"Yaxın günlərdə Azərbaycan və Rusiya arasında Qəbələ RLS-lə bağlı danışıqların yekunlaşması realdır. Amma icarə müqaviləsinin imzalanması bir neçə ay sonra baş tutacağını düşünmək olar. Son bilgilərə görə, tərəflər bir sıra məsələlərdə razılığa gələ biliblər".
Bu barədə "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatında deyilir. Qeyd olunur ki, əsas müzakirə obyekti olan məsələlər üzrə fikir ayrılıqlarının hələ də qaldığı barədə məlumatlar var. Xüsusilə də stansiyanın modernləşdirilmə prosesi, icarə məbləği və stansiyadan istifadə qaydaları kimi məsələlərdə fikir ayrılıqları mövcuddur. Rusiya icarə məbləğini artırmamaqda israr edir. Bu istək Bakını narazı salır. Bu vəziyyətdə Moskvanın irəli sürdüyü yeni təklif bəlkə də Bakını razı sala bilər.
"Son məlumatlara görə, Moskva təklif edir ki, icarə məbləği indiki kimi (ildə 7 milyon dollar) qalsın və 2015-ci ildən etibarən məbləğ tədricən artsın və 2020-ci ilə qədər 15 milyon dollara çatsın. Bakının bu təklifə razı olacağı barədə məlumatlar var", - deyə "Doktrina" ekspertləri bildirir.
Daha bir problem stansiyanın modernləşdirilməsi ilə bağlıdır. Son danışıqlarda Rusiya mövcud stansiyanın modernləşdirilməsini şərt kimi irəli sürür, yeni RLS qurulması isə təxirə salınır. Amma ola bilər ki, 2015-16-cı illərdə bu istiqamətdə müzakirələrə yenidən qayıdılsın. Rusiya Bakının narahatlığını bu yolla qarşılamaq niyyətindədir.
Məlumatlara görə, RLS-dən istifadə qaydaları ilə bağlı məsələlərdə ziddiyyətli məqamlar var. Azərbaycan tərəfi təklif edir ki, stansiyada Azərbaycan zabitləri də çalışsın və əldə olunan informasiya Azərbaycanla bölüşdürülərək Bakının razılığı olmadan 3-cü tərəfə ötürülməsin. Bu kimi məsələlər üzrə tərəflər arasında ciddi fikir ayrılıqları barədə xəbərlər var.
"Doktrina" ekspertlərinin fikrincə, tərəflər bir çox fikir ayrılıqlarını və ziddiyyətləri dondurulmuş vəziyyətdə saxlayacaq və ümumi razılaşmaya gələcəklər. "Bu məsələdə Rusiyanın tələskənliyi hiss olunur. Amma hesab etmək olar ki, Azərbaycan regionda siyasi situasiyanın tez-tez dəyişildiyini nəzərə alaraq RLS-i uzun müddətə Rusiyaya icarəyə vermək planından vaz keçməlidir. Mövcud reallıqlar göstərir ki, icarə müddəti 3-5 ildən artıq olmamalıdır. Əksinə, uzunmüddətli icarə Azərbaycanı Rusiyadan güclü hərbi-siyasi asılılığa sala bilər", - deyə ekspertlər bildirir.
Qeyd: Qəbələ RLS-in istifadə müddəti bu ilin dekabrında bitir.
|