"ZQAN Holdinq" şirkətlər qrupu direktorlar şurasının sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla "Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında "Ayı işi" ilə bağlı Məhkəmə Hüquq Şurasına (MHŞ) şikayət olunub. Vəkil Elçin Sadıqovun APA-ya verdiyi xəbərə görə, müraciətdə məhkəmə prosesi zamanı qanun pozuntularının olduğu qeyd edilib:
"Məhkəmə prosesi zamanı hakim bizim vəsatətlərə hər hansı münasibət bildirmədi. Halbuki bizim vəsatətlərimizə qərardadla münasibət bildirilməli idi. Bununla da bizim özünümüdafiə hüququmuz pozuldu. Eyni zamanda məhkəmənin hazırlıq və baxış iclasları keçirilmədi".
Qeyd edək ki, yanvarın 23-də Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, A. Məmmədovun iddiası təmin edilib, hər qəzetin ayrılıqda 4 min manat təzminat ödəməsi barədə qərar qəbul olunub.
Xatırladaq ki, iş adamı Anar Məmmədov 2010-cu ildə "Azadlıq" və "Yeni Müsavat" qəzetində dərc olunmuş, onun dostları ilə birlikdə 1 milyon manat ödəyərək ayı kəsdirib yeməsindən bəhs edən yazılara etiraz edib. Anar Məmmədov bunu şərəf və ləyaqətinin təhqir olunması kimi qiymətləndirib və maddi təzminat olaraq qəzetlərdən üst-üstə 500 min manat istəyib.
|