Qəbələ RLS - qorxunc simvoldur
 |
Ekspertlər stansiya ilə bağlı danışıqların dayandırılmasını istəyirlər
Şənbə, 28.01.2012
|
|
"Qəbələ RLS-lə bağlı cərəyan edən proseslər Azərbaycan milli təhlükəsizlik maraqları baxımından mühüm əhəmiyyət kəsb edir". Bu barədə AYNAya Avroatlantik Şuranın sədri Sülhəddin Əkbər bildirib. Onun sözlərinə görə, hazırda stansiya ilə bağlı danışıqlar gedir və ilin sonuna qədər yeni müqavilənin imzalanacağına dair məlumatlar səslənir:
"Əgər Azərbaycan tərəfi bu sənədi imzalamasa, Rusiyanın Azərbaycanda hərbi-siyasi mövcudluğuna son veriləcək. Amma təəssüf ki, Azərbaycan tərəfinin bugünkü addımları bizə optimist olmağa imkan vermir. Hökumət bu obyektin Rusiyaya icarəyə verilməsinə etiraz etmir. Bu məsələ isə bizi narahat edir".
Sülhəddin Əkbər narahatlıq oyadan məqamları qeyd edir:
1. Rusiyanın icarəsində olan Qəbələ RLS-in Azərbaycanda yerləşməsi ölkənin hərbi-siyasi maraqlarına uyğun deyil. Rusiya Ermənistanla sıx hərbi-siyasi-istisadi əlaqələrə malikdir. Xüsusilə də bu iki ölkə arasında 102 saylı hərbi baza, KTMT çərçivəsində və ikitərəfli hərbi müttəfiqlik sazişi mövcuddur. Belə durumda olan bir ölkəyə stansiyanın verilməsi düzgün deyil.
2. Qəbələ RLS-in mövcudluğu Azərbaycanın NATO-ya inteqrasiya siyasətinə uyğun deyil. Çünki Qəbələ RLS-ə Rusiyanın antiNATO RƏM sisteminin tərkib hissəsi kimi baxılır. Belə olanda elə çıxır ki, Azərbaycan ərazisi NATO-ya qarşı istifadə olunur. Bu durum onu deməyə əsas verir ki, Azərbaycan özünə dost olan ölkələrlə bir yerdə deyil, əks cəbhədə yer alıb. Azərbaycanın təbii müttəfiqi Türkiyə, Pakistan və ABŞ-dır.
Bu baxımdan Qəvələ RLS-in vəziyyəti ölkəmizin hərbi-siyasi prioritetlərinə cavab vermir.
3. Bu stansiyanın təyinatı Azərbaycanın operativ maraqlarına cavab vermir. Çünki Azərbaycanın strateji qüvvələri yoxdur. Belə olan zamanda Qəbələ RLS-in ərazimizdə yerləşməsi bizim nəyimizə lazımdır.
4. Azərbaycan müharibə vəziyyətindədir. Belə bir dövrdə real kəşfiyyat mexanizminin ərazimizdə yerləşməsi marağımıza cavab vermir. Rusiya bu RLS şəbəkəsində qurulmuş agentura vasitəsilə Azərbaycan vətəndaşlarını məxfi əməkdaşlığa cəlb edir. Vaxtilə bu agentura şəbəkəsi içərisində separatçı "Sadval" hərəkatının üzvləri də var idi.
5. Hərbi-texniki baxımdan maraqlarımıza cavab vermir. Bu stansiya köhnəlib, Rusiya artıq Armavirdə yeni stansiya quraşdırıb.
S.Əkbər bildirdi ki, bu obyekt Rusiyanın Azərbaycanda hərbi varlığını sübut edən obyektdir: "Bu, Rusiyanın Azərbaycanda mövcudluğunun qorxunc simvoludur. Bütün qeyd edilənləri nəzərə alaraq Azərbaycan vətəndaş cəmiyyəti institutları öz sözünü deməli və bu ziyanlı obyekt ləğv edilməlidir".
Onun sözlərinə görə, Rusiyanın Qəbələdə yeni, daşınan stansiya quraşdırmaq istiqamətində arzuları da təhlükəlidir: "Belə stansiya quraşdırılarsa, o, daşınan olacaq və Azərbaycanın mülkiyyəti olmayacaq. Mən hərbi, hərbi-texniki, operativ və ekoloji baxımdan bu stansiyanın Azərbaycanın maraqlarına uyğun olmadığını bəyan edirəm. İctimai təşkilatları bu istiqamətdə fəallığa çağırıram".
"RLS-siz Azərbaycan Hərəkatı" İctimai Birliyinin sədri, AAŞ İdarə Heyətinin üzvü Səxavət Əlisoy Azərbaycan mediasında ekologiya ilə bağlı yazıların azlığından gileyləndi:
"Jurnalistlər Qəbələ RLS-in ekologiyaya ziyanı ilə bağlı tək-tük yazılar yazırlar və onların da əksəriyyəti reallığı əks etdirmir. Əksinə, cəmiyyətin bu stansiyanın ekologiyaya ziyanı ilə bağlı məlumatlandırılması vacibdir".
"Qəbələ RLS-in yaradılması SSRİ-nin hərbi gücünü qat-qat artırdı" deyən S.Əlisoy eyni zamanda stansiyanın Azərbaycanın ekologiyasına, genefonduna ağır zərbələrindən danışdı. Onun sözlərinə görə, bu stansiya 210 hektar sahəni əhatə edir və onun 30 hektarı RLS-in zibilxanasıdır. Bununla yanaşı, stansiyanı fasiləsiz enerji ilə təmin etmək üçün Mingəçevir və Əli Bayramlı SES-dən elektrik xətti çəkmək üçün 400 hektar meşə zolağını məhv etdilər. S.Əlisoy bildirdi ki, Qəbələ RLS Azərbaycanın 10-a yaxın rayonuna, eləcə də bu rayonlarda yaşayan yarım milyon əhalinin səhhətinə mənfi təsirini göstərir:
"Ruslar bu stansiyanı tikmək üçün heç bir təhlükəsizlik qaydalarına əməl etməyiblər. 28 ildir ki, yarım milyon əhali təhlükə altında qalıb. Genefond təhlükədədir. RLS-in fəaliyyətində frion qazından istifadə olunması insanlar və ətraf mühit üçün təhlükədir".
S.Əlisoy bildirdi ki, 1992-ci il mayın 5-də Azərbaycan parlamenti Qəbələ RLS-in ətraf mühitə təsirini öyrənmək üçün ekspert qrupunun yaradılması haqqında qərar qəbul etdi. Rəhmətlik Arif Mənsurovun rəhbərlik etdiyi komissiya Oğuz rayonunda araşdıma apararaq stansiyanın insanlara və ətraf mühitə ziyanlı olduğu qənaətinə gəlib. "Bu stansiya müharibə başlayanda daha intensiv işləyir. Əfqanıstan müharibəsi başlayanda onun gücü 50 meqa vatdan 300 meqavata qədər artdı. Bu zaman stansiyadan xeyli aralıda olan bitkilər külə dönmüşdü", - deyə S.Əlisoy bildirdi.
Ekspertin sözlərinə görə, Qəbələ RLS-in Rusiyaya icarəyə verilməsi öncəsi, 2001-ci ildə Azərbaycan və Rusiya səhiyyə nazirliklərinin birgə komissiyası RLS-lə bağlı araşdırma aparıb. Amma komissiyanın gəldiyi nəticələr mətbuata açıqlanmayıb:
"Sadəcə, bəyan etdilər ki, RLS-in ərazisində ekoloji tarazlıq vəziyyəti pozulmayıb. Bu, tarixə ləkə olan bir işdir. Məhz bu komissiyanın işindən sonra Qəbələ RLS 2002-ci ildə 10 il müddətinə Rusiyaya icarəyə verildi".
S.Əlisoy stansiyanın mütləq bağlanılmasını vacib sayır:
"Məncə, Azərbaycan hakimiyyəti bu məsələdə təkbaşına addım atmamalıdır. Bu məsələ yalnız ümumxalq səsverməsindən - referendumdan sonra həll oluna bilər. Qəbələ RLS milli və siyasi məsələdir və mütləq burada xalqın iradəsi ortaya qoyulmalıdır. Azərbaycanın başı üzərində dolaşan kabusdan qurtulmaq üçün hamımız iş görməliyik".
|
|
|
Oxşar xəbərlər:
Sülhəddin Əkbər:
"Prosesə xarici xüsusi xidmət orqanları cəlb olunmalıdır"
ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir
Professor Uilyam Martel: "Rusiya müəyyən vaxta qədər səssiz qalacaq"
Qəbələ RLS-in taleyi necə olacaq?
Sülhəddin Əkbər: "NATO-nun Qafqaz siyasətində ciddi dəyişikliklər edilməlidir"
|
|
|