Gülay Zeynalova solo konsert proqramı ilə tamaşaçıların qarşısına çıxacaq. İfaçı bildirir ki, musiqi axşamını bu ilin yayında keçirməyi planlaşdırır:
"İlin orta aylarında uzun fasilədən sonra yeni repertuarla çıxış etməyi düşünürəm. Geridə qoyduğum illərdə bu layihəni gerçəkləşdirə bilmədim. Hər gün bir yeni ideya düşünür və inanıram ki, planlarım arzuladığımdan gözəl həllini tapacaq. Artıq bu istiqamətdə bəzi hazırlıq işlərinə başlamağı düşünürəm. Zaman bir göz qırpımında keçir. Ona görə də gözləmə mövqeyində deyiləm".
Ötən il ilk körpəsini dünyaya gətirən və məlum səbəbdən bir sıra işlərini təxirə salan Gülay Zeynalova konsertlə paralel olaraq bir sıra yaradıcı işlərin həllini düşünür. Amma övladına qayğını əsirgəmədən hər işini paralel şəkildə davam etdirir:
"Tezliklə bir neçə yeni bəstəkar mahnıları ilə dinləyicilərə mahnı töhfəmi təqdim edəcəm. Mahnılar çoxalandan sonra, təxminən konsert ərəfəsində diskimin buraxılmasını nəzərdə tuturam. Bu yaxınlarda repertuarımda olan yeni bir bəstəkar mahnısına klip çəkdirmək istəyirəm".
Gülay geridə qoyduğu son ayların təəssüratını da bölüşdü. Deyir ki, geridə qalan təqvim onun sənət və şəxsi həyatında unudulmayacaq:
"Biz sənət adamlarıyıq və hər bir səhnə, proqram üçün özümüzü hazır görməliyik. Ötən il şəxsi həyatımda bir sıra maraqlı anlar oldu. Mən bunu qabartmasam da, səhnə işlərimi, tamaşaçı tələbatını ikinci plana keçirmədim. Onu da qeyd edim ki, uzun illərdən sonra bu il ilk dəfə Yeni ili ailəmlə evdə qeyd etmişəm. Uzaqdan, bəlkə də, adi bir fikir kimi səslənir bu ifadə, amma mən ötən təqvimi sevərək başa vurdum".
Şou mühiti ilə dost münasibətində olduğunu deyən Gülay bəzən meydandakı çaxnaşmaları kənardan izlədiyini və bu vəziyyəti alqışlamadığını deyir. İfaçı bunu rəqabət adlandırmır və deyir ki, sənətçilərin bu halı pis örnək ola bilər. Ona görə də gənc sənətçi söhbəti bol olan məclislərdə çox oturmadığını və səhnə fəaliyyətini başa vurandan sonra dərhal məkanı tərk etdiyini deyir.
"Dedi-qodu sevən adam deyiləm. İstəmirəm, adım xoşagəlməz mövzularda hallansın. Söhbətlərə qulaq asmıram ki, sabah desinlər, filan müzakirədə Gülay da var idi. Səhnə işimi bitirən kimi dostlara "əlvida" deyib, evimə yollanıram".
|