşdular. Bu gün hər şey həll olunmalıydı.
İlyasın bacısı meydana çıxmalı, ortada bir az hərlənəndən sonra Zöhrəni
çağırıb oynatmalı idi.
Zurnasılar yanaşdı. Qulaqlarına nəsə
pıçıldadı. Sümüyə düşən ağır bir hava çalınan kimi İlyasın bacısı ayağı
durdu, qollarını qaldırıb bir dövrə vurdu və oynaya-oynaya gedib
Zöhrənin qabaxğında dayandı. Qız əvvəlcə dartındı, oynamaq istəmədi.
Onu dümsükləyib ayağa qaldırdılar. Zöhrənin başında bənövşəjyi yelinli
ağ kəlağayı vardı. Cığaları qıvrılıb yanağına düşmüşdü. Qırmıxı
koftasının yaxasına pullar düzülmüşdü. Qırçınlı uzun donu topuğuna
enirdi. Hiss olunurdu ki, dikdaban çəkməsini yenicə geyinib.
Qol-qola verib ortada süzdülər. Dəfçi nəsə qışqırdı, kiminsə adını
çəkdi, "Sağ olsun oynayanlar" - dedi. İlyas bunları eşitmədi. Onun gözü
Zöhrə ilə bacısındaydı. Zöhrənin oyunu onu valeh etmişdi. Bu qız nə
gözəl oynayırdı, asta-asta, sındıra-sındıra. Dəfçi hər dəfə çomağını
dəfə endirəndə qızın qolları tərpənirdi, buğum-buğum.
İlyasın
bacısı oyununa ara vermədən hərləndi və sezilmədən Zöhrənin
kəlağayısının yelənli ucunu ələ keçirdi. Zöhrə gözünü yumub-açınca
ovcundakı pulu kəlağayının ucuna düyünlədi. Bu qızı bəlləmək deməkdi.
Əgər qız dartınsa, pulu açıb atsa, demək razı deyil. İlyas gördü ki,
qız qıpqırmızı oldu və dartındı. ancaq bacısı qızı tərpənməyə qoymadı,
qucaqlayıb üzündən öpdü. Zöhrə başını aşağı salıb yerinə keçəndə dəfçi
yenə qışqırdı:
- Sağ olsun oynayan nişanlısıynan...
İndi o,
dizinə qədər qara bata-bata, ağacların budağından yapışa-yapışa dağa
qalxır, meşənin dərinliyində özünə məskən salmış qaçaq Süleymanın
yanına gedirdi. İlyas qaçaqların harada gizləndiyini təxminən bilirdi.
Eşitmişdi ki, Süleymanın dəstəsi əzgilli taladan bir az o yana, Sarı
qayanın alt tərəfində yerin altında lağım atıb, özlərinə sığınacaq
düzəldiblər. Bura əlçatmaz bir yer idi. Qışda orada daldalanır, yaz-yay
aylarında bir az da yuxarı qalxırdılar.
Yuxarı qalxdıqca qar daha
da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. Onun qaşı, kirpikləri
buz bağlamışdı. Papağının sallama qulaqları donub quş qandları kimi
havada qalmışdı.
İlyas qaçaq Süleymanı bircə dəfə görmüşdü. Düz iki
il bundan əvvəl belə qarlı bir gündə, qaçaqlar atlarını çapıb kəndə
doluşdular. Boğazına kəndir saldıqları bir adamı atın yedəyində
darta-darta məktəbin qabağındakı meydana gətirdilər. Hamı tamaşaya
yığışdı. İlyas boğazı kəndirli adamı tanıdı. Müəllim idi. Şəhərdən
gəlib qonşu kənddə dərs deyirdi. Onun paltosunu çıxartmışdılar. bircə
köynəkdə idi. Dizə qədər qara batmışdı.
Qaçaqlardan biri qaşqa
kəhər atını məhmizləyib qabağa çıxdı. İlyasın nəzərinə ilk çarpan onun
çatılmış qaşları altında parıldayan qan sağılmış gözləri oldu. kişinin
üzündəki tüklər də biz-biz idi. İribədənli, enlikürəkli, genişsinəli bu
adam yəhərin üstündə qırğı kim oturmuşdu. Kürkünün üstündən bağladığı
onaçılan, çiynindən aşırılan çalın-çarpaz qoltuqaltılar, yəhərin
qaşından asdığı beşaçılan onun zəhmli sifətini daha müdhiş göstərirdi.
- Camaat, bilirsinizmi bunun günahı nədir?
Heç kəsdən səs çıxmadı. Hamı dönüb qarın içində başı, sinəsi açıq
dayanan müəllimə baxdı. Onun sifəti, qulaqları şaxtadan göyərmişdi.
- Bu bizim namusumuza toxunub. - Elə bil camaatın üstünə su ələndi.
Bunu hiss edən qaçaq sözünü tamamladı, - qızları başına yığıb teatr
çıxardıb.
Kəndin ağsaqqalırndan biri çiyninə saldığı kürkünün yaxasını çəkib düzəltdi və bir-iki addım irəli yeridi.
- İndi fikrin nədi, ay oğul?
- Gözünüzün qabağında bunun başını kəsəcəm.
- Əl saxla, a bala, adam hər şeydən ötəri qan tökməz. Görmürsənmi fağırın biridi, çevir balalarının başına, burax getsin.
Qaçaq Süleymanın üzü əsdi. Qamçısı ilə papağını alnından geri itələdi. Onun gözləri kişinin üzünə zilləndi.
- Yə'ni deyirsən, namusumuzu ayaqlar altına ataq?
- Kim deyir onu, a bala, namussuz yaşamaqdan ölmək yaxşıdır.
Qaçaq Süleyman inadından dönmək istəmədi. Amma kənd camaatı ondan əl
çəkmədi. Əl-ayağına düşdülər, yalvar-yaxar edib qaçağı yumşaltdılar.
- Yaxgı, anan namaz üstündəymiş, qurban ol bunlara. Səni buraxıram,
amma burdan elə əkilərsən ki, heç izin-tozun da qalmaz. Bir də gözümə
dəysən böyük tikəni qulağın boyda eləyəcəm.
Müəllimin boynundan kəndiri açdılar. Paltosunu verdilər və dağlardan arana enən cığırla yola saldılar.
Qaçaq Süleyman kənddən getməzdən əvvəl atının cilovunu çəkdi.
- Camaat, - dedi - yadınızda saxlayın, məni çöllərə salan elin
namusudur. Nə qədər sağam, qoymaram bu mahalda bir adamın namusuna
toxunsunlar!
İlyas səhər çay kənarında Rəşidlə sözləşəndən sonra
bunları yadına saldı və dağlara üz tutudu. Onun gözünə heç nə
görünmürdü. Nə şaxtanı hiss edir, nə də nə qaranlığa düşüb qurd-quşa
yem ola biləcəyini ağlına gətirirdi. Onun beynində bircə fikir
dolaşırdı:harda olsa, qaçaq Süleymanı tapmaq, ürəyindən keçənləri düz
gözünün içinə demək. O, bilirdi ki, qaçaq öz adamlarına tapşırıb onu
tikə-tikə doğratdıra bilər, ya da özü əli titrəmədən onaçılanın
tətiyini sıxar və həddini aşmış bu cavanı bir andaca yox edər. İlyas
bunların hamısını ürəyində ölçüb-biçmişdi və necə deyərlər kəfəni
boynuna dolamışdı. Yə'qin etmişdi ki, bu yoldan sağ-salamat
qayıtmayacaq, amma fikrindən dönməmişdi.
- Dayan, kimsən?
İlyas fikirdən ayılanda sinəsinə tuşlanmış lüləni gördü və anladı ki, qaçaqlara rast gəlib. Sevindi.
- Məni qaçaq Süleymanın yanına aparın.
- Aldatdım deməzsən ki?
- Doğru sözümdür. Vacib işim var.
- Ə, sənin onnan nə işin ola bilər?
- Olmasa, bu boranda, qarda bələnlər aşıb buraya gəlməzdim ki?
İlyasın sərt cavabı qaçağı bir az çaşdırdı. Tüfəngi aşağı salıb ona yaxınlaşdı. Diqqətlə üst-başını süzdü və arxaya keçdi.
- Düş qabağıma! Onsuz da buradan salamat qayıtmayacaqsan.
- Qayıtmayanda da qayıtmaram, məni niyə qorxudursan?
- Yekə-yekə danışma, düş qabağıma.
O, içəri girəndə qaçaq Süleyman qara damın küncündə, peçin yanına
qoyulmuş taxtın üstündə, mütəkkəyə dirsəklənərək uzanmışdı. Çəkmələrini
soyunsa da yarağını çıxartmamışdı. Qoltuqaltıları çiynində, tüfəng
yanında, onaçılan qarnını üstündəydi. İlyası görəndə dikəldi,
ayaqlarını taxtdan sallayıb oturdu və qan sağılmış gözlərini onun üzünə
zillədi. İlyas bu zəhmli baxışlardan sarsılmadı, əksinə, sakitləşdi.
Əslinə baxsan ona elə gəlirdi. O bilmirdi ki, keyləşib.Qulaqları heç nə
eşitmir, gözləri gözlərinə sancılmış gözlərdən başqa heç nə görmür,
harada olduğunu, kiminlə üz-üzə dayandığını belə ayırd edə bilmirdi.
- Xeyir ola, komsomol, niyə gəlibsən?
Bu səs onu ayıltdı. Beyninin uğultusu, qulaqlarının güyültüsü bircə
anda yoxa çıxdı və qaçağın özü də elə bil dumandan sıyrılıb bütün
aydınlığı ilə önündə dayandı. İlyas qurumuş dodaqlarını dili ilə
islatdı və düz onun gözünün içinə baxdı.
- Sənin üzünə tüpürməyə.
Bircə an, yalnız bircə an ortalığa sükut çökdü. İlyas elə bil
çiyinlərini ildırım daşı tək basıb əzən yükün altından çıxıb
yüngülləşdi. Ona elə gəldi ki, sinəsi genişləndi, nəfəsi açıldı. Və
birdən qan sağılmış gözlərin sərt baxışlarını üzündə hiss etdi. Bu
baxışların üzünə sancılması ilə qollarının daldan qanrılıb burulması
öir oldu. Onu sürüyüb bayıra atmaq istədilər. Qaçaq Süleymanın zəhmli,
amiranə səsi eşidildi:
- Buraxın, qoyun sözünü axıracan desin. Niyə
mənim üzümə tüpürürsən, bala? - Ona görə ki, yalançısan, hər yerdə
namusdan danışırsan, amma sənə arxalananlar namussuzluq eləyirlər. Toy
günü gəlini nişanlısının əlindən almaq istəyirlər.
Kişini elə bil ilan çaldı. Yerindən sıçrayıb dik atıldı.
- Kimdi, o biqeyrət? - Koxalıların Rəşidi.
Qaçaq Süleymanın qaşları çatıldı. Üzünün tükləri biz-biz oldu. İlyas
gördü kişinin geniş sinəsi kürük kimi qabarıb endi. Bir xeyli
fikirli-fikirli ortada hərləndikdən sonra taxtın üstünə uzanıb
mütəkkəyə dirsəkləndi.
İlyasın sözü onu yaman tutmuşdu. Doğrudan
da, onu çöllərə salan nəydi? Neçə il idi ki, evindən-eşiyindən niyə
didərgin düşmüşdü? Kim idi onu yuvasından hürküdən? Süleymanın atası
da, özü də, elə qohum-qardaşları da şura hökuməti qurulanda hamıdan çox
sevinmişdilər. Yenicə ayınları açılıb dirçəlmişdilər. Onların nəsli
kasıb dolanmışdı, amma heç kəsin qabağında əyilməmişdilər. Atası həmişə
onlara deyərdi ki, kişinin birinci sifəti namusdur. Gərək təkcə öz
namusunu yox, qonum0qonşunun, el-obanın da namusunu qoruyasan. kişi
olan başqasının qız-gəlininə xayın gözlə baxmaz. Bu sözlər uşaqlıqdan
onun beyninə həkk olunmuşdu. Sonra böyüyüb kəndin dəliqanlılarına
qoşulanda da, toyda-mağarda cıdıra çıxıb at çapanda da, kəndin
cavanları ilə qurşaq tutub güləşəndə də atasının sözləri qulaqlarından
getmirdi. Onu barmaqla göstərirdilər. Kürəkləri enli, beli nazik idi,
az qalırdı üzükdən keçsin. Ona gözü düşənlər çox idi. Bilirdi ki,
kəndin qızları onun dalınca həsrətlə boylanırdılar və az qalırdılar ki,
qabağa düşüb ürəklərini açsınlar, altdan yuxarı üzünə baxıb həyadan
pörtə-pörtə "Nə olar, mənciyəzi al" desinlər. Ona söz atan gəlinlər də
olurdu. Amma Süleyman onlara gözünün ucuyla da baxmırdı. Kəndin
ağsaqqalları "halal olsun, kişinin oğluna" deyib onunla qürurlanardılar.
Onu kənddə yenicə düzəlmiş komsomol özəyinə katib seçdilər. Cavanları
başına topladı, əkinə-biçinə, məktəbə, savad kurslarına kömək elədi.
Dəstə getdikcə böyüdü, Süleymanın sorağı da böyüdü, ətraf kəndlərə də
yayıldı.
Onların kəndində Əbdürrəhman adında bir bəy də vardı.
Əzazilin biriydi, boylu arvadlar onu görəndə uşaq salardılar. Şura
hökuməti yeni qurulanda başına dəstə toplayıb bir neçə il heç kəsi
tanımaq istəməmişdi. Atını çapıb hamıya bildirmişdi ki, buraların ağası
mənəm, başqa xəyala düşməyin. Bir dəfə də Süleymanın qabağını kəsib
hədələmişdi. "Deyəsən çox əllaməlik eləyirsən, bala, ağır otur, batman
gəl, başın bədəninə ağırlıq eləməsin". Hətta bir dəfə üstünə tüfəng də
çəkmişdi. Güllə Süleymanın papağını silib keçmişdi.
Bir gecə
"Geponun" adamları sakitcə gəlib, Əbdürrəhman bəyi də, oğlanlarını da
apardılar. Onların evini idarə elədilər. Üst gözdə kənd şurası, firqə
özəyi yerləşdi. Bir otaq da komsomola verdilər. Arvad-uşağı isə aşağı,
zirzəmiyə oxşar yerə köçürdülər.
Bəyin bir cüt maral kimi
qızıvardı, abırlı, həyalı. Kəndin arasına az-az çıxardılar, ataları
tutulandan sonra isə heç gözə görünmədilər. Süleyman göz qoyardı,
qızlar zirzəminin qaranlıq küncündə bir-birinin qoynuna qısılıb
oturardılar. Oduna, suya da qarı ilə bəyin arvadı gedərdi. Atası bir
dəfə Süleymanı bir küncə çəkdi. "Oğul, - dedi - bilirəm komsomolsunuz,
bəylərlə vuruşursunuz, yaxşı eləyirsiniz. Amma arvadda, uşaqda işiniz
olmasın. Qulağıma pis sözlər gəlir. Deyəsən keçəl Xondulu dinc durmur.
Yadında saxla, elin namusu bizim namusumuzdur. Təmiz adımızı
ləkələməyin". Atasının sözündən sonra Süleyman yoldaşalarına göz qoydu.
Tapşırdı ki, farağat otursunlar.
Bir dəfə gecədən xeyli keçmiş
idardən işıq gəldiyini gördü. Qanrıldı. elə bildi ki, rayondan təhkimçi
gəlib, nə isə vacib bir işi var. Qapının ağgına çatanda heyrətləndi.
İçəridən taqqıltı gəlirdi. Elə bil süpürüşürdülər. Kimsə hıqqırırdı.
Süleyman çiynini qapıya verdi və ona elə bir güc gəldi ki, zirəzə
yerindən oynadı. İçəri girəndə gözlərinə inanmadı. Əbdürrəhman bəyin
qızları küncə qısılmışdılar. Üst-başları cırıq-cırıq idi, saçları
üzlərinə dağılmışdı. keçəl Xondulu porsuq kimi qızarmışdı. Qollarını
çirməmiş, köynəyinin yaxasını açmışdı. Şalvarının üstündən tumanbağısı
sallanırdı. Gözləri pişik gözü kimi parıldayırdı. Qapıı açılanda
boynunu içəri çəkib belini donqarlandırdı və qan hərisi vəhşiyə dönərək
yay kimi gərildi. Bircə an da keçsə, irəli atılacaqdı. Süleymanın beyni
uğuldadı və gözlərinə qan sağıldı. Naqanı çıxartmağı ilə tətiyi çəkməyi
bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə...
Bayırda at
fınxırdı. Ayaq tappıltıları və qarışıq səslər eşidildi. Sonra qaradamın
qapısı cırıltı ilə açıldı. Qapı aralanan kimi içəri soxulan işıq zolağı
damın yarımqaranlıq havasını qılınc kimi doğradı, divarda süründü və
taxtın üstündə uzanmış Süleymanın üstünə düşdü, qapı örtülən kimi də
yox oldu. İlyas dik atıldı. Qarlı havadan sonra gözü qamaşan və evin
ortasında dayanıb boylanan Rəşidi görəndə qan beyninə sıçradı. Amma
qaçaq Süleyman yerindən tərpənmədi. Gözü qaranlığa alışandan sonra
qollarını açıb üstünə yeriyən Rəşidə əhəmiyyət vermədi. Mütəkkəyə
dirsəkli halda uzandı, bir azca ayaqlarını yığıb, taxtın aşağı
tərəfində ona yer elədi. Rəşid pərt olsa da, üstünü vurmadı, ayaq
tərəfdə oturdu. Onlara çay gətirdilər. Yalnız bundan sonra Qaçaq
Süleyman başını qaldırıb qonağın üzünə baxdı:
- Kürkünü soyun, soyuq dəyər.
Onun sakit, amiranə səsi Rəşidi çaşdırdı. Gözü Süleymanın üzündə qımışa-qımışa kürkünü çıxartdı.
- Deyirlər kəndinizdə toy var?
Qəfil sualdan Rəşid diksindi. Stəkanı nəlbəkiyə qoyub qaçağın üzünə baxdı. Bilmədi nə desin.
- Niyə dinmirsən?
Rəşid tələsik cavab verdi:
- Var.
- Kimin toyudur?
- Murad kişinin dığası İlyasın. - Rəşid elə bil dirçəldi. Qaş-gözünü
oynadıb sözünə davam etdi. - İndi hər qor-qoduq adam olub ortaya düşüb.
Başın haqqı ona dağ çəkəcəm.
İlyas dözmədi. Küncdən çıxıb irəli
gəlmək istədi. Amma Süleyman gözünü ağardıb onu yerində oturtdu.
Deyəsən Rəşid heç onu görmürdü.
- Fikrin nədir?
- Elə bu gecə qızı onun əlindən alacam.
- Araya qan düşmxəyindən qorxmursan?
- Nədən qorxacam? Dalımda dağ kimi dayanıbsan.
Qaçaq Süleyman papağını çıxardıb dizini üstünə qoydu. Fikrirli-fikirli
başını ovxaladı. Ortalığa çökən sükut xeyli çəkdi.Birdən onun
qaqqıltısı divarda şaqqıldadı. Rəşid də ona qoşuldu. Gözləri
yaşarıncaya qədər gülüşdülər.
- Ağzıyın dadını yaman bilirsən ha.
- Bə nə. Gərək bu gəda-gudaların anasını ağladasan.
- Bə qorxmursan?
- Nədən?
- Xam qızla yatmaqdan.
- Arxayın ol, hələ canım suludu.
İlyas küncdəcə dayanıb söhbətin hayana səmt alcağını gözləyirdi. Dişi
bağırsaqlarını kəssə də susurdu. Başına nə iş gələcəyini bilmirdi.
Bircə onu hiss edirdi ki, qaçaq Süleymanın səsi titrəyir, qaşları
çatılır və üzünün tükləri biz-biz olur.
Süleyman papağını başına
qoydu. Ayaqlarını taxtdan sallayıb oturdu. Əvvəlcə peçin yanında
quruyan çəkmələrini geyindi, sonra ayağa qalxıb kürkünü. Onaçılanı
belinə bağladı, qamçısını əlinə aldı. Rəişidin çaşdığını görüb dilləndi:
- Dur gedək. - Onlar qapıya yaxınlaşdılar. Qaçaq Süleyman Rəşidi qabağa salıb geri döndü. - Komsomol, sən də dur.
Rəşid qanrılıb İlyasa baxmaq istədi, ancaq Süleyman itələyib onu bayıra çıxartdı.
Hava ayazımışdı. Gün işıldasa da soyuq idi. Meşəyə, talalara sərilmiş qar adamın gözünü qamaşdırırdı.
- Atları bəri çəkin!
Qaçaqlar bir göz qırpımında tövlədə saxladıqları yəhərli-yüyənli atları
gətirdilər. Qaçaq Süleyman ayağını üzəngiyə qoyan kimi sıçrayıb atın
belinə qalxdı. O biriləri də atlandılar. Yalnız bu zaman İlyas özünü
itirdi. Buraya gəldiyinə peşman oldu, özünü danladı.
Qaçaq Süleyman
bu saat iki il bundan əvvəl müəllimn boğazına kəndir salıb kəndə
gəldiyi şəklə düşmüşdü. Qaşları çatılmış, üzünün tükləri biz-biz olub
kirpi tikanına dönmüşdü. Beşaçılanı yəhərin qaşından asılmışdı,
çalın-çarpaz bağladığıqoltuqaltıları, onaçılanı yerindəydi. İlyas
gözlədi ki, bu saat onun paltarını soyunduracaqlar, boğazına ip salıb
atın döşünə qatacaqlar, dərə aşağı sürüyüb kəndə aparacaqlar və kim
bilir başına daha nə kimi oyunlar açacaqlar. Ürəyində özünü yaman
danladı, uşaqlıq elədiyini başa düşdü. "Özüm heç, bir cana borcluyam,
öldürərlər cəhənnəmə öldürsünlər, amma el-oba biabır olacaq". Rəşid
atın üstündən dönüb rişxəndlə ona baxanda az qaldı ürəyi partlasın.
Qaçaq Süleyman cilovu gəmirən atın başını dartdı.
- Təzə bəyə də at verin.
Rəşid təəccübləndi:
- Onu da aparaq?
- Bə nə. Heç bəysiz də toy olar?
İlyasa at gətirdilər. Oğlan duruxdu. Gözlərini qaçaq Süleymanın qan
sağılmış gözlərinə zillədi və ilk dəfə bu gözlərdə mehribanlığa bənzər
bir işartı gördü. Deyəsən kişinin sifəti də işıqlanmışdı. Dodağında
təbəssümə bənzər bir şey sezilirdi.
- Min, bala, səni toya piyada aparmayacağıq ki? Eldən ayıb olar.
İlyas bu sözlərin arxasında dərin, gizli bir kinayə olduğundan
şübhələnsə də, sıçrayıb atın belinə qalxdı. Qaçaqlar atları məhmizləyib
özlərinin tanıdıqları, kəsə yolla dərəyə endilər.
Sazaq başlamışdı.
Atların ayaqlarının altında qar xarıldayırdı. Ağacların budaqları
şaxtadan çatdayıb qırlırdı. Orda-burda qarğalar qarıldaşırdı. İlyası
fikir götürmüşdü. Qaçaq Süleymanın sözlərini bir yana yoza bilmirdi.
"Təzə bəyə at verin!", "Səni toya piyada aparmayacağıq ki?" Bunlar nə
demək idi? Yoxsa məni ələ salırdılar? Görəsən atam indi neyləyir? Yəqin
damın üstünə çıxıb-düşməkdən, yollara baxmaqdan gözünün kökü saralıb.
Barı anama heç nə deməyəydi, yazıq arvadın bağrı çatlayar. Görəsən qızx
evinin qulağına bir şey çatmayıb ki? Zöhrə indi mənim harada olduğumu
bilirmi? Bilirmi ki, qaçaqların yanındayam, ondan ötəri gəlib buralara
çıxmışam. Özümü də işxə salmışam, onu da. Bəlkə heç buraya gəlməyədim,
Rəşid mənə neyləyə bilərdi ki? Heç camaat qoyardımı ki, kənddə
namussuzluq ola. Nəysə... Özü yıxılan ağlamaz, allaha pənah...
Onlar dərənin aşağısı ilə axan çayın sahilinə çatdılar. Su buz bağlayıb
ağız-ağıza qovuşmuşdu. Qaçaq Süleyman cilovu çəkib buzun altında axan
suyun həzin şırıltısına qulaq asdı. Sonra qamçı ilə yoldaşlarına nəsə
işarə etdi. İki nəfər atdan düşdü. Buzun üstü ilə çayın ortasına qdər
getdilər. Tüfəngin qundağı ilə buzu sındırdılar. Quyununq ağzı boyda
dəyirmi yer açdılar. Qaçaq Süleyman üzünü Rəşidə tərəf tutub gülümsündü:
- Çimməklə aran necədir?
- Bu soyuqda?
- Bəli. Deyirlər soyuq su adamın belini bərkidir.
Rəşid döyükdü. SÜLEYMANIN ÜZÜNƏ BAXDI. BİLMƏDİ GÜLSÜN, YOXSA CİDDİLƏŞSİN.
- Zarafatı burax.
- Zarafat niyə, düz sözümdür, axşam qız yanında olacaqsan.
Rəşid atın cilovunu çəkib qaçağın üzünə bozardı:
- Başına at təpibdir, nədir, məni ələ salırsan?
- Dedim ki, çiməcəksən!
O, əlini naqana aparmaq istədi. Elə bu an qamçı Rəşidin üzündə şaqqıldadı və qaçaq Süleymanın hirs dolu boğuq səsi eşidildi:
- Atdan düş, oğraş!!
Onu sürüyüb yerə saldılar. Kürkünü, şalvarını, pencəyini çıxartdılar.
Bircə tuman-köynəyinə dəymədilər. Qolundan yapışıb darta-darta suyun
ortasına gətirdilər. Çapalamasına, yalvrmasına fikir vermədilər. Suya
basıb çıxartdılar. Bircə anda bədəni qıpqırmızı oldu. İslaq
tuman-köynək ətinə yapışdı. Çənəsi şaqqıldadı. Buna fikir vermədilər,
yenidən qolunlan yapışıb buzun sınıq yerinə saldılar. Onun söyüşlərini,
iniltiyə çevrilən yalvarışlarını eşitmədilər. Başçı "bəsdi" deyənə
qədər çimizdirdilər. Axırıncı dəfə başıaşağı suya salıb kənara atdılar.
Rəşid şappıltı ilə buzun üstünə sərildi. Onun geyindirib atın belinə
atdılar. Şallaqdan hürkən at, baş götürüb dərə aşağı çapdı.
İlyas
cınqırını çıxartmadan, heyrət və sevinclə gördüklərinə tamaşa edirdi.
O, özünü elə itirmiş və elə keyləşmişdi ki, qaçaq Süleymanın səsini
eşitmədi:
- A bala, get arxayın toyunu başla, bir köpəkoğlu sənə söz deyə bilməz. Bəlkə özüm də gəldim.
İlyası iki atlını müşayiəti ilə yola saldılar.
Həmin axşam iki yerdə səhərəcən işıq yandı. Biri Murad kişinin
həyətində, o biri isə Rəşidin evində. Murad kişinin həyətində yanan
lopa idi, Rəşidin evində otuzluq lampa. Murad kişinin tərtəmiz
silinib-süpürülmüş və palaz döşənmiş samanlığında mağar idi -
çalıb-oynayırdılar, Rəşidgildə isə sətəlcəmdən od tutub yanan kişiyə
küpə salır, üstünü yorğanla bərk-bərk örtürdülər. Səhər tezdən
zurnaçılar damın üstünə çıxıb "atdandırma" çalanda bir dəstə atlı
dağlara qalxdı. Cağ yerinə qədər ot döşənib üstünə gəbə, yorğan-döşək
salınmış arabada bəzəkli bir gəlin üzünə salınmış duvağı aralayıb göz
qamaşdıran qarda cığır salan təkərlərin izi ilə evlərinə baxıb
kövrələ-kövrələ Murad kişinin qapısına gəldi. Kəndin aşağısında,
koxalılar tərfdənsə ağlaşma səsi ucaldı.