Dünən "Turan" klubunun üzvləri ilə Tovuz rayon icra başçısı Tofiq Zeynalov arasında görüş keçirilib. Məlumata görə, klubun prezidenti Musa Süleymanovun maddi problemlərlə bağlı açıqlamalarından sonra komandanı himayədarlığa götürən T.Zeynalov toplantıda müvafiq göstərişlər verib və kluba nəzarəti Tovuz rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərova tapşırıb.
Premyer Liqa təmsilçilərindən hələ ki hazırlığa başlamayan yeganə klub məhz "Turan"dır ki, son pillənin sahibi dünən doğma məkanda yığışıb. Komanda sabiq baş məşqçisi Rasim Əliyevin rəhbərliyi altında bir araya gələcək. Tovuzlu gənc çalışdırıcı 2008/09 mövsümünün gedişində də komandanın "sükanı arxası"na gətirilərək, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirə bilmişdi. T.Zeynalovun məhz Əliyevə etimad göstərməyi "Turan"da son yarım ildə ikinci baş məşqçi dəyişikliyinin reallaşmağı deməkdir. Yəni Bakıda olan baş məşqçi Əsgər Abdullayevin Tovuza dəvət edilmədiyi onun istefaya göndərilməyi anlamına gəlir. Abdullayevin köməkçisi olan Eltay Aslanov işini davam etdirəcək.
Bəlli olduğu kimi, Tovuz təmsilçisinin xeyli borcu var. Bundan əlavə, klubun qaz, işıq, telefon, internetinin kəsilməyi ilə də bağlı problem yaranmışdı. İcra başçısının işə müdaxiləsi ilə bu problem dərhal aradan qaldırılıb.
|