çap et  
Korrupsiyaya qarşı mübarizə idarəsi hesabat verdi
Korrupsiyaya qarşı mübarizə idarəsi hesabat verdi
Bu idarə QHT-lərlə əməkdaşlıq edəcək
Şənbə, 28.01.2012

İ.Abbasov

Rüşvət aldığına görə işdən qovulan üç yol polisi barəsində cinayət işi başlanıb. Baş Prokurorluqda bu DYP əməkdaşları barəsində CM 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev dünən keçirdiyi mətbuat konfransında bildirib (APA).

Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdi.

Kamran Əliyev bildirib ki, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilib. Həmin işlərdən birinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib və hökm çıxarılıb, 3-ü isə hazırda icraatdadır. Bundan başqa, korrupsiya hüquqpozmalarına yol verən 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan biri prokurorluq orqanlarından xaric edilib.

Açıqlanan rəqəmlərə görə, ötən il hüquq-mühafizə orqanlarından Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 30 məlumat daxil olub. Kamran Əliyevin sözlərinə görə, daxil olan həmin məlumatlardan 9-u Fövqəladə Hallar Nazirliyindən, 9-u Ədliyyə Nazirliyindən, 1-i Məhkəmə-Hüquq Şurasından, 1-i Daxili İşlər Nazirliyindən, 1-i Dövlət Miqrasiya Xidmətindən, 4-ü Milli Təhlükəsizlik Nazirliyindən və 5-i digər hüquq-mühafizə orqanlarından olunub. Bu məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. Daha 10 cinayət işi üzrə isə hazırda ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluq korrupsiya ilə bağlı ən çox şikayət olunan dövlət qurumlarının adlarını da açıqlayıb. Kamran Əliyev bildirir ki, "Qaynar xətt" əlaqə mərkəzinə bütün dövlət qurumları ilə bağlı müraciətlər daxil olur. Bunlar vətəndaşların pensiya məsələləri, təhsil, səhiyyə, bank işi, hüquq-mühafizə orqanları, bələdiyyələr, yerli icra orqanları ilə bağlıdır:

"Heç şübhəsiz ki, daxil olan müraciətlər arasında bəzi qayda pozan prokurorluq işçiləri də olub".

Korrupsiya ilə mübarizə məcrasında diqqəti çəkən başqa bir xəbərdə isə bildirilir ki, ölkənin qeyri-hökumət təşkilatları ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memoranduma QHT-lər adından Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev imza atıb.

Memorandumda 10 istiqamət üzrə əməkdaşlıq nəzərdə tutulub. QHT-lər və korrupsiyaya qarşı mübarizə idarəsi birgə təbliğat aparacaq, televiziya verilişlərinin hazırlanması, müxtəlif nəşrlərin çap olunması və sair sahələrdə birgə əməkdaşlıq edəcəklər.