çap et  
Ümidlər artır: əmanətlər qaytarıla bilər
Ümidlər artır: əmanətlər qaytarıla bilər
Söhbət 1,9 milyard manatdan gedir
Şənbə, 28.01.2012

A.Əhmədova

Əhalinin 1992-ci il yanvarın 1-dək AzSSR Əmanət Bankındakı əmanətlərinin qaytarılması üçün 1,9 milyard manat (təxminən 2,4 milyard dollar) tələb olunur. Bu barədə "Trend"ə MM iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib. Onun sözlərinə görə, bu əmanətlərin indeksləşdirilməsi haqda qanun layihəsi komitə tərəfindən hazırlanıb. Söhbət 2 milyon əmanətçidən gedir.

Məsimli deyib ki, qanun layihəsi dünya praktikasında tətbiq edilən mexanizm üzərində qurulub. Əmanət Bankı hesablarının inventarizasiyası göstərib ki, 1 yanvar 1992-ci il vəziyyətinə Əmanət Bankında 2 milyona yaxın əmanətçinin 5,4 milyard rubl məbləğində əmanəti olub.

"Onun 40 faizə yaxını 2000 rubla qədər, 30 faizə qədəri 2001-5000 rubl, 20 faizə yaxını 5001-10 000 rubl arasında, 10 faizdən artığı isə 10 000 rubldan artıq olan əmanətlərdir. İndiyə kimi ən yüksək dəyişmə məzənnəsi Litvada olub, 1 sovet rublu qarşılığında 40 sent verilib. Belarusda məzənnə 33 sent olub. Qazaxıstanda 150 sovet rublunun əvəzinə 1 dollar veriblər ki, bu, simvolik rəqəmdir. Bizim layihəmizdə isə bir sovet rublunun əvəzində 63 sent nəzərdə tutulur. Layihədə nəzərdə tutulan bu kompensasiya nisbəti və dəyişmə məzənnəsi MDB məkanı üzrə ən yüksəkdir", - deyə Məsimli bildirib.

Digər ölkələrdə olduğu kimi, Milli Məclisə təqdim olunan layihədə də əmanətin məbləği artıqca indeksasiya məzənnəsinin azalması nəzərdə tutulur. Başqa sözlə, əmanət qalığı 2000 rubla qədər olan əmanətçilərin əmanətlərinə hər rubla görə 0,50 manat, yəni 2000 sovet rubluna görə 1000 Azərbaycan manatı verilməsi təklif edilir. 2001-5000 rubl arasında olan əmanətlərə görə isə hər rubla görə 0,30 manat verilməsi nəzərdə tutulur. Bu zaman 2000 rubla qədər məbləğdə əvvəlki məzənnə saxlanacaq, 1 sovet rublu qarşılığında 0,30 manat məzənnəsi 2001-5000 rubl arasında olan əmanətlərə şamil ediləcək.

Məsimlinin təklif etdiyi variant qəbul olunarsa, 5001-10000 rubl arasında olan əmanətlərə 1900 manat, üstəgəl 5000 rubldan artıq hər rubla görə 0,25 manat, əmanət qalığı 10000 rubldan yuxarı olan əmanətlərə isə 3150 manat, üstəgəl 10000 rubldan artıq hər rubla görə 0,20 manat məbləğində təzminat təklif olunur.

Onun sözlərinə görə, layihədə sovet dövrünə aid əmanətlərin indeksasiyasının üç mərhələdə aparılması və 6 ilə başa çatdırılması nəzərdə tutulur.

Həmin dövrün 5 ili əmanətlərin bilavasitə qaytarılmasına, bir ili isə mübahisəli məsələlərə baxılmasına həsr olunacaq. Hər mərhələyə iki il ayrılıb. İlk növbədə daha yaşlı sakinlərin, həmçinin bu pullara daha çox ehtiyac duyan əmənatçilərin vəsaitləri indeksasiya ediləcək. İki il çəkəcək birinci mərhələnin birinci ilində şəhid ailələrinin, müharibə əlillərinin, birinci qrup əlillərin və 1935-ci ilə qədər anadan olan əmanətçilərin vəsaitlərinin indeksasiya edilməsi nəzərdə tutulur. Birinci mərhələnin ikinci ilində isə Qarabağ müharibəsi iştirakçılarına, 1940-cı ilə qədər doğulan əmanətçilərə təzminat ödənilməsi düşünülür.

İkinci mərhələnin birinci ilində 1945-ci ilə qədər doğulanlara, ikinci ilində isə 1950-ci ilə qədər doğulanlara və əvvəlki illər də daxil olmaqla onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur. İki il çəkəcək üçüncü mərhələnin birinci ilində 1950-ci ildən sonra doğulanların və onların varislərinin vəsaitləri qaytarılmalıdır.

Məsimlinin fikrincə, itmiş əmanət kitabçalarına ayrıca bir ilin ayrılması vacibdir, çünki hər 10 əmanətçinin ikisinin əmanət kitabçası ilə bağlı problemi ola bilər. Ona görə də indeksasiyanın son ilində müvafiq komissiyalar tərəfindən araşdırmalardan sonra əmanət kitabçası itmiş, əmanət kitabçası almamış və digər səbəblər üzündən qanunvericilikdə müəyyən olunmuş təzminatı ala bilməyən əmanətçilərə və onların varislərinə əmanətlərin qaytarılması nəzərdə tutulur.

Məsimli sovet dövründən qalma əmanətlərin qiymətli kağızlar vasitəsilə qaytarılması variantına münasibət bildirərkən qeyd edib ki, bu qanun layihəsi hazırlanarkən həm beynəlxalq təcrübə, həm də sosioloji sorğu vasitəsilə əmanətçilərin öz mövqeyi də öyrənilib. Əhalinin əksəriyyəti əmanətlərini nağd pul formasında istəyir. Ona görə də təzminat həm nağd pul şəklində, həm qiymətli kağızlarla verilə bilər, həm də depozit şəklində əmanətçinin bank hesabına yatırıla bilər.

"Biz Nazirlər Kabinetindən və Maliyyə Nazirliyindən konkret addımların atılmasını gözləyirik. Əhalinin əmanətlərinin qaytarılması, qaytarılma mexanizmi, qanun layihəsinin ayrı-ayrı bəndləri üzrə izahatın yazılması artıq parlamentin iqtisadi siyasət komitəsi tərəfindən hazırlanıb", - Məsimli deyib.