çap et  
Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir
Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir
Biz ailənin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderik
Şənbə, 28.01.2012

Aynurə

Azərbaycanda əhali istehlak mallarına xərclədiyi vəsaitin 3/4 hissəsini ərzaq məhsullarına yönəldir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilovun sözlərinə görə, bu, dünyada ən yüksək həddir. Ekspert bildirir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin İqtisadi Tədqiqatlar Xidməti 2011-ci il üzrə "Cross-Price Elasticities of Demand" adlı hesabat açıqlayıb və bu hesabata görə, Azərbaycan ailələrin ərzaq büdcəsinə görə 114 ölkə arasında liderdir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda ailələr öz xərclərinin 73,5%-ni ərzaq alışına yönəldir və bu göstəriciyə görə birinci yeri tuturlar. Bizdən sonra Tanzaniya və Nigeriya gəlir. Tanzaniyada ərzaq büdcəsinin həcmi 73,2%, Nigeriyada isə 72,9% təşkil edib.

Ekspertə görə, bu vəziyyət ölkəmizdə orta statistik ailələrin gəlirlərinin ərzaq xərclərinə nisbətən az olduğunu göstərir. "Bu isə əhalinin böyük hissəsi üçün yoxsulluq riski probleminin ciddi olduğunu göstərir. Bir qayda olaraq, əhalinin ərzaq xərcləri onların ümumi büdcəsində nə qədər çox olsa, ölkə üçün yoxsulluq problemi bir o qədər aktual olar".

Ekspert eyni zamanda qeyd edib ki, Azərbaycanda ailələrin ərzağa iqtisadi əlçatanlıq səviyyəsi inkişaf etmiş ölkələrdən təxminən 6 dəfə aşağıdır:

"İnkişaf etmiş ölkələrdə ailələrin ərzaq xərcləri ümumi xərclərin az hissəsini təşkil edir. Müqayisə üçün deyək ki, ABŞ-da ailələr ərzağa öz xərclərinin cəmi 9,72%-ni yönəldir. Avropa iqtisadiyyatının lokomotivi olan Almaniyada bu göstərici 13,09%-ə, Yaponiyada isə 14,87%-ə bərabərdir".

Xəlilov diqqəti MDB ölkələrindəki vəziyyətə yönəldib:

"Azərbaycanla müqayisədə MDB ölkələrində, o cümlədən qonşu ölkələrdə vəziyyət nisbətən yaxşıdır. Məsələn, Rusiyada əhali ərzaq alışına öz xərclərinin 34,3%-ni, Qazaxıstanda isə 51,8%-ni sərf edir. Qonşu Gürcüstanda və Türkiyədə isə bu göstəricilər 47,4% və 32,6% təşkil edir".

Ekspertin sözlərinə görə, Azərbaycanda əhalinin xərclərində ərzaq xərclərinin payının getdikcə artması müşahidə edilir və bu tendensiya narahatlıq doğurur. Çünki bu, ölkəmizdə yoxsulluğun azaldılması və əhalinin gəlirlərinin ilbəil artması ilə bağlı statistik rəqəmlərin fonunda ziddiyyət təşkil edir. "Əgər 2009-cu ildə əhali öz xərclərinin təxminən yarısını ərzağa yönəldirdisə, 2011-ci ildə bu göstərici 73,5% həddinə yüksəlib. Bu tendensiya narahatlıq doğurur".