İSMAYIL ŞIXLI
DƏLİ KÜR
BİRİNCİ HİSSƏ
Göytəpə kəndinin yastı qazma daxmaları Kürün
sahilinə qədər səpələnmişdi. Bu il yağarlıq
olduğundan, otlar vaxtından əvvəl göyərmiş,
yazın ilıq nəfəsini duyandan sonra isə püskürüb
qalxmışdı. Hələ aprel sona çatmamış
bu çal-çəpərsiz kəndin həyətləri,
xırman yerləri, tövlə samanlıqların üstü,
hətta evlərin damları da yaşıllaşmışdı.
Həyətləri birləşdirib torpaq yola çıxan,
sonra da sahildəki çəmənliyi çalın-çarpaz
doğrayıb Kürə enən cığırları
ot basmış, kəndin üst tərəfindəki təpələrin
rəngi dəyişmişdi. İl quraqlıq keçəndə,
bahar gəlməmiş saralıb-solan dəmyələr bu
il gül-çiçəyə qərq olmuşdu. Yalnız
kəndin yaxınından ötüb Tiflisə doğru
uzanan xır yolu əvvəlki kimi ağarır, bə'zi
yerlərdə daşların arasından ot cücərsə
də təbiətin bu ümumi ahənginə tabe olmaq istəmir,
dərəli-təpəli yamacları aşıb üfiqdə
gözdən itirdi. Hər şey əvvəlki kimi idi. Həyət-bacalarda
ocaq tüstülənir, mallar haylanıb Kürə tökülür,
qız-gəlinlər suya enirdilər. Haçaquyruq qaranquşlar
süzüb sinələrini çiçəklərə
toxundurur, Kürə baş vurub su götürür,
sonra da civildəşə-civildəşə balalarının
yanına qayıdırdılar. Torpaqdan güclə seçilən
qara damların arasında təkəmseyrək gözə
dəyən daş evlərin kirəmitli damındakı
sığırçınlar yenə əvvəlki kimi
dimdiklərini şaqqıldadıb oxuyurdular.
Zərnigar xanım bunların heç birini görmürdü.
O, başını göy məhəccərli eyvanın
dirəyinə söykəyib için-için ağlayırdı.
Tez-tez kələğayısının ucu ilə gözünün
yaşını silir, "mən bu dərdə necə dözüm,
kimdən imdad istəyim?" - deyə inildəyirdi.
Havada süzən iri bir çalağanın kölgəsi
çəpərin üstündən aşıb, həyətin
ortası ilə tövləyə doğru sürünürdü.
Zəncirdəki itlər dartınıb mırıldaşırdılar.
Toyuq-cücə qorxudan samanlığa dolmuşdu. Zərnigar
xanım bunların heç birinə fikir vermədi, kələğayısını
düzəldib eyvandan endi, cığırla sahilə doğru
addımladı.
Gün xeyli qalxmışdı. Axşamdan kəndin üstünə
çökən duman çəkilmiş, səhərə
yaxın yağış çiləmişdi. Torpaq yolların
və cığırların tozu xal-xal olmuşdu. Çəmənliyin
şehi parıldayırdı. Kürün ləpədöyənindən
bir az aralı, çaylaqda qaynar asmışdılar. Tumançaq
uşaqlar yarğanın dibi ilə qaçışırdılar.
Camışların haylayıb suya tökən cavanların
hay-küyü sıldırım qayalarda əks edir,
bu yarğanların ovuqlarındakı quşlar hürküşüb
bölük-bölük havaya qalxırdılar. Lakin
Zərnigar xanım heç nəyə fikir vermirdi. Bütün
gecəni yatmayıb səhərəcən ağladığından
arvadın gözləri şişmiş, kirpikləri
bir-birinə yapışmış, göz yaşı
quruyub, müşəmbə kimi yanağında qalmışdı.
Qulaqları güyüldəyirdi. O hara getdiyini bilmirdi. Öz
evindən baş götürüb uzaqlaşmaq, bir anlığa
da olsa dərdini unutmaq istəyirdi. Ancaq bacarmırdı. Dil
desə də ürək razı olmur, ayaqları sözünə
baxmayıb sürünürdü. Zərnigar xanım
özü də hiss etmədən gəlib yarğanın
qaşına çatdı. Qarşısındakı
uçurumu, ayağının altındakı yarıq-yarıq
olmuş torpağı görmədi. Əgər bir az
irəlidə yarğan gurultu ilə uçmasaydı, o, ayaq
saxlamayacaq, bəlkə də torpağa qarışıb
birbaşa Kürə düşəcəkdi. Gurultunu eşidən
kimi qeyri-ixtiyari geri çəkildi, toz yatandan sonra isə uçurumun
dibi ilə axan qıjıltılı boz-bulanıq suya
dəhşətlə baxdı. "Bir parça çörəyim
ovsanata keçdi. Yoxsa balalarım yetim qalacaqdı", - deyə
salamat qurtardığına şükür elədi.
Bu hal uzun sürmədi. O yenidən gözünü Kürə
zillədi. O taydakı qalın meşənin ətəyini,
boz qumsallığı yalaya-yalaya axan, bə'zi yerlərdə
isə burulub, kolları araya alan Kür şaxələnib
qollara ayrılır, balaca adaların ətrafında fırlanıb
bəri üzə, hündür yarğanların üstünə
cumurdu. Sular torpağı yalayıb geri çəkilir,
lilənə-lillənə uzaqlara gedirdi. Yarğanın dibi
görünmürdü. Oraya düşənin heç
sümüyü də ələ gəlməzdi. Zərnigar
xanım ehtiyatla yarğana yaxınlaşdı. Bəlkə
birdəfəlik özünü atsın? İkicə
addım qabağa getsə, torpaq ayağı altından
ovxalanıb töküləcək, uçuruma necə düşdüyündən
özünün də xəbəri olmayacaqdı. Bəs
sonra? Eşidən-bilən nə deyər?
Bu fikirlər Zərnigar xanımı dəhşətə
gətirdi. Bədəni üyüşdü. Suyun soyuq
havası üzündə hiss edib geri çəkildi. İxtiyarsız
olaraq dönüb evlərinə baxdı. Ətrafına
ulğun kollarından hündür çəpər çəkilmiş
birmərtəbə daş evin pəncərə şüşələri
səhər günəşinin şəfəqlərini
əks etdirib parıldayırdı. Darvaza açıq
idi. Eyvanın məhəccərindəki naxışlı
taxtalar, mavi rəngli dirəklər, göy qapılar, üstündə
bir cüt qabaq-qarşı xoruz çəkilmiş divar,
bir az o yandakı samanlıq, çardağının
üstündə ilanyalı ot tayası yığılmış
tövlə, həyətdə eşələnən toyuq-cücə
aydınca görünürdü. Axı bunların
çoxunu o özü düzəltmişdi. O buraya gəlin
gələndə ərinin var-dövləti olsa da, əməlli-başlı
bir otağı da yox idi. Bunların hamısında onun,
Zərnigar xanımın əməyi vardı.
O özünə toxtaxlıq verdi. Heç yana getməməyi,
əksinə, onun yurduna su salmaq istəyəni evdən qovmağı
qərara aldı. Yarğanın kənarında oturub oğlunu
gözləyəsi oldu. "Şamxal bu işləri belə
qoymaz, - deyə özünə təsəlli verdi. - Harada
olsa gəlib çıxacaq. Kimin anasının mələr
qaldığını onda görərik..."
***
... Kürün o tayında, hündür qovaqların
seyrəlib ulğunluğun başladığı yerdə
beş-altı qaraltı görünürdü. Zərnigar
xanım dikəldi. Əlini gözünün üstünə
qoyub diqqətlə baxdı. Gələnlərin, yuxarıdan
salıb, suyun axarı ilə bəri üzə keçmək
istədiklərini anladı. arvadın ürəyi atlandı.
Oğlu Şamxalın da orada olduğunu yəqin etdi. Qaraltılar
bir-bir atılıb qayığa mindilər. Sahildən
aralanan kimi kürəyi işə saldılar. Çəpin
təkanı ilə şütüyən uzun qayıq
ləpələri yara-yara irəlilədi. Onlar çayın
ortasına yaxınlaşdılar. Arvad oğlunu tanıdı.
Şamxal qabaqda oturub kürək çəkirdi. Kürün
suyu bulanmışdı. Yəqin yuxarılara yağmışdı.
Qayıqdakılar nə qədər çalışsalar
da, istiqaməti düz götürə bilmir, su qayığı
əyirdi.
Zərnigar xanım qayığın suyun axarı ilə
gedib, çiləkənə çırpılacağından
qorxdu. Ancaq əbəs yerə həyəcan keçirirdi. Çəpin
güclü təkanı qayığı suyun axarından
çıxartdı. Onlar bəri üzə şütüdülər.
Zərnigar xanım əllərini yanına salıb dərindən
nəfəs aldı. Qayıq sahilə yanaşdı, burnu
xırdaca daşları şaqqıldatdı. Şamxal
quş kimi sıçrayıb kənara atıldı.
Təkandan silkələnən ləngərlədi və sahildən
aralandı. Şamxal əlindəki heybəni çiyninə
atdı. Kərəntiyə dirənib suvadağı çıxdı.
Qayığı suyun axarına buraxıb yarğanın
dibi ilə gedən yoldaşlarının arxasınca baxdı.
Onlar bir az aşağıdan, kəndin ucqarındakı
qazmaların bərabərindən sahilə çıxacaqdılar.
Şamxal üst-başını çırpıb,
kəmərini daraltdı. Gümüş dəstəkli
kəmərini yana çəkdi. Kərəntini çiyninə
alıb, pəncərəsi Kürə baxan evlərinin qənşərindəki
cığırla asta-asta yuxarı qalxdı. Zərnigar
xanım oğlunun qabağına gəldi. Ana-oğul
dikdirdə qabaqlaşdılar. Şamxal anasını
gözüyaşlı görüb evdə bədbəxt
bir hadisə baş verdiyini zənn etdi. Yoxsa arvad bircə gecənin
içində bu qədər qocalıb, yumaq kimi büzüşməzdi.
Onun beli də bükülmüşdi.Zərnigar xanım
yaman günə düşmüşdü.
Şamxal anasına yaxınlaşdı. Qolundan tutub,
diqqətlə üzünə baxdı:
- Yenə nə olub, niyə gözünün on yerindən
ələyirsən?
Arvad daha da kövrəldi. Önlüyünün ətəyi
ilə gözlərini silib, hikkəsindən boğula-boğula:
- Gördünmü, ay bala, - dedi, - atan mənim başıma
nə oyun açdı?
Şamxal bir az sakitləşdi. Hətta ürəyində
anasını yamanlad da. Onun kərənti çəkib, ot
çalmaqdan qolları gizildəyirdi. Bu saat doyunca yemək,
qılçalarını uzadıb, əzalarının
sızıltısı kəsincəyədək uzanmaq,
rahat nəfəs almaq istəyirdi. Anası isə səhər-səhər
onu vay-şivənlə qarşılayırdı.
O, anasının yanından sakitcə ötüb qabağa
keçdi. Zərnigar xanım uzun donunun ətəyi ilə
gözlərini silə-silə Şamxalın arxasınca
cığıra düşdü və oğlunun
enli kürəyinə yapışmış tərli
köynəyinə, belindəki sallamalı kəmərinə,
Kürdən keçəndə islanmış zər baftalı
dolağına, suya batmış quşburun çarığına
baxdı. Belə bir oğulun onu darda qoymayacağını
yəqin edib, özünə toxtaqlıq verdi. Şamxal
isə iki yanını basa-basa gedir, yeridikcə çiynindəki
kərənti sağa-sola ləngər vururdu. Kərəntinin
ovxarlanmış və ora-burasında yaşıl ot
qırıntıları ilişib qalmış iti
ağzı parıldayırdı. Şamxalın üst-başından
təzəcə çalınmış ot iyi gəlirdi.
Zərnigar xanım yenidən kövrəldi. Anasının
bu halı Şamxalı darıxdırdı. "Görəsən
yenə nə olub? Bu zalım qızının da göz
yaşı ovcunun içindədir. Bir şey olan kimi gözünü
yumub tökür" - deyə öz-özünə düşündü.
Oğlunun gəlişindən sonra həm ürəklənən,
həm də kövrələn Zərnigar xanım yenidən
dilləndi:
- Mənim hayıfımı ondan almasan, südümü
sənə halal eləmərəm, oğul. Qiyamətəcən
ahu-naləm səni yandırar, bala!
Şamxalın səbri tükəndi. Cəld geri dönüb
anasının üstünə qışqırdı:
- Bəs deyilmi, səhər-səhər nə çərənləyirsən?
- Belə, atan ölmüş təzə eşqə düşüb,
ay bala. - Zərnigar xanım göz yaşına ara verib
səsini ucaltdı. - Bizi el içində biabır edib. Heç
ərlik-boyluq qızı olan, sənin kimi oğul böyüdən
kişi də belə iş tutarmı?
Şamxal dinmədi. O, bu cür sözləri birinci dəfə
eşitmirdi. Atası hər dəfə bir yana gedəndə,
toydan-mağardan qayıdanda evdə belə söhbətlər
olurdu. Anası həmişə kişinin üstünə
düşüb dava-dalaş salar, ağlayıb-sızlayar,
sonra da sakitləşərdi.
Şamxal həyətə girdi. Xalxalın yanından ötüb
çardağa yaxınlaşdı. Kərəntini dirəkdən
asdı. Heybəni çiynindən götürdü.
Üstünə boz kilim salınmış taxtda oturub,
əlini çarığın bağına uzatdı.
Oğlunun sakitcə əyləşib, çarıqlarını
və corabını soyunmaq istədiyini görən Zərnigar
xanım irəli gəldi, əllərini belinə qoyub Şamxalın
qabağında dayandı.
- Deyəsən, mənii dediklərimi qulaqardına vurursan?
atan ölmüşün tərəfini saxlayırsan?
Yoxsa inanmırsan, hə? Gəl, yaxın gəl, gör
atan sənə nə yaxşı ana gətirib? Hər yanı
bir gəmi boyda. Yeriyəndə yarım-yarım yırğalanır.
Gəl, yaxın gəl, tamaşa elə!..
Zərnigar xanım oğlunun əlindən yapışıb
çəkə-çəkə ağ daşdan tikilmiş
imarətə doğru apardı. Şamxal anasının
hirsindən əsdiyini görüb, bu dəfə dinməz-söyləməz
onun ardınca astanaya qədər gəldi. Arvad təpiklə
vurub qapını taybatay açdı. İçəridə
taxtın üstündə büzüşüb oturan
gəlini göstərdi:
- İndi gördünmü tə'rifli atan nə iş
tutub? Xalqın halal-kamal kəbinli arvadını gətirib
mindirib mənim boynuma! - O saçını yolub üzünü
cırmağa, şappıltı ilə dizlərini döyməyə
başladı. - Haradasan, ay gözü tökülmüş
tanrı, bu zülmü niyə götürürsən?!
Anasının fəryadı bu dəfə Şamxala yaman
tə'sir etdi. Doğrudan da atası nə iş tutmuşdu?
Oğluna toy eləyib gəlin gətirmək əvəzinə,
özü eşqə düşmüşdü?
"Yaxşı, deyək ki, atam kişidi, gözü qızışıb,
bəs bu nə üçün evini-eşiyini buraxıb
arvad üstünə gəlib?!"
Şamxalın rəngi qaçdı. Yenicə uzatdığı
bığlarının ucunu ağzına salıb
çeynəməyə başladı. Bayaqdan qorxu içində,
küncə qısılıb titrəyə-titrəyə
qardaşının hərəkətlərinə göz
qoyan Salatın özünü Şamxalın üstünə
saldı, əllərini tutub yalvardı:
- Qurbanın olum, ay qağa, evimizə qan salma. Amanın
bir günüdü, əlini qana bulama!
Şamxal bacısını itələyib bir kənara
yıxdı. Əlini sallamalı kəmərindən asdığı
xəncərin gümüş dəstəyinə yetirdi.
Salatın yenə özünü qardaşının
üstünə saldı.
- Dərdin alım, ay qağa, farağat dur. Başına
dönüm, evimizi yıxma. Amanın bir günüdü,
bizi yazıq eləmə. Dədəm hamımızı
tikə-tikə doğrayar.
Qızının dizin-dizin sürünüb əl
çəkmədiyini görən Zərnigar xanım:
- Bircə belə dur, gədənin əl-ayağına dolaşma,
- deyə Salatının hörüklərindən tutub
dartışdırdı. - Qoy bu həyasız köpək
qızını tikə-tikə doğrasın. Onun ovuc-ovuc
qanını içəcəm. Qoy bilsin ki, qızışıb
adam üstünə gəlməyin axırı necə
olur.
- Ana, oğlun, qızın var, günahsız qana bais
olma.
- Nə, günahsız?! - Zərnigar xanım elə qışqırdı
ki, Salatın özünü itirdi.
Gəlin yavaşca ayağa durdu. Onun ətli sinəsi yavaşca
qalxıb endi. Dodaqları səyridi. Əlini xəncərin
dəstəyindən çəkməyən Şamxal onun yalın
ayağına, topuğuna enən gen, beli büzməli
qırçın donuna, sürüşüb çiyninə
düşmüş nimdaş kələğayısına,
qulağındakı yumru sırğaya, tən ortadan
ayırdığı qara saçlarına, qoftasının
yaxasını didişdirən titrək barmaqlarına
baxdı. Gəlinin iri qonur gözləri yaşarmışdı.
Şamxal qorxusundan uçum-uçum uçunan bu gəlinin
öz tərəflərindən olmadığını
dərhal bildi. Görünür, atası onu haradansa, Kürün
aşağısındakı uzaq kəndlərin birindən
gətirmişdi. Gəlinin gözəlliyi Şamxalı
yumşaltdı. Onun qolları boşaldı. Bunu hiss
edən Zərnigar xanım oğlunun üstünə
qışqırdı:
- Hə, niyə durdun? Yoxsa, bu cindar köpək qızının
qaş-gözü sənin də ağlını başından
aldı? Atan kimi sən də suyuldun? Bu saat onun saçını
biləyinə dolayıb sürüməsən, kişi
deyilsən! Di tez ol!
Ani olaraq fikrə gedən Şamxal anasının sözlərindən
sonra gəlinə yaxınlaşdı.
- Dur, şələ-küləni yığışdır,
rədd ol buradan! - Yolun altı ilə gəlibsən, üstü
ilə qayıt xarabana!
Gəlin sapsarı saralsa da, özünü sındırmadı.
Gözünü qırpmadan qarşısında dayanan
ucaboy oğlanın sarışın sifətinə baxdı.
Onun qanı qaçmış dodaqları aralandı:
- Məni sən gətirməyibsən ki, evdən qovursan?
Gəlinin belə sakit, təmkinli cavabı Şamxalın
qulaqlarında ildırım kimi şaqqıldadı.
Ev başına dolandı, yer ayağının altından
qaçdı. Üzünə isti qan vurdu, qulaqları
güyüldədi. Anasının səsini güclə
eşitdi:
- Gördün bu çərhəya, qızışmış
köpək qızını? Sənə demədimmi bir
az da burada qalsa başımıza minəcək? Ədə,
sal ayağının altına, sürü bu itin balasını!
Hirsindən rəngi ağarmış Şamxal gəlinin
üstünə yeriyib boğuq səslə qışqırdı:
- Bu saat rədd ol burdan, yoxsa bağırsaqlarını
ayağına dolayaram!
Gəlin gözünü də qırpmadı.
- Qeyrətli kişi qadına əl qaldırmaz. Hünərin
varsa, get atanla haqq-hesab çək!
Artıq Şamxal dözə bilmədi. Gicgahlarındakı
damarlar gömgöy göyərib şişdi, az qaldı
ki partlasın. O, ayaqlarına döşənib sürünən
bacısının üstündən keçib irəli
şığıdı. Gəlinin saçını
biləyinə dolayıb yerə yıxdı. Təpiyinin
altına salıb döyəclədi...
Arvadların qışqırtısı bir-birinə
qarışdığından, ovdan qayıdan Cahandar
ağanın həyətə girdiyini heç kəs görmədi.
Gözünü qan örtmüş Şamxal isə
getdikcə qızışır, gəlini sürüyüb
evdən bayıra atmaq istəyirdi. Birdən gəlin var gücünü
toplayıb ayağa durdu. Qabarıq sinəsini irəli verub
Şamxalın üstünə qışqırdı:
- Vur, niyə durubsan? Əlin-ayağın niyə titrəyir,
arvadı öldürməyə nə var ki? Vur!
Şamxal xəncəri siyirdi. Polad tiyə havada parıldadı.
Ayağını üzəngidən yenicə çəkən
Cəhangir ağanın gözü pəncərəyə
sataşdı. Şamxalın xəncəri gəlinin başına
endirmək istədliyini gördüyü ilə tüfəngi
hərləməyi bir oldu. Güllə açıldı.
Pəncərənin şüşəsi cingilti ilə ətrafa
səpələndi. Şamxalın əlindəki xəncərin
polad tiyəsi iki bölünüb evin ortasına düşdü.
Bir anlığa hamı daş kimi donub qaldı. Artıq
ölümünü gözü qabağına
gətirən gəlin evin ortasında heykəl tək dayandı.
Zərnigar xanım əlləri üzündə dəhşət
içində quruyub qaldı. Salatının ürəyi
keçdi. Vəznəli çuxasının ətəyini
belinə sancmış Cahandar ağa ağır bədəninə
yaraşmayan bir çevikliklə atılıb içəri
keçdi və hələ də özünə gələ
bilməyən oğlunun üstünü aldı. Otağa
gur və zəhmli bir səs yayıldı:
- İtil burdan, küçük!
Şamxal bir əlindəki dəstəyə, bir də hələ
də lüləsindən tüstü çıxan tüfəngə
baxdı. Cahandar ağa oğlunun yaxasından yapışıb
qapıya tərəf itələdi. Hirsindən nə etdiyini
bilməyən Şamxal atasının qolundan tutub dartındı:
- Burax deyirəm sənə!
- Kəs səsini, qancığın balası!
- Ağzını təmiz saxla, dədə!
- Kəs səsini, qancıqdan süd əmən!
- Südümə söymə.
- Ə, qoduq, mənim üstümə şeşələnirsən?!
Cahandar ağa qolunu hərləyib oğluna bir şillə
çəkdi. Şamxal gözləmədiyi bu zərbədən
dik atılıb bir pişik cəldliyi ilə geri sıçradı.
Onun gözlərində qığılcım oynadı.
ata ilə oğul döyüşə hazırlaşan
buğalar kimi qabaq-qabağa dayandılar.
Başı az qala tavana dəyən, pəhləvan cüssəli
Cahandar ağanın qara sifəti tunc kimi bozardı, iri həbəşi
dodaqları titrədi, qalın, qıllı çatma
qaşlarının arası düyünləndi. O
az qala yerlə sürünən iri qollarını irəli
uzadıb oğluna doğru əyildi. Şamxal quzğun
kimi üstünə gələn atasından əvvəlcə
qorxdu. Onun nəzərində kişi getdikcə böyüdü
və nərildəyərək ov üstünə atılmağa
hazırlaşan heybətli bir pələngə döndü.
O gördü ki, atası iri pəncəli əlləri
ilə bu saat onu yaxalayacaq, sonra da qabarıq sinəsinin altına
salıb xurd-xəşil edəcəkdir. Lakin o özünü
ələ aldı və birdən atasının üstünə
atıldı.
Oğlunun qəfil hücumunu gözləməyən Cahandar
ağa tüfəngin qundağı ilə Şamxalın
sinəsindən vurub yerə sərdi. Sonra da təpiklə döyəcləməyə
başladı.
Zərnigar xanım özünü kişinin qabağına
atdı. Dili dolaşa-dolaşa yalvarmağa başladı:
- A kişi, ağlını başına yığ.
Ə, uşaqdan əl çək. Onda taqsır yoxdur, öldürürsənsə
məni öldür. Ayə, qurbanın olum vurma, yazığam,
evimi yıxma. - Ərinin sakitləşmək istəmədiyini
görəndə isə qarğamağa başladı:
- Əlin çürüsün, ona necə qıyırsan?
Qolun qurusun, uşaqdan əl çək! Ay allah, ay camaat, hardasınız,
qoymayın, balamı öldürdü!
Salatın yavaş-yavaş özünə gəldi.
Sürünüb atasının ayaqlarına döşəndi.
Üzünü torpağa sürtdü.
Bir göz qırpımında hadisədən çaşıb
qalan gəlin yerindən tərpənə bilmədi. Üst-başı
cırılıb, saçları üzünə dağılan
bu cavan qadın heyrətlə Cahandan ağaya baxırdı.
Kişi onun nəzərində getdikcə böyüyüb
dağa dönürdü. O, sehrlənmiş kimi yerindən
tərpənmir, əri olacaq bu adamdan gözünü çəkmirdi.
Lakin Şamxalın yumaq kimi evin ortasında fırlandığını,
hirsindən gözü ayağının altını
seçməyən Cahandar ağanınsa getdikcə qızışdığını
görəndə, elə bil yuxudan ayıldı. Gəlinin
bədənini üşütmə götürdü.
"Bəlkə kişi birdən uşağı xəsarət
etdi, ya da əlindən bir xəta çıxdı, evə
qan düşdü, onda necə olar? Bütün günahlar
mənim boynumda qalmazmı? Elə Cahandar ağanın özü
də sonradan, - qaradabansan, gələn kimi evimə qan saldın,
- deyə mənim üstümə atılmazmı? Yox,
mən qana bais ola bilmərəm".
O, irəli atılıb iri bədənini qabağa verdi.
Cahandar ağanın ağır yumruqları kürəyinə
dəysə də, diz çöküb kişinin ayaqlarını
qucaqladı:
- Bəsdir, ay insafsız, yazıqda tutar qalmadı. Onu yox,
mən başıbatmışı öldür ki,
biryolluq canım qurtarsın.
Cahandar ağa onun hönkürtüsünə baxmayıb,
yenə də oğlunun üstünə yeridi...
Nökərlər səs-küyə tökülüşüb
gəldilər. Kürün sahilində qaynar asmağa gedən
qulluqçulardan da özünü haraya yetirənlər
oldu. Tapdıq hamıdan qabaq gəldi. O gördü ki,
ağanın təzə arvadı kişinin ayağını
qucaqlayıb irəli buraxmır, Şamxal isə namusa boğulub
atasının qabağından qaçmaq istəmir. Bircə
an keçsə yenə hər şey təkrar olacaq, kişi
oğlunu təzədən yaxalayacaqdı. Tapdıq bir sıçrayışla
özünü araya saldı. Cahandar ağa onun enli kürəyinin
arxasında qalan Şamxalı görə bilmədi.
- Əl-ayağıma dolaşma!
- Ağa, ayıbdır, yoldan ötən, keçən
olar.
- Qabağımı kəsmə, deyirəm sənə!
- Ağa, səbrin olsun.
Tapdıq Cahandar ağanın başını qatdı.
O biri nökərlər isə Şamxalın dartınmasına
fikir vermədilər. Çəkə-çəkə onun çardağın
yanına apardılar. Papağını yerdən götürüb
tozunu çırpdılar, hələ də özünə
gəlməyən Şamxala verdilər. Eyvanda nərildəyib,
Şamxalın ardınca söyüş söyən
Cahandar ağanın gözündən birtəhər uzaqlaşdırdılar.
Hər şey bir-birinə qarışmışdı.
Toyuqlar qorxusundan tara çıxıb qaqqqıldaşırdılar.
Küllükdə eşələnən ana toyuq sirkanların
arasına dolub civildəşən balalarının başına
bir iş gələcəyini zənn edib, tüklərini
pırpızlaşdıraraq çığırırdı.
Hətta talvarın altına bağlanmış itlər
belə zəncirini dartıb qırmaq və hadisə yerinə
cummaq istəyirdilər...
2
Şamxal birbaş sahilə endi.
Göyün üzü tərtəmiz idi. Yalnız o
tayda, meşədən uzaqlarda, üfüqlə birləşmiş
kimi görünən boz dağların başı
üstündə topa-topa ağ buludlar dolaşırdı.
Laylanmış buludların qalın kölgələri
boz təpələrin, dərələrin üzərində
qanadını gərmiş bir nəhəng quş kimi
sürünürdü. Bu kölgələr uzanıb
bərilərə, meşənin ətəklərinə qədər
gəlirdi.
İndicə baş verən əhvalatın tə'sirindən
yaxasını qurtara bilməyən Şamxal yarğanın
kənarında oturdu.
Hündür boz təpələri yarım uçurumlara
çevirən Kür, meşənin yaxası boyu uzanıb
gedirdi. Tez-tez köpüklənib daşan, yaz aylarında
yatağına sığmayıb, gah sol sahildəki meşəyə
soxulan, gah da bəri üzdəki hündür yarğanları,
biçənəkləri, ulğunluqları yuyub aparan Kür
bu il daha coşğun idi. O, nəhəng palıd ağaclarını
kökündən qoparıb bir yumaq kimi bürmələyir,
özü ilə uzaqlara - aşağıdakı kəndlərin
bərabərinə qədər aparırdı.
Şamxal əlini gözünün üstünə
qoyub Kürün şaxələnmiş qollarına,
eninə-uzununa yayılan bu nəhəng çayın ortasındakı
xırdaca adalara tamaşa etdi. Həmin adaların bə'ziləri
zaman keçdikcə böyümüşdü. İlərdən
bəri suyun lilləndiyi bu adalarda balaca pöhrələr əmələ
gəlmiş, get-gedə qalınlaşıb meşəyə
dönmüşdü. Gecələr o taydan üzüb
keçən və kəndə soxulub, toyuq-cücə oğurlamağa
çalışan ac çaqqallar çox zaman bu adadakı
cələyə toooplaşır, qaranlıq qarışan
kimi səs-səsə verib ulaşırdılar.
Şamxal həmişə yarğanın qaşında
oturub, bunlara tamaşa etməkdən doymazdı. Ancaq indi onun
gözünə heç nə görünmürdü.
Bir az bundan əvvəl baş verən hadisələr yenidən
xəyalında canlanırdı.
Əvvəlcə o heç bir şey ayırd edə bilmədi.
Atası hardan gəlib çıxdı? Kim-kimə qabaqca
əl qaldırdı? Bəs necə oldu ki, Mələk sağ
qaldı? Bəs onun əlindəki xəncər niyə iki
bölündü? O heç nə anlamırdı. Beyni
uğuldayırdı. Qulaqları elə bil tutulmuşdu,
güy-güy güyüldəyirdi.
Şamxal hadisələri təkrar-təkrar yadına saldı.
Anasını, yerə döşənən Salatını,
qrxusundan rəngi ağarıb dodaqları titrəyən
Mələyi, atasının heybətli, qorxunc sifətini
gözünün qabağına gətirdi. Hadisələr
getdikcə aydınlaşmağa, lilli su kimi çöküb
durulmağa başladı. Şamxal hər şeyi başa
düşdü. O, atasına əl qaldırmışdı.
Hələ indiyə qədər onların evində belə
hadisə olmamışdı. Nə Şamxal atasının
üzünə ağ olmuş, nə də atası
ona güldən ağır söz demişdi. Cahandar
ağa həmişə onun boyunu sevər, səhər-səhər
atı minib Kürə sulamağa aparanda samanlığın
üstünə çıxıb arxasınca baxardı.
Şamxal atasının onun yelinə uçduğunu,
hər yerdə, hər evdə oğlundan danışdığını
çox gözəl bilirdi. O neçə dəfə atasının
anası ilə söhbətini eşitmiş, kənd qızlarının
adını çəkib gəlin seçdiyini bilmişdi.
Atası onu çox sevirdi. Bəs indi?..
Cahandar ağanın belə heybətli nəriltisi yenidən
qulaqlarında səsləndi. "Yox, mən bir də onunla üz-üzə
gələ bilmərəm. Yəqin kşinin indi məndən
zəhləsi gedir. Harda görsə, yenə üstümə
cumacaq. Bəs anamın taqsırı nədir? Axı niyə
onun üstünə günü gətirir? Bundan sonra anamın
günü ah-vayla keçməyəcəkmi? Mən onun
göz yaşına necə dözəydim? Arvad bircə
gecənin içində büzüşüb yumağa
dönməmişdimi?.."
Şamxal düşündükcə daha uzaqlara gedir,
ürəyində Mələyi asıb-kəsirdi. O heç
bir vəchlə Mələyə haqq verə bilmirdi. Bu cavan arvadın
nə üçün ev-eşiyini buraxıb, özündən
yaşlı kişiyə qoşularaq gəldiyini anlaya
bilmirdi. "Axı o istəsəydi, gəlməzdi. Atamın
sözünə baxmazdı. O gəlməsəydi, bizim
evdə bu dava-dalaş da olmazdı. Taqsırın hamısı
ondadır".
Düşüncələr bir burulğan kimi onu qoynuna
alıb fırladırdı. Şamxal yarğanın
qaşından ayağa durub üstünün tozunu
çırpdı. Suvadağdan düşüb yarğanın
kölgəsinə endi.
Uşaqlar qızıl tozu səpələnmiş kimi
par-par parıldayan qumluqda uzanmışdılar. Bə'ziləri
özünü suya atıb çimir, bə'ziləri
də yastı daşları suyun üzündə sürüşdürürdülər.
Narın ləpələrə toxunub şütüyən
daşlar şıldır yerdə qurulamış qovaq
ağacına qədər gedirdi.
Şamxal daş atmaqda bəhsə girən uşaqlara, budaqları
lillənib qalan çiləkənə, ağacı yerindən
tərpədə bilməyən boz-bulanıq sulara baxdı.
Elə bil gücsüzlüyünü hiss edən sular
hirslənib kötüyün ətrafında fırlanırdılar.
Bunlara əhəmiyyət verməyən çılpaq bir uşaq
isə ağacın üstündə oturub suya qarmaq atırdı.
Şamxal ixtiyarsız olaraq köksünü ötürdü.
Axı o da cəmi altı-yeddi il bundan əvvəl, bu uşaqlar
kimi çimib, qumsallıqda eşələnirdi. Yoldaşları
ilə birlikdə üzə-üzə Kürü keçib
meşəyə adlayardı. Axşama qədər moruqdan,
cır meyvələrdən yeyər, qarnanlıq qarışanda
isə sal bağlayıb, bəri üzə qayıdardılar.
Bə'zən də istilənmiş qara camışları
suya töküb çimizdirər, sonra da şığıyıb
kürdən keçirərdilər. Fınxıra-fınxıra
üzən kəllərin quyruğundan yapışıb
Kürü adlamaq onlara ləzzət verərdi.
Şamxal birdən-birə qocaldığını hiss
edən adamlar kimi uşaqlığını xatırlayıb
kədərləndi. Onu qəhər boğdu. Bayaq yad adamların
yanında biabır olmamaq üçün ağlamağını
saxlaya bilmişdisə də, indi bacarmadı. Gənclik qürurunun
tapdalandığını hiss edib kövrəldi. Onu
atasının hərəkətlərindən daha çox
Mələin mərhəməti daha yandırırdı.
Şamxal Mələyin diz çöküb yalvardığını,
"a kişi, yazıqda tutar qoymadın", - deyə ona tərəf
durmasını xatırlayanda dözə bilmədi. Hirs
onu boğdu. "Gör nə günə qaomışam
ki, mənim döydüyüm adam mənə qəhmər
çıxır, mənə yazığı gəlir.
Məni atamın əlindən almaq istəyir. İndi mən
nə üzlə geri qayıdım? Bundan sonra Mələk
mənə yazıq, yetim bir uşağa baxan kimi baxmazmı?
Sonra da qarşımda dayanıb, "hə, necəsən, o
sənin kişiliyin, bu da mənim arvadlığım"
- deməyəcəkmi? Bəlkə də lağa qoyub güləcək!
Mənə məsxərə edəcək! Atam da indiki kimi ona
yan basacaq. Yox, mən bir də o evə üz tutmaram. Çıxıb
gedəcəm. Harda olsa, bir parça çörək taparam.
Bəs anamın, Salatının axırı necə
olacaq?"
Şamxal ağzı üstə uzanıb çənəsini
qollarına söykədi. Onun çiyinləri qalxıb-enir,
bütün bədəni titrəyirdi. O ağlamırdı.
Ağzı üstə uzanıb eşələnir, daxildən
qopan nəriltini boğmaq istədikcə titrəyib çalxalanırdı...
Axşamtərəfi boğuq bir gurultu qopdu. Hündürlüyü
on sajenə yaxın olan yarğan uçub suya töküldü.
Qatı duman suyun üzünü bürüdü.
Yarğan uçanda qabağı kəsilib göllənən
su özünə yol açıb, yenə əvvəlki
kimi sarı torpağı yalaya-yalaya, qıjıltı
ilə axıb getdi.
Şamxal diksinib qalxdı. Gözünü yarğan
uçan tərəfə zillədi. Sonra da əlini üzünə
çəkdi. Yanağında laxtalanmış qanı
ovxalayıb tökdü. Əyilib axar suda əl-üzünü
yudu. Üst-başının tozunu çırpıb
papağını düzəltdi. Lap yaxında, suyun
dayaz yerinə qonmuş balaca, caydaq bir quş ciggildədi.
Şamxal dönüb baxdı. Uzun quyruqlu quş balıq
axtarırdı.
Şamxal bir dəstə qızın yarğanın qaşı
ilə suya endiyini görüb ayağa qalxdı. Başqa
vaxt olsaydı, o, yerindən durmazdı. Əksinə, bəlkə
də, yaxındakı ulğun kollarının arasına
girib, nağıllarda söyləndiyi kimi, suya tökülüb
çimişən bu mələk qızların ağ
bədəninə, sinələrinə dağılan uzun,
qara saçlarına oğrun-oğrun tamaşa edər,
onların ördək kimi suya baş vurub üzmələrinə,
zarafatlaşıb bir-birilərini suya basmalarına, sonra
da balıq kimi şütüyüb adaya qədər
getmələrinə göz qoyardı. Bəlkə də
balaca vaxtı elədiyi kimi, qızlardan birinin paltarını
götürüb gizlədərdi də. Lakin indi onun ortaya
çıxası halı yox idi. Üst-başı
cırılmış, ağız-burnu əzilib gömgöy
edilmişdi. Hələ indiyə qədər kənddə
heç kəs onu bu kökdə görməmişdi. Kürü
üzüb o üzə keçməkdə birincilik qazanan,
at çapıb xəncər oynatmaqda heç kəsə aman
verməyən, yaba, yumruq davasında dəfələrlə
qalib gələn Şamxal buradan uzaqlaşmağı qərara
aldı. Dərhal paltarını soyundu. Qızların
qaqqıltısı və ayaq tappıltıları
yarğanda səslənincə, paltarını başına
dolayıb, özünü suya atdı. Bir göz qırpımında
üzüb cələyə keçdi. Qızlar sahilə
enəndə qarşıdakı adada tərpənən
ulğun kollarından başqa heç nə görmədilər.
3
Gün batan çağı, Kürün üstünü
bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa
yayıldı. Gün qərbə doğru əyiləndən
sonra yuxarıdakı boz dağlardan xəfif meh əsdi.
Otların, dəmyələrində əjkilmiş sinəsi
laləli taxılların üstündən keçib
gələn bu axşam küləyi sahilə enib Kürün
üzərinə duvaq kimi çəkilmiş ağ, nazik
dumanı qovub uzaqlara - aşağıdakı kəndlərə
doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli
duman cələdəki ulğun kollarına toxunaraq parçalanır,
sürünə-sürünə o taya - meşəyə
doğru gedir, orada isə ağacların başına
dolanıb yox olurdu. Örüşdən qayıdan mallar
buynuzlaşa-buynuzlaşa sahilə enib doyunca su içir, o
taydan, odun qırmaqdan qayıdan kənd cavanları isə
sal bağlayıb bəri üzə keçirdilər.
Səhərki hadisədən sonra atını minib meşəyə
gedən Cahandar ağa da sahildə idi. O bütün günü
hirsli-hirsli meşədə gəzmiş, dərdini dağıdıb
başını qatmaq üçün qabağına
çıxan quşlara, vəhşi donuzlara güllə
atmışdı. Nəhayət, axşamüstü
Qarasuyun yaxası boyu keçib gedən maralların izinə
düşüb Kürün sahilinə qədər gəlmişdi.
Cahandar ağa su içən maralların üstünü
almış və sərrast atdığı güllə
ilə iri bir maralı vurub yıxmışdı. Atdan
düşüb ovunu kənara çəkmiş, cələdə,
dalda bir yerdə gizlətmişdi.
Cahandar ağa Kürün kiçik qolunu keçib cələyə
çatdı. Qarşı sahildəki kənd evlərini
görən at bərkdən kişnədi. Cahandar ağa
iki barmağını ağzına salıb fit çaldı.
O həmişə evdən qayıdanda bu yolda Kürdən
keçər və cələyə çatanda iki dəfə
fit çalardı. Evdəkilər dərhal onu başa düşər,
vurulmuş ovu gətirmək üçün araba qoşub
sahilə enərdilər.
Bu dəfə də belə oldu.
Cahandar ağa atını girmədən salıb sahilə
çıxanda enişdən gələn araba ilə qabaqlaşdı.
Həmişə ovdan qayıdanda onu oğlu Şamxal qarşılayırdı.
İndi isə arabanın boynunda oğlu yox, nökərlərdən
biri əyləşmişdi. Maralı vurandan sonra kefi bir
qədər açılan Cahandar ağanın qaş-qabağı
yenə tutuldu. O kəllərin qabağını saxlayıb
cavab gözləyən nökərə üzünü
belə çevirmədən dilləndi:
- A bala, a Tapdıq, arabanı yuxarıdan, girmədən
sal, Qız qayasının alt tərəfindəki cələyə
sür. Oradakı içi ovuq qovağı görmüsənmi?
Həmin ağacın dibində maral var. Arabaya qoy gətir.
Oğlan şorultu ilə su içən kəllər çubuqlayıb
arabanı suya saldı. Təkərin dəmir şini xırda
daşları əzib qıcırdadı. Su əvvəlcə
təkərin topunu, sonra da cağları batırıb
tara çıxanda təkərlərin qıcıltısı
da çəkildi. Atını mahmızlayıb dikdirə
qalxan Cahandar ağa qanrılıb geri baxdı.
- Ayə, yuxarıdan sür, yoxsa arabanı çiləkənə
vurub döndərərsən. - Araba qarşıdakı
cələdə gözdən itəndə, sahildən düz
həyətlərinə çıxan cığırla
birbaş evlərinə gəldi. Atdan düşüb
nökərləri səslədi: - Ay uşaq, kim var, gəlin,
atın yəhərini alın!
O, tüfəngi eyvanın dirəyindən asıb samanlığın
üstünə çıxdı. Gözünü
günbatan tərəfə, çəmənliyə zillədi.
Mallar Kürün yaxası boyu qatarlaşıb gəlirdilər.
Yelini dolmuş inəklər balasına çatmaq üçün
mələyir, yazabuğalar, düyələr bir-birini buynuzlayıb
qovurdular. Naxırdan xeyli aralanıb nərildəyən iri
bir buğa ayağı ilə yeri eşib tozu göyə
sovururdu.
Cahandar ağa, naxır Kürdən su içib yarğanın
qaşına çıxana qədər samanlığın
üstündən enmədi. Boğazı zınqırovlu
maral erkəc kimi qabağa düşüb xalxala yaxınlaşanda
nökərləri səslədi. Özü də onlarla
bərabər naxırın qabağına getdi. Pərli-budaqlı
buynuzunu şax tutub yeriyən maral onu görən kimi yaxınlaşıb
əlini iylədi. Heyvanın soyuq və nəm burnunun təmasından
kişinin qıdığı gəldi. Cahandar ağa
heyvanın başını, qulaqlarının və
buynuzunun dibini qaşıdı. Üç il bundan əvvəl
meşədəntutub gətirdiyi və əldə böydüb
naxıra qatdığı bu maral həmişə onun
dərdini dağıdardı. Ancaq bu dəfə belə
olmadı.
Nökərlər heyvanarı yerləşdirdilər. Qulluqçular
inəkləri sağıb rahatladılar. Zəncirdən
açılmış itlər mırıldaşa-mırıldaşa
yallarını içdikdən sonra evin ətrafına dolanmağa
başladılar.
Həyətə sakitlik çökdü. Bu sükut getdikcə
gücləndi və bütün şenliyi bürüdü.
Sahilboyu səpələnmiş kənd evlərinin solğun
işıqları, həyətlərdə qalanan ocaqların
közərtiləri də yavaş-yavaş söndü.
Kürün qıjıltısı gücləndi.
Əsən asta külək biçilmiş otların
qoxusunu kəndə doldurdu. Hamı çəkildi. Cahandar ağa
isə qapıda hərlənir, pəncərəsindən zəif
işıq gələn otağa yaxınlaşa bilmirdi.
İndi o nə etməli idi? Öz hərəkətlərinə
necə bəraət qazandırmalı idi?..
İki gün bundan əvvəl, şəhərdən qayıdarkən,
Kürün sahilində Mələyə rast gələndə
o heç nə fikirləşməmişdi. Cahandar, ətli-qanlı
gəlini su kənarında görəndə sönməkdə
olan ehtirası birdən-birə quduz kimi oyanmışdı.
Hələ keçən il, dağa köçəndə,
Cahandar ağanın gözü bu gəlini almışdı.
Göytəpəlilər dağ yolunda, çay kənarında
arabalarını açmışdılar. Kürün
aşağısındakı obaların köçü
isə gəlib keçirdi. Bir dəstə qız-gəlin
atla, arabalardan qabaq ola düşmüşdü. Onlar
bulaq başında cilovu çəkib atlarını suladılar.
Elə bu vaxt Cahandar ağanın gözü yəhərin
üstündə şəstlə oturmuş Mələyin
açıq buduna sataşdı. Gəlin ətəyinin
çırmalanmağından xəbərsiz olsa da, bir qadın
sövq-təbiisi ilə kiminsə ona baxdığını
duydu və ətrafına göz gəzdirəndə bulağın
üst tərəfində tüfəngini qucaqlayıb otluğa
uzanmış Cahandar ağanı gördü. Gəlin
öz gözəlliyini dərk edən bir qadın qürurundanmı,
yoxsa ona gözünü zilləyən kişinin ağayanalığını
xoşladığındanmı, nədənsə, gülümsündü.
Bunu hiss edən Cahandar ağanın iri dodaqları aralandı.
Ancaq Mələk ani şaşqınlıqdan sonra özünü
ələ aldı. Pul kimi qızardı. Kələğayısını
gözünün üstünə çəkib atını
mahmızladı. Donunun çirmənmiş yerini düzəldib
budunu örtdü. Bir göz qırpımında qarşıdakı
döngədən burulub yox oldu. Cahandar ağa arabaçılardan
bu köçün hansı obanın olduğunu öyrənsə
də, nə gəlinin adını, nə də kimliyini heç
kəsdən soruşa bilmədi.
... İndi bir ildən sonra təsadüf onları yenə
qabaqlaşdırmışdı. Cahandar ağa çoxdan
bəri xəyalından çıxmayan gəlini görəndə
atının başını çəkib saxlamış
və donunun ətəyini dizindən yuxarı qaldırıb
paçasının arasında bürmələmiş
gəlinin suda daha gözəl görünən maya kimi
ağ baldırlarına həsrətlə, oğrun-oğrun
baxmışdı. Mələk axşamüstü,
günəşin son şüalarını əks
etdirib parıldayan Kürün qızılı sularında
əl-üzünü yuyurdu.
Cahandar ağa atını yaxın sürüb:
- Ay bacı, atan ehsanına bir qab su ver, içim, - demişdi.
Mələk səsə diksinib geri dönmüş və
başının üstünü kəsdirən enlikürək
kişinin bığının altından gülümsədiyini
görmüşdü. Gəlin, əlləri titrəyə-titrəyə
iri mis parçı doldurub qabağa uzadanda Cahandar ağa
Mələyin biləyindən yapışıb özünə
doğru çəkmiş və bir göz qırpımında
atın qucağına almışdı. Onun çırpınmasına
baxmayaraq atı Kürə salmış və birbaş
o taya, meşəyə keçmişdi. İki gün
binələrdə gecələdikdən sonra öz qələbəsindən
məst olan Cahandar ağa Mələyi götürüb
birbaş evə gəlmişdi. Onsuz da taleyindən narazı
olan Mələk isə bu şir ürəkli kişinin
iradəsinə tabe olub susmuşdu.
Cahandar ağa hər şeyin sakit keçəcəyini, Zərnigarın
bir az deyinib susacağını zənn etmişdi. Ancaq
səhərki hadisə onu sarsıtmışdı. Əksinə
baxsan, Cahandar ağa gözü qızıb Mələyi
gətirəndə uşaqlarını heç yadına
salmamışdı.
... İndi o, qapıda hərlənir, içəri girməyə
cəsarət etmirdi. Qorxurdu ki, qapını açan kimi
yenə hay-küy düşəcək, kim bilir, bəlkə
də əlindən bir xata da çıxacaqdır.
Nəhayət, göyün üzünə ulduzlar səpələnib,
hava tamam soyuyanda Cahandar ağa içəri girdi. Gözlədiyinin
əksinə olaraq onu sükutla qarşıladılar.
Əksinə baxsan, heç onun qabağına çıxan
olmadı. Şamxal evdən gedəndən sonra Zərnigar
xanım küncün birinə çəkilib ağlayır,
Salatın isə qorxsundan gözə görünmürdü.
Yalnız Mələk evdə idi. O, taxtın ayaq tərəfində
divara qısılıb oturmuşdu.
Tavandan asılmış çırağın fitilini
qaldıran olmadığından, otaq güclə işıqlanırdı.
Bu zəif və solğun işıq onu daha da darıxdırdı.
Əlini uzadıb fitili yuxarı çəkdi. Yalnız
bu zaman dönüb Mələyə baxdı. Əli qoynunda
dayanmış gəlin gözünü pəncərəyə
zilləmişdi. Paltarı bir neçə yerdən cırılmışdı.
Yanağında və alnında qara ləkələr vardı.
Cahandar ağa xeyli nə edəcəyini bilmədi. Ona yaxınlaşıb
könlünümü alsın, yoxsa qışqırıb
"səsini kəs"mi desin. Sükut xeyli çəkdi. Mələyin
sakit axan göz yaşı gücləndi. Otağı
hıçqırıq bürüdü. Taxtın
üstündə, mütəkkəyə dirsəklənən
Cahandar ağanın səbri tükəndi.
- Di yaxşı, axşam-axşam gözünün
yaşını az axıt. Dur, bəri gəl görüm.
Mələk yavaşca ayağa durdu. Taxta yaxınlaşıb
kişinin qabağında dayandı.
- Məni niyə bədbəxt eləlin? Yurduma-yuvama niyə
su saldın?
Mələyin kədərli görkəmi kişini qəhərləndirdi.
- Axı sənə nə olub? - deyə soruşdu.
- Daha bundan artıq nə olacaq, el içində biabır
oldum. İndi mən hansı üzlə geri qayıdım?
Mənim böyük tikəmi qulağım boyja eləməzlərmi?
- Sarsaq-sarsaq danışma. Sən bu evdən heç yana
getməyəcəksən!
- Bəs Şamxal?
- Kim? O nə qoduqdur? - Kişi qalxıb dik oturdu. - Bir də
onun adını mənim yanımda çəkmə!
- Bəs arvadın, qızın?
- Az danış, onların sənə dəxli yoxdur. Bu
evin sahibi mənən, mən də nə elədiyimi bilirəm.
O nə qədər hirsli olub Mələyə susmağı
əmr etsə də, qəlbinin dərinliklərində haqsızlığını
duyurdu. Bu hadisənin belə sakitcə gəlib keçməyəcəyini,
evdə hər gün dava-dalaş düşəcəyini
aydınca görürdü. Ancaq o, evinin əmin-amanlığını
saxlamaq, necə olur-olsun, dil tapıb hər şeyi sahmana
salmaq istəyirdi. Axı, Zərnigar da yazıq idi, neçə
il idi ki, onunla bir yastığa baş qoyurdular. Yetişmiş
oğlu, qızı vardı. İndi necə olsun? Onu
bu evdən qovmaq olarmı? El-oba buna nə deyər? Bəs Mələyin
təqsiri nədir? Bu yazığı da yerindən-yuvasından
o oynatmayıbmı? Bəs onun əri? Bu gün-sabah meydana
çıxıb qan-qan deyə, at oynayatmayacaqmı?
Düşüncələr getdikcə güclənir,
ağır yük kimi onu əzirdi. Cahandar ağa gah hirslənir,
nayaq yerə başını cəncələ saldığını
duyub peşmanlayır, gah da özünə ürək-dirək
verirdi. "Əşşi, nə olub, eldən çıxarı
bir iş tutmamışam ki? Elə dədə-babadan iki
arvad saxlamaq peşəmiz deyilmi? Bu işi bir mən ha görməmişəm.
Heç nə olmaz, arvad tayfasının qaydasıdır,
bir az çığır-bağır salacaqlar, sonra
da qınlarına çəkilib susacaqlar. Bəs Əşrəf?..
Yoxsa o da qardaşı Şamxal kimi mənim üstümə
düşəcək? Anasına qəhmər durub məni
bihörmət edəcək?".
Kişi lap darıxdı. Ona elə gəldi ki, bu saat Qori
müəllimlər seminariyasında oxuyan oğlu qapını
açıb içəri girəcək, qaşlarını
çatıb "ata, eyib deyilmi, bu nə işdir tutmusan?" - deyəcəkdir.
Sonra da baş götürüb evdən gedəcək,
bir daha buralara üz çevirməyəcəkdir... Həyətdə
səs-küy çoxaldı. İtlər zingildəyib
susdular. Araba təkərinin cırıltısı və
kəlləri haylayan Tapdığın səsi eşidildi.
Cahandar ağa pəncərədən həyətə, nökərlərin
köməkləşib maralı arabadan necə düşürdüklərinə
göz qoydu. Az sonra onun dalınca gedən Tapdıq əlindəki
tənək çubuğunu oynada-oynada pəncərəyə
yaxınlaşdı.
- Ağa, maralı gətirdim.
- Aparın bişirin. Uşaqları da çağır.
- Bəs siz?
- Bir-iki şiş kabab gətirsəniz bəsimdir.
Tapdıq eyvandan aralandı. Xırman yerində maralın
yanını kəsdirən nökərlərə yaxınlaşdı:
- Ay uşaqlar, bir yaxşı ocaq çatın. Deyəsən,
bu axşamkı kabab bizə qismət olacaq.
Onun sözünü gizli sevinclə qarşıladılar.
Arvadlar əl-ayağa düşüb, tələsik qara
damlara qaçdılar. Qab-qacaq gətirib kişilərin yanını
kəsdirdilər. Heç beş dəqiqə keçməmiş
şaqqalanan maralın əti doğranıb sinilərə
dolduruldu. Bozartmalıq ətlə kabablıq ayırd edildi.
Ocaq alovlandı. Pəncərə şüşələri
elə bil alışıb yandı. Kəndin üstünə
çəkən qaranlıq, qorxurmuş kimi, Cahandar ağanın
həyətinə yaxın gəlmədi.
Tapdıq qolunu çırmayıb göstəriş
verməyə, özündən cavanları buyurmağa
başladı. O, ağanı hirsləndirməmək üçün
həmişəki kimi kababı özü bişirməym
qərara aldı.
Ocağın ətrafında hərlənənlərin kölgələri
tez-tez çarpazlaşıb həyətə sərilir, bəzən
də uzanaraq çəpəri aşır, kənardakı
ot tayalarının üstündə dolandıqdan sonra
qaranlığa qarışırdı. Ocaq çatırdadıqca
qığılcımlar ətrafa sıçraşır,
yavaş-yavaş göz düşürdü.
Zəncirdən açılmış itlər də ət
iyini duymuşdular. Bir-ikisi ocaqdan bir az aralı başını
biləklərinin üstünə qoyub uzanmışdı.
Qalanları isə çöməlib əti gözdən
qoymur, fürsət tapan kimi sinib irəli sürünürdü.
Əllərinə bir şey keçməyəndə isə
geri çəkilib astadan zingildəyirdilər.
Tapdıq maralın içini təmizlədikdən sonra bağırsaqları
bir neçə yerə bölüb itlərin qabağına
atdı. İtlər əvvəlcə bir-irinin üstünə
cumdular, sonra bağırsaqları dartışdıra-dartışdıra
həüətdən uzaqlaşdılar.
Nökərlər palıd odunun sürüşüb
düşən gözlərini bir az da irəli çəkdilər.
Şişləri yan-yana düzdülər. Ətrafı
göz üstündə bişən yağlı ət
iyi bürüdü...
Gecədən xeyli keçmişdi. Mələyin nəfəsindən
məst olan Cahandar ağa pıçıltı ilə
təzə arvadını oxşayırdı:
- Özün bilirsən ki, səni heç yerə buraxan
deyiləm. Kişi tüpürdüyünü yalamaz.
Sən həmişə, qəbrəcən mənim olacaqsan.
Ancaq o da yazıqdı. Birtəhər dilə tutub, yola gətirmək
lazımdır. Necə olsa uşaqlarımın anasıdır.
Yanına get, əl-ayağa düş, yalvar, de ki, bir
qəzadı başıma gəlib, yazığam, keç
günahımdan, elə bil mən də sənin qulluqçun.
Qabağından dillənib üzünə ağ olmaram.
Xasiyyətini bilirəm. Ürəyi yumşalıb barışacaq.
Elə mən özüm də onu dilə tutacağam. Sonra
da bir-birinizə isnişəcəksiniz. Hər şey düzələcək,
fikir eləmə.
Mələk bir pişik mehribanlığı ilə Cahandar
ağanın sinəsinə qısılıb xumarlanır,
onun dediyi sözlərə qulaq asdıqca ürəyindəki
şübhə və qorxu yoxa çıxırdı.
Tüklü sinəsində mehriban bir əlin gəzdiyini
hiss edən Cahandar ağa hər şeyi unudub Mələyin
ətli bədənini qucaqlayır, cavan qadının hərarətli
təmasından məst olurdu...
Əslinə baxsan, Mələk bu evə gəlməyindən
narazı deyildi. O, Kürdən xeyli aralı olan dağ
kəndlərindən idi. Təmiz havası, sərin diş
göynədən bulaqları, güllü-çiçəkli
çəmənlikləri olan bu kəndin bütün qızları
kimi Mələk də ayaqyalın, başıaçıq
böyümüşdü...
O, balacalıqdan yetim qalmışdı. Hələ beş
yaşı tamam olmamış dağda onların evini
sel aparmışdı. Ata-anası da dayə ilə birlikdə
yox olmuşdu. Xoşbəxtlikdən gündüzdən
əmisigilə, qızlarla oynamağa gedən Mələk
geri qayıtmamış, beləliklə də salamat qalmışdı.
Əmisi arvadı onu yanından buraxmamışdı.
Binəyə köçəndə, yaylağa qalxanda onu
özü ilə aparmışdı. O, çox qoçaq
qız idi. Yaşının az olmasına baxmayaraq dərədən
dörd-beş səhəng bulaq suyu gətirərdi. Kənddə
hamı onun qoçaqlığından danışırdı.
Səhər tezdən suya gələn arvadlar, atını
sulamağa enən cavanlar Mələyin cığırla
dərədən çıxdığını görürdülər.
O az qala özü boyda olan mis səhəngi dalına alıb
dodaqaltı zümzümə edə-edə yoxuşa dırmaşırdı.
Mələyin dörd əmisi qızı vardı. İllər
keçdikcə onlar böyüyür və bir-bir nişanlanıb
ərə verilirdi. Hər dəfə toy olub qızlar cehizlə
köçürüləndə Mələk uşaq
kimi sevinir, nəhayət, ona da növbə çatacağını,
onun da belə bir şad günü olacağını
fikirləşirdi. O, əmisinə, əmisi arvadına inandığı
üçün heç nə düşünmür,
vaxtı çatanda ona da cah-calalla toy olacağını
gözləyirdi... Ancaq bir gün Mələk gözünü
açdı və gördü ki, onun tay-tuşları,
hətta özündən kiçik olan qızlar belə
ərdədirlər, ev-eşik sahibi olublar.
Mələyi fikir götürdü. "Bəs mən? Yoxsa
eybəcərəm? Qaş-gözümdə şikəstlik
var? Niyə mənə yaxın duran yoxdur?"
Bir gün evdə heç kəs olmayanda, divardan asılmış
balaca, üstü çil-çil güzgünün
qabağında dayanıb, boy-buxununa xeyli baxdı. Qaşları
çatma idi. İri gözləri bulaq kimi qaynayırdı.
Yanaqlarından az qala qan damırdı. Qabarıq sinəsi
elə bil qoftasını partlatmaq istəyirdi. Qızın
özündən xoşu gəldi. "Yox, deyəsən, pis
deyiləm", - deyə xəyalından keçirib qımışdı.
Otaqda bir neçə dəfə donunun içində quzu quyruğu
kimi yırğalanan əndamına baxdı. Sonrada küncdəki
badyanın ağzını açıb bir qaşıq
süd üzü götürdü. Yanaqlarına,
saçlarına çəkdi. Elə bil qız birdən
şam kimi alışıb yandı. Mələk güzgüdə
bir də özünə baxdı. Hürkmüş
kimi geri çəkildi. Aynada qaş-göz oynadıb şaqqıldadı,
bayıra qaçdı.
Əmisi arvadı Mələkdə baş verən dəyişikliyi
hiss etsə də, üstünü vurmadı. O belə
bir qızı tezliklə əldən vermək istəmirdi.
Bulaq başında, çay kənarında, qaynarda ondan
söz soruşub ağzını arayan olanda cavab verirdi
ki, qız nişanlıdır, qardaşım oğluma
alacam. Mələyin də qulağı bu sözü çalmışdı.
Lakin həftələr keçib aylar dolandısa da, ortaya çıxan
olmadı. Nəhayət, bir qızlıq sövq-təbiisi
ilə hiss etdi ki, onun ən gözəl günləri gəlib
keçir. Atını sulamağa gətirən kənd
cavanları onu bulaq üstündə görəndə
daha əvvəlki kimi həsrətlə baxmırdılar.
Ondan daha cavan, yeniyetmə qızlara söz atıb mahnı
qoşurdular.
Nəhayət, bir gün Mələyi Kürün aşağı
tərəfindəki kəndlərdən birinə ərə
verdilər. Kişi ondan xeyli yaşlı idi. Deyilənlərə
görə, kəndin varlı adamdlarından olan Allahyar
yeddi dəfə evlənmişdi. Sonuncu arvadını boşayandan
sonra heç kəs ona qız verməmişdi. "Nə olsun,
dövləti varsa da, arvad saxlayan deyil. Bəlkə heç
kişiliyi də yoxdur", - deyə onun arxasınca ağız
əymişdilər.
Allahyar aldığı aovadla altı-yeddi aydan artıq
yaşamırdı. Hərəsində bir eyib tapır
və evdən qovurdu. Əslində isə onun dərdi, uşaq
dərdi idi.
O, sonuncu arvadı ilə haqq-hesabı kəsəndən sonra
öz kəndlərindən evlənə bilməyəcəyini
başa düşüb birbaş yuxarı dağ
kəndlərinə getmiş və orada Mələyi görüb
elçi düşmüşdü. Cəmi bir neçə
həftəyə hər şeyi həll edib qızı
evə gətirmişdi.
Onun taleyindən küskün olan Mələk elə ilk gündən
ərinə boyun əymiş, onun dediyi ilə oturub durmuşdu.
Allahyar da ilk günlər ona pis olmamışdı. Mələyi
geyindirib-kecindirmiş, "yetimliklə böyümüsən,
qoy əynin sevinsin", - demişdi. Ancaq bir ildən sonra yavaş-yavaş
kürlüyə başlamış, Mələyin yediyini-içdiyini
burnundan tökmüşdü. Hər gün bir bəhanə
ilə onu danlayıb söymüş, "niyə uşağın
olmur, sonsuz arvad mənim nəyimə lazımdır", - deyə
evdə dava-dalaş salmışdı.
Mələk şam kimi ərisə də, dərdini heç
kəsə açmırdı. Bir də bu qərib kənddə
onun dərdini söyləyəsi bir adamı da yox idi. Mələk
sirrini çölə salmamaq üçün qonum-qonşuya
belə getmirdi. Tez-tez eyvanda dayanıb yuxarılara, dolama yolların
uzanıb getdiyi təpələrin o üzündəki dağətəyində
güclə görünən kəndlərinə baxırdı.
"İndi yəqin ki, oraların otu hələ solmayıb.
Çiçəklər də yazın əvvəlindəki
kimi tərtəzədir. Bulaqların suyu görəsən
yenə sərindirmi? Yenə qayaların arasından sızdıqca
şırıldayırmı? Ah, allahın altında
bircə günlüyə qanadlı quş olaydım,
uça-uça gedib bacamızdan içəri düşəydim,
əmimə, evimizə doyunca baxaydım, sonra da bulaq başına
qaçaydım. Otların üstünə sərilib,
göydəki buludların dağların başına
necə qonduğuna baxaydım. Çiçəklərimizin,
kəkotumuzun iyindən ötəri burnumun ucu göynəyir.
Görəsən məni heç yada salan varmı? Suya gələn
qızlardan, atını sulayan oğlanlardan məni anan
olurmu? Yoxsa yaddan çıxmışam?" - deyə düşünür,
örpəyinin ucu ilə dolmuş gözlərini silirdi.
O, bir an belə kəndlərini, döşlərdə mal
otaran uşaqları, atını çapıb çəmənliklərdə
gəzən oğlanları unuda bilmirdi. Tez-tez yarpızlı
dərələr, dolama cığırlar yuxusuna girirdi.
Onu qınayan olmasaydı, ya piyada, ya da yuxarı gedən
arabaların biri ilə evlərinə qayıdardı. O,
hiss edirdi ki, burada, Allahyarın evində qəfəsə salınmış
qu kimi yaşayır. Əri o yana dursun, qayınanası
da ona göz verib, işıq vermir. Ancaq hələlik səbr
edir, bütün bu işlərin sonuna çatmaq istəyirdi.
Bərk ayaqda əmisinə sifariş edib yanına çağırmağı
və dərdini ona açmağı qərara almışdı.
Əgər o, Mələyi eşitməsə onda...
Mələk axır vaxtlar tez-tez Kürün sahilinə
çıxır, əlini gözünün üstünə
qoyub çiləkənlərə, yarğanların dibindəki
burulğanlara, lap aşağılarda suların birləşdiyi
yerdəki qayalıqlara baxırdı. O, cana doysa da, hələ
qəti qərara gələ bilmirdi.
Bax elə bu vaxtlar Cahandar ağa peyda oldu və ley cücə
götürən kimi, onu caynağına alıb birbaş
evinə gətirdi.
Gecədən
xeyli keçmiş kəndin aşağısında
itlər hürüşdü. Ucqardakı qara damdan kiminsə
səksəkəli səsi eşidildi.
- Ayə, a adam, kimsən?
Şamxal Çərkəzə cavab vermədi. Yavaş-yavaş
evə yaxınlaşdı. Qara damın qabağındakı
çardağın dirəyini özünə dalda edən
Çərkəz qaraltının kim olduğunu bilənə
qədər əlini tüfəngin tətiyindən çəkmədi.
Şamxal çaxmaq şaqqıltısını eşidib
dinləndi:
- Ə, mənəm, nə səs-küy salıbsan?
Çərkəz gözlədi. Qaraltı ona yaxınlaşandan
sonra dirəyin dalından çıxdı:
- Ə, xeyir ola, gecə vaxtı qəbirdən xortlamış
kimi hardan gəlirsən?
Şamxal həmyaşıdı Çərkəzin xasiyyətinə
bələd idi. O, yeri oldu-olmadı, həmişə zarafat
edib adamlara sataşmağı sevərdi. Şamxal da dil
altında qalan deyildi. Ancaq bu dəfə ona cavab verməyə
həvəsi yox idi. Çərkəz hələ də çaxmağın
dabanını endirməmişdi. Bunu görən Şamxal
sakit dayana bilmədi:
- Ə, düşmənli adamlar kimi tüfəngi niyə
hazır tutubsan?
- Nə çoxdu anasının əmcəyini kəsənlər.
Ehtiyatlı oğulun anası ağlamaz.
Onlar sakitcə içəri keçdilər. Dirəkdən
asılmış qara çıraq qazma damın divarlarını
güclə işıqlandırırdı. İçəri
his dolmuşdu. Orta bacanın altındakı ocaq yerindən
iri bir kötük yanırdı. Qorun altında qara aftafa
vardı. Çırağın hisindən kərənlər
qapqara olmuşdu. Divarın torpağı quzulayıb
tökülmüşdü. Küncə-bucağa
dolmuş qarafatmaların qəmli cırıltıları
çöldəki böcəklərin səsinə qarışmışdı.
Hisli çırağın başına dolanan pərvanələrin
iri kölgələri gah divarda sürünür, gah da
torpaq döşəməyə sərilirdi.
Bu qərib sükutdan Şamxal elə bil vahimələndi,
gözucu mitil yorğan-döşəkdə yatana baxdı.
Güləsər yumaq kimi büzüşüb yuxuya
getmiş, uzun hörükləri sürüşüb
torpağa düşmüşdü. Nəfəs aldıqca
sinəsi mitil yorğanı titrədirdi. Nazik burun pərələri
səyriyir, yarımaçıq dodaqları arasından
dişləri parıldayırdı. Şirin yatan qızın
mışıltısı evə yayılmışdı.
Damın küncündə, arakəsmənin o üzündə
inək imrəndi. Sonra da şırıltı və şıppıltı
səsi gəldi. Evi kəsif miz iyi bürüdü. Çərkəz
küncə sarı gedib donquldandı:
- Damazlığı kəsilmiş elə bil buranı
gözləyir. İçəri girən kimi aləmi murdarlayır.
Şamxal həm mal damı, həm də ev olan qazmada darıxdı.
Çərkəz bunu duydu.
- Gəlsənə eşiyə çıxaq, elə çardağın
üstündə yer salıb uzanarıq.
- Heç nə lazım deyil. - Şamxal vaxtsız gəlməyinə
bir bəhanə tapmaq məqsədi ilə əlavə etdi: -
Balıq tutmağa gedəcəksənmi?
- Gedəcəyəm. Necə məgər?
- Mən də gedəcəyəm.
- Hələ tezdir, qoy ay doğsun. Həm axşamdan atdığın
qarmaqları yoxlarıq, həm də təzə qarmaq atarıq.
- Yaxşı, qoy sən deyən olsun.
- Ay qız, ay Güləsər, dur çardağın
üstünə palaz sal.
- Ə, qızı niyə oyadırsan?
Güləsər durub yerində oturdu. Gözlərini ovuşdurub
gərnəşdi. Onun hələ də yuxulu olduğunu
görən Çərkəz yenidən dilləndi:
- Tez ol, eşikdə gözləyirik.
Yalnız indicə evdə yad adam olduğunu bilən Güləsər
qızarıb yorğanını başına çəkdi.
Onlar eşiyə çıxan kimi ayağa durub donunu əyninə
keçirdi. Küncdəki boz kilimi və döşəyi
götürdü. Çardağın üstündə
onlara yer düzəltdi. Sonra da kənara çəkilib sakitcə
dayandı. Çərkəz bacısının "daha mənimlə
işin yoxdur ki?" - demək istədiyini anladı.
- Get, gör yeməyə bir şey taparsanmı, acından
ürəyim doğranır. Yəqin Şamxal da mənə
yoldaşlıq edəcək.
- Çox sağ ol, toxam.
- Yaxşı, yemir-yeməsin, sən mənə bir şey
tap gətir. Qaşığı da iki elə. Bəlkə
sonradan iştaha gəldi.
Çərkəz Cahandar ağagildə olan hadisəni bilsə
də, üzə vurmadı. O özünü elə
aparırdı ki, guya heç nədən xəbəri yoxdur.
Güləsəryalın ayaqlarını şappıldada-şappıldada
çardaqdan endi. evə keçib iri bir mis camı qatıqla
doldurdu. Təzəcə bişirdiyi apra fətirinin üç-dördünü
büküb camın ağzına qoydu. Cəld damın
üstünə çıxdı. Çərkəz
camı qabağına çəkdi:
- Di get yat, gör sənin toyunda qardaşın nə qiyamət
eləyəcək!
Güləsər yeniyetmə kənd qızlarına xas
olan bir qəmzə ilə boynunu bükdü və dinməz-söyləməz
çardaqdan endi.
Çərkəz arpa çörəyini ovcunda ovxalayıb
qatığın içinə tökdü. Ağac
qaşıqla qarışdırıb doğramac etdi.
Bir qaşıq götürüb ağzına aldı.
Ləzzətlə damağını şaqqıldadıb
başını buladı.
- Qatıq deyil ki, baldır, bal, şəkərə təpik
atır. Adamın beyninə işləyir. Bir qaşığı
əlinə götür, gör nə dadıyır.
O, camı irəli itələdi. Şamxal könülsüzcəsinə
qaşığı götürdü...
Bir azdan Çərkəz mitil yorğanı başına
çəkdi.
- Yaxşı, mən yatdım. Gecə keçir. Sən
də uzan. Ay doğanda gedərik.
O, yorğana bürünən kimi xoruldadı. Şamxalın
isə gözünə yuxu getmədi, arxası üstə
uzanaraq əllərini başının altında daraqladı.
Göyün üzü tərtəmiz idi. Ulduzlar titrəşirdi.
Karvan yolu haçalanıb göy qübbəsində göz
işlədikcə uzanırdı. Kənd yuxuda idi. Cələdəki
çaqqalların vaqqıltısı, tənbəl-tənbəl
hürən itlərin yuxulu səsi, bir də Kürün
qıjıltısı bir-birinə qarışmışdı.
Şamxal gözünü səmadakı ulduzlara dikmişdi.
Yata bilmirdi. Elə bil yuxusu ərşə çəkilmişdi.
O, bir daha evə qayıtmayacağını qərara alsa
da, hələ nə edəcəyini müəyyənləşdirə
bilmirdi. Birdəfəlik kənddən çıxıb getsə
necə olar? Bəlkə dayısıgilə getsin? Görəsən
onlar bu işə necə baxarlar? Bəlkə "kişi də
anasını, bacısını atıb gələrmi?"
- deyib onu danlayacaqlar. Doğrudan da, ora getmək olardımı?
"Atamın bu işindən sonra kim mənim üzümə
baxar? Bir də, qoltuqda yaşamaq heç kişilikdən
deyil. Dayım da olsa, minnətnən çörək yemərəm.
Heç kəsə yalvaran deyiləm. Özümə bir
daxma düzəldəcəyəm. Kənddəki qızlardan
birini də gətirib qoyacağam evə. Atamın acığına
cah-cəlalla da toy edəcəyəm. Bəs xərc-xəracət?"
Şamxal durub yerində oturdu. Cibindən gümüş
tütün qabını çıxardıb papiros
eşdi. Yanıqlı-yanıqlı sümürüb
tüstülətdi. Yenə fikir onu götürdü.
"Atamın mal-dövlətində mənim də payım
var. İlxıdan at, naxırdan mal ayırıb gətirəcəyəm.
Görüm qabağımda necə durur?! Bəlkə
birdən atam razı olmadı? "Hələ ölməmişəm
ki, malımı-dövlətimi dağıdırsan?"
- deyə qabağıma çıxdı, onda necə
olsun? Doğrudan da, mal-dövlətin hamısı onun
idi. Mən ki hələ bir iş görməmişəm?
Bir də ki, Əşrəf də var idi".
Qardaşı yadına düşəndə Şamxalın
həm ürəyi kövrəldi, həm də qəzəbi
artdı. O, Əşrəfi çox istəyirdi. Əşrəf,
necə deyərlər, canlara dəyən oğlan idi. Amma atasının
iki qardaşın arasında ayrı-seçkilik saldığını
xatırlayanda tutuldu. Atası burada da insafsızlıq
etmişdi. Əşrəfi keçən il Qori müəllimlər
seminariyasına oxumağa göndərmiş, Şamxalı
isə yanında saxlamışdı. "Evimizdən biri
oxusa bəsdir, - demişdi, - sən qal. Bu cah-cəlal kimindir?
Qardaşın məktəbi qurtarandan sonra allah bilir hara çıxıb
gedəcək. Mənə sən qalacaqsan".
İndi də belə. "Yox, atam da olsa, boyun əyməyəcəm.
Onun bir çöpü də mənə lazım deyil.
Təzədən onun qapısına getsəm, üzümə
vurmasa da, ürəyində "urva məndən olmasa, kündən
küt düşər" - deyəcək. Heç nə lazım
deyil, heç atamın seçdiyi qızlara da yaxın
getməyəcəm. Kimi ürəyim istəyir, onu da alacağam.
Nə çoxdur kəndimizdə gözəl-göyçək
qızlar. Elə biri Çərkəzin bacısı Güləsər.
Kimdən pisdir? Nə olar atası gəmiçi olanda? Özünün
də deyəsən mənə meyli var".
Şamxal papirosunu sümürüb çardağın
üstündən yerə atdı. Közərən papiros
havanı cızıb otluğun arasında xeyli qızardı.
İri bir ağcaqanad vızıldayıb Şamxalın
başına dolandı. Qulağının dibindən
sancıb uzaqlaşdı. Şamxal bayaqdan bəri onu yoran
dolaşıq fikirlərdən yaxasını qurtarmaq üçün
yorğanı başına çəkdi. Ancaq yenə
sakit ola bilmədi. Bir yandan da bədəninə daraşan birələr
onu qor kimi daladı. Yata bilməyəcəyini görən
Şamxal yorğanı kənara atıb oturdu. Hardasa xoruz
banladı. Aşağıdakı təpələrin
arxasından çıxan ay yuvarlana-yuvarlana yuxarı qalxdı.
Kəndin üstünə solğun bir işıq çiləndi.
Kürün şaxələnmiş suları parıldadı.
Gecə böcəkləri səs-səsə verib ötür,
çəmənlikdəki yaşıl qurbağalar quruldaşırdılar.
Ay doğandan sonra ulduzlar solğunlaşıb titrəşdi.
Asta, olduqca mülayim bir bahar küləyi əsdi. Şamxalın
burnunu çəmən çiçəklərinin qoxusu qıcıqlandırdı.
Çərkəzin xorultusu mışıltıya çevrilmişdi.
Şaxal qibtə ilə ona baxırdı. Ay doğanda
onu oyatmalı olduğunu belə unutmuşdu.
Birdən Çərkəz hövlank oyanıb, başını
yorğanın altından çıxartdı:
- Aya, a Şamxal.
- Nədi?
- Deyəsən hava aydınlaşıb?
- Hə, dur, ay çoxdan doğub.
Çərkəz yorğanı üstündən atıb
ayağa durdu. Qollarını açıb gərnəşdi.
Sərin havanı ciyərlərinə çəkib bərdən
əsnədi:
- Deyəsən yatıb qalmışıq.
- Yaman şirin yuxuya getmişdin, özüm qaldırmadım.
Çərkəz yorğanı kilimə büküb
çardaqdan endi. Həyətdən içəri atdı.
Bir az kənardan onu gözləyən Şamxalın papirosu
işıldayırdı.
Onlar kəsə cığırla birbaş sahilə yollandılar.
Ətraf səssiz idi. Kükrəyib daşan Kürün
qıjıltısı daha aydın eşidilirdi. Cələdəki
çaqqallar ulaşırdı.
Yarğanın qaşına çatdılar. Suyun msərin
havası onların üzünə çırpıldı.
Şamxalın bədəni üşürgələndi.
Çərkəz ay işığında parıldayan
qol-qanadlı Kürə baxdı:
- Deyəsən su daşıb.
- Yəqin yenə yuxarıya yağıb. Axşamdan dağların
başında şimşək çaxırdı.
Çərkəz köksünü ötürüb
uzaqda qaralan qayalıqlara baxdı.
- Yazıq kişi hələ də gəlib evə çıxmayıb.
- Kim, Qoca dayımı?
- Hə, - deyə Çərkəz cavab verdi. Sonra köksünü
ötürüb əlavə etdi: - Kişi yaman qocalıb.
Daha əvvəlki kimi deyil, əldən-ayaqdan düşüb.
- Qoyma getsin. O yaşda adama gəmiçilik etmək çətindir.
- Əlacımız nədir? Bir də, onu ölənəcən
gəmidən ayırmaq olmaz. Srağagün gəminin başını
aldırırlar. Kişi çəpi dayayıb gəmini
saxlayır. Suyun ortasına gələndə çəp
yerə çatmır. Özü də suya düşür.
Birtəhər üzüb çıxır. İndi
neçə gündür evə gəlmir.
Şamxal susdu. Çərkəz də dinmədi. Tozlu araba
yolunu keçib sauilə endilər.
- Su yaman bulanıb.
- Onda bəxtimiz kəsib.
- Asmaları su aparmaz ki?
- Ağlım kəsmir. Ancaq sən de ki, su daşıb
adanı basmamış ola.
Səs eşidən şələquyruq bir tülkü
gözləri parıldaya-parıldaya qaçıb, özünü
yarğanın altındakı ulğunluğa verdi.
Çərkəz zil səslə qıy çəkib onu daha
da qorxutdu.
- Gərək tüfəngi götürəydim.
- Ə kişi, sən balıqdan danış, tülkünü
neyləyirsən?
- Tülkülərlə mənim haqq-hesabım çoxdur.
Köpək oğlunun malı qapıda toyuq-cücə
qoymayıb.
Çərkəz suyun qırağına çatan kimi
paltarını soyundu. Bir neçə gün əvvəl
su daşanda əmələ gələn gölməçəyə
yaxınlaşdı.
- Ə, hara gedirsən?
- Qurbağa tutmağa. Qarmağa keçirəcəyəm.
O özünü şappıltı ilə suya atdı.
Bir az bundan qabaq səs-səsə verib suyun üzündə
süzən qurbağalar susdular. Çərkəz balaca gölməçədə
xeyli əlləşdi. Bir-iki dəfə əlinə toxunan
soyuq və sürüşkən qurbağaları qaçırtdı.
Şamxal dolaqlarını açana qədər Çərkəz
qayıtdı. Onun əlində beş-altı qurbağa
vardı. Çərkəz onları başıaşağı
sallamışdı. Qurbağaların qarnı ağarırdı.
- Al, aqrmağa keçir. Özün də əlli tərpən.
- Əlimə ziyil düşməz ki?
- Boş sözdür. Amma qarmağa elə keçir ki,
ölməsinlər.
Onlar paltarlarını soyunub, yarğanın dibində,
iri bir daşın altında gizlətdilər. Şamxal
suya girməzdən əvvəl dönüb Çərkəzin
üzünə baxdı.
- Hansı tərəfə gedəcəyik?
- Adanın o üzündəki çiləkənlərin
alt tərəfinə. Orada həmişə balıq olur.
Kürün üstünü qatı duman bürümüşdü.
Xırdaca və köpüklü ləpələr yarğanın
dibini yalayır, ağac qırıntılarını
və çör-çöpü kənara atırdı.
Onlar sahilboyu qalxdılar. Bir azdan Şamxal dayandı:
- Ə, hara gedirsən, gəl elə şığanıb
burada keçək.
- Yox, bir az da gəl. Yuxarıdan düşək ki, birbaş
adanın üstünə çıxaq. - O dayanıb
Şamxala baxdı. - Yoxsa üşüyürsən?
- Niyə sən üşümürsən, mən üşüyürəm?
- Mənə baxma, rəiyyət balasının canı
bərk olur. - O, sözünün dalını demədən
şappıltı ilə suya atılıb üzməyə
başladı. - Gözlə ha, qurbağaları axıdarsan.
Su soyuq idi. Ancaq bunu nə Şamxal, nə də Çərkəz
hiss edirdi. Onlar bir-birinin bəhsinə üzüb adaya çatdılar.
Yalnız burada bədənlirinin soyuqdan qızardığını
hiss etdilər. Çərkəz yaxşı tanıdığı
cığırda ulğunluğu keçib, qarmaq atdığı
yerə gəldi. Qarmağın biri yerli-dibli yox idi. Bunu görən
Çərkəz özünü saxlaya bilmədi.
- Vay, köpək uşağı!
- Nə olub? - deyə ona yaxınlaşan Şamxal soruşdu.
- Bəlkə balıq kəndiri qırıb?
- Yox... Dayan, dayan, ayaq izi var. Vay sizin... Özü də indicə
aparıblar. Yəqin balıq düşübmüş.
Adanın o tərəfindəki qamışlıqdan səs
gəldi. Çərkəz birbaş oraya yüyürdü.
Şamxal onu tək buraxmadı.
- Anasının əmcəyini kəsənlər, hara qaçırsınız?
Əyə, dal tərəfdən qabaqlarına keç, qoyma
bunları, - deyə Çərkəz qışqırıb,
ayağını batan çökürlərə fikir
vermədən irəli cumdu.
Onlar qamışlığa çatanda heç kəsi
görmədilər. Duman daha da qatılaşmışdı.
Ancaq o taydan, yarğanın qaşından səs gəlirdi.
Xısın-xısın danışıb gülürdülər.
- Gəl qayıdaq, heç kəs yoxdur.
- Görmürsənmi səs gəlir?! Yəqin Sadıqlının
uşaqlarıdır. Yaxşı, borc olsun!...
Onlar geri qayıtdılar. Atılan qarmağın birini
də balıq aparmışdı. Çərkəz daha
da əsəbiləşdi. Elə bu vaxt sudakı qarmağın
zərblə dartıldığını gördülər.
Çərkəz hər şeyi unudub, birbaş çiləkənin
yanına qaçdı. Balıq çırpınıb
suyun üzərinə çıxır, quyruğunu şappıldadıb
dartınır, sonra da suyun dibinə cumurdu. Kəndir az qalırdı
ki, üzülsün.
- Əyə, tez özünü yetir, deyəsən yaman
zırpı balıqdır, gücüm çatmır.
Çərkəz kəndirdən tutub var gücü ilə
dartır, balıq isə onu sürüyüb aparırdı.
Şamxal onun köməyinə çtmasa idi, Çərkəz
axıracan tab gətirə bilməyəcəkdi. Naqqa bir anlığa
suyun üzünə qalxdı. Sanki düşmənlərinin
kim olduğunu bilmək istəyirmiş kimi onlara baxdı
və birdən quyruğunu suya elə çırpdı
ki, onların hər ikisi səksənib geri sıçradı.
Balıq yenə suya cumdu. İslanmış kəndir dartınıb
onların əlini kəsirdi. Balıq onları addım-addım
su aşağı aparırdı.
- Əyə, tez kəndiri bir yerə bağla, - deyə Çərkəz
qışqırdı. Şamxal güc-bəla ilə
ipi ulğun koluna dolayıb dayandı. Onlar nəfəslərini
dərdilər. Görünür, balıq da dincəlirdi.
- İndi ipi yavaş-yavaş yığ!
Onlar güc-bəla ilə kəndiri çəkdilər. Naqqa
yavaş-yavaş təslim olurdu. Nəhayət, onu çəkib
çıxartdılar. Çərkəz sahildə, qumluqda,
çapalayıb çırpınanbalığı
əldən qaçırmamaq üçün iri bir ağac
götürüb var gücü ilə naqqanın başına
endirdi. Gicəllənən balıq bığlarını
oynadıb rahatlaşdı. Çərkəz onu candan eləməmiş
əl çəkmədi.
- Belə eləməsəm suya düşən kimi diriləcəkdi.
İtlərin allahı verdi, köpənəcən yeyəcəklər,
- deyə Çərkəz naqqanı ayacı üstə
çevirdi.
Dayanıb bir-birinin üzünə baxdılar. Bədənlərindən
buğ qalxırdı.
- Hə, üşümürsən ki?
- Yox.
- Onda gedək, çələkənin alt tərəfinə
qarmaq ataq.
- Yə'ni orda balıq var?
- Var. Qızıl balığın əsl məkanı
oradır.
Şamxal e'tiraz eləmədi. Ulğunların arası
ilə Çərkəzin göstərdiyi səmtə doğru
addımladılar.
... Onlar paltarlarını geyinib sahilə qayıdanda artıq
dan yerinə səda düşmüşdü. Səba
nəsimi Kürün səthinə çökmüş
dumanı qovub uzaqlara aparırdı. Sahildəki ulğun
kolları, yaşıl otlar, hətta cığırlar
belə şehə bulaşmışdı. Kənd itləri
səs-səsə verib hürüşür, at kişnəməsi
və mal-qara səsi ətrafa yayılırdı.
Çərkəz yarğanın kənarındakı
dikdirdə ayaq saxladı. Yenicə tutduqları pullu balıqları
irəli uzatdı.
- Al, evə apar. Mən yenə tutaram.
- Yox, - deyə Şamxal e'tiraz etdi. - Gedək sizə. Güləsər
bişirsin.
- O nə qanır balıq bişirməyi?
- Elə demə, çox ləzzətli balıq bişirir.
Çərkəz qaşlarını çatdı. Təəcüblə
Şamxalın üzünə baxdı:
- Sən hardan bilirsən?
- Bilirəm, - deyə Şamxal sakitcə cavab verdi.
Çərkəz heç nə demədi. Şamxal onun evə
doğru könülsüz addımladığını
hiss etdi.
5
Qaranlıq qarışıb əl-ayaq yığışandan
sonra Zərnigar xanım yan otağa çəkildi. Səhərdən
dilinə bir şey dəyməsə də qulluqçuların
gətirdiyi çay-çörəyə əl vurmadı.
Anası ilə bərabər, göz yaşı axıdan
Salatın nə qədər yalvardısa da, arvad inadından
dönmədi. Evə qaranlıq çökdü. Qızının
lampanı yandırmaq istədiyini görəndən acıqlandı:
- Yıxıl, öl bir yerdə! Mənim çırağımı
fələk özü söndürüb.
- Ana, dərdin alım, adamın ürəyi darıxır.
- Bəs mənim ürəyim darıxmır?
- Qoy yandırım.
- Sənə dedim otur bir yerdə. Mən bu evin ocağını
kor qoycağam.
- Sən qağamın canım.
- Qağan da ölsün, sən. Əl çək məndən.
- Ana, necə qıyıb qağama elə dedin?
Arvad hirsli olduğundan nə danışdığını
bilmirdi. Salatın səsini kəsib təəccüblə
onun üzünə baxanda Zərnigar xanım elə bil
yuxudan ayıldı. Hələ də evə qayıtmayan
oğlunu xatırladı.
- Allah atan Cahandar ağanını əlifini yanıltsın,
ay bala, məni elə çaşdırıb ki, nə danışdığımı
da bilmirəm.
Salatın ansının boynunu qucaqlayıb, üz-gözündən
öpdü:
- Dərdin alım, ay ana, qağamı qarğama.
Həmişə mal-qara örüşdən qayıdanda
həyətə çıxıb, əli belində, qulluqçulara
göstəriş verən, inəklərin südünü
bir yana yığdırıb eyməyə çəkdirən,
toyuq-cücəni rahatlayıb, itlərin yalına belə
göz qoyan Zərnigar xanım indi yerindən tərpənmədi.
Yarğanın qaşında at kişnəyəndə
ərinin gəldiyini hiss etdi. Otaq onun başına fırlandı.
Arvadın bədənini titrətmə götürdü.
O, pəncərədən hər şeyi görürdü.
Əlində çatı, buzov dalınca qaçanları
da, malları xalxala dolduranları da, itlərin zəncirini
açıb yal tökənləri də gözündən
qoymurdu. Onun həyatı dünənə qədər nə
yaxşı sakit keçirdi. Şamxal bir tərəfdə
hərlənir, hamıdan çox istədiyi, boynunu oxşayıb
"mənim yaranal ərim" - dediyi Cahandar ağa samanlığın
üstündə oturub nərildəyərdi. Zərnigar xanım
da ortada hərlənərdi. Amma indi!..
Onun fikri bayırda qalsa da yerindən tərpənmir, canını
dişinə tutub dayanırdı. Hətta xalxaldan çıxan
təpəl buzov anasını əməndə arvad hər
şeyi unudub "ay qız!" - deyə çığırdı
da. Salatın ansından nə olduğunu soruşanda Zərnigar
xanım "heç" - deyə köksünü ötürdü.
Onun gözü yolda idi. Bu gün-sabah kiçik oğlu
oxumaqdan qayıdacaqdı. Ona nişan aparacaqdılar. Zərnigar
xanım düz iki il idi ki, kənd qızlarını
gözündən qoymurdu. İstər qaynarda, istərsə
də Kürdə çimişəndə onlara baxır,
toyda, nişanda özünə gəlin seçirdi. Əşrəf
onun istəklisi idi. Özünün dediyi kimi, ilk ovunun balası
idi. Onun özünə layiq bir qız axtarıb tapmaq,
sonra da cah-cəlalla toy etmək Zərnigar xanımın arzusu
idi. Axı, Əşrəf hər oğlun tayı deyildi.
Hələ bu mahalda onun kimi gözəl-göyçək,
qanacaqlı, mə'rifətli bir oğul yox idi. Zərnigar
xanım elə bilirdi ki, göy çat eləyəndə
Əşrəf yerə düşüb. O hər yerdə,
hər məclisdə oğlundan danışar, onun boynunu
sevərdi. Buna onun haqqı da var idi. Doğrudan da, bu mahalda
iki savadlı vardısa, onun biri Əşrəf idi. Əlbəttə,
kitab-dəftərin nə olduğunu bilməyən Zərnigar
xanım oxumağın da nə olduğunu başa düşmürdü.
Ancaq bircə şeyi bilirdi ki, oğlu deyəsən hamıdan,
hətta doğma qardaşı Şamxaldan da seçilir.
Bir ay bundan əvvəl onlar qazının qapısına
getmiş və qız "hə"sini almışdılar.
Onlar Əşrəf gələnə qədər hər
şeyi hazır etmək istəyirdilər. Elə bu məqsədlə
də Cahandar ağa şəhərə, həftəbazarına
getmişdi. Geri qayıdanda parça-paltar əvəzinə
Mələyi gətirmişdi. Zərnigar xanımı da
elə yandıran bu idi. Bunları düşündükcə
onun başından tüstü çıxır, ünü
göyə qalxırdı. "Səni görüm el içində
xəcil olasan, ay kişi, oğul-uşaq yanında üzün
qara olsun", - deyə ərinə qarğayırdı.
Həyətdə ocaq qalanıb maralın dərisi soyulanda
arvad yenidən hirsləndi. "Səni görüm gora sağ
baş aparmayasan! Təzə eşqə düşdüyün
yerdə tanrı belini qıraydı. Gör nə tezcə
də ona gedib? Gül kimi balamı evindən didərgin salıb,
hələ utanmır, iştahından maral əti də
keçir. Görüm yediyiniz boğazınızda qalsın.
Bilirəm ki, elə də olacaq. Təzə bardağın
suyu sərin olar. İndidən xanımına maral əti
yedirdir. Qoy olsun. Mənim ahım sizi tutmasa, daha heç nə
bilmirəm".
Salatın anasının vəziyyətini başa düşsə
də, bir şey deyə bilmirdi. Axı o nə edə bilərdi?
Anasına təsəlli vermək üçün bir sözü
yox idi...
Tapdıq qapını ayağı ilə itələyib,
yavaşca araladı. Əlindəkiləri yerə salmamaq
üçün çiynini qabağa verib, otağa keçdi.
Yenicə qalaylandığından par-par parıldayan iri
mis sinini taxtın üstünə qoydu. Sacdan götürdüyü
isti yuxaları qatlayıb göy soğanla birlikdə camın
yanına düzmüşdü.
Tapdıq sinini ehmalca irəli itələdi.
- Xanım, özüm bişirmişəm. İsti-isti
yeyin.
İstiot və kəkotu səpilmiş kababın xoş
ətri dərhal otağa doldu. Salatın tez ayağa durdu.
O, birtəhər anasının könlünü almağa
çalışdığından, qabı irəli
çəkdi. Ancaq anası ona imkan vermədi. İlan çalmış
kimi yerindən dik atılıb camı götürdü
və vıyıltı ilə bayıra atdı. Tikələrin
hərəsi bir tərəfə dağıldı. Mis cam
daşa dəyib danqıldadı, sonra da otluğa diyirləndi.
Otağı əsəbi bir səs bürüdü:
- Apar, ver ağana, qoy təzə xanımının gözünə
soxsun.
Tapdıq nə isə demək istədi. Lakin Zərnigar xanım
ayağını yerə döyüb onun üstünə
qışqırdı:
- Bu saat rədd ol burdan! Yoxsa, ağanı sənə, səni
də ağana qataram.
Nökər dinməz-söyləməz bayıra çıxdı.
Arvadı yenidən hirs götürdü. "Yox, bu evin altını
üstünə çevirəcəyəm. Onun yurduna od vuracağam.
Bu hayıfı onda qoymaram. Mən çöldə-zadda
qalmamışam. Mənim də sahibim var. Yerlər qulaqlıdır.
Bu gün-sabah gəlib çıxarlar".
O doğrudan da qapını açıb həyətə
çıxmaq, ərini Mələyə, Mələyi də
ərinə qatmaq istədi. Ancaq səhərki əhvəlatı
xatırlayanda susdu. Büzüşüb bir küncdəcə
oturdu. Əli hər yerdən üzüldüyündən,
gözlərinə dəm verdi.
Salatın yük yerindən yorğan-döşək
götürüb yer saldı. Sakitcə anasına yaxınlaşdı.
- Dur, ana, qurbanın olum, canına yazığın gəlsin.
Zərnigar xanım bu dəfə dinmədi. Elə pallı-paltarlı
yerinə uzandı. Salatın anasının böyrünə
qısıldı. O, bu saat anasının fikrini dağıtmaq
üçün çox şey söyləmək istəyirdi.
Ancaq nədən başlamağı bilmirdi. Qardaşından
söz salıb Şamxalın harda olduğunumu soruşsun,
yoxsa Əşrəfdən danışıb qardaşına
almaq istədikləri qızımı tə'rifləsin?
İki gün əvvəl Kürün qırağında
onu gördüyünümü söylüsin? Anasına
desinmi ki, qız Əşrəfi soruşurdu? Onun qaş-gözünü
tə'rifləyib, şirin gülüşündən,
çənəsindəki qara xalından sözmü salsın?
Salatın çox fikirləşdi, çox düşündü
və özünün də xəbəri olmadan yuxuya getdi.
Qızının bir quzu kimi böyrünə qısıldığını
görən Zərnigar xanım ehmalca onun üstünü
örtdü. Salatın şirin-şirin mışıldayırdı.
Arvad bir anlığa hər şeyi unutdu. Onun qəlbindəki
analıq hissi qadınlıq duyğusuna, kin-küdurətə
və qısqanclığa üstün gəldi. "Mən
bunu hara qoyum gedim? - deyə düşündü. - Tutalım
sifariş elədim, qardaşlarım gəlib məni apardılar,
bəs sonra? Onlar dinc duracaqlarmı? Araya qan düşməyəcəkmi?
Kim bilir, dilim-ağzım qurusun, bəlkə də uşaqlardan
birini öldürdülər. Ya da ki, bizim kişini vurdular,
onda necə olacaq? Elə də olsa, belə də olsa, yenə
mənim evim yıxılmayacaqmı? Oğlum-qızım
düzdə qalmayacaqmı? Nə bilim vallah, heç özüm
də bu işlərdən baş açmıram. Kaş
yaranmayayadım. Allah məni bura gətirən günə
daş yağdıraydı".
Artıq ətraf sakitləşmişdi. Ay solğun işığını
pəncərədən içəri salmışdı.
Kürün qıjıltısı aydınca eşidilirdi.
Zərnigar xanım gözünü pəncərədən
bayıra zilləyib fikrə getdi. Xəyal onu uzaqlara, bu yerlərə
gəldiyi ilk günlərə aparıb çıxardı...
Zərnigar üç qardaşın tək bacısı
idi. Evin körpəsi, anasının sonbeşiyi olduğuna
görə hamı onun başına pərvanə kimi
dolanırdı. Evdəki gəlinlər onu əzizləyir,
özlərinə bir don tikəndə, ona ikisini biçirdilər.
Zərnigar qayğısız bir həyat keçirirdi. Kənddə
bir toy, nişan olanda gəlinlər onu da aparır, qardaşların,
bu tək bacını dönə-dönə oynadıb
əllərini şabaşla doldurur, yorub taqətdən salmamış
ondan əl çəkmirdilər. İllər keçdikcə
Zərnigar yaşa dolur, nazik, ucaboy bir qıza dönürdü.
Artıq nişanlı qızlar onu öz cərgələrinə
qatır, bəy gəzəndə onu da özləri ilə
aparırdılar. Zərnizar belə yerlərdən çox
vaxt əlləri və dırnaqları xınalı qayıdırdı.
Qardaşları onu elə görəndə sataşır,
"a xınalı kəklik, çox dağa-daşa çıxma,
naqafil ovçuya rast gələrsən", - deyirdilər. Zərnigar
bu atmacaların mə'nasını o qədər də yaxşı
başa düşməsə də, qızarıb evdən
bayıra qaçırdı.
Bir yenə kəndlərində toy vardı. Cavanlar cıdıra
çıxmışdılar. Qızlar, gəlinlər
damın üstünə toplaşıb qoşalaşan
atlara baxırdılar. Nəməri kimin alacağı
hamını maraqlandırırdı. Zurnaçılar
cuşa gəlib daha da izlə çəkirdilər. Atlılar
uzaqlaşır, xır yolunu keçib o tərəflərə,
təpələrin ətəyindəki düzənliyə
gedirdilər.
Onlar kənddən aralanıb döngədə görünməz
oldular. Az sonra geri qayıtdılar. Qabaqda göy buxara papaqlı,
kəhər atlı bir oğlan gəlirdi. At quş kimi
süzür, xəndəklərin üstündən yüngüllüklə
atılırdı. Çərkəzi paltarlı bu oğlan
atın yalına yataraq qamçını oynadırdı.
Onun başlığı ağ göyərçin
qanadı kimi havada çırpınırdı. Hamı
təəccüblə cıdırın qalibinə baxırdı.
Camaatın arasına pıçıltı düşmüşdü:
- Bu kimin oğludur?
- Vallah, tanımıram.
- Heç biz tərəfin adamına oxşamır.
- Deyəsən qonaqdır.
- Qonaq ürək eləyi bizim cavanların qabağında
at oynatmaz.
- Ciyərli oğul özünü hər yerdə göstərər.
Adamlar atlının qabağına yüyürdülər.
Qərib oğlan nəməri göydə alıb atının
boynuna doladı. Gümüş döşlüklü
kəhərin yalı, qırmızı kələğayının
altından qız teli kimi axıb töküldü.
Oğlan arxada qoyduğu cavanları gözləmədən
atını birbaş zurnaçıların qabağına
sürdü. Kəhər şaxə qalxıb kişnədi.
Dəfin ahənginə uyğun olaraq qabaq ayaqlarını
yerə döydü. Oğlan birdən yəhərdə
başı üstündə dayandı. At qaçaraq
onu xeyli uzağa apardı və geri dönüb dördnala
çapdı. Oğlan görünməz oldu. Arvadların
çoxu, elə Zərnigar da içini çəkib qışqırdı.
At qaçıb camaata yaxınlaşanda kəhərin böyrünə
yatan oğlan sıçrayıb ayaq üstə atın
belinə qalxdı. Zurnaçıların bərabərinə
çatanda atılıb yerə düşdü.
Hamı heyran qalmışdı. Ancaq, deyəsən, kənd
cavanlarının çoxu qəzəbli idi. O, atı yedəkləyib
kənara çəkilən kimi, kimsə xəncərin dəstəyindən
yapışıb irəli çıxdı.
- Ə, toy toğlusu kimi nə atılıb-düşürsən!
Yoxsa bizi arvad hesab eləyirsən?
Oğlan çiyni üstündən dönüb saymazyana
ona baxdı.
- Özün arvad adını üstünə götürürsənsə,
mən bir şey demirəm.
Xəncərin havada parıldaması ilə qəribin oğlanın
biləyini göydə tutması bir oldu.
- Vaxtsız banlayan beçənin başını tez
kəsərlər, bala, ağır otur, batman gəl.
Cavanların bir neçəsi irəli çıxanda Zərnigarın
qardaşları qırğı kimi atılıb
ortaya keçdillər və qəribi araya aldılar.
- Kimi əcəl hərləyirsə, qabağa çıxsın,
- deyə xəncərlərini hazır tutdular. Elə bu vaxt
zəhmli bir səs eşidildi:
- Rədd olun burdan, haramzadalar! Adam da qonağa əl qaldırarmı?
Cavanlar xəncərlərini qınına qoyub geri çəkildilər.
Toy sahibi qonağın kürəyinə döydü.
- Ananın südü sənə halal olsun, a bala, sən
onlara baş qoşma, yandıqlarından elə eləyirlər.
Zərnigar camaatdan aralanıb qardaşlarının yanına
qaçdı. Qərib oğlana diqqətlə baxdı.
Ev sahibi yenə oğlana müraciət etdi:
- A bala, kimlərdənsən?
- Göytəpədənəm.
- Bəs burada bir simsarın varmı?
O dillənənə qədər Zərnigar böyük qardaşı
cavab verdi:
- Bizə qonaq gəlib, qohumumuzdu, ay Murad dayı.
Kişi diqqətlə onları süzüb gülümsündü.
- Olsun, a bala, ət yeyən quş dimdiyindən bilinir.
Zurnaçılar susmuşdular. Hamı məsələnin
nə ilə qurtaracağını gözləyirdi. Murad
kişi çiynindən sürüşüb düşən
əbasını düzəldib qışqırdı:
- Əyə, niyə kiridiniz, çalın görək.
Qoyun qızlar oynasın!
Zurnaçılar oyun havası çaldılar. Yenə
hər kəs öz işinə başladı. Yalnız
bu zaman qonaq dönüb Zərnigara baxdı. Qız hər
şeyi unutmuşdu. Oğlanın cəsarəti, bu yad
yerdə qorxmaması onu heyran etmişdi. Oğlan nədənsə
gülümsündü, sonra da üzünü Zərnigarın
böyük qardaşına tutdu:
- Bu qız kimdir?
- Bacımdır.
Oğlan ani fikrə getdi və birdən atın boynundan kələğayını
açıb Zərnigarın çiyninə atdı:
- Al, qoy sənin olsun.
Zərnigarın qardaşları azca pərt oldular. Ancaq
bir şey demədilər. Yalnız kiçik qardaşı
qızın üstünə acıqlandı:
- Çənəmizin altını niyə kəsdirirsən,
çıx get!
Zərnigar cəld qızların yanına qaçdı.
- Ay qız, o kim idi?
- Ay batmış, gözlə ha.
- Yamanca şeysən, şeytandan üç gün qabaq
yaranmısan.
- Kələğayı hanı, göstər görək.
- Nəməri niyə sənə verdi?
- Pis oğlan deyil, amma yaman qaradır.
Qızlar onu sərçə kimi didişdirib suala basdıqca,
Zərnigarın yanaqları qıpqırmızı
olub, boynundakı kələğayının rəngindən
seçilmədi. Nəhayət, o sinəsini qabardıb qızlara
qürurla cavab verdi:
- Belə öz qohumumuzdur, sizə nə var?
Toy qurtardı. Oğlan bir gecə qonaq qalıb getdi. Ancaq
Zərnigar onu unuda bilmədi. Oğlanın bağışladığı
qırmızı kələğayını qatlayıb
sandıqda, ala-bəzək parçalardan tikdiyi boğçanın
içində gizlətdi. Hərə bir tərəfə dağılıb,
evdə sakitlik olanda Zərnigar boynundan asdığı
açarla sandığı açıb pal-paltarını
tökər, kələğayını çıxarıb
baxar, tərli at qoxusunun gedib-getmədiyini yoxlayar, sonra da keçən
yay dağda dərdiyi sarı boğa çiçəyinin
arasına qoyub yenə sandıqda gizlədərdi. Qız
oğlanı unuda bilmirdi. Hətta bir gecə işığı
söndürüb anasının yanına uzananda səbr
edə bilməyib:
- O oğlan kim idi? - deyə soruşdu.
- Hansı, dərdin alım?
- Mənə kələğayı bağışlayan.
- Qohumumuzdur, dərdin alım, atan tərəfdən qohumuq.
- O ki bizim kənddən dehil, hardan qohum olduq?
- Axı qızım, bizim də əslimiz o tərəfdən,
Kürün aşağısındakı Göytəpədəndir.
Sonra köçüb buraya gəlmişik.
- Niyə?
- Eh, neylirsən, qızım, onları soruşub? Bu, uzun
əhvalatdır.
Zərnigar israr etmiş, anası da demişdi ki, rəhmətlik
babanın əlindən xata çıxıb, araya qan düşüb.
Kənddə ikitirəlik olub. Axırda baban cana doyub, gecənin
birində arvad-uşağını arabaya doldurub, kənddən
qaçıb. İndi biz burda olsaq da kökümüz-nəslimiz
ordadır, dərdin alım. Cahandar ağa da babayın
nəslindədir.
Zərnigar o gündən sonra oğlanı daha intizarla gözlədi.
Bu hadisədən düz bir il sonra qıza elçi gəldi.
Nişan taxdılar, sonra da toy oldu. Zərnigarı Cahandar
ağaya verdilər...
... Gözünü pəncərəyə zilləyib dayanan
Zərnigar xanım hər şeyi indiki kimi xatırlayırdı.
Düz üç gün, üç gecə toy çaldılar.
Sonra da qumrovlu fayton gətirdilər. Qardaşları kövrəlmişdi.
Deyəsən, bacılarından ayrılmaq onlara ağır
gəlirdi. Zərnigar onların boynunu qucaqlayıb ağladı.
Gəlini evdən çıxartdılar. Kimsə "gəlin
oynasın", - dedi. Zərnigarı ortaya çəkmək
istədilər. Ancaq qızın böyük qardaşı
irəli yeridi. "Mənim bacım öz toyunda oynamayacaq". Mübahisə
qızışdı. Axırda yengə ortaya çıxdı.
"Gəlində işiniz olmasın", - dedi. Faytonlar qatarlaşdılar.
Zərnigar evlərindən ayrıldı. Kimsə "yola çıxan
kimi faytonları dayandırıb gəlini oynadacağıq",
- dedi. Zərnigar, qardaşının hirsli səsini eşitdi:
"Beşaçılanı doldurub damın üstündə
gözləyəcəyəm. Kimin hünəri varsa, oynatsın!".
Qumrovlu faytonlar yola çatıb dayandı. Zurnaçıları
düşürdüb oyun havası çaldırdılar.
Gəlini oynatmaq istədilər. Elə bu vaxt başlarının
üstündən dalbadal üç güllə vıyıldayıb
keçdi. Dönüb baxdılar. Zərnigar da üzündən
duvağı araladı. Damın üstündə əli
tüfəngli dayanan qardaşını gördü.
Ağsaqqal bir kişi cavanlara acıqlandı:
- A bala, höcət eləməyin, görmürsünüzmü
tərs damarına düşüb?!
Faytonların qumrovları yenidən zınqıldadı.
Atlılar qaçıb qabağa keçdilər.
Bütün bunlar düz iyirmi il qabaq olmuşdu. O zaman
Zərnigarın on altı yaşı vardı. İndi
o, üç uşaq anası idi. Əri həmişə
onu "Zərrim, Zərrim", - deyə əzizləyərdi. "Bəs
indi nə oldu? Niyj birdən-birə üzü döndü?
Yox, kişiyə cadu yazdırıblar. Üstünə
qurd yağı sürtüblər. Allah mərdimazarın
evini yıxsın. Paxılın goru çatlasın.
Məni götürməyənin gözünə nar şaxı
batsın".
Bayırda külək qalxdı. Həyətdə, dirəkdən
asılmış tənəkə ləyən yerə düşüb
danqıldadı. Tardakı toyuqlar qığıldaşdılar.
Talvarın üstündəki ot tayası uçub yerə
töküldü. Zərnigar xanım küləyin otu
bir yumaq kimi büküb xırman yerinə qədər apardığını
gördükdə yerindən tərpənmədi. "Qoy allah
hər şeyin altını üstünə çevirsin",
- deyə öz-özünə pıçıldadı.
Nökərlərin samanlığın yanında qaladıqları
ocaq yerindəki qığılcımlar göyə sovruldu.
Zərnigar xanım yerin içində dirsəkləndi. "Belləri
qırılmışlar, elə yeyib-yatmağı
bilirlər. Ocağı da söndürməyiblər.
Bu saat samanlığa od düşəcək". O, həyəcanlandı
və bir az bundan əvvəl dediyi sözləri unudub yerindən
qalxdı. Qapıya yaxınlaşdı. Nə qədər
hirsli olsa da, ərinə qarğayıb söysə də,
var-dövlətinin yanıb kül olmasını istəmirdi.
Necə deyərlər, dil desə də, ürək razı
olmurdu.
Zərnigar xanım, qapını açıb bayıra
çıxdı. Nökərləri qaldırıb
danlamaq, sonra da ocağı söndürməyə göndərmək
istədi. Pəncərənin qabağından keçərkən
gözucu içəri baxdı. Fitili aşağı
çəkilmiş otuzluq lampanın solğun işığında
ərini və onun qolu üstündə yatan Mələyi
gördü. Arvadın gözünə qaranlıq
çökdü. Ona elə gəldi ki, eyvanın dirəkləri
əyildi, tavan onun üstünə uçdu. Arvad divara söykənib
güc-bəla ilə ayaq üstündə dayandı.
Hər şey - közərən ocaq da, vıyıldayan
külək də, alışıb yanan od da onun yadından
çıxdı. O, qaranlıq yol itirən adamlar kimi divardan
tuta-tuta birtəhər sürünüb özünü
evə saldı. İniltili səsi otağa yayıldı:
- Gözün tökülsün ay tanrı, məni
niyə bu günlərə qoydun?
6
Mələyin yoxa çıxması xəbərini eşidəndən
yarımca saat sonra Allahyar yola hazırlaşdı. Qumar
yoldaşlarını və karvansara sahibini duyuq salmamaq üçün
əhvalatı açmadı. Onların sualına "daha
bəsdir, evdə işim-gücüm tökülüb
qalıb", - deyə təmkinlə cavab verdi.
Onun atını gətirdilər. Bu neçə gündə
arpa yeyib kökələn ət yüyənini çeynəyir,
həndəvərinə hərlənən adamları dişləyib
gəmirmək istəyirdi. Allahyar kəhərin qoltuqaltısını
yoxladı, qarın qayışını çəkib
bərkitdi. Sonra gümüş döşlüyünü
sahmana saldı. Ayağını üzəngiyə qoyub,
atın belinə qalxmazdan əvvəl mehtərin haqqını
verdi.
At, sahibinin süvar olduğunu duyan kimi başını
dik tutub kişnədi. Allahyar üstü çadırlı
furqon və arabalarla dolu karvansara həyətindəki atların,
ulaqların arasından keçib küçəyə
çıxdı.
O əvvəlcə heç yerdə dayanmamaq, atını
dördnala çaparaq, bu kiçik qəza şəhərindən
uzaqlaşmaq istədi. Amma dükançıların "axşam
bazarıdır, ay müştəri, özünü
yetir, yaxşı zəncəfil, darçın, mixək
var. Əklə düyüsü, İrəvan qaysısı,
könlün nə istəsə tapılar", - deyə çağırdıqlarını
eşidəndə tərkindəki boş xurcun yadına
düşdü. Küçənin yanlarında qatarlaşan
uca çinarların kölgəsi ilə atını
astaca sürdü.
Kənarlarına iri, yastı daş döşənmiş
küçənin hər iki tərəfi dükan idi. Səkilərin
yaxası boyu balaca arx çəkilmişdi. Sular ağacların
dibi ilə şırıldayıb axırdı. Çinarların
başı qarğa yuvası ilə dolu idi. Baqqallar, xırdavatçılar
və dükançılar nə qədər çalışsalar
da, quşları qova bilmirdilər. Qarğalar höcətə
düşmüş kimi budaqlara qonub qarıldaşır,
bə'zən hay-küylə uçub, yerə yapışmış
kimi görünən birmərtəbəli şəhər
evlərinin üstündə fırlanır, kirəmit
qonur, sonra yenə də yuvalarına toplaşırdılar.
Dükançıların cəhdinə baxmayaraq, səkilər
zibillənirdi. Onlar gündə üç dəfə dükanın
qabağını sulayırdılar. Kimi özü
xəkəndaz götürüb, kimi də dükanların
qabağında boynunu büküb dayanan yetim uşaqlara
bir-iki qəpik verib səkini suladırdı.
Allahyar küçəyə çıxanda dükançılar
adətləri üzrə yenə səkiləri sulayırdılar.
Balaca uşaqlar, dəlləklər, künclərdə dükan
açmış yamaqçılar, çəkməsilənlər
elə bir yarışa girmişdilər. Onlar bir-birini həvəsə
gətirirmiş kimi "ay başına dönüm, qoyma
gəldi", - deyə qışqırır, tozu yatırmaq
üçün yola da su çiləyirdilər.
Allahyar atdan düşdü. Kəhəri ağaca bağlayıb,
xurcunu götürdü. Dükana yaxınlaşdı.
Alverçilər onu - köhnə və tanış müştərini
mehribanlıqla qarşıladılar. Allahyar beş-on
girvənkə düyü, kişmiş, qaysı aldı.
İki kəllə qənd götürdü. Çəkməçilərdən
anasına bir cüt məst aldı. Xurcununun ağzını
bağlayıb, yenə atın belinə qalxdı.
Artıq gün əyilmişdi. Ağacların kölgələri
uzanıb çarpazlaşmış və küçəyə
sərilmişdi. Tənəkəçi dükanlarının
qabağındakı dəmir sobalar, qab-qacaqlar günün
altında parıldayırdı. Ustalar çəkiclə
tənəkələri döyəclədikcə danqıltı
şəhəri başına götürür, dəmirçixanalardakı
zindan səsini belə batırırdı.
Allahyar çilingər və qalayçıların yanından
ötdü. Tanış nalbəndlə salamlaşıb,
yoluna davam etdi. Tələsmək lazım id. Bir azdan gün
batacaq, axşam qaranlığı çöllərin
üstünə çökəcəkdi.
O, atı mahmızladı. Şəhərin kənarındakı
dəmir körpüyə yaxınlaşdı. Selləmə
yağışlardan sonra yatağına sığmayan
boz-bulanıq sulara, körpünün dirəklərini
döyəcləyən hirsli çaya belə baxmadı.
Atını dördnala çaparaq, şəhərdən
uzaqlaşdı. O, qaranlıq qarışana qədər
yolun qorxulu yerlərini keçmək və işıq gözünə
özünü evlərinə çatdırmaq istəyirdi.
At da sahibinin fikrini başa düşmüş kimi tələsir,
az qala qanadlanıb uçurdu. Allahyar yenicə nallatdığı,
ayağından qığılcım qopan atını
gah xır yolla sürür, gah da sünbüllənmiş
taxıl zəmilərinin arasındakı torpaq yola salırdı.
O sakitləşə bilmirdi. Şəhərdə ləngidiyinə
və bir həftədən bəri karvansarada qumara başı
qarışdığına görə özünü
danlayırdı. "Zəhrimara yaman şirnikmişdim. Gərək
elə cümə ertəsi, əlim tutan günün səhərisi
qayıdaydım. Evə tez dönsəydim, bəlkə
də bu iş baş verməzdi".
Allahyar Mələyin evdən baş götürüb
getməsini heç cür ağlına sığışdıra
bilmirdi. Axı o, allahın dilsiz-ağızsız heyvanı
idi. Neçə dəfə döyülüb-söyülmüş,
hətta evdən də qovulmuşdu, ancaq heç cınqırını
da çıxarmamışdı. Həyətdə bir
küncə qısılaraq yatmış, səhər
tezdən isə heç nə olmamış kimi qolunu çırmalayıb
işə başlamışdı. İndi o birdən-birə
hara gedə bilərdi? Bəlkə acıq edib əmisinin yanına
qaçıb? Daha geri qayıtmaq istəmir?
Sahibinin fikrə getdiyini duyan at yerişini yavaşıdıb
yorğaladı. Ətrafa axşam sərinliyi çökmüşdü.
Dağların dalında gizlənən günəşin
son sarımtıl şüaları qərb tərəfdəki
buludları çəhrayı rəngə boyamışdı.
Silsilə təpələrin bə'zi yerlərinə qatı
kölgə çökür, bə'zi yerləri isə
hələ də günəşin şüaları
altında qızılı rəngə çalırdı.
Taxılların və bahar havasının tə'siri ilə
yaşıllaşan dəmyə çallarda, otların
arasında gəzişən quşlar ağız-ağıza
verib oxuyurdular. Gölməçələrdəki qurbağalar
da səs-səsə vermişdilər.
Allahyar qucağında tutduğu zağlı tüfənginin
tətiyindən barmağını çəkmirdi. Atın
dırnağı altından parıltı ilə qalxan
quşlar onu diksindirdikcə fikirdən ayılır, qamçını
çəkib atı yenə səyirdirdi.
Mələyin əmisi evinə getməsi ehtimalı onu o qədər
də həyəcanlandırmırdı. Əslinə
baxsan, bu elə onun ürəyindən idi. Son günlər
evdə kürlük etməsi, tez-tez dava-dalaş salıb
Mələyi yamanlaması məhz bunun üçün
deyildimi? O elə bu arvadı da bezikdirib evdən qovmaq istəmirdimi?
Hətta əlaltından özünə yei arvad axtarmırdımı?
Bəs belə isə nə üçün təşvişə
düşmüşdü?
Allahyar kəndə çatan kimi Mələyin əmisigilə
adam göndərib, məsələni öyrənməyi
qət etmişdi. Əgər çıxıb əmisigilə
gedibsə, onda özündən küssün. Heç
kəs ona minnət etməyəcəkdi. Əgər getməyibsə?!
Elə məsələ də bunda idi. Allahyarı narahat edən
də bu idi.
At döngələri burulduqca qulaqlarını şəkləyib
fınxırır, bə'zən də tırıldayıb
dayanırdı. Allahyar yoldan kənara çıxıb
gizlənir, atın başını çəkib ətrafı
dinləyirdi. Ala-toranda çökəklərdə adam olub-olmadığını
yoxlayırdı. Ancaq axşam küləyinin dərə
boyu otları yalaya-yalaya ötüb keçdiyini gördükdə
ürəklənib atını mahmızlayırdı.
O qorxurdu. Əgər şəhərdə namus ona güc
verməsəydi, bəlkə də heç yola çıxmaz,
gecə yenə qumar oynayar, səhər tezdən işıq
gözünə, atın belinə qalxardı. Ancaq artıq
gec idi. Birtəhər kəndə çatmaq lazımdı.
Allahyar ürəyindəki xofu dağıtmaq və dərələrin
birində qarşısına çıxa biləcək
qaçaq-quldurun yolunu kəsməsi ehtimalını unutmaq
üçün yenə də Mələyi düşünməyə
başladı. "Bəlkə özünü Kürə
atıb? Axı son vaxtlar onun söyülüb, danlanmadığı
gün olmurdu. Hər gün qapazlanırdı. Bəlkə
elə canı boğazına yığılıbmış,
indi də əlinə fürsət düşüb, özünü
yarğandan atıb?".
Allahyarın dodaqları qaçdı. Ürəyində,
"əgər belə edibsə, lap ağılsız arvadmış",
- deyə düşündü və yüngülləşmiş
kimi atını mahmızladı.
Qarşıdakı hündür təpənin üstündə
üç-dörd qaraltı göründü. At yenə
nədənsə fınxırıb qulaqlarını
qırpdı. Allahyar tüfənginin qayışını
qoluna dolayıb ətrafı dinlədi. Sol tərəfdə
yolun altındakı dərədən axan suyun şırıltısı
aydınca eşidilirdi. Qamışlıqda quruldayan qurbağalar
tez-tez səslərini kəsib şappıltı ilə
suya atılırdılar.
Allahyar ən çox qorxduğu yerə çatmışdı.
Burada dərənin ətrafındakı təpələr
ağız-ağıza gəlib daralırdı. Yol
burulub çayın içindən keçir və sonra düzənliyə
çıxırdı. Buranı salamat ötmək evə
çatmağa bərabərdi. İndiyə qədər
bu Acı dərədə çox adamın qanı axıdılmışdı.
Deyilənə görə, qarşıdakı dərədə
bir gecədə yeddi qardaşı xəncərdən keçirib,
yarğandan atıblar. Yaralılar səhərəcən
"qardaş vay", - deyə bir-birini çağırıb
inildəmişdilər. Elə o vaxtdan buranın adı
"Qardaş vay" dərəsi qalmışdır.
Allahyarın həmişə olduğu kimi, indi də bu
dərəyə çatanda sümüyü eyməndi.
O, sol tərəfdəki təpədə qaraltılar gördü.
Özünü lap itirdi. Atın başını
qanırıb dönmək və birbaş şəhərə
qayıtmaq istədi. Ancaq gec idi. Çaxmağı yavaşca
hərləyib gülləni lüləyə verdi. Atı
xır yoldan torpaq yola saldı. "Allaha pənah", deyə irəlilədi.
Təpələrin ağız-ağıza qovuşduğu
yerə çatanda gözünü yumub atın yalına
yatdı. Kəhər götürüldü. Allahyar
dərəni burulub çayı necə keçdiyini, dördnala
çapıb düzənliyə nə vaxt çatdığını
bilmədi. Bir xeyli qulağı səsdə, səksəkəli
halda irəlilədi. Ancaq dalınca heç kəsin gəlmədiyini
yəqin etdikdən sonra atı yavaşıtdı. Qanrılıb
geri baxdı. Təpədəki qaraltılar daha aydın
görünürdü. Allahyar yalnız indi, qorxuduğu
yerdən dörd-beş verst aralandıqdan sonra məsələni
başa düşdü. Təpələrdəki qaraltılarn
çox qədim zamanlarda salınmış qəbiristanlıqdakı
başdaşıları olduğunu görüb, nəfəsini
dərdi. Dəsmalını çıxardıb alnını
basmış soyuq təri sildi.
Artıq kəndin işıqları görünürdü.
Deyəsən kəhər də sakitləşmişdi. Bayaqdan
balaca bir qaraltı görəndə fınxırıb
dayanırdısa, indi gözləri yana-yana yolu o üz-bu
üzə keçən tülkülərə belə
əhəmiyyət vermədən irəliləyirdi.
Təpələrin dalından ay boylandı. Ətrafa solğun
ay çiləndi. Uzaqda şaxələnib axan Kürün
suları ağarışdı. İlbizlər səs-səsə
verdilər. Allahyar kənd itlərinin boğuq səsini eşidib
ürəkləndi. Əlini atın boynuna çəkdi.
Kəhər suyun içində idi. "Bir az da belə sürsəm,
atı çatladardım", - deyə düşündü
və cilovu dartdı...
O, darvazaya yaxınlaşanda itlər hürüşürdülər.
Bir az bundan əvvəl kəndin aşağısında
səs-küy qalxanda oyanıb yol gözləyən nökər
gələnin kim olduğunu bilib qapını açdı.
İtlər sahiblərini tanıyıb atın ətrafında
atılıb-düşdülər, sonra da Allahyara şırvandılar.
O sakitcə atdan endi. Tüfəngin çaxmağını
hərləyib gülləni lülədən çıxartdı.
Atın tərkibinə bağladığı xurcunu
götürdü. Onun hərəkətlərinə göz
qoyan nökərə üzünü belə çevirmədən:
- Atın yəhərini al, həyətdə bir az gəzdir,
- dedi, - tərlidir.
O heç bir şey olmamış kimi ağır addımlarla
pilləkəni qalxıb göy mühəccərli eyvana
çıxdı. Neçə gündən bəri əli
qoynunda, səksəkəli qalan anasına "xoş gördük"
- deyib içəri keçdi. Arvad oğluna nə cavab verəcəyini
düşünə-düşünə onun ardınca
getdi. Allahyar xurcunu taxtın üstünə atdı. Tüfəngi
yuxarıda, buxarının yanında, divara söykəyib
qoltuqaltısını çıxartdı. Anasının
kömək etməsinə razılıq verməyib, uzunboğaz
çəkmələrini özü soyunmalı oldu. O,
sağ ayağındakı dar xrom çəkməsinin
dabanını sol çəkməsinin burnuna dayayıb
dartdı və heç nədən xəbəri yoxmuş
kimi gözünü otaqda gəzdirib:
- Mələk hanı? Çağır gəlib çəkmələrimi
çıxartsın, - dedi.
Arvad dinmədi. Gözləri oğlunun üzünə
zilləndi. Deyəsən, gədənin heç nədən
xəbəri yoxdur. İndi mən nə edim? Başıma
haranın daşını salım? - deyə öz-özünə
söyləndi. - Bəlkə heç açıb-ağartmayım?
Qoy rahat yatsın, sabah onsuz da eşidəcək. Bir də,
axşamın xeyrindən sabahın şəri yaxşıdır.
- Nə bilim, yenə hansı cəhənnəmdəsə
yıxılıb yatır. Qoy özüm soyundurum.
Allahyar razı olmadı. Birtəhər çəkmələrini
çıxartdı. Yuxarı başa keçib, mütəkkəyə
dirsəkləndi.
- Aclığın varmı, dərdin alım? Ürəyin
nə istəyir, gətirim.
- Heç nə lazım deyil. Bəs gəlin hanı?
- Dedim ki, bilmirəm.
- Neçə gündü yoxa çıxıb?
Arvad ancaq indi məsələni başa düşdü.
Demək, oğlu hər şeyi bilirmiş. Bəlkə
elə ona görə də gecə ikən atı çapıb
kəndə qayıdıb.
- Elə sən gedəndən.
- İzi-tozu qalmayıb?
- Nə bilim, ay bala, axşamüstü səhəngi götürüb
suya getdi. Qaranlıq qarışdı, gəlmədi. Mal-qara
örüşdən qayıtdı, əl-ayaq yığışdı,
heyvanları rahatlayıb, itlərə yal verdim, yenə qayıtmadı.
O gecə səhərəcən eşiyə çıxıb,
içəri girməkdən yoruldum. Yolu qara gəlmiş cımbata
çəkildi. Heç gördüm deyən olmadı.
Obaşdan gədəni Kürün qırağına
göndərdim. Səhəngi tapıb gətirdi.
Aralığa sükut çökdü. Hardasa lap yaxında,
deyəsən buxarının yanında, divardakı yarıqlardan
birində gizlənmiş qarafatma kəsik-kəsik oxumağa
başladı. Bu hüznlü səs otağı başına
götürdü. Allahyar öləziməkdə olan lampaya
baxıb daha da darıxdı.
- Bəlkə atasının dağılmışına
qaçıb?
- Nə bilim vallah, adamın gümanı hər yerə
gəlir. Sən də ki, evin tikilsin, getdiyin yerdən qayıtmaq
bilmirsən. Qalmışam evdə tək. Qonum-qonşuya
da çıxa bilmirəm. Açıb-ağardılası
dərddimi ki, deyəsən! - Arvad oğlunun bərk tutulduğunu
görüb sözünü dəyişdi. - Elə
sən deyən olacaq. Yıxıl yat. Sabah öyrənərsən.
Anası ona yer saldı. Allahyar özünü sakit göstərməyə
çalışsa da, səhərə qədər yata bilmədi.
Gözünü qaranlıqda tavana zilləyib dayandı.
Başının altındakı yastıqdan Allahyara
tanış bir qoxu gəlirdi. O, Mələyin sinəsindən
və saçından gələn mixək iyinə bənzər
rayihəni hələ də unuda bilmirdi. Əslinə baxsan,
Allahyarı əvvəlki arvadlardan Mələyə daha çox
bağlayan qızın bədəninin ətri idi. Ənlik-kirşan
çəkməyən, üstünə gül suyu çiləməyən
bu gəlinin bədənində onu ən ağır dəqiqələrdə
belə məst edən, xoş bir qoxu vardı.
Mələyin ətri yorğan-döşəyə hopmuşdu.
Allahyar əvvəllər buna o qədər fikir verməmişdi.
Amma indi, arvadının xəbərsiz-ətərsiz yoxa çıxdığı
bir vaxtda, yastığa çökmüş tanış
və bir qədər də doğma bir insanın ətri
ona rahatlıq vermirdi. Allahyara elə gəlirdi ki, Mələk
onun yanındadır. Yanaşı uzanıbdır. Arvadının
saçı onun üzünə toxunur.
İnsan çox zaman qiymətli bir şeyi əldən verəndən,
onun qədrini bilməyib itirəndən sonra ayılır.
Hər gün görsə də, qəlbinin duymadığı,
nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan
sonra, qəlbindəki boşluğu görür və
gecə-gündüz xiffət çəkir. İndi Allahyar
da belə idi. O, ömründə ilk dəfə doğma
bir adamın yoxluğunu duyurdu. Əgər bu saat Mələk
yanında olsa, onunla bir yastığa baş qoysa, nə
gözəl olardı! Allahyar onun saçını sığallayıb,
sinəsini qoxulamazdımı? Səhər şəfəqləri
pəncərə şüşələrində oynayana
qədər onun mışıltısına qulaq asmazdımı?!.
Allahyar yerin içində çevrilir, öz-özünü
tanıya bilmirdi. Ona nə olmuşdu? İndiyə qədər
qəlbinə yad olan bu hisslər hardan gəlib çıxmışdı?
Nə üçün o titrəyirdi? Məgər Mələyi
azmı döymüşdü? Onun gözünün
yaşını azmı axıtmışdı?
Azmı onun sinəsini yumruqlamışdı? Bəs indiyəcən
onun ətrini niyə duymamışdı? Hələ şəhərdən
arvadının yoxa çıxması xəbərini eşidəndə
dişini dişinə sıxıb söyüş
söyən, "əlimə keçən kimi səni tikə-tikə
doğrayacağam", - deyən o deyildimi? Elə bircə saat
bundan əvvəl yol uzunu onu asıb-kəsmirdimi? İndi
birdən-birə ona nə oldu? Yoxsa Mələyi sevirdi? Yoxsa
indiyəcən qəlbinin harasındasa mürgüləyib
yatan hisslər çılğın bir ehtirasla oyanıb
baş qaldırmışdı?
Allahyar heç nə anlamırdı. Gözünü
tavana zilləyib xəyalən arvadını axtarırdı.
Gah onu sağ-salamat tapıb gətirir, gah da çiləkənlərin
altından, burulğanlardan dartıb çıxardırdı.
Ətraf səssiz idi. Onun qulaqları güyüldəyirdi.
Arabir buxarının yanındakı qarafatmaların cırıltısı
eşidilirdi.
Allahyar səhər tezdən, nökəri yola salandan sonra,
atı minib Kürün sahilinə endi. Yarğanların
dibini, çiləkənlərin ətrafını, ulğun
kolluğunu saymazyana axtardı. Atını sürüb
çay aşağı uzaqlara getdi. Balaca adacıqları,
suyun şıldır yerində qurulayan qaraltıları
nəzərdən keçirdi. Tez-tez atının başını
saxlayıb, göyün üzündə fırlanan
quşlara baxdı. Qarğa-quzğunun bir yerə toplanıb-toplanmadığını
yoxladı. O hələ heç kəsə heç nə
açmaq istəmirdi. Bə'zən öz-özünü
danlayır, nahaq bu fikrə düşdüyünə
söylənirdi. O, arvadının ölümünə
inanmırdı. Axşamüstü nökərin geri
qayıdacağını və Mələyin əmisigildə
olduğu xəbərini gətirəcəyini gözləyirdi.
"Yaxşı, bəs niyə belə xəlvəti gedib! Nə
üçün anama bir şey deməyib? Əgər
gedibsə, bəs niyə evinə qayıtmır?". Şübhələr
yavaş-yavaş onun qəlbinə hakim olurdu. "Yəqin başı
əlində deyil. Yoxsa bir xəbər çıxardı.
Bəlkə heç özünü suya atmayıb? Birdən
ayağı sürüşüb? Axı o üzmək
bilmirdi. Axmış olsa bir yerdə qurulamazdımı?"
Allahyar atını sürür, o tərəf-bu tərəfə
boylanırdı. Suda çimib, qumluqda eşələnən
uşaqların yanında bə'zən ayaq saxlayıb,
onları dinləndirirdi. Uşaqlar axan meyit görsəydilər,
dərhal deyərdilər.
Allahyar axşama qədər bəri üzü axtarmağı
qərara aldı. "Əgər nökər əliboş
qayıtsa, sabah o biri sahili də gəzərəm", - deyə
düşündü. Günün qulağı
əyilib axşama dönəndə Allahyar geri qayıtdı.
Birdən ulğunluqların o tərəfində, yarğanın
dibində, qarğa-quzğun dolaşdığını
gördü. Ürəyi az qaldı ki, oynayıb yerindən
qopsun. Rəngi saraldı. Atını mahmızlayıb
Kürdən ayrılan balaca qoldan keçdi. Ulğun kollarını
yara-yara quşların fırlandığı yerə
yaxınlaşdı. Qarğalar onu görüb kənara
qaçdılar. İri bir quzğun isə özünü
suya çırpır, yenə də havaya qalxırdı.
Allahyar atdan düşdü. Ürəyi əsə-əsə
gölməçəyə yaxınlaşdı. Orada
nə isə qaralırdı. Quşlar dimdiklədikcə
çırpınıb, suyu şappıldadırdı.
Allahyar iri bir naqqanın quruladığını görüb
sakitləşdi. Görünür, su daşanda balaca
qola gəlib bu gölməçəyə düşən
naqqa geri qayıda bilməmişdi. Quşlar onun belini didib
parçalamışdılar.
Allahyar atını minib uzaqlaşdı. Qarğa-quzğun
yenidən balığın üstünə töküldü...
O, nökərlə bir vaxtda evə çatdı. Eşitdiyi
xəbərdən mə'yus oldu. Dinməz-söyləməz
içəri keçib üzüqoylu taxtın üstə
döşəndi.
Üç gündən sonra Kürün lap aşağısında,
binələrin bərabərində, bir qadın meyidinin qurulaması
xəbəri kəndə yayıldı. Deyilənə görə,
malı sulamağa aparan uşaqlar heyvanların böyrüşüb
geri qaçdığını görmüş
və hürküşən mallardan qabaq özləri
təngnəfəs halda binəyə qaçmışdılar.
Onların söylədiklərinə qulaq asan qocalardan bir
neçəsi sahilə gəlmiş və köpüklü
suyun kənarında uzanan meyidə baxmışdılar.
Ləpələr cəsədi kənara atmışdı.
Suda çox qaldığından qaralan və şişən
meyid tanınmaz hala düşmüşdü. Əynindəki
paltardan nişanə qalmamışdı. Sualtı daşlar
baş-gözünü əzmişdi. Qadının
ayaqları hələ də suda idi. Ləpələr onu tərpətdikcə
cəsəd yırğalanırdı.
Qocalar bu kimsəsiz meyidi kənara çəkmiş, elə
oradaca, qumun içinə basdırmışdılar. "Bir
gün sahibi gəlib çıxar", - deyə arxayınca
evlərinə dağılışmışdılar.
Bu xəbəri şenliyə yayılan kimi pıçıldaşmalar
başladı. Allahyar nə qədər çalışsa
da sirr açılmış, Mələyin yoxa çıxması
hamıya mə'lum olmuşdu. Əlində çatı
buzovu mala qatan arvadlar bir-birini görən kimi xosunlaşırdılar.
- Mələyin başına gələni eşidibsənmi?
- Eşitmişəm. Deyirlər yazıq özünü
yarğandan atıb.
- Heç ağlım kəsmir.
- Bəs nə olar?
- Kim bilir?
- Yə'ni deyirsən...
- Olar, olar. Elə kişidən hər nə desən çığar.
- Allah, sən saxla, hələ çox şey görəcəkmişik.
- Yazığın heç kimi yoxdur.
- Elə həmişə yetimin başı qapazlı olar.
- Barı meyidini gətirib basdıraydılar.
Çay kənarında, qaynar başında da bu cür
söhbətlər olurdu. Bu xəbər şenliyə yayılan
günün axşamı kəndin ağsaqqallarından
biri Allahyarı kənara çəkib danladı:
- Ay bala, namusu itə atıblar, it yeməyib, bəs sənin
qeyrətin hanı? Niyə gedib arvadını axtarmırsan?
- Gəzmədiyim yer qalmayıb, - deyə Allahyar sakitcə
dilləndi.
- Deyilənə görə, aşağılarda bir meyit
tapılıb. Get yoxla, bəlkə elə sənin arvadındır.
Allahyar ertəsi günü tezdən binələrə yola
düşdü. Qocalar cəsədi basdırdıqları
yeri ona nişan verdilər. Allahyar qumu qazdı. Meyit indi daha
da tanınmaz olmuşdu.
Yarım saata qədər cəsədi diqqətlə nəzərdən
keçirən Allahyar arvadına oxşar bir nişanə
tapa bilmədi. Nə əynindəki paltar paltara, nə də
cəsəd insana bənzəyirdi. amma boy-buxununa uyğun gəlirdi:
görünür, qadın həm cavan, həm də ətli-əndamlı
imiş. Nəhayət, onun barmağındakı üzük
Allahyarı çaşdırdı. O, cəsədi aparmağı
qərara aldı.
Allahyar evə çatıb meyidi gətirmək üçün
araba sazladığı vaxt doqqazda bir atlı onu çağırdı.
Onlar yarım saata qədər xısın-xısın
söhbət etdilər. Atlı içəri keçmədi.
Allahyar tələsik geri qayıtdı. Arabanı qoşan
nökərə: "Heç nə lazım deyil, öküzləri
aç, arabanı da yerinə çək. Tez ol, atı yəhərlə",
- dedi. Özü isə evə keçib, tüfəngini
və qoltuqaltısını götürdü. Atın
belinə qalxdı. Sual dolu gözlərini onun üzünə
dikən anasına heç nə demədi.
Atlılar kənddən uzaqlaşdılar. Allahyarın
dodaqları astadan tərpənir, titrək barmaqları tüfəngin
tətiyində oynayırdı.
Əlləri
qoynuda, eyvanın dirəyinə söykənib selləmə
bahar yağışına tamaşa edən Salatını
fikir götürmüşdü. Şamxal evə qayıtmamışdı.
Onun hara getdiyinin dəqiq bilən yox idi. Atasının qorxusundan,
bir də söz-söhbətdən xoşu gəlib ara qızışdıran
arvadların üzünü görmək istəmədiyindən
evdən eşiyə çıxmamışdı. Anası
da o gündən bəri ağzı üstə döşənib
qalmışdı. Ev suyu soğulmuş dəyirmana dönmüşdü.
Cahandar ağa ailəsini o taya, meşəyə, binəyə
göndərmək istəmişdisə də, Zərnigar
xanım: "Bircə onu görməyəcəksən, - deyə
kişisinə cavab vermişdi. - Bizi başından eləyib,
yerini xəlvətləmək istəyirsən, bacarmayacaqsan!"
Kişi hirsindən boğulsa da, heç nə deməmiş,
dinməz-söyləməz çıxıb getmişdi.
Salatın duyurdu ki, atası əziyyət çəir, tutduğu
işə peşmandır. Ancaq tüpürdüyünü
yalaya bilmir.
Mələk də çıxılmaz vəziyyətdə
qalmışdı. Dava-dalaşın səhərisi günü
Zərnigar xanımın yanına getmişdi. Salatın
onun qorxa-qorxa, ölümə gedən adamlar kimi ayağını
sürüyə-sürüyə necə içəri
girdiyini unuda bilmirdi.
Mələyin bədəni əsirdi. Elə bil qızdırmadan
yenicə durmuşdu. Salatın onların yenidən dalaşa
biləcəklərindən ehtiyatlandı və Mələyin
arxasınca sakitcə içəri girdi. Zərnigar xanım
günüsünü görən kimi yerindən dik
atıldı və naqafil üstü alınmış
pələng kimi hücuma hazırlaşdı. Gəlin
onun burun pərələrinin genişləndiyini, sinəsinin
qalxıb-endiyini, gözlərinin oynadığını
görsə də dinmədi, bir-iki addım irəligəlib
sakitcə arvadın qabağında dayandı. Otağa
sükut çökdü. Salatın anasının
fısıltısını aydınca eşitdi.
- Başını yuxarı qaldır!
- ...
- Sənnən deyiləm?!
- ...
- Ay həyasız, yoxsa utanırsan, gözümün
içinə baxa bilmirsən?!
Mələk sinəsinə enmiş başını qaldırıb
Zərnigar xanımın üzünə baxdı. Bir
xeyli beləcə dayandılar. Salatın gördü ki,
anası gözləri ilə gəlini yemək istəyir.
Onun yanaqlarına, qaşlarına, hələ iz düşməmiş
alnına, azca aralanmış dodaqları arasından
parıldayan dişlərinə, genişlənmiş bəbəklərinə,
qonur gözlərinin həlqəsində parıldayan yaşına,
hirsini və daxildən qopub gələn hönkürtüsünü
boğub göz yaşını saxlamaq istədikcə
kənarı səyriyən dodağına, əzələləri
büzüşən çənəsinin zənəxdanına
hərisliklə baxır. Arvad elə bil onun sifətindəki
hər bir cizgini yadında saxlamağa çalışır,
gəlinin ürəyindən keçənləri göz
bəbəyindən oxumaq istəyirdi.
Salatın anasının ani olaraq köks ötürdüyünü,
qollarını yanına salıb dayanadığını
aə beləliklə də Mələyin daha gözəl,
daha cazibədar olduğunu dərk etdiyini duydu. Arvad sanki təslim
oldu: hirsindənmi, acizliyini dərk etdiyindənmi, nədənsə,
geri döndü və birdən gözü bədənnüma
güzgüyə ataşdı. Mələk ona baxırdı.
Onlar qarşı-qarşıya dayanmışdılar.
Zərnigar xanımın gözləri güzgüdə
oynadı. Gah özünə, gah da Mələyə baxdı.
Saçlarına dən düşdüyünü
yenicə görürmüş kimi donub qaldı. Yalnız
bir an, bircə an fikrə getdi. Zil qara, qıvrım saçlı
Mələyin məzlum görkəmi onu daha da hirsləndirdi.
Salatın anasının titrədiyini və birdən geri
dönüb gəlini şillələdiyini gördü.
Özünü irəli atmaq istədisə də bacarmadı.
Anası onu döşündən geri itələdi. Elə
Mələk də mane oldu. Astadan "işin yoxdur", - deyə pıçıldadı.
Kirpiklərində titrəyən yaş yuvarlanıb, yanaqlarından
süzülsə də, səsini çıxartmadı.
Dodaqlarını dişləyib, hıçqırığını
boğdu. Özünü şax tutdu. Zərnigar xanım
daha da hirsləndi. Gəlinin üzünə, gözünə
döyəclədi. Saçlarını dartışdırdı.
Çəkib donunun yaxasını cırdı. İtələyib
yıxmaq istədi. Mələk tərpənmədi. Onun yorulub
dayanmasını gözlədi. Zərnigar xanım əlləri
ağrıyıncaya qədər onu döydü və
birdən kökündən kəsilmiş ot kimi taxtın
üstünə çökdü. Mələk də
bunu gözləyirmiş kimi onun qarşısında
dizi üstə düşüb başını Zərnigar
xanımın sinəsində gizlətməyə çalışdı.
Arvad əvvəlcə onu itələyib özündən
uzaqlaşdırmaq istədi. Ancaq, nədənsə, dayandı.
Salatın anasını - öz günüsünün
başını sinəsinə sıxıb hönkürtü
ilə ağladığını gördü. Yalnız
bu vaxt Mələk bayaqdan güclə saxladığı
göz yaşını axıtmağa başladı.
Onlar ağır fəlakətə düşmüş
və dar gündə rastlaşıb, bir-birinə həyan
olan doğma adamlar kimi qucaqlaşıb hönkürüşdülər.
Salatın da onlara qoşuldu...
Neçə gündən bəri sinəsini sıxıb,
nəfəsini kəsən ağrılardan can qurtarıb
yüngülləşən Mələk, nəhayət,
başını yuxarı qaldırdı. Onun yanaqları
islanmışdı. Pırpızlanmış saçından
ayrılan qıvrım telinin bir qismi üzünə
yapışmışdı. Kirpikləri yaş idi.
O, əlini üzünə çəkib saçını
geri elədi. Qızarmış gözünü Zərnigar
xanıma zillədi. Körpə uşaq kimi hıçqırdı.
- Məni öldür, ancaq evdən qovma.
- ...
- Çevir balalarının başına, ömürlük
qaravaşın ollam.
Zərnigar xanım heç nə demədi. Mələyin döşündən
itələyib astaca özündən uzaqlaşdırdı:
- Çıx get, öz dərdim özümə bəsdir.
- Məndə nə taxsır var?
- Rədd ol, dedim sənə!
Mələk gəldiyi kimi də sakitcə qapıya yaxınlaşdı.
Astanada qanrılıb çiyni üstündən Zərnigar
xanıma baxdı. Arvad büzüşüb oturmuşdu.
Onun məlul-müşkül görkəmi qurğuşun
siqlətli daşları da əridərdi. Görünür
Mələk buna dözmədi. Geri döndü. Qollarını
açıb arvadın üstünə yeridi. Onu qucaqlayıb,
əllərini öpməyə başladı.
- Kaş öləydim, səni dərdə salmayaydım...
Mələk gedəndən sonra Zərnigar xanım taxtın
üstünə döşəndi. Hönkür-hönkür
ağladı. Anasının yanını kəsdirən
Salatın nə qədər çalışdısa da
onu ovundura bilmədi. O, başa düşə bilmirdi ki,
Zərnigar xanımı bu saat sakitləşdirmək mümkün
deyil. Arvad özünün itirilmiş gəncliyinə,
gəlinkən saçlarına dən düşüb,
eşqindən yarımadığına ağlayırdı.
O nə qədər çalışsa da, ərini bir daha
özünə ram edib, geri qaytara bilməyəcəyini başa
düşdüyündən, qovrulub yanırdı.
Zərnizar xanım kişi üçün lazım
olan gənclik təravətini itirdiyini böyük dəhşət
hissi ilə dərk edirdi. Mələyin hər cəhətdən
ondan üstün olduğunu, ərinin onun qoynundan çıxmayacağını,
özününsə bu evə elə-belə, el üzünə,
arvad olacağını duyurdu. Qəzəblənsə də,
hirsindən ev-eşiyi bir-birinə qatmaq istəsə də
olmur, qəlbinin dərinliyindən sanki bir səs baş qaldırıb
ona "sakit ol, özünü yorma, atılan daş geri
qayıtmaz" - deyirdi. Qocalıq öz kölgəsini onun
üstünə salır, arvadın varlığını
sıxırdı...
Salatın bu hadisədən sonra anasının qəlbindən
keçənləri bilməsə də, onun sakitləşməsinə
sevindi. Elə Mələyin də hərəkətlərindən
xoşu gəldi. Deyəsən, arvadların susması Cahandar
ağanın da qaşqabağını açmışdı.
Daha o, evdə kabus kimi gəzmirdi.
Anası bir az dincələndən sonra Salatın qardaşını
düşündü. Onun evə qayıdacağını
gözlədi. Ancaq aradan iki gün keçdi. Şamxal qayıtmadı.
Qız xəyallandı. Ağlına cürbəcür
şeylər gəldi. Sıldırım yarğanlar,
çiləkənli, burulğanlı sular, nərildəyib
dəli Kürün şaxələnmiş qolları
gözünün önündən keçdi. Diksinib
fikirdən ayıldı! "Ağlıma gələn dağlara,
daşlara, mən nə fikirləşirəm? Allah, mənə
ölüm ver, gör necə sarsaq xəyallara düşürəm",
- deyə özünə qarğış etdi. Evdə
darıxdı. Elə bil onu qara basdı, qorxulu fikirlərdən
yaxasını qurtarmaq üçün eyvana çıxdı.
Kəndin üst tərəfindəki təpələri qara
bulud bürümüşdü. Üfüqdəki
dağları, bir də bəridəki taxıl zəmilərini,
döşlərdəki təkəm-seyrək ağacları
görmək mümkün deyildi. Ətəyini sallayan
duman yavaş-yavaş aşağı enirdi. Dalbadal şimşək
çaxırdı. Elə bil göyün səthi çatlayıb
aralanmışdı. Səmada göz qamaşdıran
əyri-üyrü işıqlar oynayırdı. Buludlar
birdən-birə istiqamətini dəyişib kəndin üstünə
yeridi. Tozanaqlı külək sahillə kənd arasındakı
çəmən otlarının telinə daraq çəkib
bəriyə doğru gəldi, qapı bacalardakı toz-torpağı,
ot qırıntılarını süpürüb
apardı. O tayda sahilboyu uzanıb gedən qovaq ağaclarının
yarpaqları tərpəndi. Yaşıl don geyinmiş
meşənin üstünə elə bil birdən-birə
qırov düşdü. Yarpaqların astarı göründü.
Ulğun kolları uğuldadı. Yağış
havasını duyan toyuqlar qaçıb talvarın altına
doluşdular.
Göy inildəyib şaqqıldadı. Selləmə yağış
başladı. Suyun üzü atılıb-düşdü.
Elə bil Kürü daşa basdılar. Xırdaca ləpələr
qırçınlaşıb sahilə axışdı.
Kəndin üstündən keçən dolu suları döyəclədi...
Gurultu ilə başlayan yağış tez də ötüb
keçdi. Səma yaralı nəhəng kimi bir neçə
dəfə nərildəyib susdu.
Uşaqlar şalvarlarını çırpalayıb
həyətə qaçışdılar. Gölməçələri
yarıb, yalın ayaqlarını şappıldada-şappıldada
bir-birilərini qovdular. Təpələrin o üzündən
qalxan göy qurşağı ətəyini sallayıb
kəndi qucaqladı.
Salatın bir az bundan əvvəlki ağır düşüncələrini
unutdu. Onun dərdi də bahar yağışı kimi
ötüb keçdi. Gözünü Kürün
sahilinə enən cırıra zillədi. Suya gedən Güləsəri
gördü. Talvarın altına yüyürüb,
səhəngi götürdü və kəsə yolla Güləsərin
dalınca yollandı. Otların şehi onun donunun ətəyini
islatdısa da, fikir vermədi. Özünü qıza
yetirməyə çalışdı. Güləsər
isə xəbərsiz halda, sürüşüb yıxılacağından
ehtiyat edərək, asta-asta enişdən enirdi. Yağışın
yenicə yuyub islatdığı cığırda
onun yalın ayağının ləpiri qalırdı.
Salatın addımlarını yeyinlətdi. Arxasındakı
hənirtini duyan Güləsər qanrılıb baxdı.
Onlar bir-birilərinə yaxınlaşdılar. Bir müddət
heç biri dinmədi. Yanaşı dayandılar. Güləsərin
yanaqları qızarmışdı. Salatın onun sorğu-suala
başlayacağından ehtiyat edərək susdu. Hər
ikisi dinməz-söyləməz yola düşdü. Salatın
qabaqda gedirdi. Güləsər onun hörüklərinə,
atlas qoftasına, topuğuna enən qırçınlı
ipək donuna diqqətlə baxdı. Bu gözəl paltarın
ətəyi şehə və palçığa bulanmışdı.
Güləsərin heyfi gəldi. Əgər onun belə paltarı
olsa, boğçaya büküb saxlayar, gündəliyə
geyinib bu kökə salmazdı.
Suvadağa çatanda yenə dayandılar. Su yolu sürüşkənləşmişdi.
Güləsər qabağa keçdi:
- Qoy, mən düşüm, sənin də səhəngini
doldurum.
- Yox, yox, özüm enərəm.
- Sürüşərsən.
- Eybi yoxdur, çəkməmi soyunaram.
- Hazır mən ayağı yalınam.
Salatın Güləsərin dərisi qaralmış balaca
ayağına baxdı. Barmaqlarının arasına
palçıq dolmuşdu. Xınası solmuş dırnaqları
lilə batmışdı.
- Ayaqqabın yoxdurmu?
- Var. Palçıqdır deyən geyinməmişəm.
Salatın sualının yersiz olduğunu başa düşüb
xəcalət çəkdi. Güləsər aşağı
endi. Kürün suyu bulanıb köpüklənmişdi.
Ləpələr şıltaqlıqla atılıb-düşür,
yarğanın sarı torpağını yalayırdı.
Güləsər əvvəlcə öz səhəngini
suya basdı. Su poqquldadı. Səhəng ağırlaşıb
aşağı batdı. Güləsər onu dartıb
sudan çıxartdı və suvadağın qaşında
dayanan Salatına verdi. İkinci səhəngi də doldurandan
sonra kənara çıxmaq istədi. Salatın aşağı
əyilib əlini uzatdı.
- Biləyimdən yapış.
Güləsər onun köməyi ilə yuxarı çıxdı.
Belini düzəldib nəfəsini dərdi. Sonra da səhənglərin
palçığını silib, tıxacları taxdı.
Salatına kömək elədi. Özü isə səhəngini
dalına alıb, çatı ilə sarıdı. Cahandar
ağanın evinin bərabərinə çatanda Güləsər
sükutu pozdu:
- Heç görünmürsən?
- Özün başımıza gələni bilirsən
ki?!
- Hə, eşitdim. Kişi yaman pis iş tutub.
- Tutduğu iş cəhənnəmə, qağam evdən
didərgin düşüb.
Güləsər dinmədi. Qardaşı Çərkəzin
sözlərini yadına salıb susdu. Xeyli sonra özünü
bilməməzliyə vurub soruşdu:
- Haradadır ki?
- Nə bilim, - deyə Salatın doluxsunub cavab verdi. - Tərsin
biridir, yaman qorxuram...
- Heç nə olmaz, - deyə Güləsər onun sözünü
kəsdi, - balaca ha deyil.
Salatın qanrılıb qızın üzünə
baxdı. Güləsərin gözləri gülürdü.
O, sözlü adama oxşayırdı.
- Deyəsən səndə xəbər var.
- Nə xəbər?
- Qağamı görübsənmi?
- Bıy, ay Salatın, mən onu hardan görərəm?
- Bəlkə Çərkəzin yanına gəlib?
Qız susdu.
- Səni and verirəm o qardaşın Çərkəzin
canına düzünü de, qağam sizdədimi? Niyə
dinmirsən? Sənə nə oldu? Niyə qızardın?
- Heç, - deyə Güləsər silkələndi və
qabağa keçdi.
Onlar yol ayrıcında dayandılar. Salatın gözünü
Güləsərin üzünə zillədi.
- Heç kəsə deməzsən ki?
- Qağamın canı üçün yox.
- Dünən bizdəyidi. Ancaq ağzından qaçırma
ha. Mənə özləri tapşırıb, bircə
sənə deyirəm.
- Arxayın ol. Sən alllah, ona yaxşı bax. Bəlkə
axşam qaranlıq qarışanda oğurlanıb xəlvəti
sizə gəldim.
- Gəl, gözləyəcəyəm.
Güləsər ondan aralanıb evlərinə doğru
yollandı. Salatın qızın dalınca xeyli baxıb
köksünü ötürdü. Səhəngi çiynində
rahatlayıb qolunu qulpuna keçirdi. Dönüb evlərinə
sarı addımladı. O sevinirdi. Anasının bir az
sakitləşdiyinə, qardaşının yerini bildiyinə
görə az qalırdı ki, uşaq kimi atılıb
düşsün. O bu saat anasının yanına qaçacaq,
Şamxalın heç yana getmədiyini, kənddə olduğunu
ona xəbər verəcəkdi. Anası da sevinəcəkdi.
Bəs sonra? Eh, sonrası allah kərimdir.
Salatın xırmana yaxınlaşdı. Nə isə
bir şey arı kimi vızıldayıb havada süzdü.
Birdən elə bil onu daldan itələdilər. Çiynindəki
səhəng ağırlaşdı. Qız nə qədər
çalışdısa da müvazinətini saxlaya bilmədi.
Təngildəyib qabağa yeridi. Ağzı üstə
palçığa yıxıldı. Səhən onun
çiynindən düşüb üç-dörd
addım qabağa dığırlandı. Qız
qolunun siyrilmiş yerindən axan qana fikir vermədən durub
səhəngi götürmək istədi. Gözünə
inanmadı. Səhəng deşilmişdi. Su fışqırıb
axırdı.
Salatın özünə gəlməmiş Güləsərin
təlaşlı səsi eşidildi:
- Allah, mənə ölüm ver, allah mənə ölüm
ver. Ay qız, Salatın, bu nə idi?
O dalındakı səhəngi yerə qoydu. Qızın
qolundan tutub qaldırdı. Salatın ətrafına boylanıb
çiynini çəkdi.
- Heç özüm də bilmirəm, niyə yıxıldım.
Güləsər kənara düşmüş səhəngə
baxdı. Fikirli-fikirli başını buladı. Qızın
qolundan tutub yaşlı qadınlar kimi ürək verdi.
- Allaha şükür, yaxşı qurtarıbsan.
- Nə olub ki?
- Görmürsən səhəngə güllə dəyib?
- Elə şey olmaz.
- Qağayın canı üçün düz sözümdür.
Bircə bax, səhəngin ortası necə deşilib. Yəqin
hansı ciyəri yanmışınsa çovutma gülləsi
dəyib.
Nökərlər tökülüşüb gəldilər.
Güllə səsi eşidən Cahandar ağa tüfəngi
götürüb samanlığın üstünə
çıxdı. Gözünü o taya, meşəyə
zillədi.
Güləsər Salatını yıxıldığı
yerdən qaldırandan sonra belini düzəldib sahilə baxdı.
O tayda bir atlının meşəyə girərək, kolların
arasında gözdən itdiyini gördü.
Cahandar üzünə qaldırdığı tüfəngini
aşağı saldı.
8
Gəmiçi Qoca ağır-ağır yoxuşu qalxırdı.
Əlindəki söyüd çubuğuna keçirdiyi
balıqların pulları parıldayır və quyruqları
açıq-çəhrayı rəngə çalırdı.
Kişi yorulmuşdu. Tez-tez dayanıb nəfəsini dərir,
çiynindəki islaq kəndirləri silkələyib kürəyinin
ortasına atırdı. O möhkəm islanmışdı.
Dizi yamaqlı şalvarı, arxalığının
altından görünən boynu, qara sapla işlənmiş
kirli alt köynəyi elə yaş idi. Çarıqlarını
və iplik corabını soyunub əlinə almışdı.
Gecəli-gündüzlü suda qaldığından
ağappaq olan dabanını və codlaşmış
ayaq barmaqlarını qızmış tozlu torpağa
basdıqca, bədəninə istilik yayılırdı.
O, iri, saçaqlı papağını boynunun dalına
itələmişdi. Qırxıq başından buğ
qalxırdı. Sinəsinə düşən ağ
saqqalının pərakəndə tüklərini səhər
küləyi oynadırdı.
Kişi dayanıb nəfəsini dərdi. Bir xeyli Kürdə
çimişən uşaqlara, ulğunluğa doluşan
mal-qaraya baxdı. Öküzünün burada olub-olmadığını
yoxladı. Sonra yenə yoluna dava etdi. Dikdirin qaşına
çatanda bir dəsə uşaqla qarşılaşdı.
Onların əllərində balaca qarmaqlar var idi.
Uşaqlar Qoca kişini araya aldılar. Hərisliklə onun
əlindəki balıqlara baxdılar. Gözləri parıldayan
balıqların içində hələ də nəfəs
alanları var idi.
- Qoca dayı, bunları hardan tutmusan, yerini bizə də de!
- Demirəm.
- Niyə ki?
- Xeyri yoxdu.
- Nəyin xeyri yoxdur?
- Sizdən balıq tutan olmaz.
- Niyə olmur, ay Qoca dayı?
- Uşaqsınız, bala, gedin ağzınızın
qatığını silin.
- Kim, biz uşağıq?
- Bəs nəsiniz, ay xalası göyçəklər?
- Xalamızda işin olmasın.
- Yaxşı, - deyə Qoca kişi dayanıb onları
süzdü. Yanları qırış-qırış
gözləri kiçilib balacalaşdı. - Xalanız
olmasın, nişanlınız olsun. İndi məndən
nə istəyirsiniz, ay nişanlısı göyçəklər?
- Ey6ey, - deyə uşaqlardan Əli adlı birisi dilləndi.
- Elə eləmə ki, qızına...
- Qızıma nə deyəcəksən, ay sənin bacıyın
məməsini yeyim...
Əli gözünü qıyıb kişini süzdü.
Onun sinəsinə düşmüş saqqalına baxdı.
- Axı bacarmazsan.
- Niyə bacarmıram?
- Qocasan.
- Qoca olanda nə olar, ay qırışmal, bacını
məndən artığına verəcəksən?
- Axı sənə yazığım gəlir.
- Niə?
- Saqqalını yolar.
- Qırxdırram.
- Bəs bığların?
- Kəsdirrəm. Hə, indi sözün nədir?
Əli dayandı, sifətinə qayğıkeş bir
görkəm verdi.
- Bacımın xasiyyəti pisdir. Qoca dayı, gəl bu işdən
əl götür. Valalh, başına oun açar.
- Məsələn, nə qayırar?
- Paçalama üstünə minib, tumanının bağı
ilə səni boğar.
Uşaqlar qəhqəhə çəkib gülüşdülər.
Qoca kişi də onlara qoşuldu.
- Ay haramzadalar, məni bağladınız. Gəlin, balıqları
sizə verim, aparın nişanlınıza.
- Nişanlımız sənin balığına qalmayıb,
özümüz tutarıq.
- Bəlkə əliniz boşa çıxdı?
- Onda gəlib apararıq.
- İndi alın, sonra peşman olarsınız?
- Aldatmazsan ki?
- Mənim siznən zarafatım var?
Uşaqlar gülə-gülə ondan aralanıb eniş
aşağı düşdülər. Qoca kişi
sahilə enən uşaqların dalınca xeyli baxdı.
Nəfəsini dərib yoluna davam etdi. İndi o daha cəsarətlə
addımlayırdı.
Gəmiçi Qoca həmişə kəndin yeniyetmələri
ilə zarafatlaşmağı sevərdi. Heç kəs
kişinin bu şuxluğundan inciməz, əksinə, hardagörsələr,
başına toplaşıb ona sataşardılar. Kişi
də söz altında qalmazdı. Deyib-güldükcə
elə bil cavanlaşıb yüngülləşərdi.
İndi də uşaqlarla zarafatlaşandan sonra özünü
yüngül hiss etdi. Elə bil bədəninin ağrısı
da azaldı.
Yoxuşu çıxıb qaşı aşandan sonra
dayandı. Təpələrdən əsib gələn bahar
küləyi onun üzünə vurdu. Kişi dayanıb
kəndə doğru baxdı. Bu il havaların yaxşı
keçməsi, tez-tez yağış yağması
dəmyələri gömgöy etmişdi. Kəndin üst
tərəfindəki təpələr yamyaşıl id. Dəmyədə
əkilmiş taxıllar qurşağa çıxırdı.
Arpalar buğum verib sünbülləmişdi. Bir az bəridə,
təplərin döşündə isə quzular otlayırdı.
Qarnı doyan çəpişlərin çəmənlikdə
atılıb-düşməsi Kürün sahilindən
belə görünürdü. Sarı çiçəklər,
topa-topa bitən lalələr adamın gözünü
oxşayırdı. Bir dəstə qız pencər dərirdi.
Gəmiçi Qoca ətrafını ot basmış cığırla
kəndin ucqarındakı evinə doğru addımladı.
Onun qara damı torpaqdan güclə seçilirdi. Damın
ətrafındakı kalafalıqları, xırman yerini,
çardağın yanını ot basmışdı.
Hətta qazmanın üstündə belə ot cücərmişdi.
Arvadı Züleyxa ölənə qədər ev səliqəli
olardı. Ancaq iki il idi ki, qarı rəhmətə getmişdi.
Bundan sonra kişinin əl-ayağı soyumuşdu. O, həftələrlə
evə baş sala bilmirdi. Əgər qızı Glüəsər
olmasaydı, bəlkə də aylarla gəminin anında qalar,
heç evə qayıtmazdı.
O, düz bir həftə idi ki, evə gəlmirdi, binəyə
köçənləri o taya, meşəyə, yaylağa
hazırlaşanları isə bəri üzə, kəndə
keçirirdi. Aldığı haqdan pendirdən, çörəkdən
yeyib, oralarda dolanırdı. Hərdənbir də uşaqlar
ona balıq gətirirdilər. Əgər srağagün
Güləsər onun yanına gəlməsəydi, bəlkə
heç bu gün də evə qayıtmayacaqdı. Gəmiçi
Qoca həm də heç olmasa, bir-iki gün dincəlməli
idi. Axı bu gün-sabah el yaylağa qalxacaqdı. Meşədən
köçüb gələn binələrin, qoyun sürülərinin,
mal-qaranın sayı-hesabı olmayacaqdı. Onların
çoxunu Qoca kişi öz gəmisində bəri üzə
keçirməli idi.
Kəndin girəcəyində başını qaldırıb
ətrafa baxdı. Güləsər taxılın içində
pencər yığan qızlardan aralanıb atasına
doğru gəlirdi. O, çit donunun ətəyini belinə
sancmışdı. Ayaqları yalın idi. Yemlik yeməkdən
əlləri və dodaqları bir az qaralıb, şabalıdı
rəngə düşmüşdü. Çöllərin
küləyi qızın yanağını cızmışdı.
Dodaqları da qaysaqlanan kimi olmuşdu. Onun ətəyi dolu
idi. Əlindəki bıçaq və dırnaqları
nəm torpağa bulaşmışdı. Kişi qızını
görəndə sevindi. Ayaq saxladı. Güləsər
bərabərinə çatanda gülümsündü:
- Burda nə gəzirsən, a xalası göyçək?
- Sənə pencər dərirəm.
- Mən də gör sənə nə gətirmişəm.
- Bıy nə yaxşı balıqlardır, ay dədə,
özünmü tutubsan?
Qoca kişi balığı gəmi ilə keçirdiyi
uşqalardan aldığını demədi. Başını
tərpədib, qızının sözünü təsdiqlədi.
- Dedim, şeytanım qoy bu gün balıq yesin.
- Dünən də qağam tutmuşdu... Şamxal da bizdə
idi.
- Kim?
Qız ağzından söz qaçırdığına
peşman olub qızardı. Atası da bunu hiss etdi. Qızının
xatirinə dəyməmək üçün araya söz
qatdı.
- Nə dəribsən?
- İlanotu. Sənə pencər bişirəcəm.
- Yağın varmı?
- Dünəndən bir qaşıq saxlamışam.
Yəqin neçə gündür dilinə isti xörək
dəymir.
O, əlindəki balıqları qızına verib qabağa
keçdi. Güləsər atasının çatlamış
dabanlarına baxa-baxa onun izi ilə getdi.
Hər şey oyanmışdı. Yolun kənarındakı
çiçəklərin üstünə qonan xallı
kəpənəklər qanadlarını oynada-oynada şirə
sorur, bə'zən də havanın ətrindən xoşlanıb
göyə qalxır və bir-biri ilə zarafatlaşır
kimi çəmənlərin dərinliklərinə uçurdular.
Onlarla bəhsə girən bal arıları güllərin
başına dolanırdılar. Cığırlarda
cığır salan qarışqalar harasa tələsir,
əllərinə keçənləri daşıyıb
yuvalarına doldururdular. Güləsər dayanıb baxdı.
İki dozanqurdu mal təzəyini yumurlayıb aparırdı.
Onlar başıaşağı durub, dal ayaqları
ilə kürəciyi dığırlayırdılar.
Bir-birini necə də başa düşür, necə
də köməkləşirdilər! Arabir lap yaxından,
Qoca kişinin az qala ayağının altından pırıltı
ilə qalxan quşlar uçub qabağa düşür
və bir xeyli cığırın ortasında səkirdilər.
Bəli, yaz gəlmişdi. Bütün canlılar əlləşib
işləyirdilər. Qəribə idi. Həmişə gül-çiçək
içində üzən kəpənəklər necə də
gözəl idilər. Onlar əziyyət çəkmir, səhərdən
axşama qədər çiçəkdən-çiçəyə
qonurdular. Amma qarışqalar, ya da təzək yuvarladan dozanqurdular
əlləşirdilər...
Güləsər köksünü ötürdü
və ondan xeyli aralanan atasının yorğun görkəminə
tamaşa etdi. Kişi qocalıb əldən düşmüşdü.
Güləsərin əlacı olsa, onu heç yana buraxmazdı.
Özü qolunu çırmayıb ortaya atılardı.
Amma neyləsin, qızın əlindən nə gələ
bilərdi?
Onlar həyətə çatdılar. Qoca kişi talvarın
altında eşələnən Çərkəzin yanına
getdi. Adəti üzrə şuxluğa başladı:
- A xalası göyçək, burda nə əlləşirsən?
Çərkəz belini düzəldib tərini sildi. Atasının
sualına zarafatla cavab verdi. Qabağındakı qırıq
arabanı göstərdi:
- Ölü dirildirəm.
Qoca kişi toz-torpaq basmış boyunduruğa və təkərləri
əyilən arabaya baxdı. Əvvəllər onun arabasının
bir cağı da sınıq olmazdı. Dağ köçünə
hamıdan qabaq hazır olardı. İnişil arvadı
öldü, keçən il də əlləri aşağı
oldu. Bu il isə heç araba qoşmamışdı.
Heç Çərkəz də arabaya yaxın durmazdı.
İndi oğlunun hərəkəti onu xeyli düşündürdü.
- Fikrin nədir, ay bala?
- Bəlkə dağa köçdük.
Kişi oğlunun şini düşmüş təkərlə
oynamasını əbəs zəhmət hesab etsə də,
bir şey demədi. Arabanın cağları çürümüşdü.
Təkərlərin əyrisi çatlayıb aralanmışdı.
Deyəsən, ox da qacıyıb əyilmişdi. Belə
bir arabanı sazlamaqdansa, təzəsini bağlamaq daha asan
olardı. Bir də axı bu əziyyət nəyə lazımdır?
Onlar ki dağa köçən deyildilər.
Kişi çiynindəki kəndiri həyətə atdı.
İslanmış corablarını talvarın üstünə
tulladı. Çarıqlarını qızına verdi.
- A bala, elə yerə qoy ki, it-pişik aparmasın. Zəhrimar
islanıb cılğıya dönüb.
Güləsər atasının altı deşilmiş
çarığını gözdən keçirdi
və içəri adladı. Orta ocaqda korün-korün
yanan kötüyün ucunu vurub qorlandırdı, çır-çırpı
yığıb üstünə tökdü. Ocaq
tüstüləndi. Ətrafı boğaz acışdıran
göyümsov bir tüstü bürüdü. Bu
duman bir müddət laylanıb evin içinə çökdü
və yavaş-yavaş orta bacadan burulub çıxdı.
Qız bir-iki dəfə ocağı püflədisə,
odun yanmadı. Güləsər göz yaşını
və burnunu silib, uzun donunun ətəyi ilə ocağı
yellədi. Kösövlər çatırdadı və
birdən alışıb parıldadı. Tüstüdən
nəfəsi kəsilən Güləsər eşiyə
çıxdı.
- Ay dədə, sənə pencərmi bişirim, balıqmı?
- Pencər yaxşıdır. Heç bu il nübar eləməmişəm.
İstəyirsən balığı da pörtdət.
Çərkəz fırlanıb oüz-bu üzünə
baxdığı təkəri əlindən buraxdı.
Təkər həyətin ortasında dığırlanıb
bir-iki dövrə vurdu və göy otluğa düşdü.
Onun şini cingilti ilə çıxıb, təkərdən
üç-dörd addım kənardakı çökəyə
yuvarlandı. Çərkəz əlinin tozunu silib, taxtın
üstündə oturan atasına yaxınlaşdı.
- Ay dədə, deyəsən, balıq tutmusan, hanı, göstər
görüm?
- Sən tutduğun balığı mənə göstərdinmi,
mən də göstərim?
- Sən mənim balıq tutduğumu hardan bilirsən?
- Bilirəm, ay xalası göyçək.
Kişi oğlunun üzünə baxıb, xırıltılı
səslə güldü. Çərkəz əvvəlcə
atasının qıyıq gözlərinə, sonra da
ocağın kənarında eşələnən bacısına
baxdı.
- Balığı kimnən tutmuşdun?
- Şamxalnan.
- O bizə gəlmişdi?
- Hə, - deyə Çərkəz cavab verdi və qaşqabağı
tökülən atasına baxdı. - Nə olar ki?
- Heç, - deyə kişi sakitcə dilləndi.
Bir azdan yağda qızardılmış soğan iyi
ətrafa yayıldı. Güləsər iri mis cama çəkdiyi
pencəri atasının qabağına qoydu. Özü
isə Çərkəzlə yanaşı oturdu. Sarımsaqlı
qatığı irəli çəkib bir-iki qaşıq
pencərin üstünə tökdü.
- Ay dədə, - dedi, - sarımsaqlı yaxşıdır.
İştahan açılar. Balığa da su asmışam.
Bu saat hazır olar. Soyutma bişirirəm.
Qoca kişi qızının bu mehribanlığına
qarşı necə minnətdarlıq edəcəyini bilmədi.
Ancaq onun üzünə baxıb gülümsəməklə
kifayətləndi. Camı qabağına çəkib bardaş
qurdu. Çörəkdən kəsib pencəri çömçələdi.
Kişi quru çörəyi dişsiz damağında
övkələdikcə% çənəsi şaqqıldayır,
gicgahlarındakı damarlar oynayırdı. O, tez-tez əyilib
fətir götürən qızını gözaltı
süzürdü. Güləsər böyümüşdü.
Heç bir il bundan qabaqkı arıq, quru qıza oxşamırdı.
Elə bil rəngi də ağarmışdı. Döşləri
nimdaş qoytasını dik tuturdu. Kişi bunun fərqinə
indi vardığından, təəccüblə ona baxır,
deməyə söz tapmırdı. O indiyə qədər
Güləsəri uşaq hesab edirdi. Amma bu gün elə
bil yuxudan ayılmışdı.
Güləsər qardaşı ilə bir qabda xörək
yeyirdi. Tez-tez şitlik edir, Çərkəzin qabağındakı
pencəri çömçələyib götürürdü.
Qardaşını cinləndirib xısın-xısın
gülürdü. Kişi görürdü ki, qızı
şuxluq edir. Zarafatlaşmaq, əzilib-büzülmək
istəyir. Gözləri oyur-oyur oynayır. Yanaqları rəngdən-rəngə
düşür. Güləsərdə ilk dəfə
müşahidə etdiyi bu hal kişini hürkütdü.
"Günü qara lap özünü açıb, -
deyə xəyalından keçirdi, - indidən mazaqlaşmaq
istəyir. Allah sizin damazlığınızı kəssin.
Boyları bir qamçı olan kimi adamın belinə sıçrayırlar".
Onun iştahası qaçdı. Camı geri itələyib,
əllərini şalvarının dizinə çəkdi.
Güləsər atasının dayandığını
görüb təəccüblə soruşdu:
- Niyə yemədin, ay dədə, yoxsa xoşuna gəlmədi?
- Yox, qızım, çox sağ ol, ağzın şirin
olsun. Doydum.
Güləsər qabı götürdü.
- Bu saat balıq gətirim, - deyə ayağa durdu.
Kişi onun arxasınca baxdı. Qoşa hörükləri
görəndə xəyalı uzaqlara getdi. Qız lap anasına
oxşayırdı. Boyu, buxunu, yeriyəndə boynunu bir
az yana əyməsi lap Züleyxa idi. O da bunun kimi ortaboylu, tökməbədənli
idi. "Yox, qız lap yetişib, gözdə-qulaqda olmaq lazımdır".
Kişi taxtın üstünə uzandı. Güləsər
köhnə bir mütəkkə gətirib onun başının
altına qoydu. Qoca kişi qəlyanını doldurdu. Arxalığının
cibindən çaxmağını çıxardıb
qovu alışdırdı. Qəlyanın üstünə
qoyub sümürdü. Baş barmağı ilə
közərmiş tütünü basıb, çubuğunu
tüstülətdi. Kişini fikir götürdü...
9
Şamxal kəndin kənarında, biçənəklərin
üst tərəfindəki təpənin qaşında
özünə ev tikdi. Kənd cavanları ona kömək
etdilər. Birləşib yer qazdılar. Meşədən
dirək, kərən gətirdilər. Üç gün
gecəli-gündüzlü işləyəndən sonra
qazma daxmanın üstünü örtdülər.
Damın pərdilərini Şamxal özü örtdü.
Enli qovaq ağaclarını doğrayıb ortadan yardılar.
Səliqə ilə yonub yan-yana qoydular. Şamxal evin dal tərəfindən
balaca bir pəncərə açdı. Uşaqların
hardansa tapıb gətirdikləri bir parça şüşəni
ora saldı. Qara damın həyətində iri bir çardaq
da tikdilər. Şamxal özü çardağın
ətrafını ulğun çubuğu ilə hördü,
torpağın süzülüb axmasının qabağını
aldı. Həyədəki ot-ələfi təmizlədi. Harda
xırman açacağını, samanlığı,
tövləni harda tikəcəyini indidən müəyyənləşdirdi.
Kənd camaatı əvvəlcə bu işə təəccüb
etdi. Şamxalın yanına gəlib onu danlayan ağsaqqallar
da oldu. Ancaq o, sözündən dönmədi.
Bu xəbər Cahandar ağanı təəccübləndirmədi.
"Tərs oğlu tərs südünə çəkib,
- deyə ürəyində onu yamanladı. - İnadın
biridir. Bilirdim ki, axırı belə olacaq". O bu işə
bir tərəfdən sevinir, oğlunun öz atasına belə
boyun əymədiyini, kişi kimi sözünün üstündə
durduğunu bəyənirdi. O biri tərəfdən də onun,
Cahandar ağanın oğlunun qara damda yaşamasını
şə'ninə sığışdıra bilmirdi.
"Bir gün ağıllanar, başı əlhəd daşına
dəyib geri qayıdar" - deyirdi. Ancaq onun gözlədiyi kimi
olmadı.
Bir dəfə ilxıçılar xəbər gətirdilər
ki, Şamxal çəmənliyə gəlib ayağı
səkil qaşqa atı aparmışdır. O heç
kəsə heç nə demədən birbaş ilxının
içinə girib atı yallamış və quş kimi
sıçrayıb belinə qalxmışdı. Dikdiri
çıxıb kəndə doğru gedən atlının
qabağına heç kəs keçə bilməmişdi.
Bu xəbər Cahandar ağanı hirsləndirsə də
dillənməmişdi.
Əri ilə küsü saxlayan Zərnigar xanım da
buna dözə bilməmiş, "axırı ki, istəyinə
çatdın. İndi ürəyin dincəlsin", - deyə
ərini sancmışdı. Cahandar ağa oğlunun
yenə nə isə aparacağını gözləyirdi,
ancaq Şamxal bir daha buralarda hərlənməmişdi.
Şamxal divarından nəm qoxusu gələn daxmada tək
yaşayırdı. Onun nə yorğan-döşəyi,
nə künc-bucağında yeməyə bir şeyi vardı.
Əvvəlcə ayrı yaşamaq ona çox asan gəlirdi.
Amma özünə ev tikəndən ikicə gün sonra
belə yaşamağın çətinliyini dərk etdi.
Hətta bir-iki dəfə qəsdləndi ki, atını
minib dayısıgilə getsin. Sonra fikrindən daşındı.
Çərkəzgilə getməyə də arlandı.
Əslinə baxsan, Şamxala ayrılıb ev tikməyi
elə Çərkəz məsləhət görmüşdü."Sən
nə var, dədəyin malı-dövləti aşıb-daşır.
Əlində on beş-iyirmi kənd var. Biçənəklərinin
ucu-bucağı görünmür. Torpağın
gözü də sizindir. Yaman günündə beş-on
tağarlıq yer götürüb əkib-biçərsən.
Daha mənim kimi deyilsən ki, - demişdi. - Əgər evinizə
qayıtmaq istəmirsənsə, belə məsləhətdir.
Qonum-qonşunun qoltuğunda yaşamaqdan pis şey yoxdur".
Şamxal çox fikirləşmiş və ona haqq vermişdi.
Bu söhbətdən bir gün sonra Şamxal qərarını
ona demiş və köməkləşib ev tikmişdilər.
Şamxal bir həftə beləcə yaşadı.
Bir axşam həyətdə oturmuşdu. Çardağın
dirəyindən asılan qara çırağın başına
dolanan pərvanlərin, xırdaca böcəklərin sayı-hesabı
yox idi. Ətraf yaşıllıq olduğundan, uçub
işığa gələn cücülərin ardı-arası
kəsilmirdi. Dirəyə bağlanmış at qabağındakı
göy otu xımırtladırdı. Şamxal həmişəki
kimi bu axşam da atını Kürə sulamağa aparmış,
qayıdanda biçənəkdən bur qucaq ot çalmışdı.
O, içəri keçib taxtın üstünə uzandı.
Ulduzlar sayrışırdı. Cırcıramaların
səsi bir-birinə qarışmışdı. Cələdəki
çaqqallar səs-səsə verib ulaşdıqca kənd
itləri hürüşürdü. Kimsə xır
yolunda araba sürürdü. Təkərlər qıcıldayırdı.
Şamxalı fikir götürmüşdü. "Bəlkə
Habil oğlu Qasımın yanına getsin? Onun dəstəsinə
qoşulub çapqınçılığa başlasın?
Maldan-qaradan oğurlayıb birbaş həftəbazarına
sürsün? Bircə günün içində xırıd
edib paltar-palazdan alsın, ev-eşiyini sahmana salsın? Axı,
deyirlər, çox adam bu yolla varlanıb? Hərçənd
bu yolda ölüm-itim də var. Ancaq nə olsun, yaranan bir
gün ölməyəcəkmi?"
O, yanı üstə çevrildi. Papiros eşib-yandırdı.
Dalbadal sümürüb tüstünü kənara
üfürdü. Yenə fikrinə davam etdi. "Yox, nahaq bu
xəyallara düşürəm. Haramçılıqdan
bir şey çıxmaz. Adam öləndə də bir
şey üstündə ölər. Yoxsa oğurluq üstündə
ölmək heç kişilikdən deyil. Camaat adamın
cəmdəyinə tüpürər".
Şenliyin aşağısından səs-küy qalxdı.
Kimsə damın üstünə çıxıb bərk
qıy çəkdi. Dalbadal güllə atıldı.
İtlər səs-səsə verib ulaşdılar. Şamxal
qalxıb oturdu. Şirin-şirin ot yeyən at qulaqlarını
şəkləyib fınxırdı. İtlər nəyi
isə qovub cələyə doğru apardılar. Beş-on
dəqiqədən sonra hər şey sakitləşdi. Cıpcıramaların
səsi, Kürün qıjıltısı aydınca
eşidildi.
Şamxal yaxında hənirti duyub qulaq kəsildi. Göy
otluqda araba sürürdülər. Təkərlərin
otları əzməsi və öküzlərin arabir fısıldayıb
ot qoparması eşidilirdi. Arabaçı tez-tez çubuğunu
şaqqıldadır, "ho-ho, hiş" - deyə heyvanları
səsləyirdi. Görünür, o, qabağa düşmüş
və yol-iz olmayan yerlərdə arabanı xəndəyə
salmaqdan ehtiyat edirdi. Şamxal gələnlərin ötüb
gedəcəyini zənn etdi. Ancaq səs-küy yaxınlaşdı.
Araba düz işığa gəldi. Şamxal nökərləri
Tapdığı tanıdı.
- Xoş gördük ağa.
- Xoş gördük, hara belə?
- Heç hara, elə sənin yanına gəlmişəm.
- Bəs bu araba-zad nədir?
- Paltar-palazdır. Xanım göndərib.
- Qaytar geri, mənə heç nə lazım deyil.
İndiyəcən arabanın üstündən düşməyib,
qardaşının nə deyəcəyini gözləyən
Salatın dözmədi. Yerə enib onun yanına gəldi.
Quş kimi qanadlanıb Şamxalın boynuna sarıldı.
- Qurbanın olum, ay qağa, nə təhərsən?
Bacısının onu duz kimi yalaması Şamixalı
qəhərləndirdi. Qızın saçını
sığallayıb üzündən öpdü.
Kirimişcə:
- Anam nə təhərdir? - dedi.
- Yaxşıdı. Elə fikri-zikri sənsən. Evin də
mübarək. Bəs təkcə darıxmırsan?
- Əlacım nədir?
Salatın onun kövrəldiyini hiss etdi. Fürsəti əldən
verməyib üzünü Tapdığa tutdu:
- Tez ol, şeyləri boşalt.
- Heç nə lazım deyil.
- Bıy, dərdin ürəyimə, ə, nə danışdığındır?
Quru yerdə ha yatmayacaqsan? Evdə palaz-paltar olmazmı?
- Özüm hamısını düzəldərəm.
Onun mənə heç nəyi lazım deyil.
- O kimdir? - Salatın dayandı və qardaşının
atasına işarə etdiyini başa düşdü.
- Gətirdiyimiz şeylərin hamısı anamındır.
Öz cehizindəndir.
Tapdıq bacı-qardaşın başı qarışdığından
istifadə edib, arabadakı yüklərin bə'zi qismini boşaltdı.
Salatın Şamxala imkan vermədi. Çırağı
götürüb qabağa keçdi.
- Gəl görüm, evin necədir?
Onlar çardağı keçib içəri adladılar.
Salatın his verən qara çırağı yuxarı
qaldırdı. İri və vahiməli kölgələr
torpaq döşəmədə gəzdi, divarlara düşdü,
bə'zən də tavana qalxıb pərdiləri dolaşdı.
Salatın boş eavin ortasında dayandı. Divar nəm
idi. Yaş kərən və pərdilərdən az qala su
damırdı. Evin içi bomboş idi. Tıxtın
üstündə bir cırıq palaz da yox idi.
- A bacın ölsün, burda necə yatırsan?
- Birtəhər.
- Özümü öldürrəm, səni bu cür
qoymaram.
Onlar ay doğana qədər əlləşdilər. Gətirdikləri
şeylərin hamısını daşıyıb
içəri doldurdular. Tapdıq geri qayıtdı. SAlatın
qardaşından ayrılmadı.
- Səni tək qoyub, heç yana gedən deyiləm.
Onlar elə həyətdə, çardağın altında
yer saldılar. ay yuvarlanıb yuxarı qalxmışdı.
Təpələrin, çöllərin üzərinə
solğun işıq çilənmişdi. Çəmənlərdən
biçilmiş ot qoxusu gəlirdi. Onların gözünə
yuxu getmirdi.
- Sabah evini silib-süpürəcəm. Divarlara kilim tutacam.
Yorğan-döşəyini yük yerinə yığacam.
Qab-qacaq da gətirmişəm. Anam hər şey göndərib.
Görək indi sözün nə olacaq. Bizi tək qoyub
qaçdın. Heç insafın yoxdur?
- Özün gördün ki?
- Gördüm. Ancaq nə olsun, atandır. Hirslənmişdi.
Gəl qayıdaq.
- Az danış, ağzın yekə olar, - deyə Şamxal
zarafata salıb bacısını susdurdu. Yorğanı
çiyninə çəkib, kürəyini ona doğru çevirdi.
Salatın qardaşını arxadan qucaqlayıb büzüşdü.
10
Güləsər gecikmişdi. Səhər tezdən ev-eşiyi
süpürmüş, qızlarla pencərə getmiş,
geri qayıdanda səhəngin boş olduğunu görmüşdü.
Ataı indicə gələcəkdi. Çərkəz də
axşamüstü evə dönəcəkdi. Heç
olmazsa onlara bir stəkan çay vermək lazımdı.
O, səhəngi götürüb birbaş Kürə
yollandı. Gün yaxmışdı. Kəndin qərb
tiərəfindəki hündür təpələrin zirvəsi
narıncı rəngə boyanmışdı. Sahildəki
söyüd ağaclarının budaqları qızılı
rəngə çalırdı. Güləsər hündür
yarğanın yanından sola burulub cığırla
aşağı endi. Çəmənlidkə oynaşan
uşaqlar malları qabağına qatıb kəndə
doğru haylayırdılar. Lap uzaqda bir oğlan at çapırdı.
Ətrafa sərinlik gətirən kölgə çökürdü.
Güləsər addımlarını yeyinlətdi. Suyun
yaxası boyu uzanan yarğanın qaşı ilə getdi.
Göyün üzündə süzən saysız-hesabsız
qızlarquşunun səsi bir-birinə qarışmışdı.
Suların şırıltısı, cələdəki
salxım söyüd yarpaqlarının xışıltısı,
çəmənlərdən küləyin qovub gətirdiyi
çiçək qoxuları Güləsəri məst etmişdi.
O hərdənbir ayaq saxlayır, Kürün balıq qoxusu
verən nəm havasını ciyərlərinə doldururdu.
Yarğanın kölgəsi suya düşmüşdü.
Onun qaşı ilə gedən Güləsərin də
kölgəsi xırda ləpələrin üzəri ilə
irəliləyirdi. Qız, çiynində səhəng, suyun
axarının əksinə gedən kölgəsinə
tez-tez dönüb baxırdı. Sular çəhrayı
rəngə boyanmışdı. Yaxındakı adacıqları
bürüyən çiçəkləmiş ulğun
kollarının uclarının rəngini sulardan seçmək
olmurdu. Elə bil günəş yaxan zaman hər yer - axar
sular, yaşıl təpələr, sünbüllü
zəmilər od tutub yanırdı. Güləsər Kürün
gur yerinə şəfəq saçan günəşə
baxdı. Yarısı təpənin dalında gizlənən
günəşin əksi şəffaf sularda parıldayırdı.
Yerlə səma birləşmiş kimi görünürdü.
Sanki günəş Kürün başında, təpələrin
ağız-ağıza qovuşduğu yerdə aşağı
enmiş və axşam-axşam sularda çimirdi. Onun qızılı
saçları suyun üzünə dağılıb
qıvrılırdı.
Güləsər suvadağa çatanda sahilə qatı
bir kölgə çökdü. Qız başını
qaldırıb üfüqə baxdı. Günəş
gizlənmişdi. Təpələrin dalından qızartı
görünürdü. Elə bil kimsə orada nəhəng
bir tonqal qalamışdı. Ocağın şəfəqləri
səmada əks edib ağ buludları alovlandırırdı.
Güləsər səhəngi suya basıb doldurdu. Kənara
çəkib ağzını tıxacladı. Tələsik
üzünə su çırpıb saçını
sığalladı. Tezcə də yola düşmək
istədi.
Birdən onun bədəninə üşütmə gəldi.
Sinəsində göyərçin kimi çapalayan ürəyi
qoftasını titrətdi. Qız vahimələnən kimi
olub səhəngin qulpundan yapışdı. Elə bu an
sahildəki ulğun kollarının arxasından bir qayıq
çıxdı. Qız cəld səhəngini çiyninə
alıb yarğanın qaşına dırmanmaq istədi.
Kimsə onu çağırdı. Güləsər tanış
səs eşidib geri dönəndə Şamxalla qarşı-qarşıya
dayandı. Bir müddət heç biri dinmədi. Güləsər
gözlənilməyən bu təsadüfdən özünü
itirdi. Axşamüstü, çay kənarında onları
bir yerdə görsələr, nə deyərlər? El içində
biabır olmazdımı? Qız başını
qaldırıb Şamxalın üzünə baxdı.
Onnu dinmədiyini, tez-tez nəfəs aldığını
gördü. Gözucu yarğanın aşağısında
sahilə yan almış qayığa və orada intizarla
Şamxalı gözləyən Tapdığa baxdı.
Qızın gözlərinə Kürün üstünə
enən kölgədən də qatı bir kölgə
endi. Aralanmaq istədi, ancaq Şamxal onun biləyindən yapışdı.
Səhəng yerə düşdü. Dığırlanıb
sahilə qədər getdi. İri daşa toxunub dayandı.
Tıxac sıçrayıb çıxdı. Səhəngin
suyu loqqultu ilə süzülüb sahil daşlarını
islatdı.
Güləsər qışqırmaq istədisə, güclü
bir əl onun ağzını qapadı. Şamxal qucağında
titrəyən qızın çapalamasına baxmadı.
Üz-gözünün cırılmasına da fikir
vermədi. Ac canavar quzu götürən kimi qızı
basmarlayıb qayığa saldı. Tapdığa "tərpən"
- dedi. Özü isə dal tərəfdə oturub, paçasının
arasına saldığı qızı sinəsinə
sıxdı. Onun çapalayıb qayığı
çevirməsinə, ya da suya atılmasına imkan vermədi.
Lal suları yarıb şütüyən qayıq
Kürün ortasındakı adanın arxasında görünməz
oldu...
Mal otaran uşaqlar hay-harayla kəndə qaçdılar.
İki oğlanın bir qızı zorla qayığa
qoyub qaçırdıqlarını söylədilər.
Qızın tez-tez çırpınıb özünü
suya atdığını, oğlanınsa onu tutub gəmiyə
basdığını və üstəlik bir-iki şillə
çəkdiyini elə yarğanın qaşından gördüklərini
danışdılar. Qız ağlayıb çırpınırmış.
Ancaq onun səsini eşidən olmayıb. Qayıq o taya,
meşəyə keçib.
Malı sulamağa aparan naxırçılar boş
səhəngi tapıb gətirdilər. Arvadlara göstərdilər.
Güləsərin olduğunu bilib Qoca kişiyə xəbər
yolladılar. Bacısının qaçırıldığını
eşidən Çərkəz tüfəngi götürüb
başı alovlu sahilə qaçdı. Ətrafa boylandı.
Yalandan havaya bir-iki güllə atdı, ancaq heç nə
tapa bilmədi. Qatı qaranlıq ətrafı bürümüşdü.
Kürün qıjıltısı, ulğun kollarının
uğultusu adamı vahimələndirirdi. - Cələdəki
çaqqallar isə səs-səsə verib ulaşırdılar.
Bir xeyli sahildə vurnuxan Çərkəz əlacsız qalıb
geri, kəndə qayıtdı. Dikdiri çıxanda dayandı.
Kəndin işıqları yanmışdı. Qapılarda
ocaq qalamışdılar. Bağdan açılan itlər
yal üstündə boğuşurdular. Yalnız onların,
Çərkəzgilin ucqarındakı evlərdən işıq
gəlmirdi. O, köksünü ötürüb ağır-ağır
qaranlıq daxmaya doğru addımladı.
Güləsərin könlü Şamxalı inişil,
dağ köçündə tutmuşdu... Göytəpəlilərin
arabaları ağız-ağıza qovuşan sisli-dumanlı
dağların arasındakı dərə ilə qıjıldayıb
çayın sahilində dayanmışdı. Hamı
arabanın yanına, elə göy otluğun üstünə
gəbə salmışdı. Kəndin mö'təbər
adamları mütəkkəyə dirsəklənib dincəlir,
qız-gəlin bulaqdan su gətirib çay tədarükünə
başlayırdı. Üstü dəyəli arabaların
böyründə ocaq tüstülənirdi. Qoyun kəsib
alışma edənlər də var idi.
Gəmiçi Qocanın arabası həmişəki kimi
köçün lap axırında getdiyindən, düşərgədə
də hamıdan sonra, bir az aralı dayanmışdı.
Güləsər atasının fikirli-fikirli arabanın
yanında dolaşdığını, anasının,
əli qoynunda, ocaqlara asılmış qazanlara, buğlanan
ağ samovarlara tamaşa etdiyini gördü. Arvadın
gözü yol çəkirmiş kimi intizarlı idi.
Sifətində mə'lul-müşkül bir ifadə var
idi. Güləsər bircə an fikrə getdi. Sonra arabanın
içindən boz kilimi götürüb yerə saldı.
Üstünə balaca döşəkçə atdı.
Sarı samovarı çıxartdı. Arvad qızının
qab-qaşıq tədarükünü görüb
təəccübləndi:
- Bala, fikrin nədir?
- Heç, - deyə sakitcə cavab verən Güləsər
üzünü atasına tutdu. - Ay dədə, gəl
uzan, dincəl. Mən də ocaq qalayacam.
O, səhəngi götürüb bulağa getdi. Yarımca
saatdan sonra Qoca kişinin də arabası yanında ocaq tüstüləndi.
Qazanda nə isə dığıldamağa, sarı
samovar poqquldamağa başladı. Güləsər hələ
də təəccüblə ona baxan anasının boynunu
qucaqladı:
- Ay ana, kimdi gəlib sənin qazanına baxan? Qoy hamı elə
bilsin ki, biz də ocağa xörək asmışıq,
çay dəmləmişik.
- Ay bala, köçün işini nə bilmək olar, birdən
qonaq-zad gələr, biabır olmarıqmı?
- Olanda da olarıq, neyləyək.
Doğrudan da aradan bir az keçməmiş Çərkəzlə
Şamxal onların arabasına yaxınlaşdı.
Çərkəz gözaltı qaynayansamovarı, ocaqdakı
qazanı, kilimin üstünə uzanmış atasını
süzdü. Özünü sındırmamaq üçün
Şamxalı süfrəyə də'vət etdi. O, Şamxalın
təşəkkür edib gedəcəyi və burada dayanmayacağı
zənnində idi. Amma Çərkəzin gözlədiyinin
əksinə Şamxal:
- Bir stəkan çay içərəm, - deyə onun təklifini
qəbul etdi.
Çərkəz anasının təlaş içində
qaldığını, Güləsərin onsuz da dağ
havasından allaşmış yanağının
daha da qızardığını və lal baxışlarla
nə isə demək istədiyini anladı. Ancaq gec idi. Şamxal
Qoca kişi ilə salamlaşıb yanını yerə
qoymuşdu.
Güləsər sakitcə samovarın yanında oturdu.
Aylarla sandıqda saxladığı və indicə əyninə
keçirdiyi qırçınlı qırmızı
donunun uzun ətəyi ilə yalın ayağını
örtdü. Stəkan-nəlbəkini yuyub silməyə başladı.
Şamxal gələndən sonra pərtləşənQoca
kişi nəhayət dilləndi:
- A bala, kasıblığın üzü qara olsun,
indi səni nəyə qonaq edək?
- Heç nə lazım deyil, Qoca dayı, elə Güləsər
bir stəkan çay versə pis olmaz.
- Çayımız var, amma...
Kişi dayandı. Sualedici nəzərlərlə arvadına,
sonra da qızına baxdı. Güləsər atasının
və anasının vəziyyətini başa düşdü,
özü də hiss etmədən dilavərliyə başladı:
- Qəndimiz yoxdur.
- Niyə yoxdur, ay bala, ancaq farmaşdadı. Bu saat gətirərəm.
Züleyxa arvad yerindən qalxmaq istədi. Şamxal Çərkəzin
qaşqabağından məsələni anladı və
onları çıxılmaz vəziyyətdən qurtarmaq
üçün gülümsündü.
- Əziyyət çəkməyin, Züleyxa xala, sizin çayınız
qəndsiz də şirin olar.
Güləsər süzdüyü çayı Şamxalın
qabağına qoydu və nə üçünsə
başını qaldırıb onun üzünə
baxdı. Qızın dodaqlarındakı təbəssüm
donub qaldı. Üzünə zillənən gözlərdə
həm mehriban, həm də qəlbə nüfuz edən qəribə
bir ifadə oxudu. Qız ömründə ilk dəfə
duyduğu və mə'nasını başa düşmədiyi
bir hissin tə'siri ilə sarsıldı. Ona elə gəldi
ki, üzünə zillənən gözlər köz
kimi onu yandırıb qarsadı. Deyəsən, özü
də hiss etmədən bir xeyli beləcə dayandı. Yoxsa
atası öskürüb bərkdən içini arıtlamaz,
Çərkəz də qaş-göz oynatmazdı.
Güləsər atasının "taxsırın hamısı
bu xalası göyçəkdədir" - deyə oğlunu
göstərdiyini və onu xəbərsiz qonaq gətirməkdə
məzəmmət etdiyini eşidəndən sonra əlini stəkandan
çəkdi. Onun qulaqları güyüldədi. Samovarın
istisi vurduqca qızarmış yanaqları daha da pörtdü.
Kişilərin söhbətini güclə eşitdi. Ayağa
durub uzaqlaşmaq istədisə də bacarmadı.
Şamxal çox oturmadı. Çayı içən
kimi ayağa durdu. "Ağzınız şirin olsun", -
deyə təşəkkür etdi. Çərkəzlə
bərabər arabadan uzaqlaşmazdan əvvəl dönüb
bir də Güləsərə baxdı. Qız onun Çərkəzə:
- Maşallah, bacın lap böyüyüb, - dediyini aydınca
eşitdi.
Güləsər dağların kölgə saldığı
cığırla güneyə doğru addımlayan
Şamxalı və qardaşını xır yoluna
qədər gözdən qoymadı. Anası onu səsləməsəydi,
bəlkə də axşama qədər beləcə dayanacaqdı.
O, süfrəni və stəkan-nəlbəkini yığışdıranda
da Şamxalın sözləri qulağından getmədi.
"Sizin çayınız qəndsiz də şirin olar". Bu
nə demək idi? Necə yə'ni çayınız qəndsiz
də şirin olar? Yoxsa o başqa söz demək istəyirdi?
Amma qəribə gözləri var. Adamın düz ürəyinin
içinə baxır.
Qız sonralar dağda olanda da, hətta arana köçəndə
də bu sözləri unuda bilmədi. O, hiss etdi ki, qəlbində
nə isə baş qaldırır, bu xatirələr nə
üçünsə onu sevindirir, özünə bir
həmdərd axtarmağa, ürəyindən keçənləri
kimə isə danışmağa sövq edir. Ancaq bu sirri
kimə söyləyə bilərdi? Onu məsxərəyə
qoymazdılarmı? "Gör qızın iştahından
nə keçir?" - deyə ələ salmazdılarmı?
O, bə'zən qara damda mitil yorğan-döşəyə
bürünüb gözlərini his basmış kərənə
zilləyir, torpaq divarın yarıqlarında cırıldaşan
gecə böcəklərinin səsini dinləyir, bə'zən
göyün üzünə səpələnmiş
ulduzlara orta bacadan tamaşa edərək xəyala dalırdı.
Bacadan seyr etdiyi səmanın bir parçası onun xəyalı
tək gah tərtəmiz olur, gah da küləyin qovub gətirdiyi
dumana bürünüb tutqunlaşırdı. Bacadan
evin ortasına düşən ay işığı
azalır, onsuz da qaranlıq olan qazmaya ürəksıxıcı
bir kölgə çökürdü. Güləsər
gözünü yumub yuxulamağa çalışsa
da bacarmır, yerinə qor dolmuş kimi səhərəcən
qovrulurdu. Qız özünün də ayırd edə
bilmədiyi hallar keçirirdi. Bə'zən "o hara, mən hara?"
- deyə özünü danlasa da, Şamxalın sözləri
yenə qulaqlarında səslənir, xəyalı gözünün
önündən getmirdi. Şamxal atını sulamağa
aparanda bir bəhanə ilə səhəngi götürüb
Kürə enir, uzaqdan da olsa oğlanı görməklə
təsəlli tapmağa çalışırdı.
Səhərlər yorğan-döşəyi salmaq adı
ilə çardağın üstünə çıxıb
hərlənir, Cahandar ağagilin həyətinə boylanmaqdan
yorulmurdu. Hərdən təsadüf onları qarşılaşdıranda
isə Güləsər yolunu dəyişdirib, Şamxaldan
qaçır, özünü elə aparırdı
ki, guya heç nə onu maraqlandırmır. Ancaq kürəyinə
zillənən baxışları duyur, düz yolda ayaqları
dolaşır və az qalırdı ki, büdrəyib
yıxılsın. Belə hallarda Güləsər indicə
ürəyinin partlayacağından qorxurdu. Bu iztirab və
məchul hisslər ona əzab versə də, xoş və
ləzzətli idi. Gənclik qəlbinin sirlərini məgər
axıra qədər başa düşmək olurmu? Orada
cücərən meyllərin, parıldayan qığılcımların,
kül altında qalmış köz kimi işıldayıb
sönən arzuların sayını-hesabını
bilmək, hansının alovlanıb parıldayacağını,
hansının vaxtsız sönəcəyini əvvəlcədən
demək olurmu?!
Şamxal elə o gecə kəndə qayıtdı. Güləsəri
meşəyə aparmadı. Qayığı birbaş
Kürün ortasındakı balaca adaya sürüb,
ulğun kolluğunda gizləndi. O, iz itirmək, camaat yatandan
sonra şenliyə dönmək istəyirdi.
Güləsər əvvəlcə çox çırpındı.
Adaya çatan kimi qaçıb özçünü
suya atdı. Üzüb keçmək istədi: Şamxaldan
əvvəl Tapdıq qabağa keçdi. Qızı dartıb
sudan çıxartdı. Güləsərin bədəni
tir-tir əsməyə başladı. Qız qorxdu. İllərdən
bəri ürəyində bəslədiyi arzuların puç
olduğu qənaətinə gəldi. Şamxalın onun
özünə yox, nökərlərinə götürüb
qaçırdığını yəqin etdi. O, yenidən
çırpındı. Canını qurtarmaq üçün
var-qüvvəsini toplayıb dartındı. Oğlanın
onu buraxmayacağını hiss etdikdə isə gözləri
ilə Şamxalı axtardı, onu köməyə çağırmaq
istədi. Şamxal bunu duymuş kimi qabağa keçib
axşam ayazında tir-tir əsən Güləsərin
qolundan tutdu. Qızın baxışlarında acizanə
yalvarışla bahəm dərin bir məzəmmət, dil
anlamaz, mərhəmətsiz bir adama qarşı coşan
kim qarışıq giley-güzar var idi.
Tapdıq çəkilib kənarda dayanandan sonra Güləsər
bir az sakitləşdi. Şamxal qızı çəkib
ulğun kollarının qalın yerinə apardı.
Güləsərin canını yenidən titrətmə
götürdü.
- Qurban olum, mənə dəymə. Üzüm ayaqlarıyın
altına, ay Şamxal, məni biabır eləmə.
Qız qorxusundanmı, yoxsa imdad axtardığındanmı,
nədənsə, heç özü də bilmədən
onun qoynuna qısıldı. Şamxal islaq paltarı
bədəninə yapışan qızın ə'zalarının
titrədiyini hiss etdi. Yazıq qız çırpınır,
həm qorxudan, həm də soyuqdan çənəsi şaqqıldayırdı.
Şamxal ələ keçirdiyi ovu yırtıcı
bir ehtirasla parçalamaq fikrində deyildi. O, Güləsəri
evinə aparmaq və həmişəlik özünə
arvad etmək istəyirdi. İndiyəcən atasının
bu işə qol qoymayacağını bildiyindən, sirrini
heç kəsə açmamışdı. Ancaq indi işlər
tərsinə dönmüşdü. Görünür,
insan öz taleyindən qaça bilməzmiş!
On yeddi yaşı yenicə tamam olan Güləsər isə
başına gələn əhvalatdan heç nə anlamır,
elə buradaca, kolun dibində dəhşətli və eyni zamanda
cazibədar bir maraqla gözlədiyi əhvalatın baş
verəcəyindən qorxurdu. Hələ indiyə qədər
bir oğlan əli toxunmayan bədəni Şamxalın təmasından
daha şiddətlə titrəyirdi. Oğlan onu qucaqlayanda
sudan kənara atılmış balıq kimi çapalayır,
əl-qolu tutulanda isə dartınıb çırpınırdı.
Şamxal onun özünü həlak edəcəyini görüb,
ehtiras və həyəcandan boğulan bir səslə dilləndi:
- Ay dəli, özünü niyə öldürürsən?
- Qurbanın olum, məni qaytar evimizə.
Qız onun sinəsinə qısılıb belindən
qucaqladı. Şamxalı tutub saxlamaq, əl-qol atmağa
qoymaq istəmədi. O da bunu hiss edib tərpənmədi. Çuxasının
ətəyi ilə Güləsəri bürüyüb
özünə doğru çəkdi. Qızın islaq
qoftasına yapışmış yumru döşlərinin
ürəyi çırpındıqca titrədiyini hiss
etdi. Onnu nəfəsi darıxdı. Qızın ayaqlarını
yerdən üzüb yuxarı qaldırdı. Təpimiş
dodaqlarını onun yanaqlarında, üzündə
gəzdirdi. İlk öpüşdən başı
gicəllənən Güləsər sustaldı.
- Mən səni biabır eləmək istəmirəm ki, niyə
qorxursan?
- Ölüm ayaqlarıyın altında, mənə
dəymə.
... Gecə yarıdan keçib, şenlik sakitləşəndən
sonra onlar yenə qayığa oturdular. Bu dəfə Güləsər
çırpınmadı. Şamxalın çuxasına
bürünüb sakitcə əyləşdi. O, oğlanı
yola gətirdiyinə və bir azdan evlərinə qayıdacağına
sevinirdi. Şamxal insaflı imiş. Güləsər
götürülüb qaçırılan qızların
döyüldüyünü, zorla başlarına
oyun gətirildiyini çox eşitmişdi. Hətta onları
aylarla gizləədib ortaya çıxarmırdılar da.
Ancaq Şamxal ona güldən ağır acı bir söz
də demədi. Bu sarıdan qızın ürəyi sakitləşmişdi.
Görəsən gecədən çoxmu keçib? Dədəm
evə gəlibmi? Çərkəz hardadır? Mən qapıdan
içəri girəndə nə deyəcək? Yəqin boynumu
qucaqlayıb "Nə yaxşı gəldin, ay Güləsər,
- deytb üzümdən öpəcək. - Sənsiz lap
darıxmışdım". Bəlkə döşümdən
itələyib heç içəri buraxmayacaq?!
Qızı dəhşət götürdü. Ağlına
gələn qara fikirlər ildırım kimi çaxıb
onu sarsıtdı. Axı, onun qolundan yad kişi yapışmışdı!
Yəqin ki, bu saat şendiyin adamları onun götürülüb
qaçırıldığını bilirlər.
Ağıllarına cürbəcür fikirlər gəlir.
Aman allah, nə böyük rüsvayçılıqdır!
İndi mənə kim inanar? Üzümü qaralayıb,
eşşəyin belində tərsinə oturdub, kəndin
içində gəzdirməzlərmi?
Qız hıçqırdı. Ancaq onu eşidən
olmadı. Kürək çəkildikcə şütüyən
qayıq xırdaca ləpələri yarıb suyu şappıldadırdı.
Şamxal qabaq tərəfə keçdi. Qayığın
burnu sahil daşlarına dəyib xırçıldayanda,
atılıb kənara çıxdı. Qarışıq
fikirlərdən hələ də özünə gələ
bilməyən Güləsəri astadan səslədi. Əlindən
tutb sahilə çıxartdı. Qayıqda oturan Tapdıq
pıçıltı ilə dilləndi:
- Mən də gəlimmi?
- Yox, özümüz gedərik.
- Birdən yolda-zadda...
- Heç nə olmaz, sən qayıt.
Tapdıq qayığı itələyib sahildən aralandı,
suyun axarı ilə aşağıya doğru getdi. O,
yarğanların kölgəsində gözdən itəndə
Şamxal Güləsərin qolundan yapışdı.
Qız yenə də titrədi.
Onlar kənd itlərini duyuq salmamaq üçün çəmənliyin
ortasındakı cığırla getdilər. Güləsər
qabağa düşmüşdü. Şamxal isə
ağır-ağır addımlayırdı. Qız
az qala qaçır, qurşağa çıxan otların
arasıyla kölgə kimi irəliləyirdi. Sürüdən
ayrı düşən qoyun da belə, müti halda canavarın
qabağınca qaçır.
Onlar dəyirmanın üst tərəfindən keçib
qaşdakı tut ağacının yaxınlığında
dayandılar. Kənd zülmət içində idi. Cırcıramalar
səs-səsə vermişdilər. Arabir sudan sıçrayan
iri balıqların şappıltısı eşidilirdi.
Dəyirmanın novuna tökülən suların şırıltısı
çaxcağın boğuq taqqıltılarına
qarışırdı.
Şamxal təpələrin dalından yenicə doğan
ay işığında qızı başdan-ayağa
süzdü.
- İndi fikrin nədir? Hara getmək istəyirsən?
Qız dinmədi. Yerindəcə silkələnib dayandı.
Danışmaq istədisə də bacarmadı. Yaş
onu boğdu. Yaylığının ucunu ağzına
salıb didişdirdi.
Şamxal onu evlərinə buraxan deyildi. Əgər qızı
qaytarsa, sabah baş qaldırıb, şenliyin arasında
gəzə bilməzdi. Cavanlar onu məsxərəyə qoyub
gülər, kənd arasında, doqqazda oturan kişilər
salamını da almazdılar, "bivec, - deyə ələ
salardılar, - gül parçası kimi bir qızı
da özünə ram edə bilməyib. Daha o nə kişidi?"
Qaçırılan qızın bəkarətinin pozulmadan
geri qayıtması oğlan üçün ölüm
sayılırdı. Ona görə vəhşilik dərəcəsinə
gəlsə də, heç kəs qaçırdığı
qızı salamat buraxmaq istəmirdi. Burada ikinci bir cəhət
də vardı. İsmətini itirmiş qız, ömürlük
işgəncə də olsa, həmin adamla qalıb yaşayır,
bir də geri, atasının evinə qayıtmırdı.
Şamxal bunları çox yaxşı bilirdi və dediyidən
də dönən deyildi. Ancaq Güləsəri də incitmək
istəmirdi. Bir də, qızın ona meylli olduğunu duymuşdu.
Elə buna görə də bir az arxayın tərpənirdi.
- Özün bilən yaxşıdır. Tərtəmizsən.
Əlim-ayağım dəyməyib. Ancaq sənə kim
inanacaq?
Elə Güləsəri də sarsıdan bu idi.
Şamxal onun tərəddüd etdiyini görüb, qələbəsinə
əmin oldu və heç nə soruşmadan qızı
kirimişcə qabağına salıb evə gətirdi.
Qara damda təkcə oturub, vahimə içində qardaşını
gözləyən Salatın gecə yarıdan sonra şıqqıltı
eşidib, həyətə çıxdı. Səksəkəli
halda:
- Adam, kimsən? - deyə soruşdu.
Şamxal astaca dilləndi:
- Mənəm.
- Ay qağa, adam da...
- Səs salma!
Salatın qardaşının yanında başqa bir
adamın da gəldiyini görüb susdu. Onlar çardağın
qabağında dayandılar.
- Tez ol, çırağı yandır, bunu içəri
apar. Yazıq tir-tir əsir. Üst-başı sudur.
Salatın çuxaya bürünüb kölgədə
dayanan qızı tanımadı.
- Bu kimdir?
- Güləsər.
- Güləsər? Ay qağa, nə elədiyindir?
- Uzun danışma. Nə deyirəm ona bax!
Salatın çırağı yandırıb qabağa
keçdi. Şamxal yerindəcə donub qalan qızı
itələyib içəri saldı. Sonra bacısını
səslədi:
- quru paltarın varsa, ver dəyişsin.
Onlar içəri keçdilər. Salatın soyuqdan gömgöy
göyərmiş qıza baxdı. Güləsər
uçum-uçum uçunurdu. Lakin soyuqdan çox, qarşıdakı
məchulluq onu titrədirdi.
- Ay qız, bu nə işdi?
Güləsər uşaq kimi kövrəldi və birdən
Salatının boynuna sarılıb hönkürdü.
Onlar xeyli beləcə dayandılar. Güləsər ağlayıb
ürəyini boşaltdı.
- Qurban olum, mənə bir yol göstər.
- Nə yol? Daha gəlib çıxıbsan.
- O mənə heç nə eləməyib. Bəlkə gec
deyil, evimizə gedim?
Salatın həyadan qızardı. Qızlıq ismətinin
bakirəliyini saxlamağın çox çətin olduğunu
bildiiydən, Güləsərin halına acıdı.
Bir də, o geri qayıtsa daha pis olmazdımı? "Kasıb
qız idi, bir gecə saxlayıb buraxdılar", - deyə
yazığı daşqalaq etməzdilərmi? Aralığa
qan düşməzdimi? Bir düşmənçilik də
bu yandan başlamazdımı? Bunları fikirləşən
Salatın yaşlı qadınlar kimi Güləsərə
öyüd-nəsihət verməyə başladı:
- Heç yana getmək lazım deyil. Şenliyi özünə
güldürməkmi istəyirsən?
Salatın hirslənmişdi. Qardaşının heç
kəslə məsləhətləşməyib, özbaşına
arvad alması ona yaman toxunmuşdu. "Bu gədə lap ağlını
itirib. Axırda kişinin ürəyi partlamasa yaxşıdır",
- deyə xəyalında onu asıb-kəsirdi. Digər tərəfdən,
ürəyinin lap dərinliyində baş qaldıran bir
hiss onu sevindirirdi. Qardaşı evlənirdi. Məgər o
bu günü çoxdan arzulamırdımı? Tez-tez
Şamxala sataşıb "nə vaxt gəlin gətirirsən?"
- deyən o deyildimi? Bəs indi niyə hirslənir? Gülüboynamaq
əvəzinə niyə qaşqabağını tökür?
Bu suallara Salatın özü də cavab tapa bilmirdi. Bəlkə
qardaşının belə xəlvəti evlənməyi,
cah-cəlalla toy etməyib, qız götürüb qaçması
ona toxunurdu? Axı, Salatın Şamxalın toyunda doyunca
oynamağı əhd etmişdi! Onun arzuları niyə
puç olurdu? Bəlkə Güləsəri bəyənmirdi?
Yox, Güləsər onun çoxdan xoşuna gəlirdi. Onlar
az-az görüşsələr də, bir-birinə çox
yaxın idilər.
- Yaxşı, bəsdi. Yad yerə ha gəlməyibsən?
- Axı mən belə istəmirdim.
- Nə bilirsən, bəlkə bu yaxşıdır.
- Qurban olum, məni danlama.
Salatın ayılan kimi oldu. Dolaşıq fikirlərdən
yaxasını qurtarıb, güləsərin üzündən
öpdü:
- Belə xoş gəlibsən! Qədəmin yüngül
olsun! Allah sizi qoşa qarıtsın! Bir də ki, ay şeytan,
naz eləmə, özüyün ürəyindəndir.
Pişiyin könlü samanlıqdaydı, it də vurdu
samanlığa saldı. Daha nə istəyirsən?
Elə bil Salatını birdən-birə dəyişdirdilər,
azca bundan əvvəlki donuq qız haraya isə çıxıb
getdi. Əvəzinə şıtıx, qaş-gözünü
oynadıb gülən ayar bir qız gəldi. O tez sandığı
açdı. Quru paltar çıxartdı.
- Aman allah, gör necə də titrəyirsən? Az, gömgöy
kəsilibsən. Tez ol, əynindəkini soyun. Al, allah eləməmiş
naxoşlayıb-elərsən, biabırçılıq
olar. Tez-tez.
Bu yüngüllük və şıltıxlıq
Güləsərə də tə'sir etdi. Onnu da çöhrəsi
açıldı. Qaşlarını oynadıb gülümsündü.
Salatın çırağın işığında
onun yaşlı gözlərinin dərinliklərində
parlayan qığılcımları duydu. Qız qoftasını
soyunanda Salatın Güləsərin alt paltarının
da islaq olduğunu gördü. Onun yenicə ətə dolan
ağ sinəsinə baxdı. Yaş köynək qızın
yumru döşlərinə yapışmışdı.
Bə'zi yerlərdə ətlə paltar arasında hava qalmışdı.
Ağ zolaqların arasında açıq-çəhrayı
rəngə çalan bədəni görünürdü.
Salatının ürəyi çırpınırdı.
Gicgahlarındakı damarlar nəbzinin ahənginə uyğun
olaraq vurmağa başladı. Elə bil qızın
sifətinə isti buğ verdilər. Yanaqları allanıb
pörtdü. Birdən Güləsər də dayandı.
Əlindəki donu sinəsinə tutub geri çəkildi.
- Sən allah, üzünü o yana tut. Qoy köynəyimi
dəyişdirim.
Onlar bir-birinin bədənin çox görmüşdülər.
Elə uşaqlıqdan Kürdə yan-yana çimir, bir-birindən
çəkinmədən soyunub suya atırlırdılar.
Hətta bə'zən bir-birini suya basanda zarafata salıb döşlərini
sıxırdılar. Amma indi Salatın qıza baxanda
qardaşı Şamxalı gözünün qabağına
gətirdi və özünü itirdi:
- Yaxşı, soyun, - deyə ondan aralanıb yük yerinə
yaxınlaşdı.
Dəhlizdə ayaq tappıltısı eşidildi. Salatın
yüyürüb qardaşının qabağını
kəsdi:
- Gəlmə, qoy qız paltarını dəyişsin.
O, qardaşını geri qaytarıb taxtın üstünə
yorğan-döşək saldı. Yastıqları
qoşalayıb yan-yana qoydu. Küncdə dayanıb ona
tamaşa edən Güləsərin üzündən
öpdü. Çıxıb getmək istədi. Qız
buraxmadı. "Getmə, qorxuram", - deyə titrədi. Salatın
onu taxtın üstündə oturdub, qoşa yastıqlara
baxdı:
- Heç nə olmaz, - deyə qımışdı və
qızın üzündən bir də öpdü,
cəld otaqdan çıxdı.
Şamxal içəri girəndə Güləsər özünü
elə itirdi ki, zifaf gecəsində necə hərəkət
etməli olduğu haqqında vaxtı ilə gəlinlərin
ona öyrətdiklərini unutdu. Durub Şamxalın ayağını
basdalamadı və beləliklə də bütün ömrü
boyu evdə "üstünlük qazanacağı" ehtimalını
əldən verdi. Şamxal onun titrəməsinə, qısılıb
küncə çəkilməsinə əhəmiyyət vermədi.
Sakitcə:
- Soyun yat, ayaq üstə niyə durmusan? - dedi.
Güləsər yorğanın arasına necə və
nə vaxt girdiyini bilmədi.
Çıraq söndü.
Bacadan süzülən ay işığı torpaq
döşəmənin ortasına ağ bir ləkə
saldı. Güləsər yad və isti bir bədənin
təmasından diksinib titrədi...
Dan yeri sökülürdü. Şenliyin xoruzları
səs-səsə verib banlaşırdılar. Şərq
tərəfdə üfüq ağarışır,
göyün üzü qızarırdı. Bu qızartı
getdikcə çoxalır, Kürün sularını
belə alovlandırırdı. Çəmənliklərdə
və yolların kənarında səkən quşlar yeni
bir səhərin açıldığını duyub
oxuyurdular...