çap et  
"Ərəb baharı" oyununda Qafqaz da yer tutur
"Ərəb baharı" oyununda Qafqaz da yer tutur
Politoloqlar xəbərdarlıq edir: öz problemlərimizi özümüz birlikdə həll etməliyik, yoxsa kənardan digərləri müdaxilə edə bilər
Şənbə, 28.01.2012

Cəsur Sümərinli

Dünən politoloq leyla Əliyevanın rəhbərlik etdiyi Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin reallaşdırdığı "Azərbaycan Xalq Cumhuriyyəti - 94" layihəsi çərçivəsində "Dəyişən Geosiyasi Kontekstdə Azərbaycan-Türkiyə Münasibətləri" adlı konfrans idi. Azərbaycan və Türkiyədən olan ekspertlərin qatıldığı bu 3 saatlıq konfransın birinci hissəsi "Türkiyə - Azərbaycan münasibətlərinə 20 ildən sonra baxış" mövzusuna həsr olundu. Politoloq Elxan Şahinoğlunun moderatorluğu ilə keçirilən bu hissədə Qazi Universitetinin təmsilçisi Dr. Mehmet Seyfettin Erol və Azərbaycanın Sülh Araşdırmalar Mərkəsinin təmsilçisi Dr. Elxan Mehdiyev çıxış etdilər.

"Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni yol xəritəsi hazırlanmalıdır" İlk olaraq çıxış edən L.Əliyevanın təqdimatında konfransın müzakirə hədəfində 3 əsas məsələ dururdu. Birincisi, Türkiyə - Azərbaycan münasibətlərinin təməlinin aydınlaşdırılması, ikincisi, iki ölkə arasında siyasi bağlılıq nə dərəcədədir və üçüncüsü, regional geosiyasi kontekst Azərbaycan - Türkiyə əməkdaşlığına necə təsir edir?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, bu gün Türkiyə və Azərbaycan münasibətlərində ciddi problemlər qalmaqdadır. "Düzdür, son illər iqtisadiyyat, enerji sahəsində əməkdaşlıq yüksəlib, amma bu siyasi müstəviyə təsir göstərməyib. Misal üçün, İsraillə bağlı məsələlərdə Azərbaycan - Türkiyə arasında ziddiyyətlər mövcuddur. Qəbələ RLS-lə bağlı məsələlərdə fikir ayrılıqları var. Fransa Senatının qərarından sonra müəyyən problemlər var. O, ümid edir ki, bu problemlər həllini tapacaq.

Dr. Mehmet Seyfettin Erol düşünür ki, Azərbaycan-Türkiyə əməkdaşlığı davam edən geosiyasi anlamda dəyərləndirilməlidir:

"Əgər biz əməkdaşlığın gələcyi ilə bağlı proqnoz irəli sürmək istəyiriksə bölgə durumunu, Türk dünyası içərisində yaxınlaşmanı, qlobal baxışları bilməyimiz vacibdir. Əgər Ankara və Bakı arasında ciddi əlaqə qurulmasa Türk dünyası perspektivsiz olacaq. Türk dünyasının inkişaf yolu Ankara və Bakı arasında anlaşmasından keçir. Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni yol xəritəsi hazırlanmalıdır".

Onun sözlərinə görə, Avropada geosiyasi durumu və bu kontekstdə Qafqazın tutduğu rolu qiymətləndirmək lazımdır. "Həm enerji mənbələri ilə bağlı, eyni zamanda Rusiya və İran üzərindən yürüdülən siyasətə dair bir sıra ssenarilər mövcuddur. Bu baxımdan Qafqaz çox ciddi rola malikdir"

M.Erol bildirdi ki, Gürcüstan və Rusiya arasında 2008-ci il münaqişəsi regionda situasiyanı dəyişdi və bölgədə hər an partlamağa hazır olan sorunların mövcudluğunu göstərdi. "2008-ci il Türkiyənin xarici siyasətində də dönüş nöqtəsidir. Ermənistanla münasibətləri normallaşdırma prosesi başladı və bunu Rusiya - Gürcüstan savaşına bağlayıram".

"Türkiyə Qərbin Qafqazla bağlı yeni projesinin tərəfdarıdır"

Ekspertin sözlərinə görə, Qafqaz regionu ilə bağlı qlobal olaraq müxtəlif hadisələr gerçəkləşib, addımlar atılıb. Sovetlər Birliyinin dağılması geosiyasi prosesdə birinci addım, 11 sentyabr hadisəsindən sonra regionda antiterrorizm tədbirlərinə başlanılması ikinci addım, Rusiya - Gürcüstan münaqişəsi 3-cü addım. Ermənistanla münasibətləri normallaşdırma məqsədilə atılan addımlar 4-cü addım ola bilər:

"Türkiyə Ermənistanla bəlli protokollar dövrünə daxil oldu, suallar yarandı, nəticə olmadı. Amma Türkiyənin bu və digər istiqamətdə atdığı son addımlar Bakı ilə gerçəkləşdirməli olduğu yeni yol xəritəsinin detalları ortaya çıxır".

Ekspert düşünür ki, Qafqaz Türkiyə və türk dünyasının hədəfində olan bir coğrafiyadır, Türkiyə ilə Orta Asiya arasında bir körpüdür. Bu körpü nəzarətdə olmasa türk dünyası və Türkiyə üçün önəmlilik baxımdan çatışmazlıq olacaq.

Ekspertə görə, Türkiyə 2000-ci illərin əvvəllərindən Azərbaycan və Gürcüstanla sıx əməkdaşlığa başladı, amma rus-gürcü savaşı bu strategiyanın qarşısını kəsdi: "2008-ci il savaşı Gürcüstanın təhlükəsizliyinin çətin durumda olduğunu göstərdi. Türkiyə bölgədə yeni Qafqaz qurulmasında yeni bir rol oynamaq istəyir. Türkiyə Qərbin Qafqazla bağlı yeni projesinin tərəfdarıdır. Ermənistan isə bu projesinin tamamlayıcısı rolundadır. Onun Rusiyanın tabeliyindən qoparma zərurəti var".

"Azərbaycanın "Ərəb baharı"nın önə çıxan tələblərini göz önündə saxlamalıdır"

Erolun sözlərinə görə, Türkiyə və Azərbaycan arasındakı problemlər onu göstərdi ki, iki ölkə arasında əsaslı təməl münasibətlər qurulmayıb: "Türkiyə və Azərbaycan gürcü-rus böhranından özlərinə görə vacib nəticələr çıxarmalı idilər. Eyni zamanda qeyd edim ki, siyaslər arasında nə qədər dalğalanmalar olursa olsun, alt təməl çox qüvvətlidir. Hədəfdə xalqlar arasında əməkdaşlığın dərinləşdirilməsidir. Bunlar vaxtında qiymətləndirilsəydi, Türkiyə və Azərbaycan daha yaxın ola bilərdi".

Erol iki ölkə arasında münasibətlərin dərinləşməsi üçün təkliflər saəsləndirdi:

1. Iki ölkə arasında münasibətlərin daha da dərinləşdirməsi üçün bütün istiqamətlər üzrə addımlar atılmalıdır;

2. Tərəflər bir-birlərini zəiflədən həmlələrdən, bəyanatlardan, çıxışlardan qaçmalıdırlar. Bu gün Türkiyə və Azərbaycan sadəcə iki ölkəni deyil, bütün türk dünyasını əhatə edir.

3. Media üzrəindən bir çox çıxışlar yürüdülməməlidir. Media çox rahat manipulyasiya edilə bilir, bu da münasibətləti daha çox çıxılmaz vəziyyətə gətir;

4. Lobbilər Qarbağ, erməni sorunu kimi mövzuları diqqətdə saxlamaliykən, bir-birlərinə qarşı çıxmağı dayandırmalıdırlar;

5. QHT-lər arasında əməkdalıq gücləndiriməlidir. Bunlar iki ölkə arasında bir sıra problemlərin həllində mühüm rol oynaya bilər.

6. Bakının "Ərəb baharı" prosesində ortaya çıxan nəticələrlə yaxından tanış olması lazımdır. Ya öz problemlərinizi özünüz birlikdə həll etməlisiniz, yoxsa kənardan digərləri müdaxilə edə bilər. Azərbaycanın "Ərəb baharı"nın önə çıxan tələblərini göz önündə saxlayıb Türkiyə ilə daha sıx əməkdaşlığa girməsi vacibdir. "Ərəb baharı" təkcə Şimali Afrika ilə məhdudlaşmayacaq. Bu oyunda Qafqaz da yer tutur. Bu baxımdan Ankaranın həmlələri Bakıdan görülməlidir.

7. Türkiyənin ayrı bir erməni sorunu siyasəti yoxdur, hər iki ölkə QHT-ləri bu sorunları gənəl bir erməni problemi üzərindən dəyərləndirməlidir. Erməni məsələsindən istifadə edərək Türk-islam dünyasının əlaqələrini durdurmaq istəyən qüvvələr var. Azərbaycan və Türkiyə bu istiqamətdə əməkdaşlıqlarını birləşdirsələr həmin qüvvələr məhv olarlar. Türkiyə və Azərbaycan 100 ildə bir dəfə ortaya çıxan şans qarşısındadır. Siyasilər xalqların səslərinə qulaq asmalıdırlar.

"Türkiyə Azərbaycanın atdığı addımlar barədə qeyri-müəyyən durumdadır"

Elxan Mehdiyev Azərbaycan və Türkiyə əməkdaşlığının tarixi aspektlərindən danışdı. Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Türkiyə və Azərbaycan arasında münasibətlərdə xalqlar deyil, hakimiyyətlər söz sahibi olmağa başladı. "Proseslər əməkdaşlığın təbii inkişafını göstərmirdi, şou xarakteri almışdı" deyən E.Mehdiyev bildirdi ki, Azərbaycan - Türkiyə münasibətlərinin əsas istiqamətlərindən biri erməni işğalıdır. Onun sözlərinə görə, Türkiyə ümumən erməni işğalına seyrçi olaraq qalır.

"Hərbi əməliyyatlar zamanı Dəmirəlin göstərişi ilə Türkiyə hərbi əməliyyatlara qoşulmayacağını bəyan etmişdi. Türkiyədən ermənilərə qarşı durdurucu bəyanat gəlmədi. Bütün bunlar Azərbaycan və Türkiyə arasında koordinasiyanın itməsindən xəbər verirdi. S.Dəmirəl Azərbaycan hakimiyyətinin maraqlarından çıxış edirdi" deyən E.Mehdiyev bildirdi ki, Ərdoğan hakimiyyətə gəldikdən sonra münasibətlər daha çox iqtisadi istiqamətdə getdi.

Ekspertin sözlərinə görə, Türkiyənin qonşularla "sıfır problem" siyasətini əngəlləyən məqamlardan biri də Azərbaycan hakimiyyətinin addımları ilə bağlı oldu: "Türkiyə Azərbaycanın atdığı addımlar barədə qeyri-müəyyən durumdadır. Azərbaycan Türkiyənin Ermənistanla qapıları açmasından razı deyil, bu dəyişim olarsa onda mövcud rejim hakimiyyətin dayanıqlığının itəcəyindən qorxur".

Mehdiyevin sözlərinə görə, Ərdoğan hökuməti erməni məsələsində küncə sıxılmış kimi görünür: "Son 20 ildə ermənilərin məqsədi Qarabağ məsələsini Türkiyənin hədəfindən çıxartmaq və Azərbaycanı təkləmək idi. Buna da nail olmaq istəyirdilər protokollarla. Amma deməliyik ki, Türkiyə hakimiyyəti Qarabağ məsələsini beynəlxalq arenada heç də sərt qoymur. Ərdoğan Qəzzadan daha çox danışır, nəinki Qarabağdan".

"Azərbaycan hakimiyyəti Türkiyə ilə əlaqələri istənilən zaman kəsə bilər"

Mehdiyev düşünür ki, Azərbaycanla Türkiyə arasında xarici məsələlərə münasibətdə də fikir ayrılıqları var:

"Kosova məsələsində əks addımlar atdılar. İsraillə münasibətdə fərqli yanaşmalar oldu. Fransa senatı ilə bağlı Azərbaycanda hakim dairənin addımları təəssüf doğurur. Fikrimcə, Azərbaycan hakimiyyəti Türkiyə ilə əlaqələri istənilən zaman kəsə bilər, çünki ortada hər hansı dəyər yoxdur. Azərbaycan hakimiyyəti xalqın Türk xalqı ilə sıx inteqrasiyasından qorxur. Çünki bilir ki, xalq nəzarətdən çıxa bilər və Türkiyə demokratiyası Azərbaycana gələ və hakimiyyətin dayanıqlığı sual altına düşə bilər".

İkinci hissə isə "İqtisadi münasibətlər və enerji təhlükəsizliyi" mövzusuna həsr olundu. Politoloq Araz Aslanlının moderatorluğu ilə keçirilən bu hissədə Azərbaycandan FAR Mərkəzinin təmsilçisi Dr. Sabit Bağırov çıxış etdi.

Politoloq Araz Aslanlıya görə, Azərbaycan - Türkiyə münasibətləri digər xalqlar arasında münasibətlərlə müqayisədə ən uğurlu münasibətlərdir, bu münasibətlərin potensialı böyükdür.

"Türk iş adamlarının Azərbaycanın iqtisadi inkişafında rolu böyük olub"

FAR Mərkəzinin təmsilçisi Dr. Sabit Bağırov bildirdi ki, iki ölkənin iqtisadi əməkdaşlığı tarixində müəyyən mərhələləri ayırmaq olar. Birinci mərhələ müstəqilliyimizin əldə etdiyimiz dövrdən bir qədər sonraya qədər davam edib, bu zaman Türkiyə ağırlıqlı proseslər müşahidə olunurdu. Son dövrlərdə yeni mərhələ başlayıb. Enerji siyasəti iqtisadi əməkdaşlığın təməlində durub. S.Bağırovun sözlərinə görə, türk iş adamlarının Azərbaycanın iqtisadi inkişafında rolu böyük olub: "Qısa müddətdə Azərbaycan menecment sahəsində irəliləyişlərə nail ola bilib. Bunlar hamısı qiymətləndirilməlidir".

Bağırov xatırlatdı ki, son 10 ildə iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq edən əsas 3 sənəd mövcuddur:

- 2004-cü ilin 13 aprelində hökumətlər arasında imzalanmış uzunmüddətli iqitsadi-ticari sazişi;

- 2007-ci ilin 6 noyabrda imzalanmış iqtisadi əməkdaşlıq və icra proqramı.

- 2010-cu ilin 31 avqustunda yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması barədə sənəd imzalanıb.

"İsrailə bu qədər vurğu etmək strateji baxıımdan bir o qədər düzgün deyil"

Bağırovun sözlərinə görə, Azərbaycanda rəsmən 1000-ə yaxın türk şirkəti fəaliyyət göstərir. Reallıqda isə onların 700-ə yaxını fəaliyyət göstərir:

"Azərbaycanda türk şirkətləri qeyri-rəqabət mühiti ilə rastlaşır. Amma bu təkcə türk şirkətlırinə aid deyil, yerli şirkətlərə da aiddir. İkinci problem fərqli sosial məsələlər, sosial ödəmələr, sosial sığorta problemləri ilə bağlıdır. Azərbaycan işçilərinin Türkiyədə qarşılaşdıqları problemlər daha azdır. Orada rəqabət mühiti daha ədalətlidir. Azərbaycanda 20 minə yaxın Türkiyə vətəndaşı var. Onun yarısı tələbələr və yeniyetmələrdir, qalan 10 minin bir qismi işə götürənlərdir, yalnız bir qismi işçilərdir".

Bağırovun bildirdi ki, Avropa Birliyində malların, xidmətlərin, kapitalın və insanların (əməyin) azad hərəkəti iqtisadi münasibətlərin əsas təməlini təşkil edir, lakin Azərbaycan və Türkiyə arasında bu yoxdur.

Sabiq millət vəkili Gültəkin Hacıbəyli öz çıxışında iki ölkə arasındakı münasibətlərdə bir sıra problemlərin diqqət çəkdiyini qeyd etdi. Misal üçün, onun sözlərinə görə, Azərbaycan müdafiə sənayesinin Türkiyə ilə əməkdaşlıq səviyyəsi qənaətbəxş deyil və israillə əməkdaşlıq suallar yaradır: "İsrailə bu qədər vurğu etmək strateji baxıımdan bir o qədər düzgün deyil. Türkiyənin müdafiə sənayesi son illər dünya şirkətləri içərisində üstün mövqeyə çatıb. Bu Azərbaycanın nəzərə almalı olduğu strateji hədəflərdən olmalıdır".