DÖRDÜNCÜ HİSSƏ
1
Axşam qaranlığı qatı bir kölgə kimi Qorinin üzərinə çökmüşdü. Yarımca saat bundan əvvəl zirvəsində günəşin son sarılıqlarını əks etdirən dağlar boyun-boyuna verib mürgüləyirdi. Buranın təbiəti şimala bənzəmirdi, nə bəyaz gecələr, nə də uzun sürən yay axşamları var idi. Birdən-birə zil qaranlıq çökür, birdən-birə də dan yerində şəfəqlər oynaşırdı.
Semyonov artıq bunlara vərdiş etmişdi. Əvvəllər Peterburqun bəyaz gecələrinə vurğun olan Dmitri Dmitriyeviç indi də cənub axşamlarına məftunluq göstərirdi. O hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa etməyi sevirdi. Bu gün də adəti üzrə həmişəki yerində durub üfüqlərə baxırdı, bağ-bağat içində itən Qorinin kiçik daxmalarında yanan çıraqlar qaranlıqda parıldayan yarpız qurdları kimi işıldayırdı.
Semyonov əllərini sinəsində çarpazlayıb şəhərin kənarında Kürlə qucaqlaşan Liaxva çayının qıjıltısına qulaq asırdı. Pəncərədən içəri dolan xəfif külək onun ağarmaqda olan saçını oynadır, çənəsinin aşağısında haçalanmış topa saqqalının yumşaq tükləri arasında dolanırdı. O tərəfdə, dağların ətəyində yerləşən balaca dəmiryolu vağzalının solğun işıqları görünürdü. Qatarlar ötdükcə təkərlər yeknəsəqliklə taqqıldayır, parovozlar kəsik-kəsik fit verirdi.
Qapı döyüldü: Olqa Konstantinovna əlindəki tikişi kənara qoyub, asta adddımlarla dəhlizə yaxınlaşdı. Qapını açarkən Aleksey Osipoviçlə qarşılaşdı. Boynunu azacıq yana əyib, qoanğı içəri də'vət etdi:
- Buyurun, Adeksey Osipoviç, xoş gəlmisiniz.
Qonaq şlyapasını çıxardıb Olqa Konstantinovnanın əlindən öpdü. Ev sahibəsi qırçınlı uzun donunun yanından yapışıb, ətəyini azca yuxarı qaldırdı və Aleksey Osipoviçə yol göstərdi. Onlar içəri keçdilər. Dmitri Dmitriyeviç fikrə getdiyindən, evin ortasında dayanın Aleksey Osipoviçin gəlişindən xəbər tutmadı. O isə dinmədi. Direktorun geri dönməsini gözlədi. Ancaq Olqa Konstantinovna ayaqlarının ucunda ərinə yaxınlaşıb, ehmalca onun çiyninə toxundu:
- Dmitri, gör kim gəlib!
Semyonov qanrılıb geri baxdı və hər cür rəsmiyyəti unudaraq, qollarını açıb dostunu qucaqladı:
- Aleksey Osipoviç, xoş gəlmisiniz, Sizi görməyimə çox şadam.
Onlar evin küncündəki yazı masasının yanına getdilər. Dmitri Dmitriyeviç öz yerində əyləşdi qonağa kürsüdə oturmağı təklif etdi. Bir xeyli susdular. Aleksey Osipoviç cibindən dəsmal çıxardıb bığını səliqəyə saldı. ev sahibi şamdanı qabağa çəkdi. Şamın altısını da yandırdı və dostunun üzünə baxdı:
- Söyləyin görək, nə var, nə yox? Səfəriniz necə keçdi?
Aleksey Osipoviç ona cavab vermək istəyirdi ki, qonşu otağın qapısı açıldı. Olqa Konstantinovna yerindən durana qədər balaca Lida qonağın böyründə dayandı. Yüngülcə tə'zim etdi:
- Xoş gördük, cənab inspektol.
Aleksey Osipoviç dərhal yerindən qalxdı. Ayaqlarını cütləyib balaca Lidanın önündə dayandı:
- Xoş gördük, Lida Dmitriyevna, necəsiniz?
- Diqqətinizə gölə minnətdalam.
Aleksey Osipoviç aşağı əyilib Lidanın balaca, zərif əlindən öpdü. Lida daha da nazlandı:
- Mənə nağıl söyləməyə gəlmisiniz?
- İstəsəniz söylərəm.
- Özü də gələk təzəsi olsun.
- Lap təzəsini söylərəm.
- Amma əjdaha olmasın, mən ondan qolxulam...
- Yox, qorxma, - Aleksey Osipoviç qızın önündə sallağı oturdu. Onun saçını sığallayıb, əllərini dönə-dönə öpdü. - Mən sənə çoxlu, məzəli və şirin nağıllar danışacam.
Semyonov dostunun Lida ilə oynayarkən dəfələrlə gözünün yaşardığını və sezilmədən dəsmalla onu quruladığını görmüşdü. O, başa düşürdü ki, dostu övladsızlıq dərdi çəkir. Onun bu halı Semyonovu qəhərləndirdi.
Olqa Konstantinovna Aleksey Osipoviçlə ərinin vacib işi olduğunu bildiyindən, Lidanın yanına gəldi:
- Qızım, indi gecdir, gedək yataq, nağıla başqa vaxt qulaq asarsan.
Lida qaşqabağını salladı. Altdan-yuxarı anasının üzünə baxdı və yerində silkələndi:
- Yuxum gəlmil.
- Adam anasının sözünə baxar. İndi get yat. Havaxt istəsən gəlib sənə nağıl danışaram.
- Allatmılsınız ki?
- Mən sizə heç yalan demişəm?
- Yaxşı, ancaq gözləyəcəm.
Lida anasının əlindən yapışıb o biri otağa doğru getdi. Qapının yanında dayandı. Geri dönüb əl elədi:
- Gecəniz xeylə qalsın.
- Yuxun şirin olsun, qızım.
Lida qapını örtüb getdikdən sonra Aleksey Osipoviç bir xeyli evin ortasında dayanıb uşağın dalınca baxdı. Adəti üzrə dəsmalını çıxardıb bığını sığalladı. Sonra keçib əvvəlki yerində əyləşdi.
- Söyləyin görək haralarda oldunuz?
- Dərbənddən başlayıb İrəvana qədər gəzdim.
- O, qardaş, bütün Qafqazı dolaşmısan ki?
- Elədir, Dmitri Dmitriyeviç, üç min beş yüz verst yol getmişəm.
- Çoxunu da piyada?
- Piyada getdiyim yerlər də oldu. Ancaq ən çox atla, furqonla gəzirdim. Vəziyyət çox ağırdır. Qəzaların əksəriyyətində məktəb açılmayıb, açılanlarda da oxuyan yoxdur. Bir təsəvvür edin, İrəvan quberniyasında yüz yetmiş min müsəlman yaşayır, ancaq onlardan eminariyaya oxumağa bircə nəfər də gəlmək istəmədi.
- Bəs Bakı quberniyası necə?
- Yalnız bircə şagird razılıq vermişdi, onu da atası buraxmadı. Şamaxıda da vəziyyət pis oldu. Qəza rəisi mənimlə getmişdi. Camaat onu görən kimi uşaqlarını oxumağa göndərməkdən qəti boyun qaçırdı. Nədənsə müsəlmanlar bizə e'tibar eləmirlər. Xüsusən də pristavları, naçalnikləri görəndə yaxına gəlmək istəmirlər.
- Onlarda taqsır yoxdur. Aleksey Osipoviç, pristavlar kəndə gələndə ya adam döyürlər, ya da tutub Sibirə yollayırlar. Camaatın gözü qorxub. Yoxsa heç kəs xeyrindən qaçmaz.
- Müsəlman ruhanilərinin böyük bir qismi də yeni açılan məktəblərə qarşı çox amansızdır.
- Bəs rəsmi idarələr Sizə kömək etmədi? Qafqaz valisi onlara göstəriş vermişdi.
- Eləyənlər də oldu. General Roslavlov mənim Naxçıvana getmək istədiyimi bildikdə qəza rəisinə tapşırdı ki, özü şəxsən məni müşayiət etsin və general Kəbləxanla görüşdürsün. Kəbləxan çox nüfuzlu adamdır, mənə xeyli xeyri dəydi. Zənnimcə, camaat arasında nüfuzu olan adamlardan istifadə etmək lazımdır.
- Mütləq! - Dmitri Dmitriyeviç fikirli-fikirli dilləndi. Aleksey Osipoviç sözünə davam etdi:
- Cəmi otuz şagird seçə bilmişəm. Naxçıvandan üç nəfər gələcək. Şuşa rus-tatar məktəbində səksən nəfər oxuyur, onlardan on üç nəfəri bizim məktəbə daxil olmaq üçün ərizə yazıb. Şəkidən iki, Gəncədən beş, Dərbənddən üç uşağın gəlməsi yəqindir. Qazaxdan da dörd-beş nəfər gələsidir. Görək sözlərinin üstündə duracaqlarmı?
- Demək, uşaqların hamısı gəlsə, müsəlman şö'bəsinin nəzdində hazırlıq qrupları da aça biləcəyik. Bu lap yaxşı oldu. Aleksey Osipoviç, seminaristlər təcrübə dərslərini orada keçərər, sonra da həmin uşaqların özləri seminariyada oxuyarlar. Tərtib etdiyiniz proqram layihəsini də nəzərdən keçirdim. Xoşuma gəldi. Pedaqoji şurada təsdiq edərik. Ancaq məni başqa bir məsələ düşündürür.
- O nədir, Dmitri Dmitriyeviç?
- Dərslik. De görüm müsəlmanların öz ana dillərində dərslikləri varmı? - O, ayağa durdu. Həmişə fikirli olanda etdiyi kimi otaqda gəzindi. - İbtidai təhsil üçün dərsliv vicib məsələdir. Bunu Siz məndən yaxşı bilirsiniz.
- Yoxdur. Mollaxanalarda ancaq qur'an əzbərlədirlər, bir də Sə'dinin didaktik "Gülüstan"ını öyrədirlər. Vəssalam. - Aleksey Osipoviç ayağa durmaq istədi. Ancaq Dmitri Dmitriyeviç onun çiynindən basıb qalxmağa qoymadı.
- Bax, bu barədə düşünmək lazımdır.
- Dmitri Dmitriyeviç, - Aleksey Osipoviç astadan dilləndi. - Cəsarətimə görə üzr istəyirəm, mən balaca bir dərslik tərtib etmişəm. Ancaq müzakirəyə verməyə ürəyim gəlmir. Bilirsinizmi, ilk təşəbbüsdür, qorxuram müvəffəq olmayam.
- Qurddan qorxan meşəyə girməz. Hanı kitab, göstər görüm.
Aleksey Osipoviç bir qədər tərəddüd içində dayandı. Əlyazmasını vermək istədi. Ancaq başının üstünü kəsdirən direktorun səbirsizliyi onu cəsarətə gətirdi. Qovluqdan əlyazmasını çıxartdı. Dmitri Dmitriyeviç eynəyini gözünə taxıb elə ayaq üstündəcə kitabı vərəqlədi. Dostunun zərif xətlə, odluqca səliqəli şəkildə yazdığı səhifələrə xeyli baxdı. Kitabın üstünü oxudu: "Vətən dili". Onun dodaqları qaçdı.
- Çox şairanə addır. Demək, belə. Siz məndən də ukzaqgörənsinizmiş, cənab eks-poçtalyon, bəs bu kitabı indiyəcən niyə müzakirəyə təqdim etməmisiniz?
- İstəyirdim bir az gözləyim. Əlyazmasını tam təkmilləşdirdikdən sonra ortaya çıxardım.
- Yox, gözləmək olmaz. Elə günü sabahdan pedaqoji şurada baxarıq. Lazımi məsləhətlər verərik, sən də beş-on gecə yatmayıb hər şeyi düzəldərsən. Tələsmək lazımdır, əziz dost, tələsmək. Bu kitaba indi böyük ehtiyac var. Hətta çalışarıq ki, çap olunsun, başqa yerlərdə də ondan istifadə etsinlər. - O, gözünü qıyıb diqqətlə Aleksey Osipoviçin üzünə baxdı, sonra birdən əlini onun çiyninə qoydu. - Heç bilirsinizmi nə böyük iş görürsünüz? Bu hərəkətiniz təqdirəlayiqdir. Gələcək nəsil bunu unutmayacaq.
Aleksey Osipoviç azacıq qızarıb başını aşağı saldı. Köynəyinin boynunu boşaltdı, dəsmal çıxardıb alnını quruladı. Dmitri Dmitriyeviç fikirli-fikirli otaqda gəzindikdən sonra yenə pəncərənin qabağında dayandı. Gözünü ulduzlara zillədi. Sinəsi dolusu nəfəs aldı:
- Cənab eks-poçtalyon, yaxın gəlin, Bir səmaya baxın. Orada, zülmət içində parıldayanları görürsünüzmü? Bir baxın necə də sayrışırlar! Elə bil qaranlıq gecə yer kürəsinin üzərinə qara pərdə salmaq, onu bürüyüb örtmək istəyir. İşıq isə onu deşir, ordan-burdan süzüb parıldayır. O, tabe olmur, iynə ulduzu boyda da olsa yer tapır, özünə yol açır, kimə isə işıq verir. Maraqlı deyilmi, hə, Aleksey Osipoviç, necə bilirsiniz, nə qalib gələcək, işıq yoxsa qaranlıq?
- Əlbəttə işıq.
- Mütləq, - o qətiyyətlə dilləndi. - Qığılcımlar qorlandıqca çoxalacaq, alovlanıb ətrafa işıq saçacaq. Qığılcımlardan od törəyəcək. Bilirsinizmi, Aleksey Osipoviç, mən hər axşam bu qaranlıq cənub gecələrində daxmalarda yanan işıqlara baxanda özümüzü, öz zəhmətimizi xatırlayıram. Biz qaranlıq gecədə, zülmət səltənətində yaşayırıq, deyilmi? Bizim hər bir əməlimiz qaranlıqda ildırım kimi çaxacaq, şimşək kimi parıldayacaq. Niyə susursunuz? Yoxsa mənim dediklərimi təsdiq etmək istəmirsiniz? Qorxmayın, mən inqilabçı deyiləm.
Qapı döyüldü. Olqa Konstantinovna o biri otaqdan çıxıb dəhlizə getdi. Dmitri Dmitriyeviç sözünə ara verib, vaxtsız gələn qonağın kim olduğunu bilmək məqsədi ilə gözünü qapıya zillədi. Olqa Konstantinovna geriyə dönüb təlaşla ərinin üzünə baxdı. Ucaboy və namərbud hərəkətli bir polis nəfəri içəri girdi. Bir an dayanıb gözləri ilə kimi isə axtardı. Dmitri Dmitriyeviçi görən kimi dabanlarını bir-birinə vurub hərbi qaydada tə'zim etdi. Döşəmə silkələndi. Yoğun bir səs otağın divarlarını cingildətdi:
- Cənab direktor, Sizə qayət məxfi bir məktub var. Zati-aliləri şəxsən Sizə təqdim etməyi əmr etmişdir.
O qoltuq cibindən ağzı surğuclu bir məktub çıxartdı. Hələ də pəncərə qarşısında hərəkətsiz dayanan Dmitri Dmitriyeviçə uzatdı:
- Məktubu almanız barədə qəbz verin, cənab.
Semyonov əsəbi hərəkətlə məktubu ondan aldı. Yazı masasına yaxınlaşıb zərfin çatması barədə polisə kağız verdi. O yenə dabanlarını cütləyib əlini gicgahına apardı. Fırlanıb geriyə döndü. Döşəməni taqqıldada-taqqıldada, iri addımlarla dəhlizə yaxınlaşdı. Olqa Konstantinovna polisin arxasınca qapını bağladı, intizar və təşviş içində ərinə baxdı. Çiynindən sürüşüb düşənnazik, ağ yun şalı düzəltdi, əlini uzadıb boynunun dalında topladığı gur saçını sahmana saldı. Dmitri Dmitriyeviçsə taxta pilləkənlə aşağı enən polisin nallı çəkmələrinin taqqıltısına qulaq asdı. Onun böyründən sallanan uzun qılıncının yeridikcə pilləkənlərə toxunduğunu görən kimi oldu. Addım səsləri uzaqlaşdıqdan sonra dərindən nəfəs aldı və beş yerindən surğuclanmış zərfin o üz-bu üzünə baxdı. O, hiss etdi ki, Olqa Konstantinovna təlaş içindədir, elə Aleksey Osipoviç də intizardadır.
Semyonov kürsüdə əyləşdi. Şamdanı qabağına çəkdi. Zərfi işığa tutub diqqətlə baxdı. Sonra adəti üzrə siyirtmədən balaca qayçı çıxardıb zərfi ehmalca kəsdi. Eynəyini gözünə taxdı. Peşəkar bir katibin əli ilə yazılmış səliqəli məktubu oxuduqdan sonra məktubu kənara atdı və barmaqları ilə masanı taqqıldatdı.
Divar saatının zəngi aramla on bir dəfə danqıldadı. Dmitri Dmitriyeviç düşüncələrdən ayrıldı. Onu sakit etmək üçün "qulluq kağızıdır", - deyə cavab verdi. Olqa Konstantinovna rahat nəfəs alıb o biri otağa, uşaqların yanına getdi. Aleksey Osipoviç də getməyə hazırlaşdı. Məktubun gəlməsi ilə birdən-birə halı dəyişən Semyonova mane olmamağı, onu tək buraxmağı qərara aldı. Ancaq Dmitri Dmitriyeviç ona icazə vermədi. Yenidən otaqda vargəl etdi. Birdən Aleksey Osipoviçin qarşısında dayanıb düz onun gözünün içinə baxdı:
- Nə üçün məktubla maraqlanmırsınız?
- Sizə aid olan məxfi bir...
- Mən Sizdən heç nə gizlətmirəm. Alın, oxuyun.
Aleksey Osipoviç məktubu götürüb nəzərdən keçirdi.
"Mərhəmətli ağa!
Siz cənablara mə'lumdur ki, Sizin təhdi-himayənizdə olan seminariyada, gürcü dilindən dərs demək üçün cənab Kipianiyə rəsmi olaraq bu şərtlə icazə verdik ki, Siz daim ona nəzarət yetirəsiniz və onu gözdən qoymayasınız. Bu işə mə'sul olasınız. Buna baxmayaraq, Qoridə yaşayan e'tibarlı və rəsmi bir şəxs mə'lumat vermişdir ki, Kipiani şübhəli işlərlə məşğul olur, evinə müxtəlif adamlar yığıb hökumət əleyhinə kitablar oxuyur.
Həşəmətli cənab, bu mə'lumatı Sizə verməklə bərabər, artıq dərəcədə xahiş edirəm ki, Kipianinin həyat tərzi və nələr düşünməsi bəradə əldə etdiyiniz mə'lumatları olduqca məxfi tərzdə mənə göndərəsiniz".
Aleksey Osipoviç məktubu oxuduqdan sonra möhürə, Qafqaz Maarif müvəkkilinin imzasına, tarixə və kağızın yuxarısındakı "qayət məxfidir" sözlərinə baxdı. Aralığa yenidən üskut çökdü. Saatın taqqıltısı gücləndi.
Semyonov əlləri dalında, pəncərənin qarşısında dayanmışdı. Aleksey Osipoviç onun azacıq irəliyə doğru əyilmiş kürəyinə baxdı. Semyonov əllərini ovuşdurur, barmaqlarını çarpazlayır, bununla da daxili narahatlığını sakitləşdirməyə çalışırdı:
- Fikriniz nədir?
- Kipiani gözəl müəllim və yaxşı vətəndaşdır.
- Onlara da belə yazaq?
- Mən yazardım.
Dmitri Dmitriyeviç yaşına uyuşmayan bir cəldliklə dabanı üstündə fırlanıb geri döndü:
- Bəs bu danosbaz kimdir?
Aleksey Osipoviç çiyinlərini çəkdi.
2
Damların və çardaqların üstündə axşamdan təzək yandırmışdılar. Gecədən xeyli keçməsinə baxmayaraq, hava durğun olduğundan kəsif tüstü layları kəndin üstünə çökmüşdü. Bir yarpaq, bir ot belə tərpənmirdi. Ağcaqanad sürüsünün vızıltısı bir-birinə qarışıb kəndə züy tuturdu. Hər şey susmuşdu. Anası Osmana axşamdan damın üstündə yer salmışdı. O, yatıb yuxuya qalmamaq üçün tezdən yorğan-döşəyə girmişdi, ancaq gözünə yuxu getmirdi.
Mina xala oğlunun yanında oturmuşdu. Arvad Osmanın köynəyinin dizinin üstü qoyub yamayırdı. Düz üç gün hər yeir gəzmiş, qonum-qonşuya ağız açmış, hətta şəhərə gedənlərə yalvarmışdı ki, ona beş-altı metr parça alsınlar, sonra əlinə pul düşən kimi borcu qaytarar. Ona əl tutan olmamışdı. Axırda hər yerdən əlacı kəsildiyindən, oğlundan xəlvət qapılarındakı yeganə xoruzu tutmuş, qonşu kənddəki dükana gedib parça istəmişdi. Dükançı bir arşından artıq parça verə bilməyəcəyini söylədikdə isə "ağrım ürəyinə, xoruzu sənə verməkdənsə, kəsərəm, uşağım yeyər" - demiş və birbaş evə qayıtmışdı. O, oğlunun əynini təzələməyə çalışmış, yoldaşlarının yanında osmanın utanmasını istəməmişdi. İstəmişdi ki, Osman qərib yerə ürəyi sınqın, əyni çılpaq getməsin. Ancaq nə edəsən ki, yoxdan allah da bezardır.
Mina xala indi oğlunun yanında oturub köhnə paltarları yamayırdı. Arvad dodaqaltı mızıldanıb ağlayırdı. Tez-tez dişi ilə sapı kəsir, oğlu hiss etməsin deyə yaşını udub, burnunu çəkirdi. "Allah işini avand eləmiş uçitel Əhməd də heç bilmirəm hardan gəlib çıxdı? Əlimizə keçəndən tapıb yeyirdik. Uşağı yerindən oynatdı. İndi mən damın altında təkcə necə dolanacağam? Elə anası ölmüş Osmanın özü qəribliyə dözəcəkmi? Burada əlimə düşəni boğazımdan kəsib ona yedizdirirdim. Orda kim uşağa baaxacaq? Gecədə üç-dörd dəfə oyanıb üstünü örtməsəm, ürəyim sakitləşməzdi. İndi kim bilir harda yatacaq? Eh, allah özü bilən yaxşıdır, bircə balamı ona tapşırmışam. Onu xata-baladan saxlasın".
Arvad paltarı yamadı. Səliqə ilə qatlayıb heybəyə qoydu. Ağcaqanadları qovmaq üçün təzəyin gözünü deşdi, ətəyi ilə bir-iki dəfə yellədi. Ocaq közərib tüstüləndi. Mina xalanın boğazı acışdı. Arvad donunun ətəyi ilə gözünü sildi. Dönüb ehmalca Osmanın üzünə baxdı. Onun gözü açıq idi. Yanı üstə uzanıb kəndin üst tərəfindəki silsilə təpələrə baxırdı. Təpələrin zirvəsinə elə bil işıqlı zeh çəkilmişdi. Zehdən o yana, səmaya işıq çilənmişdi. Təpələrin o tayında elə bil şəffaf bir şey yanırdı. Bəri üz isə zülmətə qərq olmuşdu.
Mina xala Osmanın üstünü örtmək istədi. Əlini yorğana uzatdı. Ancaq dayandı. Başa düşdü ki, oğlu bu saat heç nə eşitmir, heç nə hiss etmir. Onun xəyalı çox uzaqlardadır.
Arvad ehmalca ayağa durdu. Barmaqlarının ucunda damın üstündən endi. Həyətin ortasındakı ocaq yerinə gəldi. Qazanı kənara çəkdi. Oğlunun yoluna kəsib soyutma bişirdiyi xoruzu çıxardıb siniyə qoydu. Çardağın altına gəldi. Taqətsizləşmiş kimi taxtın üstündə oturdu. "İndi heç, hava istidir, bəs qışda nə olacaq? Uşağın nə çuxası var, nə ayağına geyməyə bir şeyi. Bir çarıqlıq gön də qəhədə çıxıb".
Mina xala qaraçırağı yandırdı. Torpağı şappıldada-şappıldada qazma dama girdi. Birələr onun yalın ayağına və baldırına daraşdı. Arvad bunlara fikir vermədi. Əlində çıraq, evin ortasında dayandı. Onun iri kölgəsi divara, sonra da küncə düşdü. Əri öləndən bəri yaxına gedib ağzını açmadığı sandıq gözünə sataşdı. Bədənindən soyuq gizilti keçdi. "Bəlkə kişinin paltarlarından uşağa..." - deyə fikrindən keçirdi.
Arvad titrədi, əlindəki çıraq da titrədi, sandığın üstünə sərilən kölgə də. Mina xalaya elə gəldi ki, küncdə nə isə tərpənir. Arvad vahimələndi, dilinə kəlmeyi-şəhadət gətirdi: "Sənə ağır gəlməsin, ey yeri-göyü yaradan, nə eləyim, əlacım yoxdur, uşaq çılpaqdır, - deyə özünə təskinlik verdi. - Özgə ha deyil, öz balasıdır, bəlkə elə atasının ruhu da şad olacaq?".
Arvad asta-asta ayağının altında bir şey qalıb sınacağından qorxurmuş kimi ehmalca, sandığa yaxınlaşdı. Çırağı irəli tutdu. Kölgə geri çəkildi. Mina xala dayandı, baxdı və bir anın içində on-on beş illik yola gedib qayıtdı. Titrək əlini uzatdı. Barmağını sandığa toxundurdu. Narın toz örtmüş qapaqda onun barmağının izi qaldı. Arvad diz çökdü. Çırağı tərcəyə qoydu. Donunun ətəyi ilə sandığın tozunu sildi. Əri öləndən qapağı qaldırmamışdı. Kişinin paltarına toxunmamışdı. Mina xala dayandı. Yaş gözlərinin həlqəsinə yığıldı, sonra daşıb gilə-gilə yanağına süzüldü. Onun dodaqları səyridi. Nə qədər çalışdısa da, hönkürtüsünü boğa bilmədi. Birdən üzü üstə sərilib sandığı qucaqladı: "Hardasan, ay kişi, niyə köməyimə gəlmirsən? Niyə gəlib oğlunu yola salmırsan? Demirsənmi, arvadım təkdir? damın altında köməksiz qalıb? Allah sənə insaf versin, niyə tez getdin? Niyə məni odsuz-ocaqsız yandırdın? Axı mən sənə nə pislik eləmişdim ki, e'tibarsız oldun, a kişi? Nə olar, bircə dəfə başını qaldır, bax, gör oğlun nə boyda olub! Sözümə baxmayıb oğumağa gedir, a kişi, mən buna nə deyirsən?"
Mina xalanın kölgəsi divarda bir xeyli titrədi. Sinəsi bulud kimi boşalıb sakitləşdi. Dikəldi. Saçını islaq yanağından geri elədi. Əlini qoynuna salıb, boynundan asdığı açarı çıxardı. Qapaq cingilti ilə açıldı. Kif atmış paltar iyi evə yayıldı. Arvad bihuşdarı qoxulamış kimi sərməst oldu. Ona elə gəldi ki, ərinin bədəninin qoxusu burnuna dolur. Kişi işdən gəlib paltarını yenicə soyunmuşdur. Onun tərinin iyi paltara hopmuşdur. Bu qoxu təptəzədir, kişi ölməyib, aradan illər keçməyib, fəsillər dolanmıyıb. Mina xala hər şeyi - paltardakı miras soyuqluğunu, ölünün vahiməsini unutdu. Ərinin çuxasını, köynəyini, şalvarını sinəsinə basdı, qərib bir həsrətlə öpdü...
Elə bil bu göz yaşları onu yüngülləşdirdi. Arvad ağır yük altından çıxmış kimi ayağa durdu. Ərinin paltarını götürüb taxtın üstünə qoydu. Oğlunun əyninə gəlib-gəlməyəcəyini gözəyarı ölçdü. Xəyalən Osmanı atası ilə yanaşı qoydu. Osman onun çiynindən idi. Çuxanı geyinsə ətəyi yerlə sürünəcəkdi, şalvar da boğazına çıxacaqdı. Bəs nə etsin? Bəlkə qayçını götürüb kəssin, uşağı yuxudan qaldırıb onun üstünə ölçüb-biçsin? Səhərə qədər yatmayıb tiksin? Bəs Osman özü buna nə deyər?
Mina xalanı yenidən fikir götürdü. O başa düşdü ki, oğlu anasının fikri ilə razılaşmayacaq. Üstəlik onunla savaşıb uzaq səfərə küsülü gedəcək. Arvad köksünü ötürdü. Paltarları qatlayıb yenidən sandığa yaxınlaşdı. Nə isə tappıltı ilə yerə düşdü. Mina xala əyildi, əlinə yumşaq bir şey dəydi. İşığa gətirib baxdı. Barmaqları əsə-əsə kisənin ağzını açdı. Əli soyuq və yuvarlaq bir şeyə toxundu. Bu soyuq təmas arvadı titrətdi. Azacıq sonra isə həin soyuqluq isindi, el bil Mina xalanın damarlarına ilıq qan vurdular. Arvadın bədəni qızışdı, gözləri işıqlandı. Çırağı yaxına çəkdi, ovcuna baxdı. Soyuq metal parıldadı.
"Görünür, sən məndən tədbirlisənmiş, a kişi, cibində pul gizlədib dar günə saxlayırsanmış. Elə bil sümüyün duyubmuş ki, bir gün oğlun məktəbə gedəcək, ona xərclik lazım olacaq. Sən nə yaman yerdə harayıma çatdın, a kişi, mən başı batmışsa səni e'tibarsız bilirdim".
Mina xala paltarı səliqə ilə qatlayıb sandığa qoydu. Tələsik həyətə çıxdı. Yüngülcə damın belinə qalxdı. Osmanı oyatmaq istədi. Ancaq onun mışıltı ilə yatdığını görüb dayandı, oğluna qıymadı. Oturdu. Əlini onun saçına çəkdi, yorğanı qaldırıb ehmalca oğlunun yanına girdi. Osmanı qucaqladı, başını ehtiyatla qaldırıb qolunun üstünə qoydu. Osman çevrildi. Üzünü anasının köksünə sıxıb, yenidən mışıldadı. Mina xalanın barmaqları onun saçının arasında dolaşdı. Oğlunun ilıq nəfəsi arvadın sinəsini isitdi...
Ağcaqanadlar uçub haraya isə dağılmışdılar. Laylanıb kəndin üstünə çökən tüstünü səhər mehi qovub uzaqlara aparmışdı. Hava təmizlənmişdi. Kürün qıjıltısından başqa heç nə eşidilmirdi.
Qoca kişi yuxusunu dağıtmaq üçün üzünə bir-iki ovuc su vurdu. Belini düzəldib dikəldi. Köynəyinin ətəyi ilə yaş sifətini sildi. İslaq əlini başına çəkdi. Gəmiyə getdi. Səhər mürgüsü onu təntitmişdi. Kürün üstünə qaranlıq çökmüşdü. Yaxındakı cələdən qanad səsi gəlməsəydi, quşlar budaqlarda cikkildəməsəydi, axşamın təzəcə düşdüyünü zənn etmək olardı.
Kənddən boğuq və yorğun xoruz səsi gəldi. Hardasa it hürdü. Qoca kişi sinəsini açdı. Kürün sərin mehi onun saqqalının arasında oynadı. Kişi üfüqə baxdı. Dan yeri qızarırdı.
Gəmi yarğanın dibində idi. Xırdaca ləpələr onu yırğaladıqca, təknəyə toxunan su şappıldayırdı. Arabir balıqlar sudan havaya atılırdı. Bir az aşağıdakı gölməçələrdə isə qurbağalar quruldayırdı.
Qoca kişi gəminin kəndirini yoxladı. Suyun daşıb-daşmadığını bilmək üçün sahilə, yarğanın dibindəki ləpədöyənə baxdı. Ağac qırıntıları və boz köpük zehi əvvəlki yerində idi. Kişi solğunlaşan ulduzlara fikir vermədən atılıb gəmiyə mindi. Çəpi, kürəyi yoxladı. Dal tərəfə keçib heybəni götürdü. Bir tayı yarımçıq qalmış çarığı çıxartdı. Bizi, köşəni əlinə aldı.
Dünən yuxarıdakı dağ kəndlərindən gəmi ilə keçirdiyi kəndlilərdən bir ona bir cüt gön vermişdi. Kişinin ayağı yalın idi. Bu gön onun əlinə göydən düşmüşdü. Qoca kişi qaranlıq qarışan kimi ocağın işığında gönü köşələmiş və özünə çarıq tikməyə başlamışdı. Ancaq ağcaqanadlar ona aman verməmişdi.
Qoca kişi çarığı götürdü. Suvadağa adamlar gələnə qədər tikib geymək istədi. Gün xeyli qalxdı. Yarğanın kölgəsi geri çəkildi. Sular qızardı. Kişi heç nəyə fikir vermədi. Çarığı tikib qurtardı, şirincə gərnəşib bərkdən əsnədi. Ayağını qurulayıb çarığın bir tayını geydi. Elə bu vaxt yarğanın qaşından onu səslədilər. Kişi əlinin üstə qoyub baxdı. Dikdirdə dayananların içində qardaşı oğlu Osmanı görəndə bir xeyli təəccüb etdi. Mina xala, Əşrəf, Əhməd və kəndin arvad-uşağı da yarğanın qaşında idi. Qoca kişi birdən-birə hər şeyi başa düşdü. Çarığı soyundu. Cütləyib kənara qoydu. "Deyəsən qocalıq məni yaman üstələyib, uşaqların uşkola gedəcəyini lap yadımdan çıxartmışam. Gərək Osmanın yoluna bir şey tapaydım".
Dəstə sahilə endi. Qoca kişi gəmidən düşüb onları qarşıladı. Osman kənardaca dayandı. Mina xala nə qədər çalışdısa da, gözünün yaşını saxlaya bilmədi. Üzünü yana çevirib donunun ətəyi ilə gözünü sildi. Osman da doluxsundu. Axşamdan bəri getməyə tələsən, heybəsini bir gün qabaqdan hazırlayıb səbirsizliklə bu anı gözləyən oğlan birdən-birə qəribsədi. Uşaqlar qohumları ilə görüşüb bir-bir gəmiyə atılanda hiss etdi ki, yaş onu boğur, bir az da keçsə hönkürəcəkdir.
Mina xala özünə toxtaqlıq verdi. Yaxınlaşıb oğlunun üzündən öpdü. Əli ilə köynəyinin yaxasını düzəltdi, barmaqlarını düymələrinin üstündə gəzdirdi. Çiynini sığalladı.
- Bax, yadından çıxmasın, dərdin alım, şəhərə çatan kimi özünə paltar al.
- Yaxşı, ana, narahat olma.
Onlar yenidən qucaqlaşdılar. Qoca kişi gəminin ipini açdı. Bir-birindən ayrılmaq istəməyən ana-balaya acıqlandı:
- Di bəsdir, az zəvzəklik eləyin.
Osman anasından aralandı. Adəti üzrə şalvarını dartdı, burnunu çəkdi. Bi-iki addım dalı-dalı getdi. Sonra dabanı üstə fırlanıb, quş kimi gəmiyə atıldı. Qoca kişi onun çarığının altındakı deşikləri aydınca gördü.
Mina xalanın ürəyi sakit olmadı. Onun titrək səsi eşidildi:
- Əşrəf, dərdin alım, Osmanı sənə tapşırıram, elə sənin də gözün üstündə olsun, Əhməd qardaş.
- Arxayın ol, ay bacı.
- Bax, Səlim amanatı, məni dilə tutdun, cavabdeh özünsən.
Əhməd gülümsündü:
- Ondan nigaran olma, dəyirmanın gözünə ölü salsan diri çıxar.
Gülüşdülər. Arvadlar gözlərini quruladılar. Kişilər özlərini şax tutmağa çalışdılar.
Uşaqlar gəmiyə doluşub qatarlaşdılar. Qoca kişi gözaltı onların əyninə, ayaqqabılarına, çiyinlərindəki heybələrinə baxdı. Hamıdan pis geyinən, hamıdan sınqın Osman idi. Onun əynində ağ bezdən köynək var idi. Görünür, anası yenicə tikmişdi. Osman elə bil köhnə geyimindən xəcalət çəkirdi. Uşaqların arxasında daldalanmağa çalışırdı. Ayağını xurcunların arasında gizlətmişdi.
Qoca kişi gəminin dal tərəfinə keçdi. Yenicə tikib qurtardığı çarığı cütləyib götürdü. Osmana yaxınlaşdı:
- Al, bala, geyin.
Osman əmisinin əlindəki çarığa baxdı. Onun gözlərində sevinc və təəccüb bir-birinə qarışdı. Ancaq başını bulayıb geri çəkildi:
- Lazım deyil, əmi, çox sağ ol.
- Al.
- Pulum var, şəhərə gedən kimi...
- Bə şəhərəcən ayaqyalın gedəcəksən, a nişanlısı göyçək? - Qoca kişi onun sözünü kəsib gülümsündü, kiçik gözləri daha da qıyıldı. - Tez ol, geyin, özüm sənə tikmişəm.
Osman heybəni çiynindən yerə qoydu. Çarıqları gəmiçidən aldı, aşağı əyilib köhnəni soyundu, təzəni geydi. Çarığın bağlarını bərkitmək istərkən gözü əmisinin yalın ayaqlarına sataşdı. Əli çarığın bağında, bir xeyli dayandı. Gözünü Qoca kişinin suda çox olduğundan ağarıb, qanı qaçmış ayağının qırışlarından çəkə bilmədi.
- Əmi, bəs...
Qoca kişi ona cavab vermədi. Osmanın altı deşik çarıqlarını götürüb Kürə atdı. Sonra üzünü uşaqlara tutdu:
- Ə, a nişanlısı göyçəklər, kimi gözləyirsiniz, düşün gəmini yuxarı çəkək.
Uşaqlar hərəkətə gəldilər. Gülüşdülər. Səlim dil altında qalmadı:
- Qoca dayı, yol üstündəyik, bizə sataşma.
- Söz güləşdirmə, a nişanlısı göyçək, sonra gecikərik.
Rüstəm kişi qabağa gəldi, əlini uzadıb kəndirdən yapışdı:
- Uşaqlarda işin olmasın, özümüz çəkərik, qoy ayaqları islanmasın.
Sahildəkilər köməkləşib gəmini yuxarı, hündür yarğanın altındakı keçidə çəkdilər. Burada dayanıb uşaqlarla bir də görüşdülər. Qoca kişi çəti götürüb dal tərəfə keçdi. Əşrəf kürəyi aldı. Qabağa getdi. Sahildəkilər ipi gəmiyə atdılar. Gəmi Kürün axarına düşdü. Bir göz qırpımında sahildən aralandı. Uşaqlar sükut içində dayandılar. Yarğanın divarındakı deşiklərdən bir dəstə göyərçin uçub havaya qalxdı. Onlar Kür yuxarı süzüb kəndə doğru getdi. Sahildəki cələ, kəndə doğru gedən torpaq yol, elə uçurum yarğanlar da fırlandı, kəndin evləri getdikcə kiçildi, uzaqlaşdı.
Osman gözünü anasından çəkmədi. Mina xala sahil boyu, suyun axarı ilə, gəminin bərabərincə qaçır və əlini sinəsinə döyürdü.
3
Aleksey Osipoviç yastığa dirsəklənərək qonşu çarpayıda şirin yuxuya getmiş arvadına tamaşa edirdi. Vera əlinin ikisini də cütləyib başının altına qoymuş, dizlərini qarnına doğru azacıq qatlayıb yatmışdı. Yorğan sürüşüb düşdüyündən, çiyninin bir hissəsi və sinəsi açılmışdı. Nəfəsi ipək köynəyinin yaxasındakı tülü yelləndirirdi. Çırağın işığı aşağı çəkilmiş olsa da, arvadın saçlarına düşən dən aydınca görünürdü. Qırışlar onun alnına iz salmışdı. Gözlərinin altı kölgələnmiş, buxağında, sinəsində nazik zeylər əmələ gəlmişdi. Halbuki beş-altı il bundan əvvəl yanağı, buxağı, elə sinəsi də qəşəng və sığallı idi. Saçları gur və dalğalı idi. Köksü qabarıq olsa da, bədəni nazik və oynaq idi. Hərəkətləri çevik, yerişi quş kimi yüngül idi. Ancaq indi ətə dolub ağırlaşmışdı. Hiss olunurdu ki, Vera yaşlaşmışdı.
Onlar on ildən çox idi ki, evlənmişdilər. Çətin günlərdə bir-birinə həyan olmuş, evdə bir azca soyuqluq hiss edəndə nəfələri ilə onu isitmiş, qəribliyə düşəndə bir-birinə sıığnmışdılar: ürəklərindən keçənləri gözlərindən oxumuşdular. Aleksey Osipoviç hələ indiyə qədər Veradan narazılıq, azacıq da olsa bir şikayət eşitməmiş, özü də arvadının könlünə toxuna biləcək bir hərəkət etməmişdi. Onlar bir-birini çox istəyirdilər. Uşaq vaxtı Şamaxı tərəfdə, Çuxuryurd yaylaqlarında bir yerdə böyümüşdülər. Vera ağbənizli, qırmızı yanaqlı malakan qızları ilə bir yerdə ot biçininə gedəndə, bulaq üstə enəndə, ya da ayaqyalın çəmənlikdə qaçanda, Aleksey onu gözaltı süzərdi. Axşamlar isə tez-tez kəndin ortasına toplaşıb qarmon çalar, səhərə qədər oynayıb-oxuyar, dan qızarana yaxın evlərə dağılışardılar. Aleksey Veranı tez-tez rəqsə çağırar, sonra da kölgəli küçələrlə evlərinə ötürərdi. Onlar belə hallarda kəndin arasındakı yolla asta-asta addımlayar, aylı gecələrdə qoşalaşan kölgələrinə tamaşa etməkdən doymazdılar. Onların kölgələri gah dağın döşünə sərilər, gah dərəni aşar, gah da yenicə ağardılmış kənd evlərinin divarında baş-başa verərdi. Aleksey Veranı ilk dəfə evlərini yanında, məhz belə aylı gecələrin birində öpmüşdü. Vera onun hərəkətinə əvvəlcə təəccüb etmiş, xeyli Alekseyin üzünə baxmış, sonra özü də bilmədən onun boynunu bərk-bəru qucaqlamışdı. Kəndin alt tərəfindəki çəmənliyin otu biçilmişdi. Tayalar cərgələnmişdi. Vera baş yaylığını açaraq çəmənliyə qaçmışdı. Onlar qurumuş çiçək və otur ətrindən məst olaraq, tayaların birinin kölgəsində gizlənmişdilər.
Bu ünsiyyət, ilk gənclik mehribanlığı, uşaqlıq isinişməsi onlar evlənəndən sonra da davam etmişdi. Bir yastığa baş qoyduqları gündən indiyə qədər aralarında könüə toxunan bir söz olmamışdı. Vera çox təmkinli qadın idi. Aleksey Osipoviç hiss edirdi ki, o, qüssəli olanda, qəlbində gizli bir dərd baş qaldıranda belə, zahiri şadlığını itirmir, dodaqlarından təbəssüm əskik olmur. O həmişə ərinin sakitliyinə çalışır, onu kədərləndirməmək və fikrini dağıtmaq istəyir. Aleksey Osipoviç də arvadını mehribanlıq və qayğı içində saxlayır, onu nəvazişlərə qərq edirdi. Lakin bunların heç biri Veranın ürəyində qubar bağlayan dərdi azalda bilmirdi. Aleksey Osipoviç görürdü ki, arvadı içəridən qovrulur, günü nə qədər xoş keçsə də sarsılır, aybaay, günbəgün qocalır. Vera gündüzlər zahiri təmkinini və şadlığını saxlaya bilsə də, gecələr yuxğuya gedən kimi sifətinə qüsəs çökür, onun məhzukn çöhrəsindən hər şeyi anlamaq olurdu. Aleksey Osipoviç arvadının çox zaman yuxuda çatılan qaşlarına, alnındakı düyünlərə, çöhrəsindəki hüznə ürək ağrısı ilə tamaşa edirdi. O, Veranın yuxuda dəfələrlə uşaq kimi hıçqırıb ağladığını, bə'zən də elə bil nəyi isə qucaqlayıb oxşadığını, laylaya bənzər bir tərzdə zümzümə etdiyini görmüşdü. Aleksey Osipoviç başa düşürdü ki, arvadı övladsızlıq dərdi çəkir, üzə vurmasa da, uşaqlarının olmaması onu acı alma kimi büzüşdürür. Belə hallarda Aleksey Osipoviç yaşarmış gözlərini silirdi. Axı o da övlad istəyirdi: o da istəyirdi ki, axşamlar otaqlar sükuta qərq olmasın, qüssə və kədərdən qulaqlar güyüldəməsin. Hay-harayla qaçışan uşaqlar nəyisə salıb sındırsınlar, yazı masasının üstündəki dəftər-kitabı bir-birinə qatsınlar. Vera hirslənib onlara acıqlansın, uşaqlarıny umşaq yerinə bir-iki şapalaq çəksin, balacalar xilas olmaq üçün atalarının yanına qaçsınlar, onun arxasında gizlənsinlər.
Aleksey Osipoviç yorğanı çəkdi. Veranın sinəsini və çiynini örtdü. Onun dən düşmüş saçını üzündən geri atdı. Arxası üstə çevrildi. Gözünü tavana zillədi. Çırağın işığı azalmışdı. Bayırda külək əsirdi. Ağacların xışıltısı eşidilirdi. Arabir parovozlar kəsik-kəsik fit verirdi. Kür qıjıldayırdı.
"Mən nahaq kədərlənirəm. Övladsızlıqdan şikayət eləməyə haqqım yoxdur. Bəs tələbələrim? Məgər onlar mənim övladlarım deyilmi? Məgər mən öləndən sonra onların timsalında yaşamayacammı? "Müəllim üçün tələbəsini boya-başa çatdırmaq ən böyük səadət deyilmi? Məgər müəllim tələbələrini öz balasından azmı sevir? Əgər belə olmasaydı, Pestalotsi xəstə tələbələrini buraxıb öz oğlunun dəfninə getməzdimi? Ancaq o getmədi. Fikirləşdi ki, oğlum onsuz da ölmüşdür, onu mənsiz də dəfn edəcəklər. Xəstə uşaqları başsız qoysa daha ağır itkilər baş verə bilər. Gərək biz də o cür pedaqoqların yolu ilə gedək. Fədakarlığı ondan öyrənək. Doğrudan da tələbənin ən yaxşı adamı, onun sirdaşı müəllimi deyilmi? Elə hallar olmurmu ki, uşaq ata-anasına demədiyi sirri müəlliminə açır. Yox, mən haqsızam. Mən övladsız deyiləm. Mənim balalarımın sorağı bir neçə ildən sonra Azərbaycanın ən ucqar guşələrindən gələcək". Aleksey Osipoviç bunları çox yaxşı dərk edirdi. O bütün həyatını məktəbə vermişdi. Səhərdən axşama qədər uşaqlardan ayrılmazdı. Məşğələlərdən sonra onlarla birlikdə yataqxanaya gedər, çarpayıları, yorğan-döşəyi yoxlayar, onları yuxuya verdikdən sonra evə qayıdardı. Başı işə o qədər qayıdardı ki, günlərin necə gəlib-getdiyini hiss etməzdi. Bə'zən ailəsini, özünü belə unudardı. O, hiss etməzdi ki, Vera evdə darıxır, pəncərədən boylanmaqdan yorulur. Ancaq indi, yay tə'tili günlərində Aleksey Osipoviç sakitlikdən bezmişdi. O özü tək qaldığından, arvadının iztirablarını daha yaxşı dərk edirdi. Sabah uşaqlar gəlməlidirlər. Yenə məktəbin həyəti, yataqxana səs-küylə dolacaq. Yenə məşğələlər başlayacaq, tələbələrin min cür tələbi, şikayəti, sualları, e'tirazı və narazılıqları meydana çıxacaq. Yenə Aleksey Osipoviç səhər gedib axşam qayıdacaq. Bəs Vera nə etsin? Bəlkə onu da məktəb işinə qoşsun? Bəlkə təəzə açılacaq hazırlıq kurslarında ona bir məşğələ düzəltsin? Xor və dram dərnəklərinin işini ona tapşırsın? Axı onun yaxşı səsi var. Uşaqlarla çox tez dil tapır. Hansı evə bircə dəfə getsə, balacalarla danışıb-oynasa, ondan əl çəkmirlər.
Aleksey Osipoviçin yuxusunun dağılmasının bir səbəbi də sabahı gözləməsi idi. O iki ay bundan əvvəl Azərbaycanı oymaq-oymaq gəzib Qori müəllimlər seminariyası üçün tələbə axtarmışdı. Otuz adam ona söz vermişdi ki, uşağını oxumağa göndərəcək. İndi görəsən onlar gələcəkmi? Sonradan fikrini dəyişən olmayıb ki? Əgər sözlərindən dönsələr, hazırlıq qrupları açmaq çətin olacaq.
Aleksey Osipoviç yanı üstə çevrildi. Gözünü pəncərəyə zillədi. İçəri toran idi. Bayır isə aydınlaşır, pəncərədən süzülən işıq çırağın şö'ləsini solğunlaşdırırdı...
Aleksey Osipoviçin gözünə yuxu getməsi ilə ayılması bir oldu. Səksəkəli yatdığından, pəncərədən işıq düşən kimi yerindən dik atıldı. Dərhal da paltarını geyinib arvadını oyatdı:
- Vera, dur, gedirik.
Arvad təlaşla onun üzünə baxdı:
- Hara?
- Vağzala.
- Xeyir ola?
- Uşaqları qarşılamaq lazımdır.
- Məni də aparırsan?
- Tez ol, gecikirik.
Onlar yarım saatdan sonra məktəbin həyətinə gəldilər. Sakitlik idi. Faytonçu atları qoşmuşdu. Kiminləsə söhbət edirdi. Aleksey Osipoviç arvadının qolundan tutub faytona yaxınlaşdı. Elə bu vaxt faytonçu ilə söhbət edən adamı tanıdı. Onlar furajkalarını götürüb salamlaşdılar.
- Cənab Kipiani, bu tezdən hara?
O gülümsündü. Azacıq aşağı əyilib Vera Fyodorovnanın əlindən öpdü və bundan sonra üzünü Aleksey Osipoviçə tutdu:
- İcazə versəniz, sizinlə gedərdim.
- Yoxsa səfəriniz var?
- Yox. Mən də uşaqları qarşılamaq istəyirəm. Ürəyim yaman darıxır. Tələbəsiz məktəb, suyu sovulmuş dəyirman kimi yaman qüssəli olur, deyilmi, Aleksey Osipoviç?
- Elədir.
Onlar yanaşı oturdular. Faytonçu qamçını havada oynatdı. Atlar çaparaq həyətdən çıxdılar və döngəni burulub vağzala yollandılar. Şəhər hələ yuxulu idi. Küçələrdə təkəm-seyrək adam var idi. Üfüq qıpqırmızı idi. Vağzalla şəhərin arasındakı düzənlikdə qıvrılıb axan Kürün suları parıldayırdı. Çayın vadisindəki çəmənlik də göz qamaşdırırdı. Elə bil oraya səhər-səhər göydən su çilənmişdi.
Qatar silkələnib dayandı. Çiyni heybəli uşaqlar müvazinətlərini saxlaya bilməyib səndirlədilər. Əşrəf qapının ağzına tərəf getdi. Yuxudan kal ayılmış uşaqları qoymadı ki, basabas salsınlar. Özü hamıdan əvvəl vaqondan yerə düşdü. Yükü ağır olanlara kömək etdi. Əhməd də o biri vaqondakı uşaqları düşürtdü. Tiflisdə dəstə böyümüşdü. Başqa qəzalardan gələn uşaqlar da onlara qoşulmuşdular.
Əhmədlə Əşrəf uşaqları kənara, vağzaldan aralı bir yerə topladılar. Onların çoxu həl özünə gələ bilməmişdi. Ömürlərində ilk dəfə vaqona mindiklərindən, dəmir yolu gördüklərindən, yad yerə ayaq basdıqlarından, təşviş və təlaşla ətrafa boylanırdılar. Çoxları çiyinlərindəki heybədən bərk-bərk yapışmışdı. Elə bil ki, kiminsə onu oğurlayacağından ehtiyat edirdilər. Osman hamıdan çox həyəcan keçirirdi. Gah qabağa qaçır, gah dəstənin ortasında durur, gah da Əşrəfin yanına gəlib az qala onun ətəyindən yapışırdı.
Osman birdən qabağa çıxdı. Həyəcanla Əşrəfin qolundan dartıb dəmir yolundan o tərəfdəki faytonu göstərdi. Əşrəf dönüb baxdı, Aleksey Osipoviçi gördü.
Vaqondan yenicə düşmüş uşaqlar onlara yaxınlaşdılar. Çernyayevski qollarını açıb Əhmədi qucaqladı. Əşrəfin kürəyinə vurdu.
- Demək belə, hamınız gəlibsiniz.
O, uşaqları bir-bir gözdən keçirdi. Ayaqlarındakı çarığa, yamaqlı paltarlarına baxdı. Onların ürkək baxışlarının arxasında gizlənən həvəs və marağı gördü. Ani olaraq, "Görəsən bunlardan gələcəkdə nə olacaq?" - deyə xəyalından keçirdi. Əlini uzadıb uşaqların bə'zisinin papağını, bə'zisinin kəmərini düzəltdi. Osmana yaxınlaşanda isə ayaq saxlayıb gülümsündü:
- Sən də gəlmisən?
- Özünüz görürsünüz.
- Bəs, Molla Sadıqla haqq-hesabı kim çürüdəcək?
- Tapılar, - deyə Osman gülə-gülə cavab verdi. - Kəndimizdə dəcəl çoxdur.
- Mixail Keyxosroviç, - deyə Aleksey Osipoviç sözə başladı. - Bu yaman dəcəldir. Tütünə barıt doldurub mollanın saqqalını yandırmışdı.
- Yəqin burda da bizim saqqalımızı yandıracaq.
- Siz papiros çəkirsiniz?
Uşaqlar gülüşdülər. Müəllimlər də onlara qoşuldular. Ancaq Əhməd gözünü Kipianidən ayırmadı. Diqqətlə onun üzünə baxdı, bu tanış səsi harda eşitdiyini xatırlamaq istədi.
Aleksey Osipoviç uşaqların hamısı ilə görüşdükdən sonra geri döndü və üzünü Əhmədə tutdu:
- Sevindiyimdən hər şeyi unutmuşam. Heç Sizi tanış da eləmədim. Bu bizim seminariyanın müəllimi Kipianidir.
Kipiani əlini uzatdı və birdən qaşlarını çatıb dayandı:
- Axı, deyəsən biz tanışıq.
- Dayan, dayan, - deyə Əhməd nəyi isə xatırlayıb susdu və birdən qollarını açıb Kipianini qucaqladı. - Mişa, sən salamatsanmı?
Hamı təəccüblə onlara baxdı.
4
Uşaqlar və Olqa Konstantinovna qonşu otaqda yatdıqdan sonra, Semyonov yazı masasının arxasına keçdi. Şalvarının yan cibindən təmiz bir dəsmal çıxartdı. Eynəyinin şüşələrini sildi və polisin dünən gecə gətirdiyi məktubu şamın işığında təzədən diqqətlə oxudu. Son sətirlərin üzərində xeyli dayandı. "Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər". O bir anlığa Kipianinin hərəkətlərini gözü qabağına gətirdi. Seminariyada işlədiyi müddətdə hələ ondan şikayət olmamışdı. Kipianini yalnız gürcülər deyil, bütün şö'bələrin tələbələri sevirdi. O, gözəl müəllim idi. Vətənini dərin məhəbbətlə sevən bu adam həmişə onun taleyinin düşünür, keçmişindən və gələcəyindən böyük ehtirasla danışırdı. Kipiani bütün vardığı ilə məktəbə və tələbələrə bağlı idi. O özü ədəbi gecələr təşkil edir, şe'r oxuyur, uşaqları dram dərnəyinə toplayır, ekskursiyalara aparır. İki il idi ki, tarix dərnəyi təşkil etmişdi. Belə bir adamı nə üçün gözümçıxdıya salmışdılar? Onu yenidən Sibirəmi göndərmək istəyirdilər? Axı mən ondan nə yaza bilərəm?
Semyonov ayağa durdu. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Asta-asta vərəqlədi. Əvvəlcə əlinə qəzet səhifəsinə bənzər iri bir kağız keçdi. Mətbəədə çap olunuş bu vərəq qara haşiyəyə alınmışdı. Bu, inqilabi iş üstündə Peterburq, Moskva, Kazan, Kiyev ali məktəblərindən qovulmuş müəllim və tələbələrin siyahısı idi. Daxili işlər nazirliyinin əmri ilə həmin adamlar polis nəzarəti altında saxlanılır və məktəblərdə işləmək hüququndan məhrum edilirdi. Son vaxtlar bu cür gizli siyahıları tez-tez göndərirdilər. Semyonov xırda hərflərlə yazılmış vərəqi nəzərdən keçirdi. Siyahıda özünün bir neçə tanışlarının da adına rast gəldi. Nəhayət, Kipianinin familiyasını tapdı. Onun adının qarşısında qələmlə işarə qoydu. Bir xeyli beləcə, əlində qələm, dayandı. Fikirli-fikirli saqqalını qaşıdı. "Demək, ondan hələ əl çəkməyiblər. Peterburq Texnoloji İnstitutundan qovulduqdan və Sibirdə cəza çəkdikdən sonra belə onu gözdən qoymurlar. Bəlkə elə doğrudan da Kipiani burada da gizli işlərlə məşğul olur, hökumət əleyhinə təbliğat aparır? Axı bu təbliğat nədən ibarətdir? Məgər ölkənin vəziyyətini düşünmək, onun ağır hal keçirdiyinə dözməmək, qurtuluş yolu axtarmaq hökumət əleyhinə çıxmaqmı deməkdir? Məgər hər bir namuslu vətəndaş vətəninin, millətinin səadətinə çalışmamalıdırmı? Gördüyü ədalətsizliklərə qarşı öz e'tiraz səsini ucaltmamalıdırmı? Bu ki, hökumət əleyhinə işləmək deyil, əksinə, onun işinə kömək etmək deməkdir. Bəs belə isə, nə üçün bir balaca sərbəst düşünmək istəyənləri tə'qib edirdilər. Qollarını qandallayıb elindən, obasından didərgin salırlar? Məgər biz buraya, Qafqazın ucqar yerlərinə bundan ötərimi gəlmişik?"
Semyonov iki il bundan əvvəl Kipianinin onun yanına iş üçün gəldiyini xatırladı. O, ucaboy, arıq bir adam idi. Azacıq axsayırdı. Yeriyəndə sağ ayağını möhkəm basa bilmədiyindən, əsaya dirənirdi. Gülümsər çöhrəsi ağarmışdı. Zil qara saçları və saqqalı qıvrım idi. O, bığını qafqazlılar kimi burmamışdı. Uzadıb saqqalına qatmışdı. Boynuna ala-bəzək şal bağlamışdı. Rusca təmiz danışsa da, tələffüzündən gürcü olduğu dərhal sezilirdi. Semyonov onun ərizəsini diqqətlə oxudu. Sonra müsahibinin üzünə baxdı:
- İndiyə qədərharda işləyirdiniz?
- Sürgündən əvvəl Tiflis və Kutaisidə olmuşam.
- Sürgündə də olmusunuz?
- Bəli, ancaq indi azadam.
- Evlisinizmi?
- İki uşağım var.
- Sibirdə evlənmisiniz?
- Yox, burda, ancaq onlar da Sibiri görüblər.
- Niyə, onları da sürmüşdülər?
- Xeyr, arvadım məni tək buraxmaq istəmədi. Mənim e'tirazıma baxmayaraq, dalımca Sibirə gəldi.
Semyonov gördü ki, müsahibi ağır günləri xatırladıqca əzab çəkir. Onun yaralarını təzələməmək məqsədi ilə söhbəti dəyişdi:
- Demək, bizim seminariyada gürcü dilindən dərs demək istəyirsiniz?
- Bəli, cənab direktor, müsaidə etsəniz, Sizinlə bir yerdə işləyərdim.
- Yaxşı, məsləhətləşərik.
- Çox sağ olun.
Kipiani ayağa durdu. Nəzakətlə tə'zim edib otaqdan çıxdı.
Semyonov elə həmin günü Qafqaz maarif müvəkkilinin adına bir məktub göndərdi. Kipianinin seminariyada işləməsinə icazə istədi. Onun xahişini rədd etdilər...
Semyonov bunları xatırladıqdan sonra qovluğu yenidən qabağına çəkdi. Kipianinin ərizəsini, ona verilən cavabı axtarıb tapdı. Gözləri sətirlərin üzərində gəzdi. "Quberniya dəftərxanasındakı sənədlərdən aydın olur ki, Peterburq Texnoloji İnstitutunun sabiq tələbəsi M.K.Kipiani Tiflis və Kutaisi quberniyalarında cinayətkar təbliğatlar apardığına görə, zati-alilərinin iradəsi ilə 1878-ci ildə Şərqi Sibir general-qubernatorunun nəzarəti altında sürgünə göndərilmişdir. Oradan isə Orenburq ölkəsinə sürgün edilmişdir. 1880-ci ildə ə'lahəzrətin mərhəməti sayəsində polis nəzarətindən azad edilmişdir.
Bundan sonra onun Tiflisə qayıtmasına icazə verilmişdir.
Sizin 4824 nömrəli məktubunuzu oxuduqdan sonra bu yuxarıda qeyd olunanları yadınıza salıram. Məgər, belə bir adamın seminariyaya gürcü dili müəllimi qəbul edilməsini təhlükəli hesab etmirsinizmi?
Knyaz Qaqarin
22 sentyar, 1881"
Semyonov Tiflis qubernatorunun tə'liqəsini diqqətlə oxuduqdan sonra Qafqaz maarif müvəkkilinin onun adına yazdığı kağızı nəzərdən keçirdi.
"Zaqafqaziya müəllimlər seminariyasının direktoruna!
Sizin sentyabrın üçündə mənə göndərdiyiniz 554 nömrəli tə'liqəyə qubernatordan aldığım cavabı Sizə bildirməyi özümə şərəf hesab edirəm. Əvvəlcə Şərqi Sibirdə, sonra isə Orenburq vilayətində sürgündə olmuş Kipianinin Sizin seminariyada gürcü dili müəllimi işləməsini qeyri-mümkün hesab edirəm. Sizin tə'liqənizi və Kipianinin ərizəsini geri qaytarıram.
24 sentyabr, 1881, N 1161"
Bu cavabları alandan iki gün sonra Kipiani onun yanına gəldi. Semyonov məsələnin nə yerdə olduğunu demədi, hələ cavab almadığını söylədi. Kipianinin dodaqlarında istehzalı bir təbəssüm oynadı. Semyonov başa düşdü ki, Kipiani hər şeyi anlayır, ancaq üzə vurmur. Çox böyük səbir və mətanətlə susur. Onun bu qüruru, mə'nəvi cəhətdən əziyyət çəksə də özünü şax tutması Semyonovun daha da xoşuna gəldi. Kipianini yola saldıqdan sonra maarif müvəkkilinə təkrar müraciət etməyi qərara aldı və bir neçə gündən sonra Tiflisə məktub göndərdi. Nəhayət, belə bir cavab gəldi:
"Zaqafqaziya müəllimlər seminariyasının direktoruna!
Sizin mənim adıma oktyabrın birində göndərdiyiniz 602 nömrəli tə'liqəyə əsasən yenidən Qafqaz valisinə müraciət etdim və zadəgan Mixail Kipianinin Sizin seminariyada gürcü dilindən dərs deməsinə icazə aldım, bu şərtlə ki, Siz Kipianiyə nəzarət edəsiniz və onun bütün hərəkətlərinin cavabdehliyini öz öhdənizə alasınız. Bütün bunları Sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm.
27 oktyabr, 1881, N 93"
Semyonov qovluğu örtüb kənara itələdi. Elə bil otaqda hava çatışmırdı. Köynəyinin yaxasını açdı. Nəfəsliyi itələdi. Sərin, adamı üşürgələndirən bir hava axını içəri doldu. Yarpaqların xışıltısı ilə bərabər çəmən otlarının qoxusu da otağa yayıldı. Kürün o tayındakı balaca djəmiryol stansiyasından kəsik-kəsik fit eşidildi. Semyonov divara dirsəklənərək, bir xeyli ötüb keçən qatarların yeknəsəq taqqıltısını dinlədi. Qorinin qatı qaranlıqda mürgüləməsi, işıqların tamam sönməsi onu qüssələndirdi. Semyonov səhrada tək qalmış bir qərib kimi yalqızlıq hiss etdi. Vağzaldan ötüb keçən qatarın taqqıltısı getdikcə azaldı, döngələrdə eşidilməz oldu. Onun xəyalı təkər taqqıltısının arxasınca lap uzaqlara getdi. Qafqazı aşdı, Mərkəzi Rusiyanı keçdi və Sibirə doğru yollandı: Semyonova elə gəldi ki, çovğunluğu, qarlı Sibirin qalın meşələri arasında tövşüyə-tövşüyə gedən qatarı, vaqonların pəncərələrindən boylanan solğun çöhrələri, əl-qolu qandallı dustaqları, heç nə anlamaq istəməyən, ucu nizəli tüfəngin qundağı ilə dustaqları vurub söyüş söyən soldatları görür. Bu pəncərələrdən qadınlar, dodaqlarının qanı qaçmış uşaqlar da boylanırdı, aclıq və susuzluq onları taqətdən salmışdı. Külək vıyıldayır, qarı burub-bükür və şüşəsiz pəncərələrdən içəri doldururdu. Semyonov Kipianini, onun uşaqlarını və arvadını həmin vaqonların pəncərəsindən boylananların içərisində təsəvvür etdi. Ona elə gəldi ki, Kipiani gözlərini süzdürüb istehza ilə gülümsünür. Sanki, bu təbəssümlə onu məzəmmət edir və "sənin polis xəfiyyələrindən fərqin nədir, nə üçün mənim haqqımda elə pis şeylər yazdın?" - deyir.
Yaxındakı həyətlərdən birində qanad şaqqıldadı. Tara çıxan xoruz bərkdən banladı. Bu səs Semyonovu uzaq xəyaldan ayırsa da, kişi bir müddət yerindən tərpənə bilmədi. Sahildəki çinarların yarpaqları bərkdən xışıldadı. Səhərin yaxınlaşdığını xəbər verən səba nəsimi pəncərədən içəri doldu. Semyonov nəfəsliyi bağladı. Aralanmış qapıdan yataq otağına nəzər saldı. Yazı masasının üstündəki şamın işığı zolaq kimi çarpayıların üstünə sərilmişdi. Semyonov qapıya yaxınlaşıb uşaqlarının üzünə baxdı. Lidiya anasının qolu üstündə yatmışdı. Sarı, qıvrım saçı daha da pırpızlaşmışdı. Yuxuda da anasının boynunu qucaqlamışdı. O dayana bilmədi. Barmaqlarının ucunda yataq otağına keçdi. Oğlunun, böyük qızının, sonra da arvadının mışıltısına qulaq asdı. Onların bu mə'sum yuxusuna tamaşa etməkdən ləzzət aldı. "Yəqin bu saat, bəlkə, elə Kipiani də onun kimi dayanıb uşaqlarının mışıltısını dinləyir? Bəlkə də onun özü ağır və şirin yuxuya gedib? Bu saat onu nələr gözlədiyindən xəbərsizdir? Yəqin heç ağlına gətirmir ki, haqqında sorğu-sual gedir. Mən onun barəsində mə'lumat verməliyəm".
Semyonov uşaqlarının üstünü örtdü. Arvadının yastığını düzəltdi. Üzlərinə işıq düşməsin deyə, qapını çəkdi. Ancaq bir balaca aralı qoydu ki, bir şey olsa eşitsin. Yazı masasının arxasına keçib kağız-qələm götürdü. Maarif müvəkkilinə cavab yazmağa hazırlaşdı. Qələmi mürəkkəbə batırdı. Məktubun birinci cümləsini yazdıqdan sonra əl saxladı. "Bəlkə mənim yazdıqlarıma inanmadılar? Üstəlik mənim özümü də ittiham etdilər, bəs onda nə olsun? Mən öz həyatımı, uşaqların gələcəyini təhlükə altında qoymarammı? Maarif müvəkkili "bu işlərin bütün məs'uliyyəti Sizin öhdənizə düşür" sözlərini nahaq yerə yazmamışdı ki? Elə Kipianini sən özün işə götürdün, görünür, onun həmfikirisənmiş, - deyə məni də polis idarələrinə çəkə bilməzdilərmi? Bəs mən nə edim, nə cavab yazım?"
Semyonov bu cür tərəddüd içində xeyli dayandı. Dilbilməz, sözanlamaz polisləri gözü qarşısına gətirdi və qələmi mürəkkəbə batırıb qətiyyətlə yazmağa başladı:
"Kirill Petroviç həzrətlərinə!
Siz mənim adıma göndərdiyiniz 40 nömrəli məktubunuza cavab olaraq aşağıdakıları bildirməyi özümə borc hesab edirəm. Mən bizim gürcü dili müəllimi Kipianinin bütün hərəkət və danışıqlarına olduqca ciddi nəzarət yetirmişəm. Mən Kipianinin istər dərsdə, istər yoldaşları arasında, hətta şəxsi söhbətlərində heç bir zərərli fikir söylədiyini eşitməmişəm. Onlar maddi cəhətdən çətinilik çəkdiklərinə görə kasıb güzəran keçirirlər və heç kəsə qarışmırlar. Mən Kipianinin evində yığıncaqlar düzəldib hökumət əleyhinə təbliğat apardığı barədə heç nə eşitməmişəm və belə bir işin olmasına inanmıram. Kipiani seminariyanın ən intizamlı və sevimli müəllimlərindəndir. Tələbələr arasında böyük hörməti var. Öz fənnini ustalıqla keçir. Bütün bunlarla bərabər qeyd etməliyəm ki, aldığım mə'lumatlara görə, Qoridə axşamlar gürcülər evlərə toplaşaraq, gürcü dilində ədəbi əsərlər oxuyurlar. Bu barədə yerli qəzetlərdə rəsmi mə'lumatlar belə dərc edilmişdir. Bundan başqa gürcü dili həvəskarlarının nizamnaməsi tərtib edilmiş və qubernatora göndərilmişdir. Mən bütün bu işlərdə təhlükəli bir şey görmürəm. Mən onun hərəkətlərinə nəzarət yetirəcəyimə söz verdiyimi və bütün məs'uliyyəti öhdəmə götürdüyümü inkar etmirəm".
Semyonov məktubu bitirib imza etdikdən sonra şamları söndürdü və yataq otağına keçdi. Paltarını soyunub rahatca yerinə uzandı. Ağır yük altından çıxmış adam kimi asudə nəfəs alıb gərnəşdi. Gözünü pəncərəyə zillədi. Artıq dan yeri ağarırdı.
Onlar dərin sükut içində, asta addımlarla qədim Qori qalasının yerləşdiyi təpəyə yollandılar. Cığırları ot basmışdı. Bə'zi yerlərdə qalanın divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Kipiani azacıq axsadığından dalda qalır, bir az irəlidə gedən əhməd tez-tez dayanıb onu gözləməli olurdu. Nəhayət, qala divarına yaxın bir yerdə, otları azacıq saralmış göylükdə oturdular. Kipiani dərhal pencəyini çıxardıb yerə atdı və arxası üstə uzandı. Əhməd isə gözünü üfüqə zillədi. Qarşıdakı dağlar baş-başa vermişdi. Meşənin ətəklərində kəndlər, bir az bəridə isə vağzal görünürdü. Göytəpənin yanında burulğanlı və hikkəli olan Kür burada quzu kimi sakit idi. Liaxva çayı ilə birləşəndən sonra belə halını dəyişmir, çəmənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Çayın vadisində suya yaxın yerlər yamyaşıl olsa da, ətraf saralmışdı. Əhməd xeyli üfüqlərə qədər uzanıb gedən sulara baxdıqdan sonra üzünü qayalara tərəf çevirdi. Gözünü saralmış daşlara, uçuq-sökük yerlərə, örüklərin arasında bitən quru otlara zillədi. Hər şey beləcə dəyişir, dağılıb sökülür və köhnəlirdi... Onlar da belə idilər. Peterburqda ilk dəfə tanış olduqları zaman Kipianinin üzünə ülgüc dəyməmişdi. Elə Əhmədin özünün də bığ yeri yenicə tərləmişdi. Onlar Peterburq ali məktəb tələbələrinin gizli yığıncaqlarına birgə gedir, birgə də nümayişə, küçəyə çıxardılar. O zaman tələbələrin ən çox sevdiyi və pərəstiş etdiyi adamlar dekaöristlər idi. Heç nədər qorxmurdular. Hətta bə'zən gənclik ehtirası və marağı ilə nə isə tezliklə bir iş görməyi, çevriliş etməyi, həbsxanalara, zindalara belə düşməyi arzu edirdilər. Onlarda həm coşğun bir ədalət hissi, həm də gəncliyə xas olan macəraçı bir cəsurluq vardı. Lakin tələbələrin bu coşğunluğu uzun sürmədi. Xəfiyyələr dərnəklərin gizli fəaliyyətindən xəbər tutdular, uşaqların bə'zilərini həbs etdilər, qalanlarını isə məktəbdən qovdular. O zaman Kipiani ələ keçdi. Əhmədi isə məktəbdən xaric etdilər. Aradan illər ötdü. Dostlar indi təsadüfən Qoridə görüşdülər. Kipiani yorğun və məhzun kimi görünürdü. Deyəsən, əvvəlki coşğunluqdan əlamət qalmamışdı. Yoxsa onun qürurunu sındırmışdılar? Yoxsa sürgün illəri onun iradəsini sarsıtmışdı? Məgər Əhməd özü də dəyişməmişdimi? O da ağır və təmkinli olmamışdımı? Bəlkə də bunlar acizlik və qorxaqlıq əlaməti idi? Bəlkə də ağır maddi vəziyyət, arzuların ilğım kimi əlçatmazlığı onları süsütləşdirmişdi? Bəlkə Kipiani taleyinə boyun əyərək ömrünü başa vurmaq istəyirdi?
Kipiani də eyni ilə bu cür düşünür, Əhmədi gözaltı süzüb, söhbəti hardan başlayacağını müəyyənləşdirirdi. Onun deməyə sözü çox idi. O bilmək istəyirdi ki, Əhməd təkdirmi, keçmiş yoldaşlarından kiminlə əlaqəsi var? Yenə əvvəlki əqidəsindədirmi? Yoxsa gənclik xəyallarından uzaqlaşmışdır?
Kipiani durub oturdu. Ayağının ucundakı daşı götürüb atdı. Daş əvvəlcə astadan, sonra isə sür'ətini artırıb dərəyə dığırlandı. Əhməd də gözünü daşa zillədi.
- Sən bilən bizim dərnəyimiz nə üçün tez dağıldı?
- Çünki, istinad nöqtəsini tapmadan Yer kürəsini özülündən oynatmaq istəyirdik.
Kipiani qaşlarını dartdı. Təəccüb və maraq dolu baxışlarını müsahibinin üzünə zillədi:
- Nəyi nəzərdə tutursan?
- Şüurların oyanmasını.
- Şüurların oyanması müxtəlif cür ola bilər.
- Mənə ədalət və vicdanla dolu şüur lazımdır.
- Bu mücərrəd oldu.
- Nə üçün?
- Çünki ədalət və vicdan məfhumi nisbidir.
- Bilirəm, sən yenə sinfi təfriqədən danışacaqsan.
- Bəs necə?
- Mən milləti parçalayıb qarşı-qarşıya qoymağın özünə şübhə ilə baxıram. Ehtiraslar qızışıb keçəndən sonra baş verə biləcək peşmançılıq məni dəhşətə gətirir.
- Bəs təklifin nədir?
- İnsanların şüurunu oyatamq, vicdanı hərəkətə gətirmək bizim birinci vəzifəmizdir. Gərək bu sahədə hər bir kəs öz millətinə kömək eləsin.
- Bəs millətlərin həmrə'yliyi?
- Bunlar bir-birinə mane olmur. Zənnimcə, gərək əvvəlcə millətin özünü oyadasan. Əgər bir xalq özünü dərk edə bilmirsə, ləyaqət və qüdrətini anlamırsa, nə özünə, nə də başqalarına kömək edə bilər.
Kipiani susdu. Gözləri yol çəkirmiş kimi fikirli-fikirli dostunun üzünə baxdı. Qəlbində ona qismən haqq verdi. Əslinə baxsan, onun özü də bu yolla gedirdi. Seminariyaya dərs deməyə də bu məqsədlə gəlmişdi. O çalışırdı ki, tələbələrinə azadlıq ruhunu aşılasın. Onları qürurla yaşamağa, ədalət və haqqı müdafiə etməyə alışdırsın. Onun ən çox nifrət etdiyi hiss zülmə boyun əyməyi təbliğ edən mütilik fəlsəfəsi idi. İnsanı insanlıqdan uzaqlaşdıran, qorxan və aciz bir varlığa çevirən bu fəlsəfənin düşməni olan Kipiani Əhmədin sözlərini eşitdikdə sevindi. Demək, onlar ən ucqar yerlərə səpələnsələr belə, amallarından dönməyiblər. Bir qığılcım kimi parıldayırlar. Lazım olarsa, alovlanmağa hazırdırlar. Əhməd öz mülahizəsində millətə, öz xalqına köməyi ön plana çəkirdi, Bəs indiki vəziyyətdə bu fikir daha doğru idi? Bəlkə kiçik millətlər, sayca az olan xalqlar əvvəlcə birləşməli, inkişaf etməli, yüksək şüuri bir vəziyyətə gəlməlidirlər? Onların daxili ziddiyyətlərini qabartmaq o qədər də məqsədəuyğun deyil?
- Sən millətə kömək üçün hansı yolu əsas götürürsən?
- Maarifi. Əvvəlcə buradan başlamaq lazımdır. Elmi, mədəniyyəti artırmaq lazımdır. Hər millətin özünün düşünən beyni olmalıdır. Elə adamı olmalıdır ki, millətin sabahını görə bilsin. Millətinə başçılıq etməyi bacarsın, onun zamanın dolaşıq və çalpaşıq yollarından salamat çıxartmağı bacarsın.
- Mən sənə şərik. Lakin de görüm, belə birt şəraitdə dediyin adam yetişə bilərmi?
- Çətin.
- Demək, mənim fikrimi təsdiq edirsən ki, bununla kifayətlənmək olmaz. Nə isə daha ciddi bir iş görmək lazımdır. Nə isə dəyişməlidir. Nəyi isə vurub dağıtmaq lazımdır.
Əhməd gülümsündü. Bir az bundan əvvəl Kipiani haqqında nə qədər yanlış fikrə düşdüyünü anladı. Demək, o, ömrünü sakitcə başa vurmaq istəyənlərdən deyildi. O, yenə əvvəlki kimi döyüşməyə hazır idi. Onun sifətindəki süstlük və yorğunluq fəaliyyət üçün geniş meydan tapa bilməməsindən idi.
- Görünür yenə tələsirsən, əziz dost. Gərək şəraitlə də hesablaşasan. Bu saat biz tam hüquqsuzuq. Qubernatorun biri Bakıda əyləşib, biri də Tiflisdə, ətrafında da kazakları. Hər şeyi nəzarət altına alıblar. Ucqar bir kənddə balaca bir məktəb açmaq üçün gərək birbaş padşahın özünə yazasan. Onun icazəsi olmadan bir daşı da yerindən tərpədə bilməzsən. Hünərin var, bir balaca əl-qolunu tərpət, o saat siyirməqılınc töküləcəklər üstünə.
- Demək, burada fikrimiz birləşir. Onlar bizi dili-ağzı bağlı hala salmaq istəyirlər. İradələrinə tabe olmayanları isə silahla qorxudur, ya qandallayıb Sibirə göndərir, ya da el-obasından qaçaq salırlar. Sən də deyirsən bunlara dözək.
- İstəsən də dözə bilməzsən.
- Bəs nə edək?
- Ordu toplamaq lazımdır.
Kipiani yerində dikəldi. Təəccüblə Əhmədin üzünə baxdı. O çox sakit idi. Lakin onun son sözü bir az bundan əvvəl dedikləri ilə düz gəlmirdi.
- Niyə təəccüb edirsən? - deyə Əhməd dostunun çiynini qucaqladı. - Məgər sənin dərs verdiyin uşaqlar bir ordu deyilmi? Aleksey Osipoviç kəndbəkənd, şəhərbəşəhər gəzib ordu toplamırmı? Mənim gətirdiyim ayaqyalın, yamaqlı uşaqlar həmin ordunun əsgərləri olmayacaqlarmı? Niyə susursan? Məgər bunlar gələcəkdə böyük bir maarif ordusu olmayacaqmı?
Kipiani gülümsünüb çiynini çəkdi:
- Yenə əvvəlki kimi xəyalpərvər və şairanəsən.
- Xəyal olmasa, adamın qüssədən ürəyi partlayar. Bir də, mənim xəyalım real xəyaldır. Bir təsəvvür et, biz bu uşaqların qəlbində məş'əl yandırsaq, həmin məş'əllər hər yerə səpələnsə, yurdumuz çıraqbana dönər.
- Əgər çar kazakları onları vaxtından əvvəl söndürməsə.
Bu dəfə Əhməd dinmədi. Dostunun sifətindəki kədər ona da sirayət etdi. Bir anlığa olub-keçənləri, Göytəpə kəndini, axır vaxtlar kazakların tez-tez atlanıb gəlməsini, meşəni qoruğa çevirmələrini, camaatı sıxışdırmalarını xatırladı. Kür sahilindəki son toqquşmanı yadına saldı. Nədənsə Cahandar ağa bütün əzəmət və qəzəbi ilə gözünün önündə dayandı. Elə bil onun tunc kimi bozarmış sifətini, qan sağılmış gözlərini, qıllı çatma qaşlarını və həmişə tüfəngin tətiyində oynayan barmaqlarını gördü. Elə bu an Molla Sadığın təsbehinin şaqqıltıları da qulağında səsləndi. Elə bil müridlər onu bürüdülər. Əhməd qeyri-ixtiyari qara damları, Qoca kişinin güzəranını, uşaqları yola salmağa gələrkən sahilə toplaşan kənd adamlarını yadına saldı. Osmanın anası oğlunun ayağına çarıq da tapmamışdı. Sinəsinə döyüb ağlamaqdan başqa əlindən heç nə gəlmirdi. Vəziyyət çox çətin və qarışıq idi. Biri kənddə ağalıq edmr, o biri isə doyunca quru çörək də tapmırdı. Bəlkə Kipiani düz düşünürdü? Belə vəziyyətdə hansı birlikdən danışmaq olardı?
Qalanın kölgəsi uzanıb onların üstünə düşmüşdü. Kürün suyu qızarmışdı. Ləpələr pullu balıq kimi işıldayırdı. Vadidə mal-qara otlayırdı. Uşaqlar sahil boyu at çapırdılar.
- Gedəkmi?
Ayağa durdular. Gəldikləri kimi də cığırla asta-asta aşağı endilər. Şəhərin tozlu küçələri ilə dinməzcə irəlilədilər. Əhməd sabah yola düşməli idi. Onun gətirdiyi uşaqları seminariyaya qəbul etmişdilər. Bir həftədən çox idi ki, dərs keçirdilər. Direktor da, Çernyayevski də Əhməddən razı qalmışdı. Əhməd sevinirdi. Bir də ona görə ki, köhnə dostu Kipianiyə rast gəlmişdi. İndi o tək deyildi. Həmişə əlaqə saxlayacaqdılar. O, Tiflisdə də bir neçə gün qalmalı idi. Maarif müvəkkilini görməli, Göytəpədə təzə məktəb binası tikilməsi üçün sərəncam almalı idi. Çernyayevski özü bu işə qarışmışdı. İcazə vermişdilər. İndi bu məsələni rəsmiləşdirmək lazım idi.
Yataqxananın bərabərində uşaqları görüb ayaq saxladılar. Osmanla Səlim tanınmaz olmuşdu. Onların başında furajka var idi. Pencəklərinin düymələri və toqqaları parıldayırdı. İkisi də bir qaydada geyinmişdi. Çəkmələrini silib işıldatmışdılar. Seminarist libası onlara yaman yaraşırdı. Əhməd cəmi bir neçə gün bundan əvvələ qədər əyinləri təzə paltar tanımayan bu uşaqların sevincinə şərik oldu. Osman indi daha şən görünürdü:
- Əhməd lələ, kəndə nə vaxt qayıdırsınız?
- Sabah. Sözünüz var?
Osman cavab vermədi. Qaça-qaça yataqxanaya getdi və beş dəqiqə keçməmiş, əlində bağlama, geri qayıtdı.
- Deyəsən, anana sovqat göndərirsən?
Osman köksünü ötürdü və sirli adamlar kimi Əhmədin qolundan yapışıb kənara çəkdi:
- Əhməd lələ, inciməyin, əziyyət də olsa, bunu anama çatdırın. Atamın çuxasıdır. Gələndə zorla vermişdi. İndi görürəm lazım olmayacaq, məktəbdən hər şey verəcəklər. Anama de, qoy sandıqda saxlasın.
- Bəs o nədir?
- Bu da çarıqdır. Onu da əmimə çatdırarsınız. Axı onun özünün ayağı yalın idi.
Əhməd bu çarıqları Qoca kişinin Osmana necə verdiyini yaxşı xatırlayırdı. Kişinin yalın ayağı, suda çox olduğundan ağarıb qırışmış barmaqları indi də gözünün qabağında idi. Elə gəmi ilə keçəndə Əhməd başa düşmüşdü ki, bu çarıqları Qoca kişi özünə tikib, ancaq qardaşı oğlunu ayaqyalın görəndə ürəyi dözməmişdi, uşağa qıymamışdı. Osmanın bu cür həssaslığı Əhmədin qəlbini riqqətə gətirdi. Bağlamanı aldı. Uşağın kövrəldiyini hiss etdi. Bir az keçsə onun gözləri yaşla dolacaqdı. Əhməd söhbəti dəyişmək üçün araya söz saldı:
- Yeriniz necədir?
Osman dikəldi, əlinin dalı ilə gözünü silib gülümsündü:
- Lap yaxşıdır. Təzə çarpayı və əməlli-başlı yorğan-döşək veriblər, amma yata bilmirəm.
- Niyə?
Səlim gülə-gülə söhbətə qarışdı:
- Qorxur ki, yıxılsın.
- Axı neyləyim, evdə bişməyib, qonşudan gəlməyib, bir balaca tərpənəndə elə bilirəm çarpayı altımda yatacaq.
Uşaqlar gülüşdülər. Kipiani Osmana yaxınlaşıb əlini onun çiyninə qoydu:
- Eybi yoxdur, öyrəşəcəksən.
Əhməd xeyli söhbətdən sonra onlarla xudahafizləşdi və Kipiani ilə birlikdə yataqxanadan uzaqlaşdı.
Evə çatdılar. Ev sahibi qabağa keçdi. Qapını açdı. Əhmədi içəri də'vət etdi. Mənzil yarımqaranlıq idi. Kipiani pəncərənin taxtasını açdı. Otağa işıqla bərabər yaxınlıqdan axan Kürün şırıltısı doldu. Sərin hava vurdu. Əhməd evi nəzərdən keçirdi. Küncə yazı stolu qoyulmuşdu. Divara nimdaş gəbə vurulmuşdu. Orta stolun üstündəki müşəmbəli örtük bir neçə yerdən bıçaqla kəsilmişdi. mürəkkəbdən ləkə-ləkə idi. Sağ tərəfdə bir qapı var idi. Deyəsən, qonşu otağa açılırdı.
Kipiani otaqda bir xeyli fırlandı. Bir neçə dəfə dəhlizə çıxdı, çay qaynatdı, süfrəni səliqəyə saldı, yemək gətirdi, üzüzə oturdular.
- Təksənmi?
- Yox.
- Bəs uşaqlar...
- Kəndə göndərmişəm.
Kipiani özünə şərab tökdü. Əhməd çayı qabağına çəkdi.
- Bəs sən?
- Təkəm.
- Saçlarına dən düşüb.
- Bilirəm...
Əhməd qurtum-qurtum çayını içdi. Gözaltı dostuna baxdı. Onun da saçlarına dən düşmüşdü.
- Deyəsən, qocalırıq.
- Elə məni darıxdıran da odur. Ömür keçir, heç nə edə bilməmişik.
- Səbir lazımdır.
Otağa qaranlıq çökürdü. Kipiani durub çırağı yandırdı. Əhməd ev sahibinin sıxıldığını hiss etdi. Getmək istədi.
- Yox, bu gecə bizdə qalacaqsan; həm də səni dostlarımla tanış edəcəyəm. Bir azdlan gələcəklər.
Əhməd dostunun mə'nalı gözlərinə baxdı. Dodaqları astadan tərpəndi:
- Yoxsa...
- Bəli. Dərnəyimiz işləyir.
6
Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını, yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tərəfə keçib atın quyruğunu düydü. At pis ata oxşamırdı. Boynu gözəl, qaməti uca idi. Dərisinin rəngi tünd-qırmızı idi. Bə'zi yerləri şabalıdı rəngə çalırdı. Qaçmağı da pis deyildi, ancaq Cahandar ağanın ürəyinə o qədər də yatmırdı. Nə qədər çalışırdısa da, Qəmərdən sonra bu ata isnişə bilmirdi. Elə bil at da bu soyuqluğu duyrudu. Sahibini görəndə Qəmər kimi çəçiyi ilə yeri eşib kişnəmir, şahə qalxıb oynaqlamırdı. Bu atla Qəməri müqayisə etmək olmazdı. Qəmər elə bil başa düşürdü, sevincini, kədərini bildirir, lal baxışları ilə sahibinin ürəyindən keçənləri oxumaq istəyirdi.
Cahandar ağa atın ətrafına bir də dolandı, sonra sakit addımlarla evə doğru getdi. İçəri girib divardan asdığı tüfəngini götürdü, çalın-çarpaz bağladı. Ağ yundan toxunmuş qotazlı başlığını göy buxara papağının üstündən geyib boynuna doladı. Xəncəri yana çəkdi. İçəri gəldiyi kimi də sakit addımlarla getmək istədi. Ancaq qapıya yaxınlaşanda ayaq saxladı. Dönüb geri, otağa baxdı, gözünü divara vurulmuş xalçaların üzərində gəzdirdi. Tavandan asılmış otuzluq çırağa, baş tərəfdə divara mıxlanmış qolu-budaqlı iri maral buynuzuna baxdı. Qoşa taxtı, döşəkcələri, zər baftalı, qotazlı mütəkkələri gözdən keçirtdi. Elə bil evindəki hər şeyi görmək, onları hafizəsində həkk etmək istəyirdi. Özü də hiss etmədən köksünü ötürdü. Darağı tüfəngin xəznəsinə basdı. Çaxmağı hərləyib şaqqıldatdı, dabanı üstə fırlanıb otaqdan çıxdı. Həyətdəkilərin üzünə baxmadı. Əli qoynunda, təlaş və təşviş içində dayanıb gözünü ona zilləyən Mələyi görmədi. Qonşu otaqda pərdəni azacıq aralayıb gözündən bulud kimi yaş tökən Salatın tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, lakin qəti addımlarla talvara yaxınlaşıb atı kənara çəkdi. Quş kimi sıçrayıb yəhərə qalxdı. Yüyəni qəsdən dartdı. At sahibinin iradəsinə tabe olub dal ayaqları üstə qalxdı və yuxudan ayılmış kimi yəhərin altında oynadı. Yorğa yerişlə doqqaza sarı yollandı. Darvazaya çathaçatda qanad şaqqıldadı. Cahandar ağa qeyri-ixtiyari dönüb geri baxdı. İri, kəkilli sarı toyuq tara çıxıb hövllə qanadlarını şaqqıldadırdı. Kişi təəccüb etdi. Toyuq birdən boğazını irəli uzadıb xoruz kimi ucadan banladı. Cahandar ağanın bədənini soyuq tər basdı, iri həbəşi dodaqları kipcə bağlandı. Qızarmış gözlərinə qan sağıldı. Tüfəngi hərləyib tətiyi çəkdi. Qanadını çırpıb bir də banlamaq istəyən toyuq yumaq kimi havaya qalxıb çəpərin o üzünə düşdü. Lələkləri göydə oynadı. Cahandar ağa atın boynuna yataraq dördnala çapdı. Kənddən aralanıb Kürün sahilində görünməz oldu.
Hava tutqun idi. Çöllər çoxdan bozarmışdı. Dəmyələrdəki kövşənlərə od aurulduğundan, düzənlər, təpələr ala-tala olmuşdu. Elə bil əkin yerlərinə əyrim-üyrüm qara zolaqlar çəkmişdilər. Meşə də bomboz idi. Qovaq ağacları saralmış yarpaqlarını tökmüşdü. Sahildəki cələ də çılpaqlaşmışdı. Kür isə yenə əvvəlki kimi burula-burula axır, aşağılarda şaxələnib vadisini genişləndirirdi.
Cahandar ağa atı xeyli çapdıqdan sonra cilovu çəkdi, qutusunu çıxardıb papiros eşdi. Yandırdı. Sümürməyə başladı. Kişinin sinəsi körük kimi qabarıb boşaldı. Burun pərələrindən fısqırıb çıxan bozumtul tüstü layları onun sifətini görünməz etdi. Bu boz-bulanıq tüstü dumanı arasında közərən papirosun işıltısı getdikcə gücləndi. Cahandar ağa papirosu sümürdükcə az qalırdı ki, müştüyü tənbəki qarışıq çeynəyib udsun. Onun əlləri titrəyirdi. Elə bil sinəsini basıb sıxırdılar, nəfəsi darıxırdı. "Səhər-səhər bu toyuq niyə banladı? Yola çıxdığım yerdə bu nəhs əlamət nəydi? Yoxsa evimizin başında bir qaranlıq var? Axı deyirlər toyuq banlayanda bədbəxtlik üz verir? Görəsən indi nə olacaq? Yoxsa mənim özümün başına bir iş gələcək?" Cahandar ağa titrəyən müştüyə baxdı. Hiss etdi ki, əlləri də əsir. "Mənə nə olub? Yoxsa canımdan qorxuram? Atalar deməyibmi ki, bir ovuc qanından qorxan namərddir? Bəs niyə ürəyim döyünür?"
Bu gün hər şey həll olunmalı idi. Özü də təkbətək, qabaq-qabağa. Cahandar ağa onu çox axtarmışdı. Neçə dəfə kəndə gizlicə adam yollayıb, Allahyarın yerini öyrənmək istəmişdi. O isə yağlı çörəyə dönüb yoxa çıxmışdı. Şəhərə qaçıb gizlənmişdi. Cahandar ağa and içmişdi ki, düşmənindən intiqam almayınca camaat içinə çıxmayacaq. Beləliklə düz iki ay gözləmişdi. Evdəkilərin üzünə baxmamış, ağzı üstə döşənib yatmışdı. Dünən isə ona xəbər vermişdilər ki, Allahyar gəlib. Cahandar ağa bir gün də gözləyib onu arxayın saldıqdan sonra yola düşməyi qərara almışdı. O özü ilə heç kəsi götürməmişdi. Fikri təkbaşına, mərd-mərdanə döyüşmək idi. Onu bircə şey qorxudurdu: düşmənindən əvvəl ölmək!
Cahandar ağa papirosu dalbadal sümürüb atdı. Kəhəri mahmızladı. At yerişini artırıb cələni ortadan iki bölən cığırla irəlilədi. Yarğanların dibi ilə xeyli getdi. Cahandar ağa özünü sakitləşdirmək üçün papirosu papirosun oduna yandırdı. At döngələri burulub dikdirə çıxdı. Uca yarğanın qaşında fınxırıb dayandı. Kişi fikirdən ayrılıb gözünü Kürə zillədi. Su boz-bulanıq idi. Sahil boyu mal-qara otlayırdı. Bir azbəridə atlar gəmirişirdi. Bir dəstə qız cığırla suya enirdi.
Kişi gözünü axar suya zillədi. Mələyi götürüb qaçdığı yerin bərabərində bir gəlin dizə qədər suya girmişdi. O da eynilə Mələk kimi donunu bürmələyib paçasının arasına yığmışdı. Deyəsən, soyuq suyun təmasından ləzzət alırdı. Dönə-dönə ovuclayıb üzünə çırpırdı. Cahandar ağa bir anlığa hər şeyi unutdu. Ona elə gəldi ki, aradan aylar keçməyib, illər dolanmayıb: suda yuyunan elə Mələkdir. O bu saat atı çapıb irəli cumacaq, gəlinin biləyindən yapışıb yəhərin qucağına alacaq və birbaş Kürü yarıb o tərəfə keçəcəkdir.
Kişi yaxasını açıb sinəsi dolusu nəfəs aldı. Gözünü Kürün şaxələnmiş qollarına zillədi. Elə bil su yorğunlaşmışdı. Həmişəki kimi qıjıldayıb kükrəmir, sahilə çırpıb yarğanları oymur, əksinə, qayalara toxunan kimi ağır-ağır geri çəkilirdi. Meşə də yuxulu kimi idi. Hər şey süstləşmişdi. Cahandar ağanın qəlbində bircə an bundan əvvəl baş qaldıran gənclik coşğunluğu yox oldu. Suda üzünü yuyan gəlin də, sahildə mal otaranlar da, Mələk də yadından çıxdı. Ürəyində bir ağırlıq, beynində yorğunluq hiss etdi. Hər şeyi unudaraq Kürün sakit qıjıltısına qulaq asdı. Kimsə bu qıjıltıya həmahəng şəkildə astadan, ancaq yanıqlı-yanıqlı oxuyurdu:
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbtim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
At sahibinin yüyəni boşaltdığını hiss edib cığırla sahilə endi. Cilovu dartıb suya girdi. Cahandar ağa ona mane olmadı. Doyunca, şorultu ilə su içməsinə imkan verdi. Özüdə yenidən papiros eşib yandırdı. Yenə mahnıya qulaq asdı:
Belə zaman hara, qoç igid hara
Mərdləri çəkirlər namərdlər dara.
Baş əyir laçınlar, tərlanlar sara,
Mənmi qocalmışam, ya zəmanəmi?
Onun iri, həbəşi dodaqlarında təəssüf qarışıq bir mə'yusluq duyulurdu. Kişi uşaq kimi dərindən köks ötürdü. Mahnının sözlərini astaca təkrar etdi: "Mənmi qocalmışam, ya zəmanəmi?"
Sahildə ayaq tappıltıları eşidildi. Bayaq gəmirişən atlar bir-birini qovub Kürə tökülüşdü. Cahandar ağanın da atı başını qaldırıb bərkdən kişnədi və yüyəni çeynədi. Kişi elə bil yuxudan ayıldı. Papirosu sümürüb bir-iki nəfəsə qurtardı və cilovu dartıb sudan çıxdı. Kəhərin başını qanırıb qarşıdakı kəndə doğru çapdı... Cahandar ağanın özünə acığı tutdu. Axır vaxtlar tez-tez zəiflik etdiyinə görə ürəyində özünü danladı. Elə bil birdən-birə onu dəyişdilər. At kəndin arasına girəndə o, başlığını bir az da möhkəm doladı. Tüfəngi yəhərin qaşından götürdü. Çaxmağı hərləyib gülləni lüləyə verdi. Barmağını tətikdən çəkmədi. At əyri kənd yollarını buruldu, döngələrdən keçdi. Ətrafı çəpərli iri bir darvazaya çatanda Cahandar ağa cilovu birdən-birə dartdı. At yerində fırlanıb dayandı. Cahandar ağa darvazanın arasından həyətə baxdı. Cod, bir qədər də heybətli səslə dilləndi:
- Ay ev yiyəsi?!
İtlər hürüşdü. Cahandar ağa barmağı tətikdə, gözünü qapıya zillədi. əhhəlcə nökərlər, sonra da Allahyar özü həyətə çıxdı. Elə bil Cahandar ağanın içərisində bir şey şişib partladı. Onun beynini, sinəsini daxildən sıxdılar. Ürəyi az qaldı köksünü partladıb çıxsın, daxili gərginlikdən qulaqları ağrıdı. Cahandar ağa fərqinə varmadan tüfəngi dərhal üzünə qaldırdı. Allahyar səksəkəli halda darvazaya yaxınlaşdı:
- Kimsən?
Cahandar ağa onun yaraqsız olduğunu və heç nədən şübhələnmədiyini görüb tüfəngi aşağı saldı:
- Kişi kişinin qabağına belə çıxmaz. Get atını yəhərlə, tüfəngini götür.
Bu sakitcə, güclə seziləcək dərəcədə titrəyişli və amiranə səs Allahyarı diksindirdi. O indiyə qədər göydə axtardığı adamın öz ayağı ilə qapıya gəldiyinə sevindi və hər şeyi unudaraq irəli atılmaq istədi. Ancaq əli boş olduğunu görüb ürəyində özünü danladı. Hirsindən dişini-dişinə sıxıb dayandı. Onun bu halı Cahandar ağanın gözündən qaçmadı:
- Tez ol!
Allahyar tərəddüd içində dayandı. Cahandar ağa hiss etdi ki, düşmən qorxur, geri dönməyə, ona arxasını çevirməyə cür'əti çatmır. Cahandar ağa çaxmağı hərlədi. Tüfəngin dabanını açıb xəznədəki güllələri boşaltdı və Allahyarın ayağının altına atdı.
- Qorxma, arxadan vurmaram.
Allahyar addım-addım geri çəkildi. Bayaqdan söhbətə qulaq asan nökərlərdən biri atı tövlədən çıxartdı. Allahyar evə girdi. Bir göz qırpımında evdən güllə kimi çıxıb atın belinə atıldı. Tüfəngi hərləməyi ilə tətiyi çəkməsi bir oldu. Darvazanın taxtası deşildi. Qəzəbdənmi, yoxsa qorxudanmı, nədənsə var səsi ilə bağıraraq, atı darvazaya doğru çapdı.
Cahandar ağa çiyninin göynəməyinə fikir vermədi. Atı çəpərin üstüdən sıçradıb həyətə düşdü. Qolu ağrısa da, birtəhər nişan aldı, düşmənindən qabaq tətiyi çəkdi. Allahyarın tüfənginin qundağı parçalandı. At təntiyib kişnədi. Cahandar ağa bir göz qırpımınja onun üstünü aldı. Xəncəri siyirməsinə macal vermədi. Barıt tüstüsü, qorxunc, heybətli səslər və it zingiltisi bir-birinə qarışdı: Cahandar ağa qoca bir qarının dizinə döydüyünü və həyətin ortasında vurnuxub ağladığını gördü. Əl saxladı. Onun boğuq səsi yenidən eşidildi:
- Arvad-uşağı qorxutma, həyətdən çıx.
Atlar baş-başa dayandılar. Sahibləri kimi nəfəsləri bir-birini vurdu. Birdən Allahyarın xəncəri göydə parıldadı. Cahandar ağa bir az gec tərpənsəydi, çiyni üzüləcəkdi. Ancaq o, Allahyarın biləyini havada tutub qanırdı. Atlar bir xeyli dövrə vurdular. Cahandar ağa var gücü ilə ayağını üzəngiyə basıb Allahyarı yəhərdən araladı və yerə saldı. Özü də atılıb düşdü. Allahyar səndirlədi, sonra özünü tarazlayıb durdu. Dalı-dalı çəkilib darvazaya yaxınlaşdı. Cahandar ağa ağrıdan bir çiyni üstə əyilərək irəlilədi və onu darvazaya sıxışdırdı. Allahyar tərpənə bilmədi. Kürəyini qapıya söykəyib dayandı. Gzlər bir-birinə sancıldı. Bir neçə saniyə beləcə dayandılar. Ancaq Cahandar ağaya elə gəldi ki, aradan illər keçdi. Üzünə zillənmiş gözlərdə qəzəb, nifrət qarışıq bir məzlumluq vardı. Allahyar elə bil onu məzəmmətləyirdi. Lakin bu hal çox çəkmədi. Şimşək kimi çaxıb keçdi və Allahyar sıçrayıb irəli atıldı. Cahandar ağa tətiyi çəkdi.
Allahyar qıvrıldı. Özünü tarazlayıb qamətini düzəltdi. Hədəqədən çıxmağa başlayan gözlərini Cahandar ağanın üzünə zilləyib irəli yeridi. Cahandar ağa tətiyi bir də çəkdi. Allahyar yıxılmadı. Addımladı. Kişi geri çəkildi. Üstünə gələn adamın zəhmi onu basdı. Bədəni çim tərə batdı. Çaxmağı bir də hərlədi. Ancaq gülləni lüləyə verə bilmədi. Allahyarın sinəsi tüfəngə dirəndi. Bir xeyli beləcə üz-üzə dayandılar. Cahandar ağa gördü ki, onun gözləri tərpənmir. Kirpikləri oynamır. Bəbəkləri şüşə kimi soyuq və cansızdır. Ayaq üstə dursa da, çoxdan ölmüşdür. Cahandar ağa ömründə ilk dəfə vahimələnib geri çəkildi. Allahyarın cəsədi kökündən kəsilmiş ağac kimi gurultu ilə yerə sərildi.
7
Aleksey Osipoviç çayını təzələyib yenidən dəftərləri vərəqlədi. Əlinə Osmanın yazısı keçdi. Sərlövhəni oxuyan kimi ciddiləşdi. Çaydan bir-iki qurtum içib, stəkanı nəlbəkiyə qoydu. Qələmi qırmızı mürəkkəbə batırdı. İnşa yazısını təkrarən, diqqətlə oxumağa başladı. "Mənim anadan olduğum Göytəpə kəndi Kürün sahilində yerləşmişdir. Ətrafı uca təpəliklərlə əhatə olunmuşdur. Bizim əkin sahələrinin bir ucu erməni kəndlərinə qədər uzanıb gedir. Qərb tərəfimiz isə Gürcüstan torpağı ilə həmsərhəddir. Kürün hirsli ləpələri az qalır ki, evlərin divarını yalasın. Sol sahildə böyük bir meşə var. Bu meşə Kürün yaxası boyu uzanıb üfüqlərə qədər gedir. Burada hər nə desən tapmaq mümkündür. Kənd uşaqları çox vaxt üz-üzə Kürü adlayıb meşəyə keçir, almadan, armuddan dərir, tut yeyir, ciblərini alça ilə doldurub geri qayıdırlar. Bizim meşədə yüzillik palıd, fıstıq və qarağaca da rast gəlmək mümkündür. Buranın hələ ayaq dəyib iz düşməmiş qalan yerləri var. Hər axşam-səhər talalarda qırqovul qaqqıldayır, meşə xoruzları banlaşır. Bura səfalı və zəngin ov yeridir. Qışda qazın, ördəyin, yayda, payızda isə turacın əlindən tərpənmək olmur. Qabanlar sürü ilə gəzir, boz ayılara, canavara, çaqqala, tülküyə hər addımbaşı rast gəlmək mümkündür. Kürə su içməyə gələn marallara tamaşa etməkdən adam doymur. Vəhşi heyvanlar və quşlarla zəngin olan bu meşənin içində gözəl çəmənliklər, yamyaşıl talalar var. Bizim göytəpəlilər sentyabr ayından ta martın axırına qədər burada, binədə olurlar. Bu meşənin camaata çox xeyri dəyir. Ancaq indi buranı qoruq ediblər. Atlı kazaklar gecə-gündüz keşik çəkir, heç kəsi yaxına buraxmırlar. Deyilənə görə, buranı Qafqaz valisi böyük knyazdan ötəri saxlayır. Kim o tərəflərə hərlənsə güllə ilə vururlar. Məgər bu düzdürmü? Kür yanımızdan axsa da, sulu yerimiz yoxdur. Camaat dəmyələrdə taxıl əkir. Bizim qolumuzdan tutan meşə idi, onu da əlimizdən aldılar. Bir parça torpağın həsrətini çəkib qarın dolusu çörək axtaranların halına heç kəs qalmır. Görəsən bu niyə belədir? Axı, deyirlər insanlar bərabərdir. Əgər belədirsə, hamı təbiətin övladıdırsa, nə üçün biri kasıb, o biri varlıdır?"
Aleksey Osipoviç son sətirləri bir də oxudu. Qırmızı mürəkkəblə altından xətt çəkdi. Yavaşca ayağa durub otaqda gəzindi. O, yazı işinə nə qiymət verəcəyindən çox, Osmanın ağlını bu cür fikirlərin haradan gəlməsini bilməyə çalışırdı. Axı, müəllimlərdən heç kəs onlara Fransa maarifçilərindən danışmırdı. Bəs o, Russonun fikirlərini kimdən öyrənmişdi?
Aleksey Osipoviç pəncərənin qabağında dayandı. Seminariyanın həyətinə, sonra müsəlman şö'bəsinin yataqxanasına baxdı. İşıqlar sönmüşdü. Ətraf sükuta qərq olmuşdu. Yalnız yataqxana otaqlarının birində, pəncərənin önündə zəif işıq titrəyirdi. Aleksey Osipoviç dönüb çarpayıda yatan arvadına baxdı. Onu yuxudan oyatmamaq üçün ehmalca, barmaqlarının ucunda dəhlizə çıxdı. Paltarını geyinib həyətə düşdü. Asta addımlarla yataqxanaya getdi. "Yoxsa intizam pozulmuşdur. Uşaqlar dərsdən sonra başqa yerlərə gedirlər? Gecələr yataqxanada da olmurlar? Bəlkə onları oxumaqdan ayırıb başqa işlərə cəlb edənlər var?"
Aleksey Osipoviç yataqxananın qapısını açıb sakitcə içəri girdi. Dəhlizdə, pəncərənin qabağında oturub çırağın solğun işığında kitab oxuyan növbətçi tələbəyə yaxınlaşdı. Aleksey Osipoviç onun çiyninin üstündən kitaba baxdı:
- Hamı yataqxanadadırmı?
Növbətçi dik atıldı. Hələ də kitabın tə'sirindən ayrıla bilmədiyinə görə müəllimin sualına ləng cavab verdi:
- Bəli, cənab inspektor, hamı yatır.
- Gecikən olmamışdı ki?
- Dərnəyə gedənlərdən başqa hamı vaxtında gəlib.
- Nə dərnək?
- Vətənşünaslıq dərnəyi.
Aleksey Osipoviç susdu. O belə bir dərnəyin olduğunu bilirdi, ancaq onların gecə də bir yerə toplaşdıqlarından xəbərsiz idi. Növbətçiyə oturmasını işarə etdikdən sonra içəri keçdi. Uşaqlar şirin-şirin yatırdılar. Pəncərədən süzülüb düşən solğun işıq onların çarpayısının üstündə oynayırdı.
Aleksey Osipoviç ayaq saxladı. Bir xeyli tələbələrin mışıltısına qulaq asdı. Onlar paltarlarını səliqə ilə qatlayıb dolabçaların üstünə qoymuşdular. Bə'zilərinin başının altında kitab var idi. Küncdə çarpayı cırıldadı. Uşaqlardan biri sayıqlamağa başladı. Aleksey Osipoviç ona yaxınlaşdı. Sürüşüb yerə düşmüş yorğanı qaldırıb uşağın çiynini örtdü. Pəncərənin bir tayını açıb havanı dəyişdi. Bir xeyli otağın ortasında dayanıb yuxuda belə gülümsünən tələbələrinə baxdı. Hamının yatdığını və öz yerində olduğunu yəqin etdikdən sonra səs salmadan, ayaqlarının ucunda çıxıb getmək istədi. Qapının ağzına yaxınlaşarkən gözü Əşrəfin çarpayısına sataşdı. O, arxası üstə uzanmışdı. Qolunun biri sallanıb yerə düşmüşdü. Aleksey Osipoviç Əşrəfin qolunu ehmalca qaldırıb yorğanın altına qoydu. Başının altındakı yastığı düzəltdi. Qanrılıb getmək istədiyi vaxt ayağının altında bir şey qaldığını hiss edib dayandı. Yerə düşmüş kitabı götürdü və pəncərənin qabağına atmaq istədi. Ancaq saralmış vərəqlər onun diqqətini cəlb etdi. Bir xeyli əlində hərlədikdən sonra işığa yaxınlaşdı. Əzilmiş cildin üstündəki yazıları oxudu. Heybətlə qaşlarını çatıb sözləri ürəyində təkrar etdi: "Radişşev, Peterburqdan Moskvaya səyahət". O, yerindən tərpənə bilmədi. Elə bu vəziyyətdə, kitab əlində, gözlərini Əşrəfin üzünə zilləyib dayandı. Əvvəlcə onu oyatmaq, bu kitabı hardan aldığını soruşmaq istədi, amma fikrindən daşındı. Keçirdiyi həyəcanı növbətçiyə sezdirməmək üçün jiletinin cibindən zəncirli saatını çıxardıb baxdı və astaca addımlarla dəhlizə yaxınlaşdı. Astanada şlyapasını geyib bayıra çıxdı.
Göyün üzü tərtəmiz idi. Ay şəhərin ortasındakı uca təpənin zirvəsində aydınca görünən qədim Qori qalasının daş qüllələri üzərinə əyilmişdi. Onun solğun işığı qalanın ətrafındakı çınqıllıqların, bə'zi yerləri uçub tökülən daş hasarın üzərinə çilənmişdi. Qalanın iri və qalın kölgəsi sürünüb yaxındakı evlərin üstünə sərilmişdi. Aleksey Osipoviç yatmış şəhərin boş küçəsi ilə hara getdiyini özü də bilmədən, fikirli-fikirli irəlilədi. Daş səkilərdə, torpaq yollarda gediş-gəliş azalmışdı. Bu sükutu onun ayaq səslərindən başqa heç nə pozmurdu. "Demək, bu cür qadağan olmuş kitablar bizim seminariyaya da gəlib çıxmışdır. Onu mənim rəhbərlik etdiyim müsəlman şö'bəsinin tələbələri də oxuyurlar. Kim isə onlara dekabristlərdən danışır, onların nə üçün ölümə getdiklərini izah edir. Hətta fransız maarifçilərindən belə mənim tələbələrimin xəbəri var. Belə olmasaydı, Osman öz inşa işində o cür suallar ortaya atmazdı. "Hamı bərabərlir, hamı təbiətin övladıdır". Doğrudan da belə deyilmi? Bəs nə üçün biri kasıb, o biri varlıdır? Məgər mən özüm bunları düşünmürəmmi? Yoxsul kəndli balalarının vəziyyəti mənə mə'lum deyilmi? Özüm "Qafqaz" qəzetində dəfələrlə çıxış edib kəndli uşaqları üçün pulsuz təhsilə imkan yaradılması fikrini ortaya atmamışammı? Pulsuz məktəb açılmasını və uşaqların tədris ləvazimatı ilə təchiz edilməsini lazım bilməmişəmmi? Bəs Osmanın yazısı, Əşrəfin Radişşevi oxuması məni nə üçün bu qədər həyəcanlandırır? Məgər bizim tərbiyə etdiyimiz uşaqların açıq fikirli olması pisdirmi? Məgər biz onları öz milləti və vətəni üçün yararlı adamlar kimi böyütmək istəmirikmi?"
Aleksey Osipoviç döngəni buruldu. Qarşı tərəfdən əsən sərin meh onun üzünə vurdu. Gözünü qıyıb şəhərin kənarındakı çəmənliyə baxdı. Kürün suyu bu yaşıl düzənliyin ortası ilə qıvrıla-qıvrıla axırdı. Ay işığında onun qırçınlı səthi parıldayırdı. Aleksey Osipoviç köksü dolusu nəfəs aldı və lap aşağılarda, baş-başa verib bir-birinin üstünə kölgə salan dağların arasında yox olan sulara baxdı.
Qonşu səkidən ayaq səsləri eşidildi. Aleksey Osipoviç evlərin kölgəsi ilə irəliləyən adamı yerişindən tanıdı. Gələn Kipiani idi. O, şlyapasını alnının üstündən geri itələmişdi. Köynəyinin yaxası ağarırdı. Aleksey Osipoviç onu gözlədi. Kipiani isə fikirli olduğundan onu görmədi. Yanından ötüb keçmək istədi. Aleksey Osipoviç azacıq irəli keçib onu saxladı:
- Axşamınız xeyir, cənab Kipiani, gecə vaxtı hardan gəlirsiniz?
O diksindi. Səksəkəli halda başını qaldırıb qarşısında dayanan adamın üzünə baxdı və Aleksey Osipoviçi tanıdıqdan sonra gülümsündü:
- Axşamınız xeyir, Aleksey Osipoviç, dostlarımın yanına getmişdim. Bəs siz haradan gəlirsiniz?
- Yataqxanadan. Uşaqlara baş çəkirdim.
- Necədirlər, yaxşıdırlarmı?
- Yatışırlar.
- Deyəsən, Sizin də mənim kimi yuxunuz qaçıb.
Onlar yanaşı addımladılar. Kipianinin əsasının taqqıltısı ayq səslərindən seçilir və boş küçədə daha bərkdən eşidilirdi.
- Yəqin gələn il şö'bəniz daha da böyüyəcəkdir.
- Bəli, əlavə bir neçə sinif açmalı olacağıq.
- Böyük işdir, Aleksey Osipoviç, Qori müəllimlər seminariyası bizim Qafqaz xalqlarına çox kömək edəcəkdir.
- Bizim də məqsədimiz qafqazlılara kömək etmək, onlardan milli ziyalılar yetişdirməkdir. Elmli adamlar çox olsa, maarif inkişaf etsə, cəmiyyətdəki ədalətsizlik və haqsızlıqlar da yox olar.
- Siz buna əminsinizmi?
- Bəli. Bəs Siz şübhə edirsiniz?
Kipiani dayandı. Cibindən papiros çıxartdı. Külək kibriti söndürməsin deyə, pencəyinin yaxasını azacıq qaldırıb boynunu qısdı. Papirosunu alışdırdı. Aleksey Osipoviç onun sıx qara saqqalına baxdı. Kipianinin gicgahlarındakı ağ tüklər aydınca göründü. O, papirosu hərisliklə sümürüb bir-iki dəfə dərindən nəfəs aldıqdan sonra müsahibinin sualına cavab verdi:
- Bu, məsələnin yalnız bir tərəfidir. Elm və maariflə hər şeyi həll etmək mümkün deyil. Nə isə daha ciddi bir iş görmək lazımdır.
- Daha ciddi iş deyərkən nəyi nəzərdə tutursunuz?
Kipiani söhbətin gözlənilmədən daha kəskin şəkil aldığını hiss edib dayandı. Mövzunu dəyişdirmək məqsədi ilə gülümsünərək çiynini çəkdi:
- Düzü, bunu heç özüm də aydın təsəvvür edə bilmirəm. Ancaq onu hiss edirəm ki, həyat belə qala bilməz.
- Əlbəttə, qala bilməz. İndi yeni bir dövr başlayır. Elm, maarif inkişaf edir. Bu, insanların şüurunu da dəyişdirəcəkdir. Zənnimcə, bizim tarixi borcumuz da buna xidmət etməkdən ibarətdir.
- Siz haqlısınız, Aleksey Osipoviç, camaatın gözünü açmaq lazımdır. Məktəb və maarif geniş yayılmasa, bu mümkün deyil.
Aleksey Osipoviç hiss etdi ki, Kipiani başladığı mövzunu qəsdən davam etdirmədi. Öz fikrini axıra qədər söyləmədi. Düşündüklərini açıq-aşkar deməkdən çəkindi. Aleksey Osipoviç Semyonova göndərilən məktubu, Kipianinin hərəkətlərinin nəzarət altında olduğunu xatırladı. Xalqçılara qoşulduğuna görə sürgünə göndərilən bu adamın indi də öz əqidəsindən dönmədiyi ona yəqin oldu. Bu ucaboy, arıq adam onun nəzərində daha da böyüdü. Lakin Aleksey Osipoviç onun fikirləri ilə razılaşmırdı. Onun zənnincə, cəmiyyəti yalnız maarifin köməyi ilə islah etmək mümkün idi. Başqa bir yolun olmasına, bunun insanlara xeyir verməsinə Aleksey Osipoviç inanmırdı. Ona görə də Kipiani kimilərinin halına acıyırdı. Bundan başqa, onların öz ideyalarını gənclərə aşılamasına yol vermək istəmirdi.
- Siz dekabristləri xatırlayırsınızmı?
Kipiani bu gözlənilməz sualdan diksindi:
- Necə məgər?
- Onların taleyini unutmamısınız ki?
- Məgər azadlıq qurbanlarını unutmaq olarmı?
- Siz bu cür qurbanlar verilməsini qanunauyğunmu hesab edirsiniz?
- Siz nə üçün mənə bu cür sualar verirsiniz, Aleksey Osipoviç?
- Gələcək taleyinizlə maraqlandığıma görə.
- Məgər mən təhlükəli bir iş görürəm?
- Bəli, həm özünüzü, həm də məktəbi pis vəziyyətə salırsınız. Tələbələrə də lazım olmayan fikirlər aşılayırsınız.
- Sizə...
- Mənə inanın. Sizin yenidən sürgünə göndərilməyinizi istəmirəm.
- Axı, buna əsas yoxdur. Mən qanundan kənar heç bir iş görmürəm.
- Ancaq aramızda olan danosbazlar yuxarılara yazmağa söz tapırlar.
Onlar küçənin döngəsinə qədər susdular. Şəhərin işıqları tamam sönmüşdü. Daxmaların sakinləri yorğun olduqlarından və ala-torandan işə gedəcəklərindən axşamdan qapılarını bağlayıb yatmışdılar. Ətraf sakit idi. Kürün qıjıltısından və sahildəki uca çinarların yarpaq xışıltısından başqa bu sükutu heç nə pozmurdu. Ay lap aşağı enmişdi. Aleksey Osipoviçlə Kipianinin kölgəsi uzanıb alçaq daxmaların üstünə sərilir, bə'zən divarların dibi ilə sürünür, bə'zən də küçənin ortası ilə irəliləyirdi.
Aleksey Osipoviç tində ayaq saxladı. Yataqxanadan götürdüyü kitabı Kipianiyə uzatdı. O, bir xeyli gözünü Aleksey Osipoviçin üzünə zilləyib tərəddüd içində dayandı. Kitabı tanısa da, götürmjk istəmədi.
- Alın, ancaq ehtiyatlı olun.
Aleksey Osipoviç ondan aralandı. Kipiani onun addım səsləri kəsilənə qədər yerindən tərpənmədi.8
Əşrəf yuxudan ayılan kimi əlini sinəsinin üstünə apardı. Kitabı tapmadıqda yorğanı atıb yerindən sıçradı. Yastığını qaldırdı, döşəyin altını yoxladı, gözünə heç nə dəymədi. Rəngi kağız kimi ağardı. Çarpayının dörd yanına fırlandı, əyilib aşağı baxdı, pəncərənin qabağını axtardı. "Bu necə ola bilər?" - deyə düşündü. Yoldaşlarını oyatmaq, onlardan bir-biri kitab görüb-görmədiklərini soruşmaq istədi. Ancaq ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar ki, heç kəsə göstərməsin.
Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı səhifələrini oxuyurdum. Görünür, yuxu məni aparıb, haçan yatdığımdan xəbərim olmayıb - deyə öz-özünə düşündü. - Kitab əlimdən düşsə yerin içində olardı, ya da çarpayının ətrafında. Bəs bu necə oldu? Yoxsa uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?"
Əşrəf dostunun yanına qaçmaq və itirdiyi kitabı ondan soruşmaq istədi. Elə bu vaxt Firidun uşaqları səhər yuxusundan oyatdı. Tələbələr hay-küylə ayağa qalxdılar. Tələsik çarpayıları sahmana saldılar, dəsmal götürüb üzlərini yumağa qaçdılar. Əşrəf Firiduna yaxınlaşa bilmədi. Uşaqları duyuq salmamaq üçün o da dəsmalını götürüb bayıra çıxdı. Yoldaşlarının zarafatına könülsüz cavab verdi. Qəsdən ləngiyib onların yataqxanadan getmələrini gözlədi. Əşrəf tələbələr məktəbə yola düşəndən sonra hər yeri bir də nəzərdən keçirmək fikrində idi.
Uşaqlar pətəyindən hürküdülmüş arı kimi xeyli çaxnaşdıqdan sonra yataqxanadan uzaqlaşdılar. Əşrəf çarpayıların altını, dolabçaların üstünü təzədən axtardı. Heç yerdə heç nə gözünə dəymədi. Kitabın qəsdən götürüldüyünü yəqin etdi. Qollarını sallayıb dayandı. Elə bu vaxt kimsə onun qulağının dibində nəfəs aldı. Əşrəf geri döndü. Firidun dəsmalla üzünü qurulayırdı:
- Gecə Aleksey Osipoviç gəlmişdi. Bir kitab apardı, deyəsən sənin idi.
Əşrəf yavaşca çarpayının üstündə oturdu. Firidun onun halının birdən-birə dəyişməsinə təəccübləndi:
- Sənə nə oldu, rəngin-ruhun niyə qaçdı?
- Kişini xataya saldım.
- Hansı kişini?
- Kipianini. Kitabı o mənə vermişdi. Yəqin məsələ direktora çatacaq. Mən cəhənnəm, onu işdən çıxardacaqlar. Bəlkə də başına oyun açacaqlar. - Əşrəfin səsi titrədi. Gözlərini Firiduna zillədi. - Ağlın nə kəsir, Aleksey Osipoviç mərdimazarlıq eləyərmi?
- İnanmıram.
- Mən bu saat onun yanına gedəcəm, üzr istəyəcəm, yalvarıb kitabı geri alacağam. Belə yaxşı deyilmi, ay Firidun, məndən ötəri o kişinin başı niyə ağrısın?
Firidun Əşrəfin qolundan tutub qaldırdı:
- Tez ol, üst-başını düzəlt. Səhər ibadətinə geciksən, daha da pis olar. Sabah məsləhətləşərik.
Onlar yataqxanadan uzaqlaşdılar.
Tələbələr seminariyanın həyətinə toplaşmışdılar. Onlar adətləri üzrə səhər ibadətindən əvvəl dərslərini təkrar edirdilər. Kimi kitabı əlində tutub əzbər şe'r deyən yoldaşını yoxlayır, kimi sual-cavab edir, kimi bir tərəfə çəkilib narın torpağın üstündə misal həll edirdi. Həyəti ümumi bir uğultu bürümüşdü. Əşrəfgil gələndə xristian şö'bəsinin uşaqlarından biri eyvana çıxıb ucadan şe'r deyirdi. Əşrəf bu qara qıvrımsaçlı gürcü balasını tanısa da ona yaxınlaşmadı. Öz şe'rlərini oxuyan dostuna qulaq asmağa indi onda həvəs yox idi. Əşrəfə elə gəlirdi ki, hamı onun gizli kitab oxuduğunu bilir, bu saat uşaqlar, verilən əmanəti yaxşı saxlaya bilmədiyinə görə onu danlayacaqlar. Ona deyəcəklər ki, bizim seminariyanın ən sevimli müəllimlərindən birini niyə xataya saldın? Sən bilmirsənmi ki, onun dalınca düşənlər var? onu gözdən qoymurlar, hər yerdə izləyir, hər sözünə diqqət yetirirlər. Bəlkə elə sən qəsdən o kitabı vermisən ki, Kipianini işdən qovub tutsunlar? O kişi sənə e'tibar edib, sənsə belə. Əşrəf darıxdı. Elə bil hava çatmadı. Yaxasını açıb ətrafına boylandı. Ona elə gəldi ki, Kipiani buralardadır. Hardasa dayanıb ona baxır. Başını bulayıb onu məzəmmətləyir: "Məni niyə ələ verdin, mən səni kişi bilirdim", - deyir. Əşrəfin bədənini soyuq tər basdı. "Mən onun üzünə necə baxacam, gözünə necə görünəcəm? - deyə düşündü. - Görək ona heç nə bildirməyəm. Bu gün, dərsdən qabaq kitabı Aleksey Osipoviçdən geri istəyəm. Bəlkə vermədi? Bəs onda nə olsun?"
Məktəbin həyətindəki uğultu getdikcə gücləndi və Əşrəfə elə gəldi ki, onun başı ağırlaşdı, qulaqları tutuldu, hətta gözləri də torlandı, heç nə fikirləşə bilmədi. Keyimiş kimi həyətin ortasında dayandı.
Uşaqlardan biri "diqqət!" deyə qışqırdı. Bu xəbərdarlığı eşidən kimi hamı səsini kəsdi və gözünü yola zillədi. Ortaya çökən sükut Əşrəfi özünə gətirdi. O da cığıra baxdı və hələ uzaqdan gələn Kipianini dərhal tanıdı. Uşaqlar onun qabağına yüyürdülər. Əşrəf bir anlığa hər şeyi unudub yoldaşlarına qoşulmaq istədi. Lakin bir-iki addım atdıqdan sonra ayaq saxladı. Onun gözünə görünməmək üçün daldalanmağa yer axtardı.
Tələbələr zəncir kimi qatarlaşıb Kipiani ilə salamlaşmağa hazırlaşdılar. Onun qəribə xasiyyəti var idi. Salamlaşanda mütləq şlyapasını çıxardırdı. Uşaqlarınsa bundan xoşu gəlirdi. Ona görə də yolun kənarında qatarlaşıb dayanar, Kipiani birinci uşağın verdiyi salamı alıb şlyapasını geyməmiş ikincisi, üçüncüsü salam verərdi. O da təkrar-təkrar şlyapasını çıxartmağa məcbur olardı. İndi də elə etdilər. Ancaq Kipiani bu dəfə uşaqların qatarlaşıb onu gözlədiklərini başa düşdü və hələ uzaqdan şlyapasını çıxardıb qolunun üstünə aldı. Salamlara ancaq yüngülcə tə'zimlə cavab verdi. Lap axıra çatandan sonra gülümsünüb şlyapasını geydi və bununla da "ay kələkbazlar, daha məni aldada bilməzsiniz, bundan sonra şlyapamı bircə dəfə çıxardacağam" demək istədi. Tələbələrlə müəllimin arasında baş verən bu üstüörtülü zarafat hamının əhval-ruhiyyəsini düzəltdi. Uşaqlar bir də ona görə sevindilər ki, bu gün Kipiani gəlmişdi. Əgər o, növbətçi müəllim olsaydı, nahardan sonra şəhərin kənarına, Kürün sahilinə gəzməyə getmək arzusu baş tutacaqdı. Kipiani məktəb həyətinin ortasına çatan kimi tələbələr onu əhatə etdilər. Kim isə gülə-gülə:
- Nə yaxşı oldu, - dedi.
- Yaxşı olan nədir?
- Sizin növbətçi olmanız.
- Yox, səhv edirsiniz. Bu gün mən nöıbətçi deyiləm.
- Bəs kimdir?
- Bu saat bilərsiniz.
Birdən o, sözünə ara verdi. Kənardaca, Firidunun yanında dayanan Əşrəfi yanına çağırdı. Əşrəf qızardı, sonra rəngi avazımağa başladı. Firidun gördü ki, dostu ayağını güclə sürüyür. O da həyəcanlandı. Müəllimin bu saat Əşrəfi bir yana çəkəcəyini, onu möhkəm danlayacağını, bəlkə də bir-iki acı söz deyəcəyini gözlədi. Əşrəf başını yuxarı qaldırmadı. Kipianinin qarşısında ayaq üstündə güclə dayandı.
- Niyə qaşqabaqlısan?
O, çiynini çəkib susdu. Kipiani tələbəsinin çənəsinin altından tutub yuxarı qaldırdı. Əşrəf yalnız indi onun sifətinə baza bildi. Zəhmli, qəzəbli baxış əvəzinə gülümsər gözləri gördükdə bir azacıq sakitləşdi. Onun əlindən yapışıb üzr istəmək və "müəllim, məni danlamayın, özüm gedib kitabı geri alacağam. Ölsəm də Sizin adınızı vermərəm" - demək istədi.
Məktəbin zəngi aram-aram danqıldadı. Uşaqlar tərpənənə qədər Boris Mixayloviç Petrovun cır səsi eşidildi:
- Xristianlar sağ tərəfə, müsəlmanlar isə sol tərəfə, ikibir düzlənin!
Bu zəhmli səs tələbələrin arasına çaxnaşma saldı. Onlar bir-birini itələyə-itələyə öz yerlərini tutdular. Cərgələr düzələndən sonra Petrov çəliyinin əyri tərəfini qolunun büküləcəyinə keçirdi. Əlini pencəyinin yaxasından içəri saldı. Köksünü qabardıb irəli verdi. Səhər günəşinin maili şüaları onun qızılı haşiyəli eynəyini, tərtəmiz silinmiş qara çəkmələrini parıldatdı. Uşaqlar səslərini içəri salıb onun nə deyəcəyini gözlədilər. Petrov cərgələrin arası ilə hər tələbənin üzünə baxa-baxa, astaca addımlarla axıra qədər getdi. Müsəlman şö'bəsinin uşaqları dayanan cərgənin önündə ayaq saxladı. İkrah edirmiş kimi üz-gözünü turşutdu. Əsasını əlinə aldı. Onun ucu ilə gah bu, gah da başqa bir tələbənin sinəsinə vurdu, "kəmərini düzəlt", "yaxanı düymələ", - deyə qışqırdı. Hətta arada kiminsə şapkasının günlüyündən yapışıb aşağı çəkdi. Hazırlıq qrupunun uşaqlarına yaxınlaşdı. Səlimi cərgənin önünə çağırdı. Çəkmələrinin bağını açdırıb yenidən bağlatdırdı. Osmanı isə görəndə qışqırdı:
- Bu nədir, pinti tatar balası?!
Osman geyimini nəzərdən keçirdi. Hər şey yerində idi. O, təəccüblə çiynini çəkdi. Yenidən müəlilmin üzünə baxdı.
- Çəkmələrin niyə belə parıldayır?
Osman həmişəki kimi hazırcavablıq etdi. Gülümsündü:
- Bəs Sizinki niyə parıldayır, cənab müəlilm, kərə yağı sürtübsünüz?
- Kəs səsini, vəhşi!
O, əsasını yuxarı qaldırdı. Osmanın çiyninə endirmək istədi. Elə bu vaxt Əşrəf qabağa keçdi. Petrovla döş-döşə dayandı:
- Mən qoymaram ki, Siz balaca uşaqları döyəsiniz.
Petrov əsasını aşağı endirdi. Qəzəblə Əşrəfin üzünə fısıldadı:
- Vəhşilər!
- Özünüzə hörmət edin.
- Tatar!
- Mən Sizi təhqir etmirəm.
- Cərgədən çıx.
- İbadətdən sonra.
Petrovun əlləri titrədi. Nə isə demək istədi, ancaq udqunub dayandı.
Əşrəf yerinə keçdi.
Petrov əvvəlki vəziyyətini aldı. Əsasının əyrisini qolunun büküləcəyinə keçirdi. Üzünü müsəlman şö'bəsinin tələbələri dayanan tərəfə tutdu:
- Ey, tatarlar, parçalanın. Sünnülər sağ tərəfə, şiələr isə sol tərəfə keçsin.
Uşaqlar ortadan iki ayrılıb aralandılar. Osmanla Əli ləngidi. Onlar bir-birinin əlindən yapışıb dayandılar. Bayaqdan bunlara göz qoyan Kipiani gülümsəyə-gülümsəyə onlara yaxınlaşdı. Petrovdan qabaq dilləndi:
- Niyə dayanmısınız, ayrılın. Axı sünnü ilə şiə bir yerdə ibadət edə bilməz.
Petrovun cır səsi yenidən eşidildi:
- Xristianlar birbaş kilsəyə, müsəlmanlar isə öz ibadətxanalarına, marş!
- Cənab Petrov, üzr istəyirəm, bircə dəqiqə.
Tələbələr ayaq saxladılar. Petrov isə boynunu əyib, eynəyinin altından tərs-tərs Kipianiyə baxdı. O buna əhəmiyyət vermədi və üzünü uşaqlara tutdu:
- Tarix dərnəyinin üzvləri ibadətdən sonra yanıma gəlsinlər. Məşğələmiz və bir balaca gəzintimiz olacaq.
Petrov e'tiraz etdi:
- Bu gün heü bir gəzinti və məşğələ olmayacaq.
Kipiani astadan, tələbələrin eşitməməsi üçün az qala pıçıltı ilə ona cavab verdi:
- Narahat olmayın, cənab, direktor və inspektorla razılaşmışam.
- Mənə mə'lum deyil.
- Burada mübahisə etməyimiz namünasibdir.
Petrov acığını uşaqların üstünə tökdü:
- Tez olun, səhər duasının vaxtı keçir.
Tələbələr nizami əsgər kimi iri addımlarla həyətdən çıxdılar. Xristian şö'bəsinin uşaqları kilsəyə, müsəlmanlar isə yataqxananın yanında onlar üçün düzəldilmiş ibadətxanaya yollandılar. Petrov daldan Əşrəfi səslədi:
- İbadətdən sonra dərsə getməyəcəksən.
- Nə üçün?
- Direktorun yanında olmalısan.
Əşrəf dinmədi və uşaqlara qarışdı. Döngəyə çatan kimi dəstədən aralandı: Sinə-sinə, divarın dibi ilə geri qayıtdı. Petrovun məktəbin həyətindən çıxmasını gözlədi. Nəhayət, növbətçi müəllim darvazanın yanından ötdü. Onun addım səsləri küçədən gəldi. Əşrəf rahat nəfəs alıb divarın dibindən çıxdı.
- Hara qaçırsan?
Əşrəf ilan çalmış kimi dik atıldı. Başının üstünü kəsdirən Kipianinin gülümsədiyini görmədi, onun səsindəki mehribanlığı duymadı. Dili, dodağı təpidi:
- İşim var.
- Bəs şəriət müəllimindən qorxmursan?
- Yox.
- Bəs inspektordan necə?
- Ondan da qorxmuram.
- Bəs məndən?
Əşrəf udqundu. Gözlərini zilləyib müəlliminə baxdı. Onun dediklərinin ciddimi, yoxsa zarafatmı olduğunu bilmək istədi. Bu saat Kipianinin onun haqqında nələr düşündüyünü öyrənməyə çalışdı. Onun arzusu bu idi ki, müəllimi ona inansın, onu xain, xəbərçi hesab etməsin. Kipiani də öz növbəsində Əşrəfin baxışlarından onun nələr düşündüyünü öyrənməyə çalışırdı. O başa düşdü ki, uşaq həyəcanlıdır, narahatdır. Gözlərindən oxudu ki, peşmançılıqla xəcalət hissi bir-birinə qarışmışdır. Əşrəf iztirab çəkir, səhv bir iş tutduğundan utanır, həm də qorxur. Özü də onu narahat edən odur ki, başqasını fəlakətə sala bilər. Kipiani onu da başa düşdü ki, Əşrəf buraxdığı səhvini düzəltmək üçün hər şeydən keçməyə hazırdır.
Aralığa çökən bu adi sükut Əşrəfə bir il qədər uzun göründü və o heç nə söyləmədən, heç nə danışmadan geri dönüb Kipianidən aralanmaq istədi. Ancaq müəəllim onun qolundan tutub saxladı:
- Kitabı oxuyub qurtardınmı?
- Yox. - Əşrəfin dodaqları əsdi. - Az qalıb. Axıra çıxmağıma bir neçə səhifə var.
Onun səsi titrədi. Elə bil bir şey tıxanıb boğazında qaldı.
Kipiani onun biləyindən tutdu. O, hiss etdi ki, Əşrəfin əzaları səyriyir. Bütün bədəni uçunur. Bir azca da belə getsə, oğlan ya qolunu çıxardıb qaçacaq, ya da hönkürtü ilə ağlayacaq.
Kipiani sakitcə qoltuq cibindən bir kitab çıxardıb Əşrəfə uzatdı.
- Al.
Əşrəf lap burnunun ucundakı kitabın cildinə baxdı, hərflər onun gözlərində böyüdü, sonra kiçilib öz qaydasına düşdü. O, tanış sözləri oxudu. Bir xeyli tərpənmədi. Əvvəlcə cəsarətsizcəsinə, sonra isə inamla altdan-yuxarı, Kipianinin üzünə baxdı. Kipiani onun nə isə soruşmaq istədiyini başa düşdü, ancaq imkan vermədi:
- Kitabı oxu, qurtar. Amma çalış ki, bu işdən pis adamlar xəbər tutmasınlar.

Semyonov üstünə göy mahud çəkilmiş iri yazı masasının arxasında durub küncdəki saata yaxınlaşdı. Jiletinin cibindən açarı çıxardıb qapağını açdı. Adam boyda olan saatın iri kəfkiri ətalətlə sağa-sola hərəkət etdikcə otağa ahəngdar bir çıqqıltı yayılırdı. Semyonov ağ siferblatın üstündəki naxışlı rəqəmlərə, qızıl suyuna çəkilmiş əqrəblərə baxdıqdan sonra zənciri dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə çatdı. Direktorun otağına hardasa, lap uzaqlarda çalınan kilsə zənginin səsini xatırladan bir danqıltı yayıldı. Bu səs bir neçə dəfə təkrar olub dalğalandı. Semyonov adəti üzrə döş cibindən gümüş saatını çıxardıb şaqqıltı ilə qapağını açdı və vaxı yoxladı. Dalbadal vurulan zəngin dalğalı sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı.
Məktəbin həyəti bomboş idi. Hamı dərsdə idi. Sinif otaqlarının pəncərələri açıq idi. Müəllimlərə cavab verən tələbələrin yeknəsəq səsi eşidilirdi. Bu yeknəsəqliyi arabir müəllimlər kəsirdi. Onlar dərs söyləyən uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, direktorun otağının qarşısındakı eyvandan hər şeyi görmək mümkün idi. Semyonov hava xoş olanda, elə indiki kimi, buradaca dayanar və yazı taxtasının önündə dərs söyləyən uşaqlara tamaşa edər, onların verdikləri cavablara qulaq asardı. Onun lövhədə məsələ həll edən riyaziyyat müəllimlərinin, ya da onlara cavab verən tələbələrin rəqəmləri təbaşirlə güllə kimi yazmasından xoşu gələrdi. O, təbaşir taqqıltısından xüsusi zövq alardı. Semyonov lövhədə təbaşirin saat mexanizmi kimi ahəngdar şəkildə taqqıldamasından dərsin nec keçdiyini müəyyənləşdirərdi.
O, indi də sakitcə dayanıb sinif otaqlarına göz gəzdirdi. Hər şey öz qaydasında idi. Bu gün məşğələlər öz vaxtında başlamış, ötən gecə isə heç bir hadisə olmamışdı. Tələbələr də, müəllimlər də böyük həvəslə dərsə başlamışdılar. Semyonov bir xeyli eyvanda dayandıqdan sonra yeməkxananı və yataqxanadakı işləri yoxlamaq məqsədi ilə eyvandan enmək istədi. Ancaq şəhərə daxil olan atlı kazakları görüb ayaq saxladı. At nalının şaqqıltısı divarları cingildətdi. Torpaqdan qalxan toz havada laylandı. Səhər sükutunu pozan bu atlı dəstəsinin hay-küyü camaatı sərsəm etdi. Kimi pəncərəni açıb səhər şəfəqlərində poqonları və qılınclarının dəstəsi parıldayan kazaklara təəccüblə tamaşa etdi, kimi də qorxudan qapı-bacanı daha da möhkəm bağladı. Atlılar dar küçələri, əyri döngələri keçib, seminariyanın yanına qədər gəldilər. Burada azca dayandıqdan sonra iki yerə ayrıldılar. Bir hissə məktəbin ətrafını kəsdi, o biri hissə yataqxananı mühasirəyə aldı. Atdan düşdülər. Üst-başlarının tozunu çırpıb papiros yandırdılar. Səhərin şəffaf havasında daha aydın görünən göyümtül tüstülər burula-burula yuxarı qalxıb laylandı.
Rəis darvazanın yanındakı xidmətçiyə e'tina etmədən irəli keçdi. Arxasınca gələn poilslərlə birlikdə pilləkəni taqqıldada-taqqıldada yuxarı qalxdı. Eyvanda Semyonovla qarşılaşdı:
- Sabahınız xeyir, cənab direktor.
- Sabahınız xeyir, cənab.
Rəis Semyonovun sual dolu baxışlarına fikir vermədi. Qabağa keçib, bir-iki addım atdıqdan sonra geri döndü:
- Kabinetinizə getmək olarmı?
- Buyurun, cənab... Müsaidə edin...
Rəis özü qapını açdı. Ev sahibi kimi irəli keçdi. Polis nəfərləri də onun dalınca otağa girdilər. Yalnız bundan sonra Semyonova yol verdilər. Dmitri Dmitriyeviç təmkinini pozmadan keçib öz yerində əyləşdi. Polislər keşik çəkirləşmiş kimi qapının yanında dayandılar. Semyonov gözaltı otaqda gəzinən rəisi süzdü. Sonra da bir az bundan əvvəl qurduğu saatın yanında daş kimi quruyan polisə baxdı. Onun qılıncı yerə dəyirdi. Farağat vəziyyətində dayansa da, qılçaları yana əyilmişdi. Semyonov susdu. Otaqda gəzinən rəisin çəkməsinin nallı dabanının taqqıltısı və polislərin fısıltısı onu hövsələdən çıxartsa da dinmədi. Rəis bu qayda ilə bir xeyli gəzindi. Sonra kürsünü çəkib direktorla üz-üzə oturdu:
- Kipiani burdadırmı?
- Dərsdədir. Necə məgər?
- Onu aparmalıyıq.
- Haraya?
- Lazım olan yerə.
- Bunun üçün əlinizdə rəsmi sərəncam varmı?
Rəis Semyonovu qıyqacı baxışlarla tərs-tərs süzdü. Sonra Kipianinin həbs olunması barədəki sənədi sün'i bir nəzakətlə direktora təqdim etdi. Semyonov kağızı oxumağa tələsmədi. Yenə əvvəlki kimi təmkinlə rəisi süzdü. Eynəyini taxdı. Kağızı stolun üstünə qoydu. Onun hər kəlməsini diqqətlə nəzərdən keçirdikdən sonra qaytarıb rəisə verdi. Bir xeyli fikirli-fikirli susdu. "Bu niyə belə olsun? - deyə düşünməyə başladı. - Axı mən onlara yazmışdım ki, Kipianidə heç bir şübhəli hərəkət görməmişəm. Yoxsa mənə inanmırlar? Axı biz bir yerdə işləyirik. Mən Kipianini xəfiyyələrdən yaxşı tanıyıram".
Rəis direktorun bu işdən narazı qaldığını sifətindən oxudu. Dodaqları azacıq qaçdı. Onun gülüşündəki istehza Semyonovun gözündən yayınmadı.
- Zəhmət çəkin, onun yerini göstərin.
- Siz onu dərsdən sonra öz evindən apara bilməzdinizmi?
- Mən verilən əmri yerinə yetirirəm.
- Zənnimcə, Siz tələsirsiniz. Mən lazımi yerlərə yazmışam ki, Kipianidə heç bir şübhəli hərəkət müşahidə etməmişəm.
- Görünür, Sizin yazdıqlarınızı əsassız saymışlar. Hər halda biz adamları Szdən yaxşı tanıyırıq, cənab direktor, hətta Sizin özününə, özünüzdən yaxşı bələdik.
- Bu nə deməkdir?
- Fikrim aydındır. Sizə məsləhət görürəm ki, bir az da özünüz haqqında düşünəsiniz.
- Cənab, Siz...
- Əsəbiləşməyin. Gedək, Kipianinin yerini göstərin.
Semyonov başa düşdü ki, mübahisə etmək faydasızdır. Onun e'tirazına heç kəs əhəmiyyət verməyəcək, Kipianini həbs edəcəklər. Ancaq o bu işi ləngitmək istədi. Tələbələrin gözü qarşısında müəllimin dustaq edilməsi pedoqoji qaydaların ciddi pozulması demək idi. Belə hərəkət müəllimi ən güclü, müqəddəs və toxunulmaz bir insan hesab edən pərəstişkar şagirdlərin təsəvvürünü alt-üst etməyə, onların gözəl arzularının, həyat amallarının tapdalanmasına, ideal bir əlçatmazlığın məhvinə bərabr idi. Pedoqoji müəssisədə buna yol vermək olmazdı.
- Mən dərsi dayandıra bilmərəm, cənab, yaxşı olar ki, məşğələdən sonra...
- Sizin məşğələniz məni maraqlandırmır.
- Sözümü kəsməyin, cənab rəis, bu məktəbin sahibi hələlik mənəm.
- Ona görə də bu işi Sizin iştirakınızla görəcəyik.
- Mən belə bir ədalətsiz həbsdə iştirak etmərəm.
- Etməlisiniz.
- Siz məni məcbur edə bilməzsiniz.
- Məcbur yox, məsləhət bilirik.
- Minnətdaram. Ancaq bu işdən qəti imtina edirəm.
- Elə isə bu işi sizsiz görərik.
- Sizin buna səlahiyyətiniz yoxdur.
- O bizim işimizdir.
- Mən buna icazə vermirəm.
- Buna ehtiyacımız yoxdur.
Rəis ayağa durdu. Qapının ağzını kəsdirən polislər qamətlərini bir az da düzəltdilər. Onlar gəldikləri kimi hay-küylə aşağı endilər. Növbətçi müəllim Petrov həyətin ortasında onların qarşısına çıxdı:
- Cənab rəis, Sizə kim lazımdır?
- Siz kimsiniz?
- Mən növbətçi müəlliməm. Tanış olaq, Boris Mixayloviç Petrov.
- Boris Mixayloviç? - deyə rəis təkrar etdi və səsini alçaldıb pıçıldadı. - Siz... Siz... növbətçi müəllimsiniz?
- Bəli... Mən...
- Lap yaxşı. Bizə Kipianinin yerini göstərin.
- Məmnuniyyətlə. Ancaq əvvəlcə direktor...
- Onunla görüşmüşük.
- Aydındır... Gedək.
Boris Mixayloviç belinin əyrisini düzəldib sinəsini qabağa verdi və əlini pencəyinin yaxasından içəri saldı. Çəliyini qolunun büküləcəyinə keçirtdi. Özünü şax tutaraq, rəsmi keçid qəbul edən adamlar kimi dabanlarını yerə vura-vura sinif otaqlarının qabağından ötdü. O həmişə növbətçi olanda qəsdən, uşaqları vahiməyə salmaq üçün cırıldayan çəkmə geyinərdi. Bu gün də həmin çəkmələr ayağında idi. İndi polislərin önündə irəlilədikcə onun çəkmələri daha ucadan cırıldayırdı. Rəis və onun dalınca gələn polislər isə təhlükəli bir ovu qaçıracaqlarından qorxurlarmış kimi əllərini naqanın qoburundan çəkmir və pəncələri üstündə yeriyirdilər.
Sinif otaqlarından səslər kəsildi. Müəllimlər əllərində təbaşir dayandılar. Uşaqlar pəncərələrin qabağına toplaşdılar. Müsəlman şö'bəsində dərs deyən Çernyayevski sözünə ara verib qapıya yaxınlaşdı. Çərçivəyə dirsəklənərək başını əlinə söykədi. Hamıdan əvvəl Əşrəf pəncərəyə yaxınlaşdı. Bütün məktəb nəfəsini içəri çəkib susdu. Boris Mixayloviçin bələdçilik etdiyi dəstənin harada dayanacağını gözlədi. Növbətçi müəllim ayaq saxladı. Gözü ilə Kipianinin dərs dediyi otağı göstərdi. Polislərdən bir neçəsi pəncərənin qabağında dayandı. Rəis isə astanada durub içərini dinşədi. Kipianinin səsi gəlirdi. O, ucadan Puşkinin şe'rini oxuyurdu:
Poka svobodoc qorim,
Poka serdha dlü çesti jivı,
Moy druq, otçizne posvütim
Duşi prekrasnıe porıvı!
Rəis qapını döymədən, dərs deyən müəllimdən icazə almadan içəri girdi. Tələbələr gələn adama hörmət əlaməti olaraq gurultu ilə ayağa qalxdılar. Kipiani sözünü kəsmədən rəisə baxdı və əli ilə uşaqlara işarə etdi ki, otursunlar. O başa düşdü ki, onun fikrini, fəaliyyətini yarımçıq kəsmək, sözünü ağzında qoymaq üçün gəliblər. Bu onun son dərsi olacaq. Tələbələrlə indiki kimi bir daha üz-üzə dayanıb, ürək sözlərini deyə bilməyəcək. Öz fikrini onlara çatdırmağa bir daha imkanı olmayacaq. Kipiani özünü itirmədi. Rəisin işarəsinə əhəmiyyət vermədi və şe'rin son misralarını oxudu:
Tovarig, verö, vzoydet ona,
Zvezda plenitelönoqo sçastöü,
Rossiü vsprünet oto sna,
İ na oblomkax samovlastöü
Napişut naşi imena!
Rəis hövsələdən çıxıb səsini ucaltdı:
- Cənab Kipiani, dərsi dayandırın!
- Niyə?
- Siz dustaqsınız.
Kipiani dönüb təlaş və həyəcandan yanaqları qızarmış tələbələrin gözlərinə baxdı. Onların baxışları alışıb-yanırdı. Kipiani başa düşdü ki, məktəb skamyasının arxasında oturan bu uşaqlar bu saat qəzəbli pələng balaları kimi aşağı siniblər. Onlar rəisin üstünə atılmağa hazırdılar. Kipiani yazı taxtasının yanında təkəbbürlə dayanan Petrova da gözaltı baxdı və istehza ilə gülümsündü:
- Hələ zəng vurulmayıb. Dərsi yarımçıq kəsmək olmaz. Elə bilirəm ki, növbətçi müəllimimiz də buna razılıq verməz. Elə deyilmi, Boris Mixayloviç?
Petrov quyruğu basılmış ilan kimi çəmbərlənib fısıldadı. Rəis Kipianinin istehzasını başa düşdü, səsini bir qədər ucaltdı:
- Qurtarın, cənab!
Polislər qapını açdılar. Kipiani başa düşdü ki, onlar balaca bir işarəyə bənddirlər. Bir şey olsa, naqanlarını çıxardıb irəli atılacaqlar.
- Dəstəniz nə yaman böyükdür, zati-aliləri, bu qədər adama niyə əziyyət vermisiniz?..
Kipiani yenə istehza ilə gülümsündü, sonra əsasını götürdü, kitablarını yığdı, sinif jurnalına əl uzadarkən Petrov irəli yeridi:
- Ona dəyməyin.
- Son məşğələni qeyd etməliyəm. Siz ki rəsmiyyət sevənsiniz, cənab Petrov.
- Cənab Kipiani...
- Əsəbiləşməyin.
Kipiani qarşısındakı adamın qızarmış çöhrəsinə baxdı. Təmkinini pozmadan qələmi götürüb jurnalı yazdı. Bir xeyli gözünü yazıdan çəkmədi. Elə bil öz xəttinə həsrətlə baxırdı. Artıq getmək vaxtı olduğunu başa düşdü. Başını qaldırıb tələbələrini bir daha süzdü. Əlini qapının dəstəyinə uzatdı. Uşaqlar gurultu ilə ayağa qalxdılar. Petrov onların qabağını kəsdi:
- Yadınıza salıram, bu gün dərsdən sonra heç bir gəzinti və məşğələ olmayacaq.
- Olacaq, cənab Petrov, bu gün də, sabah da bu işlər davam edəcək. - O qanrılıb tələbələrin üzünə baxdı. - Mən buna əminəm. Əziz balalar, salamat qalın!
Kipiani qapını açıb cəld bayıra çıxdı. Rəislə Petrov onu tə'qib etdilər. Bayaqdan heç nə başa düşməyən və key kimi dayanan uşaqlar qapının zərblə vurulmasından diksinib sanki yuxudan ayıldılar. Gurultu ilə qapıya doğru cumdular. Polislər onların sinəsindən vurub geri qaytardılar. Qapı uşaqların üzünə örtüldü. Tələbələr pəncərənin qabağına yüyürdülər. Polislər oranı da kəsmişdilər.
Həyətə düşən kimi Kiipianini araya aldılar. O, darvazaya qədər dinməz-söyləməz getdi. Orada ayaq saxladı. Dönüb həsrətlə məktəbə baxdı. Uşaqlar pəncərələrdən boylanırdılar. Müəllimlər qapının ağzında dayanmışdılar. O, gördü ki, Semyonov əllərini sinəsində çarpazlayaraq, eyvanın dirəyinə söykənmişdir. Hamı qəzəb və təmkinlə susur, yalnız Petrov həyətin ortasında təkcə dayanmışdır. Kipiani saatını çıartdı. Zəngə hələ on beş dəqiqə var idi. O, başa düşdü ki, tələbələri və müəllim yoldaşları ilə vidalaşmaq ona müyəssər olmayacaqdır. Hər səhər onun şlyapasını çıxardıb salam almasından xoşlanan dəcəl tələbələri gözünün önündə dayandı. Kipiani qeyri-iradi gülümsündü və şlyapasını çıxardıb azacıq tə'zim etdi.
Birdən kim isə ucadan "Biz Sizi heç vaxt unutmayacağıq, əziz Kipiani müəllim!" - deyə qışqırdı. Əşrəf səs gələn tərəfə boylandı. Gürcü tələbələrindən Luka pəncərənin qabağına çıxmışdı. Papağını havada yelləyirdi, Polislər onun ətəyindən dartıb aşağı salmaq istəyirdilər. Tələbələr onlarla dartışır və özlərini pəncərədən həyətə atmağa çalışırdılar. Əşrəf gördü ki, bir az keçsə Kipianinin aparacaqlar. Xristian şö'bəsinin tələbələri isə polislərlə əlbəyaxa olacaqlar. Əşrəf pəncərədən atılıb həyətə düşdü. Birbaş zəng asılan eyvana yüyürdü. Kəndirdən yapışıb var gücü ilə dartdı. Zəng təlaşla, kimi isə köməyə çağırırmış kimi həyəcanlar səsləndi. Zərbələr bir-birinə qarışdı. Bütün məktəb, az qala bütün şəhər silkələndi. Əşrəf zəngin danqıltısından baqa heç nə eşitmədi, heç nə görmədi. Əsasını havada oynadıb onu hədələyən, var gücü ilə qışqıran növbətçi müəllimə əhəmiyyət vermədi. Hirslə, qəzəblə zəngi çaldı. Qapılar taybatay açıldı. Tələbələr qabağı kəsilən və birdən-birə özünə yol açan sel kimi gurultu ilə həyətə axışdılar. Polislər onların qabağını saxlaya bilmədilər. Uşaqlar qasırğa kimi burulub-büküldülər, hər şeyi yollarından süpürdülər və axırda burulğan təkin burulub Kipianini araya aldılar. Yalnız bundan sonra Əşrəf əlini kəndirdən çəkdi. Petrov əsasını onun başına endirmək istədi. Əşrəf ağacı havada qapıb Petrovun qolunu burdu. Kişi təngildədi. Əsa göydə fırlanıb kənara düşdü. Növbətçi müəllim onu saxlamağın mümkün olmayacağını anlayıb geri çəkildi. Əşrəf tələbələrin axınına qoşuldu. Uşaqları yara-yara qabağa keçdi. Kipiani ilə üzbəüz dayandı. Uşaqlar onları üzük qaşı kimi araya aldılar. Əşrəf bu saat özünü aprçalamaq istəyirdi, elə zənn edirdi ki, bütün bu məsələlər həmin kitabla bağlıdır. Kipianinin həbs olunmasına bais o özüdür. Onun nəfəsi darıxdı. Bütün bunlar Kipianinin nəzərindən yayınmadı. O, hiss etdi ki, Əşrəf qışqırmaq, nə isə bir şey demək istəyir. O, bu sadəlövh gəncin sonralar da iztirab çəkəcəyini duydu. Başa düşdü ki, Əşrəf özünü müqəssir sayır. Kipiani onu sakitləşdirmək və şübhələrdən xilas etmək üçün bir addım irəlilədi. Əli ilə işarə etdi ki, susmaq lazımdır. Əşrəf dinmədi. Yalnız bundan sonra o, tələbəsinə yaxınlaşıb, əli ilə Əşrəfin başını sığalladı. Az qala pıçıltı ilə ona təskinlik verdi:
- Səndə heç bir taqsır yoxdur. Məni başqa iş üstündə, başqa adamların xbərçiliyi ilə həbs edirlər, - dedi.
Əşrəfin gözü yaşardı. Uşaqar əl verib bir-bir Kipiani ilə görüşdülər.
Rəis darvazanı açdı. Atlı kazaklar gurultu ilə içəri doluşdular. Uşaqları arakəsməyə aldılar. Şallaqlar bir göz qırpımında havada oynadı. Hətta kazaklardan qılıncını siyirib hazır dayananlar da oldu. Hər şey tükdən asılı qaldı. Bircə işarə aləmi bir-birinə qata bilərdi. Semyonovdan əvvəl Çernyayevski özünü irəli atdı. Uşaqlar ortadan iki bölünüb direktorla inspektora yol verdilər. Lap qabaqdakı kazakın atının cilovundan yapışıb Kipianini geri çəkdilər. Semyonov rəislə döş-döşə dayandı:
- Fikriniz nədir?
- Uşaqları dağıdın!
- Siz də kazakları geri çəkin.
- Mən əmrimi geri götürmərəm.
- Bir hadisə baş versə, cavabdeh siz olacaqsınız.
- Mən dustağı aparmalıyam.
- Mən heç yana qaçan deyiləm, cənab rəis, sizin sürgünləri və qandalları çox görmüşəm. Əmr verin atlılar kənara dursun. Uşaqları qorxutmaq kiişlik deyil.
Kipiani hündür bir yerə çıxdı. Əlini yuxarı qaldırıb tələbələri sakit etdi:
- Salamat qalın, əziz balalar, mən sizdən çox razıyam. Əminəm ki, bizim zəhmətimiz hədər getməyəcəkdir. Siz igid, gözüaçıq və namuslu vətəndaşlar olacaqsınız. Siz heç nədən qorxmadan xalqınız və millətiniz üçün fədakarlıq edəcəksiniz. Bu həbslər sizi sarsıtmasın. Oxuyun, hər yerdə maarif məş'əlini ucaldın. Sizə minnətdaram, mənim müəllim yoldaşlarım, salamat qalın.
Kipiani nə qədər gülümsədisə də gözləri doldu. Şlyapasını çıxardıb hamıya baş əydi və bundan sonra darvazaya doğru getdi. Uşaqlar xeyli onun ardınca baxdılar. Kazaklar atlarını nizama düzüb Kipianinin ətrafını kəsdilər. Rəis qabağa düşdü. Siyirmə qılıncların polad tiyəsi havada parıldadı. Daş küçə at nalının şaqqıltısı ilə doldu. Bu şaqqıltı uzun zaman uşaqların qulağından getmədi.
10
Qurğuşun kimi ağır və qatı bir qaranlıq qanad gərib seminariyanın üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə görünürdü. Məktəbin həyəti bomboş idi. Pəncərələrdə titrəşən kölgələrdən başqa seminariyanın binasında canlılıq əlaməti yox idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan adamın qulağı güyüldəyirdi. Ancaq Petrov heç nəyə fikir vermədən bir kabus kimi sinif otaqlarının qabağında dolaşırdı. O hər şeyi bilmək, hər pıçıltını dinləmək və hər sözü eşitmək istəyirdi. O, bu dəfə adəti xilafına ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin.
Petrov xeyli dolaşdı, pəncərələrin önündə ayaq saxladı və nəhayət, müsəlman şö'bəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb içərini dinşədi və axırda Əşrəf lxuyan qrupun pəncərəsinə yaxınlaşdı. Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı.
Sinif nümayəndəsi Firidun qapı tərəfdəki stolun arxasında oturmuşdu. Qalan uşaqlar ikibir-ikibir əyləşib dərs oxuyurdular. Firidun hərdən mütaliəsinə ara verib uşaqlara baxır, onların nə ilə məşğul olmasına göz qoyurdu.
Petrov az qala burnunu şüşəyə yaxınlaşdırdı və uşaqların içində Əşrəfi axtardı. O lap dalda əyləşmişdi. Yanında da heç kəs yox idi, nə isə ciddi bir şey oxuyurdu. Petrov pəncərədən nə qədər boylandısa da, Əşrəfin oxuduğu kitabı görə bilmədi. Daha da şübhələndi və gurultu ilə içəri girdi. Hamıdan əvvəl Firidun diksinib ayağa qalxdı. Onun "diqqət!" deməsi ilə stolun üstündəki çırağın sönməsi bir oldu. Otağa qaranlıq çökdü. Uşaqlar yerlərində qurdalandılar. Petrovun cırıltılı səsi otağa yayıldı:
- Heç kəs yerindən tərpənməsin! Tez ol, çırağı yandır!
- Bu saat, cənab müəllim, - deyə Firidun ona cavab verdi və qaranlıqda nəyi isə axtarmağa başladı. Petrov xeyli gözlədi və onun ləng tərpənməsinə qəzəbləndi:
- Nə oldu?
- Bu saat, cənab müəllim, təqsir özünüzdə oldu. Qapını birdən-birə açmasaydınız, külək çırağı söndürməzdi. Kibriti tapa bilmirəm.
Petrov daha da əsəbiləşdi. Pencəyinin cibindən kibrit çıxardıb Firiduna verdi:
- Al, ancaq əlli ol.
Onların əli qaranlıqda bir-birinə toxundu. Petrov bu təmasdan diksinib əlini geri çəkdi. Firidun kibrit qutusunu açdı. Petrov qutunun və kibrit çöplərinin şaqqıltısından hiss etdi ki, Firidunun barmaqları titrəyir.
- Ver bura, fərsiz.
- Sizə zəhmət olar, müəllim, özüm yandıraram.
- Ver, deyirəm.
Elə bu vaxt Firidun kibriti əlindən yerə saldı. Qutu açıldı, çöplər döşəməyə səpələndi. Firidun dərhal aşağı əyildi. Stolun altında xeyli ləngidi. Petrov daha da qəzəbləndi:
- Orada nə eşələnirsən?
- Bu saat, cənab müəllim, kibrit dağılıb.
Firidun otaqda bir hərəkət başlandığını duydu. Skamyaların altında dəftər-kitab xışıldadı. O, hiss etdi ki, yoldaşları nə isə gizlədirlər. Firidun vaxt qazanmaq üçün bir az da ləngidi. Kibrit qutusunu ovcunda sıxıb gözlədi. Birdən stolun altından onun əlinə bir əl toxundu. Firidun barmaqlarının altındakı kitabı götürüb dikəldi. Onu tələsik, heç kəsə sezdirmədən, stolun siyirtməsinə atdı. Petrov bir şey duymuş kimi ayağını döşəməyə çırpıb qışqırdı:
- Tez ol, yaramaz, məni ələ salıbsınız?
- O nə sözdür, cənab müəllim, allah eləməsin, bu dəqiqə.
Firidun kibriti çəkib çırağı yandırdı. Bir anda divarda kölgələr oynadı, hər şey sakitləşdi. Petrov dərhal Əşrəfin üstünə atıldı:
- Oxuduğun nə idi?
- Kitab.
- Nə kitab?
- Hesab.
- Hanı?
- Budur.
Petrov kitabı bir xeyli əlində hərlədi, sonra Əşrəfin dəftərlərinin arasını axtardı. Bir şey tapmadıqda daha da əsəbiləşdi:
- Dur, sinifdən çıx!
Əşrəf könülsüzcəsinə ayağa qalxdı. Qapının ağzındaca dayanıb Petrova baxdı:
- Mən hara getməliyəm, cənab müəllim?
- Direktorun yanına.
Qapı örtüldü. Petrov uşaqları qəzəblə süzdükdən sonra ağır-ağır otaqdan çıxdı. Onun çəkmələri indi bərkdən cırıldadı. Onlar həyətin ortasında dayandılar. Petrov Əşrəfi qabağa saldı. Özü isə gözünü pillələri çıxan oğlanın kürəyinə zillədi. Onun dişləri sıxıldı, çənəsinin əzələləri oynadı.
Əşrəf direktorun otağının qarşısında dayandı. Qanrılıb bir kölgə kimi onu tə'qib edən növbətçi müəllimə baxdı. Petrov qamətini düzəltdi və icazə istəmədən qapını açdı. Əşrəfi qabağa saldı. Çəkmələrini cırıldada-cırıldada irəliləyib Semyonovun yanında dayandı.
Əşrəf yerindən tərpənmədi. Divar saatının böyründə ayaq üstündə durdu. O, Çernyayevskinin də burada olduğunu gördükdə gözünü qaldırıb heç kəsə baxmadı. Furajkasını çıxardıb əlinə aldı və özü də hiss etmədən onu didişdirdi. Otağa ağır sükut çökdü. Əşrəf saatın çaqqıltısından da güclü olan ürək döyüntüsünü eşitdi. Onun qulaqları cingildədi. Əşrəfə elə gəldi ki, qolları uzanıb ağırlaşır, kimsə çiyinlərindən basıb, onu əzmək istəyir. Boynundakı damarlar guppuldamağa, beyninin içi güyüldəməyə başladı. Qulaqlarının ucuna qədər isindi. Tavandan asılmış çilçıraqdakı şamların hamısı yansa da, gözlərinə qaranlıq çökdü. Direktorun yazı masasının üstündəki şamdanlar da dumana bürünən kimi oldu. Əgər Çernyayevski bircə dəqiqə gec dillənsəydi, bəlkə də müvazinətini itirib yıxılacaqdı.
- Mən səndən heç gözləməzdim, bu nə işdir, tutmusan?
Əşrəfə elə gəldi ki, bu səs hardansa lap uzaqdan eşidilir. Kimsə onu çağırır, yarıbihuş haldan geri qaytarmaq istəyir. O azacıq silkələndi. Gözlərini ürkəkcəsinə qaldırıb, ondan bir-iki addım aralı daaynmış müəlliminin üzünə baxdı və gördü ki, Çernyayevskinin baxışlarında qəzəb və nifrətdən çox məzəmmət var. Əşrəf gülümsəmək istədi, hətta onun dodaqları azacıq aralandı, gözlərində yaş parıldadı, ancaq Petrovun əsəbi səsi onu daş kimi dondurdu.
- Mən onunla bu cür nəzakətlə danışılmasını yox, seminariyadan xaric olunmasını tələb edirəm, cənab direktor, bu vəhşi tatar dərhal məktəbdən rədd edilməlidir!
Semyonov əlindəki qələmi masanın üstünə atdı və əsəbiliklə dilləndi:
Bir az səbir edin, cənab Petrov, sözlərinizə də nəzarət yetirin. Siz müəllimsiniz.
- Elə ona görə də bu cür yaramazın bizim seminariyada qalmasına dözə bilmirəm.
Bir az bundan əvvəl başı gicəllənib yıxılmağa hazır olan Əşrəfin taqətdən düşmüş dizlərinə elə bil qüvvət gəldi. Gözünün önündən tor çəkildi. O, hiss etdi ki, bədəni buz kimi keyidi, ürəyinini çırpıntısı azaldı, ayağının altındakı döşəmə möhkəmləndi:
- Sizin məni təhqir etməyə haqqınız yoxdur, qanun üzrə nə cəzam varsa, onu verin.
- Səsini kəs!
Semyonov əlini masaya çırpıb var gücü ilə bağırdı və dərhal yerindən sıçrayıb ayağa qalxdı. Onun qışqırtısından divar cingildədi. Direktorun belə gözlənilməz qəzəbindən Petrov da, Çernyayevski də çaşıb qaldılar. Semyonov nə qədər çalışdısa da, əllərinin titrəməsini gizlədə bilmədi. Dəsmalını çıxardıb eynəyini silərkən az qaldı ki, onu salıb sındırsın. Çernyayevski onu ilk dəfə bu cür hirsli görürdü.
- Məktəbin intizamını pozduğun, dərs gedişinə mane olduğun bəs deyil, hələ mənim hüzurumda müəllimə də cavab qaytarırsan? Nə üçün zəngi çaldın? Sənə kim icazə vermişdi?
Əşrəfin utancaqlığı, xəcalət çəkməsi bir anda yox oldu. Yeniyetmələrə xas olan bir dəliqanlılıq qəlbini bürüdü və qərara gəldi ki, heç nədən qorxmasın, suallara şax cavab versin:
- Heç kim!
- Səncə, buralar dərəbəylikdir? Kim nə istəsə edə bilər?
- Elə deyilsə, bəs nə üçün bizim müəllimimizi atın döşünə salıb apardılar?
- Onun sənə dəxli yoxdur.
- Var, cənab Petrov, biz onun nə üçün tutulduğunu bilmək istəyirik.
- Axı siz kimsiniz?
- Bəs siz kimsiniz?
- Əşrəf, həddini aşma!
- Siz də adamları kölgə kimi izləməyin, cənab Petrov.
- Bu nə deməkdir?
Petrovun boynundakı damarlar şişdi. Rəngi çuğundur kimi oldu. Kəkələməyə başladı:
- Gö-görürsünüzmü, cənab direktor, mən belə yaramazla heç danışmaq belə istəmirəm.
- Müəllim...
- Səsini kəs! Cənab Çernyayevski, Sizin şö'bənin tələbəsi Əşrəf Göytəpəli məktəbin daxili intizam qaydalarını kobudcasına pozduğuna görə yeddi gün həbsə salınsın. Təkcə su və yavan çörəkdən başqa heç nə verilməsin. Bir ay məktəb ərazisindən çıxmaq hüququ əlindən alınsın. Aydındırmı?
Çernyayevski qapını açıb Əşrəfi bayıra çıxartdı. Semyonov başını əllərinin içinə alıb bir xeyli hərəkətsiz halda yazı masasının arxasında oturdu. Petrov onun yanını kəsdirdi:
- Cənab direktor, mən bu işlə razılaşa...
- Bəs deyilmi, daha nə istəyirsiniz?
- Onu mütləq məktəbdən qovmaq lazımdır. Mənə qalarsa, hətta başqa cəzadan da çəkinməmək gərəkdir.
Semyonov başının üstünü kəsdirmiş Petrova altdan-yuxarı xeyli baxdıqdan sonra ayağa durdu. Sinəsini irəli verib, düz onun gözünün içinə baxdı, kürsünü geri itələyib irəli yeridi:
- Axı siz kimsiniz ki, mənə göstəriş verirsiniz, cənab Petrov, söyləyin görüm, ora-bura soxulmağa sizi vadar edən nədir?
- Cənab direktor, mən Ə'lahəzrət imperatorumuza xidmət edirəm.
- Danosbazlıqla?
- Cənab Semyonov...
- Otağı tərk edin.
- Siz mənimlə belə danışmayın, mən sizin üçün tatar uşağı deyiləm.
- Mən də sizin üçün amalsız bir xəfiyyə deyiləm.
- Siz məni təhqir edirsiniz.
- Siz isə böyük bir milləti ləkələyirsiniz.
- Çox baş aparırsınız, cənab Semyonov, bir sıra məsələlər indi mənə aydınlaşır...
- Mənə də aydınlaşır. Gedin, sizinlə çox danışmağı özümə həqarət sanıram.
Əşrəfin kəmərini açdılar, şapkasındakı nişanı sökdülər və elə həmin gecə qaranlıq, rütubət zirzəmiyə saldılar. O, bir xeyli susdu. Ayağının altındakı samansaman xışıltısından başqa heç nə eşitmədi. İrəli yerimək istədikdə başı divara dəydi, əli nəm daşlara toxundu. Əşrəf tərpənmədi. Gözü qaranlığa alışana qədər gözlədi. Hər yer sakit idi. Hardasa su damcılayır, arabir siçan civildəyirdi. Onun əti çimçəşdi, bu rütubətli zirzəmidə qalmağı şə'ninə sığışdırmadı, ayağa durub qapını sındırmaq və birbaş yataqxanaya yollanmaq istədi. Bayırda səs eşidib susdu. Nə danışıldığını öyrənməyə çalışdı. Növbətçi müəllim Petrov keşikçi tələbəyə göstəriş verirdi. "Bu tərəfə bir adam hərlənsə, ona bir parça çörək verilsə, səni bu çəliklə ölüncəyə qədər əzişdirəcəm, özünü də məktəbdən qovduracam, eşitdinmi? Qapıya qıfıl vur, özüm bir azdan gəlib hər şeyi yoxlayacam".
Əşrəfin dişi bağırsaqlarını doğrasa da dinmədi. Petrovun çəkmələrinin cırıltısı kəsənəcən susdu.
Onun keşiyini çəkən İvan adlı bir tələbə idi. Xristian şö'bəsində oxuyan bu uşaqla Əşrəf bir-iki dəfə Kipianinin dərnəyində rastlaşmışdı. Araları açıq deyildi. Ona görə də bir söz deməkdən çəkinirdi. Bir də ona deyiləsi sözü də yox idi. Direktorun əmri ilə onu cəzalandırmışdılar. Bir həftə bu qaranlıq zirzəmidə siçanlarla birlikdə yatacaq, sonra isə uşaqların yanına qayıdacaqdı.
Əşrəfin gözü qaranlığa alışdı. O gördü ki, bura darısqal bir yerdir. Döşəməyə küləş tökülmüşdür. Küləşin ortası yapıxmışdır. Görünür ondan qabaq burada cəzasını çəkən uşaqlar yerlərini rahatlamaq üçün hardansa bu küləşi tapıb gətirmişlər.
Əşrəf yeni mənzilini nəzərdən keçirdikdən sonra yerini rahatlamaq istədi. Pencəyinin yaxasını qaldırdı, ükləşin üstünə uzanıb gözlərini yumdu. O, hər şeyi unutmaq, qarışıq fikirlərdən yaxasını qurtarmaq üçün yatmağa çalışdı. Siçanlar onun tərpənmədiyini görüb cəsarətləndilər. Əvvəlcə onun ətrafında fırlandılar. Bığlarını oynada-oynada Əşrəfin əllərini, sifətini qoxuladılar. Hətta onun üstündə gəzişdilər. Siçanlardan biri Əşrəfin qulağına yaxınlaşdı. Bu təmasdan oğlan dik atıldı. Siçanlar civilti ilə ətrafa səpələndilər. Əşrəf bir xeyli gözünü qaranlığa zilləyib dayandı. Artıq bayırda səs-səmir kəsilmişdi. Uşaqlar axşam məşğələlərini qurtarıb yataqxanaya getmişdilər. "Yəqin məni heç yada salan da yoxdur. Bu saat şirin-şirin yatırlar. Görəsən, gecədən çoxmu keçib?"
Qapı astadan döyüldü.
- Kimsən?
- Mənəm.
- Sən kimsən?
- Səs salma, qapıya yaxın gəl. Əlini taxtanın arasından bəri sal, götür, uşaqlar göndərib. Yəqin lap acmısan. Bunları ye, sənə süd də gətirəcəklər.
- Vanya, bəs qorxmursan?
- İşində ol, səhərdən başımdan əkə bilmirdim, indicə getdi.
- Kim?
- Cənab növbətçi müəllim.
Əşrəf çörəyi aldı. Soyumuş olsa da, kotleti iştahla yedi.
- Əşrəf!
- Nədi?
- Mən səni belə bilmirdim, qoçaq oğlansanmış, Petrovu yerində yaxşı oturtdun. Bizim hamımız sənə aşiq olmuşuq. Heç nədən qorxma. Səni məktəbdən qova bilməzlər. Hamımız sənin dalında durmuşuq. Öldü var, döndü yoxdur. Çörəyi yedinmi? Deyəsən səs gəlir, geri çəkil.
Əşrəf zirzəminin küncünə qısıldı. Ürəyi döyünə-döyünə bayırı dinlədi. Vanya kiminləsə xısın-xısın danışdı və aradan on dəqiqə keçəndən sonra yenidən Əşrəfi səslədi:
- Ala, bu südü də iç. Firidunla Luka göndəriblər. Sən Lukanı tanıyırsanmı? Bizim şairimiz. Özləri gələ bilməyiblər. Petrov indi də yataqxanada fırlanır. Süpürgəçi ilə göndəriblər.
- Çox sağ olsunlar.
Əşrəf südü başına çəkdi.
- Vanya!
- Nədi?
- Axı yata bilmirəm.
- Niyə?
- Siçanlar qoymur, özü də yaman nəmişlikdir.
- Bilirsən nə var, Əşrəf, zirzəminin aşağısında balaca bir taxta var, başa düşdünmü? Oranı axtar... Tapdınmı? Onu qaldır, qabağına nazik bir pilləkən çıxacaq. Orada balaca otaq kimi yer var. Səhərəcə uzan yat, sonra yenə düşərsən aşağı. Bax, gecikmə ha, sonra sirrimizi açarsan.
- Sən bunları haradan bilirsən, Vanya?
- İki-üç dəfə özüm orda yatmışam.
- Nəyin üstündə?
- Elə bilirsən qoçaq tək sənsən? Di get, gecən xeyrə qalsın.
Əşrəf əlləri ilə qaranlığı yoxlaya-yoxlaya pilləkəni tapdı. Taxtapuşdakı balaca otağa qalxdı. Kiçik pəncərədən təmiz hava onun üzünə vurdu. Əşrəf sinəsi dolusu nəfəs alıb yanağını şüşəyə söykədi. Göyün üzü tərtəmiz idi. Ulduzlar civə kimi titrəşirdi. Kür astadan qıjıldayır, mürgüləyən şəhərin ətrafına dolanırdı.
11
Axşam məşğələləri çoxdan qurtarmışdı. Tələbələr xörəklərini yeyib yataqxanaya getmişdilər. Uşaqların yatmasını xəbər verən zəng də çoxdan vurulmuşdu. Amma Dmitri Dmitriyeviç evinə getməmişdi. O, kabinetində təkcə oturmuşdu. Kipianini tələbələrin gözü qarşısında həbs edilməsi, atlı kazakların axışıb seminariyanın həyətinə doluşması, nəhayət, polis rəisinin özbaşınalığı onu hövsələdən çıxartmışdı. Onun icazəsi olmadan rəhbərlik etdiyi məktəbdə görülən işləri Semyonov pedoqoji tə'limə zidd hesab edirdi. O, bir direktor kimi bu barədə Qafqaz maarif müvəkkilinə, eləcə də qubernatora raport göndərmiş və tələb etmişdi ki, bu cür özbaşınalıqlara son qoyulsun. Semyonov belə zənn edirdi ki, onun sözü eşidiləcək, hətta Kipianini də azad edəcəklər. Lakin o, tələbələrindən arxayın deyildi. Uşaqların əhvali-ruhiyyəsi onu yamanca narahat edirdi. Semyonov görürdü ki, tələbələr sarsılıblar, daha əvvəlki kimi dərslərə can yandırmırlar. Hətta müəllimlərin dərs deməsinə belə tez-tez mane olurlar. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər. Hətta bir neçə dəfə gəlib Əşrəfin azad olunmasını belə tələb etmişdilər. Semyonov isə sözünün üstündə möhkəm dayanmış, bir direktor kimi verdiyi əmri geri götürməmişdi. Bu gün isə vəziyyət daha da ciddiləşmişdi. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün olunması xəbərini eşidən kimi dərsi yarımçıq qoyub onun evini əhatə etmişdilər. Hətta xristian şö'bəsinin tələbələri polislərlə savaşmışlar: Onların bir neçəsi indi də qəza dəftərxanasının zirzəmisində dustaq idi. Bütün bunlar Semyonovu darıxdırırdı. O, hiss edirdi ki, rəhbəri olduğu məktəbin sükanı əlinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir. İndi Semyonov adamlara ehtiyatla yanaşır, hər işi şəxsən özü yoxlamamış arxayın ola bilmirdi.
Yarım saat bundan əvvəl növbətçi müəllim tələbələrin yataqxanada olduğunu və yuxuya getdiklərini direktora xəbər vermişdi. Hətta gündəlik qeydlər dəftərində də imza atıb evinə getmişdi. Semyonov isə bir qədər də gözləməyi, yatmağa getməzdən əvvəl yataqxananı yoxlamağı qərara almışdı.
Saat yeknəsəq bir ahəngdarlıqla danqıldadı. Semyonov düşüncələrdən ayrılıb ayağa durdu. Şlyapasını və qara frakını asılqandan götürdü. Elə bu vaxt qapı ehmalca döyüldü. Semyonov "kimdir?" - deyə soruşdu. Ucaboy, nazik bir adam içəri girdi. Direktor heç nə soruşmadan bu adamın çərkəzi paltarına, belindəki gümüş xəncərinə baxdı. Gələn adam da özünü itirmiş kimi bir xeyli dinmədi. Yan-yörəsinə boylandı. Otaqda direktordan başqa heç kimin olmadığını yəqin etdikdən sonra döş cibindən bir zərf çıxartdı.
- Bu sizə çatacaq.
Semyonov zərfi aldı. Şamın işığına tutub diqqətlə nəzərdən keçirdi. Kağızın üstündə nə poçt möhürü vardı, nə də surğuc.
- Kimdəndir?
- Bilmirəm. Xahiş etdilər, Sizə çatdırım.
- Bəs siz kimsiniz?
- Tanımazsınız, Dmitri Dmitriyeviç, ancaq mən sizi tanıyıram. Siz gimnaziyada mənim qızıma dərs deyirsiniz. Məni bağışlayın, tələsirəm. Salamat qalın.
O gəldiyi kimi də sakitcə qapını örtüb getdi. Semyonov bir xeyli heç nə düşünmədən sükut içində dayandı. Sonra zərfi açdı. Onun içində bir balaca kağız vardı. Kim isə qələmlə tələsik bir neçə söz yazmışdı. "Cənab direktor, sabah səhər tezdən Tiflisdən gələn kazaklar Sizin seminariyanı mühasirəyə alacaq və məktəbdə axtarış aparacaqlar. Ehtiyatlı olun. Sizin və bütün xeyirxah adamların dostu olan bir nəfər".
Semyonov çaşıb qaldı. Frakını və şlyapasını stolun üstünə atıb kürsünü altına çəkdi. Şamdanı lap yaxına gətirdi. Məktubu dönə-dönə, diqqətlə təkrar-təkrar oxudu. Bir müddət gözünü kağıza zilləyib dayandı. Xeyli vaxt müəyyən bir qərara gələ bilmədi. İndi o neyləsin? Məktubda yazılanlara inansınmı? Dərhal hamını ayağa qaldırıb polislərdən qabaq özü məktəbdə axtarış aparsın, yoxsa buna əhəmiyyət verməsin? Bəlkə bu məktubu pis niyyətlə yazıblar? Bəlkə bu, xəfiyyələrin qurğusudur?
Kişi lap darıxdı. Yataqxanaya getmək istədiyini, Çernyayevskini gözlədiyini unutdu, ayağa durub fikirli-fikirli otaqda gəzindi. Saat on ikiyə az qalırdı: Yəqin indi uşaqların hamısı yatır. Əgər bu xəbər doğrudursa, kazaklar səhər tezdən burada olmalıdırlarsa, indi Tiflisdən yola düşüblər. Onlar bütün gecəni yatmayacaq, məktəb yuxuda ikən üstümüzü almağa çalışacaqlar. Görəsən bu kimin qurğusudur? Yoxsa mənim özümü də ləkələmək istəyirlər? Yoxsa bizim seminariyanı da şübhəli məktəblər cərgəsinə qatmaq istəyirlər? Bizim uşaqların əlində nə ola bilər?
O bir qədər sakitəşdi və təşvişə düşməyi yersiz saydı, hətta bu barədə heç kəsə bir söz deməməyi qərara aldı. Yenidən şlyapasını və frakını götürdü. Qapıya çatmamış bayırda ayaq səsi eşidib dayandı. Aleksey Osipoviç içəri girdi və azacıq əyilib direktora tə'zim etdi.
- Üzr istəyirəm, gecikdim.
- Eybi yoxdur.
Onun səsi titrədi. Aleksey Osipoviç diqqətlə direktorun üzünə baxdı:
- Niyə həyəcanlısınız?
Semyonov susdu. Hətta ən yaxın dostuna belə, bir az bundan əvvəl aldığı məktub barədə heç nə deməməyi qət etdi. İri addımlarla qapıya yaxınlaşdı. Əlini cəftəyə apardı. Ancaq qapını açmadı. Qanrılı Aleksey Osipoviçin üzünə baxdı:
- Məyər həyəcanlanmamaq olurmu?
- Nə üçün, yenə təzə xəbər var?
- Var, özü də lap qəribəsi. Buyurun.
Aleksey Osipoviç kağızı alıb işığa yaxınlaşdı. Semyonov isə arxasını qapıya söykəyib dayandı və dostunun məktubu oxuyub qurtarmasını gözlədi.
- İndi nə edək, Aleksey Osipoviç?
- Uşaqlara məsələni açmaq lazımdır.
- Yə'ni onlarda qadağan olunmuş bir şey tapılar?
- Meşə çaqqalsız olmaz.
Onlar susdular. Aleksey Osipoviç zahirən özünü təmkinli aparsa da, direktordan çox təlaş keçirirdi. O, Əşrəfin çarpayısından həmin kitabı tapdıqdan sonra şübhə etmirdi ki, uşaqlarda buna bənzər başqa kitablar da var. Əgər bunlar ələ keçsə, seminariyanı boykot edər, bütün müəllim hey'ətini dəyişdirər, bəlkə də məktəbi lap birdəfəlik bağlayardılar.
- Necə məsləhət bilirsiniz, gedəkmi?
- Gedək. Özü də bir az tələsmək lazımdır.
Aleksey Osipoviç qabağa düşdü. Ancaq astanada dayandı:
- Az qalmışdı ki, unudum, Dmitri Dmitriyeviç, tələbələrdən bir neçəsi sizi görmək istəyir.
- Kimdir, hardadırlar?
- Burdadırlar. Eyvanda dayanıblar.
- Nə olub, yenə vuruşublar?
- Bilmirəm. Nə qədər soruşdumsa demədilər.
Semyonov qapını açıq qoyub iti addımlarla eyvana çıxdı.
- Kimdir məni görmək istəyən?
- Bizik, cənab direktor.
Semyonov eyvanın küncünə, səs gələn tərəfə döndü:
- Siz kimsiniz, bəri, işığa çıxın.
Pəncərədən süzülən işıq döşəməyə sərilib onu zolaq-zolaq etmişdi. Uşaqlar qaranlığı yaran bu işıq zolağına yaxınlaşdılar. Semyonov Lukanı, İvanı dərhal tanıdı. Sonra da dönüb onlardan bir az kənarda dayanan Firiduna baxdı:
- Nəüçün indiyə qədər yatmamısınız?
- Vacib işimiz var.
- Nə olub, yenə dalaşmısınız? İndi kim-kimə hücum edib, xristianlar, yoxsa müsəlmanlar?
Luka yoldaşlarının əvəzində cavab verdi:
- Heç kəs dava eləməyib, cənab direktor, biz başqa iş üçün gəlmişik.
- Yoxsa yenə tələb edəcəksiniz ki, Əşrəfi buraxım, Firidun, elədir?
- Ondan başqa da tələbimiz var.
- Elə isə, buyurun içəri.
Semyonov qabağa düşdü. Keçib öz yerində, kürsüdə əyləşdi. Tələbələrə də oturmağı təklif etdi. Çernyayevski kənarda, pəncərənin önündə dayandı. Semyonov onları bir qədər gözlədikdən sonra yarızarafat dilləndi:
- Buyurun, mən diplomatik danışıqlara başlamağa hazıram, cənablar.
Xristian şö'bəsinin tələbəsi ivan direktorun danışıq ahəngindən xoşlanmasa da, özünü itirmədi və dərhal sözə başladı:
- Cənab direktor, Kipianinin və onun ailəsinin vəziyyətindən yəqin ki, xəbərdarsınız. Biz tələbələr onlara yardım etmək məqsədilə pul toplamışıq, hətta müəlilmlərdən də bə'ziləri bu işə qoşulublar. Elə bilirik ki, siz də bu işə tərəfdar çıxıb, bizim səsimizə səs verəcəksiniz.
Semyonovun qaşları çatıldı. Sifətindəki qəzəb bir an içində yox oldu. Uşaqların bu cür qayğıkeşliyini o heç gözləmirdi. Hətta belə bir işin nə üçün əvvəlcə onun ağlına gəlmədiyinə hirsləndi də. Onun keçirdiyi bu hal tələbələrin nəzərindən yayınmadı. Semyonov bir xeyli fikirli-fikirli barmağı ilə stolu taqqıldatdı və səsini alçaldıb mülayimliklə soruşdu:
- İndi tələbiniz nədir?
- Bir qədər də siz pul verin, sonra da həmin pulların cənab Kipianiyə çatdırılmasına kömək edin.
Otağa ağır sükut çökdü. Saat kəfgirinin tıqqıltısı daha da gücləndi.
- Nə qədər pul yığmısınız?
- Bizim şö'bə iki yüz əlli manat.
- Müsəlman şö'bəsi də bir o qədər toplayıb.
- Yaxşı iş görmüsünüz, bala, sizin alicənablığınızdan xoşum gəldi. Pulları verin mənə. Sabah müəlilmlərdən də toplayarıq, lazımi yerlərlə özüm danışaram. Çalışaram ki, siz deyən kimi olsun. Siz necə məsləhət görürsünüz, Aleksey Osipoviç?
- Bu barədə müəllimlərlə danışmağı mən öhdəmə götürürəm. - Gərək məbləği heç olmasa min manata çatdıraq.
- Başqa sözünüz yoxdur ki?
- Var, - Firidun dilləndi. - Əşrəf...
- Gəlin o barədə danışmayaq. Əmr geri götürülməz.
- Biz başqa şey tələb edirk, cənab direktor, - deyə Firidun ötkəmliklə sözünə davam etdi. - Əşrəfə bundan əlavə cəza verilməməlidir. Əks təqdirdə, bütün tələbələr işə qarışacaq.
- Məni hədələyirsiniz?
- Yox, xəbərdarlıq edirik.
Semyonov hüzurunda dayanan bu dəliqanlı uşaqlara ürəyindən keçənlərin heç birini demədi. Əşrəfi nə üçün cəzalandırmalı olduğunu açıb söyləmədi. Bunu qüruruna da sığışdırmadı. Həm də bu söhbəti kəsməyi qərara aldı. Bir də, bu saat o, tikan üstündə oturmuş kimi narahat idi. Gecə keçirdi. Uşaqlar direktorun nələr fikirləşdiyiin anlamasalar da, hiss etdilər ki, o çox qayğılıdır.
Semyonov fikrini topladı və astaca dilləndi:
- O barədə sonra danışarıq. İndi isə daha vacib məsələ var. Madam ki, diplomatik danışığa başlamışıq, onda gərək mənə də qulaq asasınız. Aldığımız mə'lumata görə, sabah, səhər tezdən polislər məktəbimizdə axtarış aparacaqlar.
- Məqsədləri nədir?
- Mə'lum deyil, hər halda ehtiyatlı olmaq lazımdır.
- Deyin görək, biz nə etməliyik?
- Bu saat gedin yataqxanaya, şübhə doğura biləcək kitabınız varsa gizlədin. Silahınız varsa, onu da gizlədin. Elə edin ki, ələ bir şey keçməsin, aydındırmı?
Uşaqlar əmr almış əsgər kimi ayağa durdular:
- Getmək olarmı?
- Gedin, ancaq bu işi səssiz-küysüz görün, mən sizə arxayınam, əziz balalar.
Uşaqlar direktorun otağından çıxdılar.
12
Yataqxananın qapısı açılan kimi uşaqlar yorğanı üstlərinə çəkib gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən tərpənməyəcəkdilər.
Firidun çarpayıların arası ilə irəlilədi. Uşaqlar gələnin öz yoldaşları olduğunu bilən kimi yorğanı üstlərindən atdılar və yerin içində dik oturdular. Hamının gözü ona zilləndi:
- Hə, nə oldu, Əşrəfi buraxdılar?
- Yox.
- Niyə?
- Dedilər ki, əmr geri götürülməz.
- Biz onları məcbur edərik. Uşaqlar, geyinin, gedək birbaş direktorun evinə.
Firidun onlara mane oldu:
- Dayanın.
- Yenə təzə xəbər var?
- Sabah polislər məktəbimizdə axtarış aparacaqlar.
Yataqxanaya bir anlıq sükut çökdü. Heç kəs dinmədi. Hamı bir-birinin üzünə baxdı.
- Qoy axtarsınlar, nə tapacaqlar?
- Necə nə tapacaqlar? - deyə Osman cavab verdi. - Bəhanə eləməyə nə var? Bir xəncər tapsalar, hay-harayları dünyanı götürəcək.
- Gəlin, belə eləyək, - deyə Firidun yoldaşlarını sakitləşdirdi, - kimin nəyi varsa, gətirsin, hamısını bir yerdə gizlədək. Sonra yenə götürərik. Xristian şö'bəsinin uşaqları da belə məsləhət etdilər. Əvvəlcə kitablarınızı yoxlayın.
Uşaqlar çarpayılarından düşdülər. Hər kəs öz yerini yoxladı. Əllərinə keçən kitabları vərəqlədilər. Kim nədən şübhələndisə gətirib ortaya qoydu. Burada Puşkin də var idi, Füzuli də. Firidun da döşəyin altında gizlətdiyi kitabı çıxartdı. Hardansa bir sandıq tapdılar. Kitabları səliqə ilə ora yığdılar.
- Daha bir şeyiniz yoxdur ki?
- Var, - deyə Osman Əşrəfin döşəyinin altındakı xəncəri gətirdi. Sandığın içinə qoymazdan əvvəl tiyəni qınından siyirib baxdı. - Kürə çimməyə gedəndə lazım olurdu. Bir-iki dəfə şəhərdə köməyimizə çatıb. Özün bilirsən ki, adam hərdənbir yumruq davasına da çıxır. Firidun xəncəri alıb kitabların altında gizlətdi. Osmandan sonra bir-iki xəncər də gətirdilər. Hətta bir tapança da verən oldu. Sandığın ağzını bağladılar. Elə bu vaxt Aleksey Osipoviç içəri girdi. Uşaqlar dərhal çarpayıya uzanıb yorğanı başlarına çəkdilər. Aleksey Osipoviç heç nə demədi. Astaca addımlarla çarpayının arasını dolaşdı, açıq qalan dolabçaların ağzını bağladı, sonra Firidunun üzünə baxdı:
- Bir şey qalmadı ki?
- Yox.
Tələbə ilə müəllim bir neçə saniyə sükut içində dayandılar. Onların baxışları bir-birinə zilləndi. Bu lal danışıqla ürəklərindən keçənləri anladılar.
- Arxayın olun, cənab inspektor.
Pəncərə astaca döyüldü. Firidun alnını şüşəyə söykəyib bayıra baxdı. İvanla Luka onu gözləyirdi.
- Aleksey Osipoviç, icazə versəniz biz gedərdik.
- Bu şeyləri hara aparırsınız?
- Məktəbin yanında, hasarın dibində tut ağacı var, orada basdıracağıq.
- Yer hazırdırmı?
- Lukagilin adamları oradadırlar.
Uşaqlar başlarını yorğanın altından çıxardıb söhbətə qulaq asırdılar. Aleksey Osipoviç bunu duysa da, özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur.
Firidun astadan Osmanı çağırdı. Onlar köməkləşib sandığı götürdülər. Səs salmadan həyətə çıxdılar. Aleksey Osipoviç həyətdə onlardan aralandı:
- Sonra mənə mə'lumat verərsiniz.
Uşaqlar yataqxanadan aralandılar. Ay qərbə doğru əyilsə də, ətraf işıqlı idi. Evlərin kölgəsi yolların ortasına sərilmişdi. Uşaqlar nəzərə çarpmamaq üçün divarın dibinə qısıldılar. Bu minvalla bir-iki döngə keçib məktəbin hasarına yaxınlaşdılar. Birdən Luka ayaq saxladı. Bir kölgə küçəni sürünə-sürünə keçdi. ayaq səsləri yaxınlaşdı. Uşaqlar nəfəslərini içərilərinə salıb susdular. İvan astaca dilləndi:
- Odur.
- Kimdir?
- Petrov.
- Nədən bildin?
- Çəkməsinin cırıltısından.
- Deyəsən izmizə düşüb.
- Bəs nə edək?
Osman sandığı çiynindən düşürüb Firiduna verdi:
- Siz işinizdə olun, mən onun öhdəsindən gələrəm.
Kölgə lap yaxınlaşdı. Uşaqlar bir az da divarın dibinə qısıldılar. Osman dəstədən aralandı və küçəni o taya keçdi. Petrov səs eşidib dayandı və Osman gedən tərəfə boylandı, sonra divarın dibinə sinə-sinə onu tə'qib etdi. Osman gah dayanır, gah da az qala yerə yatır, gah da bir anlığa işıqda görünürdü. Petrov da kölgə kimi onu izləyirdi. Firidun başa düşdü ki, Osman onu yataqxanaya doğru aparır.
Luka dilləndi:
- Dayanmayın, gedək.
Onlar yenidən yola düzəldilər.

13
Zər poqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri saldı və dabanlarını cütləyib tə'zim etdikdən sonra geri çəkildi. Dmitri Dmitriyeviç böyük zalın astanasında dayandı. Bir xeyli hansı tərəfə gedəcəyini müəyyənləşdirə bilmədi. Qubernatorun kabineti o qədər böyük idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də küçəyə baxan pəncərələrin çoxunun taxtası bağlandığından, yuxarı başa qaranlıq çökmüşdü.
Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq əyilib tə'zim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə işarə etdi ki, əyləşsin. Semyonov yumşaq stullardan birində oturdu və qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. Qıvrım saçları ağarmışdı. Hətta bə'zi yerlər papiros hisinə düşmüş kimi saralmışdı. Çiynindəki poqonun zərli saçaqları astaca tərpənirdi. Qubernatorun bakenbardı az qala uzun bığlarına qarışmışdı. O sakit və qaraqabaq adama oxşayırdı.
Semyonov qubernatoru süzdükdən sonra gözünü onun üzündən yayındırıb divara baxdı. Hər yer yağlı boya ilə rənglənmişdi. Həm də fırça elə işlədilmişdi ki, adam divara suvaq yox, palıd ağacından qabıq çəkildiyini zənn edirdi. Qubernatorun başı üstündə imperatorun tavandan döşəməyə qədər divarı tutan iri şəkli asılmışdı. Həmin şəklin önündə qubernator lap balacalaşır və iri masa arxasında əyləşən bir oyuncağa dönürdü.
Döşəməni neftlə sildiklərindən hava ağırlaşmışdı. İçəridəki bu kəsif qoxu və ağır sükut adamı darıxdırırdı. Üstəlik, küncdən iri saatın ahəngdar tıqqıltısı otağa hüznlü bir səs yayırdı.
Qubernator kağızları xışıldadıb kənara qoydu və kürsüdə yayxandı. Əllərini qarnının üstündə çarpazlayıb, əsnəməyini güclə saxladı:
- Hə, cənab direktor, mən Sizi dinləyirəm.
Semyonov stulunu azca irəli çəkdi və dirsəyini masanın üstünə qoydu. Qovluqdan bir kağız çıxardıb qubernatora uzatdı:
- Bu raportda bütün vəziyyəti yazmışam.
Qubernator kağıza ötəri bir nəzər salıb kənara itələdi:
- Şifahi danışın, görüm tələbiniz nədir?
- Zati-aliləri, son zamanlar seminariyada elə bir vəziyyət əmələ gəlmişdir ki, işləmək qeyri-mümkün olmuşdur.
- Doğrudur, doğrudur, - deyə qubernator başını tərpəndib Semyonovun dediklərini təsdiq etdi və səsini ucaldıb dirçəldi. - Kimdir müqəssir?
- Elə mən də bunu aydınlaşdırmaq istəyirəm, cənab qubernator, axır vaxtlar bizə işləməyə imkan vermirlər. Hər cür pedaqoji qaydanı pozurlar.
- Məsələn?
- Məsələn? - deyə Semyonov bir az duruxdu, - tələbələrin gözü qarşısında sinifdən müəllimi çıxardıb həbs edirlər.
Qubernator halını pozmadan ağzını marçıldatdı:
- Daha sonra?
- Yataqxanada və məktəbdə axtarış aparırlar. Zənnimcə, polis idarəsi bizim aramıza xəfiyyələr də göndərmişdir. Məgər bunlar qanunsuzluq deyilmi, zati-aliləri? Mən bizə qarşı göstərilən bu e'timadsızlığı böyük həqarət sayıram. Axı bu inamsızlıq nədən irəli gəlir?
Qubernator heç nə demədi. Mizin üstündəki qovluqlardan birini götürüb vərəqlədi:
- Həbs olunmuş müəllimin familiyası, gərək, Kipianidir, eləmi?
- Bəli. Onun heç bir günahı yoxdur. Mən Sizə raport göndərmişdim və xahiş etmişdim ki, bu işə özünüz qarışasınız. Məsələyə ədalətlə yanaşılsa, o, mütləq azad edilər. Ancaq yerli polislər nədənsə çox tələsirlər. Kipianinin ailəsini də Qoridən köçürtdülər. Deyilənə görə onları sürgün etmək istəyirlər. Bütün bunlar seminariyanın uşaqlarına pis tə'sir edir, zati-aliləri, onlarda bizim imperiyaya qarşı e'timadsızlığın və qəzəbin artmasına səbəb olur.
- Gərək ki, mən onu işə götürmək istəmədikdə israr edən yenə Siz idiniz?
- Bəli. Mən yenə də bu fikirdəyəm ki, Kipiani ən yaxşı vətəndaş və müəllimdir.
- Maraqlıdır... Sizin mülahizələriniz çox maraqlıdır. Təklifiniz nədir?
- Kipianini azad etmək haqqında sərəncam verəsiniz. Daha sonra, tələbələr və müəllimlər ona və ailəsinə yardım göstərmək məqsədi ilə pul toplayıblar. Qori qəza polis rəisi bu pulu məhbusa çatdırmaqdan imtina edir. Xahiş edirəm, bu barədə Siz özünüz sərəncam verəsiniz. Onun vəziyyəti çox ağırdır.
- Sizin mərhəmətli bir şəxs olmağınız mənim qəlbimi az qalır riqqətə gətirsin, cənab Semyonov, daha nədən narahatsınız?
- Mənə bir direktor kimi e'timad edilməməsindən. Mən xahiş edirəm, göstəriş verəsiniz, bundan sonra bir daha tələbələrin və müəllimlərin izzət-nəfsinə toxunmasınlar. Elə bilirəm biz nə iş tutduğumuzu polislərdən yaxşı başa düşürük.
Qubernator kürsüdə bir az yayxandı və gözünü qıyıb müsahibinə baxdı. Dmitri Dmitriyeviç də gözünü ondan çəkmədi. O nə qədər çalışdısa da, sifətinin bircə ə'zası belə tərpənməyən, soyuq baxışlı qubernatorun nə düşündüyünü, onun dedikləri ilə şərik olub-olmadığını müəyyənləşdirə bilmədi. Qubernator yenə əvvəlki kimi sakit və təmkinli idi. Ona görə də onun verdiyi sual Semyonov üçün çox gözlənilməz oldu.
- Peterburqdan çoxdanmı çıxmısınız?
- On ildir. Necə məgər?
- Heç, elə-belə soruşdum. Buralarda darıxmırsınız ki?
- Öyrəşmişəm. Bir də iş çoxdur.
Qubernator ayağa durdu. Asta addımlarla pəncərəyə yaxınlaşıb taxtanı araladı. Şiddətli işıq zolağı qaranlığı qılınc kimi kəsdi və mizin üstünə sərildi. Divarın bir tərəfi işıqlandı. Şəkildəki imperatorun poqonu, ordenləri və qızıl düymələri işığa qərq oldu. Qubernator əllərini geri yanında çarpazlayıb bir çiyni üstünəd döndü və Semyonova çəpəki nəzər saldı. Semyonov onun azacıq donqarlanmış belini və qövsşəkilli əyri qıçlarını aydın gördü. Onun dizinin kündəsinə qədər çəkdiyi çəkməsi, dabanlarındakı mahmızlar par-par parıldayırdı.
- Sizi Qafqaza kim göndərib?
- Mənimi? - deyə Semyonov təəccüblə soruşdu və çiyinlərini çəkdi. - Heç kim.
- İstəsəniz Peterburqda qala bilməzdinizmi?
- Qala bilərdim, ancaq elə zənn edirəm ki, mən burada daha çox fayda verirəm.
- Kimə?
Semyonov bu gözlənilməz sualdan sonra bir az duruxdu və gördü ki, qubernator yenə əvvəlki kimi dayanıb, çəpəki nəzərlə ona baxır..
- Qafqaz xalqına və öz millətimə.
- Maraqlıdır... Çox maraqlıdır. - Qubernator gəlib öz yerində əyləşdi və mizin üstündəki zəngi çaldı. Bayaqkı cavan zabit qapının ağzında göründü. Qubernator üzünü Dmitri Dmitriyeviçə tutdu. - Bir fincan qəhvə gətirsələr, imtina etməzsiniz ki?
- Çox sağ olun.
- Buyuracaqsınız.
Zabit heç iki dəqiqə keçməmiş gümüş sinidə qəhvə gətirdi. Fincanlara süzdü və dinməz-söyləməz çıxıb getdi. Qubernator fincanın birini Dmitri Dmitriyeviçin qabağına qoydu, birini də özü götürüb qaşıqla qarışdırdı:
- Cənab Semyonov, Siz burada kimi təmsil edirsiniz?
- Sualınız çox mürəkkəbdir, zati-aliləri!
- Burada mürəkkəb bir şey yoxdur, - deyə qubernator gülümsündü. - Məsələn mən, Ə'lahəzrət imperatorumuzu, böyük rus imperiyasını təmsil edirəm. Bəs Siz?
- Mənmi? - Semyonov da gülümsündü, - mən olsa-olsa rus ziyalılarının bir nümayəndəsiyəm.
- Unutmayın ki, rus ziyalılarının çoxu imperiyanın mə'murudur. Elə Siz özünüz də Qafqaza gəlmiş bir mə'mursunuz.
- Zati-aliləri, rəsmi vəzifədən başqa bir də hər insanın vətəndaşlıq borcu var. Mən rəsmi mə'murlardan daha çox öz vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram. Elə Qafqaza da bu məqsədlə gəlmişəm.
- Maraqlıdır... Çox maraqlıdır... Lütfən söyləyin görüm, Siz vətəndaşlıq borcunu nədə görürsünüz?
- Öz millətimin və vətənimin şərəfini ucaltmaqda. Zəninmcə, hər bir namuslu vətəndaş çalışmalıdır ki, öz hərəkətləri ilə mənsub olduğu xalqın yaxşı keyfiyyətlərini nümayiş etdirsin. Bə'zən bir adamın timsalında bütün xalq haqqında təsəvvür yaranır.
- Ona görə də buralarda məktəb açıb yerlilərin uşaqlarına dərs deyirsiniz, eləmi? Həm də bu işin rus millətinə xeyri olduğunu söyləyirsiniz. Məni başa salın görüm, yerli millətlərin savadlanmasının ruslara nə kimi xeyri dəyə bilər?
Dmitri Dmitriyeviç elmin, maarifin hamıya lazım olduğundan, savadsızlığın nəinki ucqarlarda, hətta Rusiyanın mərkəzində də bəlalar törətməsindən, hər bir namuslu ziyalının bu bəlalarla mübarizə aparmağa borcu olduğundan danışmaq istəmədi. Hiss etdi ki, qubernator qəsdən, hansı bir gizli niyyətləsə bu cür sual verir. Ona görə də onun rəsmi sualına rəsmi cavab verməyi qərara aldı:
- Xeyri olmasaydı, Ə'lahəzrət imperator özü yerlilər üçün məktəb açılması haqqında fərman verməzdi.
Qubernatorun sol qaşı azacıq səyridi. Gözünün qarası bir neçə saniyə titrədi. Ancaq bunlar çox çəkmədi. Onun sifəti yenə əvvəlki kimi soyuq ifadə aldı. Dodaqlarında anlaşılmaz bir təbbəsüm oynadı:
- Ə'lahəzrət imperatora yerlilərdən rus dilini bilən mə'murlar lazımdır, cənab direktor, amma Siz, deyəsən, bu vəzifəni unudub, maarif məş'əli yandırmaq istəyirsiniz.
- Bu bizim tarixi borcumuzdur. Millətlər gərək bir-birinə kömək etsinlər, şüurlar oyansın.
- Borc... millət... şüurlar oyansın. Çox maraqlıdır, çox maraqlıdır.
Qubernator siyirtməni çəkdi. Xeyli eşələndikdən sonra iri bir şəkil çıxardıb, astaca Semyonova doğru itələdi:
- Bunu tanıyırsınızmı?
Dmitri Dmitriyeviç şəkli götürdü. Jiletinin döş cibindən eynəyini çıxardıb gözünə taxdı və diqqətlə baxdı:
- Tanıyıram. Müəllimdir. Bizim seminariyaya tələbə gətirmişdi. Göytəpədəndir. Adı Əhməddir.
- Bəlkə tələbələri bəhanə edib Kipiani ilə görüşməyə gəlmişdi?
- Mən Sizə təəccüb edirəm, cənab qubernator, nə üçün hamıya şübhə ilə yanaşırsınız?
- Bəs bu necə? - deyə qubernator təzə bir şəkli qəzəblə masanın üstünə atdı.
Semyonov şəklə baxdı. Təəccüblə çiyinlərini çəkdi. Sonra ayağa durub otaqda hirslə gəzinən qubernatora baxdı. O, leə bil bir az bundan əvvəlki sakit adam deyildi. Dabanlarının zərbindən döşəmə titrəyir, mahmızlarının cingiltisi otağı doldururdu.
- Bunun oğlu Sizin seminariyada oxuyur. Özü isə meydanda at oynadıb bizim kazaklarla döşləşir. Heç kəsi tanımaq istəmir. Başa düşdünüzmü bunlar nə deməkdir, cənab Semyonov? Əgər onları vaxtında əzməsək, bizə qan uddurarlar. Unutmayın ki, biz buraya qoşunla, ordu ilə gəlmişik. Süngülər, kazak qılıncları, qalalar olmasa, bircə gün də hakimiyyəti əldə saxlaya bilmərik. Aydındırmı? Bizə Sizin maarif ordunuz yox, əli qılınclı kazak lazımdır.
Qubernator dabanı üstə qalxıb bir-iki dəfə ləngər vurduqdan sonra keçib yerində əyləşdi. Dərhal əvvəlki kimi balacalaşdı və sakitləşdi:
- Qəhvənizi için.
Semyonov soyumuş qəhvəni dodaqlarına yaxınlaşdırdı. Qurtumqurtum içməyə başladı. Onun hülqumu qalxıb-endi, nə qədər çalışdısa da, qurultunu kəsə bilmədi. Özü də hiss etdi ki, əlləri əsməyə başlayıb. Qubernator qaşığı sakitcə fincanın içində hərlədi. Gözünü qapıya doğru zillədi:
- Sizin neçə yaşınız var?
- Əlli tamam olmuşdur.
Ortaya sükut çökdü. Qubernator kiçik qurtumlarla fincanı boşaltdı, siniyə qoyub geri itələdi. Təzədən kürsüyə yayxandı və gözünü qıyıb Semyonovu süzdü:
- Çox yorğun görünürsünüz, deyəsən, Qafqaz sizi əldən salıb.
Semyonov fincanı dodaqlarında saxladı və təəccüblə qubernatorun üzünə baxdı. Son qurtumunu içmədən fincanı siniyə qoydu. Dəsmalla ağzını quruladı:
- Hələlik yorğunluqdan şikayət etmirəm.
- Siz gizlətsəniz də qayğınıza qalmaq bizim borcumuzdur. - O xeyli dayandı və birdən irəli əyilib iki əlini mizin üstünə qoydu. Bu dəfə onun qaşları qalxdı, alnı düyünləndi və gözləri hiyləgərcəsinə qıyıldı. - Necə bilirsiniz, Sizin istirahət vaxtınız çatmayıbmı?
Dmitri Dmitriyeviç dəhşətli və zəhərli bir varlıqla qarşılaşmış kimi diksindi. Qubernator yenə əvvəlki vəziyyətində dayanıb, qıyıq gözlərini ona zillədi. Aşkarca fısıldamağa başladı.
- Siz mənə iste'faya çıxmağımı təklif edirsiniz?
- Xeyr, cənab direktor, məsləhət görürəm.
Qubernator ayağa durdu. Pəncərənin taxtasını örtdü. Qaranlıq ağız-ağıza qovuşub işığı uddu.
Semyonov qubernatorun yanından çox pərt çıxdı. Onlan vəsiqə soruşanlara cavab vermədi, həyətdə keşik çəkən kazakların yanından dinməz-söyləməz ötdü, arxasınca deyinən qorodovoyların səsini belə eşitmədi. Darvazadan çıxan kimi birbaş küçəyə endi, axışıb gedən izdihama qarışdı. Günortaüstü idi. Tiflis elə bil od tutub yanırdı. Daş səkilər, kərpic divarlar qızmışdı. Adamlar sərin yer axtarır, mümkün qədər evlərin kölgəsinə qısılmağa çalışırdılar. Faytonçular qamçılarını havada oynadırdılar. Qan-tərə batan atlar dördnala çapdıqca divarlar nal şaqqıltısını əks etdirib cingildəyirdi.
Semyonov əyri-üyrü küçələrdən, dar dalanlardan keçdi və özü də hiss etmədən şəhəri ortadan bölən Kürün sahilinə endi. Suyun nəfəsi onnu üzünə vurdu. Kişi dayanıb dərindən köksünü ötürdü. Qalstukunu açdı, köynəyinin yaxasını boşaltdı, pencəyini soyunub qolunun üstünə aldı. Külək onun islaq köynəyini bədəninə yapışdırdı. Semyonov dəsmal çıxardıb boynunu quruladı. Hirsdən və pərtlikdən od tutub yanan bədəni bir azca sərinlədi, ancaq ürəyi sakit olmadı. Qubernatorun son sözləri yenidən qulaqlarında səsləndi: "Sizin neçə yaşınız var? Necə bilirsiniz, artıq istirahət vaxtınız çatmayıbmı? Bu nə demək idi? O mənim qayğımamı qalırdı?" Semyonov təzədən həyəcanlandı. Sulara baxa-baxa körpüyə addımladı. Hər iki tərəfdən sıxışdırılıb yatağı daraldan Kür sanki burada, şəhərin ortasında sərbəst əl-qol ata bilmədiyindən, qəzəblənib özünü sahil daşlarına çırpır, onun boz-bulanıq suları burulub fırlanır, nəriltisini içəri salıb boğuq-boğuq uğuldayırdı. Elə bil o da insanlar kimi bu dar keçidlərdən çıxıb getmək və haysız-küysüz səhralarda asudə nəfəs almaq istəyirdi.
Semyonov suyun axarı ilə xeyli irəlilədi və Metex qalasının bərabərində ayaq saxladı. O birinci dəfə görürmüş kimi qarşıdakı sahilə gözünü zillədi. Hündür yarğanın lap üstündə iki, üçmərtəbəli evlər tikilmişdi. Eyvanlar süzüb Kürün üstünə gəlmişdi. Külək dirkələrə bağlanmış iplərin üstünə sərilən paltarları havada oynadırdı. Adama elə gəlirdi ki, bu saat yarğanın torpağı axıb töküləcək, evlərin divarları qarınlanıb gurultu ilə suya düşəcək. Orada yaşamaq bir yana qalsın, kənardan tamaşa etmək insanı vahimələndirir. Ancaq bu evlərin sakinləri heç nəyi veclərinə almırdılar. Əksinə, suya baxan pəncərələri açıb qurşağa qədər sallanır, qonşularını səsləyib nə isə deyirdilər. Uşaqlar eyvanlarda qaçışırdılar.
Semyonov bir xeyli sıldırım qayalıqlardakı qartal yuvalarını xatırladan bu evlərə baxdıqdan sonra gözünü Metex qalasına zillədi. Kilsəyə oxşayan bu bina nəhəng bir qayanın üstündə tikilmişdi. Sal daşların ətəyini Kürün ləpələri yalayırdı. Sular özünü həmin qayaya çırpır, sonra da burnu əzilmiş kimi geri çəkilib yatağına qısılırdı. Qala divarlarının üstündə keşikçilər dolaşırdılar. Onlar açıq səmanın fonunda xırdaca qarışqalara bənzəyirdilər. Semyonov istər-istəməz Kipianini xatırladı. Ona elə gəldi ki, o, buradadır. Bəlkə dar barmaqlıqların arasından şəhərə boylanır? Bəlkə o da Semyonov kimi gözünü kürün burulğanlı sularına zilləyib həsrətlə sahili seyr eləyir? Semyonov xəyalında yarğanın hündürlüyünü ölçdü: "Yəqin altmış arşın olar. Yox, lap çoxdur. Bəlkə də lap yüz arşındır? Görəsən, oradan atılıb suya düşmək olarmı? Adam qayalara dəyib parçalanmazmı? Yox, çətin işdir. Bu zindandan yaxa qurtarmaq heç ağlasığan iş deyil". Semyonov köksünü ötürüb yenidən qalanın zirvəsinə baxdı. Qüllənin arxasında səmanın açıq-maviyə çalan bir parçası görünürdü. Orada iki qartal qanad çalıb süzürdü. Onların kölgəsi bə'zən qalanın üstünə düşür, bə'zən də bərilərə gəlirdi.
Körpünün altından bir qayıq çıxdı. Suyun axarı ilə irəlilədi. Semyonov onların geyimindən başa düşdü ki, gələnlər kintolardır. Qayıq qalanın bərabərinə çatanda kintolardan biri çaxır tuluğunu havaya qaldırdı. Balabançılar neyi inildətdilər. Qayıqdakılar xorla oxudular. Onların səsi sal daşlara toxunub parçalandı. Köpüklü sular qayığı bura-bura uzaqlaşdırdı.
Semyonov qubernatorun sözlərini yenidən xatırladı: "Biz buraya qoşudla, ordu ilə gəlmişik. Süngülər, qalalar olmasa, bircə gün də hakimiyyəti əldə saxlaya bilmərik. Yoxsa öz maarif ordunuzu bizə qarşı qoymaq istəyirsiniz? Məsləhət görmürəm, cənab". Qubernator düz başa düşmüşdü. O, qəlblərdə yandırdığı maarif məş'əlinin sönəcəyini heç cür ağlına gətirə bilmirdi. Onun idealı insanlığa xidmət etmək idi. O, elmi, maarifi bir işıq, bir nur hesab edirdi. Bunu söndürmək yox, daha da gücləndirmək lazım idi. Bu yolda çətinliklər də olacaq. Qoy olsun. Məsləkə dönük çıxmaqdansa, namusla ölmək yaxşıdır. Semyonov öz yolundan qayıtmayacağını, yenə əvvəlki kimi işləyəcəyini qət etdi. Lakin Kipiani yadına düşdükdə yenə sarsıldı. Onu müdafiə edə bilmədiyinə görə xəcalət çəkdi. Əslində o, bu gün qubernatorla görüşə gedəndə inanırdı ki, hər şeyi knyaza başa salacaq və sübut edəcək ki, Kipiani günahsızdır. O, ümid edirdi ki, müəllimi həbsxanadan azad etdirəcəkdir. Ancaq qubernator bu barədə danışmaq belə istəmədi. Hətta onun özünü günahlandırdı. Üstəlik, çox incə eyhamla başa saldı ki, iste'faya çıxmaq lazımdır. Ona ən çox tə'sir edən də bu idi. Neçə ildən bəri zəhmət çəkib məktəbi sahmana salmışdı. Müəllimlər kəndbəkənd düşüb tələbə yığmışdılar. Yeni şö'bə açmışdılar. Bunları qoyub hara getsin? Seminariyadan başqa Qoridə qız gimnaziyası da açmışdılar. Müəllimlər orada könüllü olaraq dərs deyirdilər. Bütün bu zəhmətləri hədərmi getsin? Yox, mən geri çəkilməyəcəyəm. Peterburqa yazacam. Maarif Nazirliyinə, lap imperatorun özünə müraciət edəcəm. Bəlkə bu işdə mənə Uşinskinin dostları da kömək etdilər. Axı, o mənim qaynatam olmaqdan başqa böyük pedaqoqdur. Mənim müəllimim olmuşdur. Onun tələbələrinin çoxu indi nazirlikdə işləyir.
Semyonov bu cür qarışıq fikirlərlə xeyli gəzdikdən sonra sahildən aralandı. Meydançaların birində fayton saxlatdı. Vağzala sürməsini xahiş etdi. Daş döşəmədə nal şaqqıldadı. Atlar yeknəsəq addımlarla irəlilədilər. Qədim daş körpüdən keçəndə kilsə zəngləri çalındı. Semyonov dönüb şəhərə baxdı. Boz daşdan tikilmiş kilsələr şəhərin evlərindən seçilirdi. Onların sivri qülləsi qılınc kimi sırılıb göyə ucalırdı. Qızılı xaçlar parıldayırdı. Kilsə zəngləri ara verən kimi müsəlman hissəsindəki göy kərpicdən tikilmiş qoşa minarəsindən müəzzinin səsi eşidildi.
14
Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs salmamaq üçün xır yolundan çıxdılar. Təpələrin arasında cilovu çəkib dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq batırdı. Sahil boyu səpələnmiş daxmaların işığı çoxdan sönmüşdü. Göyün üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. Yalnız Kür daxili bir qəzəbdən titrəyirmiş kimi boğuq-boğuq uğuldayırdı. Hardasa kəsik-kəsik it hürürdü.
Atlılar xısınlaşdılar. Astadan fit çalındı. Bu işarədən sonra Acıdərə tərəfdən qatar-qatar qaraltılar axışıb gəldi. Onlar da təplərin arasında dayandılar. Kimi isə gözlədilər. Nəhayət, axırıncı dəstə də onlara qarışdı. Yalnız bundan sonra hissələrə bölündülər. On-on beş atlı da xır yolunu keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb Cahandar ağanın evinə doğru getdilər. Yarğanın kənarında seyrəlib zəncir kimi uzandılar. Suvadağa gedən yolu kəsdilər. O biri dəstə boz kolların arası ilə kəndin üst tərəfinə doğru yollandı. Yenidən hər şey sakitləşdi. Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə getdilər. Burada dönüb xır yoluna keçdilər. Birbaş həyətə doluşdular. Cilovu çəkib dayandılar. Kim isə qaranlıqda əli ilə işarə etdi. Atlılar iki bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan düşdü. Çaxmaq səsləndi. Sinə-sinə eyvana çıxdılar. Otaqda adam olub-omadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. Heç nə eşidilmirdi. Bəlkə onu duyuq salmışdılar? Bizdən fənd tərpənib aradan çıxmışdır? Bəlkə hər şeydən xəbərsizdir, yorğan-döşəkdə şirincə yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir?
Qapının dalındakılar bir-birinin üzünə baxdılar. Xeyli susdular. Sonra onlardan biri tüfəngin qundağı ilə taxtanı döyəclədi, dərhal da geri çəkilib divara qısıldı. İçəridə nə isə şaqqıldadı və hövlnak ayılmış adamın həyəcanlı səsi eşidildi:
- Kimsən?
Bir anlığa heç kəs dillənmədi. Astananı kəsdirənlərin fısıltısı daha da gücləndi. Əhməd bir də soruşdu:
- Ay adam, səsini çıxart.
- Qapını aç, pristav gəlib.
Əhməd dinmədi. Hiss olundu ki, qapının arxasındadır. Zirəzə səsləndi. Bayırdakılar tüfəngi hazır tutub gözlədilər. Əhməd isə geri çəkilib pəncərəni açdı, sakitcə eyvana düşdü. Qapıda dayananların geri yanını kəsdi. Qaranlıq da olsa, eyvandakıların geyimindən bidi ki, gələn kazaklardır. Gözünü hərləyib həyətə də baxdı. Dörd tərəfi kəsmişdilər.
- Nə istəyirsiniz?
Kazaklar diksinib geri atıldılar. Boğuq bir səs eşidildi:
- Tüfəngi yerə at!
Əhməd astadan, təmkinlə dedi:
- Qorxmayın, mən qonağa əl qaldırmaram.
- Gəl qapını aç.
- Açıqdı, keçin içəri.
- Əvvəlcə sən keç.
Əhməd qapıya yaxınlaşdı. İtələyib taybatay açdı. Kibrit çəkib çırağı yandırdı. Kazaklar otaq işıqlanan kimi hər yeri gözdən keçirdilər. Əhmədin tək olduğunu bilib sakitləşdilər. əhməd geri dönüb onların üzünə baxdı və dərhal, bir neçə ay bundan əvvəl pristavla Göytəpəyə gələn yekəpər kazakı tanıdı:
- Xoş gördük, köhnə dost, sənsən, gecə vaxtı haradan gəlirsən?
Kazak stola yaxınlaşdı. Çırağın fitilini qaldırdı və bundan sonra Əhmədin üzünə baxıb fısıldadı:
- Bilərsən.
Pristav bir neçə kazakın müşayiəti ilə içəri gəldi. Otağı xeyli süzdü, sonra üzünü barmağı tətikdə olan kazaklara tutdu:
- Nə olub, ev sahibini niyə qorxudursunuz?
Kazaklar geri çəkildilər. Pristav irəli yeriyib Əhmədlə köhnə dost kimi görüşdü:
- Hə, işlərin necədir, təzə məktəb tikintisinə haçan başlayırsınız?
Əhməd onun səsindəki sün'i mehribanlığı duysa da, üstünü vurmadı. Dodaqaltı gülümsünüb pristava stul təklif etdi:
- Deyəsən, mənə köməyə gəlibsiniz?
Pristav dönüb onun üzünə baxdı. Gözlərində oynayan qəzəb qığılcımlarını boğub güclə gülümsündü:
- Bacardığımı edəcəm.
O oturdu. Kazaklar qapının ağzını kəsib dayandılar. Əhməd hiss etdi ki, bundar gecə vaxtı xeyirliyə gəlməyiblər. Onların nə isə gizli bir planları var: kiminsə üstünü qaranlıqkən almaq, kimisə kəməndə salmaq istəyirlər.
Əhməd kürəyini divara söykədi. Əllərini qoynunda çarpazladı. Pristav bir müddət susdu. Sonra üzünü Əhmədə tutdu:
- Molla Sadığı buraya çağıra bilərikmi?
Əhməd bu suala nə cavab verəcəyini dərhal müəyyənləşdirə bilmədi. Pristavın gecəyarısı kəndi basa-basa gəlib mollanı soruşması onu çaşdırsa da, təəccübünü gizlətməyə çağırdı:
- Molla Sadıq indi çoxdan şirin yuxudadır.
- Eybi yoxdur, oyadarıq. Sən bizim uşaqlara onun evini göstər.
- Mən indiyə qədər onun qapısına hərlənməmişəm.
- Söz güləşdirmə.
Əhməd pencəyini geyindi və tüfəngini götürmək istədi. Ondan qabaq kazaklardan biri əlini irəli uzatdı. Pristavın sakit səsi eşidildi:
- Sən silahsız da keçinə bilərsən, yanındakılar yaraqlıdır.
Əhməd kazakların müşayiəti ilə kəndə doğru addımladı.
Atlılar iki yerə bölündülər. Bir hissəsi yolun altı ilə getdi, o biri hissəsi arxada qaldı. Kəndin girəcəyinə çatdılar. Sərvaxt yatan itlər ağız-ağıza verib hürüşdülər. Şirin yuxuda olan kəndə hay düşdü. Əhməd əyri cığırlarla getdikdən sonra dayandı. Molla Sadığın evini uzaqdan kazaklara göstərdi. Atlılardan biri Əhmədin yanında qaldı. Qalanlar qabağa keçdilər. Molla Sadığın itləri ağız-ağıza verdi. Əhməd zəncirdən açılmış itlərin bu saat atlılara hücum edəcəyini gözlədi. Ancaq itlər həyətdən bayıra çıxmadılar. Elə Molla Sadığı da yuxudan oyatmaq lazım gəlmədi, səs eşidən kimi özü həyətə çıxdı. İkicə dəqiqə keçməmiş kazaklarla bərabər doqqazda göründü. Dəstə sakitcə geri qayıtdı.
Əhməd yol boyu mollanın üzünə baxmadı. "Bu necə olan işdir? Deyəsən, Molla Sadıq geyincəkli oturub kazakların yolunu gözləyirmiş? Yoxsa bunların əvvəlcədən dınışıqları olub? Yoxsa Molla Sadıq yenə bir kələk qurub? Belə olmasaydı, gecənin bu vaxtı pristav onun yanına çağırardı? Bəlkə molla öz düşmənini bu yolla aradan götürmək istəyir? Bəlkə bunlar Cahandar ağanın dalınca gəliblər?" Əhməd istədi ayaq saxlasın, kazakları və mollanı "Zayej"ə ötürüb geri qayıtsın, bir bəhanə ilə gözdən yayınıb kəndə girsin. Cahandar ağanı xəbərdar etsin. Əhməd onları yoxlamaq məqsədi ilə xır yoluna çatanda ayaq saxladı. Dərhal kazaklardan biri atını sürüb onu itələdi. Əhməd ehtiyatlanmağa başladı. Deyəsən, onun özünü də gözdən qoymaq istəmirdilər.
"Zayej"in həyətinə girəndə Molla Sadıq qabağa keçdi. Kazaklara fikir vermədən irəli yeridi və birbaş otağa girib pristavla görüşdü. Əhməd yenə əvvəlki yerinə gəldi. Kürəyini divara söykəyib əllərini köksündə çarpazladı. Molla ilə pristav bir xeyli bir-birinin üzünə baxdılar. Əhməd onların gözündəki mə'nanı oxudu və başa düşdü ki, pristavla molla məsləhətləşmək, gizli bir məsələ barədə söhbət etmək istəyirlər. Pristav ondan nə soruşacaq, molla isə əvvəlcədən şərtləşdikləri üzrə, ona müəyyən məsələləri açbı deyəcəkdi. Ancaq Molla Sadıq indi Əhmədin hüzurunda danışmaqdan ehtiyat edirdi. Birdən Əhmədin ağlına bir fikir gəldi: bəlkə elə bunu bəhanə edib birtəhər otaqdan çıxsın, onları tək buraxsın? Sonra da kazakların gözündən yayınıb heç olmasa beş-on dəqiqəliyə kəndə qaçsın?
Otaqdakı sükut xeyli çəkdi. Molla Sadıq gözucu Əhmədə baxanda, o sakitcə qapıya doğru addımladı. Eyvana çıxdı. Ancaq kazaklar Əhmədə həyətə düşməyə imkan vermədilər. Pristav molla ilə üzbəüz qaldıqdan sonra dərhal sözə başlamaq istədi, elə buradaca başa düşdü ki, molla ilə heç nə danışa bilməyəcək. Nə molla onu başa düşəcək, nə də o, mollanı.
Əhmədi geri çağırdılar. Pristav mollanın sifətindəki həyəcanı oxudu. Gülümsünərək üzünü Əhmədə tutdu:
- Mollanı başa sal ki, mən sənə e'tibar edirəm. Səndən gizli söhbətimiz ola bilməz. Çünki sən də qulluqçusan, hökumət adamısan. Qoy ürəyində nə varsa, hamısını desin. Səndən ehtiyat etməsin. Əvvəlcə soruş gör, Cahandar ağadan nə bilir, bu saat evindədir, ya yox?
Əhməd üz-gözünü ikrahla turşutdu və mollaya sarı döndü. Molla Sadıq onun kəskin baxışlarından diksinib yerində fısıldadı. Əhməd isə hirsindən dişini-dişinə qısdı:
- Pristavın dediklərini başa düşdünmü, molla cənabları? İndi də satqınlığa başlamısan? İndi də xəfiyyəlik eləyirsən? Adamları ələ verib yerini xəlvətləmək istəyirsən? Buyur, de görək Cahandar ağa haradadır? Dillən, niyə susursan? Camaatı gecə vaxtı töküb gətirmisən, tez ol, düş qabağa, göstər onun evini. De ki, yaralıdır, evdə xəstə yatır.
- Artıq-əskik danışma. Hökumət nə iş tutduğunu bizdən yaxşı bilir. Cahandar ağa gündə bir adam öldürüb gəzəcək, biz də susacağıq?
Əhməd iki addım irəli gəldi. Molla ilə üzbəüz dayandı. Onların nəfəsi bir-birini qarsaladı.
- Taqsır Cahandar ağadadır. O gərək əvvəlcə səni susduraydı ki, satqının biri azalaydı.
Molla Sadıq dik atıldı. Onun boynunun damarları şişdi:
- Cənab pristav, əvvəlcə bu kafirin dilini kəsmək lazımdır. Mən onun yanında sizə heç nə deməyəcəyəm.
Pristav dili başa düşməsə də, anladı ki, molla həddindən artıq qəzəblənmişdir. Elə Əhmədin özü də tir-tir əsir. Pristav gördü ki, Əhmədin əlacı olsa bu saat mollanı əlləri ilə boğar, dişləri ilə parçalayar. Pristav onu da başa düşdü ki, əvvəlcə Əhməddən istifadə etmək, sonra qollarını sarıyıb atın qabağına qatmaq fikri baş tutmayacaq. Əhməd onlara heç nə tərcümə etməyəcək. O istəyirdi ki, Əhməd onun tutmağa gəldiklərini hələlik bilməsin, arxayın olsun. Ancaq deyəsən Əhməd o qədər də sadəlövh deyildi. Elə ilk dəqiqələrdən hər şeyi hiss etmişdi. Pristav qərara aldı ki, oyun oynamasın, elə birbaşa işə keçsin. Hirslə ayağa durdu. Əhmədlə qabaq-qabağa dayandı:
- Cənab Peterburq studenti, deyəsən, səninlə də haqq-hesabı çürütməyin vaxtı çatıb. Səni də dostun Kipianinin yanına göndərmək lazımdır. Mən səninlə adam kimi rəftar etmək istəyirdim, amma başa düşmədin. - O, üzünü kazaklara tutdu. - Bağlayın qollarını!
- Sizin məni tutmağa əsasınız yoxdur.
- Tapılar. Axtarın bunun evini!
Kazakların ikisi irəli keçib Əhmədin qollarını arxadan tutdu. Yekəpər kazak dərhal qabağa yeridi. Qıllı papağını qıllı qaşının üstündən geri çəkdi. Ağzını qulağının dibinəcən açbı istehza ilə güldü:
- İndi bildinmi nədən ötrü gəlmişəm, cənab uçitel!
- Bildim, ancaq xeyri yoxdur. Zaman öz bildiyini tutacaq.
Əhmədi həyətə çıxartdılar. Evin altını üstünə çevirdilər. Dəftərləri, kitabları dağıtdılar. Pəncərənin önündəki qlobusu yerə saldılar. Yorğan-döşəyi döşəməyə atdılar. Yastıq tükləri ətrafa səpələdilər.
15
Cahandar ağa oyanıb mütəkkəyə dirsəkləndi. Yerin içində hərəkətsiz dayanıb bir xeyli ətrafı dinşədi. Hamı yatmışdı. Qonşu otaqdan səs-səmir gəlmirdi. Elə həyətdə də sakitlik idi. O, pəncərənin taxtasını araladı. Kürün o tərəfindəki dağların arxasında üfüq azacıq ağarsa da, hələ qaranlıq idi. Səhər zülməti ətrafı bürümüşdü. Kişi taxtanı örtdü. Əli ilə döşəyin yanını yoxladı. Tüfəng də, xəncər də öz yerində idi. Qoltuqaltısı başının altında idi.
Cahandar ağa şalvarını tapdı. Tütünqabını çıxardıb papiros eşdi. Müştüyə taxıb yandırdı. Arxası üstə uzanıb gözünü tavana zillədi. Otuzluq lampanın fitili aşağı çəkildiyindən, ev yarımqaranlıq idi. Ancaq bu solğun işıqda burula-burula havaya qalxıb, tavanda laylanan tüstü aydınca görünürdü. Tavanın taxtaları qaralmışdı.
Cahandar ağa gözünü tavanın qaralmış yerinə zillədi. "Deyəsən yaram sağalır. Ayağa duran kimi gərək uşağın dalınca adam göndərim, gətirsin. Mən özümdən arxayınam. Düşməndən də hayıf almışam. Daha heç nədən qorxum yoxdur. Bircə Molla Sadıq qalıb, onunla da haqq-hesabımı çürüdəcəm. Amma bu uruslar əl-ayağıma yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də əlimizdən alalar. Bir balaca tərpənən kimi başının üstünü kəsdirirlər ki, qanun buna yol vermir, elə oturmayın, belə oturmayın. Axı deyən gərəkdir ki, sizə nə var? İndiyə qədər qanunsuz pismi dolanırdıq? Hər kəsin öz kişiliyinə və adına görə dolanması var idi. Qanlı da qanını özü alırdı, nə divan var idi, nə dərə. İndi bu nədir? Saatda bir pristav atını çapıb gəlir ki, niyə başınızı qaşıyırsınız? Yox, mən belə dolana bilmərəm. Mənim öz ağlım var, istədiyim kimi yaşamışam, istədiyim kimi də öləcəm. Bəs uşaqlar? Şamxal tərsdir, tüpürdüyünü yalayan deyil, dediyindən dönməzdir, amma özümə oxşayır. Ordan-burdan eşidirəm ki, məndən küsmüş olsa da, yenə qeyrətimi çəkir. Amma Əşrəf deyəsən zənnimi itirəcək. Küçük biz tərəfə yox, südünə çəkdi. Heç kin-küdurt-zad bilmir. Bilmirəm ürəyim yumşaqdır, yoxsa, oxumaqmı onu xarab eləyib? Elə deyir, hamıya yaxşılıq eləmək lazımdır. Sözə də baxmaq istəmir. Deyəsən onu məktəbdən biryolluq qaytarmalı olacam. Yoxsa uşaq əldən təmiz çıxar. - Cahandar ağa yerin içində çevrildi. Papirosu acgözlüklə sümürüb burun deşiklərindən fısıldatdı. - Dünya işidir, bəlkə mənim başıma bir bəla gəldi, onda nə olsun? Yurdum boş qalmalıdır? Bu arvad-uşağın içində bir başıpapaqlı hərlənməməlidirmi"
O, papirosunu axırıncı dəfə sümürüb atdı. Qalxıb yerin içində oturdu. Hiss etdi ki, yaman narahatdır. Nə qədər çalışırdısa, elə axşamdan gözünə yuxu getmirdi. Gecəyarısı kəndin ucqarında itlər hürüşdükdən sonra isə heç dincələ bilmirdi. Qorxmurdu. Bilirdi ki, onun evinin həndəvərinə hərlənən olmaz. Allahyarı günün günortaçağı öz evində öldürdükdən sonra kənd adamları dalınca düşsələr də Kürün sahilində, cələdəki ağacların arasında ona yaxın gələn olmadı. Cahandar ağa özünə dalda yer seçib arxaya bir-iki güllə atdıqdan sonra gördü ki, gələnlər dayandılar və geri qayıtdılar. Cahandar ağa yəqin etdi ki, Allahyargilin kəndində qoçaq adam yoxdur. Onun dalınca axıra qədər gəlməyəcəklər. O, atını yarğanların dibi ilə rahatca sürdü və girməyə çatanda Kürü üzüb meşəyə keçdi. Birbaş Göytəpəyə qayıtdı. Bir neçə gün evdə qaldıqdan sonra kəndin arasına çıxdı. Gözü ilə Molla Sadığı axtardı. O, Molla Sadıqla birdəfəlik haqq-hesabı çürütmək istəyirdi. Fikirləşmişdi ki, bəlkə divan-dərə adamları tökülüb gəldilər, məni qamarlayıb araya aldılar, ya tutdular, ya da başıma bir iş gəldi. Molla Sadıq sağmı qalsın? Ancaq xoşbəxtlikdənmi, yoxsa bədbətlikdənmi, nədənsə, o günü molla gözə dəymədi. Cahandar ağa kəndin arasında bir xeyli hərləndikdən sonra evə qayıtdı. Kişi bir şey hiss etdi ki, camaat ona əvvəlki kimi baxmır. Elə bil ondan çəkinirlər. Onunla üz-üzə gəlmək istəyənlər azalıb. Kişi baxışlardan oxudu ki, onu məzəmmət eləyənlər də var. Axı, mən nə etmişəm? Hansı haqsız iş tutmuşam ki, məni qınayırlar?
Cahandar ağa evə qayıtdıqdan sonra heç kəsin üzünə baxmadı. Yer saldırıb yatdı. Titrəməli adamar kimi, yorğanın altında əsdi. Nə qədər çalışdısa da, Allahyarın son anını, gözlərindəki axırıncı ifadəni unuda bilmədi. Cahandar ağa düşmənini öldürdükdən sonra hər şeyi unudaraq bir neçə saniyə onun üzünə baxmışdı. Kişinin yazıq görkəmi qəlbini riqqətə gətirmişdi. Ani olaraq düşünmüşdü ki, bunun günahı nəydi? Mənə nə pislik eləmişdi ki, öldürdüm? Hər nə eləmişdimsə, mən eləmişdim. Əgər mən onun arvadını götürüb qaçmasaydım, heç məni tanımazdı da!
Cahandar ağa papiros eşdi. Yandırıb tüstülətdi. Sonra paltarını geyindi. Adəti üzrə əvvəlcə xəncərini bağladı. Qoltuqaltısını boynundan aşırdı. Tüfəngini yoxlayıb xəznəyə güllə verdi və bundan sonra həyətə çıxdı. Hava hələ qaranlıq idi. Çisələyirdi. Yer sürüşkənləşmişdi. Toyuqlar tarda qığıldaşırdılar. Arabir torağaylar pırıltı ilə havaya qalxırdı. Xırman yerində gölməçələr var idi. Cahandar ağa talvarın altına getdi. Son vaxtlar gecələr belə, yəhərli saxladığı ata baş çəkirdi. At sahibini görən kimi qulaqlarını şəkləyib astadan tırıldadı. Kişi onun yalını tumarladı, axurundakı otu, arpanı yoxladı. Samanlığın üstünə doğru getdi. Kür tərəfdən əsən sərin hava onun üzünə vurdu. Qaşına, kirpiklərinə çisək qondu. Cahandar ağa istidən çıxmış adamlar kimi bu sərinlikdən, üzünü yalayan narın yağışdan ləzzət aldı. Sinəsini qabardıb Kürə doğru baxdı. Alatoran yaxşı seçilməsə də, kişi suların necə burulduğunu, ləpələrin sahil torpaqlarını necə yaladığını uğultudan tə'yin etdi. O başa düşdü ki, su daşıb. Neçə gündən bəri yağan yağış Kürü yenə yerindən oynadıb. Sular köhlən at kimi cilovu gəmirir, yatağına sığmır.
Azacıq işıqlandı. Beş-altı addımlıqdakı quru otlar, xırdaca kətyan kolları, sahilə enən boz cığırlar göründü. Kişi domuşdu. Tüfəngini dizinin üstünə aldı. Yenə papiros eşdi. Gözünü isə samanlığın üstündə bitən kətyana zillədi. Çiskin onun quru şaxlarında tumurcuqlanmışdı. Qoşabuynuz bir ilbiz qabığından çıxıb budağın üstü ilə süründü. Cahandar ağa ikrahla üzünü yana çevirdi. Elə bu vaxt talvarın altındakı at qulaqlarını şəkləyib kişnədi. Kişi hövlnak dönüb baxdı. Gördü ki, atın gözləri oynayır. Yalının tükləri pırpızlanıb. At yerində vurnuxub dartınır və təlaşla fırlanır.
O ayağa durdu. Samanlığın üstündən enmək istədi. Haradasa lap yaxında, suvadağın bərabərində at kişnədi.
Cahandar ağa tüfəngini hərləyib barmağını tətiyə uzatdı. Darvazadan səs gəldi. Nökərlər doqqaza çıxana qədər iki atlı kazak siyirməqılınc həyətə girdi. İtlər irəli atılıb onları yəhərdən salmağa çalışdı. Nökərlər araya keçdilər. Kazaklardan biri acığını Tapdığın üstünə tökdü:
- Ağan hanı?
Tapdıq onun dediklərini başa düşmədiyindən çiyinlərini çəkdi. Kazak isə daha da hirsləndi:
- Çağır gəlsin, pristav gözləyir!
Cahandar ağa başa düşdü ki, pristav onu ala-qaranlıqda boş-boşuna yanına çağırmır. Özləri qəsdən qaranlıqkən gəliblər ki, yuxulu-yuxulu üstünü kəsdirsinlər. Yəqin ki, bacarsalar Cahandar ağanı tutub qollarını bağlayacaq və atın qabağına salıb aparacaqlar. O bir anlığa özünü siyirməqılınc altında təsəvvür etdi. Kazaklar onu atın döşü ilə vurur, tez-tez tüfəngin qundağı ilə itələyirdilər. Yüyəni çeynəyən atların nəfəsi onun kürəyini yandırırdı.
Kişi birdən-birə silkələnib titrədi. Beyninə qan sıçradı. Gözü heç nə görmədi. Dünya başına hərləndi. Kür də, meşə də, sahildəki çəmənlik də, evlər də, cığırlar da fırlanıb gözünün önündən keçdi. Tətiyi çəkdi. Dalbadal güllə şaqqıldadı. Atlar kişnədi. Kazakın ikisi də yəhərdə ləngərləndi. Qılınclar yerə düşdü. Hürkmüş atlar doqqazdan aralanıb xır yoluna qədər çapdı. Cahandar ağanın başının üstündən vıyıltı ilə iki güllə keçdi. Yarğan şaqqıldadı. Yenə at kişnədi. Cahandar ağa yerə yatdı. Sonra sıçrayıb samanlığın yanına getdi. Yarğanın qarşısındakı qaraltıları gördü və başa düşdü ki, yolları kəsiblər. Çox fikirləşmədi. Samanlığın dal tərəfindəki çüxuru özünə səngər edib, qaraltılara doğru dalbadal güllə yağdırdı. Ona cavab verdilər. Kəndə səs düşdü. İtlər ağız-ağıza verdilər. Cahandar ağanın nökərləri ora-bura qaçışdılar. Onlar da tüfəng götürüb samanlıq tərəfə gəldilər. Atışma yenidən qızışdı. Cahandar ağa güllələrin səsindən boşa çıxıb-çıxmadığını tə'yin etdi.
Suvadaq tərəfdən atılan güllələr azaldı. Ancaq gözlənilmədən xır yolu tərəfdən də güllə yağdı. Cahandar ağa gördü ki, onun evini arakəsməyə salacaqlar. Belə getsə, evdə arvad-uşaq da qırılacaq, özü də ələ keçəcək. Kişinin bədəni gizildədi. Birdən yerindən atılıb talvarın altına getdi. Sıçrayıb atın belinə qalxdı. Bir göz qırpımında çəpərdən atılıb, sahilə doğru çapdı. Dərəyə enərkən arxaya bir-iki güllə atdı. Kazaklar onun aradan çıxacağını duyub atın belinə qalxdılar. Ancaq onun sərrast güllələrindən ehtiyatlanıb ətrafa səpələndilər. Yalnız yekəpər kazak qıllı papağını gözünün üstünə basıb atın yalına yatdı. Atlar dabanbasaraq çapdılar. Cahandar ağa nə qədər çalışdısa da, yüyəni nə qədər boşaltdısa da, hiss etdi ki, kazak onu haqlayır. Bir neçə dəqiqədən sonra arxadan yetişəcək. Kişi "ax Qəmər" - deyə xəyalından keçirdi. Ancaq əl-qolunu boşaltmadı. Sahilə az qalırdı. Artıq kazakların səfini yarıb aradan çıxmışdı, bir az keçsə, Kürə çatacaqdı. O, atı bir də mahmızladı. Ona elə gəldi ki, bütün kənd ayağa qalxmışdır. Damların üstünə çıxıb onlara tamaşa edirlər. Cahandar ağanın necə qaçdığına, düşmənin arxadan ona necə çatdığına və onu qılıncla necə parçalamaq istədiyinə tamaşa edirlər. Birdən o hər şeyi unutdu. Cilovu çəkib qəfildən atın başını geri qanırdı. At bu gözlənilməz təkandan dik qalxdı, dal ayaqları üstə fırlandı. Kazak qılıncını havaya qaldırıb endirdi. Cahandar ağa tətiyi çəkdi. Qılıncın parçaları göydə oynadı. Atlar döş-döşə toxundular. Kazakla Cahandar ağanın gözü ani olaraq bir-birinə sancıldı. Hər ikisinin qıllı qaşı qan sağılmış gözünün üstünə endi. Burun pərələri körük kimi genişləndi. Fısıltıları atların fınxırtısını batırdı. Kazakın dodaqları kipcə bağlandı. Cahandar ağanın həbəşi dodaqları isə titrədi. Hər şey bircə andan, kimin tez tərpənməsindən asılı idi. Birdən nərilti qopdu. Güllə açıldı. Xəncər havada oynadı. At kişnədi. Qışqırıq iniltiyə qarışdı. Kazak sinəsini tutub yəhərdə qıvrıldı və gurultu ilə atın dırnaqlarına düşdü. Cahandar ağanın köksü yandı. O bircə dəfə cilovu çəkə bildi. At kişnəyib şahə qalxdı. Sahilə doğru çapdı. Arxadan ayaq tappıltılarının gəldiyini hiss edib bütün gücünü topladı. Cahandar ağa dumanlanmış gözlərini axar suya zillədi. Kür əvvəlcə sakit göründü. Elə bil sular mürgüləyirdi, hələ səhər yuxusundan ayılmamışdı. Ancaq bu sükut uzun sürmədi. Kür sanki birdən diksinib çalxalandı. Cahandar ağaya elə gəldi ki, ləpələr baş-başa qalxıb toqquşdu. Çayın sinəsi qabarıb qalxdı, qollar ağız-ağıza qovuşdu, adalar yox oldu. Su daşıb hər yeri, o taydakı meşəni, sahildəki cələni, yaxındakı kənd evlərini ağzına aldı, yarğanları vurub dağıtdı, hər yer suya qərq oldu. Kişi yəhərin üstündə dikəlmək istədi. Bacarmadı. Ağırlaşdı. Müvazinətini itirdi. Atın boynuna yıxıldı. Elə bil at da hər şeyi anladı. Başa düşdü ki, ayaq saxlamaq, Kürün bu üzündə qalmaq və arxadan gələnlərin əlinə keçmək olmaz. Var gücünü topladı. Qarşısına yarğan çıxdı, dayanmadı. Atıldı. Onunla bərabər yarğan da uçdu. Kür çalxalandı. Ləpələr döş-döşə gəldi. Suyun üzünə duman çökdü. Kür qəzəblə uğuldayıb özünü yarğanlara çırpdı...
16
Kürün o tayından əsən qəfil külək sahildəki biçənəyin üstündən adlayıb kəndin arasına dolaşdıqdan sonra kövşənliyi xışıldatdı, xır yolu tərəfə gəldi və gözlənilmədən yana burulub təpədəki qəbiristanlığa doğru döndü. Qədim qəbir daşlarının başına dolandı, burulğan kimi fırlanıb qurumuş otları, boz kətyan kollarını, keçən ildən qalmış çör-çöpü süpürdü, qabağına qatıb təpədən aşağı tökdü. Elə bil son bahar nəfəsi ilə cana gəlib cücərən qəbiristanlığa süpürgə çəkdilər, hər yer tərtəmiz oldu. Azacıq sonra isə göyün üzünü seyrək, qara bulud bürüdü. Hara isə tələsən bu duman kəndin bərabərində aşağı çökdü, ətəyini sallayıb torpağı yaladı, onun soyuq nəfəsi qəbiristanlığa qədər gəlib çıxdı. İri yağış damcıladı. Qəbirlərin torpağı xal-xal oldu.
Əşrəf ayağa durdu. Dizini çırpıb köksünü ötürdü. Boyun-boyuna verən dərin bir hüzn içində mürgüləyən qəbir daşlarına xeyli baxdı. Təpənin lap yuxarısında az qala iki adam boyu ucalığında olan çəhrayı rəngli başdaşlarının üstünü mamır basmışdı. Onların naxışları, yazıları güclə seçilirdi. Köhnə, batıq qəbirlər torpağın altında qalmışdı. Yanlarında tüfəng, xəncər, at çəkilmiş başdaşlarının bə'zisi böyrü üstə əyilmişdi. İzi tamam itən qəbirlər də var idi.
Əşrəf sükut içində, başdaşlarından seçilməz halda xeyli dayandıqdan sonra atasının hələ torpağı yapıxmamış qəbrinə baxdı. Onu Şahnigarla yanaşı basdırmışdılar. Bacı-qardaş qoşa yatırdı. Əşrəfin bir az əvvəl əli ilə sığallayıb, yan-yörəsini düzəltdiyi qəbri iri yağış damcıları döyəcləməyə başladı. Balaca təpəciyə oxşayan bozumtul torpağın üstündəki qara nöqtələr çoxaldı. Şahnigarın qəbri yapıxdığından, yağan damlalar gilələnib süzüldü və Cahandar ağanın qəbrinə doğru gəldi. Elə bil kim isə qəsdən bu qəbrin yanında dayanıb gözündən gilə-gilə yaş axıdırdı.
Əşrəf əlini islanmış saçına çəkdi. Furajkasını başına qoydu. Asta addımlarla qəbiristanlıqdan uzaqlaşdı. Xır yoluna çıxdı. Hara getdiyini özü də bilmədən bir xeyli irəlilədi. "Zayej"in bərabərində ayaq saxladı. Döndü. Sürüşkən cığırları ot basmışdı. Pilləkəni ehtiyatla çıxıb eyvanda dayandı. Qapılar bağlı idi. Pəncərə şüşələrinin bə'zisi sınmışdı. Yağış həyətə səpələnmiş kağızları döyəcləyirdi. Əşrəf qapıya yaxınlaşdı, paslı qıfılı yoxladı. Pəncərədən içəri boylandı. Dəftərlər döşəməyə səpələnmişdi. Kitablar cırılıb tapdalanmışdı. Xəritə küncə atılmışdı. Qlobus otağın ortasına düşmüşdü, külək onu tərpədib dığırladırdı. Əşrəf dözmədi. Zərblə çəkib qıfılı qopartdı. İçəri girdi. Dəftərləri, kitabları yığdı. Səliqə ilə pəncərənin qabağına qoydu. Qlobusu götürdü. Xəritəni əvvəlki yerindən, divardan asdı. Stulları qaldırdı. Çiliklənmiş şüşələrin içindən Əhmədin çən çox sevdiyi şəkli götürdü. Baxdı. Əhmədin atası ilə anası yanaşı oturmuşdular. Balaca Əhməd isə onların çiyninin üstündən boylanırdı. Əşrəf kövrəldi. Pəncərənin önünə gəldi. Çiynini divara söykəyib qollarını sinəsində çarpazladı. Kəndə doğru baxdı. Sərin-sərin yağış yağırdı. Damlalar "Zayej"in kirəmitlərini döyəcləyirdi. Borudardan süzülən yağış şırıldayırdı. Köpüklü su zolaqlanıb həyətə axırdı.
Pəncərənin şüşəsi elə bil tərlədi. Çisək şüşədə birləşib gilələndi. Süzülüb damla-damla axdı. Əşrəfə elə gəldi ki, pəncərəyə baxmır. Qarşısındakı güzgüdür. Orada gilələnən yağış damlaları yox, özünün göz yaşlarıdır. O, əlini yanağına apardı. Ovcu islandı. Bayırda yenə sərin-sərin yağış yağırdı.
- Səhərdən haradasan?
Əşrəf diksindi. Dönüb qapının ağzında dayanan qardaşına baxdı. Şamxal çərkəzi çuxasının ətəyinm belinə sancmışdı. Sallamalı gümüş kəmərinə yaraşan xəncər bağlamışdı. Başdan-ayağa geyindiyi qara paltar onun rəngini boğmur, əksinə bir az da açırdı. Qaşqabağı tökülmüşdü. Əlində tüfəng var idi. Şamxal hiss etdi ki, qardaşı ltnüb ona baxsa da, hələ tamam özünə gəlməyib, fikrini cəmləndirə bilmir.
Bir az əvvəl ürəyində coşan hirsini boğdu. Əşrəfi tapdığına sevindi və içəri keçib stulun bmrində oturdu. Tüfəngini dizinin üstünə qoyub, papiros qutusunu çıxartdı. Əşrəf onun eyni ilə atası kimi təmkinlə papiros eşdiyinə, barmaqları əsə-əsə müştüyə keçirib yandırdığına və asta-asta, ancaq hərisliklə sümürüb, tüstünü necə ciyərinə çəkdiyinə baxdı. Əşrəfə elə gəldi ki, gözünün qabağındakı Şamxal yox, atasıdır. Ona heç nə olmayıb, əksinə bir az da cavanlaşıb.
Pəncərədən aralandı. Stul götürüb Şamxalla yanaşı oturdu:
- Qutunu mənə ver.
Şamxalın qaşları çatıldı. Təəccüblə qardaşının üzünə baxdı və qutunu çıxardıb dinməzcə ona uzatdı. Əşrəf naşılıqla papiros eşdi. Ehtiyatla çəkməyə başladı.
- Gedəkmi?
Qalxdılar. Xır yolunun daşları yuyulmuşdu. Yağış kövşənləri döyəcləyirdi. Torağaylar pırıltı ilə havaya qalxır, yolun ortasına düşüb dazıyırdılar.
Şamxal arxada qaldı. Ətrafa boylandı. Xəndəklərə göz gəzdirdi. Sonra qardaşının paltarına baxdı. Əşrəfin şalvarının balağı açıq idi. Qara çəkməsi palçığa batmışdı. Pencəyinə narın yağış qonmuşdu. Başında furajka var idi. Şamxala elə gəldi ki, gözünün qabağındakı doğma qardaşı yox, tamamilə yad bir adamdır. O, Əşrəflə bərabərləşdi. Gözaltı onun sifətinə, pencəyinin düymələrinə baxdı. "Atam sağ olsaydı, onu urus paltarında gəzməyə qoymazdı. Elə vağzalda, vaqondan düşməmiş soyundurub, ayrısını geyindirərdi. Bə Əşrəf atamın nəyi xoşlayıb-xoşlamadığını nə tez yadından çıxartdı? Bilmirmi ki, hələ kişinin nəfəsi üstümüzdədir? Yoxsa özünü böyük hesab eləyir?" Şamxal əsəbiləşdi. Papirosunu axırıncı dəfə sümürüb, hirslə yolun kənarına atdı:
- Paltarını niyə dəyişməmisən?
Əşrəf qardaşının nə demək istədiyini başa düşdü:
- Daha mən bu paltarı əynimdən heç vaxt çıxartmayacağam.
- Bizi biabır eləmək istəyirsən?
Susdular. Bir dəstə sığırçın başlarının üstündən pırıltı ilə uçub kəndə doğru getdi, orada bürülüb-büküldü və Kürün vadisində gözdən itdi.
- Atamı nə vaxt basdırdınız?
- Atışmadan iki gün sonra.
Əşrəf ayaq saxladı. Şamxal da dayandı. Üz-üzə durdular. Şamxal qardaşının gözlərindən oxudu ki, o hər şeyi bilmək istəyir. Bilmək istəyir ki, at yarğanla bərabər Kürə uçduqdan sonra nələr olub? Atasının son nəfəsinə özünü çatdıran tapılıbmı? Kazaklar nə yaxşı onlardan əl çəkiblər? Şamxal hamısını danışa bilərdi, ancaq sudu. İstəmədi ki, qardaşı atasınını necə öldüyünü bilsin. Şamxalın kazaklar kənddən getdikdən sonra özünü Kürə atdığını, cələləri gəzdiyini, meşəyə gedib atasını axtardığını, nəhayət, kiçik bir adada ulğun kollarının arasında tapdığını bilsin. Atın baldırı sınmışdı. Kişininsə hələ nəfəsi vardı. Dili söz tutmasa da, ürəyindən keçənləri gözlərindən oxumaq olurdu. Şamxal atasının son anda, onu görəndə, əvvəlcə diksindiyini, sonra isə arxayınlıqla gülümsəməyə çalışdığını indi də unuda bilmir. Elə bil kişi demək istəyirdi sən ki bu ağır günümdə məni axtarıb tapdın, bütün günahlarından keçirəm. Sonra Şamxal onu gecə ikən Kürü keçirib evə gətirdi. Kişini bir gün sonra dəfn etdilər. Şamxal bunların heç birini qardaşına danışmadı. Fikirləşdi ki, qardaşım atamın dəfninə çatmadı, onun ölüsünü görmədi, qoy elə axıracan kişinin diri vaxtı gözünün önündə dayansın. Əşrəf onu həmişə at oynadıb, tüfəng atan şəkildə yadında saxlasın.
- Bəs sən nə üçün gec gəldin?
- Buraxmadılar.
- Niyə?
- Dustaq idim.
- Nəyin üstündə?
Əşrəf çiynini çəkdi. O da seminariyada baş verən əhvalatları danışmağı yersiz bildi. Ancaq Şamxalın sifətindəki təşviş, gözlərindəki təəccüb və maraq onu dillənməyə məcbur etdi:
- Oralarda da sakitlik deyil. Müəllimimizin birini tutdular. Direktorumuzu da işdən çıxartdılar. Adını da qoydular ki, qocalıbsan, get istirahətə. Əvəzinə təzəsi gəldi. Elə faytondan düşməmiş bizi asıb-kəsməyə başladı:
- Bə, cavabını vermədiniz?
- Verdik. Sözü bir yerə qoyduq. Dərsə getmədik. Tələb etdik ki, təzə direktor qovulsun.
- Qovdularmı?
- Yox, bizi qovdular. Məktəbimizi iki aylığa bağladılar.
Yenidən susdular. Şamxal bu dəfə təəccüb və heyrətlə, bir qədər də heyranlıqla Əşrəfi süzdü. Qardaşının söylədiklərini o qədər anlamasa da, başa düşdü ki, deyəsən, dinc oturmur. O, böyük olduğuna görə bir az ehtiyatlandı. Qayğıkeşliklə , "uşağın başına bir iş gələ bilər", - deyə xəyalından keçirdi. Eyni zamanda düşündü ki, deyəsən xəmir yeyənin fağırı olmaz. Şamxal bir az qürurlandı da.
Kəndin kənarına gəldilər. Uşaqlar yağış başladığından, mal-qaranı örüşdən qaytarırdılar. Daxmaların bacalarından tüstü çıxırdı. Ayaqyalın arvadlar cığırlarda ora-bura qaçırdılar. Kişilər məscid tərəfə gedirdilər. Azan çəkilirdi. Əşrəf gördü ki, Şamxalın rəngi qaçdı. Tüfəngin qundağın bərk-bərk sıxdı. Atasının dodaqlarını xatırladan qalın dodaqları səyridi.
- Atamı kazaklar niyə tutmaq istəyirdilər?
- Onu gözaltı elədiyin Pakizə xanımın atası Molla Sadıqdan soruş.
Əşrəf köksünü ötürdü. Bildi ki, bu saat Şamxalı başa salmaq çətin olacaq. Ona desə ki, Kürün qırağında atamın kazaklarla toqquşduğunu, pristavla olan söhbəti yadına sal, meşənin qoruq edilməsini xatırla, səbəbi burda axtar, inanmayacaq. Ona görə susdu.
Yarğanın qaşına çatdılar. Kürün boz-bulanıq suları qabarmışdı. Ləpələr yarğanı döyəcləyirdi. Şaxələnmiş qollar bə'zi yerdə ağız-ağıza qovuşmuşdu. Adaların çoxunu su basmışdı. Çiləkənlərin ətrafındakı burulğanlar uğuldayırdı. Sahildə mal-qara otlayırdı. Atlar kişnəyib bir-birini qovurdu. Bir dəstə qız, çiynində səhəng, sürüşkən cığırla suya enirdi. O tayda, meşənin bərabərində gəmini yuxarı çəkirdilər.
Əşrəf hiss etdi ki, qardaşı ondan aralanmaq, cığırla öz daxmasına doğru getmək istəyir. Qabağa keçdi. Hər ikisi ayaq saxladı. Əşrəf pəncərələri Kürə açılan evlərinə, sonra da Şamxalın üzünə baxdı. Onnu səsi titrədi:
- Qayıt evə.
- Bə sən?
- Mənim yolum başqadır.
Susdular. Yenə də narın-narın yağış yağırdı. Kürün uğultusunda başqa heç nə eşidilmirdi.
1957-1967