Dünən Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü keçirilib. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri millət vəkili Nizami Cəfərov bildirib ki, sözügedən qrupun təxminən 40-a yaxın üzvü var. Bu da parlamentin tərkibinə görə ən böyük işçi qruplarından biridir. Nizami Cəfərov onu da bildirib ki, bu, parlament rəhbərliyinin və millət vəkillərinin Türkiyəyə və onun parlamentinə böyük önəm verməsinin göstəricisidir.
Deputat qeyd edib ki, türkiyəli deputatların Azərbaycana səfəri və o cümlədən Azərbaycan prezidenti İlham Əliyevlə görüşü səmərəli və əhəmiyyətli olub. "Ümumiyyətlə, bizim işimiz, fəaliyyətimiz iki xalq və dövlət arasında qardaşlıq, dostluq münasibətlərinin daha da sıxlaşmasına xidmət etməkdən ibarət olmalıdır", - deyə deputat qeyd edib.
Nizami Cəfərov qeyd edib ki, qardaş və dost xalqlar kimi heç zaman provokasiyalara uymamalıyıq. "Bəzən belə fikirlər var ki, siyasət olan yerdə provokasiya da olmalıdır. Amma atalarımızın belə bir məsəli var ki, ən böyük biclik düzlükdür və biz də fəaliyyətimizdə doğru olanları seçmişik və seçməliyik. Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq bildirib ki, bu münasibətlər hər zaman ən yüksək səviyyədə olmalıdır. Ona görə hesab edirəm ki, qardaşlar arasında hər hansı problem çıxarsa, onu da qardaşlar kimi həll etməliyik və edirik".
Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycana səfərdən çox məmnun duyuqlarını bildirib. Millət vəkili deyir ki, bu səfər yeni üfüqlər açır:
"Buradan getsək də, Azərbaycan bizim bir parçamızdır. Dövlət başçısının da qeyd etdiyi kimi, biz birliyimizi hər zaman qorumalıyıq. Biz eyni zamanda nə qədər yaxın olsaq da, bir-birimizi daha yaxından tanımalıyıq. Qardaşların, dostların arasına pis niyyətli insanlar girərsə, onları da birlikdə əngəlləməyə çalışmalıyıq".
Fransa Senatında "erməni soyqırımı"nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin gözlənilən müzakirəsinə toxunan Necdet Ünüvar bunun Azərbaycan və Türkiyənin ortaq problemi olduğunu qeyd edib:
"Biz Fransa parlamentinin son dərəcə ayıblı olan qanun layihəsinə qarşı birgə mövqedən çıxış etməliyik. Burada olduğumuz və keçirdiyimiz görüşlərdə şahid olduq ki, birgə mövqedən çıxış edirik. Azərbaycanda dövlət başçısından tutmuş sıravi hər bir insana qədər hər kəs bu məsələ ilə bağlı öz kəskin və birmənalı mövqeyini ortaya qoyub. Eyni zamanda Azərbaycanda bu istiqamətdə daha bir sıra işlər görülməkdədir. Bu isə bizi sevindirməkdədir".
TBBM heyəti dünən mətbuat konfransı keçirib. "Fransa parlamentində müzakirəyə çıxarılan məsələ ilə bağlı biz Azərbaycan xalqının etirazlarını gördük və buna görə minnətdarıq". Bu sözləri Necdet Ünüvar Bakıda mətbuat konfransında deyib. Millət vəkili bildirib ki, Fransa Senatı "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasına dair qanunu təsdiqləsə, bu, Fransanın tarixinə qara hərflərlə yazılacaq.
Ünüvar Bakıya səfəri çərçivəsində bu məsələnin Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, media mənsubları ilə müzakirə olunduğunu vurğulayıb: "Görüşlərdən sonra bəzi addımlar oldu. Fransada Azərbaycan və Türkiyə diasporları birgə fəaliyyətə başladı. Parisdəki səfirliklərimiz bu məsələdə birgə çalışacaq. Milli Məclisin beynəlxalq əlaqələr komitəsi Fransa Senatına etiraz məktubu yazıb, xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Fransanın Bakı səfirini nazirliyə çağıraraq etirazını çatdırıb".
Ünüvar bəyan edib ki, Fransanın ATƏT Minsk Qrupu həmsədrliyindən çəkilməsi həm Azərbaycan, həm bölgə, hətta Ermənistan üçün faydalı olar. Millət vəkili xatırladıb ki, Türkiyə indiyə qədər Azərbaycana hər cür dəstəyi göstərib və göstərməkdədir: "Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla sərhədi bağlamışıq".
|