Bir neçə gün öncə İstanbula yola düşən Röya orada ləngiyir. Hələ bir həftə boyunca İstanbulda olacaq. Prodüseri ilə hər gün fərqli yaradıcı insanlarla görüşən sənətçi Bakı konsertinin hazırlıqlarına da başlayıb. Prodüseri Kənan telefon bağlantısı zamanı qəzetimizə bildirib ki, bu saat studiyada mahnı aranjimanı işləri ilə məşğuldurlar:
"İşlərimiz çoxdur. Bura həm mahnı aranjimanları, həm səhnə hazırlıqları, həm də Röyanın konsertdə geyinəcəyi paltarları tikdirmək üçün gəlmişik. Türklərlə işləmək həm çətin, həm də işin keyfiyyətini dadmaq deməkdir. Yazılan mahnı ilə səhnə tərtibatı və geyim vəhdət təşkil etməlidir. Ona görə müxtəlif peşə sahiblərini bir heyətdə toplayıb çalışırıq".
Kənan əlavə edir ki, Röyanın aranjimana təqdim etdiyi mahnılar tək Azərbaycan bəstəkarlarına məxsus deyil. O, artıq bir neçə türk bəstəkarı ilə görüşüb. Onlar Röyanın səsini dinləyib tembrinə uyğun yeni mahnı bəstələyirlər. Repertuara uyğun hazırlanan dekorasiyalar da çox maraqlıdır. Kənan belə vəd verir. Onun sözlərinə görə, Röyanın geyimlərini bir üslub təşkil etməyəcək. Bura həm avanqard, həm sadə, həm də rəngarəng geyimlər daxildir. Demək olar ki, bu səbəbdən hər gün dərziyə baş çəkməli olur.
Prodüserin ehtimalına görə, yeni bəstələr Röyanın türk həmkarları ilə duet şəklində də hazırlana bilər. Bunu mahnını bəstələyənlər təklif edə bilər.
Bakıya gələn həftə gəlməyi planlaşdıran Röya və prodüseri Heydər Əliyev Sarayında gözlənilən konsertin nəhayət vaxtının dəqiqləşəcəyini dedi. Xatırladaq ki, sözügedən konsert dekabrda təqdim olunmalı idi. Lakin müxtəlif vacib yaradıcılıq işləri meydana çıxdığı üçün Röya konsert işini dar çərçivədə həyata keçirmək istəməyib. Tarixi bu ilə təxirə salıb. Prodüseri güman edir ki, konsert yaza kimi təqdim edilməlidir.
|