Yasamal Rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devisə qarşı xuliqanlıq hərəkətləri etməkdə və onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun məhkəmə prosesi davam edir (APA). Hakim Elçin Qurbanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Onlar özlərini təqsirli bilmədiklərini iddia edib və barələrində bəraət hökmü çıxarılması barədə xahiş ediblər. Daha sonra hakim hökmü elan etmək üçün müşavirəyə gedib. Proses yanvarın 27-də davam etdiriləcək.
Bu hadisə btən il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal Rayonu Vidadi küçəsində Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Erikson döyülüblər. Həmin gün Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində CM 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun törətdiyi məlum olub və onlar tutulublar.
A.Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson ABŞ-ın nüfuzlu "Vaşinqton Post" və "Nyu-York Times" qəzetləri ilə də əməkdaşlıq edir.
|