"Ötən il Heydər Əliyev sarayında Eltonun Türkiyənin peşəkar musiqiçilərinin müşayiəti ilə verdiyi konsertini heç kim təkrarlaya bilməz. Əgər belə olarsa, biz bundan da yüksək proqram təşkil etməyə hazırıq. Heç kim yalandan əlini sinəsinə vurub, özünü konsertlərinə görə birinci hesab etməsin" - bu sözləri ETA rroduction rəhbəri Anar Mədətov söylədi. Eltonun prodüseri konsert rekordu vurduğunu iddia edən "bir nömrəli" ulduzların mövqeyini qəbul etmədiyini bildirdi:
"Əgər bizim layihə qədər peşəkar bir iş ortaya qoya bilən varsa, meydana çıxsın. Son illər çoxsaylı konsert tarixlərinin yarışı gedir. Bir neçəsi var ki, iddialı danışır. Lakin əməldə bunu göstərə bilmirlər. Biz Türkiyənin elə bir musiqiçiləri ilə işlədik ki, bu heyəti hələ heç kim Bakıya gətirib, layihəsində işlədə bilməyib".
Production rəhbəri iddia edir ki, bu gün Heydər Əliyev Sarayında çıxış etməyi hər ifaçı bacara bilmir. O deyir:
"Əgər tək icarə üçün 15 min manat ödənilməlidirsə, külli miqdarda vəsaitin olmalıdır ki, bütün layihəni uğurlu başa vura biləsən. Maliyyə yardımı olmadan bu, imkansızdır. Bəziləri deyir ki, öz gücümə konsert verə bilərəm. Əgər sponsor yoxdursa, bu gün belə bir iddia irəli sürmək çoxları üçün gülüncdür".
Prodüser sənət adamlarının özlərini düzgün istiqamətləndirmədiyindən danışdı. Bildirdi ki, əksəriyyəti gəzməyə, boş-boş işlərə sıxıntı çəkmədən əli açıqdır:
"Bəzilərinin qeyri-peşəkarlığını nəzərə alsaq, rroduction-la işləmək onları kifayət qədər yetkinləşdirə bilər. Natavan Həbibi bizə qədər müəyyən bir pilləyə qədər yüksələ bilmişdi. Amma bizimlə əməkdaşlıq onun yaradıcılığında çiçəklənmə mərhələsi oldu. Özü də etiraf edib ki, bizim şirkət onun layihələrinə 100 min manat civarında pul xərcləyib. Amma elə sənətçi var ki, qeyd etdiyim kimi, ətrafa 100 manatlar xərcləyir, amma ETA-ya gəlib mahnı yazdırmaq istəyəndə simicliyi tutur. Başa düşmür ki, bizdə Moskvanın ən son və ən bahalı texnologiyasıdır və mən buna külli miqdarda vəsait xərcləmişəm. Əgər simiclik edəcəksə, mən bütün əziyyətimi kiminsə yolunda puç edə bilmərəm ki?"
Anar Mədətov prodüser-ifaçı münasibətlərinə də toxunmaqla Rəqsanə və onun keçmiş prodüseri Təranəni xatırladı:
"Onlar biri-birinə bacı deyirdilər, nə oldu? Mənim fikrimcə, bugünkü şou-biznesə dedi-qodu dərmanı lazımdır. Bir də bizdə prodüser anlayışı bir az axsayır. Hər disk daşıyanı prodüser adlandırmaq olmaz. Mən Moskvanın prodüser məktəbinin təcrübəsini keçmişəm. Prodüser kimi çalışanda heç Aqşin, Nigar və bəzi prodüserlər hələ işləmirdilər. İndi o qədər prodüser var ki, çoxlarımızı eyni adla çağırırlar".
|