Yanvarın 27-də REAL Hərəkatı, Bütöv Azərbaycan Gənclər Təşkilatı, Vətəndaş Həmrəyliyi, Klassik Xalq Cəbhəsi, Xalq Cəbhəsi Partiyalarının gənclər təşkilatlarının fəalları Fransanın Azərbaycan səfirliyi qarşısında piket keçirməyə cəhd edib. "Turan"ın məlumatına görə, polis aksiya iştirakçılarının səfirliyin qarşısına buraxmadığından aksiya keçmiş Molokan bağında baş tutub.
Yanvarın 24-də Fransa Senatı soyqırımı inkara görə 1 il həbs və ya 45 min avro cərimə nəzərdə tutan qanun qəbul edib. Sənəd Türkiyədə, Azərbaycanda və beynəlxalq təşkilatlarda tənqidlə və ciddi etirazlarla qarşılanıb. Hesab edirlər ki, qanun fikir və söz azadlığına qarşı yönəlib.
Etirazçılar Fransanın Minsk Qrupunun həmsədrliyindən çıxarılmasına, Fransadakı Azərbaycan səfirinin geri çağırılmasına, qanunun ləğvinə qədər siyasi və iqtisadi əlaqələrin dayandırılmasına, Fransa istehsalı olan məhsulların alınmamasına, Fransa orden və medallarından imtina edilməsinə çağırırlar.
Yanvarın ortalarından başlayaraq, demək olar ki, hər gün Fransanın Azərbaycan səfirliyinin qarşısında müxtəlif qrupların etiraz aksiyaları keçirilir.
|