"Eurovision" qalibləri Eldar Qasımov və Nigar Camal, "Eurovision-2009" üçüncüsü Aysel Teymurzadə, tanınmış prodüser-bəstəkar İsa Məlikov və "Eurovision-2010" milli seçimlərində iştirak edən Dilarə Kazımova Danimarkanın təmsilçisinin müəyyənləşməsi üçün seçimlərdə münsif kimi iştirak edirlər.
İctimai Televiziyadan AYNAya verilən bilgiyə görə, münsiflərdə Azərbaycanla yanaşı, son dörd ildə müsabiqədə qalib gələn ölkələrdən nümayəndələr təmsil olunur. Bu sırada Rusiyadan müsabiqə təmsilçisi Aleksey Vorobyov, Anna Kulikova, Norveçdən Aleksandr Rıbak, Almaniyadan Peter Bergener, Roger Çiçero və başqalarının da adı çəkilir.
Ölkənin təmsilçisinin adı isə yanvarın 21-də bəlli olacaq. Müsabiqənin qaydalarına əsasən, nəticələrin hesablanmasında 50 faiz tamaşaçıların, 50 faiz isə münsiflər heyətinin rəyi nəzərə alınacaq. Milli seçimlər Dansk Melodi Grand Prix adı altında baş tutacaq. Nigarla Eldar səfər zamanı yerli mətbuata verdiyi açıqlamada düzgün seçim aparılacağını qeyd ediblər. Onlar yeni planlarını da açıqlayıblar.
Nigar və Eldardan söz düşmüşkən, "Eurovision-2011"də qazandıqları qalibiyyətdən sonra çoxsaylı fanatları onların növbəti duet oxuyacaqlarını gözləyirlər. Cütlük isə yeniliklərini uzun zamandır ayrı-ayrılıqda təqdim edir. Amma birgə dueti çoxdan düşünülür. Yazılmamasının səbəbi barədə Eldar açıqlama verir:
"Əslində, biz birgə layihələr düşünürük ki, bura növbəti duet də daxildir. Lakin istədiyimiz bəstəni görə bilmirik. "Eurovision"da səslənən mahnını ilk dəfə dinləyəndə dərhal duet üçün əla seçim olduğunu anladıq. Amma ikinci belə bir seçimi edə bilmirik. Tərəddüdümüz elə mahnıdır. Əgər yazılsa, israr etmədən birgə oxuyarıq. Bu, ürəyi titrədən kompozisiya olmalıdır".
|