Özbəkistanın xalq artisti, eyni zamanda 80-ci illərdən üzü bəri ifası ölkəmizdə də sevilən Nəsibə Abdullayevanın repertuarında növbəti Azərbaycan mahnısı eşidiləcək. Aslan onunla duet oxumaq niyyətindədir. Ötən gün Özbəkistana yola düşən sənətçi səfərinin əsasını Nəsibə xanımla görüşmək istəyi təşkil etdiyini bildirdi. Görüşdə onlar duet barəsində danışacaqlar. Qeyd edək ki, mahnının musiqisini Aslan özü yazıb. Musiqini Nəsibə xanım da bəyənsə, sözləri yerli yazarlarımızdan birinə həvalə ediləcək.
Xatırladaq ki, Nəsibə Abdullayevanın Azərbaycan dilində ifa etdiyi son mahnılar musiqisi Kamal müəllimə məxsus "Nigaranam" və "Bağışlaram səni"dir.
Qeyd edək ki, bundan öncə İstanbulda səfərdə olan Aslan müşahidələrini də bizimlə bölüşür:
"Çox zaman sənət əhli Azərbaycanda texnikanın zəif olmasını problem kimi görürlər. Amma İstanbuldakı müşahidələrimdən sonra əslində problemin bu olmadığı qənaətinə gəldim. Bizdə yaxşı, standartlar səviyyəsində texniki avadanlıq var. Sadəcə, onu işlədə biləcək mütəxəssis azdır... Mənim fikrimcə, bizim yaxşı səs rejissorlarına ehtiyacımız var. Bu məsələyə bir misal çəkim, süpürgəci elə bil zibili külək gələn tərəfə süpürür. Texnikanı işlədən əksəriyyət də bu cür işləyir" - deyə Aslan təəssüflə qeyd etdi.
|