"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində bu qurumun üzvlərilə Parlament Jurnalistləri Birliyi (PJB) üzvlərinin dünənki görüşü bir sıra məqamlarla yadda qaldı. AYNA əməkdaşının da dəvət olunduğu tədbirdə icmanın sədri olan Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, qurumun üzvləri, bəstəkar Fərhad Bədəlbəyli, millət vəkili Rövşən Rzayev, deputat Fuad Muradov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Əliyev iştirak edirdi.
Görüşdə əsas məqsədlərdən biri medianın icma ilə əlaqəli işinin təşkili sahəsində perspektivlər, icmanın fəaliyyət prioritetləri barədə müzakirə idi.
Açıq söhbət şəklində gedən görüşdə Bayram Səfərov bildirdi ki, icma ev-eşiyindən didərgin salınmış insanların öz evlərinə qayıtması istiqamətində fəaliyyət göstərir. Səfərovun sözlərinə görə, 2012-ci ildə dövlət büdcəsindən "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" üçün vəsait ayrılması onların fəaliyyətinə müsbət təsir göstərəcək. Bunun hesabına icma xarici ölkələrdə müxtəlif tədbirlər keçirəcək.
Səfərov ictimai fikrin gərgin müzakirə etdiyi Dağlıq Qarabağda referendum məsələsinə də münasibətini açıqladı. Vurğuladı ki, Dağlıq Qarabağın azərbaycanlı icması bir şərtlə Dağlıq Qarabağda referendum keçirilməsinə razıdır. Bu şərt azərbaycanlıların doğma yurdlarına qayıtmasından ibarətdir. "Biz referendumun bütün Azərbaycan ərazisində keçirilməsini istəyirik. Amma separatçı rejim rəhbərliyi bunu istəmir", - deyə B.Səfərov bildirdi.
Deputat Rövşən Rzayev isə qeyd etdi ki, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" fevralın 20-dən sonra Xocalı soyqırımının Avropada - Almaniya, Belçika və digər ölkələrdə tanıdılması istiqamətində silsilə tədbirlər keçirəcək.
Bu tədbirlərdə icma üzvlərilə yanaşı, Xocalı soyqırımı zamanı əsir düşmüş şəxslər də iştirak edəcəklər. Xocavənd rayonunun icra başçısı Eyvaz Əliyevin sözləri bir sıra iradlarla müşayiət olunurdu.
"Bu gün insanlarımızda, yetişməkdə olan gənc nəslimizdə, hətta bəzi məmurlarımızın özündə Qarabağ hadisələri, Dağlıq Qarabağ barədə tam məlumat yoxdur. Çoxları hələ də bilmir ki, Xocavənd harada yerləşir, işğal olunub, ya olunmayıb" deyən başçının sözlərinə görə, öncə bir xalq, millət olaraq özümüzün Qarabağ hadisələri, faciələrimiz, Dağlıq Qarabağ haqqında məlumatlarımız və tam təsəvvürlərimiz olmalıdır və buna cox ciddi ehtiyac var:
"Qarşıdan Xocalı soyqırımının 20 illiyi gəlir. Ancaq bilmək lazımdır ki, Xocalı faciəsinə gedən uzun, ağrılı-acılı yol var. Bu yol Qaradağlı, Meşəli, Cəmilli faciəsindən, digər faciələrimizdən keçir. Xocalıya kimi bu kəndlərdə erməni cəlladları tərəfindən soyqırımlar həyata keçirilmişdi. Amma indi coxlarından Qaradağlı, Meşəli, Cəmilli soyqırımları haqda nə bildiklərini soruşsan, hec bir cavab ala bilməyəcəksən. Qaradağlı soyqırımı xalqımızın tarixində ən dəhşətli faciələrdən biribir.
Bu kənd 4 ay erməni cəlladlarının mühasirəsində qaldı, 4 gün gecə-gündüz ermənilərlə ölüm-dirim savaşı apardı və axırda qeyri-bərabər döyüş vəziyyətində ermənilər tərəfindən işğal olundu, yerlə-yeksan edildi. Bu kəndin, demək olar ki, hər 10 sakinindən biri ermənilər tərəfindən amansızcasına qətlə yetirildi. Bir çox kənd sakini güllələndi və diri-diri basdırılaraq vəhşicəsinə məhv edildi... İndi belə bir soyqırımı unutmaq olarmı, bu, nə dərəcədə düzgündür? Bəzən soruşurlar ki, Qaradağlı, Xocavənd harada yerləşir, işğal altındadır, yoxsa bizdədir? Adamı dəhşət bürüyür".
Hazırda Xocavəndin 15 faizə yaxın ərzisinin Azərbaycanın nəzarətində qaldığını və bunun da məhz 1991-94-cü illərdə vuruşan könüllülərin hesabına qorumaq mümkün olduğunu qeyd edən icra başçısı bildirib ki, bu rayonun icra hakimiyyəti həmin ərazi ilə qonşuluqda olan Beyləqan rayonunda yerləşir:
"Bir amalımız var, bizi gecə-gündüz ancaq bir məsələ düşündürür: nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan azad etmək və torpaqlarımıza qayıtmaq. Onu da deyim ki, bu gün Xocavəndin "Nərgiztəpə" deyilən yeri var. O ərazi bizim nəzarətimizdədir. Orada Xacavənd şəhidlərinə abidə ucaltmışıq, ermənilərlə xəttin iki kilometrliyində Azərbaycan bayrağını dalğalandırmışıq. İstəyirik ki, tezliklə bayrağımız Xocavənddə, Xocalıda. Şuşada, digər işğal olunmuş ərazilərimizdə də dalğalansın".
İcra başçısı Xocavənd rayonunda baş vermiş erməni vəhşilikləri, xüsusilə Qaradağlı soyqırımı ilə bağlı həqiqətlərin dünya və ölkə ictimaiyyətinə daha yaxından tanıdılması üçün "Qaradagli.org" saytının yaradıldığını, eləcə də "Qaradağlı soyqırımı" adlı filmin hazırlandığını qeyd edib:
"Biz fevralıın 17-nə-Qaradağlı soyqırımının növbəti ildönümü gününə kimi həmin filmin üç dildə təqdimat mərasimini keçirməyi nəzərdə tuturuq. Çox güman ki, onu fevralın 10-da İcmanın ofisində keçirəcəyik".
Azərbaycanın görkəmli musiqiçisi, professor, Bakı Musiqi Konservatoriyasının rektoru Fərhad Bədəlbəylinin açıq və səmimi çıxışı isə acı reallıqlara etiraz kimi püskürdü. AYNA əməkdaşının "Böyük bir "Qarabağ mədənəiyyəti məhv olur. Bu təhlükəni etiraf edirsinizmi?" sualının cavabı əsəbi oldu. "Bizim cəmiyyətdə müharibə ab-havası hiss olunmur, yoxdur. Sanki ölkəmizdə müharibə getmir, Qarabağ işğal olumayıb".
Fərhad Bədəlbəyli ərazisinin 20 faizi işğal altında olan ölkədə hər gün çal-çağır olmasından gileyləndi. "Səhərdən axşamacan çal-çağır, toydur. Televiziyalar gecə-gündüz ancaq ucuz və şit şou nümayəndələrini, şou verilişlərini, toy, evlənmə proqramlarını təbliğ edir. Bu yaxınlarda düz 6 telekanalda eyni vaxtda ulduz yarışmasının getdiyini gördüm. Bunlara baxıram, təəccüb edirəm, dəhşətə gəlirəm, elə bil Qarabağ boyda dərdimiz yoxdur. Görəsən, bu insanlar harada yaşayırlar, kosmosdan gəliblər? Bunlar dəhşətdir və tezliklə aradan qaldırılmalıdır, ölkədə müharibə ab-havası hiss olunmalıdır".
"İşğal altındakı ərazilər azad edildikdən sonra insanların, xüsusilə gənc nəslin Qarabağa dönməyə hazır olduğunu düşünürsünüzmü" sualını rektor belə cavablandırdı:
"Mən də hər gün bu sualı öz-özümə verirəm ki, görəsən, insanlarımız həmin yerlərə qayıtmağa hazırdırlarmı? Çox təəssüf hissi və ürək ağrısı ilə qeyd etməliyəm ki, buna bir o qədər də müsbət cavab tapa bilmirəm. Bu məsələdə də ciddi təbliğata ehtiyac var. Bu gün hər bir yəhudinin evində İsrailin dövlət bayrağı var və onlar hər biri öz torpaqlarına qovuşacağı günü gözləyir. Onlar bəyəm pul qazanmaq istəmirlər? Qazanmaq istəyirlər və bunu da çox gözəl bacarırlar, amma hər bir yəhudi ailəsində ilk növbədə vətən, torpaq hissi aşılanır. Bizdə də məhz belə olmalıdır. Bizim cəmiyyətdə də Qarabağ, müharibə ab-havası hiss olunmalıdır. Ancaq bu yoxdur. Biz mütləq bu mühiti dəyişdirməliyik, biganəliyi aradan qaldırmalıyıq. Biz sanki ciddiliyimizi itirmişik, onu özümüzə qaytarmalıyıq. Hər gün atılıb-düşmək lazım deyil. Bu, marionetkalıqdır. Bunun özü də bir iblis siyasətdir, düşmənlərimiz də elə bunu istəyirlər ki, başımız gic-gic şeylərə qarışsın və Qarabağ yaddan çıxsın. Bir müddət öncə Şuşadan olan uşaqların musiqi gecəsi keçirilirdi. Mən həmin gecəyə getmədim, bəlkə də onların xətrinə dəydi, amma özlərinə dedim ki, siz musiqiyə yox, hərbi məktəbə, hərb sənətinə getməlisiniz".
|