ÖLÜLƏRİ QƏBİRİSTANDA BASDIRIN
Şəhərin mərkəzindəki bağ Rəşidin ürəyinə hər yerdən çox yatırdı. Dörd
yolun kəsişdiyi və bütün küçələrin birləşdiyi bu bağda həmişə - qış-yay
adam olurdu. İsti günlərdə ağacların kölgəsində sərinləməyə bura gəlir,
soyuq havada evdə darıxan yaşlılar özlərinə həmsöhbət tapmaq üçün yenə
buraya - çayxanaya toplaşırdılar. Elə cavanların çoxu da burada
görüşürdülər. Rəşidə şəhərin kənarında, çay sahilində, güllü-çiçəkli
bağlarda yer təklif etmişdilər, amma razı olmamışdı. Keçmiş
təcrübəsindən bilirdi ki, belə yerlərə yaz-yay aylarında müştəri çox
gəlsə də, hava soyuyub göyün üzü bozaran kimi seyrəlirdi. İki-üç
saatdan bir altında maşın olan kefi kök adamlar görünür, onlar da bir
saat, para saat oturub gedirdilər. Sonra sükutdan qulaq cingildəyirdi.
Amma Rəşid istəyirdi ki, hamıya qulluq eləsin, atlıya da, piyadaya da.
Dəqiq bilirdi: kooperativ restoran şəhərin mərkəzində olsa, bütün
fəsillərdə hamı axışıb bura gələcəkdi, heç bircə saat da müştərisiz
qalmayacaqdı. Fikrini rayonun rəhbər işçilərinə də demişdi, razı
olmuşdular. Üstəlik də söz vermişdilər ki, əllərindən gələni
əsirgəməyəcəklər. Rəşid özünə köməkçilər tapmış və hər şeyi
ölçüb-biçmişdi. Restoran ikimərtəbə olacaqdı. Ümumi salonu, ayrıca
otaqları xüsusi planda tikiləcəkdi. Onun fikri bu idi ki, həm də
yeməkxana açsın, orada nisbətən ucuz xörəklər satsın. Tənəffüsə
çıxanlar, işə tələsənlər, yol adamları vaxt itirmədən nahar etsinlər.
İkinci mərtəbədə - xüsusi kabinələrdə isə ayrı dəmdəsgah olsun. Hətta
rayonlarına yeni bir dəb də salmaq istəyirdi. Arvad-uşaqları ilə
gələnlərə gözdən uzaq yerdə ayrıca otaqlar düzəldəcəkdi. İçərisini lap
ev kimi sahmana salacaqdı. Hər şey ölçülüb-biçilmişdi:restoranın
yanında çayxana düzəldəcəkdi. Özü də çayı bütün dəmdəsgahı ilə
verəcəkdi. Səhər-səhər bal, yağ, qaymaq salma çayla. Mixəyi, darçını,
kəkotusu, löyün-löyün mürəbbələri də böyründə. Elə eləyəcəkdi ki,
şəhərdəki bütün çayxanalar bağlanacaq, kişilərin çoxu səhər yeməyini
evdə yox, Rəşidin çayxanasında yeyəcəkdilər. Amma bir məsələ qanını
yaman qaraltmışdı.
Bağın ortasında köhnə bir qəbir vardı. Görünür
vaxtilə bu qəbrin ətrafına dəmir məhəccər çəkiblərmiş. Sonradan
paslanıb çürümüş, yağışın-qarın altında qalıb ovxalanmış, bağ-bəndi
qırılıb yerə tökülmüşdü. O da hiss olunurdu ki, qəbrin dörd yanında
qızılgül kolları əkilibmiş. İllər keçdikcə baxımsızlıqdan quruyub
solmuş, tapdalanmış və yerlə-yeksan edilmişdi. Kolların kökü çürümüşdü.
Amma hərdən torpaq şirələnib bahar havası ilə nəfəs alanda çürümüş
kötüklərin ora-burası cücərir, tezcə də solurdu. Qəbrin özü də
dağılmışdı. Nə sinədaşı vardı, nə də başdaşı. Suvağı tökülmüş, ağ
daşları isə quzulayıb ovxalanmışdı. Bir-iki il də keçsəydi, bu sahibsiz
qəbir torpağın altında qalıb tamam itəcəkdi. Bağa gəlib-gedən
qocalardan, saymazyana, bu qəbrin kimin olduğunu soruşmuşdu. Amma
düz-əməlli cavab verən olmamışdı. Hamı çiynini çəkib uzaqlaşmışdı.
Rəşid niyyətini heç kəsə açmadan beş-on gün sual-cavab apardı, axırda
yəqin etdi ki, qəbrin sahibi yoxdur. Restoranın himini qoyanda qəbri
dövrəyə alıb, səssiz-səmirsiz, döşəmənin altına salar, beləliklə də hər
şey bitər, nə dil bilər, nə də dodaq. Amma ürəyində bir səksəkə vardı.
Bilirdi ki, şəhərlərdə, xüsusən də rayon mərkəzlərində, hər adamı bağda
basdırmırlar...
Onun on doqquz yaşı vardı, şıvırtı bir oğlandı.
Qaşları çatma, gözləri ala, kürəyi enli bu cavan yolnan gedəndə
çəpərlərin dibindən boylanan qızların sayı artırdı. Hərdən o elə bil
kürəyində gizilti hiss edir və dönüb geri baxanda çəpərin dibinə
sinənlərin kəlağayından başqa heç nə görmürdü. O hiss edirdi ki,
doqqazlarda çiyni sənəkli qızlarla qarşılaşanda qan üzünə vurur, qızlar
da pul kimi qızarıb başlarını aşağı salır, kəlağayılarını çəkib
üzlərini gizlətməyə çalışırlar. Özü də hiss etmədən əyin-başına sığal
verir, quşburun çarıqlarını səliqə ilə geyinir, dolağını kip dolayır,
sallamalı gümüş kəmərini şəstlə köynəyinin üstündən belinə bağlayırdı.
Toyda-mağarda kənarda qalmırdı. Qara zurnada güləşgənhi çalınan kimi
meydana atılırdı. Bircə cıdıra çıxanlara qoşula bilmirdi. Atı yox idi.
Bir gün kəndin qurtaracağındakı dəyirmanın üst tərəfinə - çəmənliyə
getmişdi. Ot qurşağa çıxırdı. Qovaq ağaclarının ağ, qu kimi ləçəkləri
havada uçuşur, çəmənlikdəki çiçəklərin üstünə qonurdu. Haradasa qumru
quşları oxuyurdu. İydə çiçəklərinin ətri havaya elə hopmuşdu ki, nəfəs
aldıqca adam bihuş olurdu. Onun başı bu məstlikdən gicəlləndiyindən
harada olduğunu unutmuşdu.
Birdən at fınxırdı. Başını qaldıranda
qurşağa çıxan otu ortadan biçən cığırda yedəyində yəhərli-yüyənli atla
dayanan qızı gördü. Baxışları toqquşanda elə bil şimşək çaxdı,
qıpqırmızı oldu, dili-dodağı təpidi. Qız isə boynunu yana əyib gözünü
ona zillədi.
- Bıy, ciyərin yansın, ədə, tula qovmuş doşan kimi qabağıma hardan çıxdın?
Qızın səsi onu özünə gətirdi. Elə bil gözünün önündən duman çəkildi. Ürəyinin döyüntüsü, qulaqlarının küyültüsü azaldı.
- Mənə niyə qarğayırsan, sənə nə pislik eləmişəm?
- Bundan artıq nə pislik eləyəcəksən, neçə vaxtdır ciyərimi yandırırsan. Çəpərin dalından boyuna baxmaqdan boynum uzana qalıb.
- Axı nə sən mənim üzümü görübsən, nə də mən sənin.
- Üzünü görməsəm də sorağını almışam. Adın xoşuma gəlirdi. İndi də
özünü görüb bəyəndim. Adın da Cavanşirdi, özün də. Lap cavan şirə
oxşayırsan. Düz sözümdü, meylim sənə yaman qondu.
Cavanşir başa
düşdü ki, onun qarşısında dayanan adını eşidib üzünü görmədiyi Həcərdi,
Şəmistan ağanın qızı Həcər. Özünü ələ aldı. Sözün düzü bu tayfadan
qorxurdu. Eşitmişdi ki, onların qızları da, kişiləri də qan çanağıdır.
Onlara yaxınlaşan da peşman olur, uzaqlaşan da. Onu da eşitmişdi ki, bu
tayfanın adamlarının gözü bir şeyi tutdumu əl çəkən deyillər. Ona görə
də cığırdan çıxıb aralanmaq istədi. Amma qız yolu kəsdi.
Əlimə yenicə keçibsən, məsələni dağ eləməmiş buraxan deyiləm.
Cavanşir özünü tamamilə itirdi. "Bu qız deyəsən, lap gerçəklədi" - deyə xəyalından keçirdi. Amma özünü sındırmadı.
- Sonra peşman olarsan.
- Bax, bu oldu kişi söhbəti.
Cavanşir udqundu. O görmüşdü ki, kəndlərindəki qızlar kişi səsi
eşidəndə, kişi papağı görəndə qaçıb gizlənir, qəfil qabaqlaşanda isə
ayaqları dolaşa-dolaşa başlarını aşağı salıb aralanırlar və dalda yer
axtarırlar ki, gizlənsinlər. Amma bu, yolu Ərəbzəngi kimi kəsmişdi.
Cavanşir belə bir qızın qabağından qaçmağı kişiliyinə sığışdırmadı.
Ehtiyatı, utanmağı buraxdı və qızı təpədən dırnağa süzdü. Onun başında
yaşıl yelənli ağ kəlağayı vardı. Zil qara saçlarını ortadan tən
ayırmışdı. Qulağına yumru qızıl sırğa taxmışdı. Cığaları qıvrım idi,
qulağının üstünə düşmüşdü, özü burmamışdı. Boynunda iki qatar mərcan
muncuq vardı. Dərisinin ağlığı mərcanda əks edirdi. Çənəsinin altında
güclə seçiləcək buxaq vardı. Dodağı elə bil qaymaq idi. Nəfəs aldıqca
titrəyən burnunun sol yanındakı qara xal sifətini daha da
gözəlləşdirirdi. Cavanşir onun qabarıq sinəsinə, yaxası açıq atlas
koftasına, belinə kip bağladığı gümüş kəmərinə, qırçınlı ipək güllü
donuna baxdı və astadan köksünü ötürüb gözünü qızın gözünə zilləmək
istədi, bacarmadı. Qızın adamı nizə kimi deşən baxışları onu yenə
sarsıtdı. Əyri ucları ilan kimi qıvrılan qaşları altında oyur-oyur
oynayan qara gözlərə baxmaq çox çətin idi. Cavanşir təntidi. "Zalım
qızı aza qalır adamı gözləri ilə yesin" - deyə xəyalından keçirdi və
baxışını yayındırıb Həcərin çiynini üstündən ata baxdı. Gümüş
sinəbəndli at yüyəni çeynəyirdi.
- Nə oldu, baxıb qurtardın?
Cavapnşir özünə toxtaxlıq verdi.
- Qurtardım.
- Bəyəndin?
- Bəyəndim. Atın qəşəngdir, özün də ki, tanrı gözəlisən.
Qız qəhqəhə çəkdi.
- Bax, bu oldu kişi söhbəti. Atama deyərəm, toyumuz olanda, bu atı mənə cehiz verər.
- Əvvəl gərək özünü verə, sonra cehizini.
- O, əlimdədir. Kimə barmağımı tuşlasam, mənim olmalıdır.
Eşitməyibsənmi ərə gedəndə biz nəslin qızlarını seçmirlər. Biz özümüz
oğlanları seçirik.
- Sən də özünə oğlan seçibsənmi?
- Bu günə qədər seçməmişdim, amma indi seçdim.
- Kimi?
- Səni.
- Məni?
Cavanşirin səsi titrədi və bir addım geri çəkildi.
- Olmaya qorxdun? Qorxma, sənə pis arvadlıq eləmərəm. Gecə-gündüz
nazını çəkər, erkək at kimi bordayıb tumarlayaram ki, cıdıra çıxanda
büdrəməyəsən.
Qızın əvəzinə Cavanşir qızardı. "Bu günü qara nə
danışır, deyəsən heç qorxusu-hürküsü yoxdur. Başı batmış utanıb eləmir
də. Demirmi birdən beynim qızar. İydələrin də çiçəkləyən vaxtıdı. Gələn
yox, gedən yox," - xəyalından keçirdi. Həcər də ciddiləşdi. Oxunu atıb
yayını gizlətmək olmazdı. Sözünü axıra çatdırdı.
- Cavanşir, yadında saxla, səni heç kimə verən deyiləm. Gözüm tutub, meylim qonub. Hünərin var, geri dur!
- Mən ki, sənə heç nə deməmişəm.
Bu dəfə Həcər həyəcanlandı. Sinəsi qalxıb endi, dodaqları səyridi:
- Yoxsa ürəyini çalan var, mənə düzünü de?
- Ürəyimi çalmaq istəyən çoxdu, amma hələ heç kəsə meylimi salmamışam.
- Sala da bilməzsən. Çünki mən varam.
Cavanşir gördü ki, qız lap gerçəkləyib. Əslinə baxsan Cavanşir özü də
onun soraxını çaxdan almışdı. Qonşularından, xala və bibi qızlarından
eşitmişdi ki, Şəmistan ağanın deyib-gülən, at çapan, nazlı-duzlu bir
bir qızı var. Amma anası bir dəfə sözə qarışmışdı:"A bala,onlar
varlı-hallı, arxalı nəsildir, biz onlara tay ola bilmərik". O gündən
Cavanşir bu söz-söhbətdən uzaq gəzməyə çalışırdı. İndi isə
gözlənilmədən qabaqlaşmışdılar.
At yüyəni yeyib kişnədi və şahə
qalxıb dartındı. Cavanşir gördü ki, bir az da keçsə xallı göy at yüyəni
qızın əlindən qoparıb qaçacaq və onu tutmaq çətin olacaq. At madyan
görmüşdü.
Sıçrayıb yüyəndən yapışdı və atın yönünü qovaq ağaclarına
tərəf çevirdi. Göy at dartındı, fınxırdı və yüyənin güclü əldə olduğunu
görüb sakitləşdi.
Cilovu qıza verəndə əlləri bir-birinə toxundu.
Diksinib bir-birlərinin üzünə baxdılar. Elə bil qarşısında dayanan qız
bayaqkı Həcər deyildi. Birdən cəsarətə gəldi. Qollarını qızın belinə
dolayıb sinəsinə sıxdı. Göz-gözə nəfəs-nəfəsə dayandılar. Cavanşir
qızın titrəyən bədəninin təmasından lərzəyə gəldi. Dodaqlarını
dodaqlarına yapışdırdı. Qızın təpimiş dodaqları onu yandırdı. Həcər
sustaldı, göz qapaqları yumuldu. Cavanşirin isti nəfəsi onun boynunda,
sinəsində gəzdi. Bircə an da keçsəydi, oğlan qızı qolları arasına
alacaq, cığırdan aralayıb otluğun qalın yerində arxası üstə yıxacaqdı.
Ancan Həcər gözlənilmədən çırpındı və ilan kimi qıvrılıb kənara atıldı.
Atılması ilə də Cavanşirə tərs şillə çəkməyi bir oldu.
- Üz verəndə, astar istəmə!
- Özün...
- Behini aldın, elçini göndər!
Həcər atın belinə sıçradı. Göy at götürüldü. Cavanşir qızın dalınca baxa-baxa qaldı.
Yenə havada qovaq ağaclarının ləçəkləri uçuşur, hardasa qumru quşları ötüşürdü...
Həcər çox gözlədi, amma Cavanşir tərpənmədi.
Bir gün kənddə toy vardı. Cavanlar cıdıra hazırlaşırdılar. Şəmistan ağa
da göy xallı atının minib gəlmişdi. At dəfin səsini eşidəndə oynamağa
başladı. Meydanda - xırman yerində - fırlandı, şahə qalxdı sonra yorğa
yerişlə iki-üç dövrə vurub camaata yaxınlaşdı. Birdən Cavanşirin
yanında dayandı, onu imsilədi. Şəmistan ağa təşviş içində cilovu çəkib
atdan düşdü. Gözaltı Cavanşiri süzdü. "Bu at onu hardan tanıyır?" -
deyə fikirləşdi və gördü ki, at oxranır, çəçiyini yerə döyür, oğlan isə
gözünü atdan çəkmir. Birdən yüyəni Cavanşirə verdi.
- A bala, sıçra atın belinə, göstər hünərini.
Oğlan çaşıb qaldı.
- Di tez ol, sonra dallarından çata bilməzsən.
Ayağını üzəngiyə qoymağı ilə atın belinə qalxmağı bir oldu. Şəmistan
ağa bir xeyli, qürurla, atın dalınca baxdı və qanrılıb meydandan
aralanmaq istəyəndə qulağına səs gəldi. "İndi atını minməyə verdi,
sonra da qızını verəcək". Meydan kişinin başına fırlandı. Özü də hiss
etmədən xəncərin dəstəyindən yapışıb yarıyacan siyirdi və dabanı üstə
fırlanıb söz deyəni doğramaq istədi. Ancaq necə oldusa əl saxladı.
"Lə'nət sənə kor şeytan" - dedi və xəncəri qınına saldı. Ömründə ilk
dəfə özünü eşitməzliyə vurdu və barmağını dişlədi. "Demək belə, Həcərin
sirri varmış, ona görə gələn elçiləri qapıdan qaytarırmış". Kişi nə
cıdıra baxa bildi, nə də deyilənləri eşitdi, nə də Cavanşirin hamıdan
qabaq gəlib nəmər aldığını, atın boynunu tumarlaya-tumarlaya ona
yaxınlaşdığını gördü. Evə də necə gəldiyindən xəbəri olmadı, qızı ilə
dəhlizdə qarşılaşanda bircə anlığına onun gözlərinə baxdı. Qızı suçlu
adam kimi başını aşağı salıb geri çəkildi.
Bir həftə evdə heç kəsi
dindirmədi, arvad-uşağın üzünə baxmadı. Heç kəs bilməsə də Həcərin
ürəyinə damdı ki, atası nəsə eşidib...
Bir axşam Şəmistan ağa arvadını yanına çağırıb, qapını örtdürdü.
- Qızın niyə ipə-sapa yatmır, yoxsa əngəli var?
- Bıy, a kişi, ağlını başına yığ, o nə sözdü, danışırsan?
- Bə, niyə elçi gəlmək istəyənləri doqqazdan yola salır?
- Həlvət ürəyinə yatan yoxdu.
- Yoxdu, yoxsa var?!
Arvad başını aşağı saldı. Əri ilə söz güləşdirmək istəmədi. Anladı ki,
kişi deyəsən duyuq düşüb, sözün düzünü deməyi məsləhət bildi.
- Olanda nə olar, yetişmiş qnızdı. Özün həmişə demirdinmi ki, kimi istəsə ona verəcəm. Kişi bir az sakitləşən kimi oldu.
- Kimdi, bə, niyə ortalığa çıxmır?
Arvad çiynini çəkdi.
- Nə bilim?
Şəmistan ağa yenidən həyəcanlandı. Ürəyindək nə keçdisə, oturduğu yerdə dikəldi və az qaldı gözü ilə arvadı yesin.
- Yoxsa, o gədədi?
- Kim, Cavanşirmi?
- Demək bilirsən? Bəlkə, xəlvətcə onları görüşdürürsən də?!
- Vallah üzünü də görməmişəm. Bircə dəfə qızın dilindən qaçırıb ki, özümə oğlan tapmışam, adı da Cavanşirdir.
Aralığa sükut çökdü.
Cavanşir bir kişi onun da xoşuna gəlirdi. Boylu-buxunlu, yaraşıqlı bir oğlandı.
- Yə'ni deyirsən dul arvad oğlundan kişi çıxar?
- Niyə çıxmır? Əlin, gözün üstündə olsa, çıxar.
Bu hadisədən xeyli sonra yaylağa köçdülər. Ordan-burdan qızı yenə istəməyə başladılar. Cavanşirgildən isə səs çıxmadı.
Kəndin kişiləri dəyələrin aşağısındakı çəmənliyə yığışmışdılar.
Cavanlar da kənarda dayanmışdılar. Ordan-burdan söhbət
edirdilər.Buğaların döyüşündən, kəllə buğanını kəllə-kəlləyə
gəlməsindən söz salmışdılar. Hərə bir xatirə, hərə bir əhvalat
danışırdı. Axırda Şəmistan ağa da söhbətə qarışdı. "Kemişdə, bildiyiniz
kimi, hər naxırın öz buğası olardı. Bizim də iki-üç buğamız vardı,
əldən düşmüşdülər. Atam soraqlaşdı, axtardı və bir cins yazabuğa aldı.
Çox yaraşıqlıydı, tükləri qızıla çalırdı. Dərisi də elə bil məxmərdi.
Naxırı qomarğalayıb qabağına qatırdı. Qoymurdu ki, buğalar yaxın
gəlsin. Buynuzu ilə yeri eşib onları hürküdürdü. Naxırda inəklər də
vardı, düyələr də. Buğaya gəlmək vaxtlarıydı. Elə ki, buğanın biri
inəyə, ya da düyəyə yaxınlaşmaq istəyirdi, yazabuğa böyür-böyür böyürür
və onların yolunu kəsirdi. Amma üzülmüşün özü də düyələrə yaxın
gəlmirdi. Atam gördü ki, iş belə getsə mal qısır qalacaq. Yazabuğanı
naxırdan aralayıb kəsdi və alışma elədi".
Kişilər gülüşdülər, yaman gülüşdülər. Cavanşir isə sözü özünə götürüb pul kimi qızardı.
O gecə anası ilə danışdı. El dağdan arana enəndə qıza elçi göndərdilər
və nişan taxdılar. Cavanşir toya hazırlaşanda isə onu Qəza Firqə
özəyinə çağırdılar və ikiillik firqə məktəbinə oxumağa göndərdilər.
Geri qayıdanda onu tanımaq olmadı. Özü də dəyişmişdi, əyin-başı da.
Ayağında uzunboğaz çəkmə, belində aşırmalı enli kəmər vardı. Tünd
bənövşəyi rəngli şivyotdan qalife şalvar-köynək geyinmişdi. Kürəyi bir
az da enlənmiş, özü bir az da gözəlləşmişdi. O, qarşısına məqsəd
qoymuşdu: Qəzada birinci "Kommuna" yaratmaq. Fikrini Firqə özək
katibinə də dedi. Bəyəndilər və başa saldılar ki, bunun üçün əvvəlcə
qolçomaqları əzmək lazımdır.
Ertəsi günü Şəmistan ağanı idarəyə
çağırdı. Bir xeyli sözü nədən başlayacağını bilmədi. Kişi gözləyirdi
ki, iki ildən çox onun yolunu gözləyən Həcərdən söz salacaq, toy haqda
məsləhətləşəcəkdi. Amma Cavanşir sözünü qəribə başladı.
- Şəmistan əmi, özün bilirsən ki, kəndimizdə səndən varlı adam yoxdu.
- Nə demək istəyirsən?
- Gərək mal-qaranı təhvil verəsən.
- Kimə?
- Kolxoza. Kəndimizdə kommuna quracayıq.
- O nə olan şeydi?
Cavanşir izah elədi. Kişi diqqətlə qulaq asdı və birdən ayağa sıçradı.
- Get özünə peşə tap, bala, mən heç kəsə mal-qara verən deyiləm!
- Verməzsən, zorla alarıq.
- Nə ixtiyarla?
- Qolçomaq olduğuna görə.
Bir həfətədən sonra şəhərdən milislər tökülüşüb gəldilər. Şəmistan
ağanın evini qomarğaladılar. kişini tapa bilmədilər. Gecəynən, duyuq
düşüb, qaçmışdı. Ev-eşiyi bir-birinə qatdılar, arvad-uşağı çölə
tökdülər. Yorğan-döşəyi, ələ keçən pal-paltarı bir arabaya doldurub
dörd milisin müşayiəti ilə qəza mərkəzinə yolladılar. oradan da
sürgünə...
Əl-ayağa dolaşan olmadığından işi yaxşı getdi. İki ilə
kəndi sökdü6 əyri-üyrü çəpərləri dağıtdı, köhnə evləri uçurtdu və çay
kənarında, gözəl, sulu yerdə cərgə ilə yeni evlər tikdirdi. dəyirman
yerində balaca bir elektrik stansiyası da qurdurdu. Evlər işıq gəldi.
Arvadların canı hisli çıraq şüşüəsi təmizləməkdən qurtardı. Hər şey
onun gözündə gözəlləşmişdi. Kommunanın balaca "Fordzon" traktoru,
taxıldöyəni, otbiçəni vardı. Klubu hər gecə işləyirdi. Belə bir qayda
qoymuşdu: kəndə gələn qonaq qohumunun evinə yox, kommunanın qonaq
otağına düşməli idi. Qohumlar burada görüşməli, kommunanın hesabına
düzələn yemək-içməyi də bir yerdə yeməliydilər. Cavanşirin adı dillərə
düşmüşdü. tez-tez mərkəzdən adamlar gəlir, şəklini çəkir, qəzetlərə
məqalələr yazırdılar. Onun başı işə o qədər qarışmışdı ki, çox vaxt evə
də gəlmirdi. Elə idarədə divana uzanıb yatır, ya da şinelini üstünə
salıb dirsəklənir, bir azca çimir alırdı. Anasının da gecəsi-gündüzü
yoxdu. Arvad səksəkə içində səhərəcən, doqqazda, oğlunun yolunu
gözləyirdi. Həftədə bir-iki dəfə ancaq görüşürdülər. Görüşəndə arvad
kəlağayısının ucu ilə gözünün silə-silə oğlunun danlayırdı:
- A
bala, özünü az öldür, vallah qədrini bilən olmayacaq. Eldən ötrü
ağlayan kor olar, oğul, bir özünü də fikirləş, ev-eşik qur, arvad-uşaq
sahibi ol, mən də istəyirəm nəvəm olsun.
- Darıxma, ana, hər şey
düzələcək. Bir də məsəl var:balığı burax dəryaya, balıq bilməsə də
xaliq bilər. O ki qaldı evlənməyə, hələ vaxt var. Bir də ki, ilk oxum
daşa dəydi.
- Taqsır özündə oldu, bala, qızışdın, binəvaları yerindən-yurdundan didərgin saldın. Görəsən yazıqlar indi hardadırlar?
Cavanşir tutuldu. Hardasa, ürəyinin dərinliyində kövrələn kimi oldu.
- Kişi buralarda, dağda-daşda gizlənir. O biriləri uzaqdadır, əlçatmaz yerdə.
- Deynən bədbəxtləri gedər-gəlməzə göndəribsən.
- Mən göndərməmişəm, Şura hökuməti göndərib.
- Səndə də taqsır oldu, oğul, Həcər sənin nişanlın idi, istəsən qoymazdın.
- Mən qolçomaq qızını ala bilməzdim!
Arvad gördü ki, oğlu hirslənir, onu sakitləşdirmək istədi.
- Nə deyirəm, bala, özün bilən yaxşıdı. Amma qorxuram. Uzun saçlının ahı yerdə qalmır, bir az ehtiyatlı ol.
Bu söhbətdən sonra Cavanşir az qala ayağını evdən kəsdi.
Bir axşam yenə gecəyarıyacan iclas apardı. Yorulduğundan evə qayıtmadı.
Divana uzanıb idarədə yatmağı qərara aldı. O üz-bu üzə çox çevrildi,
gözünə yuxu getmədi. arada durub papiros çəkəsi oldu. Ürəyi yaman
döyünürdü, narahat idi. Gördü ki, yata bilmir, eyvana çıxdı. Məhəccərə
söykənməyi ilə dalbadal atılan güllələrin qulağının dibindən vıyıltı
ilə keçməyi bir oldu. Dirəyin diyinə mətərislənib nağanının çıxartdı və
qarasına iki-üç güllə atdı. Kəndin aşağı tərəfində itlər hürüşdü,
çataçat güllə açıldı. Birdən göyün üzü qızardı. Cavanşir başa düşdü ki,
ot tayaları, tövlə, anbar, evlər yanır. Tez idarəyə girdi, rayona zəng
çaldı, köməyə milis çağırdı və kəndin aşağı tərəfinə qaçdı. Camaat
səksəkə içində yuxudan ayılmışdı. Tüfəngi olan tüfəng, olmayan balta,
yaba götürmüşdü. Arvad-uşaq bir-birinə qarışmışdı.
Cavanşir özünü
yetirəndə artıq evləri yanıb külə dgnmüşdü. O, dəli kimi oldu. Özünün
oda atdı, tüstü-duman içində anasını axtardı. Anası yox idi.
Rayondan atlı milislər gələndə artıq iş-işdən keçmişdi. Qaçaqlar çıxıb getmiş, kəndin yarısı yanıb kül olmuşdu.
Onu evə yaxın qoymadılar. Anasının yanıb kösövə dönmüş cəsədini
göstərmədilər. Meyiti qəbrə sallayanda da qolundan tutub kənarda
saxladılar. Düz bir həftə gündüzlər gözə görünmədi. Gecələr isə əlində
tüfəng kəndi dolaşdı, yolları, bəndi-bərəni kəsdi, kimi isə gözlədi,
gələn olmadı. Səkkizinci gün tezdən durdu, üzünü qırxdı, paltarını
səliqə ilə geyindi, naqanı belinə bağladı, beşaçılanıəlinə alıb, atın
belinə qalxdı. Düz birbaş Qəza Firqə Özəyinə getdi.
- Mənə otryad verin, qaçaqların üstünə gedəcəm.
İki gündən sonra, gecəyarısı, əlli yaraqlı-yasaqlı atlı ilə birdikdə
dağlara qalxdı. İşıqlaşmamış qaçaqların üstünü kəsmək istəyirdi. Ona
demişdilər ki, Şəmistan ağanın dəstəsi yaylaqdadır, özü də bu gecə
binədə toyda olacaqlar. O bu yerlərə yaxşı bələddi, bütün keçidləri,
cığırları tanıyırdı.
Dan ulduzu doğanda mənzilə çatdılar.
Səssiz-səmirsiz binələrin ətrafını kəsdilər. Üç tərəf hündür qayalıqdı.
Dəyələr isə, aşağıda, talada qurulmuşdu. Qabaq uçurum idi. Bircə yol
vardı. O da qayaların arasından keçirdi. Çadırların birindən saz səsi
gəlirdi. Deyəsən, aşıq dastan başlamışdı.
Cavanşir başa düşdü ki,
qaçaqlar bu dəyədədir. Yoldaşlarına xəbər çatdırdı ki, tələsməsinlər,
elə eləsinlər ki, arvad-uşağa güllə dəyməsin. İşıqlaşana yaxın aşığın
səsi kəsdi. Qaçaqlardan iki-üç nəfəri dəyədən çıxıb atların örüyünü
dəyişdilər. Bir azdan araya elə bir sükut çökdü ki, dərədəki bulaqların
şırıltısı aydınca eşidildi. Cavanşir başa düşdü ki, qaçaqlar yatdılar.
Səhərlə gecənini qovuşduğu mürgü anına qədər gözlədilər.
Qaçaqlardan biri alt paltarında dəyənin böyrünə, su üstünə çıxdı. Güllə
açıldı. Kişi yumbalana-yumbalana atlara tərəf dığırlandı. Bu tələsik
atəş Cavanşirin qurğusunu pozdu. O, səssizcə dəyəyə hücum etmək və
qaçaqları yatdığı yerdə diri tutmaq istəyirdi. Amma indi atışmalı
oldular.
İşıqlaşana qədər atışdılar. Səhərə yaxın dəyədən səs-səmir
gəlmədi. Nəfəslərini dərib gözlədilər. Birdən dəyədən kimsə çıxıb
dərəyə doğru qaçdı. Qaçdıqca da qanrılıc geriyə güllə atdı, Cavanşir
Şəmistan ağanı tanıdı. Darağı xəzinəyə basdı, gülləni lüləyə verib
nişan aldı. Şəmistan ağa nişana gəlmədi. O, ilan kimi qıvrıla-qıvrıla
qaçırdı. Cavanşir lap aşağıda, dərənini qaşında, qulaqlarını şəkləyib
dayanan atı da gördü. Tanıdı. Xallı göy at idi. Bir az da keçsə
Şəmistan ağa atın belinə sıçrayıb, özünü dərəyə sala bilərdi. Gözlədi.
Şəmistan ağa ayağını üzəngiyə qoyub, yəhərin üstünə qalxanda, səhərin
aydınlığında, kişi nişana gəldi. Cavanşir tətiyi çəkdi. Göy at kişnəyib
şahə qalxdı və yəhərdən yıxılmamaq üçün onun boynunu qucuqlayan
sahibini də götürüb qayalığa doğru çapdı. Cavanşir yolu-izi gözəl
tanıyan atın Şəmistan ağanı da götürüb aradan çıxa biləcəyindən
ehtiyatlanaraq ayağa durdu. Qalxmağı ilə də güllə açılmağı bir oldu.
Onun çiyni alışıb yandı. Yenə tətiyi çəkdi. Atın dayanıb dövrə
vurmağından başa düşdü ki, Şəmistan ağa yəhərdə deyil...
Gün xeyli
qalxandan sonra aşağı endilər. Yaralıların silahlarını aldılar.
Qollarını bağlayıb arabalara mindirdilər. Ölüləri isə atın belinə qoyub
yəhərə sarıdılar. Barmaqları tətikdə, dağlardan qəza mərkəzinə endilər.
Bütün şəhər təşviş içindəydi. Qəza mərkəzinin ortasından keçən yeganə
küçənin hər iki yanı adamla dolu idi. Çiyni sarıqlı Cavanşir qabaqda,
at belində gəlirdi. Onun dalınca yəhərə sarınmış meyitlər, arxada
arabalar irəliləyirdi. Süvari "Otryad" dəstəsi yolun sağı və solu ilə
cərgələnmişdi. Nal şaqqıltısı divarları titrədirdi. Arvadlar
kəlağayılarının ucları ilə gözlərini silib, için-için ağlayırdılar.
Evlərin pəncərələrindən boylananlardan üzlərini cırıb, dizlərinə
döyənlər də vardı. Heç kəs irəli çıxıb ölüsünə, dirisinə sahib dura
bilmirdi.
Dəstə meydanın ortasında dayandı. Qəza Firqə özək katibi,
fəallar, komsomollar, rayonun rəhbərləri gəldilər. Mitinqə başladılar.
Cavanşirin tə'rifini göylərə qaldırdılar. Pionerlər onun şərəfinə şe'r
də oxudular. Axırda xallı Göy atı ona mükafat verdilər:"Apar, min,
halalındır"-dedilər. Əli-qolu bağlı qaçaqları Şəkərin qalasına
apardılar. Ölüləri isə gecə qaranlığında xəlvəti haradasa basdırdılar.
Göy at Cavanşiri yaxın qoymadı. Əvvəllər, bircə dəfə, Həcərin yanında
onu görən at qabaqlaşanda yüyəni çeynəyib dayanar, doğma adam kimi
imsiləyərdi. Başa düşürdü ki, sahibi Həcər bu oğlana meylini salıb.
Amma indi Cavanşiri görəndə gözləri oynayıb burun pərələri genişlənir,
yüyəni çeynəyib irəli atılır, şahə qalxır, çəçiyi ilə onu tapdalamağa
çalışırdı. At düşmənini bağışlamaq istəmirdi. Cavanşir hər dəfə atın
yanına gedib qayıdanda özünü-sözünü bilmirdi. elə bil peşmanlayırdı.
Dilsiz-ağızsız heyvanın hərəkəti onu sarsıdırdı. İşdə də özünə yer tapa
bilmirdi. "Deyəsən, heyvanlar insanlardan yaxşıdır, dönük çıxmırlar,
dostu da tanıyırlar, düşməni də. Doğrudan da onlar mənə nə pislik
eləmişdilər? Kəndə səs yayılanda ki, Cavanşirin əli Həcərə dəyib, o
dişlənmiş tikədir, heç kəs daha yaxın durmaz, Şəmistan ağa onu
doğram-doğram eləyərdi, qabağına kim duracaqdı? Amma əl qaldırmadı.
İnsaflı adam idi. Doğrudan da o, kənddə kimə pislik eləmişdi, kimin
toyuğuna daş atmışdı, nə olar varlı olanda? Diribaş adamdı, özünə
var-dövlət düzəltmişdi. Gəcərin özü onu nə qədər çox istəyirdi. Bircə
dəfə əli-əlinə, dodağı-dodağına, nəfəsi-nəfəsinə toxunmuşdu deyə oturub
illərlə yolunu gözləmişdi". Cavanşir axır vaxtlar hara gedirdisə Həcər
yedəyində at qarşısında dayanırdı. Qızın titrəyən bədəninin, təpimiş
dodaqlarının təmasını yenidən hiss edirdi. Qumru quşlarının səsi
qulaqlarında canlanır, qovaq ağaclarının ləçəkləri gözünün önündə
uçurşurdu. Xallı Göy at oxranıb onu imsiləyirdi. Cavanşir bilmiordi
neyləsin, hara qaçsın ki, bu düşüncələrdən yaxasını qurtarsın. Anası da
gecəli-gündüzlü ondan əl çəkmirdi, səsi qulağında canlanırdı:"Həcər
sənin nişanlın idi, istəsəydin qoymazdın sürgün olunsunlar". "Mən
qolçomaq qızını ala bilməzdim". "Bilmirəm, qolçomaq nədir, amma düz
eləmədin, bala, sözünə dönük çıxdın. Yadında saxla, uzunsaçlının ahı
yerdə qalmaz". Belə hallarda Cavanşirin gözləri yaşla dolurdu. "Sən düz
deyirsənmiş, ana, uzunsaçlının ahı yerdə qalmadı. Onun ahı məni yox,
səni tutdu. Amma mən də sənin qanını aldım". Cavanşir elə bilirdi ki,
bu sözlərdən sonra anası sakitləşəcək. Amma tərsinə, arvad elə bil
dabanları üstündə fırlanıb tərs-tərs oğlunun üzünə baxdı:"Nə olsun?!".
Cavanşir hər dəfə Göy atı görəndə bu cür xəyallar ondan əl çəkmirdi,
gecələr də qarmaqarışıq yuxular görürdü. Ona görə də atı ilxıya qatıb,
gözündən uzaq etmək istədi. Bir-iki gün fikirləşdi, sonra qərarını
dəyişdi. Görünür nə qədər kədərli, əzablı olsa da, atın yada saldığı
xatirələr ona əziz idi. Mehtərə tapşırdı. Tövlədə bordayıb saxladılar.
Hətta bir gün onu qəzaya çağırıb firqə czəyində işləməyi təklif edəndə,
Cavanşir dərhal razılıq verib şəhərə gedəndə belə atdan əl çəkmədi. Özü
ilə qəza mərkəzinə apardı. Atın onu yenə yaxın qoymamasına baxmayaraq
saxladı. İllər keçdi. O məşhurlaşdı. Qəzaya gələn ilk minik maşınını
ona verdilər. Göy at isə tumarlandı, sığallandı, Cavanşiri görəndə isə
dəliyə döndü...
Bir axşam...
Pəncərə açıq idi. Bütün günü qəza
mərkəzində, yenicə salınmış bağda, inqilabın ildönümünü bayram
etmişdilər. Qara zurnalar səs-səsə vermiş, boynu qalstuklu pionerlər,
atlı cavanlar, əli şüarlı insan seli "Yaşasın Bakıdan gələn Şura
hökuməti"-deyə-deyə taxtadan yenicə düzəldilmiş "tribunanın" önündən
keçmişdilər. Cavanşir iş yoldaşları ilə birlikdə rəsmi keçidi qəbul
etmişdi. Boğazı ağrıyanacan şüar demişdi. Təntənə axşamüstü
qurtarmışdı. İdarədə balaca bir məclis də düzəltmişdilər. Cavanşir
gecədən xeyli keçəndən sonra evə qayıtmışdı.
O həmişə şəhərin
qurtaracağındakı evində yatmazdan əvvəl pəncərələrin dal taxtalarını
örtərdi. Bu dəfə heç pəncərəni də bağlamadı. Həm hava isti idi, həm də
bir azca içmişdi. Evdə nəfəs almaq olmurdu. Fikirləşdi ki, elə paltarlı
çarpayıya uzanıb bir azca dincəlsin. Sonra durub hjm çay içər, həm də
qapı-bacanı cağlayıb əməlli-başlı yatar. Amma özünün də xəbəri olmadan
uzanan kimi yuxu onu apardı. Ağır, dərin, şirin yuxuya getdi. Xəbəri
olmadı ki, pişik kimi ayaqlarını asta basan bir adam pillələri qalxıb
pəncərənini önündəbdayandı. Bu Həcər idi. Kişi paltarı geyinmişdi.
Başında buxara papaq, əynində çərkəzi paltar, belində xəncər, boynunda
başlıq vardı. Beşaçılanı əlində hazır tutmuşdu.
Ay işığında xeyli
otağa, Cavanşirə baxdı. Kişiləşmişdi. Saçına, gicgahlarına dən
düşmüşdü. Həcərin onu son dəfə gördüyündən beş il keçmişdi. Amma
Cavanşir elə bil qırx yaşlı kişi idi. Qız diqqətlə baxdı:bığları
codlaşmış, sifətinə qırışlar düşmüşdü. Uzanışından görünürdü ki, yaman
yorulub. Yuxu elə aparıb ki, heç dünyadan xəbəri yoxdur. Qızın ürəyi
titrədi. Bir anlığına hər şeyi unudub pəncərədən içəri düşmək, onun
çəkmələrini soyundurmaq istədi. İstədi ki, onun belindən kəmərini
açsın, köynəyini, şalvarını soyundurub, başının altına yastıq qoysun,
sonra da sinəsinə qısılsın. Bir pişik qılığı, pişik xorultulu nəfəsi
ilə ona tumar çəksin, ona layla desin. O, belə anı çox gözləmişdi.
Gözləmişdi ki, Cavanşir onun əri olacaq və Həcər ərini ağzında dili
kimi saxlayacaq.
Bir pişik astalığı və cəldliyi ilə yüngülcə atılıb
pəncərədən içəri düşdü. Cavanşir bir şey hiss etmiş kimi yanı üstə
çevrildi. Həcər barmağı tətikdə gözlədi. Amma Cavanşir oyanmadı. Qız
elə bil sevindi. Dərindən nəfxəs alıb rahatlandı. Əlini uzadıb
Cavanşirin belindəki qoburun düyməsini açdı, ehmalca naqanı çıxartdı.
Naqanın lüləsinə, topuna baxdı. Güllələr yerindəydi...
Ertəsi günü
şəhərə səs yayıldı ki, raykomu vurublar, Göy atı da aparıblar. Dünya
axışıb gəldi. Milislər, "QPU" işçiləri tökülüşdülər. İcraiyyə
komitəsinin, prokurorluğunu adamları gəldilər. Hər yeri ələk-vələk
elədilər, iki gilizdən və Cavanşirin gülləsi atılmış naqanından başqa
heç nə tapa bilmədilər. Bir gündən sonra xəbər gəldi ki, Göy at özünü
yarağandan atıb, amma alnında güllə yeri var. "Qolçomaqların işidir" -
dedilər. Beş-on adam tutdular. Mərkəzdən də adamlar gəldi. Çox
məsləhətləşdilər. Axırda qərara aldılar ki, Cavanşiri Şura hökumətinin
yolunda canını qurban verən bir adam kimi qəbiristanda yox, bağda dəfn
etsinlər. Matəm mitinqi açdılar. Tabutun başının üstündə natiqlər
bir-birini əvəz etdilər. Hamı da söz verdi ki, əziz dost, əziz
Cavanşir, sən rahat yat, səni unutmayacayıq və bütün yarımçıq qalmış
işlərini axıra çatdıracayıq. Çaxmaqlar şaqqıldadı, milislər güllələri
lüləyə verdilər, beşaçılanların ağzını göyə tutdular və üç dəfə yaylım
atəşi açdılar...
...Rəşidin kooperativi iki il idi ki, işləyirdi və
bu kooperativin sorağı Bakıya qədər gedib çıxmışdı. Buraya gələn
hörmətli qonaqları şəxsən özü qarşılayırdı. əvvəlcə iş otağına aparır,
yumşaq səndəllərdə əyləşdirir, yemək-içmək haızr olana qədər kəkotulu
çay gətirdir, videomaqnitofona türk müğənnilərinin lentlərini qoyur,
qonaqlar bir stəkan çay içib dincəldikdən sonra qollarından tutub
ikinci mərtəbəyə qaldırır, onlar üçün hazırlanmış xüsusi otağa
aparırdı. Hər şey qaydasında idi.
O, adəti üzrə bir gün yenə ikinci
mərtəbənin dairəvi eyvanında, kölgədə qoyulmuş yazı masasının arxasında
əyləşib, gəlib-gedən müştərilərə, ağacların kölgəsində çay içənlərə göz
qoyurdu ki, narazılıq olmasın. Birdən gözünə saçı ağarmış, beli
bükülmüş bir qarı sataşdı. Onun yanında orta yaşlı iki kişi və dörd-beş
yaşlı bir oğlan uşağı vardı. Ağacın sərinliyində oturub çay içirdilər.
Bura adamlarına oxşamırdılar.
Qarı ayağa durdu, qamətini düzəldib
ətrafa boylandı və asta addımlarla restoranın başına dolandı. Rəşid
başa düşdü ki, qarı nə isə axtarır, yoxsa tez-tez dayanıb ağaclara
baxmaz, irəli-geri addımlayıb təşviş içində dayanmazdı. Rəşid də
təşvişə düşdü. Asta addımlarla pilləkəni aşağı endi və qarıdan bir az
aralıda ayaq saxladı.
- Nə axtarırsan, nənə?
Qarı sərt baxışlarını Rəşidin üzünə zillədi.
- Burda bir qəbir vardı.
- Nə qəbir, nənə?
- Adam qəbri.
Rəşid eşitmişdi ki, on, on beş il əvvəl yaşlı bir qadın qəbrin
ətrafında gül əkmişdi. Bəlkə bu qarı elə həmin arvad idi? Elə bil ürəyi
qopub düşdü. Qarının qəbir sahibi olacağını və haray salacağını ağlına
gətirəndə bədənini tər basdı. Amma özünə toxtaxlıq verdi.
- Bura bağdı, nənə, ölünü qəbiristanda basdırarlar.
Qarıfnın qaşları çatıldı. Dikəldi. Birdən-birə çöhrəsi məhzunlaşdı. Yaşarmış gözlərini əlinin arxası ilə sildi.
- Düz deyirsən, bala, ölünü qəbiristanda basdırarlar.
Uşaq qaça-qaça gəlib qarının ətəyindən yapışdı.
- Həcər nənə, atam çağırır, gedək.
Qarı getdi. Ayaqlarını sürüyə-sürüyə yola çıxdı. Elə bil beli bir az da büküldü.
Restorandan isə müğənninin səsi gəlirdi.
Dünya mənim, Dünya sənin, Dünya heç kimin...
İyun, 1990