Yanvarın 18-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2011-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai asayiş və təhlükəsizliyin təmin olunmasının yekunlarına dair geniş iclas keçirilib ("Turan"). BŞBPİ-nin rəisi Rafiq Abbasov bildirib ki, 2011-ci ildə paytaxtda 11316 cinayət qeydə alınıb. Onlardan 10 018-i (88,5%) az ağır və böyük ictimai təhlükə törətməyən, 1 298-i (11,5%) ağır və xüsusilə ağır cinayətdir.
Açılan cinayətlərin ümumi sayı 73,3% təşkil edib (ağır cinayətlər 71%, şəxsiyyətə qarşı cinayətlər 94,9%). R.Abbasovun sözlərinə görə, cinayətkarlığın azalması tendensiyası gedir.
Ötən il ümumi sayı 140 nəfərdən ibarət 58 cinayətkar qrup saxlanılıb. Onlar 26 soyğunçuluq və 41 qarət hadisəsinin törədilməsində təqsirli bilinir. 72 nəfərdən ibarət 31 qrup zərərsizləşdirilib. Onlar 46 mənzil oğurluğunda ittiham olunur.
Sözügedən müddətdə 61 odlu silah, o cümlədən 4 avtomat, 32 tapança, 25 tüfəng aşkar olunaraq müsadirə edilib. 149 kq narkotik maddə aşkar edilib ki, bu da 2010-cu ildə olduğundan 10,6 kq. azdır.
Axtarışda olan 1134 nəfərdən 801-i saxlanılıb. Onlardan 160-ı ağır cinayət törədib.
2011-ci ildə yol hərəkəti qaydalarının pozulması ilə bağlı 366 222 hal qeydə alınıb. Bunun 4 426-ı sürətin artırılması, 1 699-u avtomobilin sərxoş vəziyyətdə idarə olunması ilə bağlıdır. 282 avtoxuliqan məhkəməyə cəlb olunub.
DİN rəhbəri Ramil Usubov BŞBPİ-nin işini qənaətbəxş hesab edib. Eyni zamanda nazir nöqsanların olduğunu da qeyd edib. Məlumatı DİN mətbuat xidməti yayıb.
|