Bəlli olduğu kimi, Rusiya istehsalı olan urvatsız avtomobillərdən taksi kimi istifadə edilməsinə yasaq qoyulub. Bununla bərabər fəaliyyətin lisenziyalaşdırılması şərtləri də sərtləşdirilib. Paytaxtda taksi kimi yalnız Avropa İqtisadi Komissiyasının təsnifatına daxil edilən minik avtomobillərindən istifadə edilə bilər.
Nəqliyyat Nazirliyinin ötən ilə olan məlumatına görə, paytaxtda taksilərə tələbat 3500 avtomobil təşkil edir. Rəsmi qeydiyyatdan keçərək lisenziyalı fəaliyyət göstərən taksilərin sayı isə 7 mindir. Qeyri-rəsmi fəaliyyət göstərən taksiləri də nəzərə aldıqda, söhbət 15 minə yaxın avtomobilin taksi fəaliyyəti ilə məşğul olduğundan gedir...
İqtisadçı Vüqar Bayramovun fikrincə, yaranmış problemin həllinə yalnız nəqliyyat sistemində aparılan islahat kimi deyil, eyni zamanda sosial islahat kimi yanaşılmalıdır:
"Bütün hallarda Bakıda, eləcə də digər bölgələrdə Rusiya istehsalı olan avtomobillərdən taksi kimi istifadənin yasaqlanması islahat kimi doğru addımdır. Bu həm təhlükəsizlik baxımından önəmli, həm də eyni növ avtomobillərin taksi kimi fəaliyyət göstərməsi üçün vacibdir. Dünyanın heç bir inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkəsində müxtəlif markalı avtomobillərdən taksi kimi istifadə edilmir. Bakıda eyni növ və rəngli avtomobillərdən taksi kimi istifadə edilməsinə dair tələb nəqliyyat islahatlarının bir hissəsi kimi başa düşüləndir. Lakin inkişaf etmiş ölkələrdə belə islahatlar aparılan zaman onların sosial tərəfləri də nəzərə alınır".
Bayramov deyir ki, Rusiya maşınlarından taksi fəaliyyəti üçün istifadə edənlərin böyük qismi aztəminatlı ailələrdir:
"Onlara taksi fəaliyyətinin qadağan edilməsi özünün və ya ailəsinin gündəlik ərzaqla təmin olunmasında ciddi problem yarada bilər. Digər tərəfdən indiki halda taksi fəaliyyəti ilə məşğul olanların tez bir zamanda iş tapmaları real görsənmir. Məşğulluq problemi onlar üçün çox ciddidir. Hesab edirik ki, taksi fəaliyyəti ləğv edilən sürücülərə müəyyən müddətə kompensasiyaların ödənilməsinə ehtiyac var. Nəqliyyat Nazirliyi taksi fəaliyyəti ilə bağlı lisenziyalar verdiyi üçün qurumda taksi fəaliyyəti qadağan edilən sürücülərin sayına dair dəqiq rəqəmlər var. Hansı ki, bu, kompensasiya ödəniləcək insanların sayını müəyyən etməyə imkan verir".
İqtisadçının sözlərinə görə, keçid dövrü yaşayan ölkələrdə belə islahatlar zamanı iş yerlərini itirən şəxslərə müəyyən müddətə kompensasiya ödənilir:
"Bu bir sıra ölkələrdə 3 aydan 9 aya qədər müddəti əhatə edir. Taksi sürücülərinin əksəriyyətinin ixtisaslı kadr olmadığını nəzərə alsaq, onların yeni işlə təminatı vaxt tələb edir. O səbəbdən ABŞ-da olduğu kimi, onlara 8 ay müddətinə kompensasiya ödənilməklə yanaşı, ixtisasa sahib olmaları üçün pulsuz təlimlər keçilməlidir. Məşğulluq idarələri pulsuz təlimlər təklif edir. Həmin insanlar məşğulluq idarələrində təşkil edilən təlimlərə cəlb oluna bilərlər".
Bayramov deyir ki, kompensasiya verilən müddətdə taksi sürücüsü iş tapmazsa, müddət uzadılmayacaq:
"Kompensasiya ödənilən müddətdə yeni iş yerinin tapılması taksi sürücüsünün birbaşa vəzifəsi olmalıdır. Kompensasiyalar hazırkı problemin həllində atıla biləcək yeganə addım kimi görsənir. Bununla bağlı maliyyə mənbələri də var. Belə ki, Nəqliyyat Nazirliyinin resurslarından kompensasiyaların verilməsinə vəsait yönəltmək mümkündür. Sürücülərlə aparılan sorğular onların aylıq gəlirlərinin 300 manat olduğunu göstərir. 8 ayda hər bir taksi sürücüsünə 300 manat ödənilə bilər".
|