![]() |
çap et |
|
|||
Dünən Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirin püşkü atılıb. Son Azərbaycan çempionu "Neftçi"nin qatılacağı yarışın püşkatmasının nəticəsinə əsasən, 8 iştirakçı komanda 2 qrupa bölüşdürülüb. Böyükağa Hacıyevin baş məşqçisi olduğu komandamız Antalya şəhərində təşkil olunan bu yarışda Ukraynanın "Metallist", Polşanın "Poloniya" və Özbəkistanın "Paxtakor" klubları ilə birgə "B" qrupuna düşüb. "A" qrupunda isə təşkilatçı "Terek" komandası Rumıniyanın "Rapid", Qazaxıstanın "Ordabası" və Latviyanın "Dauqava" klubları ilə bir qrupda yer alıb.
Hər qrupda birinci yeri tutan komanda finala vəsiqə əldə edəcək. Final matçı "Antalyaspor"un ev oyunlarını keçirdiyi "Mardan" stadionunda baş tutacaq. Yarışın mükafat fondu 170 min ABŞ dolları təşkil edir. Turnirin oyunlarını Əhməd Kadırovun oğlu, Çeçenistanın indiki başçısı Ramzan Kadırov da izləyəcək. Qeyd edək ki, turnir 28 yanvar - 3 fevral aralığında keçiriləcək. "Neftçi" yanvarın 29-da "Metallist", 30-da "Poloniya", fevralın 1-də "Paxtakor"la görüşəcək. Yeri gəlmişkən, "Neftçi" Əhməd Kadırovun xatirəsinə həsr olunmuş ilk beynəlxalq turnirdə düşdüyü "B" qrupundakı rəqibləri ilə avrokuboklarda görüşməyib. Maraqlıdır, Polşanın "Poloniya" və Ukraynanın "Metallist" klubları UEFA bayrağı altında keçirilən yarışlarda iştirak etsə də, ümumiyyətlə, komandalarımızla yolları kəsişməyib. "Paxtakor" isə Asiyanın klub turnirlərində oynadığından, təbii olaraq "Neftçi"yə rəqib olmayıb. Ancaq məhz Daşkənd təmsilçisi Azərbaycan komandaları ilə 2 dəfə görüşməyə imkan tapıb. Bu, "Poloniya" ilə "Metallist"in iştirak etmədiyi "Birlik kuboku"nda olub. Özü də "Neftçi" və "Xəzər Lənkəran" Rusiyadakı ənənəvi turnirin qalibi olduğu vaxtlarda "Paxtakor"a qalib gəlib. Təbii ki, həm Özbəkistanın ən tanınmış komandası, həm də "Metallist" hələ SSRİ dövründə "Neftçi" ilə dəfələrlə görüşüb. Turnirdə iştirakı sonradan müəyyənləşən Qazaxıstanın "Ordabası" klubunun baş məşqçisi isə bizlərə yaxşı tanışdır. Bu, 2005/06 mövsümünün 2-ci dövrəsində "Xəzər Lənkəran"ın baş məşqçisi olmuş Viktor Pasulkodur. |