![]() |
çap et |
|
|||
Hakim Respublika Partiyasının təmsilçisi, parlamentin deputatı Artak Davtyan bildirib ki, növbəti parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının tərkibi dəyişməyəcəkdir. Azad Demokratlar Partiyasının sədri, sabiq xarici işlər naziri Aleksandr Arzumanyanın fikrincə, majoritar seçki sisteminin saxlanılması seçkilərin indidən saxtalaşdırılması deməkdir. Proporsional qaydada seçkilər keçirilərsə, müxalifət ən azından 70 faiz səs qazana bilər. Bu da 63 nəfər deputat yeri deməkdir. Siyasi müşahidəçilər qeyd edirlər ki, Ermənistanda 1998-ci ildən bu günə qədər hakimiyyəti öz əlində saxlayan hərbi xuntanın yürütdüyü siyasət sayəsində müxtəlif kriminal qruplaşmalar oliqarxlara çevrilmişlər. Onlar öz mövqelərindən geri çəkilmək və normal seçki praktikasının tətbiqinə qarşıdırlar.
Təbliğat sənayesi və hakimiyyətin qorunması İrəvanda demokratik düşərgəni təmsil edənlər duruma sarkazmla qiymət verirlər: "bir millət, bir oliqarx, bir sağıcı, bir kürəkən və bütün bunlar bir tövlədə birləşiblər". Başqa sözlə, iqtidarın təbliğat maşını artıq sənaye konversiyasına çevrilmişdir. Deyilir: "Qarabağda kimlər can qoyub, onlar da əlində silah həm Ermənistana, həm də Dağlıq Qarabağa hakim olmalıdırlar. Çünki ermənilərin Qərbi Ermənistan, Cevaxk davası bitməyib". Belə bir istinad erməni hakimiyyətinin strateji hədəfi olaraq gündəlik normaya çevrilmişdir. Bu təbliğat sənayesinin başında duran isə prezident Serj Sarqsyandır. Onun siyasi iradəsi altında fəaliyyət göstərən parlament əksəriyyəti işadamlarından ibarətdir. Saçlarını gelləmiş xunveybinləri xatırladan bu deputatlar bölgənin sosial-iqtisadi həyat tərzinin inkişafı üçün deyil, xuntanın ömrünün uzanması üçün müvafiq qanunları qəbul etməklə məşğuldurlar. İrəvanda nəşr olunan "7 Gün" qəzetinin icmalına görə, dəfələrlə seçki qanununun heç olmazsa qarışıq sistemlə, yəni həm majoritar, həm də proporsional tərzdə keçirilməsi təklifləri gündəmə gətirilsə də, sonucda hakimiyyətin apardığı təbliğat bununla bitmişdir: "Siz özünüz bu parlamenti seçmisiniz. Seçki qanununun dəyişdirilməsi parlamentin iradəsindən asılıdır". Parlament isə ötən 4 il müddətində bu barədə heç düşünmək belə istəməmişdir. Ermənistanı talan edənlər "Azatutyun" qəzetinin də etiraf etdiyinə görə, Serj Sarqsyan 2008-ci ildə hakimiyyətə gəldikdən sonra ölkəni 800 min nəfər vətəndaş tərk etmişdir: "İndi acınaqcaqlı olsa da, Rusiyada çoxmilyonlu erməni diasporu inkişaf etməkdədir. Çünki bölgədə cinayət mafiyasının piramidası olduqca qəddar siyasət yürüdür. Faktiki olaraq bütün hüquq-mühafizə orqanları bu piramidanın qorunmasına yönləndirilibdir. Ölkənin maliyyə gəlirlərində "gizli iqtisadiyyatın gəlirləri" rəsmi gəlirdən qat-qat çoxdur. İndi biznes və əmlak bazarında səhmlərin 85 faizi oliqarxların tam ixtiyarına keçmişdir". Ekspertlərin qeyd etdiyi kimi, Ermənistanı idarə edən oliqarxların bütün maliyyə mənbələri Yunan Kipri, İsveçrə, Livan, Lixtenşteyn, Hernsi adası (İngiltərə), İtaliya, Xorvatiya, Bolqarıstan, Rumıniya, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, İsrail (Apoalim Bankı), hətta Türkiyə, Argentina, Rusiya və Ukrayna banklarında yerləşir. Oliqarxlar Ermənistanın qara bazarında (xüsusilə Orta Şərqdə silah və narkotika ticarəti) əldə etdikləri gəlirləri beləcə xarici banklarda yerləşdirirlər. Kiçik ölkənin böyük oliqarxları Qaqik Tsarukyan Barqavaç Ayastan Partiyasının (Çiçəklənən Ermənistan) sədri olsa da, oliqarx kimi "Multi Qrouup" holdiqinin sahibidir. Armen Avetisyan (Gömrük xidmətinin rəisi), Mixail Baqdasarov (MİKA şirkətinin və ArmAvia Hava Yollarının səhmlərinin sahibi), Hrant Vardanyan (Qrand tobaqo və Qrand kendi şirkətlərinin prezidenti), Sukiasyanlar ailəsi (SIL konserninin sahibləri), Yervand Zaxaryan (İrəvanın əski meri, əmlak bazarında əsas paya malikdir) - bu şəxslər Ermənistan siyasətində əsas söz sahibi olan oliqarxlar hesab olunurlar. Ən böyük oliqarx, bölgədəki biznes imperiyasının lideri isə sabiq prezident, Qarabağ müharibəsində varlanmış Robert Köçəryan hesab olunur. Vergi, telekommunikasiya, inşaat, qaz təchizatı, əlvan metalların emalı, nəqliyyatda yükdaşımalar, mineral sərvətlərin mədənləri və ixracat sektoru tamam onun himayəsi altındadır. Ermənistanda onun malik olduğu sərvəti 4 milyard dollar dəyərindədir. Bütün bunlarla yanaşı, separatçı Dağlıq Qarabağdakı "ArtsaxBank, MAP, ArmEksimBank, Yunibank, ABB Bank, Renko Constriction, Zəngəzur Mis-Milobden Mədənləri, ArdşiİnvestBank, Kaputan Sevan Komleksi, Nairi Tibb Mərkəzi, Emporio Armani, Stefano Ricci və digər brendlər, BiŞin İnşaat, dauntaun İrəvan İnşaat Şirkəti, H2 TV kanalı, SAS mağazalar şəbəkəsi, Star mağazalar şəbəkəsi, Noy konyak zavodu, Zvartnos Hava Limanı (50 faiz), Arm Poçt (50 faiz), Mobil telefonların idxalı (80 faiz), Toyota avtomobilinin nümayəndəliyi, K-Telekom (VivaCell), Golden Palace Hotel, Ararat Sement zavodu, KonversBank (bu bank, ABŞ məxfi xidmət orqanlarının apardığı əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, Orta Şərqdə terrorçu qruplarla maliyyə əməliyyatlarında 800-900 milyon dollar həcmində xidmət göstərmişdir). Hazırda Ermənistan iqtisadiyyatının oliqarxlar arasında qeyri-rəsmi şəkildə idarə olunması şəbəkəsini uzlaşdırma siyasətini baş nazir Tiqran Sərkisyan yönəldir. Qızmar may seçkilərinə hazırlıq 25 may yeni parlament seçkilərinə hakimiyyət və oliqarxlar çox ciddi şəkildə hazırlaşır. Belə ki, bu dəfə oliqarxlar parlamentdə təkcə özlərinin deyil, həm də onların qruplarına daxil olan nümayəndələrin də təmsil olunmasını hədəf seçmişlər. Ötən seçkilərdən fərqli olaraq, iqtidar yeni parlamentdə 3-4 partiyanın təmsil olunması üçün çalışacaqdır. Buraya hakim Respublika Partiyası, Barqavaç Ayastan Partiyası ilə yanaşı, öz sıralarında 17 siyasi partiyanı və 23 ictimai təşkilatı birləşdirən Erməni Milli Konqresinə qarşı müxalifətdə olan Daşnaksütyun və İrs partiyaları daxildirlər. Beləcə hakim partiyalar və "səssiz müxalifət" taktikasının rəsmiləşdirilməsinə çalışılacaqdır. Ana Müxalifət Erməni Milli Konqresi isə yeni parlament seçkilərinin keçirilməsi haqqında qərar qəbul olunmazdan öncə proporsional seçki qanununun qəbulunu bir şərt olaraq irəli sürmüşdür. Ana Müxalifət təklif edir ki, yeni parlamentdə 90 nəfər deputat proporsional, 41 nəfər isə majoritar qaydada seçilsə bu, daha effektiv parlament siyasəti ola bilər. Müşahidəçilərin fikrincə, oliqarxlar faktiki olaraq, parlamentin işində mütəmadi şəkildə iştirak edə bilmirlər. Buna görə də onlar seçkilərə qatılmasalar, daha yaxşı olar. Ancaq onların maraqlarını təmin edə biləcək və lobbiçilik əsasında quracaq deputatların olması daha effektiv ola bilər. Oliqarxlar biznesdə olduğu kimi, siyasətdə də heç kəsə etibar etmədikləri üçün özləri seçkilərdə birbaşa iştirakda iddialıdırlar. Serj Sarqsyan - rejimin baş mühafizəçisi Ermənistanda qarşıdakı seçkilərdə hər şeyin Moskvadan nizamlanacağı, hər şeyin Rusiyanın istəyincə olacağı, Serj Sarqsyanın Kremlin gözündən düşdüyü barədə mülahizələrin ziddinə olaraq, sabiq xarici işlər naziri, politoloq Raffi Ovannisyanın açıqlamasına görə, yeni parlament seçkilərinin birbaşa Serj Sarqsyanın nəzarətində keçəcəyi heç kimdə şübhə doğurmur. Ona görə ki, oliqarxlar belə istəyirlər. Onlardan kiminsə hakimiyyətdən küsərək müxalifətin yanına keçməsi 14 illik xunta rejiminin iflasına səbəb ola bilər. Çünki oliqarxlara məxsus klanlar regional deyil, daha çox iqtisadi xarakter daşıyan bir siyasi bazis üzərində qurulmuşdur. "Azad Sözün Müdafiəsi Komitəsi"nin sədri Aşot Məlikyan isə bildirib ki, növbəti parlament seçkilərinin səssiz, hay-küydən uzaq bir şəraitdə keçməsi üçün oliqarxlar indidən hərəkətə keçmişlər. Onlar bütün vasitələrlə KİV-ləri öz nəzarətlərinə almaq, seçkilərin sonuna kimi durumu beləcə saxlamaq taktikasına üz tutmuşlar. Hakim Respublika Partiyası isə bu yöndə, sadəcə, oliqarxları deyil, bütün işadamlarını səfərbər etməyə başlayıb. Əyalətlərdə bu siyasətə dəstək vermək istəməyən işadamlarını isə iflas olmaları təhlükəsi gözləyir. Onlar məcburi şəkildə hakim partiyanın qərarlarına əməl etməyə borcludurlar. Erməni Milli Konqresi yeni parlament seçkilərində oliqarxların, digər işadamlarının deputat olmaq iddialarının qarşısını almaq üçün indidən Anayasa Məhkəməsinə müraciət üçün müvafiq hüquqi sənədləri hazırlamışdır. Ona görə ki, Ana Yasada qeyd olunduğu kimi: "Deputatlar bizneslə məşğul ola bilməz" qanununa seçki öncəsi əməl olunması tələbi ilə müxalifət hərəkətə keçmək fikrindədir. Son vaxtlar deputatlığını irəli sürəcəyi barədə açıqlama verənlərin çoxunun işadamları və oliqarxların olması artıq mətbuatın da gözündən qaçmır. Tiqran Arzakantsyan, Samvel Aleksyan, Levon Sarqsyan və digərləri buna örnəkdir. İqtidarın bunca hakimiyyəti öz əlində saxlamağının sirri isə qanunla parlamentdə ən çox səs qazanmış siyasi gücün həm də hökumət kabinetini təşkil etməsidir. Başda Serj Sarqsyan olmaqla bütün oliqarxların ciddi dirənişlərinin əsas səbəbi də bundan qaynaq tapır. Elə buna görə də mümkün olan bütün inzibati resursları hərəkətə gətirməklə, hətta qan tökməyin bahasına olsa da, 14 ildir davam edən xunta rejimi öz mövcudluğunu qoruyub saxlamaq üçün çalışır. İndiki Ermənistan reallığında onların buna nail olmaq şansı az deyil. |