Bakıda Azərbaycan rəsmiləri ilə 2 günlük danışıqlar zamanı regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Bu zaman əsas diqqət İran mövzusuna yönəldilib. Bu barədə cümə axşamı mətbuat konfransında ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin "Turan"ın danışıqların mahiyyəti barədə sualına cavabında bildirib.
"Biz İranın nüvə silahı əldə etməsinə imkan verməməyə çalışırıq və bu məsələdə Azərbaycan bizim yanımızdadır", - deyə Rubin qeyd edib.
Dövlət Departamentinin nümayəndəsi hakimiyyətlə görüşlərdə siyasi məhbusların azad edilməsi mövzusuna toxunub-toxunmadığı barədə suala cavabdan yayınıb.
Rubin bir sıra KİV-lərin Qəbələ RLS-lə bağlı məsələləri müzakirə etdiyi barədə yaydığı məlumatları təkzib edib. "Bu məlumatlar mənim üçün təzə xəbərdir, mən bu məsələni qaldırmamışam", - deyə o bildirib.
Amerikalı diplomat Bakının Amerikaya məxsus AVAKS təyyarələrinin Azərbaycan ərazisindən Əfqanıstana uçması haqqında qadağası məsələsini şərh etməkdən imtina edib. Rubin ümumilikdə Bakı danışıqlarını uğurlu adlandırıb və ötən il ikitərəfli münasibətlərin möhkəmləndiyini və daha yüksək səviyyəyə qalxdığını qeyd edib.
|