Bakıda çox az olan Brilliant Dadaşova yenə uzaqlardadı. Oğlu Cahada qayğı göstərmək məqsədi ilə tez-tez ona baş çəkir. Bu səfər də eyni məqsədi daşıyır. Neçə illərdir xaricdə təhsil alan Cahad daim valideyn qayğısını hiss etməliymiş. Brilliant xanım onun təhsil rejiminə daima nəzarət edir:
"Hər bir valideyn kimi mən də oğlumun qayğısını çəkirəm və işlərimin çoxuna-azına baxmadan tez-tez onun yanına gəlirəm. Bir neçə həftə öncə silsilə çıxışlarım oldu. Bayram əhval-ruhiyyəsində oğlumun yanına gəldim və səfərim davam edir".
Xatırladaq ki, Brilliant xanım Yeni il ərəfəsində Türkiyədə Əlixan Səmədovun iki konsertində səhnə alıb. İlk proqrama qonaq qismində qatılan sənətçinin səhnəyə çıxması ekspromt olub:
"Əvvəla qeyd edim ki, həmin ərəfədə Türkiyə konsulluğumuzun təşkil etdiyi konsert proqramında çıxış etmişəm, daha sonra İsveç səfirliyinin təşkil etdiyi geniş konsert proqramında oxumuşam. Yaddaqalan işlər idi. Əlixan Səmədovun konsertinə isə tamaşaçı kimi qatılmışdım. Əlixan məni səhnəyə dəvət etdi və onun müşayiəti ilə mahnı oxumağımı rica etdi. Gözlənilməz təklif maraqla qarşılandı. Növbəti gün Əlixan müəllim özü mənimlə əlaqə yaradıb, yenidən birgə çıxışımızı arzuladığını bildirdi. Peşəkar musiqiçi ilə çıxışı məmnuniyyətlə qəbul etdim. Artıq bizim əməkdaşlığımız tək konsert səhnəsində deyil, lent yazısında da eşidiləcək. Birgə əməkdaşlıq məqsədi ilə iki mahnı üzərində çalışırıq. Bunlardan biri Arif Məlikovun köhnə bəstəsidir və yenilənmiş variantda hazırlanır. Digəri isə sözləri Cəlal Qurbanova, musiqisi Rüstəm Zeynallıya məxsus olan "Apar məni"dir".
Brilliant xanım öz konsertini təşkil etməyi planlaşdırır. Belə olan təqdirdə, Əlixan Səmədovun xalq artistimizin səhnəsində çıxışı istisna deyil. İfaçı deyir ki, balaban ifaçısının musiqi dəst-xətti onun üslubuna yaxın olduğundan bu əməkdaşlığın konsertlər səviyyəsində təşkili hər zaman mümkündür. Brilliant Dadaşova həm də konsert işinin yüksək səviyyədə təşkilini düşündüyündən planlarını kiçik çevrəyə sığışdırmadığını diqqətə çatdırdı.
|