Dövlətin bu orqanları kimi parlament də hesabata hazırlaşır. Milli Məclisin ötən sessiya dövründə fəaliyyətinin yekunları ilə bağlı hesabat hazırlandığı barədə MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Bildirib ki, parlamentin yekun hesabatı tamamlandıqdan sonra, təxminən yanvarın sonunda mətbuat konfransı keçiriləcək: "Burada eyni zamanda parlamentin rəhbərliyində təmsil olunan şəxslər də iştirak edəcək. Konfransda mətbuat işçiləri onları maraqlandıran suallara cavab tapacaqlar. Ümumiyyətlə, hər sessiya dövrünün başlanğıcında və sonunda biz mətbuat konfransı keçiririk. Ayrı-ayrı şöbələr sessiya dövründə fəaliyyətləri ilə əlaqədar hesabatlarını hazırlayıb təqdim edirlər. Bunlar bitdikdən sonra yekun nəticələr açıqlanacaq".
Təvəkküloğlu bildirib ki, 2011-ci ildə Milli Məclisə 5481 vətəndaş müraciət edib. Ümumilikdə ötən il ərzində Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinə 5463 təklif, ərizə və şikayət daxil olub. Bu müddət ərzində ümumilikdə 5481 vətəndaş qəbul olunub ki, onları qəbul edənlər arasında deputatlar, şöbə müdirləri ilə görüşlər də daxildir.