"Hər bir xalqın, hər bir millətin özünəməxsus mədəniyyəti var. Ona görə də biz ətrafımızda olan və bütün dünya ölkələrindən seçilirik. Çünki bizim özümüzə məxsus mədəniyyətimiz var və biz bununla fəxr etməliyik". Bu fikirləri AYNAya açıqlamasında "Eurovision-2011" qalibi Eldar Qasımov bildirib.
Onun sözlərinə görə, "Eurovision-2012"də Bakıya xaricdən qonaqlar gələndə bizdən nəsə götürəcəklər, burda da onlardan nəsə qalacaq. Eldar Qasımov bu ərəfədə insanların dünya sivil qaydalarına son dərəcə həssas yanaşmasının vacibliyini bildirdi:
"Mədəniyyət elə bir sahədir ki, əgər öz mədəniyyətini itirmədən başqa xalqların mədəniyyəti ilə qarışdıra bilsən, çox gözəl nəticə verər".
Builki "Eurovision"a gəlincə, qaliblərimiz Eldar Qasımov və Nigar Camal bu il də birincilik arzuladıqlarını bildirdilər:
"Əlbəttə, birinci yeri biz çox istərdik. Azərbaycanın adından çıxış edən şəxs ölkəmizi layiqincə təmsil etməlidir. Əsas odur ki, imkanlarını göstərə bilsin - bura səs, performans və səhnə üçün lazım olan hər bir göstərici daxildir. Desinlər ki, bu, Azərbaycan idi və bu ölkə bu il də çox möhtəşəm bir ifa, maraqlı səhnə çıxışı göstərə bildi".
Birinci olmağın asan yolunu isə qalibimiz bu cür izah etdi:
"Birinci olmaq üçün biz Nigarla qeyri-adi heç nə etmədik. Sadəcə, çıxdıq səhnəyə və özümüzü 3 dəqiqə ərzində gözəl hiss etdik. Bildik ki, bu 3 dəqiqə bizim həyatımızın ən vacib anları və zirvəsidir. Biz çalışdıq ki, Azərbaycana qələbə gətirək və buna nail olduq, çünki biz bu qələbə üçün ürəyimizi qoymuşduq".
|