![]() |
çap et |
|
|||
Xocalı soyqırımının 20 ili yaxınlaşır. Şəxsi heyətinin bir qismi etnik ermənilərdən komplektləşdirilmiş Rusiya 366-cı motoatıcı alayının hərbi köməyi ilə silahlı erməni quldur dəstələri həmin müdhiş fevral gecəsi bu dinc şəhərin sakinlərini - hərbi müdafiədən məhrum olan qadınları, uşaqları, yaşlıları heç bir fərq qoymadan qəddarcasına öldürdülər. Əllərinə diri keçənlərə ağlagəlməz işgəncələr verib sonra qətlə yetirmişdilər. 366-cı motoatıcı alay sonra Azərbaycandan çıxıb getdi. İş görülmüşdü...
Ruslar bizim xalqa bu psixoloji zərbəni vurmaqla erməni tərəfi cəsarətləndirmiş oldular. Onların açıq və gizli yardımları ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalına nail oldular. Daha sonra baş verən siyasi çaxnaşmaların gedişində düşmən yalnız Yuxarı Qarabağı deyil, ətraf rayonları da işğal edə bildi. Bu böyük ərazidə yaşayan 1 milyona yaxın azərbaycanlı yurd-yuvasından didərgin düşdü, öz vətənində məcburi köçkünə çevrildi. Şəhərlər, qəsəbələr, kəndlər, insanların mal-mülkləri məhv edildi, tarixi, dini, mənəvi abidələr, qəbiristanlıqlar yerlə yeksan olundu. Amma nədənsə dünya, xüsusilə özlərini demokratiya və azadlıq carçıları hesab edən ölkələrin heç biri ermənilərin son bir əsr ərzində havadarlarının dəstəyi ilə Azərbaycanın başına açdıqları müsibətlərdən danışmır. Məsələn, bu cümlələrin müəllifi Bundestaqının qondarma erməni soyqırımını tanıdığı İsveçrədə ötən il olarkən maraqlı təzadla rastlaşıb. Bu ölkənin siyasətçilərinə, jurnalistlərinə, hətta həmin qərara səs verən deputatlara Qarabağın işğalı, Xocalı qətliamı barədə sual verəndə özlərini elə göstərirdilər ki, guya heç nədən xəbərləri yoxdur. Əslində onlarla bir qədər söhbət edəndən sonra məlum olurdu ki, onların hər şeydən xəbəri var. Sadəcə, Azərbaycan əhalisinin tam əksəriyyətinin müsəlman və türk olmağı kifayət edir ki, ermənilərin bizə qarşı etdikləri saya alınmasın. Doğrudur, sadəlövh bizlərdən fərqli olaraq ermənilər faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi soyqırımın tanınmasından iki il sonra - 1950-ci ildən başlayaraq qondarma erməni soyqırımı mifini yaymağa başladılar. Əlbəttə, onlara bu işdə köməklik edən erməni həyasızlığı ilə bərabər Avropanın göbəyində formalaşan modern müsəlman-türk ölkəsinin çiçəklənməsinə qısqanclıq da kömək edirdi. Zirək ermənilər yoxdan uydurduqları bu "soyqırım" nömrəsini ilk dəfə rəsmən 1965-ci il aprelin 20-də Uruqvay parlamentindən keçirməyə nail oldular. Uruqvay parlamentinin 2004 və 2005-ci illərdə qəbul etdiyi əlavə qərarlarla 24 aprel "Erməni soyqırımını anma günü" kimi tanınır. Bundan 17 il sonra - 1982-ci il aprelin 29-da Yunan Kipri əzəli türk düşmənçiliyi ovqatında analoji qərar qəbul etdi. Çox maraqlıdır ki, qondarma soyqırımın tanınmasında iri addımlar Qarabağ işğal olandan sonra atılmağa başlandı. 1993-cü ildə Argentina, 1995-ci ildə Rusiya, 1996-cı ildə Yunanıstan, elə həmin il Kanada, bir il sonra isə müsəlman ölkəsi sayılan Livan, 1998-ci ildə Belçika, 2000-ci ildə Vatikan və İtalya, 2001-ci ildə Fransa, 2003-cü ildə İsveçrə, 2004-cü ildə Slovakiya, Niderland tanıdı. Bu sahədə erməni yalanına ciddi dəstək 2005-ci ildə gəldi. Bir birinin dalınca Polşa, Almaniya, Venesuela və Litva qondarma soyqırımı tanıdılar. Sonrakı illərdə Çili yalançıların səsinə səs verdi. Bizim bu həqarətli qərarların qarşısında göstərdiyimiz səbir və təmkinə rəğmən məsələ get-gedə dərinləşdi. Daha əcaib hadisə isə bu günlərdə baş verdi. Edilən çoxsaylı etirazlara baxmayaraq, Fransa Senatı qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanun layihəsini təsdiq etdi... Ötən ilin sonunda Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində İrəvanda qondarma erməni soyqırımı abidəsi önündə hönkür-hönkür ağlayan, "ermənilərin Qarabağ arzusunu anladığını" söyləyən Sarkozi də, heç şübhəsiz ki, bu qanunu təsdiqləyəcək. Qanuna əsasən, soyqırımın inkar edilməsi bir ilə qədər həbs cəzası və ya 45 min avro məbləğində cərimə ilə cəzalandırılacaq. Yəni biz - azərbaycanlılar və türklər, öz milli tariximizin acı səhifələrindən bunun ağ yalan olduğunu bildiyimiz halda, Fransaya yolumuz düşsə və orada bu soyqırım iddiasını inkar etsək, bizi cəza gözləyir... Düzdür, kimlərsə deyə bilər ki, hətta bəzi Fransa tarixçiləri də erməni soyqırımının inkarına dair cinayət təqibini pisləyirlər və öz parlamentlərini tarixə hüquqi müdaxilə cəhdində ittiham edirlər. Buna baxmayaraq, heç kim təxminən 100 il bundan əvvəl ermənilərin Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, təxminən 18-20 il bundan əvvəl isə hazırkı Ermənistanda, işğal altında olan digər ərazilərimizdə, bax bu Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aksiyalarını həqiqət deyə etiraf etmirlər. Birmənalı ifadədən yayınırlar. Amma Birinci Dünya müharibəsində ölkəni və dinc əhalini qorumaq üçün radikal addımlar atmağa məcbur olmuş Osmanlı İmperiyasının o zaman qəbul etdiyi köçürülmə qərarı bəşəriyyətə qarşı cinayət kimi təqdim edilir. Belə ki, Osmanlı İmperiyasında 1880-ci ildən etibarən başlayan üsyanlar və təxribatlar 1915-ci ildə pik nöqtəsinə çatmışdı. Xüsusilə Rusiyadan dəstək alan erməni millətçiləri Anadolunun şərqində və İmperiyanın cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdə bilmişdilər. Rusiya ilə müharibə gedən bir zamanda Osmanlını arxadan vururdular. İlk üsyan 1890-cı ildə baş verib. Daha sonra Van, Sason, Adana üsyanları baş verib. Bu hadisədən sonra 1905-ci ildə ermənilər tərəfindən sultana sui-qəsd cəhdi olsa da, uğursuzluqla nəticələnib. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdiriblər. Nəhayət, gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxarıb. Bu qərar öncəsində isə bu gün ermənilərin "soyqırım" günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni çapqınçısı həbs edilmişdi. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Onların bir çoxu Azərbaycanın ayrı-ayrı bölgələrində, xüsusilə martın 30-31-də Bakıda soyqırımı törədən qaniçən canilər idi. Belə ki, "Köç" qərarı Anadoluda yaşayan ermənilərin Osmanlı İmperiyasının cəbhədən uzaq cənub vilayətlərinə yerləşdirilməsini nəzərdə tuturdu. Köç oldu. Yolda kürdlər tərəfindən soyulub öldürülən ermənilər də olub. Bunu kimsə inkar etmir. Lakin əksəriyyət köç bölgələrində yerlərində yerləşdi. Bu gün Livan, Suriya, İraq, Misir, Fransa, İtaliya və ABŞ-da yaşayan ermənilər həmin o köçürülənlərin törəmələridir. Sağ-salamat vardırlar... Amma mifologiyaya görə, onları "qırmışıq". Onların ağ yalanlarını biz bilirik, ona görə də Fransa Senatının qərarı millətimizə qarşı həqarət, sinizm aksiyası kimi qarşılandı. İndi kimsə tarixi hadisələrə ədalət prizmasından yanaşmağa tələsmir. Əvəzində Fransa çox pis bir tendensiyanın əsasını qoydu. Atdığı addımla Avropada ifadə azadlığına ciddi zərbə vuran Fransa həm də Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı üç vasitəçidən biridir. Bəli, digər vasitəçilər də Azərbaycana qarşı münasibətdə hələ ki heç bir ədalətli mövqe sərgiləməyiblər. Üçlüyün bir məqsədi var - illər keçəcək, azərbaycanlılar bu torpaqları unudacaqlar. Axı bu zamana qədər Göyçə, Zəngəzur, İrəvanı bizə analoji yollarla unutdura biliblər. Təsadüfi deyil ki, Xocalıda körpələr erməni süngüsünə keçirilən ərəfədə dünyada azadlıqlar və demokratiya carçısı olan, avtoritar sovet imperiyasının çökməsində müstəsna rolu olan Amerika Birləşmiş Ştatları işğalçıya, təcavüzkara birbaşa dəstək verən 907-ci düzəlişi qəbul etmişdi. Düzəliş ilk dəfə 1992-ci ildə hətta Azərbaycan tərəfindən guya Dağlıq Qarabağın "işğalı" və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Ancaq daha sonra naməlum səbəblərə görə bu layihə geri qaytarılmışdı. Amma bundan bir qədər sonra, yenidən, senator Con Kerrinin və ABŞ Erməniləri Konqresinin dəstəyi ilə Yuta Ştatından olan konqresmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülmüşdü. Azərbaycanın gələcəkdə ABŞ-a strateji tərəfdaş ola biləcəyini görən və daha təcrübəli olan İndiana Ştatının senatoru Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdi. Buna baxmayaraq, Azadlığa Dəstək Aktına, əslində işğala dəstək mahiyyəti daşıyan 907-ci düzəliş ABŞ Konqresi tərəfindən qəbul edildi. Belə ki, bu ədalətsizliyə edilən etirazlara baxmayaraq, ABŞ-ın o dövrdə vitse-prezidenti olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir. Amma 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi. İndi hər il, sadəcə, bu ədalətsiz düzəliş dondurulub... Belə ki, həmin sənədə görə, ABŞ prezidenti Azərbaycan hökumətinin Ermənistana və maraqlıdır ki, işğal altında olan Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz. Habelə, ABŞ prezidenti qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığına dair qərara gəlsə və bu haqda Konqresə təqdimat versə, 907-ci düzəliş dondurulur. Bəlli olduğu kimi, Azərbaycanın bölgədəki geostrateji mövqeyi ABŞ-a Azərbaycanla dost olmağı diktə edir. Azərbaycan bu dostluğa və strateji tərəfdaşlığa, demək olar, qarşılığını almadan sadiq qalır. Amma ABŞ bu gün hətta səfirini də Azərbaycana tərəddüd içində təyin edə bilmir. Əlbəttə, hər dəfə ermənipərəst konqresmenlər, senatorlar və ya az qala ABŞ kimi super ölkəni idarə edəcək gücdə təqdim edilən erməni lobbisinin adı hallanır. Sağlam məntiqə sığışmayan bir gerçəklik... Düzdür, NATO çərçivəsindəki əməkdaşlıq, İncirlikdəki ABŞ hərbi bazası və digər səbəblərə görə ABŞ prezidenti hər il qondarma erməni soyqırımı dilə gətirməkdən az qala bir qarış yan keçir. Amma ABŞ-ın 50 ştatından 40-a yaxını qondarma soyqırımını artıq tanıyıb. Habelə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi qondarma erməni soyqırımı barədə qərar qəbul edib. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin tənzimlənməsində söz sahibi olan ikinci super güc də de fakto Xocalı soyqırımını və etnik təmizləməni həyata keçirmiş canilərin yanında yer alırlar. Faktik olaraq o əməllərə haqq qazandırırlar. Qarabağ münaqişəsinin alovlanmasında xüsusi rolu olmuş və demək olar ki, hazırda münaqişənin simvolik açarını cibində gəzdirən Rusiya haqqında geniş danışmağa ehtiyac yoxdur. Rus ordusunun Bakıda və Lənkəranda törətdiyi 20 Yanvar qətliamı, habelə keçmiş sovet ordusunun Xankəndində o zaman yerləşən 366-cı motoatıcı alayının Qabağın işğalı və Xocalı soyqırımında xidmətləri danılmazdır. Hətta həmin alayın cəlladlarının cəzalandırılması əvəzinə Rusiya onları münaqişələrin veteranı kimi tanıyır və bu "hərbçilər" heç nə olmamış kimi firavan həyat sürməkdə davam edirlər. Rusiya onlardan heç kəsi cinayət məsuliyyətinə cəlb etmədi. Xocalı qırğınını törədənlərdən bəziləri hazırda Ermənistanda rəhbər vəzifədə, yaxud Qarabağın separatçı rejimində iş başındadırlar. Bəzilərinin izləri Rusiyada tapılır, digərlərinin izləri postsovet ölkələrinə gedib çıxır. Hamısı da öz kefində... Bu günün dünya "ədalət sistemi" belə şeylərə lazım olanda göz yuma bilir. Bu vasitəçi ölkələr və ya onların həmfikirlərindən kim Qarabağa ədalət gətirəcək? Buna inanaqmı? |