Romanlardan oxumuşuq ki, keçmişdə bir "zabit şərəfi" deyilən anlayış olub. Poqon isə bu şərəfin simvolu imiş. İndi çox şey kimi bu anlayış da aşınmaya məruz qalıb. Suraxanı rayonunun sabiq hərbi komissarı və onun rəhbərlik etdiyi dəstə üzvlərinin cinayət işi buna əyani misaldır. İndi onlar Bakı Hərbi Məhkəməsində müttəhimlər kürsüsündə əyləşiblər.
İndi Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, 4-cü bölmənin sabiq rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasov hakimin suallarına cavab verirlər.
Məsələ bu hərbi komissarlıq əməkdaşlarının rüşvət alaraq bir qrup çağırışçıya hərbi xidmətə çağırışdan möhlət və TQDK-ya təqdim etmək barədə arayış verilməsi, bəzi çağırışçıların hərbi xidmətə yararsız hesab edilməsi, hərbi xidmətə yararsız olan çağırışçıların hərbi xidmətə göndərilməsi barədə qanunsuz qərarlar qəbulundan gedir...
Paho, şəkərdən əziyyət çəkirlər...
Vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, rüşvətalma kimi ittihamlar var. Boris Abbasov isə dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma, rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə, dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhdə kömək göstərmə kimi maddələrlə ittiham olunur... Və bu əməllər düşmənlə müharibə vəziyyətində olduğumuz bir zamanda törədilir.
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən hazırlıq iclasında dövlət ittihamçısı Toğrul Hüseynov bildirdi ki, cinayət işinin ibtidai araşdırması zamanı pozuntu hallarına yol verilməyib, cinayət işinin icraatının dayandırılmasına, təqsirləndirilən şəxslərin barəsində qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur.
Cinayət işinin məhkəmə baxışına verilməsinə vəkillər də etiraz etmədilər. Sadəcə Tale İbrahimovun ağır şəkər xəstəliyindən əziyyət çəkdiyi qeyd edildi. Vəkil bu əsasda onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırdı. Deyildi ki, cinayət işinin materiallarında bu barədə həkim arayışı da var.
Mərbud Məmmədov da ağır şəkər xəstəliyindən əziyyət çəkirmiş. Vəkil hakimlərdən M.Məmmədovun barəsində həbslə olmayan qətimkan tədbirinin seçilməsini istədi. Hər iki vəsatətə dövlət ittihamçısı Toğrul Hüseynov münasibət bildirdi. Dedi ki, seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi məhkəmənin işinə maneələrin törədilməsinə səbəb ola bilər. Dövlət ittihamçısı hər iki təqsirləndirilənin şahidlərə təzyiq edə biləcəklərini də ehtimal etdi. Bu şəxslərin şəkər xəstəliyindən əziyyət çəkmələri ilə bağlı səslənən fikirlərə gəldikdə, deyildi ki, təcridxanada səhiyyə işçiləri fəaliyyət göstərir. Xəstəlikdən əziyyət çəkənlər səhiyyə qurumuna müraciət edə, müalicə ala bilərlər.
Dövlət ittihamçısı vəsatətləri əsassız sayaraq, məhkəmədən vəsatətlərin təmin edilməməsini istədi. Hakimlər hazırlıq iclasının qərarını elan etmək üçün müşavirə otağında bir saata yaxın ləngidilər və qayıdıb hazırlıq iclasının qərarını açıqladılar. Seçilmiş qətimkan tədbirləri dəyişdirilmədən saxlanıldı və məhkəmə baxışı fevralın 3-nə təyin edildi.
Bu komissarın isə başında ağrılar yaranıb
Bakı Hərbi Məhkəməsində Xətai rayon hərbi komissarının sabiq müavini, bir müddət komissar əvəzi işləmiş Davud Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası idi.
Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Davud Hüseynovun vəkili Bəycan Məhərrəmov vəsatətlə çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 311.3.2 və 341.1 maddələri ilə ittiham edilib. Vəkil qeyd etdi ki, həbsdə olan polkovnikin səhhətində ciddi problemlər yaranıb. Vəkilin dediyinə görə, müvəkkili əsəb xəstəliyindən əziyyət çəkir, başında ağrılar yaranıb. Seçilmiş həbs qətimkan tədbirinin ev dustağı ilə əvəzlənməsi barədə iki dəfə vəsatət qaldırıbsa da, vəsatət təmin edilməyib. Həm də Davud Hüseynov "rütbəsi olan bir şəxsdir".
Dövlət ittihamçısı Rauf Hacıyev də bu vəsatəti əsassız sayıb. Bütün tərəfləri dinləyən hakim heyəti təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatəti təmin etmədi.
Psixi pozuntuları da var
Bundan sonra təqsirləndirilən şəxsin vəkili daha bir vəsatətlə çıxış edərək bildirdi ki, müvəkkili ilə təkbətək görüşlər zamanı onda psixi pozuntuları müşahidə edib. Vəkil müvəkkilində psixi pozuntuların yaranmasını Əfqanıstan və Qarabağ döyüşlərində aldığı xəsarətlə əlaqələndirdi. Vəkil Davud Hüseynovun səhhəti ilə bağlı həkim rəyi verilməsini təklif etdi. O bildirdi ki, Davud Hüseynov "özündən asılı olmayaraq" CM 21-ci maddəsinin təsiri altına düşüb. O, müvəkkilinin həmin maddənin təsiri altına düşüb-düşməməsini yoxlamaq məqsədilə məhkəmə psixoloji tibbi ekspertizasının təyin edilməsini istədi.
Vəkil həmçinin dövlət ittihamçısının cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı vəsatətini dəstəklədiyini qeyd etdi. Davud Hüseynov da cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etmədiyini bildirdi. O, vəziyyətinin də məhkəmə tərəfindən nəzərə alınmasını istədi. Bütün tərəfləri dinləyən hakimlər hazırlıq iclasının qərarını qəbul etmək üçün müşavirə otağına yollandılar. Yarım saatlıq müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxsin vəkilinin vəsatətinin təmin edilməməsi, məhkəmə baxışının fevralın 7-nə təyin edilməsi ilə bağlı qərar elan etdilər.
Davud Hüseynov da rüşvət almaqda ittiham edilir...
|