Qarabağa ədalət vəd edən "şər üçbucağı"
 |
Bu üçbucağın səmimiyyətinə inanaqmı?
Şənbə, 28.01.2012
|
|
Xocalı soyqırımının 20 ili yaxınlaşır. Şəxsi heyətinin bir qismi etnik ermənilərdən komplektləşdirilmiş Rusiya 366-cı motoatıcı alayının hərbi köməyi ilə silahlı erməni quldur dəstələri həmin müdhiş fevral gecəsi bu dinc şəhərin sakinlərini - hərbi müdafiədən məhrum olan qadınları, uşaqları, yaşlıları heç bir fərq qoymadan qəddarcasına öldürdülər. Əllərinə diri keçənlərə ağlagəlməz işgəncələr verib sonra qətlə yetirmişdilər. 366-cı motoatıcı alay sonra Azərbaycandan çıxıb getdi. İş görülmüşdü...
Ruslar bizim xalqa bu psixoloji zərbəni vurmaqla erməni tərəfi cəsarətləndirmiş oldular. Onların açıq və gizli yardımları ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalına nail oldular. Daha sonra baş verən siyasi çaxnaşmaların gedişində düşmən yalnız Yuxarı Qarabağı deyil, ətraf rayonları da işğal edə bildi. Bu böyük ərazidə yaşayan 1 milyona yaxın azərbaycanlı yurd-yuvasından didərgin düşdü, öz vətənində məcburi köçkünə çevrildi. Şəhərlər, qəsəbələr, kəndlər, insanların mal-mülkləri məhv edildi, tarixi, dini, mənəvi abidələr, qəbiristanlıqlar yerlə yeksan olundu.
Amma nədənsə dünya, xüsusilə özlərini demokratiya və azadlıq carçıları hesab edən ölkələrin heç biri ermənilərin son bir əsr ərzində havadarlarının dəstəyi ilə Azərbaycanın başına açdıqları müsibətlərdən danışmır. Məsələn, bu cümlələrin müəllifi Bundestaqının qondarma erməni soyqırımını tanıdığı İsveçrədə ötən il olarkən maraqlı təzadla rastlaşıb. Bu ölkənin siyasətçilərinə, jurnalistlərinə, hətta həmin qərara səs verən deputatlara Qarabağın işğalı, Xocalı qətliamı barədə sual verəndə özlərini elə göstərirdilər ki, guya heç nədən xəbərləri yoxdur. Əslində onlarla bir qədər söhbət edəndən sonra məlum olurdu ki, onların hər şeydən xəbəri var. Sadəcə, Azərbaycan əhalisinin tam əksəriyyətinin müsəlman və türk olmağı kifayət edir ki, ermənilərin bizə qarşı etdikləri saya alınmasın.
Doğrudur, sadəlövh bizlərdən fərqli olaraq ermənilər faşist Almaniyasının yəhudilərə qarşı törətdiyi soyqırımın tanınmasından iki il sonra - 1950-ci ildən başlayaraq qondarma erməni soyqırımı mifini yaymağa başladılar. Əlbəttə, onlara bu işdə köməklik edən erməni həyasızlığı ilə bərabər Avropanın göbəyində formalaşan modern müsəlman-türk ölkəsinin çiçəklənməsinə qısqanclıq da kömək edirdi.
Zirək ermənilər yoxdan uydurduqları bu "soyqırım" nömrəsini ilk dəfə rəsmən 1965-ci il aprelin 20-də Uruqvay parlamentindən keçirməyə nail oldular. Uruqvay parlamentinin 2004 və 2005-ci illərdə qəbul etdiyi əlavə qərarlarla 24 aprel "Erməni soyqırımını anma günü" kimi tanınır.
Bundan 17 il sonra - 1982-ci il aprelin 29-da Yunan Kipri əzəli türk düşmənçiliyi ovqatında analoji qərar qəbul etdi.
Çox maraqlıdır ki, qondarma soyqırımın tanınmasında iri addımlar Qarabağ işğal olandan sonra atılmağa başlandı. 1993-cü ildə Argentina, 1995-ci ildə Rusiya, 1996-cı ildə Yunanıstan, elə həmin il Kanada, bir il sonra isə müsəlman ölkəsi sayılan Livan, 1998-ci ildə Belçika, 2000-ci ildə Vatikan və İtalya, 2001-ci ildə Fransa, 2003-cü ildə İsveçrə, 2004-cü ildə Slovakiya, Niderland tanıdı. Bu sahədə erməni yalanına ciddi dəstək 2005-ci ildə gəldi. Bir birinin dalınca Polşa, Almaniya, Venesuela və Litva qondarma soyqırımı tanıdılar. Sonrakı illərdə Çili yalançıların səsinə səs verdi.
Bizim bu həqarətli qərarların qarşısında göstərdiyimiz səbir və təmkinə rəğmən məsələ get-gedə dərinləşdi. Daha əcaib hadisə isə bu günlərdə baş verdi. Edilən çoxsaylı etirazlara baxmayaraq, Fransa Senatı qondarma erməni soyqırımının inkarına görə cəza nəzərdə tutan qanun layihəsini təsdiq etdi... Ötən ilin sonunda Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində İrəvanda qondarma erməni soyqırımı abidəsi önündə hönkür-hönkür ağlayan, "ermənilərin Qarabağ arzusunu anladığını" söyləyən Sarkozi də, heç şübhəsiz ki, bu qanunu təsdiqləyəcək. Qanuna əsasən, soyqırımın inkar edilməsi bir ilə qədər həbs cəzası və ya 45 min avro məbləğində cərimə ilə cəzalandırılacaq.
Yəni biz - azərbaycanlılar və türklər, öz milli tariximizin acı səhifələrindən bunun ağ yalan olduğunu bildiyimiz halda, Fransaya yolumuz düşsə və orada bu soyqırım iddiasını inkar etsək, bizi cəza gözləyir...
Düzdür, kimlərsə deyə bilər ki, hətta bəzi Fransa tarixçiləri də erməni soyqırımının inkarına dair cinayət təqibini pisləyirlər və öz parlamentlərini tarixə hüquqi müdaxilə cəhdində ittiham edirlər. Buna baxmayaraq, heç kim təxminən 100 il bundan əvvəl ermənilərin Bakıda, Qubada, Lənkəranda, Şamaxıda, təxminən 18-20 il bundan əvvəl isə hazırkı Ermənistanda, işğal altında olan digər ərazilərimizdə, bax bu Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım aksiyalarını həqiqət deyə etiraf etmirlər. Birmənalı ifadədən yayınırlar.
Amma Birinci Dünya müharibəsində ölkəni və dinc əhalini qorumaq üçün radikal addımlar atmağa məcbur olmuş Osmanlı İmperiyasının o zaman qəbul etdiyi köçürülmə qərarı bəşəriyyətə qarşı cinayət kimi təqdim edilir. Belə ki, Osmanlı İmperiyasında 1880-ci ildən etibarən başlayan üsyanlar və təxribatlar 1915-ci ildə pik nöqtəsinə çatmışdı. Xüsusilə Rusiyadan dəstək alan erməni millətçiləri Anadolunun şərqində və İmperiyanın cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdə bilmişdilər. Rusiya ilə müharibə gedən bir zamanda Osmanlını arxadan vururdular.
İlk üsyan 1890-cı ildə baş verib. Daha sonra Van, Sason, Adana üsyanları baş verib. Bu hadisədən sonra 1905-ci ildə ermənilər tərəfindən sultana sui-qəsd cəhdi olsa da, uğursuzluqla nəticələnib. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdiriblər. Nəhayət, gerçəkləşdirilən üsyanlar və Birinci Dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxarıb. Bu qərar öncəsində isə bu gün ermənilərin "soyqırım" günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni çapqınçısı həbs edilmişdi. Bunların bir çoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi. Onların bir çoxu Azərbaycanın ayrı-ayrı bölgələrində, xüsusilə martın 30-31-də Bakıda soyqırımı törədən qaniçən canilər idi. Belə ki, "Köç" qərarı Anadoluda yaşayan ermənilərin Osmanlı İmperiyasının cəbhədən uzaq cənub vilayətlərinə yerləşdirilməsini nəzərdə tuturdu.
Köç oldu. Yolda kürdlər tərəfindən soyulub öldürülən ermənilər də olub. Bunu kimsə inkar etmir. Lakin əksəriyyət köç bölgələrində yerlərində yerləşdi..
|
|
|
Oxşar xəbərlər:
İrandan Qarabağa - təbii qaz
Misir saytı Azərbaycan xalqından üzr istəyib
Dünyanın 100-dən çox guşəsində Xocalı anıldı
Nəriman Həsənzadədən irad
Qazaxda jurnalistlərin Xocalı toplantısı
|
|
|