Dünən "Ehtiyatda və İstefada olan Zabitlər" İctimai Birliyi tərəfindən 1991-2011-ci illər ərzində istifadə edilməyən məzuniyyət əvəzinə hərbi qulluqçulara pul kompensasiyası verilməsi probleminə həsr olunmuş mətbuat konfransı idi. Eyni zamanda Nazirlər Kabinetinin hərbi qulluqçuların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi sahəsində fəaliyyətinə ictimai birliyin münasibəti açıqlandı.
MƏZUNİYYƏTDƏN İSTİFADƏ ETMƏYƏNLƏRƏ PUL VERİLSİN
EİZİB sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli bildirdi ki, 1992-ci il yanvarın 1-dən qüvvəyə minmiş "Hərbi qulluqçuların statusu" haqqında qanuna görə, il ərzində hər bir hərbi qulluqçuya - zabitlərə 45 sutka, gizirlərə 40 sutka məzuniyyət verilməlidir. Amma o zaman bunu reallaşdırmaq mümkün deyildi, hərbi əməliyyatlar buna imkan vermirdi.
"Əgər hərbi qulluqçulara hətta növbəlilik əsasında məzuniyyət verilsəydi, idarə heyətinin ən azı 30 faizi daim məzuniyyətdə olacaqdı. Bu səbəbdən məzuniyyətlərin verilməsində problemlər vardı. Amma çox təəssüf ki, bu hal müharibədən sonra da davam etməyə başladı. Bunu qanunsuzluq kimi qiymətləndirirəm", - deyə o bildirdi.
Y.Cəfərli dedi ki, 1998-ci ildən etibarən orduda növbəti məzuniyyətin verilməsi halları özünü göstərib:
"Doğrudur, atəşkəs dövrünün başlanğıc illərində arxa cəbhədə yerləşən hərbi hissələrdə məzuniyyət verilməsinə başlanıldı. Amma bu prosesə kütləvi şəkildə eyni zamanda döyüş bölgəsində 1998-ci ilin sonundan başladı. 2000-2001-ci illərdən sonra bu proses sürətləndi, 2005-2006-cı illərdən bu yana, demək olar, bütün hərbi qulluqçulara - zabit və gizirlərə - hamıya məzuniyyətlər verilir".
Cəfərli qeyd etdi ki, istifadə edilməyən məzuniyyət əvəzinə hərbi qulluqçulara pul kompensasiyası verilməsi zəruri məsələyə çevrilib. "Kim məzuniyyətdən istifadə etməyibsə, ona pul kompensasiyası ödənilməlidir" - Y.Cəfərli xatırlatdı ki, 1993-94-cü illərdə müdafiə naziri Məmmədrəfi Məmmədov hamıya istifadə edilməyən məzuniyyətlər əvəzinə pul kompensasiyası ödənilməsi haqqında göstəriş vermişdi:
"Hazırkı müdafiə naziri Səfər Əbiyev də sənədə imza atıb bu pulu aldı. Amma S.Əbiyev müdafiə naziri olan zaman Məmmədrəfi Məmmədovun əmrini yazılı şəkildə ləğv etməsə də, şifahi şəkildə göstəriş verdi ki, bu pul verilməsin. Bu proses uzun müddət davam etdi. Ciddi narazılıqlar ortaya çıxdı".
NAZİRLƏR KABİNETİ PREZİDENT FƏRMANINI YERİNƏ YETİRMİR
İctimai təpki nəticəsində bu problemin həllində müəyyən addımlar atılmasına başlanıldı. 2010-cu ilin əvvəllərində Müdafiə Nazirliyinin təşəbbüsü ilə Milli Məclisə təklif göndərildi. MM "Hərbi qulluqçuların statusu haqqında" qanuna və "Hərbi xidmətkeçmə haqqında əsasnamə"yə əlavələr edərək hərbi qulluqçulara istifadə edilməyən məzuniyyətin ödənilməsinin hüquqi əsasını yaratdı.
Prezident İlham Əliyev daha sonra bu əlavələri təsdiqlədi. Bütün fərmanlarda olduğu kimi, Nazirlər Kabinetinə göstəriş verildi ki, 3 ay müddətinə problem araşdırılsın və kompensasiyaların ödənilməsinə başlanılsın. Yaşar Cəfərli dedi:
"Artıq ilyarıma yaxındır ki, Nazirlər Kabinetinin bu istiqamətdə hər hansı fəaliyyəti yoxdur, heç bir mexanizm hazırlanmayıb. EİZİB-ə bu istiqamətdə xeyli sayda müraciətlər daxil oldu. Biz kompensasiyaların ödənilməsi ilə bağlı məhkəmələrdə iddialar qaldırdıq və məhkəmələr də bizim iddiaları təmin etdilər. Amma təəssüf ki, bu iddialar yerinə yetirilmir. Əsas səbəb kimi, Nazirlər Kabinetinin bu istiqamətdə mexanizm hazırlamaması göstərilir".
Y.Cəfərliyə görə, Nazirlər Kabineti istəmir ki, parlamentin qəbul etdiyi əlavələr və bu barədə prezidentin fərmanı ehtiyatda və istefada olan zabit və gizirlərə şamil olunsun:
"Biz dəqiqləşdirmələr aparırıq. Aydındır ki, qanunun tələblərinin yerinə yetirilməməsində həm Nazirlər Kabineti rəhbərliyinin - baş nazirin, həm də Müdafiə Nazirliyi rəhbərliyinin məsuliyyəti var. Müdafiə Nazirliyinin rəhbərliyi prezidentlə əlaqə saxlayıb onun fərmanının Nazirlər Kabineti tərəfindən yerinə yetirilmədiyini deməlidir".
"MN RƏHBƏRLİYİ TABELİYİNDƏ OLANLARA LAQEYD MÜNASİBƏT BƏSLƏYİR"
Problemlər bu şəkildə qruplaşdırılır:
- Bu qərarın yerinə yetirilmədiyi bürokratik əngəllərlə bağlıdır;
- Nazirlər Kabinetinin fəaliyyətində ciddi problemlər var;
- Nazirlər Kabineti üzvləri arasında münasibətlərdə problemlər mövcuddur;
- Müdafiə Nazirliyi rəhbərliyinin öz tabeçiliyində olanlara qarşı laqeyd və hörmətsiz münasibəti var və s.
İctimai Maraqları Araşdırma Mərkəzinin sədri, ehtiyatda olan polkovnik-leytenant Pərviz Hacıyev bildirdi ki, prezidentin qeyd edilən fərmanının niyə həllini tapmadığı üçün ciddi araşdırmalar aparmalı və təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır:
"Silahlı Qüvvələr veteranları" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev vurğulayır ki, istirahət hüququ pozulur və bu, qanuna hörmətsizlik kimi qiymətləndirilməlidir:
"Hazırda Silahlı Qüvvələrin müxtəlif növlərində xidmət edən hərbi qulluqçuların istirahət hüququ, həftəlik 41 saatlıq iş rejimi pozulur".
"Nazirlər Kabinetinin hərəkətsizliyindən şikayət etməyin vaxtı çatıb. Təklif edirəm ki, bu məsələ ilə bağlı prezidentə müraciət edilsin", - deyə o qeyd etdi.
"MƏHKƏMƏ İDDİASI NAZİRLƏR KABİNETİNİ HƏRƏKƏTƏ GƏTİRƏCƏK"
"Orduya Dəstək" İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Oqtay Kərimov səslənən fikirləri dəstəklədiyini bildirdi. "Bizim ordumuz döyüş şəraitində yaşayan ordudur. Bu kimi məsələlər orduda döyüş ruhunu aşağı salır", - deyə o bildirdi.
Hərbçilərin Hüquqularını Müdafiə Mərkəzinin direktoru Telman Əbilov bildirdi ki, Nazirlər Kabinetinin məhkəməyə verilməsi vacibdir. "Yalnız bununla da bu qurumu hərəkətə gətirmək mümkün olacaq", - deyə o bildirdi.
EİZİB sədri bu təklifin qəbul olunduğunu bildirdi. Eyni zamanda o qeyd etdi ki, fevralın 3-də müzakirə olunan problem üzrə Nazirlər Kabinetinin qarşısında piket keçirilməsi planlaşdırılır. Bununla bağlı bu günlərdə paytaxt icra hakimiyyətinə məktub göndəriləcək.
|