İKİNCİ
HİSSƏ
Göytəpə kəndinin ucqarında, xır yolunun üst
tərəfində üçotaqlı bir bina var. El arasında
buraya "Zayej" (Zayezji sözünün el arasında şlənən
şəkli) deyirlər. Qocalarına söylədiyinə
görə, bu evi vaxtilə xır yolunu çəkələr
tikiblər. Onlar gündüzlər yolda işləyir, axşamlar
isə burada yatırmışlr.
Göytəpəlilərdən bu yolun necə çəkilməsini
xatırlaaynlar az deyil. Hətta onların çoxu yola döşəmək
üçün Kürün sahilindəki çaylaqdan
araba ilə xır daşıdıqlarını indi
də unutmamışdır.
Pristavın əmri ilə kəndin mö'təbər adamları
qabağa düşüb qapı-qapı gəzmiş,
evlərdə nə qədər araba varsa hamısını
qoşdurub birbaş xır daşımağa göndərmişdilər.
Ətraf kəndlərdən gələnlər çox idi.
Arabaların bir ucu yoldan üzülməmiş, o biri ucu
Kürün sahilindən geri qayıdırdı. Hörükdəki
öküzlər dizini yerə qoyur, kəllər boyunduruğun
altında ləhləyirdilər.
Təkərlər əvvəlcə xam torpaqda iz saldı, bircə
həftədən sonra isə əməlli-başlı yola
düşdü. Qatarlaşan arabalar həmin yolla qarışqa
kimi irəli-geri gedirdi. Hamı gecəni gündüzə
qatıb çaydan daş, qum daşıyırdı.
Göytəpəlilərin vəziyyəti nisbətən yaxşı
idi. Alatoranlıqdan işə çıxsalar da, qaranlıq
qarışan kimi evlərinə dağılışırdılar.
Ancaq başqa kəndlərdən, xüsusilə dağ
ətəyindəki obalardan gələnlər elə yolun kənarındaca
gecələyəsi olurdular. Onların qaladıqları
ocaqların şö'ləsi uzun zaman sönmür, səhərin
sazağı başlayana qədər korun-korun yanıb
qorlanırdı. Ulaqları təpələrin ətəyindəki
çəmənlikdə növbə ilə otaran arabaçılar
həm də yatanların keşiyini çəkirdilər.
Onları heç olmasa həftədə, ya da yarım ayda
bir evlərinə də buraxmırdılar. Əgər dallarınca
çörək gətirən olmasaydı, burada yeməyə
bir şey də tapmazdılar.
Pristav günaşırı atlı kazaklarla gəlib
yola baş çəkirdi. Gözlərində yanları
qapalı iri eynək, yolun kənarında oturub, dizə qədər
sarıdıqları ayaqlarının pəncəsi arasındakı
qara çay daşlarını çəkiclə ovxalayan
dustaqların başının üstünü kəsdirirdi.
Daşqıranlar nəfəslərini dərmədən çəkici
endirir, arabaçıların gətirib qatar-qatar tökdükləri
daşları dəyirman kimi üyüdüb ovxalayırdlar.
Dəmir cingiltiləri ətrafa səpələnən qəlpələrin
vızıltısına qarışırdı.
Bə'zən daş parçalanmır, çəkicin altından
qığılcım qalxırdı. Elə bil daşlar
üzə durub, əzilmək istəmirdi. Fəhlələr
qaranlıq qarışana qədər belərini qaldırmadan
başıaşağı işləyirdilər. Daş
ovxantısı onları qurşağa qədər basırdı.
Kənd arasında pıçıltı gedirdi ki, hökumət
bu yolu tez çəkmək, Tiflisi İrəvanla, Trəvanı
da Gəncə ilə birləşdirmək istəyir, dağların
o tərəfindən aşıb gələn qoşunlarına
yol açmağa çalışır. Elə ona görə
də ayağı qandallı dustaqları bura töküblər.
Görünür, kəndin üst tərəfindəki
silsilə təpələrin ətəyi ilə uzanan torpaq yol
daha işə yaramırdı.
Yaşlı kişilər həmin torpaq yolla çox karvanların
gəlib keçdiyini söyləyirdilər. Onların dediyinə
görə, Şah Abbas da, Qacar da Tiflisi talamağa bu yolla
gediblər. Elə gürcü padşayı İrakli
də bu yolla gəlib Kür boyundakı obalara basqın
etmişdir.
Göytəpə kəndinin yuxarısında qədim bir
körpü də var. Kürlə Xramın ağız-ağıza
qovuşduğu dar keçidi birləşdirən bu körpü
sarı kərpicdən hörülmüşdü.
Hətta körpünün aşağısında
sudan qalxan enli kərpic tağların içində otaqlar
da var. Ətrafında ot cücərən dəmir barmaqlıqlı
şüşəsiz pəncərələr çüxura
düşmüş gözlər kimi qaralır. İndi
otaqların içinə quşlardan başqa heç kəs
girmir. Əslinə baxsan, oranın yolunu bilən də yoxdur.
Deyilənə görə, körpünün harasındasa
pilləkan varmış. Vaxtsız yola çıxıb,
axşam qaranlığına düşən müsafirlər
elə buradaca, körpünün qarnındakı karvansarada
gecələyərlərmiş. Bu fikrə e'tiraz edənlər,
oranın keşikçilər üçün tikildiyini
söyləyənlər də var. mübahisə çox
olsa da, körpünün nə vaxt və kim tərəfindən
tikildiyini dəqiq bilən yoxdur.
Körpü möhkəmdir. Mühəndislər də
buna inandıqları üçün yeni çəkilən
xır yolunu körpü ilə birləşdirirlər.
Axı hazır körpüdən kim qaçar?
Qocalar deyirlər ki, düz bir il gecəli-gündüzlü
işləyəndən sonra yol hazır oldu. Yolbasanlar, qandallı
dustaqlar, təkərli otaqda yaşayan saqqallı kişilər
çıxıb getdilər. Yolun kənarındakı
ev isə sahibsiz qaldı. Hətta gecələrin birində
əli dinc durmayan dəcəllər qapı-bacanı da söküb
apardılar. Amma bir gün şəhərdən yeni adamlar
gəldilər. Evin qapı-pənərəsini, döşəmənin
çürümüş taxtalarını dəyişib
otaqları sahmana saldılar. Eyvanın divarından dəmir
qutu asdılar. Yolun kənarındakı bu binadan gecələr
solğun işıq göründü. Bu boş otaqlarda
qoca bir qarı ilə kişi yaşadı. Onlar Tiflisdən
İrəvana, Gəncəyə keçən fıytonların
qabağına çıxır, kağız verib,
kağız alırdılar. Bə'zən də atlı
kazakların müşayiət etdiyi qumrovlu faytonların
dayanması və yolçuların dincəlməsi üçün
əllərindən gələni edirdilər. Axşam qaranlığına
düşənlərburada gecələyirdilər. Göytəpəlilərdən
neçə dəfə atlı kazakların tökülüşüb
gəldiklərini və "Zayej"də gecələdiklərini görənlər
az olmamışdır. Hətta həmin kazakların ətraf
kəndlərdən, eləcə də Göytəpənin
özündən adamlar tutub döydüklərini, sonra
da atın döşünə salıb siyirməqılınc
altında şəhərə apardıqlarını
xatırlayanlar, onları unutmayanlar çoxdur. Göytəpəlilər
onu da xatırlayırdılar ki, birdən-birə bu yolla
gedib-gələnlər azaldı, qoca ilə qarı da çıxıb
getdi. Otaqlar yenə boş qaldı. Ancaq bu uzun sürmədi.
İki il bundan əvvəl buraya iyirmi dörd, iyirmi beş
yaşlı bir oğlan gəldi.
Onun kim olduğunu heç kəs bilmirdi. Sifətindən, saçının,
gözünün qaralığından müsəlmana
oxşayırdı. Amma geyimi camaatı çaşdırdı.
Ayağında soldat çəkməsi vardı. Boynu işləməli
uzun köynəyinin belinə sallamalı qotaz bağlayırdı.
Saçını, saqqalını rus qaraçıları
kimi uzatmışdı. Deyilənə görə, dünya
malından bir sandığı, bir dəst yorğan-döşəyi
və yekə bir kürkü vardı. Adı Əhməd
idi. Danışanda sözləri qəribə şivə
ilə tələffüz edirdi. Bu isə ona qarşı
şübhəni artırırdı. Əhməd nə
qədər çalışsa da, müsəlmanlığını
sübut edə bilmirdi. Hamı onun rus olduğunu zənn
edir, poçta boş-boşuna göndərilmədiyi qənaətinə
gəlirdi. Camaat arasında bir müddət ona "poçt Əhməd",
sonra isə şapka geydiyinə görə "rus Əhməd"
dedilər.
Rus Əhməd guşənişin bir həyat keçirirdi.
Bütün günü evin ətrafında dolaşır,
əlini gözünün üstünə qoyub, xır
yoluna baxır, gəlib-gedən olmadığını
yəqin etdikdən sonra bel götürüb qapı-bacanı
sahmana salırdı. Əvvəllər ona heç kəs
yaxın durmazdı. "Xaçpərəstlə nə işimiz
var", - deyə uzaq gəzirdilər. Ancaq yavaş-yavaş ona
isnişdilər. Əhməd özünə at aldı,
araba düzəltdi, şəhərdən su çəlləyi
gətirdi. Bundan sonra onun məşğuliyyəti də artdı.
Göytəpə kəndinin üst tərəfi dəmyədir.
Xır yolunun ətrafına su çıxmır. Əhməd
isə "Zayej"in dörd yanında ağac əkmək, gül
basdırmaq istəyirdi. O, hər gün Kürdən iki-üç
çəllək su gətirib, qapı-bacanı sulayırdı.
"Zayej"in ətrafı yavaş-yavaş yaşıllaşırdı.
O hərdənbir ova getməyi, Kürdən balıq tutmağı
da sevirdi. Göytəpəlilər kimi qarmaq atmaz, bir kötüyün
üstündəcə oturub, balaca tilovla kiçik balıqlardan
tutardı. Kənd uşaqları bə'zən ona sataşar,
bə'zən də yaxın gəlib söhbətə girişərdilər.
Yavaş-yavaş onların arasında ünsiyyət
başlayırdı.
Ru Əhməd bə'zən "Zayej"in eyvanında oturubkitab oxuyardı.
Bə'zən də uşaqları başına yığıb,
məzəli söhbətlər edər, uzaq yerlərdən,
qalın meşələrdən, izdihamlı şəhərlərdən,
böyük çaylardan, boranlı-çovğunlu diyarlardan
söhbət açardı. Donan sulardan, buzun üstü
ilə arabaların keçməsindən və adamların
keçə çəkmə geyib at qoşulmuş xizəklə
gəzməsindən olan söhbətlər uşaqlara daha
çox xoş gəlirdi. Bu uşaqların içində
Cahandar ağanın kiçik oğlu Əşrəf
də olardı.
Onların tanışlığı düşmənçiliklə
başlamışdı.
Bir dəfə Əhməd Cahandar ağanın evinin bərabərində,
Kürün yaxası boyu uzanan çəmənlikdə
hərlənirdi. O, cığırla darılığa
doğru gedir, rastına düşsə Kürün
o üzündən uçub dənlənməyə gələn
qırqovullardan birini vurmaq istəyirdi. Yarğanların
kölgəsi suya düşmüşdü. Ulğun
kolları xışıldayırdı. Əhmədin
ayağının lap altından pırıltı
ilə bir bildirçin qalxdı. Ox kimi süzüb darılığa
doğru uçdu. Əhmədin gülləsi ilə bir
vaxtda kiminsə tüfəngi də açıldı. Qürubçağı
nişana lap tez gələn quş, bir-iki dəfə qanad
çalıb otluğa düşdü. Əhməd
quşu yerdən qaldırdı. Elə bu vaxt qəzəbli
və cingiltili bir səs eşitdi:
- Ey, rus Əhməd, bildirçini mən vurmuşam!
O dönüb, əlində tüfəng otluğun içində
dayanan oğlana baxdı. Onnu on dörd-on beş yaşı
ancaq olardı. Əynində vəznəli qara çuxası
vardı. Göy buxara papağını geri itələmişdi.
Zil qara saçının qıvrım teli alnına
düşdü. Sivri burnu pərələnir, sinəsi
qalxıb-enirdi. Uşaq yaman həyəcanlanmışdı.
- Nədən bilirsən?
- Necə yə'ni nədən? Hələ mənim əlimdən
bir quş qaçmayıb.
- Amma bu dəfə qaçıb.
- Ver deyirəm sənə!
- Verməsəm nə qayırarsan?
Oğlan tüfəngi hərlədi:
- Vuraram.
- Adam da bir quşdan ötrü dalaşarmı? İstəyirsən
bildirçini sənə bağışlayım.
- Lazım deyil. Mən vurmuşam, qaytar özümə.
Bir də ki, bura bizim çəmənlikdir.
Əhməd gülümsünərək, hələ
də acığı soyumayan Əşrəfi başdan-ayağa
süzdü. Uşağın ağ sifəti alışıb
yanırdı.
- Bütün bu yerlərin hamısı sizindir?
- Bəs nə?!
- O taydakı meşə də?
- Hamısı.
- Su da?
- Zarafatı burax, birlirçini bəri ver!
Əhməd quşu Əşrəfə uzatdı. Oğlan
cəld bildirçinin qanadını gərdi. Tüklərini
aralayıb, hardan yaralanmasına baxdı. Onun sifətindəki
qəzəb yox oldu. Əhməd uşağın tutqun
çöhrəsini mə'sum bir təbəssümün
bürüdüyünü, gözlərində həm
sevinc, həm də hüznlü bir kədərin olduğunu
gördü. O, ovçudan çox, bir uşaq marağı
ilə quşu süzürdü.
- Acığın soyudumu?
Əşrəf gülümsündü. Onun hərəkətlərində
maraqla bərabər bir peşmançılıq da vardı.
Ancaq onun quşu vurduğunamı, yoxsa Əhmədin əlindən
almasınamı peşman olduğunu tə'yin etmək
çətin idi.
- Bəs mən indi harada ov edim? Görürəm bunların
hamısı sizindir. Yəqin Kürdən də balıq
tutmağa qoymayacaqsan.
Əşrəf Əhmədin səsindəki mə'nanı,
onun zarafat etdiyini başa düşmədi.
- Kürün suyu mənim ha deyil, allahın balığında
nə işm var?
- Bəs quş da allahın deyildimi, əlimdən aldın?
-Onu mən vurmuşdum.
- Yə'ni deyirsən mahir ovçusan, məndən də ustasan?
Əhməd onu şitəndirmək istəyirdi. Əşrəf
isə deyilən sözləri ciddiyyətlə qəbul edirdi.
Birdən-birə onda bu yaşlı kişi ilə bəhsə
girmək həvəsi doğdu. Oğlanın gözləri
oynadı. Yanaqları qızardı. Mərcə hazırlaşan
höcət uşaqlar kimi səsini ucaltdı.
- Mənim ovçuluğuma inanmırsan?
- Yox.
- Onda gəl mərcləşək. Görək kim yaxşı
güllə atır.
- Axı bu çəmənlik sizindir, mənim ixtiyarım
yoxdur.
- Heç nə olmaz, mən izin verirəm.
- Yaxşı, olsun.
Onların qaranlıq qarışana qədər kürün
yaxası boyu dolaşdılar. Əhməd qəsdən
ala-toranda nişana yaxşı gələn quşlara güllə
atmır, ilk ovçuluq həvəsi ilə alışıb-yanan
Əşrəfin qabağa düşməsinə imkan
yaradırdı. Dizinə qədər şehə batan oğlan
isə hər şeyi unutmuşdu. Hər dəfə vurub
saldığı quşun qanadından yapışıb
yuxarı qaldırır və qürurla "hə, necədir?"
- demək istəyirdi. Əhməd cavan dostunun sevincinə şərik
olmaq üçün gülümsünürdü.
Onlar hiss etmədən kənddən xeyli uzaqlaşmışdılar.
Əşrəfin geri qayıtmaq istədiyini görən
Əhməd ayaq saxladı.
- Daha bəsdirmi, xallı oğlan? İndi inandım. Doğrudan
da ovçusan.
- Sən də pis atmırsan, ay rus...
Onun səsi titrəyib qırıldı. Əhməd Əşrəfin
qürubun son şəfəqində necə qızardığını,
pis iş tutmuş adamlara məxsus peşmançılıqla
boynunu büküb dayandığını aydınca
gördü.
- Utanma, hamı mənə rus Əhməd deyir, sən də
de.
O bir qədər susdu. Ov yoldaşını birinci dəfə
görürmüş kimi dayandı.
- Sənə niyə belə ad qoyublar?
- Nə bilim?!
- Şapka geydiyinə görə?
- Yəqin.
- Axı sən niyə papaq geymirsən?
- Öyrənmişəm.
- Harada?
- Peterburqda.
- Peterburq haradır?
- Uzaq bir şəhərdir.
- Sən oraya nəyə getmişdin?
- Oxumağa.
- Bəs niyə qayıtdın?
- Eh, neyləyirsən onları. Bu, uzun əhvalatdır. Bir
gün yanıma gələrsən, hamısını
danışaram. Oxumaq bilirsənmi?
- Yox.
- Bəs öyrənmək necə, istəyirsənmi?
- Çətindir.
- Sənin kimi oğlanın əlində nəmənədir,
bir aya öyrənərsən.
Əşrəf nə deyəcəyini yəqinləşdirə
bilmədi. Mat-mat Əhmədin üzünə baxdı.
- İstəsən lap rusca danışmağı da
öyrədərəm. Razısanmı?
- Nə bilim? - deyə o, çiynini çəkdi.
Onlar dikdirə çıxdılar. Artıq göz-gözü
görmürdü. Kəndin solğun işıqları
titrəşirdi. Əşrəf cığırdan
sola burulub Əhməddən aralanmaq istədi.
- Bunları da apar.
- Niyə ki? - Əşrəf təəccübləndi.
Qaranlıqda iri gözləri parıldadı. - Onları
mən vurmamışam.
- Nə olar sən vurmayanda, bağışlayıram.
- Ovçu ovçunun şikarını əlindən almaz.
- Sən almırsan, mən özüm bağışlayıram.
Bir də, onları kim bişirəcək?
- Evinizdə adam yoxdur?
Əhməd qəmli-qəmli başını buladı:
- Yox.
- Niyə ki?
- Yetiməm.
Əşrəf cingiltili səslə güldü:
- Sən boyda da yetim olar?
- Adam qəribliyə düşəndə olar. Di yaxşı,
Əşrəf koxa, gecən xeyrə qalsın. Gözləyəcəyəm.
Havaxt könlün istəsə gəl.
Elə həmin günün səhərisi poçtalyonun
qapısı döyüldü. Əşrəf içəri
girdi. Əlindəki böyük bağlamanı yavaşca
pəncərənin qabağına qoydu. Stolun üstünə
səpələnmiş kağızlara nə isə yazan
Əhməd qanrılıb baxdı.
- Ay xoş gördük səni, demək gəldi. Çox
yaxşı. Bəs bu nədir?
- Anam göndərdi, Əhməd lələ, dedi ki, adam qəribə
hörmət edər. Bir az pendir, yağdır. Bir də
ki, bax bunlar. - O, bağlamanı açdı. Qızardılmış
bildirçinləri çıxardıb stolun üstünə
qoydu. - Sənin payındır, hər şeyi anama danışdım.
Məni yaman danladı. Bu təndir çörəyi də
yenicə bişib. Elə isti-isti götürüb gətirmişəm.
Əhməd təzə çörəyin ətrini ciyərinə
çəkib gülümsündü. Balaca oğlanın
qayğıkeşliyi onun qəlbini riqqətə gətirdi.
İllərdən bəri yaxın və doğma bir adamın
nəvaziş və mehribanlığını görməyən,
həmişə yad, soyuq baxışlarla qarşılaşan,
uzun gecələri öz xəyalları ilə tək yaşayan,
taleyin gərəksiz bir taxta parçası kimi köpüklü
dalğalarla vurub kənara atdığı bu adam, nəhayət
qəlbinə yaxın bir insan tapdığına sevinirdi.
O qəhərləndi. Əşrəf alnına yenicə
iz düşmüş Əhmədin gözlərinin
həlqəsinin yaşardığının, kirpiklrinin
titrədiyinin fərqinə vardı. Doğrudan da o kövrəlmişdi.
Başqa cür də ola bilməzdi. Bu kəndə gələli
heç kəsin isti çörəyini kəsməmişdi.
Hamı ondan uzaq gəzirdi. O isə yolun kənarındakı
kimsəsiz daxmaya çəkilir, gecələr kürkünəcə
bürünüb yatırdı. İndi birdən-birə
kimsə onun halına acıyırdı. Əhmədin
qulaqlarında "qəribə hörmət etmək lazımdır"
deyən qadının səsi canlandı. Sonra da o, isti çörəkləri
büküb oğluna verən adamın sir-sifətini xəyalən
təsəvvürünə gətirməyə çalışdı.
- Çox sağ ol, qardaş, lap ürəyimi xarab elədin.
- Niyə ki, Əhməd lələ?
- Heç, - deyə o, köksünü ötürdü,
sonra da çörəklərdən birini kəsdi: - Nə
gözəldir! Çoxdandır bu cür ətirli, təzə
çörək yemirəm. Əyləş, sən də
ye.
- Toxam.
- Nə olar, bir yerdə yesək, sənin də iştahan açılar,
mənim də.
Onlar yanaşı oturdular. Əşrəf gözaltı
Əhmədi süzürdü. Onun bu qədər göyçək
olduğunu dünən axşam sezə bilməmişdi.
"Əgər o, saqqalını qırxdırsa, saçını
vurdurub, bığlarını sahmana salsa, lap cavan görünərdi.
Geyimini də dəyişsəydi pis olmazdı". Əşrəf
dostlaşmağa başladığı bu adamın
daha yaraşıqlı və cazibədar olmasını
istəyirdi. Hətta onun evinin-eşiyinin də səliqəsi
ilə qürrələnməyə çalışırdı.
Əhməd oğlanın ürəyindən keçənlərdən
xəbərsiz idi. İştaha ilə çörək
yediyindən, Əşrəfin hər şeyə gözaltı
baxdığını, küncdəki taxtın üstünə
atılmış boz kilimin bir tərəfinə yığılan
yorğan-döşəyi, bir az da bəridəki iri sandığı,
divardan asılmış qoşalüləni, pəncərə
qabağındakı kitabları, dəhlizdəki qab-qacağı,
mismara keçirilmiş iri kürkü necə diqqətlə
süzdüyünün fərqinə vara bilmirdi.
Oğlan hər şeyi, hətta küncdəki süpürgəni,
oraya yığılmış kağız qırıntılarını
belə nəzərdən keçirdikdən sonra divardan asılmış
şəklə baxdı. iri, çal papaqlı bir kişi
qalın çatma qaşları altındakı gözlərini
zilləyib Əşrəfə baxırdı. Onun bəbəklərinin
işıltısı aydınca görünürdü.
Oğlana elə gəldi ki, şəkildəki kişinin
bir-birinə kip qapanmış dodaqları bu saat aralanacaq
və nə isə mehriban bir söz deyəcəkdir. Şəkil
Əşrəfin nəzərində böyüdü.
O, kişinin eşmə bığlarının və
sinəsinə düşən saqqalının tərpəndiyini
zənn etdi. Onun vəznəli çuxası, belindəki sallamalı
kəməri, xəncəri necə də yaraşıqlı
idi! Əşrəf hər şeyi aydınca təsəvvür
edirdi; hətta xəncərin ağ şirmayı dəstəsi
üzərindəki gümüş düymələri
belə sanki görünürdü. Bəs onun yanında
oturan, başına ağ yelənli qara kələğayı
örtmüş arvad kim idi? Onların çiyni üstündən
boylanan uşağın gözləri nə qədər
tanış dı! Əşrəf onu harada görmüşdü?
Əhməd çörəyini yeyib qurtardı. "Çox
sağ ol, ovçu qardaş", - deyə zarafatyana təşəkkür
etdi. Ancaq Əşrəf onun sözlərini eşitmədi.
Oğlanın diqqətlə şəklə baxdığını
və hər şeyi unutduğunu görəndə əlini
onun çiyninə qoyub astadan dilləndi.
- Xoşuna gəlir?
Əşrəf yad təmasdan diksinib fikirdən ayrıldı.
Onun nəzərində böyümüş adam kiçildi,
yenə də ətrafı qara çərçivəli şüşənin
altındakı balaca şəklə çevrildi. Onun dodaqları
qaçdı. Gözlərində günah qarışıq
bir maraq oyandı.
- Çox yaxşı kişidir. Sənin nəyindir?
- Atamdır.
- Atan?
- Niyə təəccüb edirsən?
- Bəs sən rus deyilsən?
- Yox.
- Bəs o arvad kimdir?
- Anamdır. O da mənəm, oxşayırmı?
- Yaman oxşayır.
Əşrəf bu söhbətlərin xoşa gəlmədiyini,
bir az bundan əvvəl qaşqabağı gülən,
mehriban çöhrəli Əhmədin sifətinə qışın
bir çovğunlu ruzigarını xatırladan bir kədər
çökdüyünü hiss etsə də, marağını
boğa bilmədi. Bir uşaq sadəlövhlüyü
ilə:
- Bəs onlar indi haradadırlar? - deyə soruşdu.
- Şuşada.
- Sənin yanına niyə gəlmirlər.
- Küsülüyük.
- Niyə küsülüsünüz?
Əhməd pis və acı bir xatirəni qovurmuş kimi
əlini yellədi, zorla gülümsəməyə çalışdı.
- Keçənləri yada salmasaq yaxşıdır.
Onlar susdular. Əşrəf nəzərlərini divardakı
şəkildən çəkib kitablara baxdı.
- Bunların hamısını oxumusanmı?
- Oxumuşam. Səni də öyrədəcəyəm. Rusca
yazmağı da, oxumağı da biləcəksən.
- Mənim bir-iki dostum var, onları da öyrədərsənmi?
- Niyə öyrətmirəm, qoy gəlsinlər. Mən sizə
hər şeyi: xəritəni də, şəkil çəkməyi
də, şəhərlərin adını da, hesabı
da öyrədəcəm. Ancaq gəlin. Elə otağın
birini boşaldıb sinif edərik. Özümüzün
məktəbimiz olar. Düz demirəmmi?
- Lap yaxşı olar. Molla Sadığın acığına
hamımız gələrik. Ancaq sən sözündən
dönmə.
O xeyli dayandı. Balaca dostunu sınayıcı nəzərlə
süzdü. - Əşrəf, bilirsən nə var, gəl
əməlli-başlı dost olaq. Sən yaman xoşuma gəlirsən.
Gəl mənə qardaş ol. Razısanmı, hə?
Əşrəf sevinclə:
- Razıyam. İki qardaş idik, indi olduq üç.
2
Təpələirn ətəyindəki xır yolla irəliləyən
fayton kəndə yaxınlaşırdı. Atlar yorulmuşdu.
Faytonçunun cidd-cəhdinə baxmayaraq, yerişlərinə
haram qatmaq istəmirdilər. Havada şaqqıldayan qamçının
səsini eşitdikdə azca hərəkətə gəlib
daş yola səs salsalar da, qaçmır, beş-on addımdan
sonra yenə də yerişlərini yavaşıdırdılar.
Faytonçu da yorulmuşdu. Görünür, uzun və
kimsəsiz yol onu da taqətdən salmışdı. Ancaq
həvəsdən düşmür, necə olursa-olsun axşama
Tiflisə çatmaq istəyirdi.
Faytonda oturan müsafir isə heç nəyə fikir vermədən
sakitcə ətrafı seyr edirdi. O, ayağını-ayağının
üstünə aşıraraq, yanpörtü əyləşmişdi.
Xırdaca gözlərini qıyıb boz təpələrə,
lap uzaqdan güclə görünən kürün sahilinə
səpələnmiş kənd evlərinə, düzənliyə
dağılmış mal-qaraya tamaşa edirdi. Hava isti
idi. Təpələrin ətəyindən qalxan boğanaq toz-torpağı
göyə sovurub, yay kimi burula-burula yuxarı qalxdı və
yolun ortasında xeyli dayandıqdan sonra üzü aşağı,
Kürə doğru süründü.
Faytonçu darıxdı. Uzun yolun yorğunluğunu unutmaq
üçün söhbət etmək, maraqlı bir əhvalata
qulaq asmaq istədi. Elə buna görə də dönüb,
apardığı sərnişinə baxdı. O isə
gözlərini qıyıb, dinməz-söyləməz
oturmuşdu. Fayton tərpəndikcə astaca yırğalanırdı.
Deyəsən mürgüləyirdi.
Gün şaxımışdı. Saralıb-solmağa
başlayan çöllərdəki sirkanların arasında
gizlənən cırcıramalar qərib-qərib oxuyurdular.
Yolun ortasında özünü günə verən
koramallar səs eşitdikdə sürünüb qalınlıqda
gözdən itirdilər. Yol isə uzanır, düzənliyi
bir xətt kimi kəsib üfüqə doğru gedirdi. "Zalım
oğlu zalım elə bil ağzına su alıb", -
deyə öz-özünə söylənən faytonçu
birdən qamçını havada şaqqıldatdı.
"Hey-hey, a başınıza dönüm, əlli tərpənin,
axşama az qalır". Atlar qəfil hücumdan diksinib irəli
atıldılar. Fayton bərk silkələndi. Fikirdən
ayrılan müsafir gözlərini açıb, faytonçunun
kürəyinə baxdı. Onun şapkasının altından
çıxan sarışın saçları boynunun
dalında qıvrılmışdı. Dərisinin
qırışlarına qonan tozu tər islatmışdı.
- Hava istidir, atları çox qovmayın.
Faytonçu müştərisinin səsini eşidib geri
döndü, üfüqə doğru əyilən günəşi
göstərdi:
- Gecikərik.
- Eybi yoxdur, onsuz da bu gün Tiflisə çata bilməyəcəyik.
- Bəs harada gecələyəcəyik? Mən bilən, bu yollarda
karvansara yoxdur.
- Kəndlərin birinə dönərik.
- Qorxmursunuz?
- Kimdən?
- Müsəlmanlardan.
Sərnişinin qaşları çatıldı.
- Onlardan bir pislik görmüsən?
- Yox.
- Bəs niyə qorxursan?
- Nə bilim, deyirlər bizi görməyə gözləri
yoxdur.
- Bizi, yə'ni kimi?
- Rusları.
- Boş sözdür!
Faytonçu sərnişinin qəzəbləndiyini hiss edib
ehtiyatlandı. "Deyəsən bir az artıq-əskik danışdım.
Gərək əvvəlcə kim olduğunu öyrənəydim.
Bəlkə elə özü də müsəlmandır.
Onun üçün hirsləndi. Sir-sifətindən oxşamır.
Müsəlmanlar bunun kimi üzlərinin yarısını
qırxdırıb, çənələrində saqqal
qoymurlar. Eh, bir də indiki adamları seçmək çox
çətin olur. Müsəlmanların oxumuşları
da qiyafələrini dəyişirlər".
O, atlara bir-iki qamçı çəkdikdən sonra geri qanrıldı.
- Bağışlayın, cənab, adınızı
da bilmirəm...
- Aleksey Osipoviç.
- Demək, russunuz.
- Bəli. Necə məgər?
- Mən lap qorxuya düşdüm. Dedim, bəlkə müsəlmansınız.
- Müsəlman olanda nə olar?
- Heç. Deyəsən bir az artıq-əskik danışdım.
- Sizdə taqsır yoxdur.
Onlar susdular. Faytonçu belə bir adamla söhbətin tutmayacağını
yəqin edib, cilovları dartışdırdı. Aleksey
Osipoviç isə faytonun arxasına söykənib, gözünü
səmadakı ağ buludlara zillədi...
"Bu nə şübhədir? Nə üçün insanlar
bir-birindən qorxub hürkürlər? Məgər müsəlman
olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün insanları
allah yaratmayıbmı? Onlar hamısı təbiətin
övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə
deməkdir? Kim insanlar arasında ögey-doğmalıq
salıb? Axı nə üçün səhərdən
axşama qədər bir parça çörək üçün
yollarda fayton sürən bu rus kəndlisi tanımadığı
xalq haqqında belə danışır? Bu işlərdə
müqəssər kimdir? Kim insanların beyninə bu zəhəri
yeritmişdir? Bizim dərdimiz çox böyükdür.
Bu cür axmaq fikirlər nəticəsində yerli xalqlar bizə
şübhə ilə baxırlar. Elə ziyalılarımızda
da taqsır çoxdur. Onların içində ağalıq
iddiasına düşənlər, yerliləri öz evlərində
rahat dolanmağa qoymaq istəməyənlər azdırmı?
Elə bizim seminariyada belələri yoxdurmu?"
Aleksey Osipoviç hələ dörd il əvvəl Qori seminariyasının
pedaqoji şurasında olan mübahisəni xatırladı.
Seminariyanın direktoru Dmitri Semyonov (Uşinskinin tələbəsi
və görkəmli pedaqoqdur (1834-1902), 1878-ci ildən 1883-cü
ilə qədər Qori seminariyasının direktoru olub) müsəlman
şö'bəsinin açılması məsələsini
irəli sürmüşdü. Şurada böyük
mübahisə qalxmışdı. Yeni şö'bənin
açılmasına qəti e'tiraz edənlər var idi. Semyonovun
müəllimləri sakit etdikdən sonra dediyi sözlər
Aleksey Osipoviçin indi də yadındadır.
- Cənablar, bir fikir irəli sürəndə əvvəlcə
ağıl və məntiqə müraciət etmək lazımdır.
Əsrin, zamanın tələbini unutmaq olmaz. İndi ə'lahəzrət
imperatorun özü də təbəələrinin savadlanmasını
istəyir. Seminariyaların açılması haqqında
atamız çarın özü fərman vermişdir.
Bizim borcumuz isə deyilənləri yerinə yetirməkdir.
- Fərmanda müsəlman şö'bəsinin açılması
barədə qeydin olmamasını cənabınızın
xatirinə salsam, qəbahət etmərəm.
- Diqqətinizə qarşı minnətdaram, cənab, - deyə
Semyonov atmacaya sakit cavab verdi. Yerli şəraiti öyrənmək
və ə'lahəzrətə kömək etmək bizim borcumuzdur.
Bir də, unutmayın ki, Qafqaz müsəlmanları da böyük
rus imperiyasının təbəələridir. Atamız
çarın təbəələri arasında ayrı-seçkilik
salmaq öüz qəbahətdir. Bizim borcumuz onların savadlanmasına
kömək etməkdir.
- Onların rus-tatar məktəblərində oxumaları
kifayətdir. Yerlilərdən müəllim hazırlamağa
nə ehtiyac var?!
- Bəs həmin məktəblərdə kim dərs deyəcək?
- Biz özümüz.
- Nə vaxta qədər?
- Həmişə.
- Yox, - deyə Semyonov müsahibinin sözünü qətiyyətlə
kəsdi. - Siz yanılırsınız, cənab, gec-tez
yerli ziyalılar yetişəcəkdir. Zamanın hökmü
belədir. Bizim tarixi borcumuz isə bu işə kömək
etməkdir.
- Üzr istəyirəm, cənab Semyonov, yerli ziyalıların
yetişməsindən sonra baş verə biləcək hadisələr
Sizi narahat etmirmi? Onlar bizə meydan oxumayacaqlarmı?
- Elmin meydanı geniş, mənzili isə uzaqdır. Burada
təhlükəli bir şey yoxdur. Qafqaz valisi də bu şö'bənin
açılmasına razıdır. Yerli müsəlmanların
tələbini ödəmək lazımdır. Bizim borcumuz
əməli tədbirlər görməkdir.
- Yaxşı, bəs bu şö'bəyə kim rəhbərlik
edəcək? Tatar dilini bilən müəllimi hardan tapaq?
- Narahat olmayın, - deyə Semyonov sakitcə gülüb
Aleksey Osipoviçi təqdim etdi. - Cənab Çernyayevski (A.O.Çernyayevski
(1840-1897) Qori seminariyasında Azərbaycan şö'bəsinin
inspektoru olmuşdur) bu işin öhdəsindən gələr.
Mən onu Kuban seminariyasından tanıyıram. Maarif sahəsində
təcrübəsi çoxdur. Hərçənd "Tiflisski
vestnik" qəzeti vaxtı ilə onun poçtda işləməsinə
işarə edərək, Aleksey Osipoviçi "eks poçtalyon"
adlandırmışdır. Amma zərər yoxdur. Bizim
maarif cəbhəsində bu cür "eks poçtalyonlara" ehtiyac
çoxdur. Həm də cənablar, Aleksey Osipoviçin onların
dilini və adətlərini mükəmməl bildiyini sizin
nəzərinizə çatdırmalıyam. Mən onu müsəlman
şö'bəsinə inspektor və müəllim tə'yin
edirəm.
Elə həmin axşam Semyonov Aleksey Osipoviçi yanına
çağırdı. Olqa Konstantinovna onu mehribanlıqla
qarşıladı, süfrəyə şirniyyat və
çay qoyduqdan sonra küncə çəkilib tikiş
tikməyə başladı. Semyonov mürəbbəli çaydan
bir-iki qurtum aldıqdan sonra sakitcə sözə başladı.
- Siz elə sözlərə fikir verməyin Aleksey Osipoviç,
bizim borcumuz insanlara xidmət etməkdir. Müəllim el anasıdır.
Maarif gözlərin ziyasıdır. Biz gözləri açmalı,
ətrafa ziya saçmalıyıq. Yoxsa bu zülmət
səltənətində yaşamaq olmaz.
- Mən Sizi anlayıram, Dmitri Dmitriyeviç, bu yolda çətinliklərin
də olacağını indidən görürəm.
Müsəlmanlara daha çox kömək etmək lazımdır.
Mən onların həyatına yaxşı bələdəm.
- Çara və hökumətə yerli mə'murlar lazımdır.
Elə bunun üçün də məktəblər açırlar.
Amma biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən
yeni məqsədlər üçün istifadə etməliyik.
- Aydındır. Mən yerli ziyalıların bə'ziləri
ilə tanışam. Bizim Şamaxıda Seyid Əzim
Şirvani adlı bir şair var. O çox güclü
və gözüaçıq adamdır. Yeni üsulla
məktəb açmaq istəyir. Onun nələr çəkdiyi
mənə bəllidir. Bir yandan yerli ruhanilər onu incidir, digər
tərəfdən köhnə məktəbin buxovlarından
azad ola bilmir. Öz dillərində dərslikləri də
yoxdur. Mənim arzularım çox böyükdür.
- Elə ona görə də Sizə məftun olmuşam,
cənab eks poçtalyon, - deyə Semyonov dostcasına əlini
onun çiyninə qoydu. - Bu işdə fədakarlıq lazımdır.
İlk illər çətinlik olacaq. Siz qorxmayın. Bizim
seminariya müəllimləri içərisində təhkimçilik
dövrünə qayıtmaq istəyənlər də var.
Gələcəyi görməyənlər də çoxdur.
Ancaq müsəlmanların özləri öz talelərini
bizdən yaxşı anlayırlar. Bilirsinizmi, müsəlman
şö'bəsinin açılması fikrini im ortaya
atmışdır?
- Zənnimcə, Sizin təşəbbüsünüzdür.
- Yox, məndən qabaq bu fikri kapitan Axundov irəli atmışdır.
- Mirzə Fətəlimi?
- Bəli.
- Mən onun haqqında çox eşitmişəm. Əsərlərini
oxumuşam. Böyük zəkadır.
- Elə bə'zilərini də qorxuya salan budur. Çayınızı
için. Olqa Konstantinovna, deyəsən, Aleksey Osipoviçin
çayını təzələyəsi olacaqsınız.
Hə, indi mən Sizə arxayınam. Əməli təkliflərinizi
yazın, fikrinizi mənə bildirin. Hər şeydən əvvəl
şagirdlərin haqqında düşünmək lazımdır.
- Taparıq, Dmitri Dmitriyeviç, kəndbəkənd gəzməli
də olsam tapacağam.
Bu söhbətlər 1879-cu ildə olmuşdur. Şö'bənin
açılmasına rəsmi icazə verilməsə də,
onlar sentyabr ayına qədər beş-altı tələbə
yığa bilmişdilər. İndi isə şö'bəni
genişləndirmək mümkün idi. Artıq hökumətin
rəsmi əmri alınmışdı. Elə bu məqsədlə
də Aleksey Osipoviç səfərə çıxmışdı.
O düz bir ay idi ki, yollarda idi. Təxminən üç
min verst qət etmişdi. Bə'zən kəndləri piyada
dolanmış, Şamaxıda, Şuşada, Gəncədə
olmuşdu. İrəvan quberniyasını gəzmişdi.
İndi isə Qazaxdan keçib Tiflisə gedirdi...
Artıq gün yaxmışdı. Təpələrin
kölgəsi uzanıb yolun üstünə sərilmişdi.
Uzaqdakı kənd evlərinin pəncərə şüşələri
qürub şəfəqlərini əks etdirib parıldayırdı.
Atların təri soyumuşdu. Faytonçu bu axşam şəhərə
çata bilməyəcəyini yəqin etdiyindən sakitləşmişdi.
Xır yolunda asta-asta irəliləyən fayton təkərinin
qıcırtısı, bir də at nalının taqqıltısından
başqa heç nə eşitmirdi.
Aleksey Osipoviç faytonun günlüyünü qatlamaq
üçün ayağa durdu. Bunu hiss edən faytonçu
qanrılıb geri baxdı.
- Sizə nə lazımdır, cənab?
- Artıq sərin düşüb.
- Bu saat.
O, cilovu çəkib atları dayandırdı. Yaşına
uyğun olmayan bir cəldliklə atılıb yerə düşdü.
Aleksey Osipoviç də faytondan endi. Onun paltarına narın
toz qonmuşdu. Ayaqları üyüşmüşdü.
- Atları açın, dincəlsinlər. Özümüz
də nəfəsimizi dərək.
Faytonçu bu dəfə e'tiraz etmədi. Aleksey Osipoviç
yolun alt tərəfindəki dərə ilə axan balaca çaya
yaxınlaşdı. Pencək və köynəyini çıxardıb
otluğa atdı. Ayağını da soyundu. Xırdaca
daşların üstü ilə yeriyib, çayın
ortasında dayandı. Su isinmişdi. Balaca, yumru və sürüşkən
daşlar ayağı qıdıqlayırdı. Aleksey
Osipoviç ovcunu doldurub, ilıq suyu üzünə çırpdı.
Böyük ləzzətlə yuyundu.
Faytonçu da atlarını çimizdirdi. Bədəni
sərinləyən kəhərlər ayaqlarını suya
çırpıb, daşları şaqqıldadırdılar.
Elə bil uşaq kimi sevinir, köpüklü suları
sıçradıb, ətrafa dağıtmaqdan zövq
alırdılar.
Hava sərinləşmişdi. Amma əsən mehin nəfəsində
hələ də istilik vardı. Adamı təndirin alovu
kimi bürkü vururdu. Yuyunub qurtarandan sonra özünü
yüngül hiss edən Aleksey Osipoviç göylükdə
balaca bir süfrə açdı. Faytonçu isə atları
suyun kənarındakı çəmənliyə buraxdı.
- Yaxın gəlin, çörək yeyək.
- Çox sağ olun, cənab.
- Sağ olunu sonra deyərsiniz, gəlin.
Faytonçu könülsüzcəsinə süfrəyə
yaxınlaşdı. Kənardaca dizi üstə çökdü.
Sulu əllərini əvvəlcə saçına, sonra da
saqqalına çəkdi. Süfrədəki kolbasaya, pendir-çörəyə
baxdı. Aleksey Osipoviç şərab şüşəsini
açmaq istəyirdi.
- Verin mənə, Sizə çətin olar.
O, şüşəni götürdü. Cibindən
iri bir bıçaq çıxardıb, tıxacı
açdı. Stəkana şərab tökdü.
- Buyurun, cənab.
- Əvvəlcə Siz için.
- Yox, yox, Siz buyuracaqsınız. Mən içməsəm
də olar.
- Yoldaşlıqda ayrı-seçkilik olmaz. Bağışlayın,
adınız...
- İvan Filippiç, cənab.
- İvan Filippiç, Sizin sevmədiyiniz müsəlmanlarda
belə bir məsəl var: yoldaş yoldaşla tən gərək,
tən olmasa gen gərək. İndi biz yoldaşıq.
Faytonçu özünü itirmişdi. Bir az bundan əvvəl
haqqında çox pis fikirdə olduğu adamın sadə
və səmimi rəftarı onu çaşdırmışdı.
Aleksey Osipoviçsə artıq əlli yaşı keçmiş
bu kişinin dizi üstə oturub, günahkar bir uşaq
kimi, çəkinə-çəkinə süfrəyə
əl uzatmasına, ətrafı qırışmış
gözlərindəki mə'sumluğa, qalın saqqalına,
üst dodağını örtmüş bığına,
alnına tökülən saçlarına baxdıqca
atasını yadına salırdı. O da belə idi.
Ömrü boyu bir parça çörək üçün
çalışmışdı...
Atası yay aylarında furqonla Şamaxıdan, Ağsudan
Çuxuryurda və başqa yaylaqlara adam daşıyırdı.
Bə'zən həftələrlə evə qayıtmazdı.
Taxıl biçini zamanı isə başqa kəndlilərlə
birlikdə arvad-uşağını da yığıb,
aran yerlərinə enərdi. Qatarlaşan furqonlar tozlu-torpaqlı
yollarla bir neçə gün getdikdən sonra taxıl zəmilərinin
ətrafında dayanardı. Sahibkarla biçinçilər
arasında sövdələşmə başlanardı.
Atası ilə bir yerdə olduğu sonuncu yay Aleksey Osipoviçin
yadından heç vaxt çıxmırdı. Onda onun
altı, ya yeddi yaşı ancaq olardı. Həmin il Şamaxının
ətrafındakı əkin yerlərini dolu döymüşdü.
Onların taxılından heç əsər də qalmamışdı.
Aclıq təhlükəsi vardı. Hamı kimi Osip də
aran yerinə, biçinə getməyə hazırlaşırdı.
Yola düşməzdən bir gün əvvəl balaca Alekseyi
yanına çağırdı.
- Alyoşa, sən evimizdə qal, ananla mən gedim. Çlx
çəkməz, bir aya qayıdarıq. Oralar istidir, sonra
xəstələnərsən.
- İstəmirəm, - deyə Aleksey ayaqlarını yerə
döydü, - məni də özünüzlə aparın.
Sizə kömək edərəm. Atları otararam.
- Axı, istiyə dözməzsən.
Anası da ona tərəfi çıxdı. Aleksey gedəsi
oldu. Həmin gecə o yatmadı. Yola tədarük görən,
çörək bişirib, yorğan, döşək
hazırlayan anasına kömək etdi. Obaşdan, hələ
dan ulduzu doğmamışdan yola düşdülər.
Aleksey atasının yanında oturmuşdu. Furqonun çadırını
çəkmişdilər. Kənd xoruzları səs-səsə
verib banlaşır, elə bil bir ağızdan qışqırıb:
"Alyoşa, hara gedirsən?" - demək istəyirdilər. Ayazımaqda
olan üfüqə tamaşa edən Aleksey sərin havanı
ciyərlərinə çəkib, qürurlanır, qışqırıb
hamıya "artıq mən böyümüşəm.
Atama kömək edəcəyəm", - demək istəyirdi.
Atası isə gözaltı onu süzür, "sənə
soyuq olar, get ananın yanına uzan", - deyirdi. Aleksey nəinki
getmək istəmir, əksinə, cilovu atasının əlindən
alıb, furqonu özü sürməyə, beləliklə
də böyümüş olduğunu göstərməyə
çalışırdı.
O yay çox gözəl keçdi. Şamaxıdan gələn
biçinçilər çölün ortasında, taxıl
zəmilərinin kənarında düşərgə saldılar.
Furqonları yan-yana açdılar.
Biçinçilər ala-torandan qalxır, şehdən nəm
çəkmiş zəmilərə doluşurdular. Alekseyin
atası sünbülləşmiş taxılları
qucaqlayıb oraqla biçir, anası isə onun arxasınca
dərz bağlayırdı. Onlar işləyən zaman
atları otaran, sonra da çay qaynadıb, süfrə açan
Aleksey arabir anasına da kömək edirdi. Gah bafa bağlayır,
gah da dərzləri pencələyən atasına əl-ayaq
verirdi. Günorta furqonun kölgəsinə uzanıb iştahla
çörək yeyən ata-anasına tamaşa etmək
ona ayrı ləzzət verirdi. Axı bu kartofları suda
Aleksey bişirmişdi; çayı da o qaynatmışdı!
Gecəninsə ayrı ləzzəti vardı. Uşaqlarla
bərabər atları otarmağa aparan Aleksey ağ çadırlı
furqonların yanında alovlanan ocaqlara tamaşa etməkdən
doymurdu. Gecənin qaranlığında şəfəqlər
oynaşır, çuqun qazanlarda xörək bişirənlərin
kölgəsi bir nəhəng kimi uzanıb zəmilərin
ortasında gəzişirdi. Lakin səs-küy və canlanma
çox çəkmirdi. Yarımca saat sonra bütün
günü işləyənlər çul kimi döşənib,
ağır yuxuya gedirdilər. Ətrafa qulaq cingildədən,
dərin sükut çökürdü. Alekseyin isə
gözünə yuxu getmirdi. O çox vaxt arxası üstə
uzanıb, aylı gecələrdə göyə səpələnmiş
ulduzları saymaq istəyirdi. Onların nə üçün
titrədiklərinin səbəbini öyrənməyə çalışırdı.
Çölün üzərinə çökmüş
gecənin sərinliyi onu üşürgələndirəndə
yorğana bürünür, soyuqdan titrəşdiklərini
güman etdiyi ulduzların halına acıyırdı.
Hərdənbir ulduz axanda dik atılır, bu quyruqlu alovun
onların zəmisinə düşüb, atasının
biçdiyi dərzləri yandıracağından qorxurdu.
Belə hallarda bə'zən ata-anasını da oyatmaq istəyirdi.
Ancaq onların bir-birinə qısılıb, ölü
kimi yatdıqlarını görəndə fikrini dəyişirdi.
Yenə yerinə uzanır, əllərini başının
altına çarpazlayıb, buludları yaran aya tamaşa
edirdi. Göy ot xımırtladan atların fınxırtısından
və gecə böcəklərinin həzin səslərindən
başqa heç nə eşidilmirdi. Arabir kövşənlər
şaqqıldayırdı.
Bazar günü isə biçindən bir az tez qayıdırdılar.
Çay-çörək yedikdən sonra ocağın ətrafına
toplaşardılar. Hamının "Mişka" - deyə
çağırdığı sarı telli oğlan
qarmon çalardı. Aleksey də özünü kişilər
cərgəsində hesab edir, cır səsi ilə mahnı
oxuyanlara qoşulardı. Anası həm sevinər, həm
də uğunub keçərdi.
Düz bir aydan sonra biçini qurtardılar. Taxıl çahibləri
gəldilər. Pencələri saydılar. Şərt üzrə
hər on pencədən birini biçinçilərə verdilər.
Aleksey atasının allaha şükür elədiyini
gördü. Kişinin rəngi durulmuşdu. Tez-tez arvadı
ilə zarafat edirdi.
- Belə-belə işlər, Mariya, on pencə taxılımız
var. Hər pencədən azı on çanaq buğda çıxacaq.
Yüz çanaq üç tağardan da çox edir. Şükür,
bu il çörəyimiz var. Hələ üstəlik bir-iki
pud satıb Alyoşaya da zəhmət haqıq verərik.
Yoxsa insafsızlıq olar. Axı o da işləyib. Bleədir,
ya yox, Aleksey Osipoviç? - deyə atası gülə-gülə
ona müraciət etdi. - Sənə qırmızı çəkmə,
bir də boynu işləməli ipək köynək alacam.
İstəyirsən qotazlı kəmər də alım.
Özünü də bu il necə olur-olsun məktəbə
göndərəcəm.
Biçinçilər adəti üzrə xırman açıb
taxıllarını elə zəmilərin kənarındaca
döyərdilər. Hazır buğdanı çuvallara
doldurub furqonlara yükləyər və birbaş evlərinə
qayıdardılar. Alekseygil də elə etdilər. İki
gün gecəli-gündüzlü əlləşib
taxıllarını döydülər. Furqon karvanı
qatarlaşdı.
Şamaxıya gələn kimi atası dediyinə əməl
etdi. İki pud taxıl satıb oğluna qırmızı
çəkmə aldı. Amma məktəbə göndərə
bilmədi.
Kəndə qayıdandan sonra ot biçini başlandı.
Alekseygilin biçənəyi yox idi. Dağların döşündə
dalğalanan çiçəkli çəmənlik varlılarındı.
Amma ot çalanlar yoxsullar idi. Alekseyin atası da bunların
içində idi. Onlar yenə də muzdla işləyirdilər.
Aleksey bu dəfə də atasını tək buraxmadı.
(Elə bil ondan həmişəlik ayrılacağı
ürəyinə dammışdı). Atı yallayıb
belinə qalxdı. Anasının bişirdiyi xörəyi
çölə apardı.
Kəndlilər cərgə ilə kərənti çəkirdilər.
Göy otlar yehrələnib uzanırdı. Elə bil dağların
döşü zolaq-zolaq olmuşdu. Ovxarlanmış
kərəntilərin ağzı parıldayırdı.
Aleksey atını çapıb, ot yığan qızların,
gəlinlərin yanından ötürdü. Onların
çoxu başına qırmızı qıymaça
çəkmişdi. Bellərinə ağ işləməli
önlük bağlamışdılar.
Havanın gözəlliyi Alekseyi sevindirirdi. Görünür,
biçinçilər də ruzigarın xoş keçməsindən
razı idilər.
Aleksey atasını tapdı. Gətirdiyi xörəyi
ona verdi. Özü isə kənardaca oturub, onun necə iştahayla
çörək yeməsinə tamaşa etdi. Kişi lap
arıqlamışdı. Çirkli və tərli köynəyi
kürəyinə yapışmışdı. Açıq
yaxasından tüklü sinəsi görünürdü.
O, xörəyini yeyib qurtarandan sonra əli ilə ağzını
sildi. Bığını, saqqalını sığallayıb,
ayağa durdu. Boynundan sallanan zəncirli mis xaçı öpdü.
- Çox sağ ol, Aleksey Osipoviç.
- Nə üçün mənə belə deyirsən, mən
ki, Alyoşayam.
- Yox, sən daha böyümüsən, Aleksey Osipoviçsən.
Atası onunla xeyli zarafat etdi. Sonra da göyün üzünə
baxdı.
- Yaman bürküdür. Yağmasa yaxşıdır.
Yaxşı, Aleksey, atını çap, get evə. Bir
qucaq da göy ot apar. Anana da de hamamı qızdırsın,
gəlib çiməcəm...
Amma o, arvadının hazırladığı hamamda
çimə bilmədi. Elə həmin axşam selləmə
yağış yağdı. Osip cücə kimi islanmış
halda evə gəldi. Yer saldırıb birbaş yorğan-döşəyə
uzandı. İki gün titrətdi. Bir həftədən
sonra isə davasız-dərmansız sətəlcəmdən
öldü.
... Ani fikrə gedən Aleksey Osipoviç gözünü
faytonçunun üzündən çəkmədən köksünü
ötürdü:
- Siz mənim atama yaman oxşayırsınız. O da Sizin
kimi beləcə saç-saqqal qoyardı.
İvan Filippiç həyalı uşaq kimi qızardı.
Nə deyəcəyini bilmədi.
- Cənab Aleksey Osipoviç, mən faytonçu babayam. Sizin
atanız yəqin ki...
- Xalis kəndli idi. Bir parça torpaqdan və iki atdan başqa
heç nəyi yox idi. Siz faytonçusunuz o, furqon sürərdi.
- İnana bilmirəm, - deyə kişi təəccübləndi
və süfrənin kənarında yerini rahatlayıb əyləşdi.
Aleksey Osipoviç onun bəbəklərində oynayan sevinc qığılcımlarını
aydınca gördü. Elə bil kişini birdən-birə
dəyişdilər. Qaşqabağı açıldı.
Dodaqlarının yanı azca əyildi. Parlaq dişləri
göründü. Atası da belə idi. O da sevinəndə
bu cür qımışardı.
- İçin, - deyə Aleksey Osipoviç stəkanı
onun qabağına qoydu. İvan Filippiçsə birdən-birə
şüşəni başına çəkdi. Qırmızı
şərabın damlaları saqqalına süzüldü.
Stəkandakı şərabı Aleksey Osipoviç özü
içməli oldu.
- Neçə uşağınız var?
- Allah verəndən çoxdur. Üçü evdədir.
İkisini köçürmüşəm.
- Oxuyanı varmı?
- Hardan olsun? - deyə İvan Filippiç yanıqlı-yanıqlı
söhbətə başladı. Artıq o çəkinmir,
özünə həmdərd tapmış adam kimi ürəyini
boşaldırdı. - Özünüz görürsünüz
ki, qocalmışam. Külfət çox, faytondan başqa
da bir şeyim yoxdur. Bununla da indiki zəmanədə arvad-uşaq
saxlamaq çətindir. Kim istəməz balası oxusun? Amma
neyləyim, kasıblığın üzü qara olsun,
oxuda bilməmişəm. Bircə kiçik oğlum dörd
il məktəbə getdi.
- Bəs ində nə işdədir?
- Heç nə. Özünü ora-bura vurur, amma əlindən
bir şey gəlmir. Bir həftə bundan qabaq Bakıya iş
axtarmağa getmək istədiyini mənə dedi. Deyirlər
orda, neft mə'dənlərində iş çoxdur. Amam uşaqdır,
gözümdən qoya bilmirəm.
- Neçə yaşı var?
- Bu yaz on altıya keçəcək.
- Adı nədir?
- Vaska. Vasili.
- Onu ver mənə. Düz sözümdür, niyə
təəccüb edirsiniz, özümlə apararam.
- Hara?
- Qoriyə, oxumağa.
- Vallah nə deyim, bunun xərci-xəracat var.
- Heç nə lazım deyil. Mən onu pansiona düzəldərəm.
Hər şey mənim boynuma.
İvan Filippiç eşitdiklərinə inana bilmirdi. Ona
görə də cavab verməkdə çətinlik çəkirdi.
- Demək, danışdıq. Tiflisə çatan kimi məsələni
həll edirik.
- Olsun, - deyə faytonçu sakitcə cavab verdi.
Onlar yola düşəndə artıq qaranlıq qarışmışdı.
Qarşıdakı kənd evlərinin titrək və solğun
işıqları görünürdü.
3
Gecədən xeyli keçmiş "Zayej"in qapısı döyüldü.
"Bu zaman kim olar?" - deyə Əhməd təəccüblə
çiyinlərini çəkdi. Qapı bir də döyüldü.
Əhməd şüşəsi hislənmiş lampanın
fitilini aşağı çəkib, işığı
öləzitdi. Hər ehtimala qarşı qoşalüləsini
götürüb, qapıya yaxınlaşdı. Səsini
çıxarmadan bir xeyli dayandı. Həyətdən at
fınxırtısı və xısın-xısın
danışan kişi səsi gəlirdi. Əhməd ehtiyatlandı.
Onun bu kənddə düşməni olmasa da, gecələr
qapını möhkəm bağlayır, pəncərə
taxtalarını da qapayırdı.
- Ay ev yiyəsi.
- Kimsən?
- Allah qonağı istəmirsənmi?
- Bu zaman nə allah qonağı, ay kişi?
- Yol adamıyıq, gecəyə düşmüşük.
Əhməd cəftəni çəkib qapını araladı.
İçəridən süzülüb düşən
solğun işıqda eyvanda dayananı gördü.
Onun qiyafəsindən başa düşdü ki, doğrudan
da yol adamıdır. Bir az kənarda əlində qamçı
dayanan iri bədənli kişi isə onun şübhələrini
tamam dağıtdı.
- Şəhərəmi gedirsiniz?
- A kişi, qonağı qapı qabağında sorğu-suala
tutmazlar. Qoy içəri keçək, bir azrahatlanaq, sonra danışarıq.
Əhmədi qonağın sözü bərk tutdu. "Doğrudan
da, lap qəribə olmuşam", - deyə xəyalından keçirdi
və qapını taybatay açdı.
- Buyurun, buyurun.
- Çox sağ ol, bəs faytonu neyləyək?
- Həyətdə rahatlayarıq.
- İvan Filippiç...
- Siz keçin içəri, mən özüm ona kömək
edərəm.
Əhməd qonağı qabağa salıb yol göstərdi.
Tüfəngini küncdə divara söykəyib, lampanın
fitilini qaldırdı. Evə çökmüş qaranlıq,
işıqdan qorxan kölgə kimi geri çəkildi.
İçəri aydınlaşdı. Aleksey Osipoviç
içəri ötəri bir nəzər salan kimi ev sahibinin
subay olduğunu anladı. Təklif edilən yerdə əyləşməzdən
əvvəl pencəyini soyundu.
- Pəncərəni açsaq olmazmı, adam darıxır.
- Bu saat, - deyə Əhməd otağın Kürə
baxan tərəfinə keçdi.
Taxtaları, sonra da pəncərənin özünü
açdı. İçəri təmiz hava doldu:
- Fikrinizə başqa şey gəlməsin, adam tək olanda
qapı-bacanı basdırır.
- Əlbəttə, təklik pis şeydir.
- Üstəlik də qəriblik. Gündüz yenə yaxşıdır,
adamın başı işə-gücə qarışır.
Amma gecənin biri bir ilə dönür. Yaxşı,
Siz əyləşin, mən bu saat faytonçuya kömək
edim.
- Hə, zəhmət olmasa, atları rahatlayın. Amma bilmirəm
bir-birinizi başa düşəcəksinizmi?
- Dil taparıq.
Əhməd qapını arxasınca örtmədən
həyətə çıxdı. ivan Filippiç faytonu
eyvanın qabağına çəkib dayanmışdı.
- Atları açın.
Faytonçu ev sahibinin təmiz rusca danışdığını
görüb sevindi.
- Siz russunuz?
- Xeyr.
- Lap qəribədir, - deyə İvan Filippiç gülümsündü.
- Mənim sərnişinim tatarca danışır. Sizsə
rusca. Adam çaşıb qalır.
- Burada çaşılası bir şey yoxdur. Atları
açın, xalxala salaq. istəyirsiniz faytonu da o tərəfə
çəkək.
- Yox, yox, elə buradaca, gözümün qabağında
olsa yaxşıdır.
Əhməd onun ehtiyat etdiyini görüb gülümsündü.
- Heç nədən qorxmayın, siz qonaqsınız. Qonağa
zaval olmaz.
Onlar atları xalxala saldılar. Əhməd Kürün
kənarındakı çəmənlikdən ciçib
gətirdiyi göy otu qucaqlayıb faytonçuya verdi.
- Al, qoy hələlik yesinlər. Çatmasa, bir azdan gedib yenə
gətirərik.
İvan Filippiç sakitcə keçib getmək və gecələmək
istəmədiyi bu kənddə özünə həmdərd
tapdığına sevinir və ev sahibinin mehribanlığını
gördükcə, qəlbindəki şübhə azalırdı.
O, atların ətrafında fırlanır, əli ilə
bellərini ovxalayır, tərli tüklərini sığallayırdı.
Uzun və ağır yolun yorduğu atlar isə sahibinin
nəvazişindən xoşhallanır, qulaqlarını
qırpa-qırpa göy otu xımırtladırdılar.
Aleksey Osipoviç pencəyini soyunduqdan sonra pəncərənin
qabağına gəldi. Cib dəsmalını çıxardıb,
saçı tökülmüş başının
tərini sildi. O yaman yorulmuşdu. Rahat bir yerolsa, uzanıb
dincələrdi. Elə bu məqsədlə evə göz
gəzdirdi. Üstünə gəbə salınmış
taxta yaxınlaşdı. Yanı üstə uzanıb
mütəkkəyə dirsəkləndi. "Axır ki, səfəri
başa vururam, - deyə düşündü, - sabah
olmasa da, biri gün evdəyəm". O gördüyü
işdən həm razı idi, həm də narazı. Razı
idi ona görə ki, zəhməti hədər getməmişdi.
Az-çox rus dilini bilən uşaqlarla görüşmüş,
onlarla söhbt edərək, altmışa qədər adamın
razılığını almışdı. Digər
tərəfdən də Aleksey Osipoviç uşaqların
azlığına görə özündən narazılıq
edirdi. "Gərək bir az gəzəydim. Ən ucqar kəndlərə
də gedəydim. Bəlkə beş-on uşaq tapardım.
Bircə kəndlərdə yerli dildə məktəblər
açılmasına icazə veriləydi! Onda bizim də
işimiz asanlaşar".
O, göz gəzdirib otağı nəzərdən keçirdi.
Divardan asılmış yarımkürələr xəritəsi,
küncdəki qlobus, pəncərənin qabağına
və stolun üstünə yığılmış
kitablar, dəftərlər diqqətini cəlb etdi. Bir az bundan
əvvəl göz qapaqları ağırlaşıb,
yatmaq istəyən Aleksey Osipoviçin yuxusu dağıldı.
O durub stola yaxınlaşdı. Vərəqləri didilib
tökülən əlifba kitabını səhifələdi.
Sonra dəftərləri açdı.
Aleksey Osipoviç stul çəkib əyləşdi. Böyük
maraq və diqqətlə yazıları nəzərdən
keçirdi. O gah sətrin aşağısına doğru
hərfləri əyilən, gah da yuxarı dırmaşan
sözləri böyük sə'y və çətinliklə
yazan uşaqların balaca və titrək barmaqlarını
gözü qabağına gətirdi. Xətlər cürbəcür
idi. Hərflərin düzülüşündən
burada əlinə yenicə qələm alan uşaqların
da, az-çox xətlərini bişirənlərin də zəhmət
çəkdiyini müəyyənləşdirmək olurdu.
Kim isə yazıları yoxlamış, səhvləri
də qırmızı mürəkkəblə düzəltmişdi.
Aleksey Osipoviç otağı bir də nəzərdən
keçirdi. Bura məktəbə oxşamırdı. Elə
ev sahibi də müəllimə bənzəmirdi. Bəs onda
o haraya düşmüşdü? Axı o, kəndlərdə
indiyəcən bu cür yaşayış evi görməmişdi.
Atları rahatlayandan sonra içəri, samovar aparmağa gələn
Əhməd qonağın dəftərlərlə əlləşdiyini
görüb ayaq saxladı.
- Nə üçün uzanıb dincəlmirsiniz?
Aleksey Osipoviç səsə qanrılıb baxdı.
- Siz müəllimsiniz?
- Xeyr.
- Bəs bunlar nədir?
- Dəftərdir. Uşaqlar yazıblar.
- Bilirəm uşaqlar yazıb, bəs sizinevdə nə gəzir?
- Mən yazdırmışam.
- Heç nə başa düşmürəm. Həm
deyirsiniz müəllim deyiləm, həm də deyirsiniz mən
yazdırmışam. Axı, Siz kimsiniz?
- Poçtalyon kimi bir şey.
- Necə, poçtalyon?
- Bəli. Bilirsinizmi, cənab, əslində mən burada işsizəm.
Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən
poçt faytonları, dilicanlar buradan gəlib keçərdi.
Amma dəmiryol çəkiləndən sonra şose yolunda
gəliş-gediş azaldı. Mən də, necə deyərlər,
boş evə qarovul çəkirəm. Darıxmamaq üçün
uşaqları başıma yığıb yazı-pozu
öyrədirəm.
Aleksey Osipoviç ayağa durub Əhmədin çiynindən
yapışdı. Onu işığa doğru gətirib,
diqqətlə sifətinə baxdı. Elə bil Əhmədin
gözlərindəki mə'nanı oxumaq, gülümsər
çöhrəsini çuğlamış hüzn
və kədərin səbəbini öyrənmək istədi.
- Siz nə qədər böyük iş gördüyünüzü
bilirsinizmi?
- Burada nə var ki? - deyə Əhməd sakitcə cavab verdi.
Aleksey Osipoviç ona baxdıqca öz gəncliyini xatırlayır,
Əhməd isə bu qəribə və maraqlı qonağın
xeyirxah insana oxşadığını hiss edirdi.
- Adınız nədir?
- Əhməddir. Əvvəllər kənd arasında mənə
"poçt Əhməd" deyərdilər. Sonra nədənsə
"rus Əhməd" oldum. İndi isə yavaş-yavaş
"uçitel Əhmədə" çevrilirəm. Görək
sonra nə olacaq.
- Poçt Əhməd... - Adeksey Osipoviç qəhqəhə
çəkib güldü. - İndi uçitel olmusan. Lap
mənim kimisən. Axı bizii taleyimiz bir-birinə yaman oxşayır.
Mən də əvvəllər poçtda işləmişəm.
Sonra müəllimliyə başladım. İndinin özündə
də yoldaşlarım mənə zarafatla "eks poçtalyon"
deyirlər. Elə bir çıxarıq. "Poçt Əhməd",
ya da "eks poçtalyon". ikisi də bir sözdür. - O yenə
qəhqəhə çəkdi.
Əhməd qonağının qoltuğunun altı
qıdıqlanan uşaq kimi uğunub getdiyini, qıyıq
gözlərinin daha da kiçilib yaşardığını
gördükdə özünü gülməkdən
saxlaya bilmədi. onlar bir-birinə qoşuldular. Qapı ağzında
dayanıb onlara tamaşa edən İvan Filippiç bir
şey başa düşmədiyindən çiynini çəkdi
və sakitcə samovarı götürüb həyətə
çıxdı.
Aleksey Osipoviç gülməyinə ara verib, dəsmalla gözünü
sildi. Sonra ağ dəsmalı yenə səliqə ilə
qatlayıb şalvar cibinə qoydu. Əlini saqqalına
çəkib dayandı.
- Bəs rus dilini harada öyrənmisən?
- Peterburqda.
- Başı bəlalı adama oxşayırsan, qardaş,
- deyə Aleksey Osipoviç müsahibinin üzünəbaxdı,
sonra da stul çəkib əyləşdi. Onunla üzbəüz
dayanan Əhməd eşmə papirosunu yandırandan sonra
qonağın hələ də sual dolu baxışlarla
onu süzdüyünü görüb dilləndi:
- Oxuyurdum.
- Harda?
- Hüquq fakültəsində.
- Qurtara bildinmi?
- Xeyr, yarımçıq qovdular.
- Niyə?
- Siyasi əqidəmi şübhəli hesab etdilər.
Aleksey Osipoviç müsahibinin titrək səslə söylədiyi
sözləri eşidəndən sonra stulunu bir az geri çəkdi.
Sakitcə dayanıb aramca papiros sümürən Əhmədin
nəfəsi qırışıq havaya yayılan tüstü
içində xəyal kimi görünən sifətinə
baxdı. Onun saqqalı xeyli uzanmışdı. Uzun saçı
qıvrılıb qaşının üstünə
qədər enmişdi. Sifətində iztirablı günlərin
izi qalsa da, hələ ilk təravətini itirməmişdi.
Gözləri dalğın və düşüncəli
idi. Aleksey Osipoviçin dodaqları azca qaçdı.
- Yoxsa inqilabçılara qoşulmuşdun?
- Bir balaca meyl etmişdim.
- Bəs indi necə?
- İndimi? - deyə Əhməd səsini bir az uzatdı.
- İndi heç bir şey. Gördüyünüz
kimi, ən ucqar kəndə gəlib çıxmışam.
Cəmiyyətdən ayrı kimi yaşayıram. Atam-anam
da məndən üz döndərib. Əlimdən heç
nə gəlmir.
- Düz demirsən, Əhməd, sən özün də
bilmədən yaxşı bir iş başlamısan.
Zənnimcə, millətinə kömək etmək istəyən
hər kəs elm və maarifə fikir verməlidir. Sənin bu
kənddə uşaqlara dərs deməyin böyük xidmətdir.
Bu işə çoxdanmı başlayıbsan?
- İkinci ildir.
- Uşaqlar bir şey öyrənə bilirlərmi?
- Öyrənirlər.
- Sabah onlarla söhbət edə bilərikmi?
- Yoxlamaq istəyirsiniz?
- Yox, yox... Bilirsinizmi, mən Qori seminariyasında işləyirəm.
Biz orada təzə şö'bə açmışıq.
- Harada işləyirsiniz?
- Qoridə. Necə məgər? - deyə Aleksey Osipoviç
gözləri genişlənmiş Əhmədə baxdı.
- Bağışlayın, Siz Çernyayevski deyilsiniz ki,
Aleksey Osipoviç?
İndi də qonaq heyrət və maraqla ev sahibini süzdü.
- Bəli, düz tapmısınız. Bəs Siz mənim
adımı hardan bilirsiniz?
- Əşrəfin məktublarından. O həmişə
Sizdən yazır. Axı, onu mən oxutmuşam. İndi
Sizin tələbənizdir.
- Hansı Əşrəf? Göytəpəlimi? - deyə
qonaq təəccüblə soruşdu.
- Bəli.
- Çox yaxşı tanıyıram. Ən yaxşı
oxuyan tələbələrimizdəndir. Bilirsinizmi nə var,
Əhməd, madam ki, Əşrəfi siz oxutmusunuz, demək,
o biri uşaqlar da fərasətli olacaq. Necə deyərlər,
xəstə sağalası olsa, təbib qənşər
gələr. Demək, Siz mənə kömək edə biləcəksiniz.
Uşaqlarınızdan neçəsini Qoriyə oxumağa
apara bilərəm?
- Ailələri razı olsa, altı-yeddi nəfər.
- Yə'ni, deyirsiniz, bu işə e'tiraz edərlər?
- Bilirsinizmi? - deyə Əhməd kədərli səslə
sözünə davam etdi. - Bizim camaatın dərdin böyükdür.
Ümumən balaca millət olmaq bədbəxtlikdir. Hərə
bir qapaz vurur, gözünü açmağa qoymur. Bir
yandan da özümüzün satqınlarımız
aman vermirlər. Siz bizim mollaları tanımırsınız.
Onlar qoymurlar ki, camaat gözünü açsın.
- Ruhanilərin xalqa mənfəəti azdır.
- Düzdür, amma bizimkilərin dərdi heç açılası
deyil. Kənddə bir adamın savadlı olmasını
istəmirlər. Neçə dəfə mənə hücum
çəkiblər. Keçən il də böyük dava
oldu.
- Nəyin üstündə?
- Əşrəfin. Atası onu Qoriyə oxumağa göndərmək
istəyəndə Molla Sadıq hay-haray saldı. Camaatın
içində kişiyə "kafirsən" dedi. Hələ üstəlik
məni də yamanladı, "uşaqların mollaxanadan qaçmasının
baisi sənsən", - deyə lə'nət yağdırdı.
- Demək, kəndinizdə mollaxana var.
- Bəli.
- Çox maraqlıdır. Sabah ora getmək pis olmaz.
- Məsləhət görmürəm.
- Heç nədən qorxmuram.
Onların başı söhbətə o qədər qarışmışdı
ki, İvan Filippiçin həyətdə odun yarıb qalamasından,
qaynamış samovarı içəri gətirməsindən
belə xəbərləri olmadı. Yalnız söhbətin
çox uzun çəkdiyini hiss edən faytonçu "Aleksey
Osipoviç, çay hazırdı" - deyə qışqırandan
sonra dönüb baxdılar. Qonaq jiletinin yaxasından gümüş
zənciri sallanan saatını çıxartdı. Düyməni
basıb, qapağını açdı.
- İvan Filippiç, gərək bizi bağışlayasan,
başımız söhbətə yaman qarışıb.
- Gecə keçir, rahatlanmaq lazımdır. Səhər
tezdən yola çıxasıyıq.
Aleksey Osipoviç saatının qapağını şaqqıltı
ilə qapayıb, döş cibinə qoydu. Əhmədin
tələsik düzəltdiyi süfrəyə yaxınlaşdı.
Buğlanan isti çayı qabağına çəkdi.
- Camaat hələ yaylağa köçməyib ki?
- Xeyr. Amma bu gün-sabah tərpənəsidirlər.
- Demək hamı kənddədir?
- Meşəyə, binəyə köçənlər də
var.
- Demək belə. İvan Filippiç, deyəsən bir-iki
gün bu kənddə qalası olacağıq.
- Bəs şəhərə tələsmirdiniz?
- Fikrimi dəyişdim.
- Özünüz bilən yaxşıdır.
- Gəlin əyləşin, çörək yeyək.
ivan Filippiç kətil çəkib oturdu. Lüləyi açıb,
pıqhapıqla qaynayan samovardan ir stəkan çay süzdü.
Tələsdiyindən çayın soyumasını gözləyə
bilmədi. Stəkanı yarıya qədər boşaldıb,
əlbəkini barmaqlarının ucunda yuxarı qaldırdı.
Dirsəyini stola söykədi. Sol əli ilə dodağının
üstünü örtən bığını
geri sığalladı. Nəlbəkini ağzına
yaxınlaşdırıb, buğlanan çayı
hortahortla içməyə başladı. İkicə qurtumda
nəlbəkini boşaldıb, əlini yenidən stəkana
uzatdı. Elə bu vaxt haradasa dalbadal güllə açıldı.
Kənd itləri səs-səsə verib zingildəşdilər.
Belə şeylərə adət eləyən Əhməd
yerindən tərpənmədən çayını içdi
və qonaqlara "narahat olmayın, yəqin tülkü-mülkü
qovurlar" - dedi. Ancaq atışma şiddətlənib, itlər
səs-səsə verəndə Əhməd nəlbəkini
yerə qoydu və bayırdakı səs-küyü xeyli
sakitcə dinlədi. Ehmalca ayağa durub qoşalüləni
götürdü.
- Yəqin yenə kiminsə evinə basqın eləyirlər.
- Nə, basqın? - deyə Aleksey Osipoviç təəccüblə
soruşdu və özü də hiss etmədən Əhmədlə
bərabər eyvana çıxdı. onlar, ağız-ağıza
verib hürüşən itlərə və gecənin
sükutunu pozan qışqırtılara qulaq asdılar.
Hay-haray əvvəlcə kəndin aşağısından
gəlirdi. Sonra itlər basa-basa kürün üstünə
endilər. Çəmənlikdə bir xeyli nəyi isə qovdular.
Dalbadal güllə atıldı. Əhməd göyün
üzündəki qızartıları görəndə
nəyinsə yandığını anladı və
yanğının harda olduğunu bilmək üçün
dərhal məhəccərin üstünə çıxdı.
Buradan hər şey aydın görünürdü.
Sahildə çathaçatla yanan ot tayalarının alovları
qaranlıqda şö'lələnirdi.
İtlər kimisə qovub suya saldılar. Atışmanın
arası kəsəndə at kişnəməsi və boğuq
tappıltılar eşidildi. Haradasa qiyyə çəkdilər.
- Nə olub? - deyə heç nə başa düşməyən
Aleksey Osipoviç yenə soruşdu.
Əhməd məhəccərin üstündən boylana-boylana:
- Ot tayaları yanır, - dedi.
- Oğurluğa gələn otu niyə yandırır?
Əhməd məhəccərin üstündən aşağı
endi.
- Bu oğru işinə oxşamır. Deyəsən düşmənçilik
məsələsidir.
4
Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən
ot tayasına od vurulduğunu eşidən kimi çırağı
söndürdü. Belə hallarda düşmən pusquda
dayanıb, qapını gözlədiyini yaxşı
bildiyindən, tüfəngi götürüb pəncərədən
bayıra atıldı. Həyətə çıxmayıb,
birbaş evin dal tərəfinə hərləndi. Çəpərin
dibinə sinə-sinə kölgə kimi sürünüb,
talvarın altına gəldi. Dirəyə daldalanıb,
itlərin qəzəblə hürdükləri tərəfə
bir-iki güllə atdı. Qaranlıqdan onun atəşinə
atəşlə cavab verdilər. Yaşıla çalan
barıt alovu parıldayıb söndü. Cahandar ağa
tətiyi bir də çəkib işıq gələn səmtə
güllə atdı. Çaxmağı hərləyib
yenidən nişan almaq istəyirdi ki, itlər qaraltını
qovub sahilə endirdilər. Kişi "ayə, qoymayın!!!"
- deyə qiyyə çəkdi. Nökərlər əllərinə
nə keçdisə götürüb darvazadan çıxdılar.
Tapdıq tövlədəki atlardan birini yallayıb belinə
qalxdı və siyirməxəncər sahilə doğru çapdı.
İtlər qaraltını yaxaladılar. Onu əvvəlcə
kəndin içinə doğru, sonra isə yanan tayalara tərəf
qovdular. Cahandar ağa qaraltı alovun işığına
çıxan kimi nişan almaq üçün barmağı
tətikdə hazır dayandı. İtlər qaçanın
qabağını kəsdilər. Cahandar ağa hiss etdi
ki, at hürküb fınxırdı və birdən
sıçrayıb üzüaşağı, Kürə
doğru çapdı. İtlər ondan əl çəkmədilər.
Kişi yenə bir-iki güllə atdı. Nökərlərin
qaçan adamı qamarlamağa çalışdıqlarını
bilib gözlədi. O hiss etdi ki, Tapdıq itlərin geri qaytardığı
adamın qabağını kəsmək fikrindədir.
İtlər birdən uçurumun kənarında dayandılar.
Ağır bir şey şappıltı ilə suya
düşdü. Cahandar ağa itlərin sahildə dayanıb
hürmələrindən anladı ki, atlı aradan çıxdı.
O ya suya batıb qaldı, ya da ki, üzüb özünü
adadakı cələyə saldı.
O, səs-səmir kəsəndən sonra tüfəngini çiyninə
alıb ağır-ağır evə qayıtdı.
Təlaş içində eyvanda dayanan Mələyə fikir
vermədən içəri keçdi. Tüfəngi taxtın
üstünə atdı və yalnız bundan sonra arvadını
səslədi.
- Gəl çırağı yandır, özün
də keç o biri otağa!
Mələk səs salmaqdan ehtiyat edirmiş kimi barmaqlarının
ucunda gəlib, hələ istisi soyumamış şüşəni
çıxartdı. Fitili yuxarı çəkib alışdırdı.Otağa
solğun bir işıq çilənəndən sonra ərinin
üzünə baxmağa cəsarət etmədiyindən
səssizcə kölgə kimi çəkilib qapının
dalında əridi. Cahandar ağa papiros eşib müştüyə
keçirdi, acgözlüklə papirosunu sümürə-sümürə
otaqda gəzdikcə tüstü-duman evi bürüdü.
Kişini fikir götürdü. Tez-tez "mənə sataşan
kim olar?" - deyə özünə suallar verdi. "Bu, uşaq-muşaq
işi deyil. Gələn oğru da deyildi. Oğru olsaydı
tövlyə, ya da xalxala basqın edərdi, daha çöldəki
otlara od vurmazdı. Yox, bu kimdirsə mənə sataşır.
Bəlkə o gədədir, Şamxalın hayıfını
məndən almaq istəyir? Yə'ni belə işə cür'ət
edər? Yox, ağlım kəsmir. Gəmiçi Qocanın
oğlunu qan ha örtməyib, belə qələt eləsin.
İnanmıram. Yaxşı, bir hovurluğuna deyək
ki, otu o yandırıb. Bəs Salatına güllə tan
kim idi? Onda ki Şamxal məsələsi yox idi. Deyəsən
burda ayrı əl var. Bəlkə... Cahandar axa duruxdu. Mələyin
əvvəlki ərini indiyə qədər yadına salmadığına,
bu barədə təzə arvadı ilə bir kəlmə
danışmadığına özü də təəccüb
etdi. - Necə olub ki, bu mənim ağlıma gəlməyib?
Onun kimliyini öyrənməmişəm. Elə o olacaq. Yoxsa
heç kəs cür'ət edib mənim evimin həndəvərinə
hərlənməz. Hələ bu kənddə indiyəcən
qabağımdan söz qaytaran olmayıb. İndi isə
mənə sataşırlar. Elə bu onun işidir. Görünür,
hələ məni yaxşı tanımır".
Kəndin bir az bundan əvvəl ağız-ağıza
verən itləri səslərini kəsdilər. Nökərlər
geri qayıtdılar. Darvazanın ağzında dayanıb
qaranlığa hürən itlər zingildəyib susdular.
Cahanjar ağa gözünü qapıya zillədi. Nökərlərin
nə xəbərlə gləcəklərini gözlədi.
Hamıdan sonra həyətə girən Tapdıq atı
dirəyə bağlayıb, ağanın yanına gəldi.
Cahandar ağa gözünü geniş açıb
qapının ağzında dayanan nökəri süzdü.
Onun yoğun, zəhmli səsi eşidildi:
- Nə oldu?
- Tuta bilmədik, ağa, mən qbağını kəsənəcən
öüzünü suya atdı.
- Belin qırılmamışdı ha, dalınca niyə
getmədin?
- Sözün düzü, qısqandım.
- Nədən?
- Axı tüfəngli adamın üstünə əliyalın
getmək çətindir.
- Bəs belindəki nədir?
- Xəncər tüfəng deyil ki, kürəyini odlayasan,
ağa, əgər tüfəngim olsaydı, əlimdən
qaça bilməzdi. Aramızda bircə güllə mənzili
qalmışdı. Neyləyim, mən öüzümü
yetirənəcən suyu keçib cələyə girdi.
- Yaxşı, tüfəng də verəcəm. Görüm
onda sözün nə olacaq... heç olmasa tanıya bildinmi?
- Yox, tanıya bilmədim.
- Çərkəz deyildi ki?
- Kim? Çərkəz? Yox, ağa, nə danışırsan!
Çərkəz olsaydı, o saat tanıyardım. Kim idisə
bura adamına oxşamırdı.
Cahandar ağa ağır sükut içində bir xeyli
qarşısında dayanan nökərə baxdı.
Sonra iri müştüyə keçirdiyi papirosunu tüsdülədə-tüsdülədə
otaqda gəzindi. Tapdıq bu iri bədənli kişinin qurğuşun
qaldırmış kimi ağır-ağır tərpəndiyini,
sir-sifətindən zəhrimar yağdığını,
gözlərinin yenə qızarıb qan çanağına
döndüyünü gördü və anladı
ki, ağası bu saat qana həris bir yırtıcı
kimi əlinə keçəni parçalamağa hazırdır.
Cahandar ağa onun qabağında dayandı. Qaşlarını
çatıb zəhmlə nökərə baxdı.
- Deyirsən bura adamına oxşamırdı, hə?
- Bəli, ağa, nabələd adamdı.
Kişi papirosunu sümürüb yenə otaqda gəzindi.
Tapdıq cansıxıcı sükutdan yaxasını
qurtarmaq üçün astaca diləndi:
- Ağa, deyəsən, gülləniz boşa çıxmayıb.
Cahandar ağa dabanı üstündə geri fırlanıb,
eşitdiklərinə inanmırmış kimi gözünü
Tapdığa zillədi. Onun qıllı qaşları
bir-iki dəfə qalxıb-endi.
- Nə dedin?
- Dedim ki, gülləniz boşa çıxmayıb. O
adam kimdirsə, yaralıya oxşayırdı. Deyəsən
atına da güllə dəymişdi.
- Nədən bilirsən?
- Bundan, - deyə Tapdıq əlindəki yun başlığı
göstərdi. - Qana bulaşıb.
- O nədir?
- Başlıq.
- Kimindir?
- Bilmirəm... Yarğanın qaşından tapdım.
Görünür, itlər onu təntidib suya salanda başından
düşüb.
- Göstər görüm.
Tapdıq başlığı taxtın ayaq tərəfində
işığa sərdi. Cahandar ağa diqqətlə
qotazlı yun başlığın ləkələrinə
baxdı. Qanın təzə olduğunu görüb,
özündən razı halda güclə sezilə biləcək
tərzdə gülümsündü. Ancaq onun gözlərində
ani qığılcım kimi parıldayan sevinc tezcə
də yox oldu. Bəbəkləri qəzəblə alovlandı.
- Bəlkə o biqeyrət köpəkoğlu papağını
da qoyub qaçıb? Əməlli-başlı yoxladın?
- Rast gəlmədi, ağa, qaranlıqda bir şey ağardığını
görən kimi atdan düşüb baxdım. Başlıqdan
başqa heç nə tapmadım.
- Gərək tapaydın.
- Ala-torandan yenə gedib baxaram. Papağı düşmüş
olsa, tapıb gətirərəm.
- Sən elə bilirsən papağını itirmiş
olsa, dalınca geri qayıtmaz?
- Ağlım kəsmir.
- Yekə-yekə danışma. Bu saat gedib anbardakı tüfəngdən
birini götür. Uşaqlardan da kimi istəyirsən özünlə
apar. Sabahacan suvadağı kəsib pusquda durun. İşdi,
o geri qayıtsa, ya ölüsünü, ya da dirisini
mənə gətirin. Başa düşdünmü?
Di yeri!
Tapdıq gedəndən sonra evdə tək qalan Cahandar ağanın
qəlbinə indiyə qədər duymadığı bir
yalqızlıq kədəri çökdü. Kişi
yanında isti və doğma bir nəfəsin olmadığını
ilk dəfə duyub qüssələndi. "Təklik yaman şeymiş"
- deyə xəyalından keçirdi. ona elə gəldi ki,
obalar yaylaqdan köçüb gəlmiş, o isə yurdda
tək qalmışdır. Nə bir səs var, nə də
səmir. Sükutdan qulaq cingildəyirdi. "İki oğuldan
biri yanında olmaya, axırda da nökərin ümidinə
qalasan, heç bundan da böyük dərd olarmı? - deyə
düşünən kişi qəhərləndi. - Birini
göndərmişəm oxumağa, o biri də ki, belə.
Yanımda olsaydılar, bəlkə də bu işlər
başıma gəlməzdi. Gərək Əşrəfin
getdiyinə razı olmayaydım... Amma yox, oxumaq yaxşıdır.
Qoy lap böyüsün, divan-dərə ilə yaxın
olsun. Deyəsən, indiki zamanda bir yanını hökumətə
söykəməsən iş keçməyəcək. Bəlkə
elə Əşrəfin özünü pristavdan-zaddan
qoydular. Onda həndəvərimə heç kəs hərlənə
bilməz. Lazım gəlsə onu padşahın oturduğu
şəhərə də göndərərəm, təki
fərasətli olsun. Bəlkə heç sözümə
baxmadı? Şamxal kimi zaylıq elədi? Yox, elə şey
olmaz. Əşrəf gərək mənim zənnimi itirməsin".
Kişi ağır düşüncələrin pəncəsindən
yaxasını qurtarmaq və ürəyinə dammış
şübhələri aydınlaşdırmaq üçün
arvadını səslədi. Bayaqdan qonşu otaqda oturub,
intizarla ərinin nə deyəcəyini gözləyən Mələk
dərhal içəri girdi. Ürəyi döyünə-döyünə
ərinin üzünə baxdı.
- Yerdən-zaddan sal yataq. Mərdimazar köpəkoğlu olmasaydı
indi iki yuxu almışdıq.
Mələk dərhal yük yerindən yorğan-döşək
gətirdi. Taxtın yuxarı başında ərinə
yer saldı. Yastıqları qoşalayıb yanaşı
qoydu. Ərinin işarəsini gözləmədən pəncərənin
taxtasını basdı. Kişinin tüfənginqi və
xəncərini götürüb, həmişəki kimi
divardan asmaq istədi, ancaq əri razı olmadı.
- Gətir yanıma qoy. Qoltuqaltını da bəri ver.
- Yatdığımız yerdə bunları neyləyirsən?
- Sənə borc deyil, nə deyirəm, ona bax!
Mələk ərinin sözünə əməl etdi. Kişinin
paltarını və uzunboğaz çəkməsini götürüb
bir tərəfə qoydu. Taxtın aşağısındakı
yun başlığı görəndə üzünü
ərinə çevirdi.
- Bunu niyə bura atıbsan? Özü də qana bələnib?
- Mənimki deyil.
- Bə kimindir?
- Nə bilim? Uşaqlar suyun qırağından tapıblar.
Bax gör, bəlkə tanıdın?
Mələk ürəyinə qorxulu bir şey daman adamlar
kimi əsə-əsə başlığı götürdü.
Öz əli ilə düzəltdiyi qotazları görəndə
gözünə qaranlıq çökdü. Elə
bil otaq başına hərləndi. Bir xeyli beləcə dayandı
və birdən bilmədən əlinə ilan götürən
adam kimi dəhşətlə geri sıçradı. Başlığı
yerə tulladı. Özü də hiss etmədən:
- Onundur! - deyə qışqırdı.
Cahandar ağa dik atıldı. Hələ də özünə
gələ bilməyən arvadının başının
üstünü kəsdirdi:
- Kimindir?
- Allahyarın.
- Allahyar kimdir?
- Əvvəlki...
- Ərin?!
- Hə.
Cahandar ağanın dişləri kilidləndi. Onun fısıltısını
qulağının dibində eşidən Mələk
nə edəcəyini bilmədiyindən, yumaq kimi büzüşdü.
5
Onlar yarğanın kənarında sudan gələn qızlarla
qarşılaşdılar. Çəmənliyə səpələnib
zarafatlaşan, çiyinlərində su dolu səhəng olmasına
baxmayaraq, bir-birini qovub-oynaşan qızlar qaşdakı
kişiləri görən kimi susdular. Onların yarğanlarda
əks-səda verib qulaqlarda cingildəyən gülüşləri
xırp kəsildi. Gəlinlər əmr almış kimi
yaşmaqlarını burunlarının ucunadək qaldırıb,
baş örtüklərini irəli, gözlərinin üstünə
çəkdilər. Aleksey Osipoviç cığırla
qatarlaşıb gələn qızları xeyli süzdü.
Əhməd də yerindən tərpənmədi. Onların
səfini pozmamaq üçün sahilə enən yeganə
cığırdan kənara çıxdı və özünü
elə apardı ki, guya gəlinləri görmür, harasa
uzağa, Kürün o üzündəki meşəyə
baxır.
Qızlar sakitcə onların yanından ötüb keçəndə
Əhməd ayaq saxlayıb dala qalan Salatını tanıdı.
Özü də hiss etmədən, titrək səslə
onu çağırdı. Qardaşından bir xəbər,
ya da məktub olacağını zənn edən, elə
buna görə də ayağını sürüyüb
arxada qalan qız dabanı üstə fırlanıb
geri döndü. Qırmızı qoftasının
sinəsinə tökülmüş muncuğunun gümüş
pulları cingildəyib parıldadı. Kələğayı
sürüşüb düşdü. Onun təəccübdən
geniş açılmış intizar dolu gözləri
Əhmədin üzünə zilləndi. Qızı
nə üçün çağırdığını
unutmuş kimi sakitcə dayanan Əhməd gözünü
qızın üzündən çəkmədən
susdu. Əşrəfi Qoriyə yola salanda ilk dəfə gəminin
yanında gördüyü Salatının indi xeli
dəyişdiyini dərhal sezdi. Qız qolunu çiynindəki
səhəngin qulpuna keçirib dayanmışdı.
- Atan haradadır?
Yalnız bu zaman kələğayının sürüşüb
düşdüyünü və qızların bir
kənarda dayanıb, onu gözlədiklərini hiss edən
Salatın qızardı. O, cavab əvəzinə çiyinlərini
çəkib başını yuxarı qaldırdı,
sonra da gözlərini çevirib o taya baxdı. Əhməd
Salatının "yəqin binəyə gedib" - demək istədiyini
anladı. Qız Əşrəfdən kağız
olub-olmadığını soruşmaq istədisə
də cəsarəti çatmadı. Yenə dabanı üstə
fırlanıb geri döndükdə Əhmədin səsini
eşitdi:
- Atana deyərsən zayejə baş çəksin. Əşrəfin
yanından gələn var.
- Kimin, qağamın?
- Hə.
- Necədir, nə söyləyirlər?
- Lap yaxşıdır. Sizə də çoxlu salamı
var.
- Salam göndərənə də qurban olum, gətirənə
də.
Qızın bu sadəlövh və səmimi cavabı
Aleksey Osipoviçin yaman xoşuna gəldi. O, adəti üzrə
gözlərini qıyıb bərkdən qəhqəhə
çəkdi. Salatın hürküdülmüş
quş kimi qanadlanıb qızların yanına qaçdı.
Onlar bir xeyli sakitcə dayanıb, uzaqlaşan qızların
arxasınca baxdılar. Salatın tez-tez dönüb geri
boylanır, qızlara nə isə deyir, onlar da xısın-xısın
gülüşürdülər.
- Əşrəfin bacısıdır?
- Bəli.
- Yaman oxşayır.
- Elədir, - deyə Əhməd sakitcə cavab verdi və
dönüb gözləri yol çəkən Aleksey Osipoviçə
baxdı.
- Bu qızlardan mollaxanaya gedəni varmı?
- Yox, - deyə Əhməd sakitcə dilləndi. - Əvvəllər
bir neçə ay dərs keçildi. Sonra camaat eşitdi ki,
Molla Sadıq dərs əvəzinə cadudan danışır,
qızları dirəyə arpa dırmaşdıra bilməsi
ilə qorxudur. Bir sözlə, molladan gözləri su içmədi
və qızlarını belə həlləm-qəlləm
adamın yanına göndərmədilər. Yaxşı
da elədilər.
- Deyəsən molladan yaman yanıqlısan.
- Yanıqlı olmayım, nə edim? Zalım oğlu
başdanayağa kələkdir. Özü də kəmsavadın
biridir. Ancaq özünü elə aparır, guya elm dəryasıdır.
İndi də başına mürid yığır.
Camaatımızın da dərdi çəkiləsi deyil.
- Elə bilirsən təkcə sizdə belədir? Başqa
millətlərin ruhaniləri ağıllıdır?
- Hamısı birdir. Ancaq yenə bizimkinə baxanda onlara şükür.
Heç olmasa azdan-çoxdan millətinə xeyir verməyə
çalışırlar. Amma bizimkilərin işi-gücü
xortdandan, cindən, şəyatindən danışıb,
insanların canına xof salmaqdır. Camaata aman vermirlər
ki, gözləriin açsınlar.
- Düzdür, - deyə Aleksey Osipoviç onun sözünü
təsdiqədi. Avamlıq ruhanilərin çörəyidir.
Xalqımıza kömək etmək istəyiriksə, onun
savadlanmasına çalışmalıyıq. Bizim hərəmiz
bircə adam savadlandırsaq, böyük iş görmüş
olarıq. Sənin mollaların, heç vaxt maarif məş'əlin
yandırmayacaq. Əksinə, bacarsalar, bütün qığılcımları
söndürəcəklər. Ona görə də möhkəm
olmaq lazımdır. Yoxsa inanmırsan?
- İnanıram, Aleksey Osipoviç, amma tək əldən
səs çıxmaz.
- Tək niyə oluruq? Gərək köməkləşək.
Aeksey Osipoviç sözünə ara verib, müsahibini
süzdü, sonra kənd evlərinə baxdı.
- Hə, indi necə deyirsən, Molla Sadığın yanına
gedək, ya yox?
- Nə mə'nası var?
- Heç olmasa tanış olarıq, görərik nə
canlı-cinlidir.
Onlar kəndin ortasından keçən əyri yolla məscidə
sarı irəlilədilər. Hava isti idi. Aleksey Osipoviç
pencəyini soyunub çiyninə salmışdı. Əlindəki
dəsmalla tez-tez alnının, üzünün tərini
silirdi. Yolun az qala topuğa çıxan narın tozu onun
çəkmələrini və şalvarını bomboz
etmişdi. Əlindəki iri ağac ona qəribə bir
görkəm verirdi. Yəqin elə buna görə də
qara damların həyətinə toplaşan uşaqlar bic-bic
gülür, bu topasaqqal kişinin haradan gəldiyini və
kim olduğunu bilmək istəyirdilər. Bunu Aleksey Osipoviç
özü də duymuşdu. Ancaq heç nəyə fikir
vermir, hətta zarafata salıb Əhmədə göz vurur,
"sənin keçisaqqal bir rusla yol getməyinə gülürlər",
- deyə uşaqları göstərirdi.
Doğrudan da, elə bil kəndə hay düşmüşdü.
Ayaqyalın uşaqlar cığırla qaçır,
bir-birinə xəbər verib doqqazlara, çəpərlərin
dibinə toplaşırdılar. Rus Əhmədlə gəzən
adam onlara əcaib tə'sir bağışlayırdı.
Hətta dəcəllik edib onrlara it qısqırdanlar da olurdu.
Əhməd əsəbiləşsə də, Aleksey Osipoviç
halını pozmur, gözlərini qıyıb gülürdü.
Məscidin həyətində Aleksey Osipoviç üstünün
tozunu çırpıb, pencəyini geyindi. Dəsmalla üzünün,
boynunun tərini silib, əlindəki şapkasının
içini quruladı. Qalstukunu düzəltdi. Papağını
başına qoyandan sonra məscidin qapısını
açdı. İçəri nəm qoxuyurdu. Səliqə
ilə süpürülüb, su çilənmiş
torpaq döşəməyə həsir salınmışdı.
Dar pəncərələrin balaca gözündən düşən
işıq zolaqları otağın divarlarında oynaşırdı.
Yarımqaranlıq məscidin içindəki çal-çarpaz
zolaqlar, orada qaynaşan saysız-hesabsız toz dənələri
adamın diqqətini cəlb etdiyindən, küncdə oturanlar
nəzərə çarpmırdı. Aleksey Osipoviç
bir az dayanmalı oldu. Bir neçə dəqiqədən sonra
gözü qaranlığa alışdı və
yalnız bu zaman minbərin yanında dizi üstə əyləşən
uşaqları, onlardan bir az aralı döşəkçədə
oturan mollanı gördü. İçəridəki sükutu
havada oynayan çubuğun şaqqıltısı pozurdu.
Kimi isə falaqqaya salmışdılar. Boyun-boyuna verən
uşaqlar qorxularından nəfəslərini çəkmirdilər.
Onların saralmış sifətləri solğun işıqda
daha sarı görünürdü. Döyülən
uşaq ağrıdan qıvrılsa da, səsini çıxartmırdı.
Əhmədlə Aleksey Osipoviç həsirin üstü
ilə küncə tərəf getdilər. Molla Sadığın
başı o qədər qarışmışdı
ki, içəri girənlərin ona yaxınlaşdığını
hiss etmədi. Əhməd döyülən uşağı
tanıyıb irəli atılmaq istəyəndə Aleksey
Osipoviç onu dayandırdı. Asta addımlarla mollaya yaxınlaşdı.
- Bu uşağın günahı nədir?
Molla Sadıq halını pozmadan dönüb yanında
dayananlara baxdı. Onun qəzəbli gözləri Əhmədə
sataşanda ilan çalmış kimi dik atıldı.
Əllərini yuxarı qaldırıb, əbasını
yellətdi:
- Çıx buradan, mə'lun! Allahın evini murdarlama, dinsiz!
- Molla...
- Kəs, mə'lum! Özün gəldiyin yetmir, məscidə
kafir də gətirirsən?!
- Molla Sadıq, sakit ol, mən özüm gəlmişəm,
- deyə Aleksey Osipoviç astaca dilləndi.
Molla "kafirin" xalis müsəlmanca danışdığını
görüb susdu. Nə edəcəyini bilmədiyindən,
əlləri havada asılı qaldı. Bir xeyli beləcə
dayandılar. Aleksey Osipoviç ayağı falaqqaya qoyulmuş
uşağı göstərdi.
- Bunun günahı nədir?
Yalnız bu zaman Molla Sadıq əllərini aşağı
saldı. Hirsini udub müsahibini süzdü. Onun qiyafəsindən
hiss etdi ki, qonaq bura adamı deyil, şəhərdən gəlib.
Onun sifətindəki ciddilik və təmkin mollanı qorxuya
saldı. Gələnin hökumət adamı olduğunu
zənn edib özünü yığışdırdı.
Onunla necə danışacağını bilmədiyindən,
yenidən uşaqların üstünə qışqırdı:
- Açın onun ayağını, özünüz
də rədd olun!
- Molla, dayan, mənim bu uşaqlarla işim var.
- Szin bu şeytan balaları ilə nə işiniz ola bilər?
Qoy cəhənnəm olsunlar!
Molla qonağın narazılığını görüb
susdu. Onun sualına hələ də cavab vermədiyini yadına
saldı. Yavaşca əlini ütülmüş saqqalına
uzatdı.
- Görmürsünüz başıma nə oyun açıblar?
Tütünün içinə barıt doldurub, mənə
papiros eşirlər. Hamısı da bu mə'lun Osmanın
işidir.
Falaqqadan açılmış uşaq ayağa durdu.
Əvəlləcə dizi yamaqlı şalvarını
yuxarı çəkdi. Sonra qalın ağdan tikilmiş
və çirkdən rəngi qaralmış köynəyinin
qolu ilə gözünün yaşını silib,
bir-iki dəfə burnunu dartdı. Ayağını yerə
basanda təngildəyib ufuldadı. Köynəyinin açıq
yaxasından uşağın uşağın körpücük
sümükləri və boynundan asılmış üçkünc
dua göründü. Onun bu halınamı, yoxsa bir az
bundan əvvəl olub-keçən hadisəyəmi, nəyə
isə pıqqıldayıb gülüşən uşaqların
qorxudan saralmış rənglərinin qanı özünə
gəldi. Osman da özünü saxlaya bilmədi. İslanmış
kirpiklərini tez-tez döyüb mollanın üzünə
baxdı. onu da gülmək tutdu. Seyrək dişləri
göründü. Gözlərinin ətrafı qırışdı.
Ayazın və günün çat-çat etdiyi yanağının
almaları yumrulandı. Göz yaşının izi
daha aydın göründü. Həlqələri yaşla
dolu olan bic gözlərdəki istehza ətrafdakıların
nəzərindən qaçmadı. Uşaqlar mollanın
sifətindəki qəzəbdən qorxuya düşüb,
gurultu ilə qapıya doğru qaçanda Əhməd onları
səslədi.
- Bayırda gözləyin, sizinlə işimiz var.
Uşaqları qəzəbli baxışları ilə
qapıya qədər ötürən Molla Sadıq əlini
bir-iki dəfə ütülmüş saqqalına çəkib,
döşəkçənin üstündə əyləşdi.
Qonaqlara da yer göstərdi. Sonra da sarı kəhrəba
təsbehinin qoz boyda dənələrini şaqqıldatdı:
- Bağışlayın, ismi-şərəfinizi bilmək
olarmı?
- Niyə olmur, adım Aleksey. Aleksey Osipoviç.
- Nə? - Molla dizi üstə qalxdı. Təsbehin axırıncı
muncuğu şaqqıldayıb dayandı. Onun qorxu və
təəccüb dolu gözləri geniş açılıb
mat-mat Aleksey Osipoviçə baxdı. Bir xeyli beləcə
dayanandan sonra qaşlar çatıldı və qəzəbli
baxışlar Əhmədin üzünə sancıldı.
Onun titrək əlləri havaya qalxdı, dodaqları tərpəndi.
"İlahi, keç günahımdan. Sənin hüzurunda
qəbahət işləmişəm". Molla tələsik
ayağa durdu. Başmaqlarını birtəhər cütləyib
geydi. Əbasının ətəyi dolaşa-dolaşa
qapıya doğru addımladı:
- Tez olun, məni günaha batırmayın.
- Molla Sadıq, axı Sizinlə ciddi söhbətimiz var.
- Mən allahın evində siznən kəlmə kəsə
bilmərəm. Göydən od yağar.
- Yağmaz, molla, qorxma.
- Küfr danışma, Əhməd, taqsırın
hamısı səndədir. Mən onun müsəlman olmadığını
bilsəydim, heç içəri buraxmazdım. Tez olun, məni
günaha batırmayın.
Mollanın hay-harayından çaşan Aleksey Osipoviç
dönüb Əhmədin üzünə baxdı:
- Yaxşı, indi nə edək?
- Mən dedim ki, bir şey çıxmaz, gedək.
- Yox, hələ tələsmə, Molla Sadıq, məscid
olmasın, bayır olsun, biz söhbətimizi edəcəyik.
Onlar nəm qoxuyan otaqdan çıxdılar. Məscidin həyətindən
bir az aralı otluqda dayanan uşaqlar Molla Sadığı
görən kimi aşağı sinib gizləndilər.
Molla ikrah edirmiş kimi bir-iki addım geri çəkilib
dayandı və əli ilə Kürdən əsən mehin
oynatdığı ütülmüş saqqalını
tumarlaya-tumarlaya gələnləri qıyıq gözləri
ilə süzdü.
- Sizin mənimlə nə söhbətiniz ola bilər?
- Üləmalar danışmağa söz taparlar.
Molla Sadıq Aleksey Osipoviçin istehzasını başa
düşmədiyidən və şəhər qiyafəli
bir adamın onu alim hesab etməsindən məmnun qaldığını
gülümsədi.
- Onda buyurun.
- Bilirsinizmi, Molla Sadıq, mənim elmə can yandıran adamlardan
xoşum gəlir, - Aleksey Osipoviç sakitcə söhbətə
başladı. - Sizin də elm şəhidi olduğunuzu
görəndə sevinməyj bilmirəm. Yoxsul kəndli balalarına
dərs demək çox savabdır. Siz də hücrənizdə
onlara dərs deməkdə çox savab iş görürsünüz,
molla, allah-taala zəhmətinizin əvəzini yetirəcək.
Elə ə'lahəzrət padşah da belə işlərə
qiymət verir. Buna görə də padşahımız
müsəlman balaları üçün yeni məktəblər
açmağa icazə veribdir. Gərək siz də bu işdə
bizə kömək edəsiniz. Bizim yeganə ümidimiz müsəlman
ruhaniləridir.
Aleksey Osipoviç sözünə ara verib gözaltı
Molla Sadığı süzdü. Onun əvvəlcə
məmnun qaldığını, sonra yavaş-yavaş
təhlükə hiss edən hiyləgər adamlar kimi gözlərinin
qıyılıb süzüldüyünü gördü.
Əlbəttə, Aleksey Osipoviç Molla Sadığın
köməyinə o qədər də ümid etmirdi. Ancaq
ruhanilərin yoxsul kəndlilər arasında çox böyük
hörmətə malik olduğunu da bilirdi. O bilirdi ki, mollalar
savadsız camaatı allah xofu ilə qorxudur, cəhənnəm
əzabları ilə dəhşətə gətirir və
behişt xülyaları ilə məst edirlər. Həm
də özlərini elə aparırlar ki, guya külli-ixtiyardırlar,
istəsələr, adamları cəhənnəm oduna yandırar,
istəsələr də behiştə göndərərlər.
O belə bir qüvvədən yeri gəldikcə istifadə
etməyi qərara almışdı. Aydın idi ki, mollalar
ata-anaları dilə tutmaq və uşaqlarını yeni
məktəbə göndərməyə razı salmaqda istəsələr
çox iş görə bilərlər. Elə buna görə
də Aleksey Osipoviç əvvəlcə Molla Sadığa
müraciət etməyi, onu öz dili ilə danışdırıb,
süst damarından tutmağı qərara almışdı.
- Görürəm, sizin kənddə savadlı uşaqlar
var. Onlardan beş-on nəfərini oxumağa aparmaq lazımdır.
Bu işdə gərək mənə kömək edəsiniz.
Müsahibini diqqətlə dinləyən Molla Sadıq söhbət
bu yerə çatanda üzə vurmasa da ürəyində
ehtiyat etməyə başladı. Müsəlmanca onun özündən
yaxşı danışan bu rusun kələyinə uymamaq
üçün ehmallı olmağı qərara aldı.
Bir də, Əhmədin bu işə qarışmağı
onu yaman çaşdırmışdı. Onun "Zayej"də
uşaqları başına yığıb gizli dərs
keçməsi xəbərini eşidəndən sonra mollanın,
necə deyərlər, kürəyi sancırdı. İndi
də təzə məktəb söhbəti ortaya çıxmışdı.
"Bütün bunlar Əhmədin kələyi deyilmi? Elə
keçən il Cahandar ağanı baş-beyindən çıxarıb
Əşrəfi oxutmağa göndərtdirən də
bu deyildimi? Yox, Molla Sadıq, ehtiyatlı ol, saqqızını
oğurlatma".
Molla Sadıq zahirən özünü çox təmkinli
apardı:
- Mən sizə nə kömək edə bilərəm?
- İstəsəniz çox iş görərsiniz. Camaat
Sizin bir sözünüzü iki eləməz. Onları
başa salın ki, qoy uşaqlarını bizim məktəbə
göndərsinlər.
- Çox pakizə. İndi mətləbiniz mənə bəlli
oldu. - O ani bir sükuta gedib gözlərini qıydı.
Bir xeyli Aleksey Osipoviçin çiyninin üstündən
o yana, kənarda dayanmış Əhmədə baxdı.
- Ancaq bacarmayacağam.
- Nə üçün, molla?
- Mən müsəlman uşaqlarını öz əlimlə
dinsizlərə qoşa bilmərəm. Siz istəyirsiniz onlar
gedib boyunlarına xaç salsın, başlarına şapka
qoysun, allahın yolundan, peyğəmbərin dinindən dönüb
kafir olsunlar, mən də bu işə kömək edim? Yox,
cənab, mən bu işi bacarmayacağam. Sizin məqsədiniz
heç də bizim uşaqların qeydinə qalmaq deyil. Siz
islamın düşmənisiniz. İndi də bu yolla uşaqlarımızı
öz dinlərindən döndərmək istəyirsiniz.
- Oxumaq dinsizlik olsaydı, Tiflis şeyxi hamıdan qabaq bu
işə e'tiraz edərdi. Şuşa, Şəki mollaları
mənə kömək əlini uzatmazdı. Elə Məhəmmədin
Qur'anında da elm öyrənmək tövsiyə edilir.
- Amma sizin elminiz yox.
- Elm elmdir, molla.
- Yox. Bizim öz elmimiz var, onu da uşaqlarımıza öyrədərik.
- Gördük necə öyrədirsiniz.
Molla Sadığın yağırı basılmış
kimi üz-gözü əyildi. Sifətindəki sün'i
sakitlik yox oldu. Gözləri qəzəblə parıldadı:
- Siz bu işə qarışmasanız yaxşıdır.
- İstəsəniz də, istəməsəniz də qarışacağıq,
molla, başqa əlac yoxdur.
6
Kəndin ortasındakı təpədə, iri tut ağacının
kölgəsində, böyük bir mə'rəkə vardı.
Göytəpəlilər dağ köçü, ya da
biçin vaxtı olduğu kimi, buraya məsləhətə
yığışmışdılar. Adətən
onlar çətinliyə düşəndə, elliklə
bir iş lazım gələndə buraya toplaşıb
ağsaqqallara qulaq asar, görüləcək işlər
barədə tədbir tökərdilər. Bu təpə çox
hadisələrin şahidi olmuşdu. Sözləri çəpləşən
kənd cavanları burada çox yumruq davasına çıxıb
bir-birinin üstünə xəncər çəkmiş,
bə'zən də aralığa qan salmışdılar.
Burada çox adamdar əlini qur'ana basıb günahsız
olduğuna and içmiş, çox qanlılar barışdırılmışdı.
Bu təpədə evlər yıxılıb, evlər tikilmişdi.
İndi də camaat böyük maraq və intizarla buraya
toplaşmışdı. Üç gündən bəri
şenliyə yayılan söz-söhbətin əslini
öyrənmək və kəndi dolaşan o "keçisaqqal
rus"un haradan gəldiyini və nə istədiyini bilmək həvəsi
ürəkləri bürümüşdü. Kənd
arasında dolaşan söhbət çoxlarını
çaşbaş salmışdı. Molla Sadığın
məsciddə dediyi sözlər adamları ehtiyatlandırmışdı.
Təpə arı yuvası kimi qaynayırdı.
Cahandar ağa da burada idi. O, atını cidarlayıb otlağa
ötürmüşdü. Özü isə kürəyini
tut ağacına söykəyərək domuşub oturmuş,
tüfəngini də dizinin üstünə qoyub dirsəklənmişdi.
Oğlu Şamxalın hadisəsindən sonra camaat arasına
birinci dəfə çıxdığından sıxılırdı.
Gəmiçi Qocanın da burada olması onu lap darıxdırırdı.
Nə qədər çalışsa da bacarmır, kənardaca
torpağın üstə bardaş qurub oturan kişini
gözaltı süzürdü. Gəmiçi Qocanın
beli lap əyilmişdi. Əynindəki paltar didik-didik olmuşdu.
Ağ saqqalının tükləri daraqdan çıxmış
yun kimi pilələnmişdi. Çüxura düşmüş
gözləri güclə görünürdü. Cahandar
ağa ixtiyarsız Şamxalı yadına saldı
və ürəyində onu yamanladı. "Belin sınsın,
fərsiz oğul, gör kimnən qohum oldu! Arxasını
kimə dayadı! İndi mən nə edim? Qapısına
gediləsi deyil ki, beş-on adam yığıb aparasan,
el adətincə barışıqlıq eləyəsən.
Nə də bir adamlığı var ki, kişi kimi düşmənçilik
çəkəsən. Ona əl qaldırmaq heç qeyrətdən
deyil. Onsuz da ayaq üstündə ölüb".
O yenidən qudasını saymazyana süzdü. Kişinin
mə'yus və müşkül görkəmi, bulud kimi
tutulub susması, həmişə şuxluq edib aləmi
güldürən Qocanın indi yumaq kimi büzüşməsi
Cahandar ağanın da ürəyini ağrıtdı.
"Allah kasıba qız verincə başına daş salsa
yaxşıdır. İndi bu yazıq neyləsin? Özü
də bilir ki, qapısını açıb barışığa
gələn olmayacaq", - deyə xəyalından keçirdi.
O darıxdı. Fikrini dağıtmaq üçün
çuxasının yan cibindən gümüş qutusunu
çıxartdı. Qapağı açıb sol əlini
barmaqları arasında tutdu. Əvvəlcə cığara
kağızdan birini götürdü. Qapağın
basıb yapıxdırdığı saçaqlı
sarı tütündən bir çimdik götürmək
istədi. Zərif doğranan liflər rezin kimi uzanıb yuxarı
qalxdı. Cahandar ağa tütünü barmağı
ilə qırdı. Kağızın arasına qoyub
yoğun bir papiros eşdi. Qutunu şaqqıltı ilə
örtüb cibinə qoydu. Uzun kəhrəba müştüyünü
çıxardıb papirosunu keçirdi. Çaxmaqla qovu
alışdırdı. Papirosunu yandırıb, dərindən
nəfəs aldı. Ağımsov tüstü onun enli
dodaqlarının üstünə enmiş qalın
bığlarının arasına doldu.
Elə bu zaman Aleksey Osipoviçlə Əhməd mə'rəkəyə
yaxınlaşdı. Onlar, adəti üzrə toplaşanlara
salam verdilər. Oturanların bə'zisi ayağa durdu, bə'zisi
yerindəcə qurcalandı, bə'ziləri də başlarını
tərpətməklə salamı aldılar. Aleksey Osipoviç
Molla Sadığın yanında oturan saqqallı kişilərin
dinmədiyini, əksinə, qaşqabaq tökdüklərini
gördükdə söhbətin o qədər də asanlıqla
keçməyəcəyini dərhal duydu. Ancaq özünü
sındırmadı. Mə'rəkədəkilərlə
bir-bir əl tutdu. Cahandar ağaya yaxınlaşanda xeyli
dayandı. Diqqətlə kişinin üzünə baxdı.
- Siz Əşrəfin atası deyilsiniz ki?
- Bə'li, - Cahandar ağa yavaşca dilləndi və ayağa
qalxdı. - Uşaq necədir, canı-başı sazdırmı?
- Oho, heç onun dərdini çəkməyin, lap qırğı
kimidir. Özü də məktəbimizin gülüdür.
Halal olsun, çox kamallı uşaqdır.
- Bəs nə vaxt gələcək, evə tezmi buraxacaqsınız?
- Gələr. Beş-on günəcən evdə olar.
- Köçə çatarmı?
- Uşaqdan ötəri yaman qəribsəmişik.
- Əslinə baxsan, o da yaman qəribsəyir.
- Niyə, olmuya korluq çəkir?
- Yox, o barədə arxayın olun, - deyə Aleksey Osipoviç
sakitcə cavab verib ətrafdakıları süzdü.
- Təkdir, dostlarından ötəri yaman darıxır.
Axı bizim məktəbdə Əşrəfdən başqa
Göytəpədən heç kəs oxumur. Onun yoldaşlarından
beş-altı nəfəri də oxumağa getsə lap
qiyamət olar. Bir-birilərinə həyan olub qəribliyi unudarlar.
Düz demirəmmi? Gərək onu tək qoymayaq. Elə sizin
kəndə ondan ötəri gəlmişəm. Gərək
kömək edəsiniz uşaqlardan seçib oxumağa
aparaq.
Söhbət bu yerə çatanda aralığa sükut
çökdü. Cahandar ağa nə cavab verəcəyini
bilmədi.
Molla Sadıq da susub mə'nalı-mə'nalı camaatı
süzdü. Onun təsbehi daha da bərkdən şaqqıldadı.
Aleksey Osipoviç söhbəti başlamaq üçün
ələ düşən fürsətin gedəcəyini
görüb sükutu pozdu:
- Niyə susursunuz?
- Bizim kənddə oxumağa gedəsi uşaq yoxdur!
- Niyə yoxdur, var, - deyə Aleksey Osipoviçdən qabaq Əhməd
dilləndi. - Onları oxutsaq, əməlli-başlı adam
olarlar.
- Kimdir onlar?! - Molla Sadıq da bu dəfə qəzəblə
dilləndi.
- Biri Osman.
- Kim? Osman! O ki, korafəhimin biridir. Üç ildə bir qur'an
ayəsini əzbərləyə bilmir, ondan oxuyan çıxar?
- Çıxar, niyə çıxmır?!
- Dərs deyən mənəm. Mən yaxşı bilirəm,
yoxsa sən?
- Bilməsəm demərəm. Bir də, o cür ki siz dərs
deyirsiniz, əlbəttə, uşaq heç nə başa
düşməz.
- Ey, rus Əhməd, artıq-əskik danışma. Həddini
bil, sonra peşman olarsan!
- Bəs Əli necə, o da fərasətsizdir?
- İkisi də bir bezin qırağıdır.
- Səlim də?
- İndi burda mənnən nə hinkir-minkir başlayıbsan?
- Acığın tutmasın, ay Molla Sadıq, - səhərdən
söhbətə qulaq asan Gəmiçi Qoca astaca dilləndi.
- Nəfəsin ağırdır. Uşaqlar səndən
heç nə öyrənə bilmirlər. Elə bizim Çərkəz
də üç-dörd il ayaq döydü, amma bir şey
çıxmadı.
- Demək, allah-taala özü sirrinə vaqif eləmək
istəmir.
- Allah-taalanın burada nə işi var, ay molla?
- Küfr danışma, kişi, hər şey allahın
əmri ilədir.
- Nə üçün dava-dalaş salırsınız?
- deyə Aleksey Osipoviç mübahisə edənləri sakitləşdirməyə
çalışdı. - Ə'lahəzrət padşahımız
özü müsəlman balalarının oxumasına
icazə veribdir. Kəndlərin bir çoxunda yeni məktəblər
açılıbdır. Sizin uyezddə də bu işə
başlamaq lazımdır. Biz də sizdən ötəri
çalışırıq. Qoyun uşaqlarınız
oxusun.
- Nə olar. Biz padşahımızın fərmanına
boyun əyməyə həmişə hazırıq. Ancaq
bizi başa salın görək, o təzə məktəblər
necə olacaq? Orada qur'an oxunmayacaq?
- Oxunacaq, Molla Sadıq, niyə oxunmayacaq. Orada şəriət
dərsləri də keçiləcək. Elə bizim Qoridəki
seminariyada da şəriət dərsləri keçilir.
- Sünnilərlə şiələr bir yerdə.
- Yox, onu da nəzərə almışıq. Hərənin
öz mollası var. Gündə üç öynə
namazlarını da qılırlar. Biz heç kəsi
dinindən döndərmək istəmirik.
Molla Sadıq gözlərini qıyıb, hiyləgərcəsinə
Aleksey Osipoviçə baxdı. Sonra da ətrafdakıları
süzdü.
- Yox, cənab, bu yollarla bizi aldada bilməzsiniz. Xaçpərəstlərin
islam milləti arasında təfriqə salmaq köhnə
peşəsidir. Biz sizi yaxşı tanıyırıq.
İndi də uşaqları oxutmaq adı ilə başımızı
tovlamaq istəyirsiniz. Aralığa çaxnaşma salmaq
fikrindəsiniz. Ancaq onu bilin ki, belə işlər daha baş
tutmaz. Biz uşaqlarımızı verən deyilik. Ay camaat
eşidirsinizmi?
Molla Sadıq əlini havada oynatdı. Aleksey Osipoviç beli
xəncərli kişilərin qaşlarının üstünə
qədər enmiş saçaqlı papaqları altından
parıldayan qəzəbli gözlərinə baxdı. O,
ağzını açmağa macal tapmamış
Molla Sadığın yanındakı kişilərdən
biri qabağa yeridi. Onun sallamalı kəmərindən asdığı
iri xəncəri az qalırdı ki, belini üzüb salsın.
- Bura bax, bizə nə veribsən ala bilmirsən? Qapı-qapı
düşüb uşaqlarımızın başını
niyə tovlayırsan?
- Mən ki onlara pislik eləmək istəmirəm.
- Sənin yaxşılığın da, pisliyin də
bizə lazım deyil, rədd ol burdan!!!
Elə bil camaat buna bənd imiş. Kişi sözünü
deyib qurtaran kimi hərə bir tərəfdən hoqquldamağa
başladı.
- Biz uşaqlarımızın başından keçməmişik!
- Qoymarıq onların boynuna xaç salasınız!
- Ay camaat, qovun onu!
- Rus Əhmədi də ona qatın!
- Dinsizlər, çıxın kəndimizdən!
- Bizi də özləri kimi kafir eləmək istəyirlər!
- Ay camaat, səbriniz olsun, bir az dayanın!
- Kəs səsini, rusdan dönmüş!
- Mən də sizin kimi müsəlmanam.
- Yalan deyirsən. Adını Əhməd qoysan da kafirsən!
- Bu saat ikinizi də bir-birinə çataqlayıb, yarğandan
başı aşağı Kürə atacağıq.
Adamlar getdikcə qızışdılar. Onların çoxu
əlini xəncərə atıb, irəli cummağa bir balaca
işarə gözlədi. Aleksey Osipoviç bunu aydın
görsə də, geri çəkilməyin mümkün
olmadığını dərk etdiyindən, özünü
şax tutdu. O hələ bu cür qızışmış
adamlarla üz-üzə gəlməmişdi. Başqa
kəndlərdə ona qulaq asmış, üstəlik də
kömək etmişdilər. Ancaq bu saat onun həyatı
belə təhlükə altında idi. Kürün sahilindəki
bu ucqar kəndin adamlarını başa salmaq, görünür,
o qədər də asan deyildi. Əhməd də çıxılmaz
vəziyyətdə qalmışdı. O, Göytəpəyə
gələli az-çox xasiyyətinə bələd olduğu
kəndlilərin belə səbrsiz olacağını, hətta
qana susayacaqlarını təsəvvür etmirdi. Şübhəsiz,
burada bir əl var idi. Görünür, Molla Sadıq bütün
gecəni yatmamışdı. Yoxsa camaat birdən-birə
yuvası dağıdılmış arı kimi qəzəblənməzdi.
Əhməd qorxdu. Bir hadisə olan kimi Kürü keçib,
özlərini meşəyə verən, divan-dərə
tanımaq istəməyən bu adamlar fitvaya uyub nə desən
edə bilərdilər. O, gözaltı qonağını
süzdü. Aleksey Osipoviçin rəngi köynəyinin
ağ yaxalığından seçilmirdi. Hücuma keçən
kəndlilər onları tut ağacına doğru sıxışdırdılar.
Əhməd hər ehtimala qarşı qabağa keçdi.
İlk zərbələrin qarşısını almaq,
ya da camaatı sakitləşdirmək üçün
br-iki söz deməyi lazım bildi.
- Ay camaat, hay-haray nəyə lazımdır, uşağınızı
vermirsiniz, verməyin, daha aləmi başınıza niyə
tökürsünüz? Biz dedik məsləhətləşək,
demədik dava eləyək. Ağlınızı başınıza
yığın.
- Bizə ağıl öyrətmə! Taqsırın
hamısı sən dinsizdədir. Bu rusu tovlayıb gətirən
də sənsən. Əvvəlcə elə səni doğramaq
lazımdır!
Aleksey Osipoviç Əhmədin qolundan çəkib geri dartdı.
Özü qabağa yeridi. Şapkasını çıxardıb,
içini dəsmalla quruladı. Bir müddət sakitcə
dayanıb camaatın susmasını gözlədi.
- Biz heç kəsi öz dinindən döndərmək
istəmirik. Bizim məqsədimiz sizin uşaqlarınızı
oxutmaq, onlara elm öyrətməkdir. Onları savadlandırmaqdır.
İndi zaman dəyişir. Elmsiz adam kor kimidir. Gərək
siz uşaqlarınızı bədbəxt olmağa qoymayasınız.
- Biz oxumamışıq, dünya uçub? Uşaqlarımız
da oxumasa, yeməyə çörək tapmayacaqlar? Lazım
deyil sizin oxumağınız!
- Biz sizin xeyriniz üçün çalışırıq.
Bizə kömək etmək əvəzinə Molla Sadığın
fitvasına nahaq uyursunuz.
- İndi də mollamıza sataşırsan? - deyə bayaqkı
xəncərli kişi onun sözünü kəsdi. -
Əlim-ayağım dəyməmiş rədd ol burdan!!!
- Aleksey Osipoviç, nahaq yerə fitva verirsiniz, getsəniz məsləhətdir.
- Fitvanı o yox, Siz verirsiniz!
Molla Sadıq dodaqucu gülüb, Əhmədi başı
ilə camaata göstərdi.
- İndi gördünüz bu işlərin mayeyi-fəsadı
kimdir?
Molla Sadığın təmkinlə söylədiyi bu
sözlər adamları yerindən oynatdı. Onlar Əhmədlə
Aleksey Osipoviçi tut ağacına qısnadılar. Əhməd
artıq gözləməyin mümkün olmadığını
yəqin etdi. Hər ehtimala qarşı cibində gəzdirdiyi
naqanın dəstəyinə əl uzatdı.
Bayaqdan papirosunu papirosun oduna yandıran Cahandar ağa dözə
bilmədi. Tüfəngi dizinin üstündən götürüb,
ayağa durdu. Qızışmış camaatın
önüncə gələn Molla Sadığın qabağını
kəsdi. Onun zəhmli baxışlarından ehtiyat edib,
ayaq saxlayanlar tərəddüd içində dayandılar.
Cahandar ağanın yoğun səsi eşidildi:
- Camaat burulğan kimi burulub yerindəcə fırlandı.
- Geri durun, deyirəm sizə!!!
Onlar tərpənmədilər. Cahandar ağa çaxmağı
hərləyərək gülləni lüləyə verdi.
- Fikriniz nədir, yoxsa könlünüzə Sibir düşüb?
Bəs bunun sonrasından qorxmursunuz? Sabah atlı kazaklar tökülüb
gələndə cavab verə biləcəksiniz? Hə, niyə
dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döşünə
salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən
soruşuram, onda harayınıza çatan olacaqmı?!
Adamlar qımışdılar. Addım-addım geri
çəkilib gözlərini Cahandar ağaya zillədilər.
Nə edəcəklərini bilmədən tərəddüd
içində dayandılar. Bunu hiss edən Cahandar ağa
da səsinin ahəngini dəyişib, məzəmmətə
keçdi:
- Adam bir iş görəndə fikirləşər. Hər
yetənin sözünə baxıb toy tolusu kimi ortalığa
düşməz. Bir də, qonağa əl qaldırmazlar.
Molla Sadıq gördü ki, bir az bundan əvvəl irəli
atılanlar geri çəkildilər. Cahandar ağanın
sözlərini eşidib susdular. O özünün məğlub
olduğunu hiss etsə də, sözündən dönmək
istəmədi. Sinəsini gərib, Cahandar ağanın üstünə
qabardı.
- O, qona deyil.
- Qonaqdır.
- Kimin qonağıdır?
- Mənim.
- Sənin?
- Bəli. İndi kimin hünəri var, qabağa çıxsın!
- Elə sənin kimiləri deyilmi camaatın evini yıxan.
- Ə, cadugər haramzada, dilini qarnına qoy!
- Artıq-əskik danışma. Öz oğlunu dinsiz
eləməyin yetmir, indi də başqasının...
- Ə, xalq səni özünə vəkil eləyib? Nə
düşmüsən ortalığa?
- Bəs sən niyə düşmüsən? Niyə qoymursan
bu dinsizləri qovaq getsin? Yoxsa təzə qudan Gəmiçi
Qocanın qardaşı oğlu Osmanı da oxumağa
göndərəcəksən, hə?!
- O mənim öz işimdir!
- Səni özbaşına qoymazlar!
- Kim qoymaz?
- Tapılar.
- O hansı köpəkoğludur, gəlsin görüm?
Molla Sadıq çiynindən sürüşüb düşən
əbasını düzəltdi. Əlindəki təsbehi
saqqalı bərabərinə qaldırıb, səsini dəyişdi.
- Yekə kişisən, ağzını təmiz saxla.
- Kəs səsini, dınqıra süzən qurumsaq!
Molla Sadıq Cahandar ağanın qılıl qaşları
altından üzünə zillənən qan sağılmış
gözlərinə baxa bilmədi. Onun iri qalın dodaqlarının
səyridiyini, barmağının tüfəngin tətiyində
titrədiyini görəndə sözünün dalını
qısdı. Hələ uşaqlıqdan xasiyyətinə
bələd olduğu, balaca vaxtı bir yerdə oynayanda dəfələrlə
yumruğunun dadını gördüyü Cahandar ağanın
zəhmi onu basdı. Demək istədiyi söz ilişib
boğazında qaldı. Müsahibinin dodağının
bir balaca tərpənməsinə bənd olan Cahandar ağa
da susdu. Mollanın dillənməyə taqəti olmadığını
yəqin etdikdən sonra barmağını tətikdən
çəkdi.
- Ağır otur, batman gəl. Burada səndən başqa
da kişi var.
Molla Sadıq hirslə camaatı süzüb, mə'rəkədən
uzaqlaşdı. Beş-on saqqallı kişi də onun
arxasınca getdi. Aralığa dava düşsə vuruşmağa
hazır olanlar yarıya qədər siyirdikləri xəncəri
şaqqıltı ilə qınına saldılar. Cahandar
ağa qohumlarını gözaltı süzüb
arxayınlaşdı. Aleksey Osipoviçlə Əhməd
də dərindən nəfəs aldılar. Əhməd dilinin
ucu ilə qaysaqlanmış dodağını isladıb,
ovcunda sıxdığı naqanın dəstəyini
buraxdı. Camaatın sakitləşdiyini və bir daha qalmaqal
salmayacaqlarını yəqin etdikdən sonra Cahandar ağa
yenə əvvəlki yerinə qayıtdı. Çiynini
tut ağacına söykədi. Əsəblərini sakitləşdirmək
və həyəcanını ətrafdakılara bildirməmək
üçün yenidən papiros eşdi. Bir-iki dəfə
dərindən nəfəs aldıqdan sonra üzünü
Əhmədə tutdu:
- A bala, adam bir iş görəndə əvvəlcə məsləhətləşər.
Yoxsa durduğun yerdə özünü də xataya salmışdın,
bizi də. Bu kişini də ortalıqda biabır elədin.
Qərib adamsan, hər şeyə baş qatma. Qanmaz adam çoxdur,
əllərindən nə desən gələr.
- Mən ki onlara pislik eləmirəm.
- Sözümə qulaq as, - deyə Cahandar ağa səsini
ucaltdı. - Mənim söz güləşdirən adamdan
xoşum gəlməz. Bir işin olanda əvvəlcə mənə
de. Hər yetənlə ağız-ağıza vermə.
Əşrəfin dostu məndən ötəri də əzizdir,
bildinmi?
- Çox sağ olun.
Aleksey Osipoviç köynəyinin yaxasını açdı.
Qalstukunu boşaldıb əlindəki dəsmalla tərini
sildi. Sonra da adəti üzrə şapkasının içini
quruladı. Dağılıb gedənlərin arxasınca
xeyli baxdı. Böyük kədər və hüznlə
başını buladı.
- Mən belə gözləmirdim. Deyəsən adamlarınız
yaman xatalıymış.
- Onlarda günah yoxdur. Taxsırın hamısı o mürid
kökəkoğlundadır.
- Təəssüf ediləsi haldır. Ancaq nə etməli,
görünür, əliboş qayıtmalı olacam.
Cahandar ağa sakitcə cavab verdi:
- O barədə sonra fikirləşərik.
Mə'rəkədəkilər dağılışdılar.
Beli xəncərli kişilərin çoxu kəndin dolama cığırlarında
görünməz oldu. Tut ağacının ətrafında
yalnız Cahandar ağanın qohumları qaldı. Aleksey
Osipoviç fikirli-fikirli papiros çəkən Cahandar ağaya
yaxınlaşdı.
- Çox sağ olun. Əgər Siz olmasaydınız,
deyəsən salamat qurtara bilməyəcəkdik. Sizə minnətdaram.
Əşrəfə sözünüz yoxdur ki?
Kişi oğlunun adını eşidəndə qaşlarını
çatıb ağır-ağır qonağa baxdı.
Bir az bundan əvvəl baş verən hadisədən xəcalət
çəkdiyindən nə edəcəyini belə müəyyənləşdirə
bilmədi.
- Getmək istəyirsiniz?
- Bəli.
- Nə vaxt?
- Elə bu saat. Yolçu yolda gərək, onsuz da yaman gecikmişəm.
- Tələsməyin.
- Fayton gözləyir, ertəykən yola düşsək
yaxşıdır.
- Darıxmayın, - deyə Cahandar ağa ona cavab verdi, sonra
da üzünü cavanlardan birinə tutdu. - A bala, get o atın
cidarını al, bura gətir. Sonra da qaç evə, xəbər
ver ki, qonağımız var. Başa düşdünmü?
Uşaqlara da tapşır ki, hazırlaşsınlar,
yola çıxacağıq. Hə, indi durun evə gedək.
- Zəhmət çəkməyin.
- Durun gedək. Bu kəndə gələn qonaq mənim evimdə
çörək kəsməmiş gedə bilməz.
- Sözün düzü...
- Gedək evə. Orada danışıb məsləhətləşərik.
Aleksey Osipoviç dönüb Əhmədin üzünə
baxdı. Razılaşmaqdan başqa əlac olmadığını
bilib susdu. Onlar tozlu yolun kənarındakı cığırla
Kürün sahilinə doğru addımladılar. Cahandar
ağa atını yedəkləmişdi. İvan Filippiçsə
faytonu asta-asta sürürdü.
7
Mələk Cahandar ağanı bir həftəlik ayrılıqdan
sonra<html>
<body>
<font face="Palatino Linotype, Lucida Sans Unicode, AzerWeb">
öz istəkli ərinin həsrətini çəkən
təzə gəlinlər kimi mehribanlıqla qarşıladı.
Qəmər at evə çatdığını hiss
edib bərk kişnəyəndə, şalını başına
salıb həyətə yüyürdü, nökərlərdən
əvvəl cilovu tutub, kişinin üzəngisini basdı.
Belə şeylərdən xoşu gəlməyən və
tez-tez "mən ölənə kimi üzəngimi basmağa
qoymaram" - deyən Cahandar ağa b dəfə də dinmədi.
Görünür, son vaxtlar Mələyin bu cür hərəkətlərinə
alışmış olduğundan, sakitcə atın
tərkindəki iri xurcunu yerə düşürdü.
Bu bir neçə gündə sir-sifəti durulan təzə
arvadını gözaltı süzdü. Kişinin
odlu baxışlarını üzündə hiss edən
Mələk azca qızarıb həyalandı. Bunu ərinə
sezdirməmək üçün sürüşüb
boynunun dalına düşən şalını yavaşca
gözünün üstünə çəkdi. Kişi
Mələyin həm utandığını, həm də
gözəlliyini duyan qadınlar kimi qəmzələndiyini
hiss etdi. Hətta onun ürək çırpıntılarının
qoftasının titrədiyini də gördü. Büruzə
verməsə də, belə bir cavan gəlinin qəlbini ovlaya
bildiyi ilə qürurlandı. Mələk ərini altdan-yuxarı
ürkək baxışlarla süzdü.
- Əyə, nə yaman ləngidin?
- Mənsiz darıxıbsan?
Kişinin zahirən laqeyd, bir qədər də kobud şəkildə
yoğun səslə dediyi bu sözün arxasınca incə
bir eyhamın olduğunu, arvadı üçün darıxan
bir adamın öz həsrətini sezilməz dərəcədə
ustalıqla e'tiraf etdiyini zərif bir qadın həssaslığı
ilə duyan Mələk, hər şeyi açıb söyləmək,
"sənsiz lap qəribsəyirdim, yadıma düşəndə
burnumun ucu göynəyirdi", - demək istədi. Çoxdan
bəri qəlbində yatan bir hissin alovlandığını
duyan cavan qadınlara xas olan işvə ilə ərini oxşamaq
istədiyini dərk etdi. Amma tezcə də öz hisslərini
cilovladı: "Bəlkə onun bu cür şeylərdən
xoşu gəlmir? Mənim mehribanlığımı
yüngüllük kimi başa düşsə hirslənməzmi?
Axı, onun xasiyyətinə hələ o qədər də
yaxşı bələd deyiləm". Mələk dilinin ucuna
gələn sözü uddu. Ərinin sualına cavab vermədi.
Əyilib xurcunu yerdən qaldırmaq istədi. Cahandar ağa
həyadanmı, yoxsa xurcunun ağırlığındanmı,
nədənsə qulağının dibinəcən qızaran
Mələyin qolundan tutdu:
- Qoy dursun, uşaqlar aparar.
Mələk bu sözlərdə özünə qarşı
bir qayğının olduğunu duydu. İndiyə qədər
heç kəsdən nəvaziş görməyən bu qadın
dikəlib ərinin üzünə baxdı. Zahirən kobud
görünən bu enlikürək, qarayanız kişinin
ürəyindən nələr keçdiyini bilmək istədi.
Cahandar ağa üzünə dikilən gözlərdə
sevinc qarışıq narahatlığı gördü.
O dərk etdi ki, arvadı lal baxışlarla qəlbini açır,
ərinə öz razılığını, təşəkkür
və minnətdarlığını bildirir. Kişinin
ürəyi birdən-birə kövrəldi. O, yaşına
və təbiətinə uyğun olmayan bir həvəslə
arvadının başını sinəsinə sıxmaq
arzusunun bir ildırım sür'əti ilə beynindən
keçdiyini duydu.
- Hamı yoldan sağlıqnan, ağa.
Tapdığın səsi kişini özünə
gətirdi. Əfsunlanmış kimi yerindən tərpənə
bilməyən Mələk də şirin duyğuların
pəncəsindən qurtardı və cəld ərinin tüfəngini
götürüb aralandı.
Dağa köçməzdən əvvəl şəhərə
gedib, işlərin sahmana salan və bir az da, özü
demişkən, "ayın-oyun" alan Cahandar ağa otağa
keçib taxtın üstündə əyləşəndə
evi üçün qəribsədiyini bir daha dərk etdi.
Diqqətlə şüşəsi tərtəmiz silinmiş
otuzluq lampaya, qürub şəfəqlərini özündə
əks etdirib alovlanan pəncərələrə tutulmuş
təzə pərdələrə, səliqə ilə yığılmış
yorğan-döşəyə, tərəcədəki qab-qacağa,
gümüş kimi parıldayan qalaylı iri mis sinilərə,
divar boyu başdan-başa vurulmuş xalıya nəzər
saldı. Hər qey adamın üzünə gülürdü.
Elə bil taxtın üstünə salınmış
gəbələrin də rəngi açılmışdı.
Naxışların hərəsi bir rəng çalır,
çəmən çiçəkləri kimi adamın gözünü
oxşayırdı. Cahandar ağaya elə gəldi ki,
divarlar da, tavanın taxtaları da tərtəmiz yuyulmuşdur.
Otağın havasında nə isə adamın ruhunu oxşayan,
onu xumarlandırıb yatırtmaq dəərcəsinə
gətirən isti bir nəfəs var. Kimsə otağı
qızdırır, ev sahibinin ə'zalarındakı yorğunluğu
çıxartmaq üçün bədəninin ovur, taxtın
üstündə yumşaq döşəkçəyə
uzanıb mütəkkəyə dirsəklənməyə,
başının altına tük balış qoyub
dincəlməyə çağırırdı. Mələk
ayaqqabısını soyunub taxtın üstünə
çıxanda, divara vurulmuş pərli-budaqlı maral
buynuzundan ərinin gümüş dəstəkli xəncərini,
tüfəngini, vəznəli çuxasını, onun üstündən
ağ qotazlı başlıqla göy buxara papağını
asanda, kişi ev rahatlığının, qadın
qayğısının nə demək olduğunu bir
daha duydu. Bütün bunlar nə demək idi? Nə üçün
indiyə qədər o, evindən ötəri bu qədər
darıxmamışdı. Bu ilıq və adamı
oxşayıb ovunduran nəfəsi bu evə kim gətirmişdi?
Yoxsa, o qocalırdı? Ona görə də özünü
istiyə verən bir pişik tənbəlliyi ilə evdə
oturmaq istəyirdi?!
Mələk hələ də taxtın üstündə
oturan və fikirli-fikirli ətrafa boylanan ərinə yaxınlaşdı.
- Gətir çəkmələrini soyundurum.
Kişi xəyaldan ayrıldı. Qarşısında
dayanıb, gülümsünən arvadına əziyyət
vermək istəmədi.
- Özüm soyunaram.
- Yaxşı, onda su gətirim, ayaqlarını yu.
Cahandar ağa dabanı üstündə fırlanıb
geri dönən arvadının qırçınlı
donunun yelləndiyini gördü. Otağın havası
dalğalanıb, onun üzünə vurdu. Kişi uzunboğaz
çəkmələrini soyunub, taxtın ayağında
cütlədi. Heç ikicə dəqiqə keçməmiş
Mələk aftafa-ləyənlə içəri girdi. Çöməlib
ərinin qabağında oturdu. Uzun və gen donunun ətəyi
dövrələnib, yerə sərildi.
- Əyə, bəri, yaxın gəl.
Kişi heç nə demədi. Mələyin onun adını
çağırmayıb, sadəcə "əyə" deməsindən
xüsusi bir ləzzət aldı. Ayaqlarını ləyənin
içinə saldı.
Cahandar ağa şalvarının balağını
çirmələyən arvadının yumşaq əlinin
təmasını duydu. Mələk sə'ylə ilıq
suda onun ayağını ovxalayıb barmaqlarını
şıqqıldatdı, dabanını qaşıdı.
Cahandar ağa isti su və qadın nəvazişindən
məst olub yerindən tərpənmir, sakitcə arvadına
baxırdı. Mələk aşağı əyildikcə
kürəyinin ortasındakı hörükləri sağa-sola
qıvrılır, gah ilan kimi belinə dolanır, gah da
çiynindən sürüşüb döşü
aşağı sallanırdı. Mələk saçını
cəld çiynininüstündən geri atır, yenə
də işinə davam edirdi. Bunlara öz qoyan Cahandar ağa,
Mələyin hörüyü bir də sürüşüb
ləyənə doğru sallananda, əlini uzadıb, saçı
geri elədi. Arvad onun barmaqlarının qəsdənmi, yoxsa
təsadüfənmi boynunun dalında gəzdiyini duydu və
gözlərini süzdürüb, altdan-yuxarı kişinin
üzünə baxdı. Cahandar ağa nəzərini
arvadının sürüşüb çiyninə
düşmüş şalı altından görünən
ağ boynundan və qızıl sırğalarının
yanında qıvrılan telindən çəkmədən,
hərəkətinə bəraət verirmiş kimi qaşqaöaqlı
dilləndi:
- Bu nədi, başını niyə örtmürsən?!
Ərinin halını gözəl başa düşən
Mələk dodağını dişləyib gülümsündü:
- Burda başqa adam yoxdur, özümüzük.
Kişi hirslənmişdi. Arvadının qarşısında
zəiflik edəcəyindən və bunu Mələyin duyacağından
qorxduğu üçün sifətinə sərt bir ifadə
verməyə çalışdı.
Mələk sakitcə şalını irəli çəkdi.
Tellərini yığıb qulağının ardına
itələdi, boyun-boğazını örtdü və
bundan sonra ərinə çəpəki nəzər saldı.
Sanki "ürəyin dincəldimi?" - demək istədi. Ləyəni
kənara itələdi. Ərinin ayağını qurulamaq
üçün yuxarı qaldırdı, dizinin üstünə
qoydu. Cahandar ağa arvadının yumşaq budlarının
təmasından titrədi. Bir dəqiqə bundan əvvəl
ürəyindən keçənləri, arvadının
qarşısında alçala bilmək təhlükəsini
unutdu. Sifətindəki ciddilik yox oldu. Mələyin belindən
tutub özünə doğru çəkdi. Qəribə
nəvaziş və namərbut hərəkətlərlə
sinəsinə sıxıb, öpməyə başladı.
Belə bir hadisəni gözləməyən Mələk əvvəlcə
heç nə demədi. Ani olaraq "bu kişiyə nə oldu?"
- deyə düşündü. Onun iradəsinin əleyhinə
getməmək üçün ərinin sinəsinə qısılıb
dayandı. Cahandar ağanın onu ağuşundan buraxıncaya
qədər gözləməyi qərara aldı. Əslinə
baxsan, onun bu oxşamadan xoşu gəlir, dağ kimi zəhmli
bir kişini yerindən oynatmaq qüdrətinə malik olmasına
ürəyində sevinirdi. Ancaq bu hal uzun sürmədi. Bir
az bundan əvvəl ərinin nahaq yerə hirsləndiyini başa
salmaq və özünün təqsirsiz olduğunu bildirmək
üçün iradəsini ələ aldı. Həm də
bütün qadınlarda olduğu kimi, kişiyə zahiri
müqavimət göstərmək meyli gücləndi. O
çırpınıb ərinin qolları arasından
çıxdı.
- Ayıbdı, görən olar.
- Yaman darıxmışam.
Mələk qələbəsinə əmin olduğundan, cəld
ləyəni götürdü və ərinin üzünə
ötəri nəzər salıb gülümsündü.
- Bir az səbir elə, amanın qırılmayıb ha.
O, qapını vurub bayıra çıxandan sonra Cahandar
ağa özünə gəldi. Taxtın üstündə
uzanıb mütəkkəyə dirsəkləndi. Mələyin
son sözü onu yaman tutmuşdu. Cibindən gümüş
qutusunu çıxardıb, papiros eşmək istədi.
Barmaqlarının titrədiyini hiss etdi. Kişi yaman pərt
olmuşdu. Uşaq kimi səbirsizlik etdiyini və öz hərəkəti
ilə arvadının qarşısında alçaldığını
düşündükcə, öz-özünü
bağışlamaq istəmirdi. Onun zənnincə, kişi
ömrü boyu istədiyini arvadına bildirməməlidir.
Arvad həmişə intizar içində yaşamalı,
ərinin onu sevib-sevmədiyini bilməməlidir. Hərdənbir
ötəri deyilən xoş sözün, adi bir təbəssümün,
ya da nadir hallarda büruzə verilən nəvazişin aylarla
həsrətini çəkməlidir. Belə olanda arvad kişinin
qədrini bilər, ömrü boyu ondan xoş söz eşitmək
eşqi ilə alışıb-yanardı. Kişinin
əzəməti də, qüdrəti də, arvad yanındakı
amiranəliyi də onun sirli, sehrli olmasındadır. Cahandar
ağa indiyəcən belə yaşamış, dədə-baba
adətini pozmamışdı. Amma, nədənsə Mələyi
görəndə hər şeyi unudur, müvazinətini
itirir, oyuncağa dönürdü. O, papirosunu tüstülədir,
"mənə nə olub, cavanlığımda bir qızın,
bir gəlinin qabağında əyilmədim. Zərnigarın
üzünə bir dəfə gülmədim, indi mən
niyə belə olmuşam? Niyə Mələyi görəndə
hər şeyi yadımdan çıxardıram?" - deyə
öz-özünü mühakimə edirdi.
Bir az bundan əvvəlki şadlıq yox oldu. Cahandar ağanın
iri qıllı qaşları aşağı enib,
gözünün üstünə kölgə saldı.
Sanki bəbəklərindəki mə'nanı gizlətmək,
ürəyindən keçənlərin gözlərindən
oxunmasına imkan verməmək üçün kirpiklərinin
qabağına çəpər çəkdi. Cahandar ağa
bir anda üz-gözündən qan daman zəhmli və yontalmamış
nəhəngə dönüb döşəkçənin
üstünə sərələndi.
Bir az bundan əvvəl özünün də hiss etmədən
verdiyi köntöy cavabdan ərinin tutulduğunu duyan Mələk
onun könlünü almağa çalışdı.
- Bir azca səbir elə, sənə ləzzətli bir xəngəl
bişirəcəm. Dünəndən qurud əzib, təpitmə
kəsmişəm. Vallah, düz sözümdür, inanmırsan?
Cahandar ağa özünü bir az da ağır göstərməyə
çalışıb dinmədi. Ancaq bu hal uzun çəkmədi.
Bir azdan Mələk siniyə çəkdiyi qurudlu xəngəli
taxtın üstünə qoydu. Cahandar ağa bardaş
qurub oturdu. Bütün xörəklərdən çox
sevdiyi xəngəli görəndə dərhal sinini qabağına
çəkdi.
- Gəl otur, sən də ye.
- Mənim payım durur.
- Yoldaşlı yeyəndə iştahlı olur.
Mələk bu dəfə e'tiraz etmədi. Ərinin böyrünə
qısılıb, əlini siniyə uzatdı.
- Xoşuna gəlirmi, deyəsən, soğanı çox
olub?
- Yox, - deyə Cahandar ağa diqqətlə onun üzünə
baxdı. Mələyin gözlərindən oxudu ki, tə'riflənmək,
bişirdiyi xörəyin ləzzətli olmasını
təsdiq edən söz eşitmək istəyir. Qadınların
belə bir zəif cəhətlərinin olduğunu, həmişə
hər balaca işdən ötəri ərlərinin tə'rifini
eşitmək istədiklərini, bununla daha da xoşa gəlməyə
çalışdıqlarını bilən Cahandar ağanın
dodağı qaçdı. - Xəngəlinə söz
ola bilməz. Əlin çox duzludur. Xörəklərin
ləzzətli olur.
Mələk dinmədi. Əli sinidə, gözü isə
arvadının üzündə qalan ərinin böyrünə
balaca toxundu.
- Yaxşı, çörəyini ye.
Xörəkdən sonra, qabağında çay, döşəkçənin
üstünə uzanan Cahandar ağa Mələyi yanına
çağırdı.
- O xurcunu bura gətir.
Gəlin ərinin sözünə əməl etdi.
- Aç, parçaları çıxart.
Mələk xurcunun içindəkiləri ortalığa
tökdü. Atlas və güllü ipək parçalar,
xara döşəküzüləri, Səmərqənd
ipəyi, kişmiri şal taxtın üstündə
qalaqlandı.
- Ürəyin hansı parçanı istəyir, seç
götür.
- Özün ver.
- Mən bəyəndiyim xoşuna gəlməz.
- Sənin xoşuna gələn mənim də ürəyimdən
olacaq.
Cahandar ağa qurtum-qurtum içdiyi çayı qurtardı,
boş stəkanı nəlbəkiyə qoyub, əlini güllü
atlasa uzatdı.
- Necədi?
- Nə bilim?
Kişi bu qeyri-müəyyən cavabdan arvadının
ürəyindən xəbər verdiyini duyub, parçanı
onun qubağına atdı.
- Al, bu sənin. Bu da onun, - deyə kişmiri şalı
göstərdi: - Bu güllü parçanı da Salatına
almışam. - Cahandar ağa dayanıb, yol çəkən
gözləri ilə Mələyə baxdı. - Mən gedəndən
sonra heç buralara hərlənibmi?
- Yox. Bircə dəfə su yolunda görmüşəm.
- Bəti-bənizi qaçmayıb ki?
- Yox. Lap yaxşıdır, - Mələk övladının
intizarını çəkən kişinin ürəyindən
keçənləri duydu və onu sakitləşdirmək istədi.
- Maşallah lap su sonasına dönüb.
- Hardan? - Cahandar ağa astaca dilləndi. - Yəqin korluq çəkirlər.
Kişinin halı birdən-birə dəyişdi. Bir az bundan
əvvəl həbəşi dodaqlarında oynayan təbəssü
yox oldu. Parçaları kənara itələyib mütəkkəyə
dirsəkləndi.
- Yaxşı. Qalanlarını da özün bölüşdür.
Hərənin payını özünə göndər.
Şahnigarı da yaddan çıxartma. İstəyirsən
onun qənd-çayını elə bu saat Tapdıqnan yolla.
- Yaxşı.
Mələk hər şeyi başa düşdü. Cahandar
ağanın nə qədər hirsli olsa da, evdən küsüb
gedən arvadı Zərnigara da, qızına da, oğluna
da, elə gəlininə də pay aldığını
anladı. Gözəyarı hər şeyi yerbəyer
etdi. Kimə nə göndərəcəyini müəyyənləşdirdi.
Həm də qərara aldı ki, bu işləri ərindən
xəbərsiz kimi xəlvəti görsün. Amma Şahnigarın
payını elə buradaca, kişinin gözü qabağında
ayırdı. Güllü bir çitə bağlayıb
kənara qoydu. Cahandar ağanın bacısı Şahnigarı
çox istədiyini yaxşı bildiyindən, payı ləngitmədi.
"Qoy arvadın payını elə kişinin gözü
qabağındaca yollayım" - deyə düşündü
və dərhal Tapdığı çağırdı.
Tapdıq getdi. Amma, əlində bağlama, dabanı üstündə
də geri qayıtdı.
- Ağa, Şahnigar xanım evdə yoxdur.
- Hara gedib?
- Meyxanaya?!
- Nə, meyxanaya?!
- Bəli, ağa. Müridlər bu axşam Molla Sadığın
evinə yığışıblar. Türbədən
də gələnlər var. Deyirlər yaman meyxana olacaq.
- Get atı yəhərlə!
Tapdıq səssizcə otaqdan çıxdı. Cahandar
ağa stəkandakı çayı ikicə hortumda başına
çəkib, ayağa durdu.
- Çəkmələrimi gətir!
Mələk danışmağı və ərindən
söz soruşmağı yersiz bildi. Sakitcə onun paltarını
geyib, yaraqlanmasına kömək etdi. O başa düşdü
ki, kişinin dişi bağırsaqları kəsir. Əlindəki
qamçının dəstəyini az qalır ovxalayıb
töksün. Mələk "Yolum qara gəlsin, kaş payı
bu gün göndərməyəydim", - deyə özünü
danladı.
Cahandar ağa arvadının sual dolu baxışlarına
cavab vermədi. Quş kimi sıçrayıb, atın
belinə qalxdı. Dördnala çapan at gecənin qaranlığına
qarışıb, xəyal kimi əridi.
8
Molla Sadığın on iki kərənli uzun evi başdan-başa
gəbə ilə döşənmişdi. Divar boyu döşəkcələr
salınmışdı.
Hər tərəf tərtəmiz süpürülmüş,
tavandan asılan çırağın məftili elə
bil qəsdən lap aşağıya endirilmişdi. Divara
vurulan ala-bəzək kilimlərin tozu alınmış,
künc-bucağın qurumu da təmizlənmişdi. Ev
adamın üzünə gülürdü.
Molla Sadıq dodaqaltı otaqda zümzüm edə-edə
otaqda hərlənir, tez-tez də təsbehinin iri muncuqlarını
şaqqıldadırdı. O bu gün dərs keçməmişdi.
Uşaqları məsciddən birbaş evinə gətirmiş
və hərəsinin əlinə bir süpürgə vermişdi.
"Axşam qonağımız olacaq, evi sahmana salın",
- demişdi. Bunlar azmış kimi axşama qədər
uşaqları saxlayıb, qapı-bacanı çalğılatmışdı.
İndi hər şey hazır idi. Qonşu otaqda arvad-uşaq
düyü təmizləyir, nökəkrlər odun yarırdılar.
Ağ samovarlar eyvanda yan-yana düzülüb poqquldayırdı.
Evin ortasında hərlənən Molla Sadıq hər şeyə
göz qoyur, çöpün çöp üstündən
süyüşməsini istəmirdi. Onun özü də
bu gün çox səliqəli və şıx geyinmişdi.
Arxalığını təzələmiş, toyda-nişanda
olduğu kimi ipək qurşaq bağlamış, əmmaməsini
də xüsusi bir zövqlə başına qoymuşdu.
Tez-tez əlini saqqalına çəkib boğagını
arıtlayırdı. Kişi buxaq bağlamışdı.
Səliqə ilə altı vurulmuş saqqalını
tərpədib, çənəsini bir az boynuna doğru əyəndə
ağ ət qat-qat olurdu. Sinəsi qabarıq idi. Yanaqlarından
qan damır, qaş-gözü oynayırdı.
O, eyvana çıxdı. Pəncərədən qonşu
otaqda düyü arıtlayan gəlininə və qonum-qonşudan
yığılan cavan arvadlara baxdı. Birdən havalanmış
buğa kimi "hey, hey!", "hey, hey!" - deyib nərildədi. Onun zil
səsi kəndin ortasına qədər getdi. Otaqdakı arvadlar
diksinib:
- Bismillah, bu kişiyə nə oldu? - deyə xosunlaşdılar.
Molla Sadığın gəlini sehrli bir pıçıltı
ilə onlara:
- Kişinin qulağına səs gəlib, gözünə
mələklər görünür, onlarla danışır,
işinizdə olun, - deyə cavab verdi. Arvadların bə'zisi
vahimə içində küncə çəkildi.
Qaş qaralır, Molla Sadıq intizar içində müridləri
gözləyirdi. Bu axşam onun evində meyxana qurulacaqdı.
Qonşu türbədən də hörmətli bir qonaq
gələcəkdi.
Əvvəllər göytəpəlilər müridliyin
nə olduğunu bilməzdilər. Elə uzaqdan-uzağa qonşu
dağ kəndlərindən birində müqəddəs
qəbir olduğunu, adamların oraya toplaşıb, ibadət
etdiklərini eşidərdilər. Deyilənə görə,
o türbəyə müqəddəs bir adam basdırılmışdı.
Onun müridləri də vaxtaşırı qəbri ziyarət
edir və sonra da meyxana başlayırdılar. Meyxana haqqında
çox qəribə şeylər söyləyirdilər:
guya müridlər ibadət zamanı qızışır,
əllərini közərmiş dəmirə, ya da od kimi
qızmış peçə basırlar. Onların nəinki
əlləri yanmır, heç istiliyi də hiss etmirlər.
Ya da poqquldaya-poqquldaya qaynayan samovarı qucaqlarına alır,
şaq-şaq şaqqıldayan çaydan süzüb,
birnəfəsə içirlər, yenə heç nə olmur.
Çox qəribə, mö'cüzəli sözlər danışırdılar.
Müridləri cəzm olduğu, ağızları köpüklənərək
qəşş etdikləri, saatlarla bu dünyadan köçüb,
o dünyada ruhlarla qovuşduqları haqqında rəvayətlər
söyləyirdilər. Hər yerə belə bir xəbər
yayılmışdı ki, kim türbəyə ziyarətə
getsə, ya da oranın bir tikə çörəyini yesə,
istədiyi arzuya çatıb, bütün qada-bəladan
uzaq olar. Çox adam müridləri əfsanəvi varlıqlar,
sirlərlə dolu olan e'cazkar və müqəddəs insanlar
kimi təsəvvür edirdi.
Bir neçə il bundan qabaq bu uzunsaqqal müridlərdən
biri Göytəpəyə gəlib çıxdı. Üç
gün, üç gecə Molla Sadığın evində
yeyib-yatdı. Getməzdən əvvəl ona bir kitab verdi. "Bizim
mürşidimiz, cəddinə qurban olduğum Seyid Nigarinindir.
Oxu öyrən, başqalarını da başa sal, onun
miridi ol", - dedi.
Molla Sadıq çox fikirləşmədi. Buradan qazanc iyinin
gəldiyini duyub dərhal işə başladı. Ona türbəyə
toplanan nəzirlərdən pay göndəriləcəyini
və'd etmişdilər.
Bu hadisədən bir neçə ay sonra Göytəpədə
uzunsaqqal kişilər görünməyə başladı.
Uşaqların "keçisaqqal", - deyə ələ saldıqları
bu adamların sayı tədricən artdı. Hətta cavanlardan
da bu işə qoşulan, şəvə kimi qara saqqal uzadanlar
oldu. Molla Sadıq onları müdafiə etdi. Kənd əhlini
məscidə toplayıb, minbərə qalxdı. "Camaat, hamınız
sünnüsünüz, məzhəbinizdən dönməyin,
şəkk eləməyin, sonra axirət dünyasında
cəhənnəm oduna yanarsınız", - dedi. Adamlar xofa
düşüb susdular.
Bundan sonra Göytəpədə müridlər çoxaldı.
Qəribə idi, kim bircə dəfə onların məclisinə
düşsə əl çəkmir, elə həmin günün
səhərisi saqqalını uzatmağa başlayırdı.
Soon illər müridlərin dstəsinə qadınlar da qoşulurdu.
... Nəhayət, kəndin yan tərəfindən təpələrin
kölgəsi uzanıb evlərin üstünə səriləndə
Molla Sadığın intizarla gözlədiyi qonağın
atı doqqazda kişnədi. Nökərlərdən əvvəl
o özü gələnin qabağına yüyürdü.
Üzənginin basıb, atın başını tutdu.
- Xoş gəlmisən, ay Hacı Əmrah əfəndi,
yol səni yormadı ki?
- Çox sağ ol, xoş günün olsun, - deyə
atın üstünə yayxanmış göbəkli
kişi dilləndi. Sonra da iri bədənini birtəhər
sürüyüb, yerə düşdü. Onlar ikiqat
əyilib görüşdülər.
Molla Sadıq qonağına yol göstərə-göstərə
eyvana gəldi. Hacı Əmrah əfəndi içəri
girməzdən əvvəl dönüb geri, kəndin üstünə
çökən buludların tonqal kimi alovlanıb qızarmasına,
saralan üfüqlərin tutqunlaşmasına baxdı
və birdən bədəninə üşütmə gələn
adamlar kimi "allah, allah" - deyə heybətli səslə qışqırdı.
Molla Sadıq əlini saqqalına çəkib, dodaqlarını
tərpətdi. Bütün müridlər kimi guya ani zikrə
gedən Hacı Əmrah əfəndi dua oxuduqdan sonra üstü
bıçaqla kəsilmiş postallarını qapının
ağzında soyundu. Molla Sadıq onları cütləyib
qoydu və qapını açdı.
- Buyuracaqsınız.
Hacı Əmrah əfəndi gəbələrin üstü
ilə səssizcə addımlayıb, yuxarı başa
keçdi. Hər tərəfinə iri bir yastıq qoyulmuş
döşəkcənin onun üçün hazırlandığını
yaxşı bildiyindən, ev sahibinin təklifini gözləmədən
keçib əyləşdi. Balışları qoltuğunun
altına qoyub ayaqlarını uzatdı. Molla Sadığın
gözləri ixtiyarsız olaraq qonağın naxışlı
yun corabına dikildi. Hansı bir qadınınsa sə'ylə
toxuduğu corab təptəzə idi.
Kişi heç nəfəsini dərməmiş Molla Sadığın
gəlini aftafa-ləyən gətirdi. Yaşmağını
yuxarı qaldırıb Hacı Əmrah əfəndinin
əlinə su tökdü. Aftafanın hacıleylək
boğazı kimi uzun, nazik lüləyindən şoralanan
sərin su ilə əllərini yuyub saqqalına çəkən
kişi "atan behiştlik" - deyə qurulandığı
xoruzlu, şüllü dəsmalı geri qaytardı.
Heç ikicə dəqiqə keçməmiş boğmalı
armudu stəkanda buğlanan pürrəngi çay onun qabağında
hazır oldu. Qonaq iki stəkan dalbadal boşaltdıqdan sonra
iri dəsmalla, puçur-puçur olub alnından axan təri
sildi.
- İşlərin necə gedir, ay Molla Sadıq?
- Şükür xaliqə, pis deyil.
- Cəddinə qurban olduğumun müridləri çoxalır,
ya yox?
- Çoxalır, Hacı, indi özünüz görəcəksiniz.
Zənənlər də var.
- Zənən də? - təəccüblə soruşan Hacının
çüxura düşmüş gözləri quyu
dibindəki su kimi parıldadı. Sarıya çalan qıllı
qaşları bir-iki dəfə qalxıb-endi. - Çox
pakizə, çox gözəl. Cəddinə qurban olduğum
özü sənin zəhmətini qiymətləndirər.
Molla Sadığın da xırdaca gözlərii muncuq
kimi işıldadı. Əlini qaşının
pırpızlanmış tükünə çəkib
ikiqat əyildi:
- Borcumuzdur. Hacı, din-məzhəb yolunda adam canından
keçər.
- Əlbəttə, əlbəttə. Biz bəndələrin
işi allaha qulluq etməkdir.
Bayaqkı gəlin yenə içəri girdi. Tavandan asılmış
çıraqları yandırıb, fitili qaldırdı.
Axşamın boz-bulanıq qaranlığına bürünən
otaq işıqlandı.
Qapı açıldı. Göytəpənin adlı-sanlı
müridlərindən biri içəri girdi. Hacıya ehtiramla
baş əyib görüşdü. Sonra da döşəkcələrdən
birinin üstünə əyləşdi. Bundan sonra qapı
tez-tez açılıb-örtüldü, astanada cütlənib
qatarlaşan ayaqqabıların sayı çoxaldı.
Yavaş-yavaş içəri saqqallı adamlarla dolur, divar
boyu cərgələnmiş döşəkcələr
üstündə əyləşənlərin naxışlı
corabları nizamla sıraya duran əsgərlər kimi qatarlaşırdı.
Bir az bundan əvvəl eyvanda qaynayan samovarları içəri
gətirdilər. Qonum-qonşudan çağırılan
qız-gəlin ortası güllü, qara sinilərdə
çay daşıyır, balaca, armudu stəkanlar ayaqların
bərabərində sıralanırdı. İçəri
dolur, məclisə gələn müridlərin ardı-arası
kəsilmirdi. Kişilərdən sonra əli təsbehli qadınlar
da gəldi. Onlar da öz yerlərini tutdular. Bardaş qurub
kişilərlə bərabər çay içdilər.
Yerini rahatlayıb, kürəyini iri balınca söykəyən
Hacı Əmrah əfəndi gözaltı divar boyu düzülmüş
corablı ayaqlara, sinəyə tökülən uzun saqqallara
tamaşa edirdi. Cəmi bir neçə ildə bu qədər
mürid toplaya bildiyinə görə Molla Sadıqdan razı
qalmışdı. Onun payını artırmağın,
daha da həvəsləndirməyin vaxtı gəlib çatdığını
dərk edən Hacı, son zamanlar ziyarətə gələnlərin
çoxalmasında, nəzirlərin artmasında Molla Sadığın
xüsusi rol oynadığını bilirdi. Ona görə
də onu daha da şirnikləndirmək haqqında düşünürdü.
Samovarlar dolub-boşalandan sonra ortalığa iri sinilərdə
plov gəldi. Biləklər çirməndi, buğumlu barmaqlar
yağlı düyünü xışmalayıb,
ağızlara təpişdirdi. Üç-dörd şapalaqla
sinini boşaldıb, geri çəkilənlər də oldu.
Saqqallarına bulaşan düyüləri təmizləyənlər
yenidən çaya hücum etdilər.
Çıraqların fitilini bir az da qaldırdılar.
Molla Sadıq pəncərələrin taxtaını bağlatmaq
istədi. Ancaq Hacı Əmrah əfəndi qoymadı. Oradan
boylanan uşaqları, ağzı yaşmaqlı gəlinləri,
içəri girməyə cəsarət etməyən cavanları
göstərdi. "Qoy tamaşa eləsinlər, xeyri var. Lazım
olanda mən özüm deyərəm".
Molla Sadıq qonağın gözlərindən qəlbini
oxuyub, yerində qurcalandı. Elə bu vaxt küncdə əyləşən
müridlərdən biri dizi üstə oturub, saqqalını
tərpətdi:
- Ay Hacı, sizə bir sualım var.
- Buyur, oğlum.
- Qapının ağzında üstü bıçaqla
kəsilmiş bir cüt təzə postal var, o sizindirmi?
- Bəli, övladım.
- Onu özünüzmü kəsibsiniz?
- Bəli, bala.
- Səbəbini bilmək olarmı?
Hacı Əmrah əfəndi əlindəki stəkanı
yerə qoyub gülümsündü və ayağındakı
naxışlı coraba baxdı.
- Ayağımı sıxırdı, mən də
kəsdim. Kəsməyə də bilərdim. Amma cəddinə
qurban olduğum deyir ki, insan gərək bu dünyada özünə
əziyyət verməsin. Nəfsini qaytarıb, gözünü
ac qoymasın. Kim bu dünyada sıxıntı çəksə,
elə axirətdə də əzab içində qıvrılacaq.
İnsan gərək havalı və eşqli olsun. Eşqdir
bu dünyanın əzəli. Qəlbində allaha məhəbbəti
olmayan bu dünyada yaşaya bilməz. Elə cəddinə
qurban olduğum Seyid Nigari bir eşqlə yanıb kül
olmadımı? Onun Nigara olan eşqi ilahi bir eşqə
çevrildi. Xaliq özü belə buyurmuşdur. Aşiq
və mə'şuq öz eşqləri ilə yaradana qovuşurlar.
Dünyanın sirri budur, əzizlərim. Qəlbində eşqi
çox olan adam, allaha daha tez qovuşar.
Müridlər qulaq kəsilmişdilər. Müridlər
də gözlərini bu ağ sinəli, yaşı əllini
keçmiş olsa da, gümrahlığını
itirməyən kişinin ağzına zilləmişdilər.
Meyxanaya gələn arvadların bə'zisi bu sözləri
əvvəllər də eşitmişdi. Ancaq yenə də
qulaq asırdılar. Hətta arabir sual verənləri də
olurdu. Ancaq belə məclisə yenicə gələnləri
hələ utanır, küncə qısılıb,
üzlərini gizlədir, acgözlüklə Hacıya
qulaq asıb dediklərinin mahiyyətini dərk etməyə
çalışırdılar. Onlar xof və həyəcan
içində oturur, ruhların mələklərə necə
qovuşacağı haqqında fikirləşirdilər.
Kələğayılarının altında gizlətdikləri
kitabı sinələrinə qısıb titrəşirdilər.
Onlar çox qəribə hal keçirirdilər. Deyilənə
görə, əsl müridlərin çoxu yol getdikləri
yerdə belə, allahı görür, mələklərə
rast gəlirdilər. Hətta onlarla söhbət də edirdilər.
Belə bir səadətə nə vaxt və necə çatacaqlarını
düşünən müridlər maraq və intizar içində
qıvrılırdılar. Onların bu məclisə
gəlməsinin əsas səbəbi də bu idi. Ona görə
də Hacı Əmrah əfəndinin dediklərini o qədər
də yaxşı anlaya bilmirdilər.
Cahandar ağanın bacısı Şahnigar xanım
da bunların içində idi. Onun çox qəribə taleyi
vardı. Keçən il ərini ilan vurandan sonra damın
altında tək qalmışdı. Kişinin ölümündən
sonra arıqlamaq əvəzinə kökəlmiş, buxaq
sallayıb, buğum-buğum ət tökmüşdü.
Qardaşı ona "çıx, gəl evimizə" - demişdisə
də, Şahnigar xanım razı olmamışdı.
"Ərimin var-dövləti təkcə mənə qalıb,
oturub sağa-sola xərcləyəcəm. Nə işimə
qalıb ki, özümü cəncələ salıram?
Yengə əlinə baxıb, minnətlə qardaş çörəyi
yeməkdənsə, damın altında tək qalmaq yaxşıdır",
- deyə fikirləşmişdi.
Şahnigar xanım dediyindən dönmədi. Evindəcə
oturdu. Geyinib-kecindi, hətta Kürə suya gedəndə də
özünü daş-qaşla bəzədi. Bir toy,
bir nişan onsuz keçmədi. O çox qəribə olmuşdu.
Oynamaqdan doymur, şaqqıldayıb gülməkdən
usanmırdı. Onun əyyarlığını bəyənməyən
arvadlar tərs-tərs baxır, "bəxtəvərə bax,
gör əri öləndən sonra nə əl-qol açıb!
Necə də harınlayıb!" - deyə Şahnigarı
öz aralarında asıb-kəsirdilər. O isə heç
nəyə fikir verməyib şaqqıldayırdı.
Qarıların dediyi kimi, "ərəmiş camış
tək anqırıb gəzirdi". Onu danlayıb bir söz
deyəndə də hirslənirdi. "Məndən nə istəyirsiniz,
eşitməyibsinizmi ərsiz arvad yüyənsiz at kimi şeydir,
haraya istəsə, oraya da gedəcək? İndi mən də
haraya istəsəm çapacam. Əl-ayağıma dolaşmayın".
Yavaş-yavaş pıçıltılar, dedi-qodular
çoxaldı. Hətta bir dəfə Cahandar ağa onu təpiyinin
altına salıb, bədənini qamçı ilə tuluq-tuluq
etdi. Amma Şahnigar xanım dediyindən dönmədi...
Bir hörümçək həssaslığı ilə
hər şeyə göz qoyan Molal Sadıq onu izləyirdi.
Mollanın bu ətli-əndamlı qısraq qadından
xoşu gəlirdi. Amma bu sirri ueç kəsə aça bilmir,
hətta ürəyindən keçənləri e'tiraf etməkdən
də qorxurdu. Molla Sadıq Şahnigar xanıma yaxın
getməyi, ona söz deməyi xəyalına belə gətirə
bilmirdi. O nə qədər əyyar arvad olsa da, kənddə
bir az açıq dolansa da, hələ həndəvərinə
dolanan olmamışdı. Heç kəs canından keçməmişdi.
Molla Sadıq da başının qədrini bilirdi. Necə
deyərlər, kürəyini Cahandar ağanın gülləsinə
verməyə təhəri yox idi. Burada nə isə başqa
bir əməl işlətmək lazım idi.
Molla Sadığın ayrı bir məqsədi vardı.
O, Cahandar ağanı sındırmaq və özünün
haqlı olduğunu camaat qarşısında nümayiş
etdirmək istəyirdi. Axı Cahandar ağa kənddə
yenicə müridlər yarananda Molla Sadığı çox
pis vəziyyətə salmışdı! Molla Sadıq
ilk dəfə öz evində meyxana düzəltmişdi.
Cahandar ağanı da də'vət etmişdi. Onun məqsədi
kəndin bu hörmətli adamını ya müridə
çevirmək, ya da heç olmazsa bu işə rəğbət
bəsləyən bir adam halına salmaq idi. Ancaq zənnində
yanılmışdı. Cahandar ağa bir az oturub, türbədən
gələn müridin hədisinə qulaq asandan sonra narazılıxını
bildirmiş, müridlər çalıb-oynayanda isə
məclisi yarımçıq qoyub ayağa durmuşdu:
"Mənim ağlım bir şey kəsmir, bunlar hamısı
lotuluqdur" - deyə qapını vurub çıxmışdı.
Hamı mat qalmışdı. Molla Sadıq özünü
sındırmamaq üçün onun arxasınca çıxmış
və ayağını üzəngiyə qoyub atın
belinə qalxmağa hazırlaşan Cahandar ağaya yaxınlaşmışdı:
- Sən niyə dinsizlik edirsən, allahın qəzəbindən
qorxmursan?
- Bilirsən nə var, Molla Sadıq. mənim elə uşaqlıqdan
səndən xoşum gəlmir, oğraş adama oxşayırsan.
- Sən dini, allahı danırsan.
- Allahda işin olmasın!
- Sən kafirsən!
- Molla, mənə lotuluq gəlmə, get dınqırına
süz. Mən allahımı da tanıyıram, peyğəmbərimi
də.
O, atını minib uzaqlaşmışdı.
Elə o vaxtdan Molla Sadıq Cahandar ağa ilə yanıqlı
gəzir, intiqam almaq üçün fürsət axtarırdı.
Nəhayət, belə bir məqam ələ düşdü.
O, Şahnigar xanımı öz dəstəsinə çəkməyə
çalışdı.
Lap uşaqlıqdan cinə, ərdoya inanan, qorxulu, uydurma nağılları
bir həqiqət kimi qəbul edən Şahnigar xanım tez
tələyə düşdü. İkicə ayın
içində onu inandırdılar ki, müridlik savab işdir.
Onlara qoşulan cənnətlik olacaq.
Şahnigar xanım Seyid Nigarinin kitabını qur'anla yanaşı
qoydu. Gecələr çətinliklə də olsa mollaxanada
oxuduğu hərfləri yadına salıb höccələyə-höccələyə
şe'rləri əzbərlədi. "Ərim yox, uşağım
yox, elə allahın bədbəxtiyəm, - deyə düşündü.
- Bəlkə qəzəbə gəlmişəm. Günahım
çoxdur. Onun üçün də rəhminə qurban
olduğum mənə kəc baxır. Bəlkə gec deyil,
elə bu müridlərə qoşulsam kəramət sahibi
məndən mərhəmətini əsirgəməz?". Arvad
çox düşündü. Belə bir yoldan geri dönsə
axirət dünyasında odaqalanacağını gözünün
qabağına gətirdi və razılıq verdi.
Haradansa qardaşı Cahandar ağa bu işləri eşitdi
və ona sifariş elədi ki, "qulağıma söz-zad
dəyir, bax ha, ağlını oğurladarsan, ondan sonra
məndən küsmə, böyük tikəni qulağın
boyda edərəm".
Şahnizar xanım odla su arasında qaldı. Qəribə
idi: arvad allah yolunda dönməkdən daha çox xoflanırdı.
Nəhayət, ibadət hissi qorxuya üstün gəldi. Şahnigar
xanım qardaşının kənddə olmamasından
istifadə edib, böyük tərəddüdlə də
olsa, ilk dəfə Molla Sadığın evinə, müridlərin
meyxanasına gəldi.
İndi o, küncdəcə oturur, qorxu və maraq içində
nələr olacağını gözləyirdi...
Molla Sadığın gözü onu çoxdan almışdı.
Nəhayət, məqsədinə çatdığına
və Cahandar ağanı el içində biabır eləyəcəyinə
görə ürəyində sevinir, saqqalını tumarlaya-tumarlaya
Hacı Əmrah əfəndiyə baxırdı.
Artıq gecə keçirdi. Meyxananı başlamaq olardı.
Qonağa nazik bir sini verdilər. O dərhal dikəlib bardaş
qurdu. Qalan müridlər də arvadlı-kişili dizi üstə
oturdular. Molla Sadıq da diz çökdü. Şahnigar
xanım böyük təəccüblə qonağın
asta-asta sini çalmasına baxdı. Birdən kişi yaşına
uyğun olmayan zil və məlahətli səslə oxudu. Oturanlar
onun sözünü bir ağızdan təkrar edib, yerlərində
yırğalandılar.
"Ay baba, gödək baba,
Meyxanaya gedək baba".
Şahnigar xanım yanındakı arvadların da dingildədiyini
gördü. Hamı titrəməli kimi silkələnir,
asta-asta sağa-sola ləngər vururdu. O nə edəcəyini
bilmədiyindən, donub yerindəcə qalmışdı.
Kimsə onun böyrünə toxundu. "Meyxana başlanıb,
sən niyə oxumursan?" - deyə pıçıldadı.
Şahnigar xanım heç nə anlamırdı. Ona elə
gəlirdi ki, sehrli bir aləmə düşmüşdür.
Səslər getdikcə güclənir, otağa boğuq
bir gumbultu düşüb, divarı cingildədirdi. Hacı
Əmrah əfəndi qızışıb sinini daha
bərkdən danqıldadır, cuşa gəlib zil səslə
oxuyurdu. Divar boyu çömbəltmə oturan müridlər
gərili yay kimi titrəyir, sıçrayıb ortalığa
atılmağa him axtarır kimi yerlərində güclə
qərar tuturdular. Nəğmənin ahəngi, sözləri
də dəyişirdi:
"Ay Sənəm, Sənəm,
Dərdini çəkən.
Bil mənəm, mənəm".
Ağız deyəni qulaq eşitmirdi. Artıq bir-birinə
fikir verən yox idi. Elə bil otağın içindən
bir burulğan qalxıb, hər şeyi yerindən oynadırdı.
Nəhayət, bu burulğanın küləyi Şahnigar
xanımı da silkələdi. Onun da dodaqları aralandı,
pıçıltı ilə dediyi sözlər səslərə
qarışdı. Özü də hiss etmədən
yerindəcə yırğalandı. Əslində onda
təqsir yox idi. Oxunan hava çox yüngül idi. Adamın
sümüyünə yaman düşürdü.
Birdən kimsə ilan çalmış kimi atılıb
ortaya düşdü. Çiyinlərini yuxarı çəkib,
boynunu qısdı. Şahnigar xanım bu ətli kişinin
dabanlarını yerə vurduqca yırım-yırım
yırğalandığını gördü.
O çox qəribə bir hala düşmüşdü:
dəli kimi əl-qol atır, həm oynayır, həm də
oxuyurdu. Həm də hər misradan sonra "puffa, puffa!" - deyə
ağzını tavana tutub fısıldayırdı.
Yavaş-yavaş bu hal başqalarına da sirayət etdi.
Şahnigar xanım gördü ki, hamı ayağa
qalxdı, arvad, kişi bir-birinə qarışdı.
Yallı oynayan kimi qatarlaşıb, yerlərində ləngər
vurdular. Puffultu, tısıltı çoxaldı. Ağızlar
köpükləndi, sinələr qalxıb-düşdü.
Hər şeyi unudub, əcaib bir şeyə tamaşa edirmiş
kimi yerindəcə çaşbaş qalan Şahnigar xanım
ürəyində "dınqıra süzmək bu imiş",
- dedi. Onu gülmək tutdu. "Ay camaat, sizə nə olub, başınıza
havamı gəlib?" - deyə qışqırmaq istədi.
Elə bu zaman kimsə onu tərpətdi. O da ayağa durdu.
Şahnigar xanım heç nə başa düşmürdü.
O, pəncərə taxtalarının necə, nə zaman
bağlandığını görmədi. Çıraqların
işığının nə üçün
öləziyib, titrəməsinin səbəbini anlamadı.
O yalnız bircə şeyi, qızışıb cəzb
olan müridlərin çırağın altında
fısıldayıb dingildədiklərini, iki-üç
nəfərin bihuş halda yerə sərələndiyini görə
bildi. Şahnigar xanım qarışıq və eybəcərləşmiş
sifətlər arasında Molla Sadığın gözlərini
gördü. Kişi ağzından köpük daşlana-daşlana
onun ətrafında fırlanırdı.
Şahnigar xanımı dəhşət bürüdü.
Yuxudan ayılan kimi oldu. O haraya düşmüşdü?
Arvad xoflandı. Bəli, bu hürkü allah xofundan da dəhşətli
idi. Birdən-birə bədəninə soyuq tər gələn
Şahnigar xanım qapıya yaxınlaşdı. Elə
bu zaman işıqlar söndü. Şahnigar xanım
otaqdakıların başı kəsilmiş toyuq kimi
partapartla yerə sərilib çırpındıqlarını
hiss etdi. O, əlini qapının cəftəsinə uzatmaq
istədikdə, kimsə qolundan yapışdı. Küncə
doğru dartışdırdı. Elə bil arvadın
qoynuna ilan saldılar. Buz kimi soyuq bir şey belinə dolanıb,
dırnaqlarının ucuna qədər yeridi. Saçlarının
dibi üşüdü. Şahnigar xanım qolundan
yapışan əlin təmasından kişiliyini duydu.
Qolunu hərlədi. Otağa qulaqbatırıcı bir
şaqqıltı düşdü.
- Haramzada köpək oğlu, burax məni!
Şahnigar xanım çırpınıb inildədi.
Elə bu vaxt güclü bir zərbədən zirəzələri
qopan qapı taybatay açıldı. Divarın suvağı
qopub töküldü. Heybətli bir səs qulaqlarda cingildədi.
- İşığı yandırın!!!
Lakin dillənən olmadı. Qaranlıqda çaxmaq şaqqıldadı.
Dalbadal iki güllə açıldı. Barıtın
yaşıla çalan ağımsov işığında
ani olaraq bərələn gözlər parıldadı.
İçəridəkilər süründülər.
Görünür, onların çoxu qaranlığa
salıb, birtəhər aradan çıxmaq istəyirdi. Ancaq
qapının ağzını kəsən Cahandar ağa
qızmış nərə dönmüşdü.
- Tez olun, yoxsa hamınızı güllədən keçirəcəm!!!
Binamus köpək uşağı.
Kimsə eşələndi. Az sonra işıq yandı.
Otağa dolmuş qaranlıq xəcalət çəkirmiş
kimi sürünüb künclərə qısıldı.
Solğun bənizlər, pırpızlaşmış
saçlar, didilib açılmış yaxalar, qıllı
saqqallar göründü, parıldayan gözlər qapıya
zilləndi. Cahandar ağa baş tərəfdəki döşəkçələrin
boş olduğunu gördü. Hirsindən dodağını
elə dişlədi ki, fışqırıb üstünə
şoralanan qandan xəbəri olmadı.
- Hanı o oğraş?! - deyə yenidən nərildədi.
Heç kəs cavab vermədi. Evin dal tərəfindəki pəncərə
açıq idi. Kilimin biri də aralanmışdı.
Ev sahibindən başqa heç kəsin bilmədiyi qapının
bir qanadı görünürdü.
Cahandar ağa gözü ilə hər yeri axtardıqdan
sonra küncdə tir-tir əsən bacısını
gördü. Onun pırpızlaşmış saçı
gözünə sataşanda otaq başına hərləndi.
Qamçını havaya nə zaman qaldırdığını
bilmədi. Qamçı ilə bərabər Şahnigar xanım
da ilan kimi qıvrılıb, yerindəcə qovruldu.
- Düş qabağıma, qancıq!!!
9
Qəmər at sahibinin hirsləndiyini duymuş kimi yüyəni
çeynəyib fınxırdıqca ağzından köpük
daşlanırdı. O, qaranlıqda güclə seçilən
qadını döşünün altına alıb
əzmək istəyirdi. Atın isti nəfəsini kürəyinin
ortasında duyan Şahnigar isə səsini çıxartmadan
yumaq kimi bükülüb irəliləyirdi. Uzun donunun ətəyi
kol-kosa ilişib təngildəsə də dayanmır, ayağı
büdrəyib yıxılan kimi sıçrayıb
qalxır, şallağın çiyni aşağı
enəcəyindən qorxduğuna görə canını
dişinə tutub yorturdu. Kəndə çaxnaşma düşmüşdü.
İtlər ağız-ağıza verib ulaşır,
orda-burda tüfəng atılırdı.
Cahandar ağa susurdu. Gözünü atın qulaqları
arasından irəli zilləyib, güclə görünən
bacısına baxırdı. O gah sirkənlikdə təmiz
itən, gah da az qala atın ayağı altına düşən
Şahnigarın ağaran paltarından başqa heç
nə görmürdü. Dodaqları səyriyir, barmağı
isə tüfəngin tətiyində oynayırdı.
Onlar kəndi keçmişdilər. Şahnigar bunu bilsə
də dinmir, qanqalların arası ilə irəliləyirdi.
Sarı tikanlar dizinin gözünə, bə'zən də
nazik paltarından keçib, bədəninə dolduqca ufuldanırdı.
Atın döşünə çıxan topa qanqallar
bu dilsiz-ağızsız insanı döyəcləyirdi.
Artıq ay batmışdı. Kəndin və çöllərin
üzərinə qatı qaranlıq çökmüşdü.
Elə bil hər şey daşa dönüb donmuşdu.
Nə ötən böcəklərin səsi eşidilir,
nə də bir az bundan əvvəl kəndə çaxnaşma
salan itlərin hürüşürdü. Həmişə
Kür tərəfdən əsən meh də dayanmışdı.
Sanki təbiət nəfəsini içəri çəkib
susur, çəmən otlarını, kolların yarpaqlarını
xışıldadıb, mürgüləyən kəndi
oyadacağından ehtiyat edirdi. Cahandar ağanın qəlbinə
çökən dəhşətli qara fikirlərdən
də qatı bir qaranlıq ətrafı çulğalamışdı.
İri qanqal topası Şahnigarın düz gözünün
altına dəydi. Arvad özünü saxlaya biləyib
qışqırdı. Əlləri ilə gözünü
tutub atın dırnağının dibinə çökdü.
Qəmər fınxırıb yüyəni daha bərkdən
çeynədi. Yalnız bu zaman Cahandar ağa fikirdən
ayılıb, atın başını çəkdi.
Şallaq yenə havada şaqqıldadı.
Getdikcə qanqal və sirkən xışıltısı
azaldı. Nəhayət araba yolunun narın və yumşaq
tozu atın ayağının altında tappıldadı.
Şahnigar yüngül nəfəs alıb irəlilədi.
O, qardaşının tərsliyini bildiyindən dinmirdi.
Nə göz yaşının, nə yalvarışın,
nə də ah-nalənin onu inadından döndərə
bilməyəcəyini, əksinə daha da höcətə
salacağını anlayan Şahnigar susur, bu işlərin
nə ilə qurtaracağını, yeganə qardaşının
onu haraya apardığını dəhşət və
səbirsizliklə gözləyirdi. Bir də o, qardaşına
nə deyə bilərdi? Axı Cahandar ağa vaxtında
ona xəbər vermişdi. "Bu müridlərə uyma" - demişdi.
Bəs Şahnigar ona niyə qulaq asmamışdı? Məgər
qardaş bacının pis gününü istəyərmi?
Onun adının ləkələnməsinə dözərmi?
"Hələ mənə bu da azdır. Lap gözümdən
boğazlanasıyam. Nahaq yerə ağlımı oğurladıb
sözə baxdım. İndi nə olsun? Kimin ağzını
bağlayacaqsan? Kimi başa salacaqsan ki, heç nə olmayıb.
Sabah bütün kənddə zurna çalmayacaqlarmı?
Yazıq qardaş, səni də dərdə saldım. İndi
bilirəm nələr çəkirsən? Mənim kimi bacını
allah yerə soxsun, vaxtında sözünə baxmadım.
Məni öldürsən də azdır. Onun üçü
deyiblər, böyüyün sözünə baxmayan
böyürə-böyürə qalar".
Hava avazıyırdı. Artıq yolun kənarındakı
otlar, iri ağaclar seçilirdi. Otların dibinə qısılıb
yatan quşlar oyanıb pırıltı ilə havaya
qalxır, torağaylar isə yolun ortası ilə dazıyıb
dil açırdılar. Orda-burda quşlar cikkildəşirdilər.
Olduqca sərin, adamın bədənini üşürgələndirməyə
başlayan meh əsməyə başladı. Şahnigar
sinəsi dolu nəfəs alıb irəli baxdı. Elə
bil qaranlıq zərif bir tül kimi yerin üzərindən
götürüldü. Silsilə təplərin zirvəsi
ağarışdı, üfüqdə əyri-üyrü
xətt cızıldı. Dan yerinə güclə seçilən
çəhrayı rəng çiləndi. Ətraf aydınlaşdı.
Bir az bundan əvvəl ayağının altınıbelə
görə bilməyən Şahnigarın gözü
qarşısında qıjıldayıb axan Kür
parıldadı. Sahildəki ulğun kolları xışıldadı.
Qaranlıqla bərabər onun ürəyinə çökmüş
qorxu da azaldı. Birdən onda dayanıb oyanan səhərin
nəğməsini dinləmək, üfüqlərin qızarmasına
doyunca tamaşa edib, axar suların şaxələnmiş
qollarına baxmaq arzusu doğdu. Artıq yolların sinəsi
ilə sürünüb, Kürün üstünə
doğru enən duman da göründü. Hər şey
aydınlaşırdı. Bəs o haraya gedirdi?
Bir anlığa bədəninə dolan tikanların ağrısını
unudan Şahnigar kürəyinin ortasını qızdıran
at nəfəsini hiss etdikdə səhərin gözəlliyini
unutdu. Onun gözlərində hər şey bir-birinə qarışıb
dumana büründü. Yenə qəlbinə qara qorxu çökdü.
Arvad nə qədər çalışdısa da, harada
olduqlarını müəyyənləşdirə bilmədi.
Deyəsən, kənddən çox uzaqlaşmışdılar.
Bəs Cahandar ağa niyə dinmirdi? Nə üçün
qamçını hərləyib onun bədənini tuluq-tuluq
etmirdi? Nə üçün bir-iki ağır söz
deyib bacısını söymür, onu doyunca danlamırdı?
Nə üçün ürəyini boşaltmırdı?
Axı, Şahnigar da cana doymuşdu. Xısın-xısın
ağlayıb ufuldamaqdan təngə gəlmişdi. O, başının
üstünü alan qara buludların birdəfəlik baş-başa
gəlib şaqqıldamasını, ildırım kimi
çaxıb guruldamasını istəyirdi. Qoy selləmə
yağış yağsın, nə olacaqsa, birdəfəlik
olub qurtarsın, göyün üzü açılsın.
Yoxsa bu məchulluqdan nə çıxar? Yoxsa...
Arvadı titrətmə götürdü. Birdən-birə
beyninə gələn fikirlər onu hürkütdü.
Qardaşının daş kimi lal-kar olması onu lap
vahimələndirdi. "Deyəsən, mənimki də bura qədər
imiş. Öldürməyə aparır. Yoxsa düz-dünyanı
niyə dolanır? Nə? Öldürmək?! Axı, niyə?!
Nə pis iş tutmuşam ki?! Sənin əlin məni, bircə
bacını öldürməyə qalxarmı, ay qardaş?
Doğrudur, suçum var, boynuma alıram, ancaq günahım
o qədər də böyük deyil. Vallah düz sözümdür,
o inandığımız haqqı yalan danışmıram.
Özün bilirsən ki, mən səni heç vaxt aldatmamışam.
Mən balacalıqdan hamıdan söz gizlətsəm də,
sənə ürəyimi açmışam. Axı biz
bacı-qardaşdan çox, sirdaş olmuşuq. Anam öləndə
məni sən saxladın. Onun iyini səndən almadımmı,
ay qardaş? Gecələr böyrünə qısılıb
yatdığım, burnumu kürəyinə söykəyib
səni qıdıqladığım yadından çıxıbmı,
ay qardaş? Bu saat da sənin bədəninin qoxusu burnumdan getməyib,
ay qardaş. Yüz adamın paltarının içində
sənin köynəyinin iyindən taparam. Sənə toy olanda
hamıdan çox sevinən mən olmadımmı? Gəlinimizi
gətirəndə hamıdan qabaq məndən soruşmadınmı
ki, yengən necədir, xoşuna gəlirmi? Mənə toy olanda
hamıdan çox qəmlənən sən olmadınmı?
Gəlin getməzdən əvvəl otağa girib üzümdən
duvağı açdığın, "ay şeytan, sənsiz
lap darıxacağam" - dediyin yadında deyilmi? Axı mən
o günü sənin doluxsunub yaşaran gözlərini
indi də unutmamışam. Heç nə, heç nə
mənim yadımdan çıxmayıb. Cehizimlə bərabər
məni bəzəkli arabaya mindirib, yola salanda da gözüm
səndə idi. Nə cıdıra çıxan atlıları,
nə ətrafımda hərlənən qızları, nə
qol açıb zurnaçıların qabağında
süzən gəlinləri görürdüm. Mənim
gözüm səndə idi. Eyvandaca boynunu büküb
durmuşdun, ay qardaş. Sən məndən ayrılmaq
istəmirdin. Əslinə baxsan, elə mən də sənin
kimi idim. Eldən arlanmasam, arabadan düşüb yanına
gələr, "gözlərinə qurban, ay qardaş, niyə
bikefsən, istəyirsən heç getməyim" - deyərdim.
Axı sən məni çox istəyirdin?! Yadındadırmı,
bir dəfə ərim məni döymüşdü. Kərənti
də düşüb ayağımı kəsmişdi.
Onda atlanıb gəldin, yazığın boğazını
üzürdün. "Mən bacıma əl qaldıranın
əlini kəsərəm", - dedin. Mən olmasam araya qan düşəcəkdi.
Heç kəsi eşitmədin. Yenə mənə, bacına
qulaq asdın. Onda bildim ki, məni lap çox istəyirsən.
Bəs indi nə olub ki, məni ödürmək fikrinə
düşmüsən? İnanmıram. Mənə əl
qaldırmazsan, ay qardaş!"
Şahnigar bir az ürəkləndi. Hətta qanrılıb
geri, alatoranda qardaşının üzünə baxmaq,
onun hirsinin soyuyub-soyumadığını bilmək, hər
şeyi necə olubsa söyləmək istədi. Ancaq at döşü
ilə vurub onu irəli itələdi. Arvad dinmədi. Yenə
ətəyi dolaşa-dolaşa irəlilədi.
Cahandar ağa isə fikrini cəmləşdirə bilmirdi.
Əslinə baxsan, o heç fikirləşmirdi. Elə bil
beyni, ürəyi keyimişdi. Bir yanını şaqqalayıb
kəssən də xəbəri olmazdı. Atın üstündə
necə oturduğunu, haraya getdiyini də bilmirdi. Gözünün
qabağında yalnız duman içində ağaran bacısı,
bir də Molla Sadığın qaba, iyrənc sifəti dururdu.
Dodaqları səyriyir, gözünün həlqələri
tez-tez dolub boşalırdı. O nə edəcəyini bilmirdi.
Şübhə ac qurd kimi sinəsini gəmirib parçalayırdı.
Nəfəsi darıxır, hava çatışmırmış
kimi tez-tez köksünü ötürürdü.
Ona elə gəlirdi ki, lap bu saat ürəyi partlayıb sinəsindən
bayıra çıxacaqdır. Yumruq boyda olan bu ət parçası
sıxıldıqca nəfəsi boğazına yığılıb,
oradaca düyünlənirdi.
Onun üçün bu dünyada hər şeydən əziz
təmiz adla yaşamaq idi. "Kişi ki adamların gözünün
içinə şax baxa bilmədi, ölsə yaxşıdır.
Gözükölgəli ömür sürməkdənsə,
arvad kimi ləçək bağlamaq, mə'rəkə içinə
çıxmamaq məsləhətdir. Beş gün yaşa,
amma gözükölgəli olma. Bu dünyada təmiz
ad saxlamaq çox çətindi. Adına söz deyildimi,
qurtardı. Ondan sonra nə qədər çalışsan
da, ləkəni təmizləyə bilməyəcəksən.
Dilləri kəsmək, deiylən sözləri geri qaytarmaq
ki mümkün deyil". Cahandar ağa həmişə belə
düşünürdü. O hər şeydən çox
şübhədən qorxurdu. Elə ona görə də
qohumlarına dönə-dönə tapşırırdı
ki, "çalışın adınıza söz çıxmasın.
Mənim ürəyimə bir balaca xal düşsə, özünüzdən
küsün". İndi onun qorxduğu iş başına
gəlmişdi. Bacısı onun adını batırmışdı.
Necə deyərlər, papağını yerə soxmuşdu.
Müridlərin meyxanasına getmişdi. Molla Sadığın,
ya da başqa müridin əli ona dəymişdi. "Bəlkə
də ona heç nə olmayıb, tərtəmizjir. Amma kimi
inanadıracaqsan? Bundan sonra mən camaat arasına necə
çıxacam? Başıma papaq qoyub necə gəzəcəm?
Mə'rəkədə oturub necə söhbət edəcəm?
Üzümə deməsələr də, arxamca rişxənd
edib, atamın goruna söyməyəcəklərmi? Kişilikdən
dəm vurur, namusdan danışır, amma bacısından
xəbəri yoxdur, müridlərin dınqırına
süzür, - deməyəcəklərmi? Bundan sonra hər
baxış, hər mə'nalı gülüş məni
şübhəyə salmayacaqmı? Kaş sən heç
yaranmayaydın? İndi mən nə edim? Dərdimi kimə
açım?"
O, atın başını döndərib sahilə endi.
Kür köpüklənmişdi. Boz-bulanıq sular yerindəcə
çalxalanıb qumları yalayırdı. Cələdəki
kolların, yarğanların dibi ilə qatarlaşan qalın
ulğunların, otların üstünə şeh
düşmüşdü. Quşlar artıq oyanmışdı.
Hardasa, ağacların budaqları arasında gizlənmiş
bir bülbül səhərin açılmasına sevindiyindənmi,
yoxsa ürəyindəki kədərin tə'sirindənmi, nədənsə
cəh-cəh vururdu. Onun səsi budaqdan-budağa düşüb
yarğanda cingildəyirdi. Kürün üzərinə
çökmüş duman da yavaş-yavaş geri çəkilirdi.
Cığırlara şeh qonmuşdu. O yenə dinmirdi.
Bacısını qabağına salıb, cığırla
cələnin içərilərinə gedirdi.
Şahnigar taqətdən düşmüşdü.
Ayaqqabısının dabanı qopmuş, əynindəki
paltar didik-didik olmuşdu. Bədənində salamat yer qalmamışdı.
O yerimir, güclə sürünürdü. Qardaşının
heç olmasa insafa gəlib dayanmasını gözləyirdi.
Cığır isə qol-budağı bir-birinə çarpazlaşmış
iri ağacların arası ilə qıvrılıb
daha da qalınlığa gedirdi. Meşənin qatı
kblgəsi elə bil səhərin açılmasını
bir az da ləngitmək, ağacların mürgüləməsinə
mane olan səhər mehinin qarşısını almaq,
yarpaqların xışıldayıb quşları
oyatmasına imkan vermək istəmirdi. Amma gözlənilməyən
qonaqların ayaq tappıltısı, at fınxırtısı
bu sükutu pozurdu. Quşlar şırıltı ilə
ora-bura uçurdular.
Cığır iri bir palıdın ətrafına
dolanıb açıqlığa çıxanda Şahnigar
dayandı. Kürün ayrılan bir qolu yolu kəsmişdi.
İrəli getmək mümkün deyildi. O bir qarşıdakı
suya, bir də dönüb atın üstündə dayanan
qardaşına baxdı. Cahandar ağanın gözü
qan çanağına dönmüşdü. O buna
pis mə'na vermədi. "Bacın ölsün, ay qardaş,
səni də yuxusuz qoydum", - deyə xəyalından keçirdi.
Cahandar ağa da atın başını çəkib
dayandı. Yüngülcə sıçrayıb yerə
düşdü. Qəməri çidarlayıb otluğa
buraxdı. Özü isə suya yaxınlaşdı.
Bir xeyli xırdaca ləpələrə, sonra da üfüqdən
baş qaldıran günəşə baxdı. Göyün
üzü tərtəmiz idi. Meşənin üstünə
elə bil su çilənmişdi. Ağacların yarpaqlarından
süzülən və lap ucda yumrulanıb dayanan şeh
damcıları parıldayırdı. Havaya nəm xəzəl
qoxusu hopmuşdu.
O əyilib üzünə bir-iki ovuc su çırpdı.
Yalnız bundan sonra dönüb bacısına baxdı.
Yenicə çırtlayan günəşin maili şüaları
yarpaqların arasından süzülüb, Şahnigarın
üstünə düşmüşdü. Onun donu
cırıq-cırıq olmuşdu. Qoftasının
qolu çiynindən üzülüb sallanmışdı.
Ağ bədənində qara zolaqlar görünürdü.
Pırpızlanmış saçına və hörüklərinin
ucuna pıtırğan yapışmışdı.
Gözünün altı göyərmişdi. Sinəsi
açıq idi. Donunun ətəyi şehə batmışdı.
Qolları və cırıq paltarından görünən
dizləri al qana boyanmışdı. Ayaq üstə güclə
dayanırdı. Şahnigar ağlamamaq üçün
dodağını çeynəsə də olmur, yaş
sel kimi axıb yanaqlarından süzülürdü.
Cahandar ağa bacısının məzəmmət və
yalvarışla dolu gözlərindəki məzlumluğu,
imdad istəyən bir adamın iztirabını duyanda kövrəldi.
Bir-iki dəfə udqunub, gözünün həlqələrini
dolduran yaşı geri qaytardı. Hönkürtü
ilə ağlayacağından qorxub, üzünü
yana çevirdi. Şahnigarın dodağını çeynəyib
səssizcə ağlaması, hıçqırığını
boğub titrəməsi onun xəyalını uzaqlara apardı.
Bacısının balacalığını gözünün
qabağına gətirdi. Şahnigar uşaq vaxtı
da təqsiri olanda beləcə səssizcə ağlayırdı.
Arvadın görkəmi onu sarsıtdı. Bir anlığa
hər şeyi unutdu. Uşaqlıqda olduğu kimi qanadlanıb
boynunu qucaqlamağa hazırlaşan və balaca bir işarə
gözləyən bacısını bağrına
basmaq istədi. Hər şey tükdən asılı
idi. Bunu hiss edən Şahnigar bir-iki addım irəli gəldi.
Amma Cahandar ağa cəld geri döndü. Onun qan sağılmış
gözləri bacısının üzünə zilləndi.
İri qıllı qaşları birləşib aşağı
endi:
- Əl-üzünü yu!
Şahnigarın qolları yanına düşdü.
Qıllı qaşlar altında mağaraya çəkilmiş
yaralı və qəzəbli pələng kimi ona baxan gözlərin
zəhmindən sarsıldı. Bir an bundan əvvəl ona
təsəlli verən, həlqəsi yaşla dolub-boşalan
nəmli gözlər əvəzinə, qardaşının
qan çanağına dönmüş bəbəklərini
görəndə bütün ümidləri alt-üst
oldu. Ürkək addımlarla suya yaxınlaşdı.
Səksəkəli də olsa sahildə dayanıb, kolların
arasından boylanan günəşə, alışıb-yanan
Kürə baxdı. Meşə çıraqban kimi parıldayırdı.
Ala-bəzək qızlar quşu dəstə ilə havaya
qalxıb adaların üstü ilə uçur, bə'zən
də çiləkənlərin ətrafında fırlanırdı.
Onların səsi şırıldayıb, axan suların
zümzüməsinə qarışmışdı.
Şahnigar cələni ortadan yarıb otları yalaya-yalaya
axan suyun kənarında çöməltmə oturdu. Əlini
şıltaq ləpələrə uzatdı. Bir xeyli beləcə
dayanıb nə edəcəyini bilmədi. Doğrudanmı
üzünü yusun? Bu uzun yolu bircə kəlmə də
danışmayan qardaşı nə üçün
ona belə bir əmr vermişdi? Bu nə demək idi? Şahnigarın
gözü dalda idi. Sümüyü çaxnaşan
arvadın kürəyi gizildəyirdi. O ehtiyatla, qardaşına
sezdirmədən geri baxdı. Cahandar ağanın qutu çıxardıb
papiros eşdiyini görəndə ürəyi rahatlandı.
Əlini suya saldı. Barmaqlarının arasına və
qoluna dolan sarı tikanların yeri göynədisə də,
bədəninə sərinlik yayıldı. Elə bil dizlərinin
ağrısı da azaldı. Şahnigar yüngülləşən
kimi oldu. "Bacın ölsün, ay qardaş, sənciyəzi
əldən saldım", - deyə ürəyindən keçirdi.
Meşə oyanmışdı. Bayaqkı bülbül
yenə şaqqıldayırdı. Ayağı çidarlı
Qəmər isə fınxıra-fınxıra göy
otu xımırtladırdı. Tüstünü ciyərlərinə
çəkib acgözlüklə papiros sümürən
Cahandar ağanın gözləri əl-üzünü
yuyan bacısından başqa heç nə görmürdü.
Hər şey dumana bürünmüş kimi bir-birinə
qarışmışdı. "Bəlkə elə indi...
heç özünün də xəbəri olmadan..." -
deyə düşünən Cahandar ağa tüfəngi
hərlədi.
Lap yaxından bir quş qalxdı. Günəşin zərrələri
altında sinəsi və kiçik qanadları parıldayan
quşcuğaz havalanmış kimi süzüb bir-iki
dəfə mayallaq vurdu. Şahnigar ixtiyarsız olaraq əlini
gözünün üstünə qoyub ayağa qalxdı:
mavi ənginliklərə doğru baş alıb gedən
quşu gözdən itirməməyə çalışdı.
Birdən hardansa peyda olan ley onun üstünə cumdu. Yazıq
quş tərpənə bilmədi. Havada lələklər
oynadı. Şahnigar ağzını açıb
qışqırmaq istədi. Ancaq nəfəsini çəkə
bilmədi. Meşə uğuldayıb şaqqıldadı.
Kürəyinin arası od tutub yandı. Nə üçün
gözündən tüstü çıxdığını,
başı gicəllənib səndələdiyini bilmədi.
Yıxılmamaq üçün suyun kənarındakı
balaca ulğun kolundan yapışdı. Qanrılıb
geri, qardaşına baxdı. Bir an, yalnız bircə an
onların gözləri bir-birinə sancıldı. Şahnigarın
sifətində gülüşdən çox məzəmməti
andıran bir təbəssüm oynadı. Gözlər
süzüldü. "Qurban olum, ay qağa, məni niyə..."
Cahandar ağa bu sözləri güclə eşitdi. Şahnigarın
təngildəyib fırlandığını və
kökündən kəsilmiş ağac kimi göy otların
üzərinə sərildiyini görmədi. Onun gözləri
torlanmışdı. Yaş bəbəklərini qapamışdı.
Bacısının son anda üzünə zillənmiş
lal baxışı - durğun göl kimi sakit dayanan
iri qumral gözləri, sifətindəki məzəmmət
dolu təbəssüm beynində əbədi həkk olunmuşdu.
Onun dodaqları titrəyə-titrəyə dediyi son sözlərdən
başqa qulağı heç nə eşitmirdi. Cahandar
ağa bir-iki addım qabağa gəlib, yerə sərilmiş
Şahnigarın yanında dayandı. Bəbəklərini
torlandıran yaş yanaqları aşağı süzüldü.
Elə bil onun gözünün qabağından tor götürüldü:
hər şey aydınlaşdı. Bacısı şehli
otların arasında arxası üstə uzanmışdı.
Yaxası açıq idi. Sinəsinin ortasından axan qan
buğlanırdı. Dodağı azca aralanmışdı.
Nazik qaşlarının ucu aşağı əyilmişdi.
Elə bil burun pərələri titrəyirdi. Cahandar ağa
ilk dəfə görürmüş kimi bacısını
diqqətlə süzdü. Onun xəyalı allandı.
Ona elə gəldi ki, qarşısındakı Şahnigar
yox, anasıdır. Qız nə qədər də ona oxşayırmış!
Kişi diz çökdü. Bacısının geniş
açılmış bəbəklərində əyilib
ovunu parçalamaq istəyən heybətli bir sifət gördü.
Qıllı papaqlı, qıllı qaşlı, iri
həbəşi dodaqlı bir adam onun özünə
də yad gəldi. Birdən-birə hələ istisi soyumamış
cəsədin üstünə sərilib hönkürdü.
Quşlar yenə oxuyurdular. Bayaqkı bülbül daha
bərkdən cikkildəyirdi. Ağacların yarpaqları
arasından süzülüb düşən səhər
günəşinin maili şüalarında çimən
sular heç nə olmamış kimi şırıltı
ilə axıb gedirdi. Üfüq qan rənginə boyanmışdı.
Kürün suları da qızarmışdı. Hər
şey öz ahəngində idi. Yalnız sahibinin ağzı
üstə döşənib inildədiyini duyan kəhər
ayağı ilə yeri eşir, haray salıb köməyə
adam çağırırmış kimi bərkdən
kişnəyirdi.