"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin ötən ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında səsləndirdiyi hesabat məruzəsində ciddi yanlışlıqlar olduğunu bəyan edib. Bu barədə mərkəzdən məlumat verilib.
Vəliyev öz məruzəsində Azərbaycanda bir sıra istiqamətlər üzrə hərbi cinayətlərin sayının azaldığını iddia edir. Amma "Doktrina" mərkəzi vəziyyətin heç də yaxşı olmadığını düşünür. Vəliyev öz məruzəsində 2010-cu ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə ölüm hallarının 11,3 faiz, o cümlədən özünü öldürmə həddinə çatdırma cinayətlərinin 76,9 faiz azaldığını bəyan edir.
Ekspertlərin sözlərinə görə isə, əksinə, hər iki halda artım qeydə alınıb. Birincisi, 2010-cu ildə Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə 71 ölüm halının qeydə alındığı halda, 2011-ci ildə bu rəqəm 97 nəfər təşkil edib. Deməli, itkilər təxminən 35 faiz artıb. İntihar halları da artıb: 2010-cu ildə 9 nəfər intihar etmişdisə, 2011-ci ildə 12 nəfər intihar edib. 2010-cu ildə 4 nəfər, 2011-ci ildə isə 5 nəfər intihara cəhddən xəsarət alıb.
Hərbi prokuror məruzəsində bildirib ki, 2010-cu ilə nisbətən 2011-ci ildə Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 6,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 7,1 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 11,8 faiz, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 4,5 faiz, fərarilik cinayətləri 25,9 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 31,6 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,1 faiz, qeyri-hərbi cinayətlər 5 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 16,2 faiz, xuliqanlıq cinayətləri 66,7 faiz azalıb.
"Doktrina" mərkəzi isə bildirir ki, əksinə, bütün istiqamətlər üzrə itkilərdə və cinayət hadisələrində artımlar qeydə alınıb. Ekspertlərin mülahizəsincə, ola bilər ki, 2010-cu ildə silahlı birləşmələrdə baş verən itkilərin və hadisələrin əksəriyyəti cəmiyyətdən, mediadan gizlədilib. Əgər böyük sayda gizlədilmə halı varsa, onda X.Vəliyevin məruzəsindəki faktların düzgün olmasına dair rəylər ortaya çıxa bilər. Bunu sübut etmək üçün Hərbi Prokurorluq 2010 və 2011-ci il itkilərinin, cinayət hadisələrinin tam adlı statistikasını cəmiyyətə təqdim etməlidir.
|