İran hakimiyyyətinin ən qatı tərəfdarları belə mövcud rejimin törətdiyi əməllərdən gileylənir. Bu gerçəkliyin təsdiqini təqdim edəcəyimiz iki xəbərdən də görmək mümkündür.
İslam Respublikasının ali rəhbəri Əli Xamneyinin Qərbi Azərbaycan əyalətindəki (inzibati mərkəz Urmiya) nümayəndəsi, Urmiya şəhər imam cüməsi höccətülislam Qulamrza Həsəni bir vaxt oğlunu məxfi polisin cənginə verib, indi isə peşmandır. Jurnalistlərə açıqlamasında oğlunun edam olunmasından hələ də əziyyət çəkdiyini bildirib.
Qulamrza Həsəninin oğlu Rəşid Həsəni 1981-ci ildə İranda kommunist ideologiyasının daşıyıcılarından biri, Xalq Fədailəri Təşkilatının üzvü olub. Atası axtarışda olan oğlunun gizləndiyi yeri o vaxt yenicə yaranmış inqilab komitəsinə şəxsən xəbər verib. Nəticədə Rəşid Həsəni tutulub və az sonra bir neçə dəqiqəlik məhkəmə prosesinin qərarı ilə edam edilib. Hökm dərhal yerinə yetirilib.
"Media forum" saytının məlumatına görə, İranın Qərbi Azərbaycan əyalətində dinc müxaliflərə qarşı aqressiv mövqeyi ilə tanınan, həmişə özü ilə tapança gəzdirən Qulamrza Həsəni dolayı yolla oğlunu ələ verməkdən peşman olduğunu gizlətməyib:
"Rəşid edama layiq deyildi. O heç bir cinayət törətməmiş, heç kəsi öldürməmişdi. Oğlumun yeganə günahı onun kommunizmə ifrat dərəcədə meyil etməsi idi. Buna görə isə edam olmamalıdır. Dünənə qədər şah rejiminə qarşı mübarizə aparan oğlumun adını bu gün edam olunanların siyahısında görmək çox çətindir.
Güman edirəm ki, oğluma uzaqbaşı ömürlük həbs verilməli idi. Ancaq təəssüflər olsun ki, onun işinə baxan məhkəmə hakimi elə belə, kollektiv şəkildə ölüm hökmü çıxarırdı. Mən oğlumun edam olunmasından indi də həddən artıq narahatlıq keçirir, əziyyət çəkirəm. Bəlkə də onun tərbiyəsinə artıq vaxt ayırsaydım, taleyi belə olmazdı. Oğlumun edamından bir neçə il sonra ürəyim istəyirdi ki, onun məhkəmə işinə aid materialları birtəhər əldə edib oxuyum və onun niyə edam olunmasının səbəbini öyrənim. Lakin nə qədər çalışsam da, iş materiallarını mənə vermədilər".
Bir zamanlar İslam Respublikasının baş naziri olmuş, hazırda ev dustağı Mirhüseyn Musəvinin qardaşı Mirabdulla Musəvi də jurnalistlərə açıqlamasında ölkədəki vəziyyətdən danışaraq deyib ki, siyasətdən kənar adam olsa da, ETTELAAT-ın təzyiq və təhqirlərinə davamlı surətdə məruz qalır. O, mağazasında tez-tez axtarış aparıldığını bildirib:
"Demişəm və yenə deyirəm ki, gec-tez haqq qalib gələcək. Qardaşım Mirhüseyn Musəvi haqdır. Bu gün xalq artıq hər şeyi anlayıb. İnsanlar ölkədə baş verən hər şeydən xəbərdardır. Onlar hər şeyi yaxşı dərk edirlər. Ancaq nə edə bilərlər? Haqdan danışan və nəfəs çəkəni dərhal tutub dama basırlar. Qardaşım Mirhüseyn pis bir iş görməyib. O, yalnız haqqın tərəfində dayanıb onu müdafiə etdiyinə görə əsir olub".
Mirabdulla Musəvi deyib ki, qardaşını görmək üçün dəfələrlə cəhd etsə də, buna imkan verilməyib.
Əslində bu, İran gerçəkliyinin ən bəsit bir görüntüsüdür. Bu iki İran vətəndaşından birincisi bu gün də hakimiyyətin mənafeyini müdafiə edir, onun birbaşa təmsilçisidir. O biri isə keçmiş baş nazirin qardaşıdır.
|