Böyük şair və dramaturq Hüseyn Cavidin 130 illik yubileyi Özbəkistanın paytaxtı Daşkənddə də keçiriləcək. Bu barədə APA-ya Hüseyn Cavid Ev Muzeyindən bildirilib. Heç vaxt solmayan "Topal Teymur" ilə Hüseyn Cavid bu qardaş xalqın qəlbində özünə bir heykəl ucaltmışdır.
Yubiley tədbiri Hüseyn Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı və Azərbaycanın Özbəkistan səfirliyinin ikinci katibi Səbuhi Əhmədovun birgə təşkilatçılığı ilə baş tutacaq. Yubiley tədbirinə hazırlıq çərçivəsində görülən işlərdən ən önəmlisi Hüseyn Cavidin əsərlərinin özbək dilinə tərcüməsidir. Tanınmış özbək şair, 1992-ci ildə "Topal Teymur" pyesini özbək dilinə tərcümə edən Usman Kuçkar Hüseyn Cavidin "Şeyx Sənan" əsərinin tərcüməsini də tamamlayıb, fevralın sonlarında isə "Səyavuş"un tərcüməsini tamamlayacağını düşünür. Beləliklə, fevralın sonlarına Hüseyn Cavidin bu üç möhtəşəm əsərinin qardaş dilə tərcüməsi hazır olacaq.
Daşkənddə planlaşdırılan bu yubiley ərəfəsində "Topal Teymur", "Şeyx Sənan", "Səyavuş" pyesləri özbək dilində bir kitabda nəfis şəkildə nəşr olunacaq. Hüseyn Cavidin xatirə gecəsində kitabın təqdimatı planlaşdırılır.
|